![]() |
![]() ![]() |
Əslində bütün insanlar igiddirlər...
Öləcəyini bilə-bilə yaşamaq, ölümü gözləyə-gözləyə yaşamaq, edam cəzası almış məhkumlarla elə bir fərq yaratmır... Bir fərq var! Edam hökmü almış insanlar bunu qəbul edə bilmir, dünyanı tutub duracaqlarmış kimi, heç vaxt ölməyəcəklərmiş kimi ölmək istəmirlər... amma adi insanlar ölümü elə adi qəbul edirlər... Ölümün gözünə düz baxırlar...
Ölümün yaşı var... 80, 90 və ya 100 yaşında dünyanı tərk edən insanlara “Allah rəhmət eləsin” deyib, keçmək olur... Gözləmədiyin bir məqamda, heç bir xəstəliyi olmayan insanın dünyanı vaxtsız tərk etməsi adamları çox incidir...
Bir dostumuzun atasına kiminsə ölüm xəbərini verdiklərində “o, elə ölməli adam idi” deyərdi... Elə zamanlar da olurdu ki, “hə, bax o, ölməli adam deyildi” ifadəsini işlədirdi...
Ədalət Ə
sgəroğlu... Həm vaxtsız köçən, həmdə ölməli adam olmayan şair...
Sonuncu dəfə Rəşad Məcidin oğlunun toyunda rastlaşmışdıq... Masamız eyni idi... Yenə qayğılı görünürdü... Elə bil dünyanı ciyinlərinə yükləmişdilər... Rəngli eynəyinin arxasında rəngini itirmiş, solmuş gözləri bir başqa baxırdı...
Çətindir bu həyatda hamı ilə dost olmaq... Çətindir bu dünyada düşmənsiz yaşamaq, düşmənsiz getmək... Amma Ədalət bu çətinliyin öhdəsindən gəldi... Hər kəslə dost olmağı bacardı...
Mən ölümdən qorxmuram! Ölüm haqqında düşünəndə məni hər zaman bir şey qorxudur... Yarımçıq buraxacağım işlər... Tör-töküntü otaq... Mənsiz qalacaq sevimli əşyalarım... Kitablarım... Söz verdiyim, ancaq baş tutmayacaq görüşlər... Planlar... Arzular...
Kaş insanların ölməmişdən öncə heç olmasa bir gün zamanları olaydı... Ölümə hazır gedəydilər... Ən azından otaqlarını yığışdırıb, sevimli əşyalarını yerbəyer edəydilər... Kaş...
Bu gün qapıdan bir bəstəboy, ağ saçlı kişi boylandı otağa...
- Salam... Ədalət müəllim yoxdur?..
- ...
Var!!! Otağın hər yerində, qapının, telefonun dəstəyində, qoltuğun dərisində, kitab rəfində, kitablarda, masanın üzərində, əşyalarda, televizorun qara ekranında...
Var! Qəlblərdə!