![]() |
![]() ![]() |
ELÇİN ASLANGİLİN MİSTİK TƏFƏKKÜRÜNÜN GÖZÜ İLƏ: 157, 158
Çağdaş Azərbaycan ədəbiyyatının bədii təsvir predmetlərindən olan azadlıq, müharibə, Vətənpərvərlik ideyalarının təbliği, sevgi, məhəbbət mövzuları və s. ilə yanaşı Tanrı, məhşər günü, Səmavi düşüncələr, ali mütləq həqiqətə çatmaq istəyi kimi motivlər də son dövrlərdə aktuallığı ilə diqqət çəkir. Gənc şairlər arasında gərgin üslubi axtarışlar, öz yolunu, dəsti - xəttini yaratmaq meylləri hiss olunur, bu yenilənən dünyaya çıxış səyləri isə öz növbəsində, poetik dəyərlər sistemini zənginləşdirməyə xidmət edir. Bu baxımdan özünəməxsus nəfəsi ilə seçilən Elçin Aslangil yaradıcılığı Varlığın sabaha baxışı və “mən” obrazının yaradıcı təfəkkürdə fərqli inikası ilə seçilir. Yazı manevrası ilə Yusif Səmədoğlunun “Qətl Günü” əsərini xatırladan “157, 158” – kodlaşdırılmış, mistik, fantastik, kiçik həcmli bir povestdir. Hadisələrin cərəyan etdiyi məkan mücərrəd olsa da,oxucu özünü bu məkan və zaman daxilində, hadisələrin dinamik inkişafında, proseslərlə vəhdətdə hiss edir. Antik mifoloji qəhrəmanlarla zəngin əsər, mistik bir yuxuyla başlayır: “ - Mən hardayam , məni hara aparırsan ? - Cəhənnəmə ... Ağzından laxtalanmış qan tökən Nut, qayığın avarlarını əvəz edən ağ ilanların köməkliyi ilə , ilkinliyə aparan sona tələsirdi ... Gecədir, ulduzsuz, aysız gecə . Üfunət qoxuyan bataqlıqda qayıq dayanmadan şütüyür.” Oxuduqca, Nut, Lat, Lili, Lilit, La kimi mifik qəhrəmanların obrazları, bu dini- mifoloji dünyagörüşünə bələd olmayan oxucuda qeyri-müəyyənik yaradır. Nut – Ərəb mifologiyasında Səma İlahəsidir. Deyilənlərə görə,məbədinin qalıqları hələ də Məkkə yaxınlığındadır. Qayığın avarlarını əvəz edən Ağ ilanlara gəldikdə isə, Qədim Altay Türk mifalogiyasında, Tuk- un (ədalət tərəzisi) qamçısı ağ ilan olmuşdur. O, bu ilanla şamanlıq verəcəyi təzə doğulan körpənin kürəyinə vuraraq ürəyini çıxarıb ölçürdü. İslamda isə, ağ ilanlar mələkdir.Tükdən nazik səs, Sur səsidi. Bataqlıq günahlarımızdır. Ulduzsuz, Aysız gecədə qayıq (dar mənada ömrümüz, geniş mənada dünya) dayanmadan günah içində üzür. Bir çimdik torpaqdan qabararaq şişən, doğulmamış körpənin nütfəsini belə Günəş formalaşdırır. Adəmin arvadının (məhz gözəl qadın) Nutun dilindəki Körpəni qaparaq uça-uça oxuduğu nəğməyə nəzər salaq: Lili lili La Lilit. Lili lili La Lilit. Bu nə deməkdir? Lut ərəb mifologiyasında Günəş ilahəsidir –göylərin dili Günəş. Lat –Lilit isə islama görə hal (al) arvadı, cindir. Babil mifologiyasına görə isə Lilit gecənin ruhudur. Yəhudi miflərində də Lilit Yeni doğulmuş uşaqları oğurlayan cindir. Yunan mifologiyasında Lilit Lamiyadır – Zevsin məşuqəsi, Hera tərəfindən lənətlənmiş vampir qadındır. Bu nəğmə, burada yenicə doğulmuş körpənin cinlər tərəfindən oğurlanmasına işarədir. Müəllifin dərin mifik təfəkkürü bu situasiyadan çıxış yolu tapır. Nutun ağzından bayıra çıxardığı dili Lat bunu deyib xüsusi bir avazla qaranliğa səsləndi : - Ya məş - ərəlcinni vəl insi inistətə - tum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fənfuzu . La tənfuzunə illa bisultan . Tərcüməsi: “heç bir ins və cins (şər əməlli insanlar) Allahın qüvvəsi qarşısında dayana bilməz.” Dini baxımdan bu ayəni cin vurmuş adamlar üçün oxuyurlar. Quranın Ərrəhman surəsinin 33-cü ayəsini
ustalıqla mətnlə əlaqələndirən müəllifin dərin mütaliəsi bütün povest boyu intellektual oxucunu təəccübləndirməyə bilmir. “- İlahi ! Pəncərələrdən süzülən ay , kazarmadakı qaranlığın üzünü azacıq işıqlandırırdı . Yatanların fısıltısı , sayıqlamaları , - Bu yer ... Yox bu yer mənlik deyil ... Bu nə yuxuydu müqeddes İsa ?!” ---girişdəki yuxugörmə (ekstaz) o qədər canlı, effektli işlənmişdir ki, əsgər yuxudan ayılanda, oxucu belə, üzünü ovuşdurub, ”yaxşı ki, yuxuymuş” deməyə bilmir. Povestin irəliləyən səhifələrində həqiqətin qaranlıq zirzəmilərdə, qıfıllı qapılar arxasında olduğu və çatmaq istəyənlərin, ona qurban getdikləri ağlagəlməz ədəbi priyomlarla işlənmişdir. Babil, ərəb, yəhudi, Misir mifologiyaları ilə yanaşı Quran Ayələrindəndən gətirilən nümunələr əsərin bədii tutumunu xeyli zənginləşdirmişdir. Rəqəmlərin mistikasına bələd olan E. Aslangil usta bir sənətkarlıqla kodlaşdırılmış povest yaratmışdır. İlk oxunuşdan da oxucu hiss etməyə bilmir ki, “157, 158” silah nömrəsi ola bilməz. Vəziyyətə ilk açar 116 nömrəli xəstəxananın 117 nömrəli palatasında salınır: B. S. titrəyən dodaqlarını miss Jasmin Qrandvalın sağ qulağına yaxınlaşdırıb pıçıltıyla dedi : - Ey Məryəm oğlu İsa , sənmi insanlara demişdin Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin ? İsa cavabında deyəcək : - Sən pak və müqəddəssən , haqqım çatmayan sözü söyləmək mənə yaraşmaz ! Əgər mən bunu demiş olsaydım, sən mütləq bilərdin . Sən mənim ürəyimdə olan hər şeyi bilirsən . Mən isə , sənin zatında olanları bilmirəm . Şübhəsiz , qeybləri bilən ancaq Sənsən ! Mən onlara , yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm - Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin ! Bu ayələr Quranın Maidə surəsinin 116, 117-ci ayələridir. Elə bu vaxt yuxarıda oxuduğumuz cümlələri xatırlayırıq: “Mən o hərifləri , ilk dəfə idi ki görürdüm , hansı dildə olduğunu bilmədim . Amma rəqəmlər mənə tanış idi . O rəqəmlər Şimidlinin silahının nömrəsi idi“. Ərəblərdə rəqəmlərin Əbcəd hesabında hərflərlə işarələndiyini isə burada xırdalamağa ehtiyac yoxdur. 157, 158 -də Nisa surəsinin eyni saylı ayələridir: Jasmin Qrandval , ömründə birinci dəfə gördüyü hərflərlə yazılmış yazını xüsusi bir avazla oxumağa başladı : - Onlar , Məryəm oğlu İsa Məsihi öldürdük , - dedilər. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Bu, onlara belə göründü. Bu barədə fikir ayrılığına düşənlər şəkk-şübhə içindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə, onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir. 157 , 158 . Simvolik iki əsgərin başına gələn qəzavü-qədərə işıq salan müəllif, Vaxtın, Zamanın sonsuzluğunu göstərə bilir. Birinə zülm edilən (əsir) , digəri isə zülmə məruz (əsgər) insanların başlarına gələn sirli hadisə, yuxu və “qurtuluş “ Zaman və Məkanı bir – birinin üzərinə köçürərək vahid süjet xəttinin inkişafına xidmət edir:
” 1943 cü il . Alman zabiti , A . C - nin günlüyündəki qeydlərdən . - 1. ci ay , 5. ci gün , səhərüzü 7 tamamdan etibarən əsir düşmüş yahudi əsilli rus zabiti susqunluğunu
pozdu“ və “1991 ci il , 1 - ci gün səhərüzü 5 - ə 7 dəqiqə işləmiş , dəhşətli bir qışqırıq hamını yuxudan oyatdı . Bu vahiməli qışqırıqdan cəmi 1 dəqiqə sonra 1 - ci gün səhərüzü 5 - ə 7 dəqiqə işləmiş ikinci dəhşətli qışqırıq , hərbi hissənin zabit və əsgər heyyətini ayağa qaldırdı ...” Buradakı – “1. ci ay , 5. ci gün , səhərüzü 7 tamam”, “1 - ci gün səhərüzü 5 - ə 7 dəqiqə işləmiş”, ”1 - ci gün səhərüzü 5 - ə 7 dəqiqə işləmiş” kodlarına da nəzər salınsa, zamanın da “Quran”la idarə olunmasına mistik bir baxış bucağı sərgiləndiyini görəcəyik. Qan --povestdə xüsusi çalarla diqqətə çatdırılmışdır. Üfunət dolu bataqlıqda şütüyən qayıqdan gələn səs və ona verilən cavaba nəzər salaq: --Bu nədir, mən ki, qurşağa qədər qan içindəyəm?! Sən kimsən, məni hara aparırsan? Bu nə qandır, bu qayıqda mən nə edirəm? Hardayam, hara gedirəm? Nut, köz kimi qızarmış dilini bayıra çıxaranda, dilinin lap uc tərəfindən bir çimdik torpaq qabararaq şişib göbəyi kəsilməmiş uşağa çevrildi. Körpə qırışığını aça-aça zarıyaraq dilləndi: --Bu qayıq bizim taleyimizdir, bu qan bizim qanımızdır. Biz lap yaranışdan, işığı deyil, zülmət qaranlığı seçdik... Biz buludalrın ayrıldığı, İsanın taxtdan endiyi,İsrafilin suru çalındığı ana gedirik... Mətnin bu hissəsini anlamaq üçün dini biliklərdən xəbərdar olmaq gərəkir. Hədislərə görə -- İsanın taxtdan endiyi yer, Satrullah, Qüds yaxınlığında müqəddəs bir məkandır. Süleyman peyğəmbərin məbədinin qalıqları hələ də orda var. Davudun əhd sandığı da ora endirilib göylərdən. HZ Muhamməd ordan meraca qalxıb, İsanın taxtı isə qiyamət günündə orda qurulacaq. Qayıq obrazı isə, deyildiyi kimi insanın taleyidirdir, içində yaşadığımız dünyadır. Gəlinən nəticə budur ki, dünya, dünyanın insanları da qan içində üzür. Təzə doğulan Ay da povestdə diqqət çəkir. Belə ki, qədim miflərə görə Ay mənfi enerjiyə malikdir. Təzə Ay isə yalnız Ramazanda doğulur – Quranın nazil olduğu ayda. Yəni burada da Xeyirlə Şərin mübarızəsi gedir -- Yaradan mənfi enerjini öz iradəsi altına almışdır.
Ayrıca, əsərdə tədqiqatçı xanımın adı da koddur. Çünki “jasmin qrandval” fransız dilindən tərcümədə bataqlıq çiçəyi deməkdir. Günahlar içində üzən bataqlıq aləminin tədqiqatçısının, bataqlıq çiçəyi olması da, öz-özlüyündə rəmzi məna daşıyıcısıdır. Müəllif göstərməyə çalışır ki, göylərdən yer üzünə endirilən mələklər bu bataqlığa soxulub bacardıqları qədər Allah buyruqlarının qələbəsi üçün dünyanı günahlardan qorumağa çalışırlar. İnsanlar isə özlərinə çəkilib, özləri haqda düşünməli, bağlı qapılar arxasında olan sirrləri dərk edərək, həyatın ziddiyyətlərindən baş çıxarmalıdırlar və şər qüvvələrin təsirinə düşməməlidirlər. Hər bir insan, doğru olanı dərk etmək üçün çalışmalıdır, bu səbəblə yaşamalıdır.
E. Aslangilə görə, ”Həqiqəti açıqca görməyəcək qədər koruq. Bir şey olduğu və durduğu yerdə deyil. Bir şey olmadığı və olmayacağı yerdə yalnız görüntüdür. İnsanlar bu sehrlə yuxunun içində yuxu görmüşlər və sehrə qapılıb getmişlər.” Bunları Elçin Aslangil deyir... Həqiqətdirmi, fantaziyadırmı, Elçinin mifoloji, dini-fəlsəfi tezisləridirmi -- qoy bunları oxucular özləri müəyyənləşdirsinər?! Şopenhauerə görə, “Hansı dövrdə doğulmasından asılı olmayaraq, üstün zəkaya malik insan hər zaman öz dövrünə yad olur”. Bizsə, öz üstün zəkası və təxəyyülünün göstəricisi olan bu mistik-fəlsəfi əsərlə oxucuların dünyagörüşünü zənginləşdirən müəllifə təşəkkürümüzü bildiririk.
Rusiya Federasiyası,Voronej şəhəri