Azərbaycanda şeir kitabının tirajı - 500 (beş yüz), Türkiyədə - 1000 (min).
Olsun!
Deməli, təqribən 100.000. 000 (yüz milyon) əhalisi olan iki dost ölkədə mənim vur-tut 1500 (min beş yüz) doğmam var.
Olsun!
Ədəbiyyat - kütləvi qırğın silahı deyil axı, bütün bəşəriyyəti basqı altında saxlasın. Ədəbiyyat, iraq olsun (yenə olsun!), terror təşkilatı da deyil ki, yüzlərlə adamı girov götürə. Ədəbiyyat -insanları təkləyib məğlub eləmək sənətidir.
 Ötən əsrin səksəninci illərində söz divarına kərpic yapmağa gələn Baloğlan Cəlil İdrisi öz yazdıqlarına dəfələrlə məğlub olmağı bacarıb. Onun Azərbaycanda 500 (beş yüz) oxucusu çoxdan var. Hazırda yaşadığı Başqırdıstanda neçədir, yalan deyərəm. Baloğlan Cəlil Türkiyədəki 1000 (min) şeir sevdalısını təkləmək istəyir. Amma tərcümə işi belədir ki, heç bir yazar başqa dildə orijinaldakı kimi arın-arxayın oxucunun üstünə gedə bilməz. Onun qabağına düşən lazımdı. Çünki özgə dil - yad evdir. Hətta qardaş türk dili, türk evi olsa belə. Ona görə yanında İmdat Avşar sanbalında bələdçi olmalıdır. İmdat bəy etibarlı adamdı, dilin döngəsini, uçurumunu tanıyır, mətni qurd-quşa yem eləməz. Özü də “Qürbət türküləri” mətnini. Baloğlan Cəlil illərdi Başqırdıstanda yaşayır - Azərbaycandan qürbətdə. Şeirləri Türkiyədə basılacaq - Başqırdıstandan qürbətdə. Bu, onun taleyiymiş.
 Yatıb yuxuda da özünü ulduz görməyən Baloğlan Cəlil İdrisidən indiyəcən yazdıqlarımın arasına ulduz qoymaq istəyirəm...

 * * *
... Əvvəlcə “World political”da Lənkərandan Ufaya qədər məsafəni ölçmək istədim, üçüncü barmağım Permin gözünə girmişdi, az qala; iki barmaq yarım elədi mini-xəritədə Azərbaycan - Başqırdıstan arası, barmaqlarımın arasından baxanda gördüm Baloğlan Cəlil İdrisi neft qoxuyan yerləri çörək ətri gələn diyara dəyişib.
İndi mən - Baloğlan Cəlil İdrisi
Bir-iki söz yiyəsi
Yalnız və yalqız
Qürbətdə
Oğlanlarım üçün yaşayır
O qız üçün yazır
Vətən üçün ölürəm...
 Halbuki o, böyük şair ola bilərdi. Ta Füzuli boyda yox, amma Molla Pənah Vaqifə şübhəm yoxdu; ən azı ona görə ki, cənublu Baloğlan da qazaxlı Vaqif kimi Azərbaycan ədəbiyyatında nadir hallarda rast gəlinən üçadlı şairlərdəndi (hərçənd Vaqif Cəbrayılzadə Bayatlı Önər Odər hələlik beşadlı yeganə qələm adamı kimi sələf və xələflərinə adqoyduda heç bir şans vermir).
Sonra götürüb onun SMS-lərini bir də oxudum. “Sənə balzam göndərirəm, təmiz başqırd malıdı, otlardan hazırlanıb. Əsəbin dərmanıdı. Arağa, ya da kofeyə qatıb iç”. İki il əvvəlin SMS-idi. Göndərdiyi balzam o vaxtdan servantın gözündədi. Ağzını da açmamışam. Hərdən gözümün ucuyla baxıram, əsəbim soyuyur. O gün evdəkilər dedi ki, at onu, vaxtı keçib. Hirsləndim. Çünki ona baxmaq mənə dinclik gətirir. Həm də mal yiyəsinə oxşayar. Baloğlan özü də ağzı açılmamış balzam kimidi.

 Mən adı yuxarılarda
Səslənməyən adi bir şair oldum,
Adi bir şair.
Məni nə televiziya dəvət edir,
Nə də Milli Məclis.
Bir-iki şair dostum
Tanıyır məni
Bir də ki, o qız-
Sevdiyim qız...

 Axırda gələk mətləb üstünə. Mənə yolladığı son şeirləri (çaşıb bir yol balzam göndərməyinə baxmayın, şairin hədiyyəsi elə şeir olar) stolumun üstündədi. Bəzi misraların altından iki xətt çəkmişəm.

Məsələn:

Ağaclar günəşi görsünlər deyə,
Gözünün üstünə qoyub əlini...

Yaxud:

Ey mənim unudulmaz cənnətim!
İstəyirsən lap cəhənnəmim ol,
Amma uzaqda olma,
Canımda, qanımda ol...

 Bax, bu iki xətti iki dəmiryol relsi kimi götürüb “World political”ın üzərinə qoyuram. Ufadan Lənkərana əla dəmiryolu xətti alınır. Özü də Xəzərin üstüylə. Baloğlan bu xətlə əvvəl Lənkərana dönür, ata ocağını, ilk sevgisini yad eləyir, sonra Sumqayıta gəlir, ailəsinə baş çəkir, nəhayət, növbə bakılı dostlarındı. Əlli yaşını birlikdə qeyd eləyirik. Amma onun şeirlərinin özü müəllifini təbrik eləmək gücündədi. Dostları buna inanırlar. Əlli ildə bir kərə ad günü keçirməyən Baloğlan Cəlil vətənə gələr, inşallah, yığışıb onu da inandırarıq (2009-cu il)...

 

* * *

 … Baloğlan Cəlil Ufadan bir neçə şeir göndərib. Şitil kimi. Baloğlan şeiri doğmur, əkir. Bu şitillər mətbuatda böyüyüb ağac oldular bəlkə. Əgər “Qara çəkmələr”in kölgəsi qoysa.

 …Yoldan keçənlərin boynunu qıran
Çiçəkli köynəyin cənnət bağıdı.
Qışın at çapdığı bu qarlı gündə
Qara çəkmələrin bahar çağıdı.

Baloğlan vaxt tapandan-tapana şeir yazır. Amma bu şeirləri diqqətlə oxuyanda vaxtdan özgə şeylər də tapmaq mümkündü (2011-ci il)…

 * * *

 - Burda şeir oxumağa adam yoxdu...

Telefonda elə canı-dildən gileylənir ki, uçub yanına getmək istəyirsən. Baloğlan Cəlil şeirini oxuyub bitirən kimi də geri dönmək! Türkiyədə onu çox adam oxuyacaq. Buna inandığım üçün dostumu qabağa verdim. Tezliklə özüm də türklərin görüşünə gələcəm. 1000 (min) adamı təkləyib məğlub eləmək üçün...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə