![]() |
![]() ![]() |
1. Tələbəliyimin yaşıdı
“Ulduz” jurnalının builki 8-ci sayı qarşımdadır. Ona baxa-baxa xəyal məni 1967-ci ilin yanvarına apardı. Universitetin jurnalistika şöbəsinin I kursunda oxuyurdum. Nüsrət Kəsəmənli, Malik Fərrux, Möhbəddin Səməd, Böyükxan Bağırlı... tələbə yoldaşlarım idi. Başqa kurs, şöbə və fakültələrdə də indinin tanınmış şair, yazıçı və alimləri təhsil alırdılar: Ramiz Rövşən, Səyavuş Sərxanlı, Eldar Baxış, Seyran Səxavət, Vaqif Arzumanlı, Cəlil Nağıyev, Cahangir Məmmədli...
Söhrab Tahirin rəhbərlik etdiyi ədəbiyyat dərnəyimiz vardı. Öz yazılarımızla yanaşı, M.Şəhriyarın “Heydərbabaya salam”ını, B.Vahabzadənin “Gülüstan”ını müzakirə edib əzbərləyirdik. Və belə bir vaxtda Azərbaycanın ədəbi mətbuatı sırasına, əsasən, gənc yazarlar üçün nəzərdə tutulmuş “Ulduz” adlı yeni bir jurnal daxil oldu. Təşəbbüskarı və hamisi rəhmətlik Şıxəli Qurbanov idi. İlk dörd sayının məsul katibi və qeyri-rəsmi redaktoru o vaxtlar Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsində çalışmış tanınmış nasir, tənqidçi, publisist, tərcüməçi Yasif Nəsirli idi. Mayda redaktor vəzifəsinə Cabir Novruz təyin olundu... Şıxəli Qurbanov nə “Ulduz”un 5-ci sayını, nə də özünün “Sənsiz” pyesinin siftəsini görə bildi – Novruz bayramını rəsmiləşdirdiyinə görə mayın axırlarında, dişindən dara çəkildi”...
2.”Ulduz”un təkamülü
Beşillik tələbəliyimiz “Ulduz”la qol-boyun keçdi. Hər sayını səbirsizliklə gözləyirdik. Maraqlı şeirlər, hekayələr, publisistika nümunələri, tərcümə əsərləri dərc olunurdu. Müəlliflər sırasında yaxından tanıdığımız tələbə dostlarımız da var idi. Ədəbiyyat dərnəyində bəyənilmiş şeirləri, kiçik hekayələri Söhrab müəllim redaksiyaya təqdim edirdi və onlar növbə çatanda jurnalın səhifələrində yer alırdı.
Bir neçə ildən bir redaktorlar dəyişdirilir, “qocalar” estafeti cavanlara verirdilər. Cabir Novruzu Akif Hüseynov (1972), Akif Hüseynovu Əhməd Cəmil (1973), Əhməd Cəmili Yusif Səmədoğlu (1976), Yusif Səmədoğlunu Abbas Abdulla (1986), Abbas Abdullanı Ələkbər Salahzadə (1993) əvəzlədi. Nəhayət, 2004-cü ildə “hakimiyyətə” fakültəmizin yetirməsi, istedadlı jurnalist və yazıçı Elçin Hüseynbəyli gəldi və 10 ildən sonra sükanı müavini Öulu Ağsəsə etibar etdi. Hər redaktor bacardığı yeniliyi gətirdi və beləcə, sevimli jurnalımız 50 yaşın astanasına gəlib çatdı. Qulu bəy poeziyasındakı məzmun dərinliyini, fikir genişliyini, üslub sərbəstliyini jurnala da tətbiq etməklə onun simasını, daxili strukturunu, oxucuya münasibətini təkmilləşdirməyə başladı. Proses hələ də davam edir. İnanıram ki, sevimli jurnalımız öz yarıməsrlik yubileyinə (yanvar 2017) 50 yaşlı bığıburma bir igid kimi gələcək...
3.”Ulduz”: avqust 2015
“Ulduz” jurnalının builki avqust sayı professor Cahangir Məmmədlinin “Bədii sözün “Ulduz” rəngi” sərlövhəli ekspert rəyi ilə açılır. Tanınmış alim iyul sayındakı yazılara obyektiv münasibət bildirməklə yanaşı, yeri gəldikcə nəzəri fikirlər söyləməyi, yaradıcı kollektivə ağsaqqal tövsiyələri verməyi də unutmur.
Jurnalın yerdə qalan həcmi 12 rubrikaya bölünüb: “Özüylə söhbət... və şeirləri”, “Məqam”, “Şeir vaxtı”, “Kiçikdən böyüyə”, “Tərcümə saatı”, “Tənqid”, “Nəsr”, “Qürbət yazıları”, “Təbriz eli”, “Debüt”, “Hücrə”, “Dərgidə kitab”. Mən də saydakı materialları elə bu ardıcıllıqla nəzərdən keçirmək qərarına gəldim.
“Özüylə söhbət... və şeirləri” rubrikasını redaksiyanın maraqlı tapıntısı hesab edirəm. Burada hər dəfə gənc şairlərdən birinin daxili yaşantıları (avtomüsahibəsi) və şeirlərindən nümunələr oxuculara təqdim olunur. Rubrikanın budəfəki qonağı Məshəti Musadır. Onun yaradıcılığı ilə İnternet səhifələrindən tanışam. Bilirəm ki, 4 kitab müəllifi və Prezident təqaüdçüsüdür. İlk oxuduğum əsəri bir neçə cümlədən ibarət “Cehiz” hekayəsidir. Rubrikadakı şeirlərindən belə anladım ki, yaradıcı gənclərin çoxu kimi, o da daxili aləminə qapanmağı, öz içində yalnız özünə məxsus bir dünya yaradıb yaşatmağı xoşlayır və o kəsləri sevir ki, onun daxili aləmini gözlərindən (həm də şeirlərindən) oxuya bilsin:
Mənə “sevirəm” demə,
Xoşlanmıram sevgi etiraflarından.
Sadəcə gözlərimin içinə bax,
Baxışlarımı tutmağa çalış.
Tutsan, əmin ol ki,
bu məhəbbət oyununda udmusan.
Rubrika ilə bağlı xırda bir qeyd: Azərbaycan ədəbi dilinin nə şifahi, nə də yazılı qolunda “özüylə”, “arxasıyla”, “qanadlarıyla” forması yoxdur. Yazıda “özü ilə”, “arxası ilə”, “qanadları ilə”, deyilişdə isə “özünnən”, “arxasınnan”, “qanadlarınnan” olmalıdır.
“Məqam” rubrikasında filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimlinin XX əsrin 20-30-cu illərində yazıb-yaratmış üç ədəbiyyatşünas-tənqidçinin – Əli Nazimin, Mustafa Quliyevin və Hənəfi Zeynallının yaradıcılığına həsr olunmuş “Üç böyük tənqidçi, üç nakam tale” adlı məqaləsi dərc edilib. Müəllif bu istedadlı qələm sahiblərinin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə kölgə salmadan onların yazılarındakı ziddiyyətli məqamlara toxunur və haqlı olaraq qeyd edir ki, “onlar elmi-tənqidi obyektivliyin öz yerini vulqar sosiologizmə güzəştə getdiyi, subyektiv amillərin bədii qiymətləndirmə meyarına çevrildiyi mürəkkəb bir zamanda yaşayıb-yaratmışdılar. Bütün yaradıcılıqları ziddiyyətli ictimai münasibətlər, qızğın mübahisələr, ədəbi çəkişmələr dövrünə təsadüf edən həmin tənqidçilərin elmi-nəzəri təfəkkürü, tənqidi mülahizə və qənaətləri də başdan-başa ziddiyyətlərlə dolu idi. Dövrün siyasi ab-havasının təlqin etdiyi, diktatura rejiminin yaratdığı bu ziddiyyətlərdən kənarda qalmaq isə ən azı zamanın özündən kənarda qalmaq kimi imkansızdı. Buna görə də obyektiv ədəbi-elmi dəyərləndirmə üçün 20-30-cu illər tənqidinin bütün nümayəndələrinin yaradıcılığına həmin mürəkkəb dövrün kontekstində yanaşmaq, onların fikir və mülahizələrini o zamankı ziddiyyətli mühitin fonunda araşdırmaq lazımdır”.
“Şeir vaxtı” rubrikası altında jurnalın müxtəlif səhifələrində Şahinə Könülün, Sona Əlinin, İslam Sadığın, Ramil Mərzilinin, Rəşadın və Emil Tahiroğlunun əsərlərindən örnəklər verilib.
Şahinə Könülün yaradıcılığına bələd olsam da, onun haqqında yeni söz deməyə çətinlik çəkirəm. Buna görə də sözü Şahinənin “Çağırsam, kim görən eşidər məni?” kitabına resenziya yazmış şairə:
Yağışa həsrət bir quraq torpağam,
Sinə cadar-cadar, qəlb şırım-şırım.
Mənə bir ixtiyar verilsin, Allah,
Bütün kainatı şeirə tapşırım -
misralarının müəllifi Fərqanə Mehdiyevaya verirəm: “Neçə vaxtdır bir kitabın təsirindən çıxa bilmirəm. Haqqında söhbət açdığım yenicə çapdan çıxmış «Çağırsam, kim görən eşidər məni?» şeirlər kitabının müəllifi şairlər yurdu Qazaxda yaşayıb-yaradan gənc şairə Şahinə Könüldü. O, gənc olsa da, şeirləri ilə yaşından qabağa adlayıb. Elə bil min il yaşayıb. Yaradıcılığında özünəməxsus orijinallıq var:
Çəkdim bu dünyanın qüssə, qəhrini,
Çəkdim bal şamını, dünya zəhrini.
Nə daddım doyunca ata mehrini,
Nə anam oxşadı bir ana kimi
- deyən şairə elə bil layla çalır, ağı deyir anasız, atasız dünyasına. O, ata yurdunda tək-tənha ata evini qoruyur. Deyir: «Evimizi yetim qoymağa ürəyim gəlmir».
“Od-ocaq, yurd duyğusu olmaqsa hər kəsə nəsib olmur. Ata-anasını vaxtsız itirib, kişi qızı kimi ömür sürən “Qoymayın ocağı qəribsəməyə” şeirini yazmaqla işini bitmiş bilmir bu qız”. Bu fikirlər müəllifə xeyir-dua vermiş dəyərli şairimiz Barat Vüsala məxsusdur. Kitabda istedadlı qələm sahibləri Rəfail İncəyurdla Məmməd Dəmirçioğlu da Şahinəyə uğurlar diləyirlər.
Hörmətli filoloq-alim Rüstəm Kamal da Şahinəyə uğurlar diləyib: “Hər şair ömür təcrübəsinin övladıdır. Şahinə Könülün yazdıqlarının hamısında taleyin fəlsəfəsi var. Qadın şair taleyi, dünyanı sözə, qafiyəyə çevirəndə onun üçün ikiqat ağrı olur. Şahinə buna necə dözür, bilmirəm”...
Şahinənin (O, “Şahinə xanım” ifadəsini xoşlamır) rubrıkadakı gəraylıları da eyni ruhda köklənib.
Sona Əlinin “Lal dilində şeir varmı?”, “Şşş... yatan var”, “Bir gecəlik qaranlığı...”, “Mərmər səkiyə düşdü əksim” misraları ilə başlanan kiçik həcmli şeirləri insanı düşündürür, poetik sualları, qeyri-adi deyim tərzi ilə diqqəti çəkir:
Lal dilində şeir varmı?
Lal dilində mahnı necə oxunur?
Xışıldaşırmı xəzan kimi –
Lal dilində də tapdanırmı sözlər –
(Xar-xar qar kimi).
Boğaza düzülürmü kəlmələr?
Lallar da sözlərindən asıla bilirlərmi?
Varmı peşman olub geri götürmək şansı?
Pıçıltı varmı, pıçıltı –
Bir də sükut arzusu?
İslam Sadığın “Adamın saxtası”, “Deyə bilmərəm”, “Üzün məndən niyə döndü” şeirləri çoxdan püxtələşmiş bir söz adamının qələm məhsuludur.
“Ulduz”un keçmiş saylarının birində Ramil Mərzilinin bir neçə şeirini (“Qarabağdan dünyaya”, “Yuxuma gəl”, “Yağış”...) oxumuşdum və xoşuma gəlmişdi. Sonra onun adını Prezident təqaüdü alanlar sırasında görüb sevindim. Bu münasibətlə verdiyi bir müsahibədə o, həmin mükafatı təvazökarcasına “öz zəif qələminə verilən böyük dəyər” kimi qiymətləndirmişdi. Mən deməzdim ki, Ramilin qələmi zəifdir. Eksperti olduğum sayda da onun üç şeiri dərc edilib: “Ana”, “Sənə bənzəyən ağrılar” və “Uşaqlığım”. Mövzu seçimi də, poetik düşüncə tərzi də yerindədir, lakin Ramil sözlərin yerli-yerində işlənməsinə və şeir texnikasına daha çox diqqət yetirsə, pis olmaz. “Geri qaldı sənə bənzəyən ağrılar, / O ağrının bətnindəki səhvlər, doğrular”; “Mən nə deyim bu yuxumu yozanına, / İçimdəki bu dünyanın mizanını pozanına” kimi misralar, “bir çimdik sevinc” kimi ifadələr şeirə ağırlıq gətirir. “Sənə bənzəyən ağrılar” şeirinin hansı vəzndə və üslubda yazıldığını da müəyyənləşdirmək çətindir. Burada 4 hecadan tutmuş 16 hecayadək olan müxtəlif ölçülü misralara rast gəlinir. Qafiyələnmə sistemində də pərakəndəlik var. Bu xırda iradlara görə Ramil, yəqin ki, məndən inciməz.
Rəşadın və Emil Tahiroğlunun “Şeir vaxtı” rubrikasında getmiş şeirləri, əminəm ki, həm məzmun, həm də forma yetkinliyi ilə oxucuların könlünü oxşayacaq.
“Kiçikdən böyüyə” rubrikasında Masazır qəsəbəsindəki 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Tahirə Quliyevanın “Şirniyyatçı” adlı nağıl-hekayəsi yer alıb. Müstəqil düşüncə tərzi, aydın yazı üslubu ümid etməyə imkan verir deyim ki, Tahirə balamız gələcəkdə yaxşı bir filoloq, yaxud jurnalist olacaq.
XX əsr ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndəsi Mixail Nuaymə əslən livanlı olsa da, 99 illik ömrünün çox hissəsini başqa ölkələrdə, o cümlədən ABŞ-da, Fransada, Rusiyada, Ukraynada keçirib, F. Dostoyevskinin, L. Tolstoyun, M. Qorkinin əsərlərindən bəhrələnərək Şərq və Qərb ədəbi məktəblərinin sintezini yaradıb. Maraqlıdır ki, M. Nuaymənin peşəkar araşdırıcılarından biri də tanınmış şərqşünas alimimiz, professor Aida xanım İmanquliyevadır. İndi bu yolu gənc olmasına baxmayaraq, yetərincə tanınmış ərəbşünas alim, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidov adına uyğun olaraq məharətlə davam etdirir. Mahir müəllim təkcə araşdırıcı kimi deyil, həm də istedadlı tərcüməçi kimi daha səmərəli fəaliyyət göstərir. M. Nuaymənin “Kirpiklərin pıçıltısı” adlı şeirlər kitabı onun tərcüməsində 2014-cü ildə işıq üzü görmüşdür. Məşhur ərəb şairinin “Ulduz” dərgisinin avqust sayında (“Tərcümə saatı” rubrikası) dərc olunmuş 5 şeirinin tərcüməsi də Mahir Həmidovun püxtələşmiş qələminin məhsuludur. Orijinalla tanış olmadığıma görə həmin şeirlərin formasının nə dərəcədə saxlanılıb-saxlanılmadığını deyə bilmərəm, lakin məzmunun maksimum adekvatlığı şübhə doğurmur.
Müasir Azərbaycanımızın ən səviyyəli tənqidçisi, filologioya üzrə elmlər doktoru Vaqif Yusiflinin 80 yaşlı Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş məqaləsi gənc tənqidçilər üçün sözün əsl mənasında örnək ola bilər. Bircə misal. V.Yusifli yazır: “Mən Fikrət Qocanın... yaradıcılığı haqqında iki kitab yazmışam. Onun ilk şeirindən... tutmuş... son şeirlərinə qədər oxumadığım şeiri, poeması, nəsr əsəri, publisistik məqalələri olmayıb. Ancaq bu yazıda Fikrət Qoca haqqında yazdığım kitablardan və o kitablara daxil edilməyən məqalələrdən bircə sətir də yoxdur. Sadə bir səbəbi var: Fikrət Qoca elə şairlərdəndir ki, hər dəfə onun yaradıcılığına müraciət edəndə qarşında təzə bir şair görürsən...”. Yox, bunun başqa bir səbəbi də var: Vaqif Yusifli elə tənqidçilərdəndir ki, hər dəfə bir ədibin yaradıcılığına müraciət edəndə qarşısında yeni bir sənətkar görür və nə vaxtsa yazmış olduğunu təkrarlamağa ehtiyac qalmır.
Camal Zeynaloğlunun “Nəsr” rubrikasında verilmiş “Snayperçi qız” adlı sənədli hekayəsini birnəfəsə oxudum. Rəhilə ilə Azadın qarşılıqlı məhəbbəti və vətən sevgisi, hər ikisinin həm bu məhəbbət, həm də sevgi uğrunda Tərtər cəbhəsində canlarını fəda etdiklərini təsvir edən səhnələr gözümü yaşartdı. Hekayənin dili sadə və təsirlidir. Bununla belə, müəllifə gələcəkdə nəzərə alması üçün xırda bir iradımı da bildirmək istəyirəm: dilimizdə “snayperçi” sözü yoxdur, “snayper” sözü var, “sərrast atıcı” deməkdir.
Ramilə Qurbanlının “Simli yaylıq”, Vahid Məhərrəmovun “İydə çiçəyi”, Bahar Bərdəlinin “Mavi, mavi, masmavi...” hekayələri də maraqla oxunur. Mövzuları, yazı tərzləri müxtəlif olsa da, hər üç əsərin süjeti, fabulası bir problem – insan taleyi üzərində qurulub.
“Simli yaylıq”da gənc bir qızın arzusunda olduğu aztapılan baş örtüyünü dəfələrlə əldə edib itirməsi və ona yalnız ailə həyatı qurduqdan sonra qovuşması təsvir olunur: “...İllər keçdi. Bir gün mən gəlin köçürdüm. Baldızım rəhmətə getmiş anasının gələcək gəlini üçün bir vaxtlar sandığına yığıb saxladığı əziz-xələf nə vardısa, hamısını mənə verdi... Bağlamanın lap üstündə al-qızılı, həmin matah simli yaylıqdan vardı. Mən simli yaylığın həsrətini çəkdiyim, qovuşa bilmədiyim uşaqlıq illərimdə hardasa bir ana, gəlini olacaq qıza – mənə o yaylığı əzizləyib saxlayırmış”.
“İydə çiçəyi”ndə cavan bir oğlanın yaşca özündən böyük, iki uşağı olan ailəli bir qadına vurulması, bir müddət onunla gizli görüşməsi və sonda həmin xanıma bənzəyən bir qızla evlənməsi təsvir olunur. Əlbəttə, bəzilərinə bu, əxlaqsızlığın, məişət pozğunluğunun təbliği kimi görünə bilər, lakin yazıçı (Vahid Məhərrəmov) bunu o qədər təbii təsvir edir ki, Ələkbərlə Çiçək arasındakı məhəbbətin saflığına, səmimiliyinə heç bir şübhə yeri qalmır.
“Mavi, mavi, masmavi...” hekayəsində yoxsul həyat tərzi keçirən, ac qalmamaq üçün işə piyada gedib-gələn professor Ağadadaş Balayevlə villaları, xarici maşını, qulluqçuları olan makler (dəllal) Həmidin vəziyyəti müqayisə olunur, sosial ədalətsizliyə üstüörtülü şəkildə etiraz edilir.
“Qürbət yazıları” rubrikasında Londonda yaşayan Rauf Qaraişığın 8 şeiri dərc olunub. “Təbriz eli” rubrikasında isə oxucular Güney Azərbaycan mətbuatının və ədəbiyyatının peşəkar tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Pərvanə xanım Məmmədlinin təqdimatında Murtuza Məcidfərin, İlqar Müəzzinzadənin, Zöhrə Vəfai Səttarinin kiçik həcmli nəsr əsərləri ilə tanış olmuşlar.
“Debüt” rubrikasında Vüsal Oğuzun 4 qöşması və 2 gəraylısı ilə tanış oldum. El ədəbiyyatı ruhunda yazılmış bu şeirlər şair duyğularının təcəssümü kimi saf məhəbbətə və ana təbiətə xoş münasibət aşılayır. “Gəlmisən” qoşmasındakı “Sevgi meydanıdır divanələrə, / Həyat bağışlamaz biganələri” beytinin, “Görünür” gəraylısında isə birinci bəndin cilalanmasına ehtiyac var (“Mərdin də yeri var” misrası “Bir mərdin yeri var” kimi verilsə, daha yaxşıdır.
Gənclərin nümunə götürə biləcəyi materiallardan biri də şair Qəşəm Nəcəfzadənin 10 yaşlı Alsunun aydan arı, sudan duru düşüncə dünyasına səyahətidir: «“Quş yuxusu” (Alsunun kitabının adıdır – N.Ə.) adi, elə belə məsələ deyil, türk təfəkküründə böyük bir universitetdir. Bu yuxunun içində nağıllar, əsatirlər var. Elə sirlər var ki, hələ öyrənilməyib. Məhz Alsu öz kitabında uşaq düşüncələri ilə bizə məlum olmayan bəzi idrak proseslərinin üstünü açır. Nə gözəl!».
Doğrudan gözəldir!
“Ulduz”un avqust sayı ənənəvi “Dərgidə kitab” rubrikası ilə bitir. Bu, Sahilə İbrahimovanın “Seçim” kitabıdır.
4.Gələcəyin “Ulduz”u
Təkliflərim:
- jurnalın titul vərəqində Şıxəli Qurbanovun adı xatırladılmalı, nömrələrin cari və ümumi sayı göstərilməlidir;
- Yazıçılar Birliyinin, Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, Mətbuat Şurasının və başqa müvafiq təşkilatların birgə səyi ilə jurnalın reklamı genişləndirilməli, tirajı və həcmi artırılmalıdır;
- bölgələrdə yaşayıb-yaradan şairlərə, nasirlərə, publisistlərə daha geniş yer verilməlidir;
- xüsusi rubrikada jurnalın keçmiş redaktorları barədə xatirə-oçerklər dərc edilməlidir və s.
“Ulduz”u gələcəyin ən populyar dərgisinə çevirək. Hamımız birlikdə!
Redaksiyadan: Hörmətli müəllimimiz Nəsir Əhmədlinin, eləcə də “Ulduz”un zəngin tarixiylə maraqlanan digər oxucuların, tədqiqatçıların nəzərinə bir qeydi çatdırmaq istərdik. 2006-2007-ci il (2006/6 - Yasif Nəsirli, 2006/8 - Cabir Novruz, 2006/10 - Akif Hüseynov, 2006/12 - Əhməd Cəmil, 2007/1 - Yusif Səmədoğlu, 2007/2 - Abbas Abdulla, 2007/3 - Ələkbər Salahzadə) saylarımızda “”Ulduz”un sabiq baş redaktorları” adlı rubrikada müxtəlif illərdə jurnalımıza rəhbərlik etmiş ziyalıların yaradıcılığını, jurnalla bağlı həyata keçirdiyi ideyaları təblığ edən, xüsusi hörmət hissi ilə anan silsilə yazılar təqdim etmişik. Bu yazıların da müəllifi jurnalıstika fakültəsinin yetirməsidir (əməkdaşımız Hicran Hüseynova).