1. Tələbəliyimin yaşıdı

 “Ulduz” jurnalının builki 8-ci sayı qarşımdadır. Ona baxa-baxa xəyal məni 1967-ci ilin yanvarına apardı. Universitetin jurnalistika şöbəsinin I kursunda oxuyurdum. Nüsrət Kəsəmənli, Malik Fərrux, Möhbəddin Səməd, Böyükxan Bağırlı... tələbə yoldaşlarım idi. Başqa kurs, şöbə və fakültələrdə də indinin tanınmış şair, yazıçı və alimləri təhsil alırdılar: Ramiz Rövşən, Səyavuş Sərxanlı, Eldar Baxış, Seyran Səxavət, Vaqif Arzumanlı, Cəlil Nağıyev, Cahangir Məmmədli...

Ardını oxu...

Hər kəs bir ömür yaşayır. Çoxlu hadisələrlə zəngin olan bir ömür. Bəzən bir-birinə bənzəyən, bəzən bir-birinə bənzəməyən bir ömür. Bəzən oxşar, bəzən fərqli, bəzən adi, bəzən qeyri-adi bir ömür. Ancaq ömrünün hekayəsini, romanını, dastanını yazanlar az olur. Az olanlar olsa da, onlar da var. Rəşad Məcid kimi. 

Ardını oxu...

Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri, nüfuzlu "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru Bəhruz Axundovun "Dünənki sabah" adlı kitabı önünüzdədir. Adətən, başqalarının kitablarını böyük şövqlə, yüksək zövq və keyfiyyətlə nəşr edən Bəhruz müəllim bu dəfə çox təvazökarcasına bizə öz kitabını təqdim edir. Bir az həyəcan, bir az da, yəqin ki, nigaranlıqla. Axı kitabı özü deyil, həmkarları çapa hazırlayıblar...

Ardını oxu...

Şirvanlı Mirzə Ələkbər Sabir Azərbaycan torpağının və Azərbaycan tarixinin ən böyük möcüzələrindən biri, damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün əbədi qürur mənbəyidir. Sabirə talantlı şair demək azdır, Sabir dahilər dahisidir. Doğrudur, zəmanəmizdə "dahi" sözü də urvatdan düşüb, indi hər yetənə "dahi" demək su içmək kimi asan olub. Kim kimin cibinə pul basırsa, səhərisi gün cibinə pul basılan cibinə pul basanı dahi elan edir. Kamal Abdulla yaxşı deyir ki, indi "ağlına gələni yox, ağzına gələni yazanlar meydan sulayır". 

Ardını oxu...

İnsaflı oxucular (lap elə insafsızları da) bilir ki, bəndəniz həmişə alternativ fikri dəstəkləyib və tənqidə dözümlü olub. “Birinin azadlığı başladığı yerdə o birinin azadlığı itir”. Açması: yəni sən öz fikirlərində azad olduğun kimi, qarşındakı da azaddır. Daha bir obrazlı ifadə də işlədim ki, mətləbə uyğun gəlsin: xalq həmişə öz şairini (yazıçıları da əlavə edək) dar ağacında görmək istəyir. Açması: yəni xalq istəyir ki, onun sözçüsü (mətbuat xidmətinin rəhbəri anlamında demirəm) həmişə onun sözünü desin: hətta ölümə getsə belə.

Ardını oxu...




Poeziya aləmində, şeir  dünyasında özünəməxsus yolu, dəsti-xətti, sözü, sözünün sehri, fəlsəfəsi olan bir şair yaşayır: - Fikrət Qoca. Səksən ilin Fikrət Qocası! O, öz sakit təbiəti, sakit  düşüncəsi ilə bu yolla səksən ildi  sakit-sakit, aram-aram  addımlayır. Və sakit-sakit yazıb-yaradan  bu şairin  hər sakit sözlərinin  altında bir fırtına,  bir tufan  da yaşayır! İstəyirsən pıçılda, istəyirsən  qışqıra-qışqıra, haykıra-haykıra  danış,  yaz, fərqi yoxdu. Sözlərin mənası, məzmunu eynidi. Qışqıra-qışqıra, pafoslu danışmaq, yazmaq yazarın xarakteridi, xasiyyətidi. İstedad  isə poeziyanın  ahəngindən, misraların yükündən, çəkisindən boylanır. “Şair necə ölər, başa düşmürəm”, - deyən F.Qoca elə sakit-sakit, pıçıltı ilə şair ölümünə üsyan edir:

         Qəlbində deməli min nəğmə, min sirr,

     Ruhunda yaratmaq, yazmaq həvəsi.

 Torpağın qoynuna qoyulsa şair.

 Alışıb yanmazmı bu yer kürəsi?

            Başqa bir şeirində isə o, şairlərin ömür yolunu təsvir, tərənnüm edir:

Şair ömrü nədir ki?

     Bir az yoldur, bir az söz,

    Bir də yolda  gördüyün

  tanış nəfəs, tanış üz...

    Bir yığın arzu, xəyal....

      Bir yığın gecə, gündüz...

                                                                            Gecəsindən oğurlar,

 gündüzündən oğurlar

                                                                            Ömrünü şeirə verər...

            Səksən ilin Fikrət Qocası bu  gün VIII cilidlik sözünü  söz xiridarlarının ixtiyarını  verib. Bu kitabları bir-bir  vərəqləyirəm. Fikrət müəllim bu səksən ildə nələrdən yazmayıb,  nələrdən danışmayıb, nələri vəsf, tərənnüm etməyib!

            Əvvəlcə, təbiətdən başlayıb, Vətənin təbiətindən. Onun “Yaz ətri”ni ciyərlərinə  çəkib. “Payız duyğuları” ilə duyğulanıb, “Küləyi kim açıb” – deyə təəccüblənib, “Yaxşı gecə”sində xumarlanıb, qayğılanıb... Özünü, hətta, “Yaşıl bir ağac”a bənzədib...

            Sonra Vətənin kənd-şəhərlərini  qarış-qarış  gəzib, nəzmə çəkib.  Birinci, “Anam Ağdaşım” deyib, “Doğma Vətən  torpağımız”dan var bəyəm? “Dəli Kürü” dinləyib, “Azərbaycanım” pıçıldayıb, “Lənkəran”a, “Masallı”ya qanad açıb, “Sərhəddə evlər”in qonağı olub.

            Sonra da  bu Vətənin  gözəllərini  məhəbbət sınağına  çəkib. “Elə baxma!” vurğulayıb, “Məhəbbətdən  sual” verib,  arada “Tənhalıq”dan gileylənib, “Günahkaram” fikirləşib, “Hansı məhəbbətdi?” – düşünüb... “İtirdim səni...” deyə  ara bir haray da çəkib.... Bir gün də  “Xoş gördük” deyə məhəbbətdən bərk-bərk yapışıb:

Səni gördüm, ürəyimə od düşdü,

                                                             Məhəbbət var, məhəbbət  var dünyada!

            “Təmənnasız sevgim”lə, “Məhəbbət yüklü ürəyimlə” “Mən sənə baxırdım”, - söyləyib.

            Daha sonra Fikrət Qoca  dünyanı da gəzib-dolaşıb. “Salam Vyetnam”, “Vyetnamın gözəlləri”,  “Kiyev görüşləri”, “Baltikin sahilində”, “Alma-ata”,  “Baykanur”, “Qazaxıstan çölləri”, “Kipr” daha haralar, daha nələr.

           Təbiətdən yazdı, təbiət vurğunu , təbiət şairidir, – dedilər. Vətəndən yazdı, - əsl vətəndaşdı, qiymətləndirdilər.  Gözəllərdən yazdı, sözlərinə mahnılar  qoşuldu, nəğmələr bəstələndi. Başqa  xalqlardan,  dövlətlərdən yazdı, beynəlmiləldi,  söylədilər.

            Bir sözlə, nədən kimdən yazdısa, özü oldu, sözü oldu, səmimi oldu, təmiz oldu, həqiqət oldu, real oldu!

             Beləcə, Fikrət Qoca Böyük  Ədəbiyyatın nəhrəsinə  öz  cığırı, öz yolu ilə gəldi, öz böyük  SÖZÜNÜ – VIII cilidliyini də ərməğan gətirdi. Və bu gün də şair o BÖYÜK NƏHRLƏ üzməkdədir! Yorulmayasan, ustad!

Mənim bir dostum var. Gül-çiçəyi, it-pişiyi sevəndi. Ümumən bütün ev heyvanlarına və bitkilərinə mehr salandı. Xudmani bir həyəti də var. Hərdən ora yığışıb, samovar çayı içirik, domino, nərd oynayırıq. Qonaqpərvərliyi də var. Bir gün özü qonaq getməsə, ya qonaq qəbul eləməsə bağrı çatlayar. Üstəlik də gülərgözdü. Gülərüz yox ha, gülərgöz, yəni gözlərindən güləndi.

Bir gün darvazanı açıb həyətə girəndə onu çox pərişan gördüm. Dilxor idi. Həyətdə oturub bir nöqtəyə baxırdı. Sanki darvazanın səsini də eşitmədi. “Bu nə halət, bu nə qismət?” deyə ürəyimdə fikirləşdim. Çünki onu heç zaman belə dilxor görməmişdim: bədbəxt hadisələri çıxmaq şərtilə. Amma bu dəfə, deyəsən, lap pis  hadisə baş vermişdi. İstədim ki, geri dönüb, aradan çıxam. Ancaq həyat yoldaşı, yaxın qohumum məni görən kimi, xoş gəldin elədi. Dostum da başını qaldırıb mən tərəfə baxdı. Candərdi gülümsədi. “Bahovey, nə işə düşdük, bu nə məsələdi!?” deyə yenə də qara qanlar axan ürəyimdə düşündüm, yaxın gəlib salam verdim, təklif gözləmədən oturdum: nə təklif canım, öz evimiz deyilmi?

Dostum vecinə də almadı, yenə də öz dünyasındaydı. Aradan bir xeyli zaman keçdi, süfrəyə çay da gəldi, dostum başını qaldırmadı. Bu yerdə dözməyib soruşdum:

- Nə məsələdi, dəvəsi ölmüş ərəbə oxşuyursan?

O yenə də başını qaldırmadı, amma dodağının altında mızıldandı, məşhur zərb-məsələ düzəliş elədi:

- Mən ərəbi ölmüş dəvəyəm, -dedi.

- Doğrudan nə məsələdi? - deyə bu dəfə üzümü həyat yoldaşına tutdum.

- Əşi, boş şeydi, -həyat yoldaşı gülə-gülə dedi, başı ilə mənə him-cim də elədi ki, bir onu danışdır görək nə məsələdi.

Burda başa düşdüm ki, bədbəxt hadisə-filan yoxdu, sadəcə dostum, adi bir şeyə görə dilxordu.

- A kişi, - bu dəfə səsimin qalın yerinə saldım, - nə məsələdi axı, dəryada gəmin batıb?!

- Pişiyi azdırmışam, - məyus-məyus dedi.

Doğrudan da indi fikir verdim ki, daim onun ayaqlarının böyründə fırlanan, sarı zolaqlı mavrılarıyla atılıb-düşən pişik gözə dəymir.

- Azdırmısan, azdırmısan da. İti-pişiyi həmişə azdırarlar,- dedim və güldüm.

- O elə-belə pişik deyildi, çox mehriban və üzüyolaydı, elə üzüyolalığının da azarına düşdü, - dedi.

Mən onun kefini açmaq üçün bir lətifə danışdım:

- Bir dəfə bir kişi pişiyini azdırmaq qərarına gəlir. “Sahil bağı”  tərəfdə trolleybusa minir, sürücüdən soruşur ki, bu trolleybus Əhmədliyə gedir? Sürücü də dilxor-dilxor qayıdır ki, qədeş, trolleybus da Əhmədliyə gedər!? Yayın qızmar vaxtı, tər sürücünün boyun-boğazına süzülür. Bir az keçəndən sonra həmin kişi yenə də xəbər alır: “Qədeş, trolleybus Əhmədliyə gedir?” Bu dəfə sürücü bərk acıqlanır: “Dedim ki, getmir, Bayıla gedir!” Onda həmin sərnişin sürücünün qulağına bunları deyir: “Qədeş, pişiyi azdırıram e, denən ki, gedir”. Sürücü yumşalır: “Hərü, qardaş gedür, gedür, Əhmədliyə gedür...”

Mənim bu lətifəm dostuma kar eləmədi, heç dodaqları da qaçmadı. Handan-hana dilləndi.

- Bilirsən, onu niyə azdırdım, çünki sağ-sol gedirdi, gündə dalına bir erkək pişik salıb gətirirdi. İkimərtəbə gəzirdi.

- Necə yəni, ikimərtəbə?

- İkimərtəbə də! Erkək pişik ya onun dalında olurdu, ya da belində.  Görmürdün, balalarının hərəsi bir rəngdəydi!?

- No-olsun, -dedim, - pişikdi də.

- Kişinin pişiyi də namuslu olmalıdı.

Bu dəfə mən qəhqəhə çəkib güldüm. Dedim ki, rəhmətliyin balası, pişikdə nə namus, nə ədəb-ərkan.

O, sanki məni eşitmirdi və öz-özünə danışırmış kimi deyirdi:

- O günü ürəyim gəlmədi, getdim onları qoyduğum yerə, ha axtardım, tapmadım. Bir də gördüm ki, daşların arasından balalarının səsi gəlir. Məni görən kimi qaçdılar yanıma, evdən kətə aparmışdım, onları kətəyə öyrətmişəm axı, özüm kimi, yedizdirdim, gördüm ki, doymayıbıar, mağazaya getdim, ən bahalı kolbasadan bir az çəkdirib onlara verdim. Yeyib doydular. Gördüm ki, mavrılardan biri kolbasadan bir tikə götürüb daşlara tərəf getdi. Bildim ki, anasına aparır. Anası qorxusundan çıxmır.

- Neynəmişdin ki, səndən qorxurdu.

- Üstünə acıqlanmışdım.

- Deməli, sən pişiyi onnan-bunnan gəzdiyinə görə azdırmısan?

- Əşi təkcə ona görə yox, məsələ başqa cürdü. Son zamanlar məni saymırdı, gəzərgiliyi o tərəfə, hələ mənim yanımda beli üstə yayxanıb, balalarını əmizdirirdi. Heç utanmırdı da! Mən utandığımdan gözlərimi yana çevirirdim, amma o hırıldıyırdı.

- Pişik də hırıldıyar?

- Bu hırıldıyan pişiklərdən idi.

- Ağ eləmə da, pişiklərin hamısı elədi, -dedim.

- Mənim pişiyim elə ola bilməz. Ona görə də azdırdım.

Dostumun bu çudaklığına xeyli güldüm. O da güldü. Deyəsən, kefi durulmuşdu.

- Amma elə qəşəng balaları var ki, mehriban, tüklü, sığal sevən, nəvə kimi.

Heç burası ağlıma gəlməmişdi. Dostumun nəvələri uzaqdadılar axı.

Birdən o, cəld ayağa qalxdı.

- Gedək sənə pişikləri göstərim, hələ bəlkə geri də gətirdim, -dedi...

Həyat yoldaşı balkonda durub ərinin bu hərəkətlərinə qəşş eləyirdi....

 

 

Bu günlərdə  Bakıda  “şairlər günü”  keçirildi. 5 iyun  ... Muğam teatrı ... Salon  başdan- ayağa adamlarla dolu.  Fəxri qonaqlar ön cərgədə əyləşib. Xarici ölkə şairləri də tədbirə qatılıb.  Səhnədə təşkilatçı və aparıcı, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi, şair  Xəyal Rza  danışır:   “Bu gün  Mikayıl Müşfiqin anadan  olduğu gündür.  Şairlər günü   hər il Mikayıl Müşfiqin ad günündə  keçirilir.. Biz hər ilin bu gününu xarici ölkələrdən gələn yazar dostlarımızla birlikdə  Fəxri Xiyabanda  şairlərimizin məzarlarını ziyarət edirik, Şəhidlər  xiyabanında şəhidlərimizin  ruhuna dualar oxuyuruq, sonra  Mikayıl Müşfiqin xatirıəsinə  Xəzər dənizinə çiçək dəstələri səpirik.  5-ci  ildir ki,  Azərbaycanda şairlər günü keçirilir və  hər dəfə ədəbi yaradıcılıqda   uğur qazananlara “Mikayıl Müşfiq mukafatı”  verilir.  Bu gün,  həm də  böyük şairimiz Vaqif Səmədoğlunun  anadan olduğu  gündür. Bayram bayrama qarışıb. Mikayıl Müşfiqin və Vaqif Səmədoğlunun ad günüləri ilə  dalğalanan bu poeziya bayramı həm də görkəmli şairimiz  Nurəngiz Günün xatirəsinə həsr olunub”.

Ardını oxu...