![]() |
![]() ![]() |
İnsan sevgisindən əzab çəkir həmişə. Sən də zalımlıqdan xali deyilsən hərdən. Amma bunu belə təbəssümlə qarşılayacaq qədər çox sevirəm səni...Bəzən günlərlə sürən depressiyamın, bəzən dayanmadan süzülən göz yaşlarımın, bəzən saatlarla davam edən dalğınlığımın, bəzən ani çılğınlığımın müəllifisən sən... Üzümdəki təbəssümün, gözümdəki parıltının, baxışlarımdakı şölənin səbəbkarısan hərdən. Sən bunları görə bilməyəcək qədər diqqətsizsən deməzdim, amma bunlara dalmayacaq, bunları eyninə almayacaq qədər fövqəladəsən axı. Səninlə vüsalımız bəzən saatlarla çəkir, bəzən də sadəcə bir neçə dəqiqə. Amma bu zaman ölçüsü şərtidir mənim üçün. Çünki səninlə keçirdiyimiz hər an əbədiyyət qədər dəyərlidir.
Sənin özünəməxsus qoxunu heç nə əvəzləməz. Bu qoxunu hər cür bahalı ətirdən bir anda ayıra bilirəm və sövq-təbii sənə çevrilirəm. Sən elə doğmasan ki... Bəzən anamdan, bəzən balamdan belə doğma.. Çünki onların məni anlamadığı bəzi məqamlar, “hərdən”lər, “bəzən”lər mövcuddur. Amma səninlə heç vaxt belə olmayıb. Sən istisnasan. Həmişə sakitcə, təvazökarlıqla açmısan ürəyini mənə. Bəzən islatmışam səni göz yaşlarımla... Bağışla, sənə o yaşlarla ləkə salmışamsa... Qarşıma süslü- püslü, bəzəkli-düzəkli çıxanda da, əzilmiş görkəmdə olanda da eyni məhəbbətlə, eyni ehtirasla, eyni şəfqətlə süzmüşəm səni...
İllərin sınağından sonra anlamışam ki, sən mənim yeganə məhəbbətimsən... xəyalımsan... arzumsan...ümidimsən, təsəllimsən...güvənc yerimsən...tutalqamsan... və ən ümdəsi vazkeçilməzimsən...
Sənin qarşında başımı əyərək oturmuşam həmişə...Amma gözlərimi sənə dikmədən, səninlə ünsiyyətdə ola bilmərəm ki, bunu bilirsən...
Bəzən bütün bəlalarımın, sarsıntılarımın səbəbkarı bilib ayrılmaq da istəmişəm səndən, bunu danmıram...Amma bacarmamışam... Bəzən günlərlə sənə yaxın düşməmişəm, səndən də çox bu ayrılıq məni yandırıb, göynədib, cızdağımı çıxarıb. Başıma gələn bədbəxtlikləri səninlə tanış olmaqda görmüşəm...Səni tanıyandan həyatımın tar- mar olduğunu düşündüyüm də olub. Müdrikcəsinə susmaqla məni yenə qaytarmısan özünə...Dolanıb sənə qayıtmışam yenə...Çünki sən tək cazibə mərkəzimsən. Mən sənin cazibəndən qopmağı bacarmıram...Həmişə bilmişəm, indi də bilirəm ki, bu qayıdış, bu dönüş səndən də çox mənə lazımdı, amma vecimə də olmayıb bu, qürurumu sındırmayıb. Axı sevəndə qüruru düşünmürsən, sevirsən, tutulursan dəli kimi, qurban gedirsən onun uğruna...düşünmədən, kor kimi. Amma kor olsaydım belə, əllərimin dili ilə oxuyardım səni... Barmaqlarımın təması hər halını anladardı mənə, əminəm... Mən səndən ayrı yaşaya bilməzdim. Kor da olsaydım, kar da doğulsaydım... Əllərim olmasa gözlərimlə, gözlərim tutulsa əllərimlə sənə nüfuz edərdim...
Məndə indi olanları sənə borcluyam. Amma sən öz borcunu istəməyəcək qədər alicənabsan...
Mənə o qədər çox şey vermisən ki, bu Hatəm Tai səxavətinə mat qalmışam...
Məndən sənin aldığın yeganə şey zamandı, dolayısı ilə ömrümdü... Ömrümə ömür qatandan ömür əsirgəyərəmmi heç? Sevgimi etiraf etməkdən çəkinmirəm...Bayaqdan “sən”, “sən” deməkdən də utanmıram, görürsənmi? Dilimdə əzbərə dönmüsən, səni hərf-hərf loxmalasam, heca-heca udsam, söz-söz yesəm, doymaram səndən, doymaram...
Sən ehtiraslı sevgilimsən...
Sən sadiq dostumsan...
Sən müdrik müəllimimsən...
Sən hər şeyimsən- ƏLAHƏZRƏT KİTAB!