![]() |
![]() ![]() |
Aydın müəllimin son aylarında keçirdiyi və çəkdiyi ağrıları danışdığı adamlardan biri də mən olmuşam. Onun dilindən eşitdiyim səmimi və böyük həqiqətlər hələ də məndən ötrü dipdiridi. Bu uzaqgörən, siyasətdə və iqtisadiyyatda, ölkənin və respublikanın vəziyyətiylə bağlı verdiyi proqnozların dəfələrlə düz çıxdığını görüb heyrətləndiyim adamın birdən çaşıb bu siyahıya öz ölüm duyğusunu da qatması indi-indi mənə çatdıqca bir vaxt zarafata salıb üstündən keçdiyim, indi yadıma düşdükcə içərimi göynədən sözləri dipdiri məxluq kimi görürəm.
Tərcümə Mərkəzi yaranandan dəfələrlə mənə iş təklif etmişdi və həmişə də bu təklifin mənim üçün nə qədər dəyərli olduğunu anlasam da, etiraz edirdim. Axırıncı dəfə ötən ilin avqustunda yenə bu söhbətə qayıdanda, etiraza heç bir yer qalmamışdı.
Təskinliyim odu ki, birgə işlədiyim bir neçə ay müddətində bizim onu tez-tez incitdiyimiz, durduğu, dayandığı yerdən, məşğul olduğu işlərdən çox-çox aşağı şeylərlə başını qatdığımız, vaxtını aldığımız günlərdə, həmişə, hər dəqiqə Aydın Məmmədovun böyüklüyünü hiss etmişəm. Onunla işləmək adamdan böyük daxili mədəniyyət, qanacaq və ağıl tələb edirdi. Tərcümə Mərkəzində heç vaxt Aydın müəllimin sədrliyi hiss olunmazdı, xırda idarə işlərinə o qədər də fikir verməzdi. Amma mən bir neçə ay müddətində müxtəlif təşkilatlarla əlaqələrdə həmişə onun adının Mərkəzə necə dayaq olduğunu hiss etmişəm. İşçilərinin orta yaşı otuzdan da aşağı olan Mərkəzə Aydın müəllim istedadlı cavanları seçib yığmışdı. Etimad göstərirdi, müstəqilliyə, sərbəst düşünməyə və işləməyə yönəldirdi.
Otağının qapısı heç vaxt bağlı olmazdı. Mərkəzin ən səsli-küylü yeri də buraydı.– Aydın müəllim, sən Allah, bu qapını ört.
–Darıxıram, tək qalanda darıxıram. Neynəyim ki, xasiyyətimi dəyişə bilmirəm. Buradakıların çoxu mənim dostumdu, yoldaşımdı... Mən onları heç nəyə dəyişmərəm.
Təxminən dörd ay çəkən seçki kampaniyasında Aydın müəllimnən birgə olmuşam. Seçkilər zamanı onun keçirdiyi sarsıntılarının, çəkdiyi ağrılarının şahidiyəm. Camaatın seçkiqabağı görüşlərə və seçkilərə az gəlməyindən, üzə vurmasa da, hiss edirdim ki, narahatdı. Əgər hamının tanıdığı, sevdiyi Aydın Məmmədova bu cür “etimad” göstərilirdisə, o biri “namizədlərin” vəziyyətini təsəvvür edirəm. Görünür, sessiyadakı çıxışlarında, “necə seçildiyimizi axşamlar özümüzə hesabat verək” deməyi də o seçkilərdə Aydın müəllimin keçirdiyi əzab və ağrılardan gəlirdi. O əzabın yolu mənə tanış idi. Seçkiqabağı görüşlərdə arabir ona qarşı deyilən haqsız sözlərə dözməyəndə bayaqdan təmkinlə dinlədiyi adamlara öz həqiqətlərini elə səmimiyyətlə və ağrıyla deyirdi ki, hətta o haqsızlığı deyən kəs də tab gətirmirdi. Neçə belə hadisənin sonu həmin adamların üzrxahlığıyla nəticələnmişdi.
Təskinlik tapdığım bir də odu ki, seçkiqabağı günlərdə, populyar siyasətçinin onun rəqibinə səs verməyə çağıran məktubuna əsəbiləşdiyi vaxtlarda da onu tək qoymamışam.
Deputat seçiləndən sonra Qarabağa getdik. Ağdamda, Ağcabədidə olduq. Bərk yorulmuşdu. Cabirlə çalışırdıq, əlimizdən gələni edirdik ki, onu bu haldan qurtaraq. Amma bizim bütün cəhdlərimiz onun canına hopmuş uzun illərin yorğunluğunu çıxara bilmirdi. Əslində, özü də dinclik həsrətindəydi. Amma görünür, dinclik onun üçün nəsə əlçatmaz bir şey idi.
Təbiətin gözəlliklərinə aludə deyildi, heyrətlənmirdi. Amma deyirdi ki, təbiətin ən çox sevdiyim vaxtı otların təzə-təzə göyərdiyi, ağacların tumurcuqladığı çağlardı. Elə istəyirəm, yazqabağı gedəm, kürəyimi söykəyəm tumurcuqlamış ağaca və dincələm. Mənim yorğunluğum ancaq o cür çıxar – deyirdi. Neçə dəfə bu barədə söhbətimiz olmuşdu və çalışırdım onun arzusunu ürəyində qoymayam. Otların təzəcə göyərdiyi, ağacların təzəcə tumurcuqladığı vaxtı, yəni aprelin axırlarını gözləyirdim.
Rayonlara səfəri çox sevirdi. Dəfələrlə kefi yaxşı olanda günün hər hansı bir vaxtında “çıxaq gedək” deyirdi. Gedirdik rayona, amma orda da dura bilmirdi. “Mənimki yoldu” – deyirdi. “Ən gözəli yolda olmaqdı, yol getməkdi”. İndi dəfələrlə dilindən eşitdiyim bu sözləri yolda faciəli ölümündən sonra yadıma salanda tüküm ürpəşir.
Şuşada vertolyot qəzasından sonra bazar günü, aprelin 7-si görüşdük, oturub dərdləşdik. İşdən, Mərkəzdən hal-əhval tutdu. Vertolyot qəzasına işarə edib:
– Heç pis oldular, sən Allah? – soruşdu.
Cəmi iki həftə sonra, o dəhşətli xəbərdən Tərcümə Mərkəzində bir-birinə dəyən işçilərin, hönkür-hönkür ağlayan qızların, kişilərin sifətlərinə baxa-baxa, gözümün yaşını boğa bilməyib üzümü divara çevirəndə o söz yadıma düşdü.
– Çox pis oldular, Aydın müəllim! – dedim.
O zamansa “Allaha şükür, salamatçılıqdı” təskinliyilə bir-birimizi ovutmağımızdan, onu sevən adamlardan danışıb, “vallah, səni çox istəyirlər” demişdim.
Onu, doğrudan da, çox istəyirdilər. Küçədə, bazarda, rayonda, şəhərdə onun başına yığışan camaatın “axırımız necə olacaq!” suallarına bu “Allahı sevən”, yaxşı adam təmkinlə, müdrikliklə cavab verirdi.
Mənim sözüm hələ qabaqdadır, – deyirdi. O nə sözüydü görən? Dəfələrlə ağrıyla danışdığı, mənim tablaya bilmədiyim acı həqiqətlərdənmi, yoxsa, insani münasibətlərdən, səmimiyyətin yoxa çıxmasındanmı? Jurnalist dostlarımıza dəfələrlə deyirdi: “məndən həmişə tənqidçi kimi, ədəbiyyatşünas kimi, siyasi xadim kimi müsahibə götürmüsünüz. Bir insan kimi, ata kimi ailədən, evdən-eşikdən danışmaq istəyirəm”. Bunu Aqilə də demişdi. Mehmana da, lap sonda Mətiyə də. Və hər dəfə də o yazılmamış müsahibədən danışırdı. Hər dəfə də onun söhbətləri həmin müsahibəni sonraya saxlayırdı. Görünür, bir insan kimi son müsahibəsini vermək qisməti deyilmiş.
Dünyada hər şeydən çox üç balasını sevirdi. “Öz balalarına rəva bilmədiyini başqalarına rəva bilmə” söyləyirdi.
Həmin o yeddi apreldə çox şeylərdən danışdıq. Bayılda, gecəqondu evdə yaşayırdı. Tikdirmək, genişləndirmək istəyirdi. Deyirdim, Aydın müəllim, sənin bu hökumətdən ev almağa haqqın yoxdumu?
– Rəşad, mən deyə bilmərəm ki, mənə ev verin. Desəm, danışa bilmərəm. Bir də ki, ölərəm, yəqin yasıma gələcəklər, evimi görəcəklər, onda görərlər necə yaşamışam, yadlarına düşər. Barı balalarımçün fikirləşərlər.
Bunu da aprelin 7-sində demişdi. Təxminən elə beləcə demişdi. 15-20 gün sonra, onun faciəli ölümündən bir neçə gün keçmiş gəlib şəhərin müxtəlif yerlərində Aydın müəllimin ailəsinə ev təklif eləyirdilər. Və mənim yadıma onun sözləri düşürdü.
Həmin yeddi aprel günü demək olar ki, bir yerdə olduq. Dəniz qırağına gəldik. Çox adamlarla görüşdü. Ağsaqqal Abdulla İbrahimov onu qucaqlayıb kövrək səslə: “Çox şükür, salamatsan” dedi.
Hamı “çox şükür, salamatsan” deyirdi və hamı da deyirdi, gözəlləşmisən (O doğrudan da gözəlləşmişdi). Və Aydın müəllim də neçə dəfə həmin o vertolyot qəzasının necə baş verdiyini hər soruşana danışırdı.
Deyirdi, vertolyotdan atılandan sonra bunu (cibindəki balaca, yaşıl cildli Quranı göstərirdi) cibimdən çıxardım və hamı bir-bir gəlib öpdü. Bizi Allah saxladı və nə yaşayırıqsa, qənimətdi – deyirdi.
Aprelin 18-i Bakıdan çıxanda həmin kostyumu, paltonu geyinməmişdi. Və mən indiyəcən də bilmirəm ayın 20-də o yaşıl cildli Quran Aydın müəllimin cibində olub, yoxsa yox.
Sonrakı günlərdə hiss edirdim ki, hələ o vertolyot qəzasının təsirindən tam ayrılmayıb.
Aydın müəllimin son saatlarının, son dəqiqələrinin şahidi olan dostum Arif Hacıyev bu günlərdə gəlmişdi. Və Aydın müəllimin sonuncu gecə gördüyü yuxusundan, sonuncu saatlarında elədiyi söhbətlərdən danışırdı. Həmin sözlərdən də ölümqabağı hisslərin ovqatı duyulurdu. Arif deyirdi ki, həmin gün danışmağa həvəsi yoxuydu.
Aprelin 20-də, dəfn günü qədim Kiş kəndinin başının üstündə gəzən tənha bulud da ağlayırmış. Onu torpağa qoyanda kəndin başının üstünü alan və dəfnə toplaşanların hamısını heyrətləndirən göyqurşağının çıxmağı da bəlkə Tanrı salamıydı.
Bu gün Aydınsızlığın qırxıncı günüdü. Şəkidə, qədim Kiş kəndində, artıq boy atan yaşıl otların, yarpaqlayan ağacların arasında, Aydının məzarı başındayıq. Və mən soruşmaq istəyirəm:
– Yorğunluğun çıxdımı, AYDIN müəllim?
1991
525.az
Amma mən heyvanları, xüsüsilə də iti evdə saxlamağın əleyhinəyəm. Ağlım kəsəndən iti həyətdə görmüşəm. Gündüzlər bağlayardılar ki, ziyanlıq etməsin, amma gecələr açardılar.
Hər Bakıya gəldiyimdə ilk görmək istədiyim insan – bibimdir. Qəribənizə gəlməsin, çünki bibi dediyim qadın – mənim Anamdır! Hər kəs öz anasına “Ana” deyə müraciət edir, mənsə “bibi” deyirəm. Nədən? Çünki, ömrümün 25 ilini bu fədakar, qayğıkeş, cəfakeş insanın mənim bibim olduğunu düşünmüşəm. “Dünyada heç kəsin bibisi onu belə çox sevə bilməz”,- demiş və körpəliyimdən içimdə ona qarşı izahı mümkün olmayan sonsuz, incə duyğular bəsləmişəm. 25 yaşımda isə, məni böyüdən və “ana” dediyim insanın - bibim, “bibi” dediyim qadınınsa məni dünyaya gətirən anam olduğunu öyrənmişəm.
Bu xəbəri necə qarşıladığımı soruşan olsa, filmlərdə baxdığımız və romanlarda oxuduğumuz əhvalatlarla heç bir oxşarlığı olmadığını deməliyəm. Yəqin ki, mənə məlum əsərlərin yazarları belə bir halı yaşamayan insanlar olduqları üçün, romantik və duyğulu epizodlar qələmə alaraq qəlbləri riqqətə gətirməyə çalışmışlar. Əslində isə, bu - bir neçə anda bir həyatın başqa bir həyatla əvəz olunması, hisslərin uçurum başında dayanması, sonradan isə qalan ömrün “bəlkə”lər və “nədən”lər içərisində yaşanması deməkdir. Filmlərdə, adətən, bunu öyrənən övladlar inciyib küsür, təkliyə qapılır..., onu başa salmağa və könlünü almağa çalışırlar. Həyatda isə tamam başqa səhnələr yaşanılır.
Azərbaycanın baş geoloqu, alim, mühəndis Arif Şərif bəy oğlu Şixlinsikinin ailəsində dünyaya gələn beşinci övlad mən olmuşam. Övladı olmayan bibimin himayəsinə verilərək böyümüş, ali təhsil almış, ailə qurmuş və yalnız iki övlad anası olduğum zaman əsil ata-anamın kim olduğunu öyrənmişəm. 40 illik müəllimlik təcrübəsi olan (Azərbaycan dili və ədəbiyyatı) olan ana dediyim müdrik insan – rəhmətlik Afitab xanım Şıxlinskaya - mənə həyatda çox şey vermişdir. Ədəbiyyata vurğunluğum və şeirə olan ölməz sevgim, irsiyyətdən əlavə, bəlkə də onun tərbiyəsinin məhsuludur. Lakin, hər necə olur-olsun, insan öz doğma anasının kimliyini öyrənərkən, hələ bu ananın onun ta körpəliyindən bəri bütün çətin anlarında yanında olduğunu, hər zaman, hər an öz varlığı ilə ona dayaq olduğunu xatırlayarkən, onu nədən bu qədər dərin, həsrətli məhəbbətlə sevməsinin səbəbini anlayarkən, istər-istəməz dərindən ANAM deyib boynuna sarılmaq istəyini boğa bilmir... amma boğmağa məcbur olur. Və bu məcburiyyət insanın ruhunu anbaan, günbəgün sarsıdır, kimsənin anlaya bilməyəcəyi hüzünlərə səbəb olur.
Atamı – doğma atamı, həqiqətləri bildiyimdən 2-3 il sonra itirdim. Onu doyunca əzizləmək mənə nəsib olmadı. Və bu bir neçə il ərzində də gözlərini gözümə baxdırmadı atam. Səbəbini heç zaman bilməyəcəm... Amma anam ki, sagdır. Onu ki, əzizləyə bilərəm?!
Beləcə, hər Bakıya gəldiyimdə, körpəliyimdən bəri məndən və ondan asılı olmayan səbəblər üzündən, səsinə, özünə, nəfəsinə həsrət qaldığım, indi isə qürbət həyatı ucbatından ildə yalnız bir-iki dəfə görə bildiyim anamı görməyə can atıram. Amma mən onun görüşünə getmək əvəzinə, qapını açıb içəri girdiyimdən cəmi bir neçə dəqiqə sonra, o mənim görüşümə gəlmiş olur. ...Və hər dəfə qapının zəngi çalınanda, ürəyimdə “sənə qurban olum, ana” desəm də, qapını açdığımda, illər vərdişi ilə “bibi” deyib boynuna sarılıram.
Bir neçə gün ürək sözlərimiz bitib-tükənmir. Hətta gecələri belə danışmaqdan, bir-birimizin söhbətini dinləməkdən doymuruq. Anamın nəfəsini, səsini, kövrək əllərilə saçlarıma çəkdiyi sığalı, bişirib qarşıma qoyduğu yeməyin ləzzətini dünyanın bütün var-dövlətinə dəyişmərəm. Bu elə bir sərvətdir ki, onun yerini verəcək heç nə ola bilməz.
Sevimli şairimiz Məmməd İsmayıl tez-tez mənə mərhum anasından danışır, kövrəlir, gözləri dolurdu... Bir-birinin ardınca anası Gülzar xanıma həsr etdiyi şeirlərdən söyləyir... lakin yenə də ürəyi boşalmırdı. Əksinə, ana yoxluğunun yerinin sızım-sızım sızladığının hiss edirdim... Belə anlarda anamı görmək ehtiyacı duyurdum. Onun, uzaqda olsa da, dünyada olması mənə güc verirdi, Allaha min şükür edirdim.
Anam – Mirvari xanım Şıxlinskaya - bütün ömrünü balalarına, həyat yoldaşına və evinin sonsuz sayda qonaq-qarasına həsr edib. “Bibingilə gedirik” deyəndə, sevincimin həddi-hüdudu olmurdu. Bibi sözünün arxasında - məni hər kəsdən daha artıq sevən, dadlı-duzlu yeməkləri bir siniyə düzüb mən yeməyincə arxamca gəzən, sahil parkında ürəyim istədiyi bütün yelləncəklərə mindirən, ağrıyanda, xəstələnəndə yatağımın yanından çəkilməyən, bütün günü yorulub əldən düşməsinə rəğmən, yenə də maraqlı nağıllar və əhvalatlar danışıb bizi əyləndirməyə özündə güc tapa bilən bir insan dururdu. Və bu insanı görmək mənimçün ən böyük sevinc idi. Bibi uşaqları bildiyim, canımdan artıq sevdiyim bacı-qardaşlarımdan, bu get-gəlli, qonaq-qaralı, hay-küylü evdən və ən əsası da müdrik nənəm Məsumə xanımdan ayrılıb yalnız kitablarımla baş-başa qaldığım evə getmək hər zaman ağrılı olurdu. Bəzən, “niyə bizim evdə də nənə yoxdur, niyə mənim bacım, qardaşım yoxdur” deyə ağladığım da olurdu. Sonra isə, bacılı-qardaşlı həyatları əsk etdirən macəra dolu, canlı həyatlar yaşanan kitablara sarılar, gecəni sübhə kimi gözlərim qapanınca oxuyardım.
Bəlkə də bu sətirləri oxuyunca anam kövrələcək, ağlayacaq. Ona heç zaman demədiyim və bundan sonra da sözlə deməyəcəyim bu hisslərim onun qəlbinin başına od salacaq. Amma, mən tək böyüməyimin ağrı-acılarının səbəbini anamda görmürəm. O öz həyat yoldaşının bacısına övlad bağışlayaraq bir ailənin dağılmasının qarşısını almışdı. Anam böyük ürək sahibi olduğu üçün bu fədakarlığı etmişdi. Heç zaman heyifsiləndiyini söyləməsə də, mən onun içindən nələr keçdiyini anlamamış deyiləm. Bircə dəfə, yaxın günlərdə, mənə “sən bizə gəlib gedəndən sonra ətrin burnumdan getmirdi” demişdi, sonra isə söhbəti dəyişmişdi anam.
Ana, ay ana! Sən məndən daha xöşbəxt olmusan! Sən mənim ətrimin necə olduğunu bilmisən, mən isə bacı-qardaş ətrinin necə olduğunu heç zaman bilməmişəm. Gəlinciklərimə ad qöyub, onlara bacı deyib yatağımda yatırtmışam. Qardaşlar bacılarını qoruyarkən, hətəydə, məktəbdə müdafiə edərkən, axşamlar institutun qarşısında qarşılayarkən – hər dəfə gözlərim dolub.
Ana, sənin böyük ürəyində hər kəsə yer olub, amma nə yazıq ki, isti qucağında mənə yer olmayıb. İndi isə, hər məın Bakıya gəldiyimdə mənimlə yatır, əlinlə yedirir, saçımı tumarlayırsan... körpə kimi. Halbuki mən artıq körpə deyiləm. Lakin əllərinin istisinə hər zaman möhtac olacam.
Məni dünyaya gətirdiyin üçün sağ ol! Sağ ol ki, qanımda axan misralarla sənə olan sevgimi izhar edə bilirəm. Əlirza Həsrətin dediyi kimi, “Mən sənin ən duyğulu əsərinəm!” Sən də mənim şeir dolu dünyamsan, ana!
Anama “Səni çox sevirəm, ana!” demək istəyirəm. Bunu dəfələrlə desəm belə, hər zaman sevərək oxuduğu bu qəzetin səhifələrindən bir də öz gözlərilə oxumasını istəyirəm.
Ana, səni çox sevirəm! Hər dəfə yanılıb “bibi” dediyimdə məni bağışla. Sən mənim Anamsan və bu həqiqəti dəyişməyə bir daha kimsənin gücü yetməyəcək!
Sözlərimi adətim üzrə bir şeirlə bitirir və bizi dünyaya gətirən, bizə can verən, həyat verən analarımıza uzun ömür diləyirəm!
Orta məktəbdə oxuyanda sərbəst mövzuda çoxlu inşa yazardıq. “ Haradan başlanır vətən?” adlı inşa yadıma düşür. Bəlkə də o vaxt yazdığım inşadan “ əla” qiymət almışam. Amma indi başa düşürəm ki, mən o vaxt bu mövzuda “əla”ya layiq inşa yaza bilməzdim. Yalnız indi , orta məktəb illərimdən 30 ildən çox vaxt keçəndən sonra bu mövzuda inşa yazmağa ürək edə bilərəm.
Əslində bütün insanlar igiddirlər...
Öləcəyini bilə-bilə yaşamaq, ölümü gözləyə-gözləyə yaşamaq, edam cəzası almış məhkumlarla elə bir fərq yaratmır... Bir fərq var! Edam hökmü almış insanlar bunu qəbul edə bilmir, dünyanı tutub duracaqlarmış kimi, heç vaxt ölməyəcəklərmiş kimi ölmək istəmirlər... amma adi insanlar ölümü elə adi qəbul edirlər... Ölümün gözünə düz baxırlar...