![]() |
![]() ![]() |
Bu günlərdə Bakıda “şairlər günü” keçirildi. 5 iyun ... Muğam teatrı ... Salon başdan- ayağa adamlarla dolu. Fəxri qonaqlar ön cərgədə əyləşib. Xarici ölkə şairləri də tədbirə qatılıb. Səhnədə təşkilatçı və aparıcı, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi, şair Xəyal Rza danışır: “Bu gün Mikayıl Müşfiqin anadan olduğu gündür. Şairlər günü hər il Mikayıl Müşfiqin ad günündə keçirilir.. Biz hər ilin bu gününu xarici ölkələrdən gələn yazar dostlarımızla birlikdə Fəxri Xiyabanda şairlərimizin məzarlarını ziyarət edirik, Şəhidlər xiyabanında şəhidlərimizin ruhuna dualar oxuyuruq, sonra Mikayıl Müşfiqin xatirıəsinə Xəzər dənizinə çiçək dəstələri səpirik. 5-ci ildir ki, Azərbaycanda şairlər günü keçirilir və hər dəfə ədəbi yaradıcılıqda uğur qazananlara “Mikayıl Müşfiq mukafatı” verilir. Bu gün, həm də böyük şairimiz Vaqif Səmədoğlunun anadan olduğu gündür. Bayram bayrama qarışıb. Mikayıl Müşfiqin və Vaqif Səmədoğlunun ad günüləri ilə dalğalanan bu poeziya bayramı həm də görkəmli şairimiz Nurəngiz Günün xatirəsinə həsr olunub”.
Demək, 3 şairin xatirəsi salonu titrədir. Mikayıl Müşfiq, Vaqif Səmədoğlu və Nurəngiz gün...
Səhnədən Nurəngiz Günün böyük şəkli asılıb. Az qala Nurəngiz Gün bu saat şəkilindən düşəcək və gəlib salonda boş yerini axtaracaqdı.
10 il bundan qabaq möhtəşəm bir tədbirdə Nurəngiz Gün şeirini deyib bitirdəkdən sonra əllərini mənə uzadıb elə mikrofondaca dedi:
-Mənim o qırmızı köynəkli oğlana (mənə) deyiləsi bir sözüm var. Amma qulağına xəlvət deyəcəm.
Hamını maraq götürdü. Gəldim yaxına, o boynumu qucaqlayıb bir söz dedi. Zalda nə qədər soruşsalar da, bu sirri keç kimə demədim. Sonralar da soruşurdular, elə bu günün özündə də xahiş edirlər ki, qulağıma deyilən o sirri açım.. Heç kimə demirəm, çünki o siri açmağım mənim üçün çox ağırdı.
Xəyal Rzanın səsi gəlir: “İndi isə gəlin Nurəngiz Gün haqqında qısa bir filmi izləyək”.
Ötən il şairlər günüdə bizimlə salonda əyləşən Nurəngiz xanım indi ekrandadır. Hərəkətlərinə baxıram. Qollar bir yerdə dayanmır. Sanki hecanı arşınlayır, az qala sərbəst şeiri vəznə salsın və ya kədəri ürək məmləkətindən bir dəfəlik qovsun, ümumiyyətlə, Nürəngiz xanım həmişə qollar ilə vuruşur (Əli kərim “Babəkin qolları). Başqa bir məqam: Elə bil Nurəngiz xanım əlləri ilə içindəki duyğuları sığallayıb səhmana salır. Fikirlərin dolaşığını açır. Düyğulardakı alatoranlığı aradan götürür. Şairin qızı, millət vəkili Jalə xanım az qala bu saat salondan durub ekrana-anasının yanına yüyürəcəkdi.
Mən lik dəfə Nurəngiz Günün şəklini görmüşəm. 1977-ci ildə “Ulduz” jurnalında. Hekayəsi nəşr olunmuşdu. O vaxt biz cavanlar yazıdan öncə, şəkilləri oxuyardıq. Gözəl bir şəkil idi. Gözləri adamın ürəyinə işləyirdi. Bir az şəklə diqqətlə baxanda göz, qaş, üz hərəkətə gəlirdi və nədənsə hər dəfə şəkil gülümsünürdü. Sonra mən həmin şəkil olan vərəqi cırıb pəncərəmizdən asdım, o şəklin qarşısında kimya və fizika dərslərimi oxuyardım.
İndi həmin şəkli Nurəngiz Gün haqqında çəkilən filmdə görəndə ruhum səksəndi, Yadıma kənddəki hec kəs yaşamayan köhnə kərpiç evimiz düşdü, xəyalımda o evin pəncərəsi, pəncərə şüşəsinə yapşdırdığım “Ulduz” jurnalının vərəqi canlandı, üstündəki şəkil hərəkətə gəldi. İndi şəkli görənə qədər 35 il vaxt ərzində kənddəki evimizin cizgilərini bu qədər xatırlamamaşdım. Nurəngiz Günün aşağıdakı şeiri də elə bil bizim o ev haqqında yazılıb.
Bu ev eləcə durur...
Bu evin bir qarış boyu, yarım qarış eni var.
elə tənhadır bu ev. Nə gələni, nə gedəni var.
Birdən –birə anlamağa çalışıram ki, doğurdan da, şəkillə evin çox daxili bir oxşarlığı var. Nurangiz Günün şəkli, evimiz və onun ev haqqında şeiri məni diqqətdə saxladı.
Sonra biz təzə evə köçdük. Köhnə evimiz, o pəncərəmiz, pəncərəmizdəki o şəkil olduğu kimi qaldı. Hər dəfə o şəklə baxanda şəklin altdakı hekayədən də bir –iki cümlə oxuyardım.
Xəyal Rzanın yenə səsi gəlir: “Söz verilir görkəmli şair Nurəngiz Günün qızı, millət vəkili Jalə Əliyevaya” . Jalə xanım “çox kövrəlmişəm bu saat ağlayacam” -deyir.
Bu günlərdə Xəyal Rza aybKitab seriyasından Nurəngiz Günün “Qalanlara” adlı şeir kitabını nəşr edib. Kitabı bir nəfəsə oxudum. Yenə Nurəngiz xanımın hər şeiri bir şəkildir. Hər şəkil bir evdir, hər ev bir kənddir . Xaotik, qarışıq, müxtəlif həyat nişanları il dolu şeirlərin tam əksəriyyəti ötən əsrin 80-ci illərində yazılıb. Nurəngiz xanım bütün şeirlərdə ancaq azadlıq istəyir, pəncərə , xəritə, quş, qəfəs, balıq azadlığı istəyir. Baxış azadlığı istəyir. Sevgi azadlığı tələb edir. Bu qədər azadlıq istəyən insan görəsən radionun xəbərlərinə necə sığırmış? Bu səs, təfəkkür radio ciddiliyində necə susurmuş? Onun şeir mətnlərindəki əsəb, bədillik, dirilik radionun çərçivəsini niyə dağıtmırmış? Bəzən belə olur. Nəsə səni sıxanda qəlibə salanda, ütüləyəndə sən qışqırmağa, üsyan etməyə hazırlaşırsan. Radio sərtliyi Nurəngiz Günə bu qədər azad, sərbəst şeirlər yazdırıb.
Bir qəfil diksinmədən
telefonumun dəstəyi
qara, burma saplağından
asılı qaldı havadan.
Nə uzun bir yol gəlmişdi o səs? –
yorğunluğuna acıdım,
Səsinin kişi kədərinə mən
ağladım...
Sonra işlərimə davam etdim;
Qapıları açdım eyvana
sərçələrə dən,
qarışqalara qənd qoydum.
Bir iki kartof soydum,
paltarları sərdim.
... Sevmək həyatmış, həyat bu sayaq.
O bir cür sayır, mən bu cür oyaq...
Kişi səsinin kədərininə ağlamaq , qarşıqalara qənd, sərçələr dən qoymaq azadlığını yaşamaq şair ömrünün şəxsiyyət vəsiqəsidir.
Xəyal Rzanın səsi gəlir. “Söz verilir Akademik İsa Həbibəyliyə, səs itir. Yenə səs: Söz verilir Anara, Fərqanəyə, Narıngülə. Səs itir. Səs, səs, səssizlik, Salon boşdur. Nurangiz Gün səhnədəki şəklindən düşüb getmək istəyir. Amma gedə bilmir salon boşdur. Yadıma Nurəngiz Günün “Qalanlara” kitabından oxuduğum şeir düşür:
Bomboş bir səssizlik,
bomboş...
Boşluqda nə sevgi, nə nifrət, nə səadət, nə hiss. nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!
Nurangiz Gün həmişə şeir oxuyanda elə bil əlləri, qolları ilə irəli gedirdi bir az. Əlləri dənizin ləpələri kimi irəliyə atılırdı. O, bütün şeirlərində yorğundu. Amma bu yorğunluğun içində bir vulkan yaşayırdı.
Deyirlər Təhminənin həyatının bəzi məqamları Nurəngiz Günün həyatı ilə səsləşir. Ikisi də radio diktoru, ikisi də azadlıq sevər, ikisi də gözəl, sevgili və düyğulu insandır. Əlbəttə bu, Nurəngiz şeirinə oxucuların maraq və sevgisindən doğan fərziyyə də ola bilər.
Bir dəfə bu barədə özündən soruşmuşdum. Acığı tutmuşdu.
Elə 10 il bundan qulağıma dediyi söz də Təhminə ilə bağlı idi. Mən televizya verilişlərinin birində ailə sədaqətindən çox danışmışdım. Ailə səadətdi, ailə dövlətdi , nə bilim daha nələr, dəqiq yadımda deyil. Görünür barıtın çox eləmişəm. Sən demə Nurəngiz xanım qulaq asıbmış o verilişə. Nurəngiz xanım məni yanına çağırıb yavaşça qulağıma dedi: “Adam qorxusundan sevdiyini danmaz.”. Mən heç nə deyə bilmədim...