Bu gün məni düşündüyünü hiss edirəm nədənsə…Bəlkə də yox, heç xatirlamirsan da… Mənsə… Mənsə yenə öz qəsdimə duracagam…Sənin üçün xəyalımda büsat quracagam…Yanar çıragımı, sən adlı qonagimi qarsilayacam yenə bu gün…Sən adlı qonagım xatirələrlə, nələrlə qonaq gələcək məne bu gün… .Xeyalımdakı sən mənə qonaq ikən istəsən yaddaşını səhifələ varaq-varaq…Keçdiyimiz kucələri dolaşaraq, məni bir az yada salib, bir cüt qırmızı qərənfillər alıb o görüş yerinə gedərsən...Bu dəfə mənlə yox, xeyalımla əyləşib yenə dərdləşərsən, sohbət edərsen…Danışarıq o ilk gündən, yenə dolmuş gözlərimi qaçıiraram, gizləyərem səndən…Titrek baxışlarım səndən gizlin yenə dikilər o kədərli, sanki dünyanın yükünü daşıyan o qemli gozlərinə…Yenə baxmanı istəmərəm mənim nəmli gozlərimə… Qəribə –qəribə suallar verərəm yenə…Sənsə sual vermə deyə yenə əsəbləşərsən həmişəkitək mənə…Şikayətlənərik tez ötüb keçən zamandan…Bizə ayrılıq biçən zamandan…Hərdən məni acilayarsan, , mənsə yenə də deyerəm-ne yaxşiki varsan…Hərdən kobud olarsan, hərdən bağışla deyərsən yenə…Hərdən buludtek dolarsan, hərdənsə gülümsəyərsən…Həmiəkitək… Gülürsən elemi?Düşünürsən bu dəlimi…Bəlkə də bu bir dəlilik, bəlkə də səmimilik…Al dediyim bir cüt al qərənfillərmi çaşdırdı səni?Yoxsa xəyalımla söhbət dolaşdırdımə seni?Senki heç vaxt güllərlə gəlməzdin görüşümə…Dogru…amma heç zaman bilmezdin…Bəlkə də sənə həle bir sirrdim mən…Bimezdinki elinde yox, qəlbində gətirdiyin o gülləri səndən xəbərsiz hemişə dərdim mən…O könül baxçandakı cənnəti gördüm mən…Sevgi çiçəklərindən nə qədər çələng hordüm sənə mən…Indi al dediyim al qərənfillər niyemi?Boş gəlməyəsen deyəmi?Yox…Sen ki hami kimi al qerənfillərin bəzədiyi yeri yaxşı bilirsən…Bəlkə də kovrəlmisən indi, gözlərini silirsən…Axi yoxam mın…Axi unutmusan məni sən… Getmisən…Məni çoxdan, lap çoxdan qəlbində dəfn etmisen…Ruhuma ruh qatan ruhunu ruhumdan ayırdıgün gundən, məni tənha qoydugun gundən səninçün yoxam axı…Qarşındakı mən yox, bir xeyaldısa, xeyalım seni senden azacıq aldısa ,əlindəki o qırmızı qərənfillər mənsiz soldusa, bir az da gəzlerin doldusa onda bir daha tuta bilməyəcəyinün bu əlləri, mən oturan o masanın üstə qoy o solmuş gülləri…Sonra çəkil bir az geri…Seyr et bir az sən bu mənzərəni,bu yeri…Bir az xatirla gülünü-səni səndən də çox sevən sevgilini… Mən olsam da olmasam da, yaddaşinda qalmasam da bilki mənim zirvəmdəki qarımsan sən…Dovletimsən, varımsan sən… Yaşasam da səni sənsiz, sən rahat olsan da mənsiz, sevgisinə and içdiyim, sevgi verib qem biçdiyim bir ömürlük yarımsan sən…Səni qəlbimdən atmadim, bir an olsun unutmadım..…Xəyalımda hür gun mənim qonagımsan…Ölməmisən mənim üçün sagsan…Xəyalümda ayrılıgı bitirmisən, urəyini hələ mənə hədiyyə de gətirmisən…Mənə yenə sən her kəsdən yaxin kəssən…Necəsənsə,nəcürsənsə mənim üçünə elə bəssən…Ruhum uçub bu bədəndən…Heç olmasa səni unutmagımı istəmə məndən…Yenə sənə səni sevirəm dediyimçən, seni hər halinlə sevdiyimçün məni bağışla ısevgilim…Mən anladım ki çox zaman arzular xəzəl olurmuş...Sən hardasansa nə fərqi var –səni uzaqdan sevmək də gözəl olurmuş...

Qələm dostum FƏRQANƏ MEHDİYEVAya,
doğum gününün 50-ci ildönümü münasibətilə!

 Vətənimdən qürbətə dönərkən, yüküm kitab olur hər zaman - dostlarımın hədiyyə etdiyi və öz seçib aldığım kitablar... Bir yana baxanda, bundan gözəl nə ola bilər ki?! - Hər bir kitab onu yazanın ən əziz könül varıdır, bu sarıdan, mən özümlə əzizlərimin əziz tohfələrini götürürəm qürbətə. Onlardır, qışı bitib tükənməyən məmləkətdə mənə qüvvət verən, isindirib yaşadan.

Son səfərimdəki dəyərli yüklərimdən biri, şairə Fərqanə xanım Mehdiyevanın mənə hədiyyə etdiyi “İkimiz darıxsaq...” şeir toplusu oldu.

Fərqanə Mehdiyeva – 1964-cu il fevralin 19-da Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Mədəni Maarif texnikumunun rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, sonra Azərbaycan dövlət Pedoqoji universitetinin filologiya fakültəsini bitirib.

ßsərləri 1981-ci ildən respublikamızın ədəbi-bədii orqanlarında dərc olunur.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.

“Ulduz” jurnalının poeziya şöbəsinin redaktorudur.

Prezident təqaüdçüsüdür.

“Çəkdiklərim mənə bəsdi!”, “Deyirlər şirindi dünya”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq...” kitablarının müəllifidir.

Radio və televiziya verilişlərində mütəmadi çıxış edir.

Şeirləri dünyanın bir neçə dilinə tərcümə olunub.

Şeirlərinə musiqi bəstələnib.

Fərqanə xanımı facebook sosial şəbəkəsində xeyli zamandır tanısam da, real həyatda bu ilin noyabr ayında AYB-də yeni kitabım “Ömrümün beşinci fəsli”nin imza günü keçirilərkən görüşdük.

Mən bu xanımı ilk dəfə “Qızları qoymayın şeir yazmağa” şeirilə sevmişdim. Fərqanə xanım görər-görməz bağrıma basdım, sanki illər dostuyuq kimi isti və səmimi söhbətimiz oldu. Xoşladığım şeirini oxumasını rica etdim. Məni qırmadı, oxudu. Hətta şeirinə olan sevgimdən dolayı təşəkkür etdi, buna bənzər daha bir şeirinin olduğunu deyərək, onu da mənə əzbər söylədi. Bu şeir – bir qadın ürəyinin zərif arzusuna, duasına və hətta deyərdim ki, yalvarışına bənzəyirdi:

Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar,
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa.

Şairəni dinləyərkən, düşündüm ki, qadın taleləri, xarakterləri nə qədər müxtəlif olsa da, şair qadınların taleləri, ruhları, düşüncələri bir-birinə çox bənzərdir. İyirmi yaşlı oğlum Nicat, bir gün “Mən öz həkim anamdan ötrü darıxmışam”, - demişdi mənə. O zaman mən şeirlərimə və kitablarıma ayırdığım zamanın, övladlarıma verdiyim Ana sevgisinin əksildiyinin fərqinə vardım. Oğlumun həsrət və nisgillə dediyi, mənə çox təsir edən bu cümləsi, sanki Fərqanə xanımın şeirinin misralarından çıxıb gəlmişdi: “Şair balaları yetim olurlar...”

Şair analar daha kövrək, daha narahat, daha yaralı olurlar, onların ədəbiyyat sevgisinin daha güclü olduğunu duyan isə hamıdan öncə balalar olur... Amma bu gerçəyin bir bəraəti var – şeir və söz sevgisinin nə qədər ülvi və qaçılmaz olduğunu gələcəkdə övladlar mütləq anlayacaqlar. Biləcəklər ki, bu bir alın yazısı və qara sevdadır.

İzahata ehtiyac yoxdur. Şairlər heç kəsə bənzəməzlər. Hər kəs cümlələrlə şairlər isə misralarla danışar. Hər kəsin kimdənsə gizli bir bir sirri var, şairlərsə şeirlərində ürəklərini bütünüklə açan

qəribə insanlardır. Hər kəs dünyaya övlad gətirib böyüdər, şairlərsə həm də söz gətirərlər dünyaya.

Fərqanə xanımın sözlərilə desək – göylər şairlərindi!

Bu yer ki var – dərindi,
Yerləşmisən – yerindi.
Göylər – şairlərindi!
Göynən oynama, bala!

Bir sevimli qələm dostum var – Elman Tovuz. Bakıya gəldiyimdə dəfələrlə ziyarətinə gedirəm və hər dəfə eyni taksi ilə evə qayıdıram. Bu taksinin sürücüsü - Elman bəyin qonşusu Cavançir əmi çox səmimi və bir qədər də baməzə adamdır. Hər dəfə məndən “Qızım, Elman şairgildən gəlirsən yenə? Kefi-halı necədir?” - deyə soruşur, sonra isə yolboyu maraqlı, məntiqli söhbətlər edir. Bir dəfə belə bir söhbət etdi: “ Qızım, siz şairlər söz yükü daşıyırsınız. Bunun məsuliyyəti birisən necə böyükdü? Bax, Qurani Kərimdə “Şairlər” surəsi var. Amma gör bir, daşdaşıyan surəsi varmı? Halbuki daş daşımaq neçə çətindi? Deməli, söz yükü daşdan da ağırdı. Onu daşıyanlar isə, Allahın sevimli, sayılan-seçilən bəndələridir ki, onların adına surə yaranıb müqəddəs kitabda!”

Cavanşir əminin bu müdrük kalamını dinlədikcə yadıma ölməz şairimiz Əli Kərimin əvəzsiz misraları gəlirdi:

Yollar kənarında pinəçilər var,
Alim təfəkkürlü, şair xəyallı...

Beləcə yeri gələndə bəzi adamların yuxarıdan aşağı baxdığı sürücünün sözlərindəki məntiq məni çaşdırdı. Yaşı yetmişə çatan bu arıq, çəlimsiz, sadə geyimli, orta savadlı kənd adamının işlətdiyi cümlələri yaddaşıma həkk etdim və bir gün bu kəlmələri qələmə alacağımı düşündüm. Bunu Cahangir əminin özünə də dedim. “Etirazım yoxdur” – deyə güldü.

Fərqanə xanım haqqında yazarkən nədənsə bu məqamları xatırladım və oğlu Ülfətə xitabən“Göylər şairlərindi” deyən bacıma “Çox güman ki, haqlısan” - demək istədim. Çünki, biz bu dünyadakı ömrümüzü, ruhumuzu göylərə kökləyərək yaşayırıq. Əslində şeir yazarkən, yerin cazibəsindən çıxmış oluruq. Çəkdiyimiz zillət və iztirab – hər nə cür olsa da – bir şeirin yaranmasına zəmin yaradır. O üzdən, biz şairlərin həyatımızdan narazılıq etməyə haqqımız yoxdur bəlkə də; bunu yalnız, misralarda, şeirlərdə edə bilərik.

Çəkdi ürəyimi şişə ayrılıq,
Sındı çilik-çilik şüşə ayrılıq.
Yaraşdı bəxtimə qəşəng ayrılıq...
Mən sənin ömrünə çata bilmədim!

Gözəl şeir - bir hədiyyədir. Gözəl şeir eşitmək insanın ruhunu elə oxşayır ki, onun verdiyi həzzi heç nəylə əvəz etmək olmaz.

Çox qəribədir, hər bir içdən gələn, candan yazılan qəmli şeir, nə qədər qəmli olur-olsun, ürəyin yanğısını soyudur, yaralı qəlbə məlhəm olur. Və bu möcüzənin sirri hələ açılmamışdır. Şeir - ümumiyyətlə tayı-bərabəri olmayan möcüzələrin başında gəlir! Ona, nəinki bir ömür, yüz ömür belə olsa qurban etməyə dəyər!

“Kişilər yazarkən Tanrıya, qadınlar isə kişiyə baxarlar”, - demişdir Blok. Amma hər məşhur adamın dediyi söz yüz faiz həqiqət ola bilməz. Kişilər inciməsin, amma siz öz prizmanızdan baxıb çoxguşəli qadın qəlbinin neçə bərq vurduğunu tam dəqiqliyilə görə bilmirsiniz. Fikir yürütməyə tələsməyin, çünki sizə ən adi gələn bir şey, qadın qəlbində firtina yarada bilir. Qadınlar yazarkən ürəklərinin içinə diqqət edərlər! Xoşa gəlmək üçün yazmazlar qadınlar,

dünyanı daha incə və daha saf duyduqları üçün dürüst yazarlar – uydurmasız. Bəzən səslərini eşitdirə bilmək üçün, bəzən acılarını soyutmaq üçün. Nifrətləri də bir sevgidir əslində - kama çatmayan sevgi. Qadınları anlaya bilmək üçün, yalnız qadın olmaq gərəkdir.

Şair ürəyi yanmalıdır ki, qələm közərsin! Bu halda, qadın ürəyindən də çox alışan, daha nə ola bilər? Şair qadınların fədakarcasına yandırdıqları bu məşəlin oduna isinənlərin xeyir-duası onların övladlarına da yetər, artıq da qalar. Və bu övladlar, dünyaya onlar üçün Söz adlı yüzlərlə bacı-qardaş gətirən analarıyla fəxr etməlidirlər!

“Gözəlliyi görmək və duymaq bacarığını qoruyub saxlayanlar, heç zaman qocalmırlar”, - deyib Kafka. Fikrimcə, belə insanlardandır Fərqanə xanım. Şairənin məndə yalnız bir kitabı var - bir gecədə oxuduğum və vurulduğum şeirlər toplusu - “İkimiz darıxsaq...” Amma inşaAllah onun digər kitablarını da sevə-sevə oxuyacam.

İnanıram ki, mənə həmişə “Vətən bacım” deyib əzizləyən dəyərli qələm dostumla, “Ulduz” jurnalında həqiqi bir ulduz kimi parlayan, “gecənin özünü də tək qoya bilməyən”, “yıxılsa belə, özünə dağılmayan”, sevənlərə “darıxmaq öyrətmək” istəyən bu gözəl insanla – Fərqanə Mehdiyeva ilə səmimi görüşlərimiz və kitab mübadilələrimiz hələ bundan sonra çox olacaqdır.

Doğum günün mübarək olsun bacım! Yeni şeirlərini səbirsizliklə gözləyirəm!

Kitabındakı şeirlərdən birinə yazdığım bu cavab misralarımı isə hədiyyə olaraq qəbul et:

“Sən darıxmadın!

Qismətim gen gəzdi, daraldı getdi...
Bir ümid ocağı qaraldı getdi...
Güvənli dağları qar qaldı getdi,
Ömrümə çən düşdü, sən darıxmadın!

Həyat qəm yükünü yaman abartdı,
Nisgilin bitmədi, artdıqca artdı...
Saçlarım dərdimi açıb-ağartdı,
Dən üstə dən düşdü, sən darıxmadın!

Çilən bitən deyil, qalsa yüz ilə...
Yaramın üstünə gəl də duz ələ!
Dedim ki, “darıxsaq dünya düzələr”,
Bu bəndə mən düşdüm, sən darıxmadın!

A.Şıxlı.”

 

Fevral 2014

Moskva


ELÇİN ASLANGİLİN MİSTİK TƏFƏKKÜRÜNÜN GÖZÜ İLƏ: 157, 158

Çağdaş Azərbaycan ədəbiyyatının bədii təsvir predmetlərindən olan azadlıq, müharibə, Vətənpərvərlik ideyalarının təbliği, sevgi, məhəbbət mövzuları və s. ilə yanaşı Tanrı, məhşər günü, Səmavi düşüncələr, ali mütləq həqiqətə çatmaq istəyi kimi motivlər də son dövrlərdə aktuallığı ilə diqqət çəkir. Gənc şairlər arasında gərgin üslubi axtarışlar, öz yolunu, dəsti - xəttini yaratmaq meylləri hiss olunur, bu yenilənən dünyaya çıxış səyləri isə öz növbəsində, poetik dəyərlər sistemini zənginləşdirməyə xidmət edir. Bu baxımdan özünəməxsus nəfəsi ilə seçilən Elçin Aslangil yaradıcılığı Varlığın sabaha baxışı və “mən” obrazının yaradıcı təfəkkürdə fərqli inikası ilə seçilir. Yazı manevrası ilə Yusif Səmədoğlunun “Qətl Günü” əsərini xatırladan “157, 158” – kodlaşdırılmış, mistik, fantastik, kiçik həcmli bir povestdir. Hadisələrin cərəyan etdiyi məkan mücərrəd olsa da,oxucu özünü bu məkan və zaman daxilində, hadisələrin dinamik inkişafında, proseslərlə vəhdətdə hiss edir. Antik mifoloji qəhrəmanlarla zəngin əsər, mistik bir yuxuyla başlayır: “ - Mən hardayam , məni hara aparırsan ? - Cəhənnəmə ... Ağzından laxtalanmış qan tökən Nut, qayığın avarlarını əvəz edən ağ ilanların köməkliyi ilə , ilkinliyə aparan sona tələsirdi ... Gecədir, ulduzsuz, aysız gecə . Üfunət qoxuyan bataqlıqda qayıq dayanmadan şütüyür.” Oxuduqca, Nut, Lat, Lili, Lilit, La kimi mifik qəhrəmanların obrazları, bu dini- mifoloji dünyagörüşünə bələd olmayan oxucuda qeyri-müəyyənik yaradır. Nut – Ərəb mifologiyasında Səma İlahəsidir. Deyilənlərə görə,məbədinin qalıqları hələ də Məkkə yaxınlığındadır. Qayığın avarlarını əvəz edən Ağ ilanlara gəldikdə isə, Qədim Altay Türk mifalogiyasında, Tuk- un (ədalət tərəzisi) qamçısı ağ ilan olmuşdur. O, bu ilanla şamanlıq verəcəyi təzə doğulan körpənin kürəyinə vuraraq ürəyini çıxarıb ölçürdü. İslamda isə, ağ ilanlar mələkdir.Tükdən nazik səs, Sur səsidi. Bataqlıq günahlarımızdır. Ulduzsuz, Aysız gecədə qayıq (dar mənada ömrümüz, geniş mənada dünya) dayanmadan günah içində üzür. Bir çimdik torpaqdan qabararaq şişən, doğulmamış körpənin nütfəsini belə Günəş formalaşdırır. Adəmin arvadının (məhz gözəl qadın) Nutun dilindəki Körpəni qaparaq uça-uça oxuduğu nəğməyə nəzər salaq: Lili lili La Lilit. Lili lili La Lilit. Bu nə deməkdir? Lut ərəb mifologiyasında Günəş ilahəsidir –göylərin dili Günəş. Lat –Lilit isə islama görə hal (al) arvadı, cindir. Babil mifologiyasına görə isə Lilit gecənin ruhudur. Yəhudi miflərində də Lilit Yeni doğulmuş uşaqları oğurlayan cindir. Yunan mifologiyasında Lilit Lamiyadır – Zevsin məşuqəsi, Hera tərəfindən lənətlənmiş vampir qadındır. Bu nəğmə, burada yenicə doğulmuş körpənin cinlər tərəfindən oğurlanmasına işarədir. Müəllifin dərin mifik təfəkkürü bu situasiyadan çıxış yolu tapır. Nutun ağzından bayıra çıxardığı dili Lat bunu deyib xüsusi bir avazla qaranliğa səsləndi : - Ya məş - ərəlcinni vəl insi inistətə - tum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fənfuzu . La tənfuzunə illa bisultan . Tərcüməsi: “heç bir ins və cins (şər əməlli insanlar) Allahın qüvvəsi qarşısında dayana bilməz.” Dini baxımdan bu ayəni cin vurmuş adamlar üçün oxuyurlar. Quranın Ərrəhman surəsinin 33-cü ayəsini

ustalıqla mətnlə əlaqələndirən müəllifin dərin mütaliəsi bütün povest boyu intellektual oxucunu təəccübləndirməyə bilmir. “- İlahi ! Pəncərələrdən süzülən ay , kazarmadakı qaranlığın üzünü azacıq işıqlandırırdı . Yatanların fısıltısı , sayıqlamaları , - Bu yer ... Yox bu yer mənlik deyil ... Bu nə yuxuydu müqeddes İsa ?!” ---girişdəki yuxugörmə (ekstaz) o qədər canlı, effektli işlənmişdir ki, əsgər yuxudan ayılanda, oxucu belə, üzünü ovuşdurub, ”yaxşı ki, yuxuymuş” deməyə bilmir. Povestin irəliləyən səhifələrində həqiqətin qaranlıq zirzəmilərdə, qıfıllı qapılar arxasında olduğu və çatmaq istəyənlərin, ona qurban getdikləri ağlagəlməz ədəbi priyomlarla işlənmişdir. Babil, ərəb, yəhudi, Misir mifologiyaları ilə yanaşı Quran Ayələrindəndən gətirilən nümunələr əsərin bədii tutumunu xeyli zənginləşdirmişdir. Rəqəmlərin mistikasına bələd olan E. Aslangil usta bir sənətkarlıqla kodlaşdırılmış povest yaratmışdır. İlk oxunuşdan da oxucu hiss etməyə bilmir ki, “157, 158” silah nömrəsi ola bilməz. Vəziyyətə ilk açar 116 nömrəli xəstəxananın 117 nömrəli palatasında salınır: B. S. titrəyən dodaqlarını miss Jasmin Qrandvalın sağ qulağına yaxınlaşdırıb pıçıltıyla dedi : - Ey Məryəm oğlu İsa , sənmi insanlara demişdin Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin ? İsa cavabında deyəcək : - Sən pak və müqəddəssən , haqqım çatmayan sözü söyləmək mənə yaraşmaz ! Əgər mən bunu demiş olsaydım, sən mütləq bilərdin . Sən mənim ürəyimdə olan hər şeyi bilirsən . Mən isə , sənin zatında olanları bilmirəm . Şübhəsiz , qeybləri bilən ancaq Sənsən ! Mən onlara , yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm - Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin ! Bu ayələr Quranın Maidə surəsinin 116, 117-ci ayələridir. Elə bu vaxt yuxarıda oxuduğumuz cümlələri xatırlayırıq: “Mən o hərifləri , ilk dəfə idi ki görürdüm , hansı dildə olduğunu bilmədim . Amma rəqəmlər mənə tanış idi . O rəqəmlər Şimidlinin silahının nömrəsi idi“. Ərəblərdə rəqəmlərin Əbcəd hesabında hərflərlə işarələndiyini isə burada xırdalamağa ehtiyac yoxdur. 157, 158 -də Nisa surəsinin eyni saylı ayələridir: Jasmin Qrandval , ömründə birinci dəfə gördüyü hərflərlə yazılmış yazını xüsusi bir avazla oxumağa başladı : - Onlar , Məryəm oğlu İsa Məsihi öldürdük , - dedilər. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Bu, onlara belə göründü. Bu barədə fikir ayrılığına düşənlər şəkk-şübhə içindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə, onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir. 157 , 158 . Simvolik iki əsgərin başına gələn qəzavü-qədərə işıq salan müəllif, Vaxtın, Zamanın sonsuzluğunu göstərə bilir. Birinə zülm edilən (əsir) , digəri isə zülmə məruz (əsgər) insanların başlarına gələn sirli hadisə, yuxu və “qurtuluş “ Zaman və Məkanı bir – birinin üzərinə köçürərək vahid süjet xəttinin inkişafına xidmət edir:

” 1943 cü il . Alman zabiti , A . C - nin günlüyündəki qeydlərdən . - 1. ci ay , 5. ci gün , səhərüzü 7 tamamdan etibarən əsir düşmüş yahudi əsilli rus zabiti susqunluğunu

pozdu“ və “1991 ci il , 1 - ci gün səhərüzü 5 - ə 7 dəqiqə işləmiş , dəhşətli bir qışqırıq hamını yuxudan oyatdı . Bu vahiməli qışqırıqdan cəmi 1 dəqiqə sonra 1 - ci gün səhərüzü 5 - ə 7 dəqiqə işləmiş ikinci dəhşətli qışqırıq , hərbi hissənin zabit və əsgər heyyətini ayağa qaldırdı ...” Buradakı – “1. ci ay , 5. ci gün , səhərüzü 7 tamam”, “1 - ci gün səhərüzü 5 - ə 7 dəqiqə işləmiş”, ”1 - ci gün səhərüzü 5 - ə 7 dəqiqə işləmiş” kodlarına da nəzər salınsa, zamanın da “Quran”la idarə olunmasına mistik bir baxış bucağı sərgiləndiyini görəcəyik. Qan --povestdə xüsusi çalarla diqqətə çatdırılmışdır. Üfunət dolu bataqlıqda şütüyən qayıqdan gələn səs və ona verilən cavaba nəzər salaq: --Bu nədir, mən ki, qurşağa qədər qan içindəyəm?! Sən kimsən, məni hara aparırsan? Bu nə qandır, bu qayıqda mən nə edirəm? Hardayam, hara gedirəm? Nut, köz kimi qızarmış dilini bayıra çıxaranda, dilinin lap uc tərəfindən bir çimdik torpaq qabararaq şişib göbəyi kəsilməmiş uşağa çevrildi. Körpə qırışığını aça-aça zarıyaraq dilləndi: --Bu qayıq bizim taleyimizdir, bu qan bizim qanımızdır. Biz lap yaranışdan, işığı deyil, zülmət qaranlığı seçdik... Biz buludalrın ayrıldığı, İsanın taxtdan endiyi,İsrafilin suru çalındığı ana gedirik... Mətnin bu hissəsini anlamaq üçün dini biliklərdən xəbərdar olmaq gərəkir. Hədislərə görə -- İsanın taxtdan endiyi yer, Satrullah, Qüds yaxınlığında müqəddəs bir məkandır. Süleyman peyğəmbərin məbədinin qalıqları hələ də orda var. Davudun əhd sandığı da ora endirilib göylərdən. HZ Muhamməd ordan meraca qalxıb, İsanın taxtı isə qiyamət günündə orda qurulacaq. Qayıq obrazı isə, deyildiyi kimi insanın taleyidirdir, içində yaşadığımız dünyadır. Gəlinən nəticə budur ki, dünya, dünyanın insanları da qan içində üzür. Təzə doğulan Ay da povestdə diqqət çəkir. Belə ki, qədim miflərə görə Ay mənfi enerjiyə malikdir. Təzə Ay isə yalnız Ramazanda doğulur – Quranın nazil olduğu ayda. Yəni burada da Xeyirlə Şərin mübarızəsi gedir -- Yaradan mənfi enerjini öz iradəsi altına almışdır.

Ayrıca, əsərdə tədqiqatçı xanımın adı da koddur. Çünki “jasmin qrandval” fransız dilindən tərcümədə bataqlıq çiçəyi deməkdir. Günahlar içində üzən bataqlıq aləminin tədqiqatçısının, bataqlıq çiçəyi olması da, öz-özlüyündə rəmzi məna daşıyıcısıdır. Müəllif göstərməyə çalışır ki, göylərdən yer üzünə endirilən mələklər bu bataqlığa soxulub bacardıqları qədər Allah buyruqlarının qələbəsi üçün dünyanı günahlardan qorumağa çalışırlar. İnsanlar isə özlərinə çəkilib, özləri haqda düşünməli, bağlı qapılar arxasında olan sirrləri dərk edərək, həyatın ziddiyyətlərindən baş çıxarmalıdırlar və şər qüvvələrin təsirinə düşməməlidirlər. Hər bir insan, doğru olanı dərk etmək üçün çalışmalıdır, bu səbəblə yaşamalıdır.

E. Aslangilə görə, ”Həqiqəti açıqca görməyəcək qədər koruq. Bir şey olduğu və durduğu yerdə deyil. Bir şey olmadığı və olmayacağı yerdə yalnız görüntüdür. İnsanlar bu sehrlə yuxunun içində yuxu görmüşlər və sehrə qapılıb getmişlər.” Bunları Elçin Aslangil deyir... Həqiqətdirmi, fantaziyadırmı, Elçinin mifoloji, dini-fəlsəfi tezisləridirmi -- qoy bunları oxucular özləri müəyyənləşdirsinər?! Şopenhauerə görə, “Hansı dövrdə doğulmasından asılı olmayaraq, üstün zəkaya malik insan hər zaman öz dövrünə yad olur”. Bizsə, öz üstün zəkası və təxəyyülünün göstəricisi olan bu mistik-fəlsəfi əsərlə oxucuların dünyagörüşünü zənginləşdirən müəllifə təşəkkürümüzü bildiririk.
Rusiya Federasiyası,Voronej şəhəri


Bu günə qədər heç kimin "bostanına daş atmamışam", atmaq fikrində də olmamışam. Lakin son düvrlər Şərif ağ eləyir. Facebook sosial şəbəkələrində paylaşdığı "bibər qazı" tərkibli statusları gözümü yandırır və saytlarda yayılan alt qatında Türkcülüyə, bu millətə, bu millətin ziyalılarına, milli dəyərlərinə olnan nifrət hissiylə yazılmış köşə yazıları məni münasibət bildirməyə məcbur edir.

Ardını oxu...


İlk öncə onu deyim ki, şəxsiyyət ikiləşməsindən bu yazıda söhbət belə getməyəcək, biz sadəcə bir bədəndə iki candan danışacağıq, biri Qulu, digəri Ağsəs: biri şairdi, digəri publisist. Özü də həqiqətən quldu, dərgah quludu, mehrabını bildirməsə, üzə vurmasa da, Sözünün də, Səsinin də Ağı qaradan seçilir.

Ardını oxu...


 Bu yaxınlarda qardaş Qırğızıstandan şad bir xəbər aldıq. 2009-cu ildə böyük qırğız-türk yazarı Çingiz Aytmatov haqqında Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı hörmətli Anar müəllimin təşəbbüsü ilə tərtib etdiyim “Mən Manasın oğluyam” kitabı qırğız dilinə tərcümə olunub.

Ardını oxu...


Heç vaxt “bəbəmə” layla çalmamışam…

Mən də qadınam…
Doğuldum, qadınlar kimi böyüdüm, arzuladım, arzulara yetdim, arzulardan itdim…
Amma tay-tuşlarımdan bir az fərqli idim. Hələ kiçik yaşlarımda yaşıdım qızlar oğlan dostlarının köməkliyi ilə xırdaca daşları yerə düzüb özlərinə “ev” quranda, mən həmin daşları bir yerə yığıb onların necə fərqli olduqlarını, hansı canlıya bənzədiklərini maraqla izləyir, məni dinləməyən dostlarıma “dərs keçirdim”. Qızlar gəlinciklərini bəbə kimi bələyib “balam laylay” deyəndə mən özümdən böyük qardaşımın kitabını əlimə götürüb pıçıltılarla kitab “oxuyurdum”. Halbuki, onda hərfləri belə tanımırdım.
Əksər qız uşaqları ayaqları yer, dilləri söz tutandan gəlincikləri olmasa belə, müxtəlif əşyalardan “bəbə” düzəldib qoynuna alır və ona layla çalırdı. Bu, qeyri-şərtsiz refleksdi.
Bu gün də məni ağrıdan odur ki, mən heç vaxt “bəbəmə” layla çalmamışam…
Kitaba olan marağımı görən qardaşım mənə beş yaşımdan yazıb-oxumağı öyrətdi. Tay-tuşlarım hərfləməyə başlayanda mən uşaqlara aid olan bədii kitabları oxuyurdum. İkinci sinifdə yaşıma uygun kitablar olmadığından kiçik hekayələr oxumağa başladım. Üçüncü sinifdə böyük həcmli macəra dolu kitablar, dördüncü sinifdən o yana isə romanlar oxudum. Çox vaxt isə kitabxanaçı qadına yalandan “kitabı anam üçün alıram” deyirdim. Çünki o, “sənin bu kitabı oxumaq üçün hələ yaşın azdı”, deyirdi.
Tay-tuşlarımdan başqa xüsusiyyətlərimlə də seçilirdim. Yuxarı sinifdə qızlar tənəffüs zamanı güzgülənəndə, pəncərədən oğlanları seyr edib pıçıldaşanda mən oğlanlarla futbol oynayırdım. Doğrusu, qızların pıçıltıları mənə maraqlı olmadığı kimi, mən də onlara maraqlı deyildim. Orta məktəbin son siniflərində tay-tuşlarım qızlar dərsdən sonra gəzməyə gedəndə mən tələm-tələsik evə qaçır, yeməyimi yeyir müəllim yanına – əlavə hazırlığa gedir, universitetə hazırlaşırdım.
Sinifdəki qızların çoxu məktəbi bitirən kimi ailə qurdu. Mənsə universitetə qəbul oldum. Eyni zamanda, başqa bir ali təhsil müəssisəsinə də üz tutdum. Səhər universitetə, günorta isə institituta yollandım. Demək olar ki, doğru-düzgün nahar da edə bilmirdim. Yenə də tay-tuşlarım qızlar parka, müxtəlif gecələrə, əyləncələrə gedəndə mən təhsil dalınca qaçırdım. Yenə də qrup yoldaşlarımın pıçıltıları mənə maraqlı olmadığı kimi, mən də onlara maraqlı deyildim….
Bu gün…
Tay-tuşlarımın bəziləri bazarda malını satır, bəziləri bədənini satır, bəziləri xoşbəxt ailə xanımıdı, ərinin aldığı kilo-kilo qızılları yaxasına taxaraq, ildə bir dəfə Rusiyadan gələcək ərini gözləyir (amma onu da deyim ki, bu xoşbəxt ailə xanımları məni görəndə qıyqacı baxırlar), bəziləri həyatın mənasını yalnız övlad böyütməkdə görür və.s. Onlar məni xoşbəxt sanmadıqları kimi, mən də onları bəxtəvər sanmıram. Və həmişə düşünürəm: Xoşbəxt qadın varmı???


Qadın talelərindən yazmaq - taleyimə yazılıb. Yazmaya bilmirəm, çünki qələm özü məni buna vadar edir; mənsə, onun tabesindəyəm. Tolstoyun belə bir kəlamı var: "Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir". Yaxşı anlamda bu, tamamilə doğrudur!

Qadınların qismətinə nələr düşmür ki... Hər şeyin ən çətini, ən mürəkkəbi, ən əlçatmazı. Dünyaya qadın olaraq gəlmək, elə özü bir imtahan, bir sınaq deyilmi? Güçlü ola-ola zəif görünmək, zərif ola-ola çətinliklərə sinə gərmək, bir canda bir neçə ruhu yaşatmaq, bir ürəkdə min dərd daşımaq...

Feminist deyiləm, amma qadın dünyasının sirlərinə bələdəm və bu sirli-sehirli dünyanı dəyərləndirməyə bilmərəm! Övlad olar qadın – valideynlərinə bir oğul qədər və daha artıq bəhrə verər, qayğı göstərər. Sevər qadın – ürəyini isməti yolunda şam edib yandırar, susub sönər. Ana olar qadın – yeri gələndə övladını öz xeyir-duasıyla ikinci ananın – Vətənin yolunda şəhid verər. Şair olar qadın – qələmini ailəsinə, balalarına qurban edər.

Kimdən yazdığımı açıqlamadan öncə, bu sözlərə, bu kəlmələrə ehtiyac duydum. Çünki, haqqında yazacağım insan, sözün əsil mənasında, adı böyük hərflərlə yazılacaq bir qadındır - Tamaşa Xəyali - gözəl insan, maarifçi xanım, istedadlı şairə. Bununla yanaşı, o, həm də hörmətli qələm dostum Xəyal Rzanın anasıdır. Oxuyacaqlarınızın çoxunu dostumun öz dilindən eşitmişəm. Hər zaman söhbət düşəndə, onun böyük məhəbbət və ehtiramla söz açdığı anasının – gözəl şeirlər, poemalar müəllifi, iti və kəskin publisistik yazıların sahibi Tamaşa xanımın adı, taleyin gərdişindən və təvazökarlığından ədəbiyyat dünyasında yetərincə tanınmayıb. Lakin, onun Vətənimizin ən ağrılı, qanlı-qadalı günlərində susmayan qələmi, həqiqətən də örnək ola biləcək qədər mükəmməl və təsirlidir.

 Tamaşa Xəyali – Qarabağ mahalında 1954-cü il iyul ayının 15-də dünyaya gəlib.
Şeirləri, məqalə və oçerkləri “Azərbaycan gəncləri”, “Kommunist”, “Novruz” qəzetlərində və “Ulduz”, “Azərbaycan”, “Elm və həyat” jurnallarında çap olunmuş, oxucular tərəfindən maraqla qarşılanmışdır.

1991-ci ildə şairənin “Bu dünyada nələr gördüm...” adlı şeirlər və poemalar kitabı (“Yazıçı” nəşriyyatı), 1999-cu ildə isə “Qara Yanvar şıkəstəsi” adlı kitabı (Hərbi nəşriyyat) nəşr olunub.

“Aşıq Pəri” ədəbi məclisinin və Respublika Aşıqlar Birliyinin üzvüdür.

 “Qara Yanvar şikəstəsi” kitabı indi də masamın üzərindədir. Hər dəfə ürək ağrısıyla oxuduğum bu kitabda nələr var! Ana naləsi, qadın iztirabı, acı göz yaşları, şəhid dağı, vətən yarası, torpaq dərdi...

Ay analar, ay bacılar!
Könlüm yaman pərişandır.
Dəlik-dəlik olub qəlbim,
Sinəm hədəfə nişandır.

Qan ağlayır, qan, gözlərim!
Dolaşır, çaşır sözlərim.
Şəhid oldu əzizlərim!
Bu hal bizə yaraşandır?

...Kor olaydım, Azərbaycan!
Sinən üstə gölləndi qan.
Milyonlartək bu gün yanan
Öz balandır - Tamaşandır!

Qədim Qarabağ torpağının abu-havasıyla nəfəs alan, aşıq şeiri, şifahi xalq ədəbiyyatı qaynaqlarından bəhrələnən şairənin dili rəvan, fikirləri maraqlıdır.

Kim gətirdi bu xəbəri,
Dili dolaşa-dolaşa?
Məndən ötrümü gəlirmiş
Yolu dolaşa, dolaşa?

Ayrılığın nə yamandı,
Fikrin başımda dumandı.
Getmə gözümdən, amandı,
Yolu dolaşa-dolaşa!

...Tamaşa gül kimi soldu,
Hara baxdı – gözü doldu.
Bu müsibət bizim oldu
Eli dolaşa-dolaşa!

Mən, söz açdığım bu kitabı ilk dəfə üç il bundan öncə oxumuşdum və mənə çox qəribə gəlmişdi ki, belə misralar sahibi bir şairənin adını indiyədək eşitməmişəm. O zaman təəccübümü Xəyal Rzadan gizlətməmişdim, eşitdiyim sözlər isə məni çox təəsirləndirmişdi: “Afaq, biz anamızı yazmağa qoymurduq. Bilərəkdən deyil, sevdiyimizdən. Hey bizimlə olsun istəyirdik, bizimlə məşğul olsun. Bəzən, mətbəxə yollanıb “qabları yuyum, gəlirəm” - deyirdi. Amma bilirdik ki, əslində, qəlbinə dolmuş hansı misralarısa vərəqə köçürməyə gedir.

...İndi o mənə baxıb fərəhlənir. Hər uğuruma sevinir. Mənə həmişə “Yaz, Qələmim, yaz!” - deyir. Sanki, mən yazanda, anamın qəlbində, demədiyi sözlərin, yazmadığı misraların acısı azalır...”

Hörmətli yazıçımız Anar müəllimin "Əslim, nəslim, əsrim" romanında anası haqqında yazdığı sözlər yadıma düşür: "Onun (Nigar xanımın) hər yazılmamış əsərinin, yaranmamış şeirinin günahı bizdədir. Bizim hamımızda və bəlkə də ən çox məndə. Biz onun vaxtını qarət edirdik, yaradıcılığa aid olan hisslərini talan edirdik. Həmişə yanındaydıq, həmişə onu fikirlərindən ayırırdıq, daxili dünyası ilə baş-başa qalmağa imkan vermirdik".

Xəyal da eyni sözləri danışmışdı. Bu sözləri yəqin ki, mənim də oğlum və digər şairlərin də oğulları söyləyər. Çətindir həm ana, həm ev xanımı, həyat yoldaşı və bunlarla yanaşı, həm də şairə olmaq! Çətindir, amma şərəflidir, ucadır! Viktor Hüqonun sözlərilə desək: "Qadınlar zəifdir, amma analar qüvvətlidir!" Oğluna “Yaz, qələmim, yaz!” deyib gələcəyə ruhlandıran, şair balasının ədəbiyyatdakı hər bir uğuruna, kövrək ana qəlbiylə, öz uğuru kimi sevinən qəhrəman ürəkli, yenilməz ruhlu şairə bacıma gözəl əsərlər və həyat əzmi diləyirəm!

Bir neçə ay sonra Tamaşa Xəyalinin yubileyidir. Şairə altmış yaşını qeyd edəcək və bu yaxın zamanlarda onun “Ölməzliyə gedən yol” adlı möhtəşəm bir poeması işıq üzü görəcək. Poemadan bəzi məqamlarla tanış olduğum üçün bu sözü qətiyyətlə deyə bilirəm.

Yazımı Tamaşa Xəyalinin klassik bir şeirilə tamamlayır və bundan sonra, onun təlatümlü və duyğulu şeirlərinə mətbuatda daha tez-tez rastlayacağımıza ümid edirəm:

QALDI!

Bu necə zülmətdi, Ay hara getdi?
Oxlandı ürəyim, yaya hara getdi?
Yazım nə tez keçir, yay hara getdi?
Baharım dağların qışında qaldı!

Biz gəzib dolandıq qeyrət içində,
Ayrılıq qoymadıq millət içində!
Qonağı bəslədik nemət içində,
Gözü torpağımda, daşımda qaldı!

Əzəldən xainmış ürəyi demə!
Yaman qalxdı zilə, enmədi bəmə.
Uzandı əlləri ta keçmişimə,
İzləri xarixin yaşında qaldı!

Analar - narahat, körpələr - ağlar!
Ürək tab etməyər, min qubar bağlar.
Gözümdən qanlı yaş sel kimi çağlar...
Kədər kirpiyimdə, qaşımda qaldı!

Düşmən birə kimi qana daraşdı,
Hiddətdən xalqımın qəlbi alışdı.
Tamaşa, bu aləm yaman qarışdı,
Əlin ürəyinin başında qaldı!


Parlaq, munis, unudulmaz insanlar – Dilarə Əliyeva və Aydın Məmmədovun faciəli ölüm xəbəri məni Türkiyədə, əski Səlcuq şəhəri Bursada yaxaladı. Mən “yaşıl Bursa”, “gözəl Bursa”, “qədim Bursa” da yaza bilərdim. Niyə kağıza qeyri-ixtiyari məhz bu sözlər – “Səlcuq şəhəri” düşdü? Assosiasiyaların – anımların, yada salmaların öz qanunları var və səlcuqların da burda xatırlanması təsadüfi deyil.

Ardını oxu...