Bakımın ən gözəl yerindəyəm. Bura dahilərin məzarıstanı fəxri xiyabandır. Xalqımızın sevimli, daha çox sevilən və unudulmayan oğulları burada əbədi yuxuya dalmışlar. Qapıdan içəri daxil olanda xalq artistləri Rəşid Behbudovu, Müslüm Maqomayevi, Bülbülü, Səməd Vurğunu, Şövkət Ələkbərovanı, Niyazini və üsyankar şairimiz Xəlil Rza Ulutürkün və bir çox dahilərin daşlaşmış çoxlu heykəllərini görürük. Hər birinə İlahidən bəxşiş verilən duamızı oxuyub, rəhmət diləyib, salam veririk.

Müqtədir dövlət başçısı, böyük alim Əziz Əliyevin, unudulmaz Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, ali dərəcəli həkim, gözəl anamız Zərifə Xanımın məzarlarını Ziyarət edib, qızılgül dəstələrini onların ayaqlarına səpirik. Ancaq bu xiyabandan ayrılmaq çətin olur.

Bir cüt başdaşı əvəzinə qoyulmuş, qara mərmər büstlə yad edilmiş, xalqımızın sevimlisi, xalq şairi Rəsul Rzanın və Nigar xanımın məzarı önündə neçə saat dayanıb fikrə dalıram. Bu sığalsız daş – canlı, daha canlıdır.!

70 illik ömrün işıqlı keçmişi, ağır günün ömrü gözümüzdə canlanır. Heç vaxt onunla ilk görüşümüz, ilk söhbətimiz yadımdan çıxmır. Mən Karqanov küçəsində yaşadığım, kirayə evdən çıxıb o zaman ki, Bakı Dövlət Universitetinin binasına gedən yola çatanda, kitab pasajından az aralı onunla rastlaşdım. O, sol ayağını çəkə-çəkə yavaş-yavaş Nizami muzeyinə tərəf gedirdi. Addımlarımı yenilədib irəli, ona çatdım dönüb mənə baxdı, mənə tez salam verdi. Əslində salamı mən verməli idim. Özümü itirdim, dilim topuq vurdu.

- Vaxtınız xeyir olsun dedim Rəsul müəllim.

- Məni tanıyırsınız ?

- Sizi kim tanımır ki, bütün uşaqlar həm də kitab oxuyanlar, hamı - dedim.

Sonra soruşdum:

- Rəsul müəllim, nə əcəb piyada gedirsiniz ?

- Hə bala, işə gedirəm. Uzaq deyil. Həm də piyada gəzməyi xoşlayıram. Bu sağlamlıq üçün də gərəkdir. Bilirsənmi mən harada işləyirəm ?

- Eşitmişəm. Ensiklopediyada baş redaktorsunuz.

- Elədir, yaxındadır Azneft meydanında, Çkalov küçəsindədir.

- Məndə ADU-nun filoloji fakültəsində üçüncü kursda oxuyuram.

Biz onun iş yerinə qədər piyada gəldik. Pionerlər bağına çatanda, o əli ilə iki mərtəbəli ağ binanı göstərib: - bax o bina mənim iş yerimdir nə lazım olsa utanma gəl dedi.

Biz xudafisləşib ayrıldıq...

Rəsul müəllimlə bu təsadüfü görüşü heç vaxt yadımdan çıxara bilmirəm. Mən ikinci dəfə onunla onun iş yerində görüşdüm. Vaqif Səmədoğlu məni onun otağının qapısını göstərib dedi: - O, gözəl adamdı, utanma nə sözün olsa, çəkinmədən deyə bilərsən. Mən ona öz atam Səməd Vurğun qədər inanıram!

Rəsul müəllimlə sonrakı görüşüm çox çəkmədi. İş axtardığımı bildirdim. O, sanki bir anlığa fikirləşib dedi: - İş məsələsi belədir. Bir çətinlik var. Bizim quruluşda hələlik gündüz oxuyanları işə götürməyə icazə vermirlər. Yoxsa can başla mən səni işə götürərdim.

Mən bildirən də ki, ailə vəziyyətimiz çox çətindir. Mənzil kirayəsini ödəməyə çətinlik çəkirəm. O, əlini cibinə salıb, mənə pul vermək istədi.

Mən isə qətiyyətlə buna razı olmadığımı bildirdikdə o dedi:

Belə bir variantda var. Mənim oğlum Anar “Qobustan” adlanan bir almanax açıb get onun yanına, elə bilirəm ki, sən orada çap olarsan, başqa yerdə işləyib qazandığından orada çox böyük qonorar alarsan.

Bu söhbət mənə daha böyük ruh verdi.. mən elədə etdim.

İndi hərdən fikirləşirəm kaş möcüzə baş verərdi, o böyük şəxsiyyət yuxudan oyanardı. Bu gün ki, həyata, insanlara bir də baxaydı. Belə bir möcüzə baş versəydi dünyanın ən xoşbəxti olardım onda. Mən Rəsul müəllimin şerlərini o vaxtlar da, elə indi də dəfələrlə doymadan oxuyuram.

Rəsul müəllimin 60 illik yubileyi Azərbaycan Dövlət Dram teatrında keçirilirdi. O, məni görən kimi dedim məndə yubileyinizə gəlmək istəyirəm. O, cibindən dəvətnamə çıxarıb mənə dedi: gəl bala şad olaram. Mənim yerim altıncı cərgədə altıncı yerdə idi. O, ailəliklə birinci lojada əyləşmişdilər. Zal yazıçılar, şairlər, elm adamları və mənim müəllimlərim ilə dolu idi. Mən özümü çox xoşbəxt sanırdım.

Dəvətnamənin bir üzündə onun şeri yazılmışdı:

Od nə çəkdi,

Küldən soruş.

Hansı sözüm,

Hansı şeirim

Yaşayacaq məndən sonra,

Mən nə bilim, Eldən soruş.

Əslində düşünürəm ki, bu şeir tək saitin özünə deyil, bütün insanların hamısına aiddir. İstər yaradıcılıqla məşğul olsun, istərsə həyatda istehsalatda çalışsın, ya müəllim olsun, ya tərbiyəçi. Xülasə yaşayan hər kəs ondan sonra xoş sözün sahibinə çevrilməlidir.

Yubiley günündən sonra mən Rəsul müəllim haqqında kurs işi yazmaq üçün Gülhüseyn müəllimdən tapşırıq aldım ona görə şairlə görüşməyi lazım bildim. Görüş zamanı bu böyük insanın gözəl şairimiz Mikayıl Müşfiq haqda bildiklərimi soruşdum.

- Müşfiq odlu, alovlu şair idi. Onun toy mərasimində mən Gəncədə idim. Sonra onunla xeyli vaxt görüşdük, yoldaşlıq etdik, dostlaşdıq. 1933-cü ildə O, 2 aylıq qızını itirdi. Müşfiq ağır xəstələnmişdi. Mən, Nigar xanımla Moskvaya getməli idim. Odur ki, Müşfiqi də özümüzlə Moskvaya apardıq. Ona imkan daxilində kömək etmək istədik.

O, məşhur tarçalan Qurban Pirimovla çox yaxın idi. Ondan tar çalmağı öyrənirdi. Hətta “oxu tar” şeirini də Qurban Pirimova həsr etmişdi. Onu KQB izləyirmiş ancaq heç kim bu işdə Müşfiqə kömək edə bilmədi, Sumbatzadələrin gücü çox oldu, erməni xislətlilər Müşfiqi məhvə apardı. Mən bu haqda çox söz deyə bilərəm, ancaq vacib deyil. Sən get kurs işini yaz! – dedi. Rəsul müəllim !...

Kurs işini Gülhüseyn Hüseynoğlu oxuyub mənə sağol !.. deyib beş yazdı. Buna görə də Rəsul müəllimə ömrüm boyu minnətdar idim.

Yadımdadır ki, Azərbaycan Sovet Ensiklopediyasının xüsusi cildi hazırlanırdı. Rəsul müəllimi Azərbaycan KP MK-ya çağırmışdılar. Mən ensiklopediya binasının koridorunda V.Səmədoğlu və Dürdanə xanımla söhbət edirdim. Rəsul müəllim qapıdan içəri gələndə onun ovqatının yaxşı olmadığını hiss etdim. Şövqü Novruzovla, Araz Dadaşzadə və işçilərdən biri Rəsul müəllimin yanına girəndə o, uca səslə deyirdi. MK-da məni danladılar ki, niyə xüsusi cildə Zeynəb Xanlarovanı salmışıq, böyüklərdən birini unutmuşuq ?. Mən də cavab verdim ki, Zeynəb Xanlarovanın xalq qarşısında xidmətləri böyükdür !. Siz istədiyiniz adam hələ təzədir. İşləsin o, haqda fikirləşərik.

Yaşadığım kirayə evlə bu böyük şəxsiyyət arasında elə bil körpü yaranmışdı. Demək olar ki, o vaxt K.Marks bağı adlanan yerin yaxınlığındakı “Nərgiz” kafesinə çatanda. Onun iş tərəf getdiyini görür, tələsik ona çatmaq, salamlaşmaq qismətim olurdu. Bir dəfə də görüş zamanı soruşdu:

- Bala sən filfakda oxuyursan, hansı yazarları çox mütaliə edirsən ?

- Mən Sizi, S.Vurğunu, S.Rüstəmi, Əhməd Cəmili, Osman Sarıvəlli və Ənvər Əlibəylini - dedim.

- Bəs gənc yazarlar ?

Mənim tutulduğumu görüb dedi:

- Görünür kitabları olmayanları oxumursan, bala. “Azərbaycan” jurnalını, “Ədəbiyyat” və “İncəsənət” qəzetini ümumən qəzetləri də oxu, yaxşı yazanlar var – Əli Kərimi, Fikrət Sadıq, Fikrət Qocanı, Rüfət Əhmədzadəni, Rüfət Zəbioğlunu, Əhməd Elburus da oxu.

Mən "çox sağolun" deyib başımı tərpətdim.

1968-ci ilin Aprelin 18-də “Azərbaycan Gəncləri” qəzetində şair Əli Kərim mənim haqqımda mən gözləmədiyim halda “Yolun əvvəlində söhbət” adlı məqaləsi ilə çıxış etmişdir.

Rəsul müəllimlə görüşəndə o məni təbrik etdi və dedi:

- Şeir yazmağını bilirdim, deməli Əli Kəriminin diqqətini çəkmisənsə bu yaxşı əlamətdir ! Uğur olsun !.

Mən utandım. Onun üzünə baxmaqdan çəkinirdim.

30 iyun 1969-cu ildə Əli Kərim qəflətən dünyasını dəyişdi. Biz onun məzarını Göyçayda dəfn etməli olduq. Rəsul müəllimin göstərişi ilə adı Adil Rəsul, Vaqif, İbrahim və mən Bakıdan Göyçaya kimi cənazə olan yük maşınında birlikdə hüzn yerinə getdik. Bu hüzn mərasimi mənim də ömrümün çox ağır dəqiqələri kimi yadımdan çıxmaz. Xalqımızın böyük oğlu şair Rəsul Rzada ən yaxın adamlarını itirmiş bir şair kimi, əsl insan kimi o anda çox sarsılmışdı. O, Əlinin ailəsinə daima ata qayğısını əsirgəmədi.

Rəsul müəllimin bu sözündən və hərəkətlərindən sonra onun böyük şəxsiyyət olduğunua inandım. Sonralar ondan eşitdiyim bir çox sözlər mənim həyat dərsimə çevrildi. Şairin öz sözləri ilə anlasaq deyərik:

“Möhkəm dayan, insan!”

“Mən sənin etibarlı, dostunam!”

İndi düşünürəm ki, nə yaxşı bu ziyarətə gəlmişəm və nə qədər sağam bu ziyarətə gələcəyəm ! Ruhun şad olsun, ey böyük insan!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə