İndi sən yeganə ümidimsən. Heç bilirsənmi yeganə ümidin ətəyindən yapışıb yaşamaq nə deməkdi? Xəbərin varmı sən olmayanda nələr çəkdiyimdən? Mən səni çoxdan tanıyıram, laaap çoxdan. Bəlkə də uşaqdım onda, bəlkə də artıq bir neçə dəfə reinkarnasiya nəticəsində gəlmişdim, görmüşdüm dünyanın hər üzünü. Səni məndən əvvəl də tanımışdılar. Hərə özünəməxsus sevmişdi səni. Mənim sevgim isə bir başqadır. Sən mənim üçün hava və su misalı kimisən desəm, inan səmimiyyətimə. Mənim üçün adından başlayır hər şey. Adını dodadığmda vird edərək sənə yaxınlaşıram...Üzün çox doğmadır mənə. Hər şeydən öncə ustufca əlimi üzünə toxundururam və başqa dünyaya daxil oluram sanki... Ecazkar, maraqlı, cazibəli, sirli və heç, heç ayrılmaq istəmədiyim bir dünyaya... O dünya mənim xəyallarımın məskənidir çünki... Orada uşaqlığım, gəncliyim, qocalığım, itirdiklərim, qazandıqlarım var. Orada qadınlığım var... Səni səhifə- səhifə oxuduqca, vərəq-vərəq çevirdikcə daha maraqlı olursan mənə. Səni Yaradana  şükür oxuyuram.Səninlə baş-başa qalmaqdan aldığım şövqü, zövqü nə əvəzləyə bilər ki? Mənimlə kəlmə də kəsmirsən, amma səni belə də anlayıram. Bəzən anlatdıqlarını yanlış qavradığım, səbirsizləndiyim də, qısqandığım da olur. Sevgimə bağışla bunları...

İnsan sevgisindən əzab çəkir həmişə. Sən də zalımlıqdan xali deyilsən hərdən. Amma bunu belə təbəssümlə qarşılayacaq  qədər çox sevirəm səni...Bəzən günlərlə sürən depressiyamın, bəzən dayanmadan süzülən göz yaşlarımın, bəzən saatlarla davam edən dalğınlığımın, bəzən ani çılğınlığımın müəllifisən sən... Üzümdəki təbəssümün, gözümdəki parıltının, baxışlarımdakı şölənin səbəbkarısan hərdən. Sən bunları görə bilməyəcək qədər diqqətsizsən deməzdim, amma bunlara dalmayacaq, bunları eyninə almayacaq qədər fövqəladəsən axı. Səninlə vüsalımız bəzən saatlarla çəkir, bəzən də sadəcə bir neçə dəqiqə. Amma bu zaman ölçüsü şərtidir mənim üçün. Çünki səninlə keçirdiyimiz hər an əbədiyyət qədər dəyərlidir.

Sənin özünəməxsus qoxunu heç nə əvəzləməz. Bu qoxunu hər cür bahalı ətirdən bir anda ayıra bilirəm və sövq-təbii sənə çevrilirəm. Sən elə doğmasan ki... Bəzən anamdan, bəzən balamdan belə doğma.. Çünki onların məni anlamadığı bəzi məqamlar, “hərdən”lər, “bəzən”lər  mövcuddur. Amma səninlə heç vaxt belə olmayıb. Sən istisnasan. Həmişə sakitcə, təvazökarlıqla açmısan ürəyini mənə. Bəzən islatmışam səni göz yaşlarımla... Bağışla, sənə o yaşlarla ləkə salmışamsa... Qarşıma süslü- püslü, bəzəkli-düzəkli çıxanda da, əzilmiş görkəmdə olanda da eyni məhəbbətlə, eyni ehtirasla, eyni şəfqətlə süzmüşəm səni...

İllərin sınağından sonra anlamışam ki, sən mənim yeganə məhəbbətimsən... xəyalımsan... arzumsan...ümidimsən, təsəllimsən...güvənc yerimsən...tutalqamsan... və ən ümdəsi vazkeçilməzimsən...

Sənin qarşında başımı əyərək oturmuşam həmişə...Amma gözlərimi sənə dikmədən, səninlə ünsiyyətdə ola bilmərəm ki, bunu bilirsən...

Bəzən bütün bəlalarımın, sarsıntılarımın səbəbkarı bilib ayrılmaq da istəmişəm səndən, bunu danmıram...Amma bacarmamışam... Bəzən günlərlə sənə yaxın düşməmişəm, səndən də çox bu ayrılıq məni yandırıb, göynədib, cızdağımı çıxarıb. Başıma gələn bədbəxtlikləri səninlə tanış olmaqda görmüşəm...Səni tanıyandan həyatımın tar- mar olduğunu düşündüyüm də olub. Müdrikcəsinə susmaqla məni yenə qaytarmısan özünə...Dolanıb sənə qayıtmışam yenə...Çünki sən tək cazibə mərkəzimsən. Mən sənin cazibəndən qopmağı bacarmıram...Həmişə bilmişəm, indi də bilirəm ki, bu qayıdış, bu dönüş səndən də çox mənə lazımdı, amma vecimə də olmayıb bu, qürurumu sındırmayıb. Axı sevəndə qüruru düşünmürsən,  sevirsən, tutulursan dəli kimi, qurban gedirsən onun uğruna...düşünmədən, kor kimi. Amma kor olsaydım belə, əllərimin dili ilə oxuyardım səni... Barmaqlarımın təması hər halını anladardı mənə, əminəm... Mən səndən ayrı yaşaya bilməzdim. Kor da olsaydım, kar da doğulsaydım... Əllərim olmasa gözlərimlə, gözlərim tutulsa əllərimlə sənə nüfuz edərdim...

Məndə indi olanları sənə borcluyam. Amma sən öz borcunu istəməyəcək qədər alicənabsan...

Mənə o qədər çox şey vermisən ki, bu Hatəm Tai səxavətinə mat qalmışam...

Məndən sənin aldığın yeganə şey zamandı, dolayısı ilə ömrümdü... Ömrümə ömür qatandan ömür əsirgəyərəmmi heç?  Sevgimi etiraf etməkdən çəkinmirəm...Bayaqdan “sən”, “sən” deməkdən də utanmıram, görürsənmi? Dilimdə əzbərə dönmüsən, səni hərf-hərf loxmalasam, heca-heca udsam, söz-söz yesəm, doymaram səndən, doymaram...

Sən ehtiraslı sevgilimsən...

Sən sadiq dostumsan...

Sən müdrik müəllimimsən...

Sən hər şeyimsən- ƏLAHƏZRƏT KİTAB!


 Bakımın ən gözəl yerindəyəm. Bura dahilərin məzarıstanı fəxri xiyabandır. Xalqımızın sevimli, daha çox sevilən və unudulmayan oğulları burada əbədi yuxuya dalmışlar. Qapıdan içəri daxil olanda xalq artistləri Rəşid Behbudovu, Müslüm Maqomayevi, Bülbülü, Səməd Vurğunu, Şövkət Ələkbərovanı, Niyazini və üsyankar şairimiz Xəlil Rza Ulutürkün və bir çox dahilərin daşlaşmış çoxlu heykəllərini görürük. Hər birinə İlahidən bəxşiş verilən duamızı oxuyub, rəhmət diləyib, salam veririk.

Ardını oxu...


Xeyli vaxtdır, əvvəl Türkiyədə, sonra isə Azərbaycanda “nurçu” adlandırılan insanlara qarşı sanki bir savaş açıldığını müşahidə eləyirəm. Çox hallarda da nadancasına, ədalətsiz münasibətin şahidi olur, heyfslənirəm.

Ardını oxu...


Bəzi qadınların səbirsizliklə gözlədiyi, bəzilərinin isə laqeydliklə qarşıladığı bayram gəlib. İndi yazacağım adi kəlmələr olacaq, hamımızın bildiyi, hamımızın gördüyü. Amma ürəyimdən gəlib və yazmaya bilmirəm.

Qadınlar dedikdə gözümüzün önünə kimlər gəlir? Sadə baxışla analarımız, bacılarımız. Amma nə qədər müxtəlif analarımız, bacılarımız var...

 

Ərinin, oğlunun nəvazişi və təbriklərilə gözünü yuxudan açan, qarşısında bir dəmət gül, bir bağlama hədiyyə görən, ürəyinin içi də gözləri kimi gülən, pardaqlanan və bəlkə  Allaha şükür edən, bəlkə də bu xoşbəxtlikdə yalnızca özünü haqlı və layiqli bilən qadınlarımız.

Əri və oğlu olsa da, gözü əllərində qalan, bir xoş sözə belə ehtiyacı olan, günü göy əskiyə düyünlənən, oğlu da nadan və qaba atasından geri qalmayan, “ heç olmasa bayram günü qəlbimi qırmayın”  dedikdə  - “Bayramın qara gəlsin” kəlmələrinə gözlərindən ürəyinə sellər axıdan qadınlarımız.

 

Körpəcə oğlu belə, pul qabına il boyu pul yığıb bayram günü atasıyla birgə anasına sürpriz edən qadınlarımız.

Ətrafında sevib sevildiyi insan olmadığından bayram günlərini adi günlərdən seçə bilməyən qadınlarımız.

 

Övladı qeyrətli olub Vətən yolunda şəhid düşən, təbrikinə ellər gələn qadınlarımız.

Övladları qeyrətsiz olub evdən iraq düşən, bayram günü bir təbrikə, bir diqqətə möhtac qalan qadınlarımız.

 

Qaşlarını dartdırıb, dodaqlarını şişirdib analıq sifətindən çıxan, gözəllik salonlarında yatan, sarsaq kişilərin puluna daş-qaş içində üzən, yaşı bilinməyən, abrını yellər aparan qadınlarımız.

Evinin, ocağının təssübünü çəkən, ürəyinin arzularını qundaqdaca boğan, qara saçlarını qayğılarla ağardan qadınlarımız.

 

Parta arxasından qalxmamış ər arzusunda olan, bəzən kiminsə ailəsini dağıdan, balalarını atasız qoyan, özünün xoşbəxtliyi üçün başqa bir qadını gözüyaşlı edən, namus dediyində dili ağzına sığışmayan, amma namusun nə olduğunu bilmərrə bilməyən, üzü pul kimi sürtülmüş qadınlarımız.

Elm yolunda can qoyan, öz əməyilə, öz işilə insanların hörmətini qazanan, lakin xoşbəxtliyin nə olduğunu hələ də bilməyən, ürəyi bədənindən ayrı yaşayan, düşüncələri dar məkana sığmayan, dərdini qüruru arxasında gizləyən qadınlarımız.

 

Sizi təbrik edirəm, qadınlar. Gəlin, qadın adını uca tutaq!

Allah bizi xoşbəxt etsin, çünki, hər dərdimiz-möhnətimiz xoşbəxtlik arzusunda qoşmağımızdandır. Bizi yaradan bizə hüzur və rahatlıq versin. Biz də buna layiq olaq! Bayramımız mübarək!

Və bu şeirimi sizə həsr edirəm, ürəyimdə heykəlini qurduğum, sevdiyim və hər kəs tərəfindən seviləcəyini dilədiyim qadınlar!

 

QADINLAR!

 

Sevgisi, sevdası – dəniz misalı,

Gah sevinclə üzür, gah da boğulur.

Yalnışlıq qismətin yalnışlığımı?

Qadın neyləsin ki, qadın doğulur!

 

...Fikrinin ardınca yetməyir zaman,

Bir anı – bir ömrün səadətidir.

Dünyanın ən güclü, ən zərif hissi

Vəfalı qadının məhəbbətidir.

 

İncə çiyinlərdə ailəmin yükü,

Kövrək ürəyində qaya sərtliyi.

Bəzən qadınlardan öyrənilməli

Kişi dəyanəti, kişi mərdliyi.

 

Saralan bəxtində göyəyər istək,

Solan baxışında bir alov yatar.

Gizləyib köksündə öz kədərini,

Özgənin dərdinə, hoyuna çatar.

 

Sevgisi, sevdası – dəniz misalı,

Gah sevinclə üzür, gah da boğulur.

Qadınlıq - Tanrının bəxşeyişidir,

Ən xoşbəxt bəndələr qadın doğulur!

 

Afaq ŞIXLI

Moskva

08.03.14.


Deyirlər, həyatının son anlarında insanın gözləri qarşısından bütün ömrü ani olaraq keçib gedir. Bilmirəm, bəlkə də belədir. Amma uzun illər boyu yaxından tanıdığın, ünsiyyətdə olduğun adamın qəfil ölüm xəbərini eşidəndə gözlərin qarşısında ortaq keçmişinizin çeşidli epizodları, saatları, anları bir-bir canlanır. Acıdan acı bir xəbər - Tofiq Abdinin ölüm xəbərini eşidəndə əlli illik tanışlığımızın, yaradıcılıq ünsiyyətimizin, ədəbi əlaqələrimizin, "Qobustan"da birgə çalışmağımızın müxtəlif səhnələri bir-bir yaddaşıma qayıtdı. 1967-ci ildə "Qobustan" incəsənət toplusunun baş redaktoru təyin olunanda mətbuatda yazılarını maraqla izlədiyim Tofiq Məhərrəmoğlunu dəvət edib, teatr və kino şöbəsinin müdiri təyin etdim. "Qobustan"ı mərhum Vidadi Paşayevlə, mərhum Yusif Əliyevlə və bu gün ağrıya-ağrıya rəhmətlik dediyim Tofiqlə birlikdə yaratdıq, məfkurəsini, amalını, dilini, üslubunu birgə əməkdaşlıq şəraitində müəyyənləşdirdik. Bu gün "Qobustan" redaksiyasının ilk tərkibindən bir mən qalmışam, bir də Azər Abdulla.

Tofiq istedadlı şair idi və eyni zamanda çox iti və kəskin qələmi, orijinal üslubu olan, cəsarətli publisist yazılarıyla, maraqlı müsahibələriylə mətbuatımızda geniş tanınmış və hörmət qazanmış müəllif idi. "Qobustan"dan başqa radioda da çalışırdı. Yadımdadır, radioda Qara Qarayev haqqında bir söhbətindən sonra bu verilişi dinləmiş Cəfər Cəfərov məndən onun müəllifi haqqında soruşdu. Tofiqin çıxışı, üslubu, məsələyə yanaşma tərzi Cəfər müəllimin diqqətini cəlb etmişdi. - Həm də çox cəsur oğlandır - dedi, - başqaları ehtiyat etdikləri məsələlərdən tam açıqlıqla danışa bilir.

Mən "Qobustan"dan gedəndən sonra yollarımız bir müddət ayrıldı. İstanbulda o vaxtkı baş konsulumuz Abbas Abdullanın timsalında qəzavü-qədər Tofiqi Türkiyəyə gətirdi. Burda da qısa müddətdən sonra türk basının məhsuldar yazarlarından oldu. "Qobustan"dan başlanan işi - irəliçi Azərbaycan sənətinin təbliğini türk qəzetlərində davam etdirdi.

Bir müddət sonra mən də İstanbulda dərs dediyim zaman tez-tez görüşərdik, Tofiqgilin evində qonaq da olmuşdum. Vətənə qayıdandan sonra yenə həmişə doğma bildiyi ocağa -Yazıçılar Birliyinə gəldi. Son illər daha çox "525-ci qəzet"də yazırdı və bu yazıları, söhbətləri, müsahibələri, layihələri də orijinallığı ilə seçilirdi. Müxtəlif qüvvələr onu öz təsiri altına almaq istəsələr də, Tofiq gəncliyinin dostluq münasibətlərinə heç vaxt xilaf çıxmadı. Axı xırda bir inciklik üstündə bütün olub-keçənlərin, yaxşılıqların, xoş münasibətin üstündən qələm çəkən nankorlardan deyildi.

Yaşlansa da görkəmi ilə də, ruhu ilə də, döyüşkənliyi və bənzərsizliyi ilə də əlli il qabaq tanıdığım həmin Tofiq idi. Odur ki, yazmaq həvəsiylə, yaradıcılıq şövqüylə döyünən qəlbinin susmasına heç cür inana bilmirəm. Sədaqətli, etibarlı, məhrəm bir adamımı itirməkdən çox üzgünəm. Gördüyü işləriylə, yazılarıyla, yaddaşlarda yaşayacaq xatirəsiylə Tofiq həmişə onu tanıyanların qəlbində qalacaq. Allah rəhmət eləsin. Qəbri nurla dolsun.

25 fevral 2014



İyirmi bir il bundan qabaq onun cəmi dörd yaşı var idi. Hər şeyi – qırmızı donu, ipisti evləri, ata-anası, şıltaqlığı, istəkləri elə o gecədə qaldı. Sonra o, anasının təpik zərbəsi ilə yerə yıxıldığını, qırmızı donunu param-parça edərək üstünə şığıyan, onu “döyən” ağrıdan, incidən, ayaqlarını qana batıran o saqqallı kişini, hamıdan güclü sandığı atasının iniltisini də xatırlamayacaqdı. Elə hər şey o gecədə qalacaqdı. Böyüməyəcəkdi o…

Onda o, bilmirdi ki, bayram tonqalından başqa bir tonqal da var – adam tonqalı. Onda o bilmirdi ki, bələkdəki qardaşı o saqqallı kişinin əlindəki avtomatın süngüsündə göyə qalxacaq və tonqala atılacaq. Amma bir həqiqəti bilirdi,  bilirdi ki, qardaşı  tonqal olandan sonra anasının döşləri daha lazım olmayacaq. Elə ona görə onu ağrıdan kişi anasının döşlərini  kəsmişdi…

O onu da bilmirdi ki, qonşularında onu çox sevən, əzizləyən, ona tez-tez noğul gətirən, gəlincik alan, xoşbəxt, atası, anası, özündən başqa on beş və doqquz yaşlı bacıları olan o qız ondan çox yaşayacaq… Xocalıda kül olan evlərində, ahı göyə çıxan, sinəsində söndürülən papiros dənələrinin dağ-dağ etdiyi anasının bədənində, hələ gəncliyə qədəm qoymadan zorlanan bacısının fəryadında, gəlinciyi qucağındaca “qadın” olan kiçik bacısının “ata, kömək elə” hayqırtısında, namusu-isməti olan qızlarının gözləri qarşısında ləkələnməsini seyr edən, heç vaxt ağlamayan atasının göz yaşlarında “yaşayacaq”….

Bu gün dünya bilir Xocalı faciəsində baş verənləri. Dünya bilir ki, o gecə böyük bir şəhər tonqala döndü, o tonqalda yananlar isə məhz azərbaycanlılar idi. Dünya həm də onu bilir ki, o gecədən bu günə gələnlər fiziki işgəncələrdən qurtulsalar da mənəvi yaralardan əziyyət çəkəcəklər, sağalmayacaqlar. Hətta yenidən yurdlarına getsələr də, bir nəfər yaxın əvəzində on nəfər düşmən qanı tökülsə də, əsirlikdəki qız-gəlinlərimiz geri dönsələr də xocalılıarın yarası sağalmayacaq. Onlar o gecəni unutmayacaqlar. Birinin bədənində, birinin namusunda, birinin ruhunda, birinin gözlərində… o dəhşətli gecə daim yaşayacaq!…

Dünya bir həqiqəti də bilir. Bilir ki, Xocalı qətliamı rusların 366-cı motoatıcı alayının və bir sıra erməni əsilli varların əliylə törədildi. Dünya onu da bilir ki, burada nə sadə erməni xalqının, nə də Azərbaycan xalqının əli qana batmayıb. Burada bir cani var – Siyasət!

            Bunları dünya bilir. Mənsə onu bilirəm ki, mənim düşmənim erməni deyil! Erməni türkə düşmən olmaq üçün  çox kiçikdir. Türk kiçik olanla davaya başlamaz, Türk kiçik olana kiçiklik həddini  anladar.

            Xalqları bir-birinə düşmən edən siyasət elə bir iblisdir ki, illər ötsə, sivilizasiya pik nöqtəsində dursa belə, yenə də içindəki o iblis – siyasət məhv olmayacaq! Torpaq uğrunda, pul üstündə sadə xalqlar həmişə talanacaq, qurban gedəcək. Lakin çox fərqli şəkildə. Elə fərqli ki, o  fərq  Xocalı faciəsi kimi gecələrdə bilinəcək. Onda bilinəcək ki, Ordusunun gücüylə vəhşiliyə imza atan rusdan fərqli olaraq, insanlıq adına ləkə olan, içində daim iyrənc erməni xisləti yaşadan (Xocalı qətliamı gecəsində olanlar – qocaların, uşaqların müxtəlif işgəncələrlə qətlə yetirilməsi, yaralıların diri-diri yandırılması, körpə qız uşaqlarının, ana-bacılarının ataları, qardaşları, ərlərinin gözləri qarşısında iyrənc şəkildə zorlanması, hətta itlə əlaqəyə məcbur edilməsi…) erməni var…

            Lakin, bir həqiqət də göz önündədir: hətta ermənin belə anası övladının qan tökməsinə, qanının tökülməsinə razı olmaz!

            Hərdən mənə elə gəlir ki, gün gələcək dünyadakı bütün analar bir yerə yığışacaq, türk, erməni, rus, alman, ingilis… anaları başlarındakı yaylığı dünya kişilərinin, siyasətin ayaqları altına sərərək yalvaracaq, yalvaracaq ki, balalarımızın qətlinə son qoyun! Dünyanı rahat buraxın! İçimizdəki köz-köz bala dərdinin yerindən sızan göz yaşlarımıza qıymayın!

Bəlkə də bu yalvarışlar bir gün üsyana çevriləcək. O üsyana ki, kişilər də, siyasət də üsyan qarşısında tab gətirməyəcək, məhv olacaq! Bax, onda elə dünyanın özü də məhv olacaq!…

            …Bir zamanlar 23 fevralı bayram edirdik. Kişilərimizi təbrik edir, sovet Ordusuyla fəxr edirdik! Amma çoxları bu günün özəlliyini bilməsə də, yenə kişilərin bayramı deyə ərlərini, sevgililərini, qardaşlarını… təbrik edirlər. Qarşı  çıxmıram bütün bunlara. Olsun! Bir zamanlar rus ordusunda bizim oğullarımız xidmət etmirdimi. Hətta Böyük Vətən Müharibəsi zamanı Zaqafqaziyada ən çox əsgər yola salan, döyüşdə qəhrəmanlıqlar göstərən, oğul itirən, maddi zərər çəkən biz deyildikmi…

            O ənənəni bu gün də geri qaytarmaq arzusundayam – kişilərimizi təbrik etmək istəyirəm. Onlara – kişilərə üzümü tuturam (siyasətdən iyrənərək): Qaytarın mənə Qarabağımı! Qaytarın qız-gəlinlərin ismətini! Qaytarın körpələrin gülüşünü! Qaytarın şəhid məzarları üstündə saçları küləyin əliylə sığallanan anaların göz yaşlarını! Qaytarın körpəsi, qızı, arvadı, anası düşmən ayaqlarının altında, düşmən kişilərinin “ağuşunda”, dizləri yerdə, hayqırtıları içində boğulan gəlinlərin ərlərinin qeyrətini! Qaytarın ismətimi, adımı! Xocalımı qaytarın! Qaytarın!!!

Qaytara biləcəksinizmi?..

… İyirmi bir il bundan qabaq onun cəmi dörd yaşı var idi. Hər şeyi – qırmızı donu, ipisti evləri, ata-anası, şıltaqlığı, istəkləri elə o gecədə qaldı. Sonra o, anasının təpik zərbəsi ilə yerə yıxıldığını, qırmızı donunu param-parça edərək üstünə şığıyan, onu “döyən” ağrıdan, incidən, ayaqlarını qana batıran o saqqallı kişini, hamıdan güclü sandığı atasının iniltisini də xatırlamayacaqdı. Elə hər şey o gecədə qalacaqdı. Böyüməyəcəkdi o…

 26 fevral-2013


Xocalıda əsir düşən rəssam qızın Parisdə erməni adıyla sərgisinin açılmağından bəhs edən bir sənədli povest verdilər mənə...

Müəllif «Tanrının unutduğu xocalılar»ı mənə təqdim eləyəndə pencək havasıydı: düzü, isti payız günləri özü ən gözəl rəssamdı mənimçün, belə vaxtlar təbiətə əsir düşməkdən savayı əlimdən bir iş gəlmirdi… Əsəri «Ulduz»un boyuna ölçdüm eləcə, gördüm ipin ucu taxta divarın o üzünə – «Azərbaycan»a adlayır, bizlik deyil, dedim, həcmi böyükdü, kitab eləyin. Noyabrda povest gündəlik oxuyub redaktə elədiyim, ora-burasını yamadığım adi yazılardanıydı, əynimiz qalınladıqca əsərin ab-havası dəyişməyə, məni içəridən narahat eləməyə başladı; əvvəl povesti oxuyanda canımı boğazıma yığan insan adları sonradan ermənili-ruslu-türklü-fransızlı (özümüzünkülər qarışıq!) bir ismə çevrildi: Xocalı… Ona görə əl vurmadım, sözlərin səfi pozulanda belə heç birini qaytarıb təzədən sıraya düzmədim, abzasların arasındakı intervalı bir az da qazıb yekəltdim ki, camaat gülləyə tuş gəlmədən qaçıb Ağdama yetişsin. Amma peşə xəstəliyi elə mərəzdi, ölüncə qurtula bilmirsən, Gülxani Pənaha - bir əl gəzdirin əsərə – deməkdən də özümü saxlaya bilmədim. Kitab çıxanda düzəldib-düzəltməməyindən xəbərsizəm, əslində mən oturub Валентина Николайевнадан (ad-familini kirilcə yazıram qəsdən, bəlkə ürəyinə insaf düşə) xəbər gözləyirəm, o, işlədiyi Beynəlxalq Qızıl Xaç Komitəsi cəhənnəm, heç olmasa, Vişnevski xəstəxanasında cərrah işləyən Rasimi tapmağa söz vermişdi…
Yetiminki heç vaxt gətirmir!
Səfanı uşaq vaxtı küçəyə atırlar, özü də anası atır onu. Çox rahat və çox sakit. Atır ki, yetimlər evində gözü qapıda qalanda Sakit müəllim desin:
- Bilirsənmi, bala, ata-ana yaxşı şeydi, amma neynəyək, səni anan atıb gedib. Səndən doğum evindəcə imtina eləyib. Sənə familini də verməyib, milislər gətirib bura. Özün fikirləş, sən burada böyümüsən, atan-anan biz olmuşuq…
Mən yetimlər evində olmamışam, bəlkə də orada Səfaya ata-ana qayğısı göstərən adamlar həqiqətən varmış, bəlkə də bu uşağın rəssamlıq istedadı onu direktora belə sevdirib – yalan deyərəm, amma qızcığazın Zivər arvada tezcə qoşulub getməyi adamda şübhə doğurur. Zivər xala, əri Çərkəz kişi, Moskvada cərrah işləyən oğulları Rasim də Səfanı çox istəyir, onu Bakıda rəssamlıq məktəbinə qoyurlar. Yay-qış tətilini yeni ata-anasının yanında keçirən Səfanın xoş günləri uzun çəkmir. Yetimin xoşbəxtliyi fevral günəşidi, çıxmağıynan batmağı bir olur. Xocalıda yaşayan ailənin qara günləri başlayır. Təhsilini buraxıb onların yanına dönən gənc rəssam artıq Qarabağ müharibəsi və Xocalı soyqırımının şahidi və qurbanıdır. Yox, o bir gülləylə canını tapşırsaydı, nə vardı ki?! Onu erməni-rus hərbi birləşmələrinin 1992-ci ilin 25 fevral gecəsi külünü göyə sovurduğu Xocalıdan qaçanda düşmənə əsir düşmək gözləyirmiş…
Zivər xalagilin əsirdüşmə səhnəsində həyati detallar azdı, üstəlik, müəllif müdaxiləsi aşırı hiss olunur, bu da Gülxani Pənahın Milli kimliyinin Ədəbi kimliyini üstələməyindən irəli gəlir. Yazıçı hisslərini boğmaqda, düşmən həmləsinə etinasız qalmaqda çətinlik çəkir sanki. Amma bununla belə, onun əlindən gənc rəssamı alıb qıza olmazın işgəncə verirlər. Erməni evində qul kimi işləyən ana-balanı Zivər xalanın iti ağlı və ermənicə sərbəst danışmağı rüsvayçılıqdan qoruyur. O, Səfanı erməni qızı kimi qələmə verməklə onun namusunu ləkələnməyə qoymur: onlarla birgə əsir düşən Leylanı isə…
Ev yiyəsi Edikin vəhşiliyi fonunda arvadı Janna və oğulları Radiqin nisbətən yumşaq davranışı ermənilərin bu müharibəyə zorla sürükləndiyinə işarədir. Bir azdan Edik davada, Janna öz evində öldürüləcək, müalicə üçün Zivər xalanı da götürüb Moskvaya – Rasim həkimin yanına yollanan Radiqinsə başını yerliləri əzəcəklər. Səfa növbəti ev yiyəsinə hamballıq eləyəcək, nə qardaşından, nə də anasından xəbər tutmadan erməni generalın əxlaqsız arvadı – Elmiranın kürəyini sürtəcək, dırnağını tutacaq, günlərin birində onunla birgə Ermənistana «bacım» deyən Fransaya yollanacaq, çəkdiyi rəsmlərin sərgisinə çoxlu adamlar yığılacaq, Qarabağ löhvələrinin altındakı «Elza» imzasına görə özünü öldürmək istəyəcək. Qarabağda girov saxlandığı evin tövləsindən qaçmalarına kömək elədiyi iki azərbaycanlı əsiri düşününcə özünün də nə vaxtsa xilas olacağına ümidlənəcək, Elmiranın evindən dönərsatana, oradan Türkiyə səfirliyinə pənah aparacaq, Parisi İrəvana döndərən erməni casusları onu tutub dəlixanaya salacaq, Elmira aldadıb böyrəyini satacaq, onu Ermənistana, oradan da əsir saxlandığı Qarabağ kəndinə qaytaracaq, rəsm çəkməyə məcbur eləyəcək, şəkillərin altına bu dəfə öz imzasını qoyacaq, Elzanı (Səfanı) hamıya dəli kimi tanıtdıracaq, – acaq, - əcək…
Və bu da Beynəlxalq Qızıl Xaç Komitəsinin maşını. Artıq həyətdədir. Валентина Николайевна Elzanın erməni olmadığını, Elmiranın rəsmlərini əslində onun çəkdiyini, Moskvada Rasim adlı cərrah qardaşının yaşadığını öyrənir, imkan tapıb qızın şəklini də çəkir. «Maşına əyləşdi. Əl elədi. Sanki vəd verirdi: Səni buradan qurtaracağam».
- Валентина Moskvaya getdi,
- Səfa Qarabağda əsirlikdədir,
- Xocalı isə yoxdur!
Müəllif bəlkə də bu əsərlə ayrı söz demək istəyib, amma mən belə eşitdim…

İnterpress.az