Rus məktəbində təhsil almışam.  “Azərbaycan dili və ədəbiyyatı”na həftədə cəmi bircə saat vaxt ayrılardı. Dilimizin əzbəri Puşkinin, Lermontovun və neçə-neçə digər  rus şair və yazıçılarının əsərləri idi… Puşkin yaradıcılığına heyranlıqla “Kapıtan qızı” ilə yatdığım vaxtlar olub…  Bir dəfə “Zəmanəmizin qəhrəmanı” ilə də yuxulamışam.  Röyada Lermontovun özünü görməsəm də Peçorinə bənzəyən adamlar çox girib yuxuma… Müəllimlərimiz deyirdi ki, “Yevqeniy  Oneqin”i oxumamaq sizin üçün ayıbdır…  Onda bizim təsəvvürlərimizdə dünyanın ən gözəl şəhəri Moskva, ən romantik şəhəri isə Leninqrad (Peterburq) idi. Beləcə xüsusi bir şövqlə rus romantizminin əsirinə çevrilmişdik.  Fəqət…  Səməd Vurğunun “Azərbaycan”ını  əzbərləmək boynumuzun borcu idi! Biz vətəni sevməyə bu şeirdən başladıq – “Azərbaycan” düşüncəmizə oturdu. Təkcə şeirə yox, həm də elimizə-obamıza, torpağımıza-daşımıza bağlandıq, dağımızı-dərəmizi, dənizimizi-çayımızı şevdik. Bizdə Abdulla Şaiq, Abbas Səhət, Məmməd Araz, Hüseyn Arif, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə kimi onlarla şeir-sənət adamlarınn yaradıcılığına maraq oyadan da elə “Azərbaycan” oldu.  Gizlədəsi bir şey yoxdur, mən “26-lar” poemasını nöqtəsinə, vergülünə qədər sevmişəm… Onda hələ dünyanın haradan gəlib, hara getdiyini kəsdirə bilmirdim… Palanın üstündə oturub, dərin fikirlərə qərq olan hambalın faciəsini ürəyimə salmışdım, xəstə Bakının halına acımışdım. Qoçuya da, onun nağanına da nifrət edirdim…

***

İllər ötdükcə tarixə, hadisələrə, ədəbiyyata və nəhayət  şair və yazıçılarımızın yaradıcılığına baxışlar da dəyişirdi. Artıq nə Moskva var idi, nə Lenin, nə da Kommunist Partiyası. Qınaqlar başladı, ittihamlar irəli sürüldü – filankəs filan şeirində partiyanı tərifləyib… Filankəs Leninə şeir həsr edib, Filankəs Stalinə məktub göndərib… “Yaltaqdırlar” dedilər, mədahlıqda suçladılar… Aşırmalı şalvardan təzəcə çıxmış dünənin uşaqları o dövrün çətinliklərinin, qələm adamlarının üzləşdiyi mərhumiyyətlərin, məruz qaldıqları təzyiq və təqiblərin fərqinə belə varmadan Azərbaycan ədəbiyyatının ağırlığını çiyinlərində daşımış qos qoca şeir-sənəd adamlarını ən ağır ifadələrlə təhqir etməyə başladılar. Kimsə düşünmədi ki, hansısa şeirə, hansısa romana görə, bir şairin və ya yazıçının bütün yaradacılığının üstündən xətt çəkmək olarmı? Yox, əksinə, özünü gözə soxmaq istəyənlər manyakal həvəslə tökülüşdülər  Səməd Vurğunun və onunla birgə ədəbiyyat yartmış kişilərin “üstünə”…

***

 

Əlbətdə, o dövrün şair və yazıçılarının yaradıcılığında partiya təbliğatı ana xətt kimi keçib və “qırmızı” dövrün məhsulu olan bir çox ədəbi nümunələr öz aktuallığını elə SSRİ-nin dağılması ilə itirib. Amma bu adamaların yüzlərlərlə şeiri, onlarla povesti və romanı var ki, özünün bədii-estetik cazibəsini hələ də qoruyub saxlayır. Bu adamlar tarixdir – Leninə yazılan poemaları ilə, Stalinə həsr olunan şeirləri ilə… Bu tarixi, söyüşü, vülqar ifadələri, özünün yataqdakı davranışlarını ədəbiyyat hesab edənlər silə bilməz və ümumiyyətlə bu tarix silinməməlidir.  Başqalarını inkar etmək ədəbiyyat deyil.  Təkcə arvad baldırlarını, yumru məmələri ustalıqla vəsf etmək ədəbiyyata xidmət sayılmaz!

Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı başında pioner andı içib boynuma qırmızı qalstuk bağlamışam. Eyni vaxta böyük qardaşlarımız başqa bir məzarın başında komsomol andı qəbul edib. Atamız, babamız cibində “partbilet” gəzdirib, onu qazanmağı həyatda ən ali məqsəd hesab ediblər. İndi siləkmi  onları, imtinamı edək onlardan, özümüzdən? Axı biz Üzeyir Hacıbəyovu necə inkar edə bilərik? O, 1918-c ildə Cümhuriyyətin himnini yazıb, Demokrati Respublikaya xidmət edib. Bir neçə il sonra isə Sovet Azərbaycanının himnini bəstələyib. Olsun, kimsə buna görə, onun yaradıcılığını kölgə altna sala bilməz. Olmaz! Üzeyir bəy dahidir, təkrarolunmazdır!

Pioner andı içərkən İsrafil Məmmədovun cəbhədə həlak olduğunu zənn edirdim. Sonra öyrəndim ki, onu müharibədən sonra Gəncədəki parkda qadına satışdığına görə öldürüblər… İndi mən buna görə o vaxt pioner qalstuku asdığım yerdən kəndirmi asım?

***

Siyasətçi kimi uğursuzluqlara yuvarlanmış adamlar da indi ədəbi tənqidçilər kimi zühur edirlər.  Səməd Vurğunu müzakirəyə çıxarır, xalq qəhrəmanlarına şəbədə qoşmağa çalışırlar. Adama deyən gərək ki, ay yoldaş, bəs sən beş il əvvəl başqa sahillərdə olan adamı nurundan hər bir vətəndaşın yararlanacağı, “buz bağlamş”, “qara günə qalmış” təbiətimizin qızınacağı günəş kimi təqdim edirdin. Buna səni məcbur edənmi var idı?  Belə hesab edirdin və bildiyin kimi də danışırdın. Fəqət, Leninə, Satalinə həsr olunmuş bir şeirə görə neçə-nəçə nəsillər, körpə uşaqlar, qız-gəlinlər xılas olub… Hansısa yazısına görə bir dəfə də olsun burnu qanamayan, ayağına daş nədir, çınqıl belə dəyməyən cavanların indi o boyda kişiləri lağ-lağı obyektinə çevirməsi, yeri gəldi gəlmədi hansısa şairi, yazıçını olduqca iyrənc formada müzakirəyə çıxarması insafsızlıqdır.  Aralarında istedadlıları da var sözsüz ki. Təsirli qələmi, oxunaqlı dili olan, mütaliyəsilə fərqlənənləri oxuyuruq, izləyirik, axtarırıq. Kitabları çıxanda sevinirik! Hə, necə deyərlər, kor-kor, gör-gör - Azərbaycan ədəbiyyatında nəsildəyişmə prosesi artıq başlayıb və bu, qarşısıalınmaz bir mərhələdir.

…Odur ki, dostlar, siz özünüzdən əvvəlkiləri inkar etmək yox, onlardan daha yaxşı yazmaq barədə düşünün. Onların yaza bilmədiyini yazın. Sizin ki, azad düşüncəniz var. “Onlar Nobel mükafatı ala bilmədilər” deyib, durmayın. Bu bəxtəfərliyi Azərbaycan ədəbiyyatna siz  yaşadın. Bacaracaqsınızmı? Bəlkə ətrafınıza bir də baxasnız? Bəlkə günah sizdən əvvəlkilərdə deyil, bütün dövrlərdə eyni cür düşünən, eyni cür yaşayan və eyni cür ölən adamların cəmiyyətindədir?..

Nicat Dağlar

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə