Bu yazını oxuyandan sonra bəlkə də çoxları düşünər ki, mən heyvanları sevmirəm. Yox, mənə görə heyvanlar da təbiətin bir parçasıdır, mən isə təbiəti sevirəm.

Amma mən heyvanları, xüsüsilə də iti evdə saxlamağın əleyhinəyəm. Ağlım kəsəndən iti həyətdə görmüşəm. Gündüzlər bağlayardılar ki, ziyanlıq etməsin, amma gecələr açardılar.

 

...O gün evdə saxlanan bir it gördüm. İlk dəfəydi ki, it saxlanan evdə olurdum, yəni evdə it görürdüm.

Tanış bir qadın var, Azərbaycanlıdır, amma uzun illər Amerikada yaşayıb. Həyat yoldaşı iranlıdır. Uşaqları olmayıb, uşaq evindən qız götürüb saxlayıblar, sonda qız onlara qarşı nankorluq edib. İndi o qadın köçüb gəlib Bakıya, burda yaşayır.

Amerikada olanda bir it alıb. Özünün dediyinə görə 5 min dollar pul verib bu balaca itə. İtin Bakıya gəlib çıxmağı isə 2 min dollara başa gəlib.

...Hə, o gün həmin tanış qadın zəng etdi ki, iş üçün hansısa şirkətə ərizə forması doldurmaq lazımdır. İngiliscə bilsə də qrammatik qaydaları yaxşı bilmir. Xahiş etdi ki, onlara gedim, elə onun komputerində bu işi görək. Bilirdim ki, iti var. Dedim ki, qorxuram itdən. Nə vaxtsa məni it tutub, ona görə az qala itin şəklindən də qorxuram. O məni arxayın etdi ki, onun iti körpə uşaq kimidir, heç nə edən deyil...

...Qadın qapını açanda balaca bir it mənə tərəf gəldi, əvvəlcə elə bildim ağ pişikdir. Amma bu it idi, amma pişik boyda. Sahibi ingilis dilində “ stop” deyən kimi başını aşağı salıb getdi. Bu it hürən, adamı dişləyən itə bənzəmirdi. Bir azdan itin həyat tərzi ilə tanış olandan sonra inanın ki, o itə yazığım gəldi.

Yadımdan çıxıb deyim ki, bu itin pasportu var, adı Maltestdir, sahibəsinin familiyasını daşıyır. 2007 –ci ilin avqustun 15 –də dünyaya gəlib. İtin adı Maltest olsa da sahibi onu Diamond ( Briliyant) çağırır. Yadıma yerli itlərimizin adları düşdü. “ Qızıl”, “ Gümüş”...Brilyant adlı it yadıma düşmür. Bəlkə bu o səbəbdəndir ki, keçmişdə camaat hələ briliyantın nə olduğunu bilmədiyi vaxtlarda bizim ölkədə qızılı, gümüşü ən qiymətli daş biliblər. Bir fərq də var ki, yerli itlərin adları rəsmiləşdirilmir-onların adları şıfahi olur, yazılı yox.

...Yeri gəlmişkən, kənddə olanda kimsə nədənsə iyrənib yeməyəndə deyərdilər ki, niyə yemirsən, yoxsa it dəyib. O qadının evində necə deyərlər, hər yerə, hər şeyə it dəymişdi. Evdə uşaq necə hərəkət edərsə bu balaca it də eləcə sərbəst hərəkət edir. Xüsusi yemək qabları, neçə çomadan pal-paltarı, bahalı şampunları, sabunları, darağı, ətirləri var bu balaca itin.

Sahibəsi ilə eyni çarpayıda yatır. İnsan kimi üstü örtülür bu itin. Mən orda olanda divanın üstündəki balışın üstünə uzanıb yatdı. Üstünü də sahibəsi örtdü. Mənə görə o it bekarçlıqdan yatdı, yorulduğuna görə yox.

Sən demə, heyvanların da xüsusi dəlləyi olurmuş. Bu itin üstündəki tüklər qırxılıb, az qala qıpqırmızı dərisi görünür. Dırnaqları pedikür edilib. Sanki it yox oyuncaqdır.

Hər il avqustun 15- də bu itin ad günü qeyd olunur. İtin 5 yaşı Ammerikada qeyd olunub xüsusi bir parkda. Qabaqcadan sifariş veribrlər ki, o itin cinsindən olan itlər ad gününə təşrif gətirsin...Daha təfərrüatına varmadım ki, ad günündə itlər nə yeyib, bəlkə spirtli içki də içiblər, rəqs ediblər. Nə bilim.

O itin yaşadığı ev mənim kimi hər kəsə qismət olmayan bir evdir. Evdə 3 hamam -tualet var. 6 otaqlı bu evdə it nə istəsə onu da edir. Amma mənim o itə yazığım gəldi. Mənə görə əgər bir it hürmürsə it deyil. Fərqi yoxdur ki, hansı cinsdəndir. İtin adı itdir. İt sümük axtaranda itdir. İt çöldə-bayırda pişiyi qovar, özünün it tay-tuşları ilə lazım gələndə birgə hürüşər. İt insanla birlikdə yox, itlə bir yerdə yaşayar. Eşitdiyimə görə, evdə heyvan saxlayanda həm dişisini həm də erkəyini saxlamalıdırlar. Çünki onlar ən azı fiziki varlıqdır, onların da dünyaya bala gətirmək haqqları var. Mənim qəhrəmanım it isə yeganə heyvandır o evdə. Onun erkək “dostu” yoxdur. Heyvanları əhliləşdirmək əslində onları insanlaşdırmaqdır. Əgər it insan yeyən yeməkdən yeyirsə, insan kimi yeməyi qabda yeyirsə, insan kimi hamamda çımıb məhrəba ilə qurulanırsa artıq o it deyil. İt hamamda çimməz, yağış yuyar itin kir-pasını, hansısa arxa-bərəyə girib silkənər, belə çimər it. İt döşəkdə yatmaz, it samanlıqda yatar. Kim deyirsə ki, itlər üşüyür, düz deyil. Tanrı onları elə yaradıb ki, yağışa, qara, soyuğa, küləyə dözə bilirlər. İtin tükü qırxılmaz, o tük onun paltarıdır. İtin tük paltarını qırxıb insan kimi paltar geydirmək o iti gülünc etməkdir məncə. İtin dırnağı nəinki pedikür edilməz, heç tutulmaz da. İtin dırnağı torpağı eşər, itin caynağı olar.

O itə yazığım gəldi, o it gündə iki dəfə həyətə aparılır ki, “ tualet”ə getsin. Bu it istədiyi vaxt tualetə gedə bilməz. O itin dili olsa sahibinə yalvarardı ki, ona çöldə -bayırda gecələməyə imkan versin.

...Hələ heç vaxt belə yaxından it gözlərinə baxmamışdım. İnanın ki, o itin gözləri kədərli idi. Kim bilir, bəlkə də hiss edir ki, başqa ölkədədir. Bəlkə bu yerlərin havası düşmür ona. Bəlkə o Amerikada olanda onun gözləri belə kədərli deyilmiş...

....Artıq mənim evə gəlmək vaxtım idi. Qadın məni liftə qədər ötürmək üçün qapını açanda kaş o iti görəydiniz...Sevindiyindən atılıb –düşürdü. Sahibi itin başına halqanı salıb ipin bir ucunu da əlində saxlayıb qapını açdı.

O it bir neçə dəqiqəliyə də olsa it həyatı yaşayacaqdı başı bağlı olsa da...

...Amerikalı Diamond bizim ölkədə qəribdir...Onun burda it tanışı yoxdur, onun uşaqlıq illəri bu ölkədə keçməyib. O it kədərlidir, çünki öz həyatını yox, insan həyatı yaşamağa məhkumdur. Bir sözlə, o it həbs olunub bir qadının heyvanlara olan sevgisinə.

  P.S. “Dog” ingilis sözüdür. Mən bu sözün yalnız bir mənasını bilirdim. Lüğətə baxdım ki, “dog” sözünün başqa mənası var ya yox. “To dog” feli var ki, bunun da tərcüməsi” kimisə aramsız izləmək”-dir. Bu mənada it “izləyən, arxasınca gəzən” mənası da verir. Mənim “qəhrəman” ım it isə kimsənin ardınca gedə bilmir, kiminsə arxasınca düşüb izləyə bilmir. Artıq o “dog” deyil, nə qədər kobud da çıxsa onun sahibəsi “dog”dur, o iti hər an izlədiyinə görə...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə