![]() |
![]() ![]() |
Uşaqlıqda nə vaxtsa otuz-qırx yaşımızın olacağı ilə bağlı elə heyrətlənirdik, elə həvəslənirdik, elə darıxırdıq, əlli il sonraya elə uzun baxırdıq ki, elə bil böyük bir əlli il lazım olacaqdı bu yaşa çatmaq üçün... sən demə, burnumuzun dibindəymiş... “gizlənqaç” oyunlarında gözümüzü yumub-açana kimi qırxı haqladıq. İndi səksənə elə baxmıram, bilirəm ki, budu buradı, təxminən “İçəri şəhər” metrostansiyası ilə “Qız qalası” məsafəsində. Hərçənd səksən yaşa ucalmaq hər adamın işi deyil. Mənimlə bu səksənin arasında yenə də böyük bir qırx il dayanır... Yaşadığım qədər də yaşamalıyam hələ, gücüm çatsa. Hələ özümü bu qırx yaşda yüz səksən yaşlı adam kimi hiss etməyimdən danışmıram. Yəqin elə buna görə rəhməlik Viktor Hüqo “qırx yaş, gəncliyin yaşlılığı, əlli yaş, yaşlılığın gəncliyidir” fikrini kəşf edib.
Dostlarım qırx yaşıma qədər saçlarımın ağarmamasına çoxlu zarafatlar edirdilər. Biri deyirdi, yəqin xına qoyursan, o biri deyirdi, rəngləyirsən. Özlərinin saçları tez ağarmışdı deyə, mənim paxıllığımı çəkirdilər. Mən də hər dəfə bu zarafatlara elə zarafatla cavab verirdim, deyirdim, mənim nə yaşım var ki, saçlarım ağarsın. Vicdansızlar deyə-deyə saçlarımı ağartdılar. Bir dəfə güzgüyə baxanada gördüm bir dənə ağ tük var qulağımın dibində. Bu təxminən anamın ağır xəstəlikdən əziyyət çəkdiyi vaxta təsadüf edirdi. Başladım onu əzizləməyə, qoruyub – saxlamağa. Hələ özümü nümunə də göstərirdim ürəyimdə, deyirdim dostlarımın başında bir tük ağarmış olsaydı, dartıb qoparardılar bəlkə də, halaldı mənə. Sonra bir dəfə də baxanda gördüm hər qulağımın dibində üç-dörd tük ağarıb. Bu da təxminən anamın dünyasını dəyişdiyi vaxt idi... Anladım ki, hər ağaran tükün bir mənası var və bu “mənalılar” hərəsi bir əzabdan, əziyyətdən, itkidən ilhamlanırlar. Lap elə qanla qidalanan həşəratlar kimi. Bizi sümürdükcə, kökəlirlər, uzanırlar, ağarırlar... arada istədim başımdakı tükləri sayım. Görüm məni nələr gözləyir, görüm bu saçları rəngləyib bitirmək üçün nələr çəkməliyəm, nə qədər yol qət etməliyəm. İki min, üç min, beş min... məlum oldu ki, başımızda iki yüz əlli, üç yüz min tükümüz var. Bircə düşünməyin ki, həqiqətən saçlarımı sayıb, belə bir rəqəm əldə etmişəm. İnformasyia texnologiyalarının səxavətindən yayarlandım. Belə yerdə bəlkə də keçəllərə həsəd aparmaq da olar, ən azından hər gün ağarmış saçlarıyla üz-üzə qalmırlar.
Səksən yaş və ondan daha çox... Əminliklə deyə bilərəm ki, çox qurbanlar, çox fədakarlıqlar tələb edən yaşdır. Bütöv bir saçı ağartmaq... necə böyük ürək tələb edir, ilahi. Səskəsn il millətin dərdini çəkməkmi olar... Adamın ürəyi partlayar. Bəlkə elə buna görə o ürəyi yardırmaq da varmış qismətində?.. elmi araşdırmalar sübüt edib ki, saç ürəkdən qidalanır... deməli əzablarla, əziyyətlərlə, itkilərlə ağarmış saçların ürəkdə izləri var. Görən həkimlər bildilərmi kimin ürəyini yardıqalarını, görən bildilərmi onlara hansı ürəyi etibar etmişdik, görən gördülərmi o ürəkdə nələr yatır, kimlər yatır...
Bir dəfə əlinə bir kaset düşüb... əlli illik yubileyinin kaseti imiş sən demə... deyir, baxanda gördüm kimlər varmış orda, indi bir-iki nəfərdən başqa heç biri yoxdur... bu sözləri deyəndə cam çərçivələrin arxasındakı gözləri ələ vermişdi saçlarının sirrlərini...
Onu yaxşı tanıyan bir dostum demişdi ki, guya saçlarını heç vaxt daramır... elə səhərlər bir tumar, bir sığal çəkir, vəssəlam. Deyirəm bəlkə, qorxur aynaya baxmaqdan?.. itirdiyi doğmalarını, itirdiyi dostlarını görməmək üşün baxmır saçlarına? Bəlkə elə tumar çəkmək də bir sirrdir... belə bir salamlama - əzizləmə edir bəlkə itirdiklərinə... bəlkə də...
Hərdən elə fikirləşirəm ki, belə səksən olmaz... ya da heç özü də bilmir hansı yaşdadı... Bəlkə də səkkiz yüz yaşı var. Bəlkə də on dəfə “gedib-qayıdıb”... Bəlkə üç dəfə Yusiflə, beş dəfə Vaqiflə dərdləşib... Ziyayla öpüşüb, qucaqlaşıb... Rasimlə çay içib, yeriylə-yuduyla maraqlanıb, rahatlığından əmin olub... atasına, anasına sarılıb bərk-bərk... buraxmaq istəməyib o Anı, o Anları... "An dayan, sən nə gözəlsən!"
Yox əfəndim! Ya mən özümü təkzib etmək məcburiyyətindəyəm, ki, səksən yaş burnumuzun dibində deyilmiş, dünyanın o başında və yaxud Mauna Kea zirvəsindəymiş, ya da onun həqiqətən səkkiz yüz yaşı var. Və biz heç vaxt o yaşa çata bilməyəcəyik.
Bir dəfə xarici səfərlərin birində, səfərin sonuncu günü, axşam yeməyində səfər yoldaşlarımız arasında 21 rəqəmiylə bağlı şirin bir mübahisə yarandı... dostların bu şirin mübahisəsinə kənardan maraqlı təbəssümlə tamaşa edirdi... gördü ki, mübahisə qızışır, dedi, yaxşı, qaldırın bu sonuncu qədəhləri də o sağlığa içək ki, 21 il sonra, yenə bu məkanda, bu heyətlə oturaq... hamımız gülüşdük... mübahisə gözəl bir sonluğa vardı.
Ürəyimdən möhkəm bir “amin” sədası yüksəlir hər gün... Biz nə qədər tez-tez görüşsək, nə qədər uzun illər sonra yenidən və yenidən görüşsək, bizim xeyrimizədir. Ruhumuz ağ saçların simfoniyasından qidalanar, tarixə, dəyərə toxunmuş olarıq. O zaman, özü yazdığı kimi, “Mütləq görüşərik”!
Deyəsən, bu, mətbuatda dərc olunan ilk məktubumdu. Düzünü desəm, uzun müddət “açıq məktub” janrının mahiyyətini tam anlamırdım. Axı “məktub” sözünün özündə bir gizlilik var, kağızın zərfə qoyulması da təsadüfi deyil... Məktubdursa, orda yazılanlar yalnız ünvana aiddir. Elə isə məktubu açmağın, hamının oxusuna çıxarmağın adı nədir?!
Mən bu qeydləri sadə bir sualla başlamaq istəyirəm: tənqidçi kimdir və o, özünü necə təsdiq edir (ya da etməlidir)?
Nəsimi heç vaxt belə müşkülə düşməmişdi. Nə sağlığında, nə edamından sonra. 600 yaşı bitəbitdəydi. Bu uzun ömrün o, vur-tut 48 ilini yaşamışdı. Əgər “yaşamışdı” sözü dünyada rahatlıq, firavanlıq görmək mənasında düşünülsə, onda Nəsiminin ömründəki belə illərin sayı lap az götürülməlidir.
Xalqa inanmadan onun sənətkarı olmaq olmaz. Sən özün ona inanmırsansa, onda özünə necə inam yarada bilərsən? Buna görə də sənətkarın gözləri xalqın uğursuzluğunda belə uğurlu bir iz görməyə qadirdir. Bu onu qaldırmaq üçün istinad nöqtəsi olacaqdır... Xalq özünü geri qaldığı üçün lağa qoymur. Bu, ümidsizlikdən başqa nə verir? Böyüklüyünə ümid yaradılmamış kiçikliyinə gülməklə insanı düzəltmək olmaz.
Xudu Məmmədov
Müasir Azərbaycan ədəbiyyatşünaslığının qarşısında duran mühüm vəzifələrdən biri milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik inkişaf yolunun sistemli şəkildə dövrləşdirilməsinin elmi təsnifatını hazırlamaqdan ibarətdir.