![]() |
![]() ![]() |
Mən də qadınam…
Doğuldum, qadınlar kimi böyüdüm, arzuladım, arzulara yetdim, arzulardan itdim…
Amma tay-tuşlarımdan bir az fərqli idim. Hələ kiçik yaşlarımda yaşıdım qızlar oğlan dostlarının köməkliyi ilə xırdaca daşları yerə düzüb özlərinə “ev” quranda, mən həmin daşları bir yerə yığıb onların necə fərqli olduqlarını, hansı canlıya bənzədiklərini maraqla izləyir, məni dinləməyən dostlarıma “dərs keçirdim”. Qızlar gəlinciklərini bəbə kimi bələyib “balam laylay” deyəndə mən özümdən böyük qardaşımın kitabını əlimə götürüb pıçıltılarla kitab “oxuyurdum”. Halbuki, onda hərfləri belə tanımırdım.
Əksər qız uşaqları ayaqları yer, dilləri söz tutandan gəlincikləri olmasa belə, müxtəlif əşyalardan “bəbə” düzəldib qoynuna alır və ona layla çalırdı. Bu, qeyri-şərtsiz refleksdi.
Bu gün də məni ağrıdan odur ki, mən heç vaxt “bəbəmə” layla çalmamışam…
Kitaba olan marağımı görən qardaşım mənə beş yaşımdan yazıb-oxumağı öyrətdi. Tay-tuşlarım hərfləməyə başlayanda mən uşaqlara aid olan bədii kitabları oxuyurdum. İkinci sinifdə yaşıma uygun kitablar olmadığından kiçik hekayələr oxumağa başladım. Üçüncü sinifdə böyük həcmli macəra dolu kitablar, dördüncü sinifdən o yana isə romanlar oxudum. Çox vaxt isə kitabxanaçı qadına yalandan “kitabı anam üçün alıram” deyirdim. Çünki o, “sənin bu kitabı oxumaq üçün hələ yaşın azdı”, deyirdi.
Tay-tuşlarımdan başqa xüsusiyyətlərimlə də seçilirdim. Yuxarı sinifdə qızlar tənəffüs zamanı güzgülənəndə, pəncərədən oğlanları seyr edib pıçıldaşanda mən oğlanlarla futbol oynayırdım. Doğrusu, qızların pıçıltıları mənə maraqlı olmadığı kimi, mən də onlara maraqlı deyildim. Orta məktəbin son siniflərində tay-tuşlarım qızlar dərsdən sonra gəzməyə gedəndə mən tələm-tələsik evə qaçır, yeməyimi yeyir müəllim yanına – əlavə hazırlığa gedir, universitetə hazırlaşırdım.
Sinifdəki qızların çoxu məktəbi bitirən kimi ailə qurdu. Mənsə universitetə qəbul oldum. Eyni zamanda, başqa bir ali təhsil müəssisəsinə də üz tutdum. Səhər universitetə, günorta isə institituta yollandım. Demək olar ki, doğru-düzgün nahar da edə bilmirdim. Yenə də tay-tuşlarım qızlar parka, müxtəlif gecələrə, əyləncələrə gedəndə mən təhsil dalınca qaçırdım. Yenə də qrup yoldaşlarımın pıçıltıları mənə maraqlı olmadığı kimi, mən də onlara maraqlı deyildim….
Bu gün…
Tay-tuşlarımın bəziləri bazarda malını satır, bəziləri bədənini satır, bəziləri xoşbəxt ailə xanımıdı, ərinin aldığı kilo-kilo qızılları yaxasına taxaraq, ildə bir dəfə Rusiyadan gələcək ərini gözləyir (amma onu da deyim ki, bu xoşbəxt ailə xanımları məni görəndə qıyqacı baxırlar), bəziləri həyatın mənasını yalnız övlad böyütməkdə görür və.s. Onlar məni xoşbəxt sanmadıqları kimi, mən də onları bəxtəvər sanmıram. Və həmişə düşünürəm: Xoşbəxt qadın varmı???