Yaşıl gözləri yaşıl kirpiklərinin arasından dupduru uşaq gözü kimi boylanıb ağarmış saç-saqqalını işıqlandırdı. Əlini yerə dayayıb namazdan qalxdı, pəncərədən boylanan günəşi salamladı, dibçəkdəki gülləri suladı, çörək qabındakı qır-qırıntıları ovcuna yığıb eyvanda dən axtaran sərçələrə səpdi. Titrək addımlarla otağa qayıdıb radionu yandırdı. Bülbülün ifasında “Sənsiz” dalğa-dalğa ətrafa yayıldı. Köhnə kreslosuna yayxanıb gözlərini yumdu. Ömür-gün yoldaşı Sara yaşıl libasda gözlərinin qabağında peyda oldu. “Bu paltar sənə çox yaraşır...” Qoca özü də hiss etmədən titrək səslə pıçıldadı. Sara gülümsədi, gözləri, kiprikləri, saçları yarpaq-yarpaq oldu. Qoca bir ömür dünyanın ən gözəl qadınını – yaşıl qadınını belə sevmişdi. İllər sonra, ömrünün ahıl çağında möcüzə baş verdi, onun da ruhu titrədi, kirpikləri yarpaqladı. Əvvəl qorxdu, ömür yoldaşı ərinin təptəzə yarpaqlarını oxşayıb onu inandırdı ki, hər kəsin içində yaşıl bir ağac var. Kimsə bu ağacın kökünü yandırmasa, baltalamasa, sındırmasa, günlərin birində mütləq zoğ atıb yarpaqlayacaq, yaşıllaşacaq. Qoca ömrünün naxışına inandı, yarpaqlarının qeydinə qaldı. Sara ömrünün son anlarında yaşıl yarpaqlarından birini qoparıb ərinin ovcuna qoydu, heç ruhu da incimədən dünyanın o üzünə keçdi... Qoca yaşıl yarpağın başına dolandı, sığalladı, qayğısına qaldı. Bir gün sübh çağı bədəni başdan-başa yarpaqladı, yaşıllaşdı, özü boyda yaşıl ağaca çevrildi. ...Adamlar ondan uzaqlaşdı, kimi bədbəxt bilib halına acıdı, kimi sağalmaz xəstəliyə düçar olduğundan danışıb qulağını çəkdi. Yarpaq adam içində zərrə boyda işığı olmayan adamlara heç nə demədi, vaxtını büsbütün ibadətdə keçirdi. Musiqi bitdi, Sara gülümsəyib yarpaqların arasında gözdən itdi. Qoca da gülümsədi, yarpaqlarını sulamaq üçün namaz otağına keçdi...