![]() |
![]() ![]() |
Bəlkə də qan, soy bağlılığıdır deyə bilmərəm, amma lap uşaqlıqdan Orta Asiya xalqlarına, xüsusən Qırğızıstana böyük marağım olub. Çox sevmişəm bu ölkəni. Bəlkə də ulu keçmişimiz-Böyük Gök Türk anlamıdı bizləri bu qədər yaxınlaşdıran. Bilmirəm. Amma zaman keçdikcə bu sevginin bir mahiyyətini də dərk etdim: Çingiz Aytmatov həqiqətini.
Əsərlərində hadisələr o qədər gözəl təsvir olunurdu ki, oxuduqca baş verənlər bir-bir uşaq beynimə həkk olunurdu. Uzun müddət əsərin təsiri getmirdi məndən. İllər sonra anladım ki, Aytmatov kimdir.
Ən çox da “Cəmilə” hekayəsi ilə tanıdım onu. Dünya ədəbiyyatına səs salan “Cəmilə” hekayəsi. O zaman Moskvada çıxan “Novıy Mir” jurnalında məşhur qazax yazıçısı Muxtar Auezovun “Yolun açıq olsun!” adlı xeyir-duası ilə dərc olunan və bununla da onun dünya ədəbiyyatına gəlişinə yaşıl işıq yandırılan bir eşq hekayəsi. Sonradan dahi fransız yazıçısı Lui Araqon bu əsəri “Dünyanın ən gözəl eşq hekayəsi” adlandıracaqdı.
Əslində yazıçının qələmə aldıqları həyatımızda, yaşadığımız təzadlı sovet cəmiyyətində baş verən həqiqətlər idi. Elə həmin ərəfədə bu gün əsl qiyməti verilməyən dəyərli yazıçımız İsa Hüseynovun əsərlərini də eyni böyük maraqla oxuyurdum. Çünki o da Aytmatov kimi biz sovet uşaqlarının təfəkkürünü oyadan əsərləri ilə hələ sovetin “qılıncı” başımız üzərində olan bir zamanda düşündürə bilirdi insanları... Bəlkə zamanında İsa Hüseynov “özümüzkülər” tərəfindən qısqanclıqla qarşılanmasaydı və ya rus dilində yazsaydı, üstəlik Lui Araqon kimi dahi bir yazıçının təqdimatı və təbliğatıyla yoluna “yaşıl işıq” yandırılsaydı, heç şübhəsiz ki, indi o da Aytmatov kimi türk dünyasının tanınmış yazarlarından biri olardı. Nə yazıq ki İsa Hüseynov kimi istedadlı bir yazıçını bu gün Azərbaycandan kənarda tanıyan yoxdur. Əslində bu bizim faciəmizdir! Paxıllıq sanki müsəlmana xas olan bir cəhətdir. Amma axı Aytmatov da müsəlman idi. Bəs nədən qırğızlar onu “başı üstündə” tuturdular? Gəlin bu barədə düşünək.
Təkcə İsa Hüseynovun deyil, bu gün milli təfəkkürlü ziyalılarımzın, yazıçılarımızın bostanına “daş” atanlar heç şübhəsiz ki, zamanında Müşfiqi, Cavidi, Salman Mümtazı, Əhməd Cavadı və onlarla günahsız aydınlarımızı suçlayanların, onlar haqqında şər-böhtan yazanların törəmələridir. Və yaxud bir qabdan su içiblər. Mətləbdən uzaqlaşmaq istəmirəm, söz gəldi gərək deyəsən. Bir yazıçı-jurnalist kimi bunları yazmaq bizim mənəvi borcumuzdur!
Çingiz Aytmatovun Azərbaycanda xeyli dostları vardı: Rəsul Rza, İmran Qasımıov, Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə, Anar, Toğrul Nərimanbəyov, Aydın Məmmədov, Hüseynbala Mirələmov, Nizami Cəfərov, Adil Cəmil (“Manas” dastanı haqqında ilk araşdırmaçı alim), İlham İsmayılov və başqaları.
Məlumdur ki, 2008-ci il hər yerdə Aytmatov ili elan olunmuşdu. Hörmətli Prezidentimiz İlham Əliyevin fərmanı ilə ölkəmizdə bir sıra tədbirlər keçirilirdi. Həmin tədbirləri əsasən Prezident Aparatı İctimasi Siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Bişkekdəki səfirliyimiz,
Səbayel rayonunun rəhbərliyi (Sahib İsmayılıov) , ADXƏM (İlham İsmayılıov) təşkil etmişdi. Həmin ərəfədə Prezident İlham Əliyev yazıçıya “Tərəqqi” və “Dostluq” medallarını təntənəli surətdə təqdim edərək Çingiz Aytmatovu bütün türk dünyasının böyük yazarı adlandırmışdı.Ulu öndər Heydər Əliyev Çingiz Aytmatovla yaxın dostluq münasibəti vardı.Həmişə ona yüksək dəyər verirdi mərhum prezidentimiz.
Çingiz Aymatov yazıçıların da böyük dostu idi. Azərbaycan Yazıçılar Birliyinə də gəlmişdi. Onun Anar müəllimlə, Fikrət Qoca, Çingiz Abdullayevlə necə səmimi görüşdüklərinin şahidi oldum.
Bir sıra yerlərdə, o cümlədən Atatürk Mərkəzində və Bakı Əyləncə Mərkəzində böyük yazıçı ilə görüşlər keçirildi.Yadımdadır ki, Çingiz ağa Bakı Əyləncə Mərkəzində iştirak edən insanlarla qol-qola “Yallı” rəqsini oynadı. Çox şən idi. Nə biləydi ki, vəfatına cəmi bir neçə ay qalıb. Biz də bilsəydik və əlimizdə ixtiyar olsaydı, zamanı tutub saxlayardıq... Amma bu Ulu Tanrının əlində olan bir işdir.
Vafatını eşidib çox üzüldüm. Çünki yazıçı ilə şəxsən görüşüb söhbət etmək şərəfinə nail omuşdum, birlikdə şəkil çəkdirmişdim.
Vəfatından az sonra Anar məllim məni yanına çağırıb dedi:
-Çingiz Aytmatov haqqında təcili kitab tərtib etmək lazımdır. Bu işi sənə həvalə edirəm. Onunla əlaqəsi olan kimlər olubsa, tap, hazırla.
Əlbəttə, bu Xalq yazıçımızın mənə olan böyük etimadı idi. Mən AYB sədrinin Aytmatova olan hörmətini, məhəbbətini hiss etdim, duydum həmin anlarda...
Anar müəllimin verdiyi bir sılra materiallarla yanaşı kitabxanalara, arxivlərə müraciət etdim, araşdırma apardım. Vaxtilə Aytmatovla dostluq münasibətləri olmuş, sonradan dünyalarını dəyişmiş şair və yazıçılarımızın, elm-incəsənət adamlarımızın maraqlı yazılarına rast gəldim. Xüsusən də Xalq şairləri Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, unudulmaz ziyalılarımız Şahmar Əkbərzadənin, Aydın Məmmədovun, İmran Qasımovun yazıları və Anar müəllimin "Əlvida, Çingiz ağa!"məqaləsi məni çox təsirləndirdi... Aytmatovun İctimai və ANS televiziyalarına verdiyi maraqlı müsahibələri kitaba daxil etdim. Şəxsi həyatı haqqında indiyəcən heç yerdə demədikləri, yalnız Muxtar Şaxanovla bölüşdüyü fikirlərini, məşhur balerina Bübüsara ilə yaşadığı böyük sevgi macərasını da Güllü Yoloğlu vasitəsiylə əldə etdik. Dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin yazıçı ilə dostluq münasibətləri, onun yazıçıya verdiyi yüksək dəyəri də çatdırdıq oxucuya. Türkiyənin eks-prezidenti Süleyman Dəmirəlin, məşhur türk şairi Ali Akbaşın, "Qırıldı altun qələmim", Muxtar Şahanovun "İki Çingiz" şeirləri və başqa maraqlı yazıları azəri türkcəsinə çevirdik.
Bir neçə ay sonra “Mən Manasın oğluyam” adlı möhtəşəm kitab hazır oldu. Məşhur rəssam, Aytmatovun yaxın dostu olmuş Toğrul Nərimanbəyovun (Allah rəhmət eyləsin!) çəkdiyi gцzəl rəsm əsəri kitabın üzqabığını bəzədi. Ön və son sözləri yazmaq mənə nəsib oldu.
2009-cu ilin may ayında yenicə təmirdən çıxmış Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda kitabın böyük təqdimatı keçirildi. Həmin təqdimatda dövlət nümayəndələri, çox hörmətli alimlər, yazıçılar, Millət vəkilləri, həmçinin Rusiya və Türkiyə səfirləri də iştirak etdilər. Müəyyən səbəblərə görə Qırğızıstandan nümayəndə yox idi. Doğrusu, bu məni çox üzdü. Amma sonradan kitabın Qırğızıstanda böyük maraqla qarşılandığını eşidəndə çox sevindim. Nüsrət müəllim dərhal reaksiya verib və kitabı qırğız dilinə tərcümə etdirib. Kitabın tanınmasında TDSDF-nin sədri və Aytmatovun yaxın dostu olmuş Nüsrət Məmmədovun (qeyd edim ki, Çingiz Aytamatov onu belə adlandırırdı:”Bizim dostumuz Nüsrət”-S.S.) böyük xidməti oldu. Sonradan öyrəndim ki, kitabın orijinalını Qırğızıstanda Nüsrət müəllimə təqdim edən dəyərli ziyalımız, Qırğızıstanı və Çingiz Aytmatovu çox sevən Adil Cəmil olub.Adil müəllimə dərin təşəkkürümü
bildirirəm.
Budur, Qırğzıstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru professor Abdıldajan Akmataliyevin qırğız türkcəsinə çevirdiyi kitab artıq qarşımdadır. Kitaba bir neçə müəllifin,o cümlədən Çingiz Aytmatovun məqaləsini, akademikin, həmçinin Aytmatovun qardaşı Qırğızıstan Milli Elmlər akademiyasının akademiki, professor İ.Aytmatovun, Adil Cəmilin və Nüsrət müəllimin yazıları əlavə olunub. Dünya şöhrətli rəssam T.Nərimanbəyovun kitabın üzqabığına çəkdiyi şəkil olduğu kimi saxlanılıb.Əlavə olunan yazılar çox maraqlıdır. Abdıldajan Akmataliyevin Aytmatovun vəfatından sonra Bakıda olarkən təsirlənib yazdığı bir məqalə və şeir diqqətimi çəkdi. Sətri tərcüməsi belədir: "Tyan-Şandan Bakıya salam gətirmişəm, Qədim küçələrlə Nüsrət məni gəzdirir. Birdən Xəzər dənizi məndən soruşdu: "Bəs hanı Çingiz?" Gücüm yetmədi deyəm ki, Çingiz artıq yoxdur..." Bəli, onun yoxluğu bütün türk dünyasını sarsıtdı.
Bundan başqa Nüsrət müəllimin maraqlı iki yazısı da çox təqdirəlayiqdir. Diqqətimi çəkən bir məqam da yazıçı-publisist Günel Anarqızının ölümündən bir az əvvəl Bakıda Aytmatovdan aldığı müsahibə oldu. Günel xanımın verdiyi mənalı suallara yazıçının bəzi cavabları çox düşündürücüdür. Elə bil Çingiz Aytmatov öləcəyini öncədən hiss edirdi...
Bu yaxınlarda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Dram Teatrında Çingiz Aytmatovun 85 illiyi böyükk təntənə ilə qeyd olundu. Yubiley tədbirində Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Prezident Aparatının İctimai-Siyasi Məsələlər Şöbəsinin sektor müdiri Qafar Əliyev, AYB-nin sədri Anar, Çingiz Abdullayev, bir sıra Millət vəkilləri ilə yanaşı Qırğızıstandan gələn hörmətli qonaqlar- Çingiz Aytmatovun oğlu Əsgər Aytmatov, qırğız filmlərində yazıçının qəhrərəmanlarını canlandıram kino-rejissor Bolot Şəmsiyev və başqaları iştirak edirdilər. Tədbir çox maraqlı keçdi. Nüsrət müəllim tədbirə gələ bilməsə də salamlarını çatdırdı və xahiş etdi ki, mümkünsə qonaqlarla Rəsiul Rzanın kitablarını göndərin, tərcümə etdirmək istəyirəm. Mən Bolot bəydən R.Rzanın bir kitabını Qırğızıstana göndərdim. Hazırda Nüsrət müəllim kitabın tərcüməsi ilə məşğuldur.
Yazımın sonunda Azərbaycan həqiqətlərini Orta Asiya respublikalarında təbliğ edən TDSDF-nun prezidenti Nüsrət müəllimə və bu kitabı yüksək səviyyədə qırğız türkcəsinə çevirən, Azərbaycanı çox sevən Mukan bəyə və AYB-nin sədri Anar müəllimə bir daha sonsuz təşəkkürümü bildirirəm.
Çingiz Aytmatov təkcə qırğızların deyil, həm də bütün sülhsevər dünya xalqlarının yazarı idi. Bütün insanları düşündürən, əzab verən suallar daim onun qəlbində, vicdanında idi və bu əzablar zehnində bir təlatüm yaratmışdı. "İnsan oğlu nə etsin ki, insan kimi qala bilsin?” Yazıçının cavabsız suallarından biri də məhz bu idi. Və onun bütün əsərlərində bu suala cavab sorulur. Bir vətəndaş-ziyalı kimi elinə, obasına, xalqına heç zaman laqeyd qala bilmədi.
Yazıçı üçün bundan böyük xoşbəxtlik varmı?
Yadımdadır ki, sonuncu dəfə Çingiz Aytmatovla görüşümüzdə o belə bir ifadə işlətdi: ”Ümidvaram ki, yenə görüşəcəyik!”
O qayıtdı. “Mən Manasın oğluyam” kitabı ilə. Yaddaşlarda əbədi qalmaq üçün!