Son xəbərlər

 

"Mən tarixin səhviyəm. Dövr qorxuludur, vahiməlidir. Bizi bütün utopiyalardan məhrum ediblər və bütün illüziyalarımız əlimizdən alınıb. Artıq heç bir sual yoxdur, cavablarsa nə qədər desən var".

H.Krausser

 

Müharibə haqqında düşünürəm. Daha doğrusu, müharibə və ədəbiyyat haqqında. Hələ də ruhumuzda gəzdirdiyimiz müharibə ağrısının ədəbiyyatlaşan, ədəbi fakta çevriləcək ünvan və zamanına şahid olacağımı güman edirəm. Müharibənin izlərini bədənlərinin müxtəlif əzalarında gəzdirən insanların müharibədən sonrakı yaşamı, ruhi gərginlikləri mövzunu hər zaman diri saxlamağa imkan verir. Qarabağ savaşının içində olan insanların bir qismi şəhid oldu, bir qismi əsir düşdü, bir qismi də sağ olsalar belə daxilən sevinməyə, həyatdan zövq almağa qadir deyillər artıq. Çünki onların yaddaş hücrələrində, ruhi dərinliklərində müharibənin qranat oskolları kimi qorxulu qalığı dolaşmaqdadır. Bu qorxu onların sabaha aparan yolla aralarına əbədi sədd çəkib. Ədəbiyyat nə vaxtsa bu hisslərin yüksək ifadəsini verəcəkmi? Bilmirəm. İndi o illərdən bizi uzun zaman ayırır. Belə mürəkkəb, ziddiyyətli, xaotik bir dövrün fəci sonucları haqqında illər sonra bəhs etmək yazardan böyük həssaslıq tələb edir. Qarabağda, müharibədə olmayan, taleyindən bu ağrını keçirməyən yazıçının müharibə mövzusunda əsər yazması çətinləşir. Yazıçının beynindəki yaddaş lövhələri dil açıb danışmadıqca, yazdıqları süni təsvirdən, deklamasiyadan, sxematik yanaşmadan o yana getmir. İstisnalar isə həmişə olur. Bu yaxınlarda Esmira Məhiqızıdan oxuduğum bir şeir parçası bu istisnalardan oldu. Şeir mənə düçar olduğumuz Qarabağ savaşının bədii mətndə ifadəsinin ən dolğun nümunəsi kimi göründü. Dərk elədim ki, müharibədə olmadan da müharibənin acılarına, həssas məqamlarına varmaq mümkündür. Bu duyğu varsa, kiçik şeir parçasında belə bir romana sığdırıla bilən estetik siqləti ehtiva etmək olar.

Yağılar Laləni meşədə tutdular 12 yaşında...

bir parça uşağa zülm elədilər qışın sazağında,

qardaşı özündən qabaqda qaçırdı, bilmirdi hara?

Amma hara qaçırdısa...

Lalənin səsi gəlirdi qulaqlarına: - Qaqa... qaqa.

qaqasının 8 yaşı varıydı, qaqası

            çox uşağıydı, çox aciziydi.

Lalənin səsinə səs verə bilmədi,

            Laləyə kömək edə bilmədi.

qaçdı dona-dona, qaçdı qorxa-qorxa.

Səslər yenə gəlirdi: - Qaqa... qaqa.

get-gedə səslər uzaqda qaldı.

səslər uzaqda qaldıqca Lalə uzaqlarda qaldı.

Lalə uzaqlarda qaldıqca illər uzaqda qaldı.

illər uzaqda qaldıqca nələr uzaqda qaldı.

və... böyüdü Lalənin qaqası,

böyüdü qulaqlarında Lalənin səsi,

ha qapadı qulaqlarını kəsilmədi bu səs,

hələ də gəlir, gəlir... yüksəlir bu səs,

qalxır dalğa-dalğa, qalxır damğa-damğa:

Qaqa... qaqa

İndi...

Bizim bazarın tinində bir dəli oğlan dilənir,

nə vaxt baxsan veyil əlləri havada yellənir.

Öz-özünə nəsə deyir, nəsə söyləyir,

Lalə boyda qızları görəndə saçını yolur,

            üzünü sillələyir.

Hər gün şəhadət barmağını ürəyinin başına sıxıb

özünü güllələyir.

Qışda palçığın, yayda toz-torpağın içinə yıxılır.

yanır, yanır, yaxılır.

Dəli kimi uzaqlara boylanıb kimiysə çağırır:-

Qaqa... qaqa

qaqası yoxdu onun amma...

onun bircə bacısı varıydı Lalə adında.

Esmira Məhiqızının şeiri məni çoxdan geridə qalan, amma beyinlərimizdə, ruhumuzda hələ də davam edən 90-cı illərin məşum günlərinə aparır. Nobelli yazar Svetlana Alekseyeviç "müharibənin qadın üzü olmur" - deyir. Bəs uşaq üzü? İsa İsmayılzadənin çox sevdiyim "Güllələr demədi" şeirini xatırlayıb sualıma əlüstü cavab tapıram. Yox, heç uşaq üzü də olmur bu lənətə gəlmişin.

 

Getdilər, getdilər Berlinə sarı,

getdilər, getdilər ölümə sarı.

Güllələr demədi: geri qayıdın.

Lülələr demədi: geri qayıdın,

qəlpələr demədi: geri qayıdın,

hələ uşaqsınız, nə yaşınız var…

 

Esmira Məhiqızı  bu şeiri ilə müharibənin  obrazını tünd boyalarla təsvirə gətirir, onun yaddaşını psixoloji çalarlarla  poetik müstəviyə proyeksiyalayır.  Müharibə … bir uşağı dəli edir, o birini şəhid. Bu şeirin ecazından asanlıqla ayrılmaq olmur. Şeir bitir, sənin qulaqlarından "səs"lər çəkilmir. "Qaqa, qaqa"…   və bir də bura əlavə olunan obrazlar. Səsin bir insan həyatına gətirdiyi fəci sonluq - dəli olmaq səviyyəsi. Poeziya budur, zatən. Şairin yaşantılarından keçib orda öz hisslərini, duyğularını tərpədən iztirabı duymaq, duya bilmək.

Çağdaş şeirimizin uzun illərdir çöküş ovqatına köklənmiş ruhu müharibənin real acılarının inikası prosesində nədənsə təsir yaratmağı bacarmır. Nə özü düşür bu təsirə, nə də oxucunu sala bilir. Bu şeirin gücü müharibə mövzusunda susqun qalmış ədəbiyyatımızın önünə keçib danışmağa çatacaq qədər çoxdur. Solğun bir ruhla çəkilən Qarabağ həsrəti, pafosla aşıb-daşan savaş səhnələri, qurama və gülünc ağrıların hakim olduğu "ədəbiyyat" səhnəsində tək bu şeirlə acının ortasında dayanmaq olar.

 

Bizim bazarın tinində bir dəli oğlan dilənir,

nə vaxt baxsan veyil əlləri havada yellənir.

Öz-özünə nəsə deyir, nəsə söyləyir,

Lalə boyda qızları görəndə saçını yolur,

            üzünü sillələyir.

Hər gün şəhadət barmağını ürəyinin başına sıxıb

özünü güllələyir.

 

Müharibə budur, cənablar! V.Şnurre yazırdı ki, "Osvensimdə baş verən dəhşətlər hərfləri, sözləri, təsəvvürləri, hətta simvolları dəyişdi, çünki gerçəklik daha onlardan istifadə etməyə imkan vermir".  Bəli, müharibə simvollarla işləməyə yer tanımır. Onun öz "simvolları" - işarə və rəmz gerçəkliyi var. Bu gerçəklik ancaq və ancaq insan həqiqətinin yüksək bədii ifadəsində təzahürünü tapmalıdır.     

Esmira Məhiqızının şeirində ön və arxa cəbhənin əzabı harmonik bir düzəndə çulğaşır. Müharibə amili mənəvi-psixoloji problem kimi qoyulur. İnsan həqiqətinin yüksək bədii dərki nöqteyi-nəzərindən amma. Həm düşmənin insanlığa sığmayan mahiyyətini bütün çılpaqlığı ilə bəyan edərək məhv olmuş uşaqlığın - gələcəyin portreti var burada, həm də onun fəci və dramatik gerçəklərinin. Bizi  Lalənin  fəci durumu sonsuz uçurumun dibinə yuvarladır. Tək Lalə yox ki… Onun timsalında Qarabağda əsir düşən qadınların, olmazın əzablara düçar edilən uşaq və böyüklərin nisgili, harayı. Bir də arxa cəbhənin obrazı şəkillənir şeirdə. Müharibəni içlərindən keçirənlər psixoloji sarsıntılar səbəbindən cəmiyyətə adaptə ola bilmir artıq. Çünki müharibə gələcəklə bağlı heç nə vəd etməyən gerçəklikdi.  Əksinə, var olanları belə bir toxunuşla silir. Yalnız səslər qalır müharibədən bu yana. Müharibə səslərlə doğulur, onunla yol yoldaşı olur sonadək. Dava bitər, insanın içindəki qürub edən taleyin üsyan səsi çəkilməz amma. Yaşanmamış ömrə, yarımçıq qalmış taleyə,  puç olmuş xəyallara etirazdır bu səslər.     

Müharibə - insanlığın şəxsi faciəsi kimi dərk olunur şeirdə. Burada Qaqa obrazı həm də müharibəni ömürlərindən keçirən uşaqların obrazıdı. Keçmiş itib, gələcək isə görünmür. Ruhi travma öz sözünü deyib artıq. İnsan zehnində və yaddaşında xoşagəlməz fəsadlar, ağrılı-acılı xatirələr, sağalmaq bilməyən mənəvi yaralar buraxıb. Esmira Məhiqızı oxucunu həm də məlum məsələlərə yönəldir, onların qarşısında gələcəyə ünvanlanmış suallar qoyur. Gənclikdən məhrum, qəlblərində dözülməz kədər, mənəvi-fiziki ağrı gəzdirən nəslin adından danışan ingilis yazıçısı Riçard Oldinqton da "Lap tutaq ki, biz sağ qaldıq. Bəs biz yaşaya biləcəyikmi?" - deyərək sual qoyurdu. Buna cavab tapmaq üçün E.Məhiqızı müharibənin dağıdıcı gücünü  bir hadisə və insan taleyi üzərində ədəbi təcrübədən keçirir. Lalə və onun səsi Qaqasının heç cür qurtula bilmədiyi kölgəsi kimidir. Şair bu iki uşağın simasında müharibənin bütün dəhşətlərini, ondan daha dərin, ağrılı olan nəticələrini göstərə bilmişdir. Zaman keçir, lakin müharibənin dəhşətlərini görmüş və içdən yaşamış bu qəhrəman keçmişin ağrısından yaxa qurtara bilmir. Niyə? Elçinin "Mahmud və Məryəm"ində şah yanıqlı səslə oxuyan müğənniyə "Sənin o dağlarda ürəyin qalıb", - deyərək o yanğının hardan nəşət tapdığını arifanə əda ilə anladırdı. Bu şeirdəki Qaqa obrazının da ürəyi həmin o dağlardadır. Bacısının qulaq deşən harayındadır. Bu səsin təqibi altında yaşamaq olmaz, bu səsin təqibi altında bir də xoşbəxtlik nədir, bilmək olmaz. Bu səsin təqibi altında ancaq dəli olmaq olar. Esmira Məhiqızı milyonlarla insanı həm fiziki, həm də mənəvi cəhətdən məhv edən, onun içində yaraya, ağrıya çevrilən müharibəni bütün əzəməti ilə iki şəxsin həyat dramında ifadə etməyə nail olur.

 

və... böyüdü Lalənin Qaqası,

böyüdü qulaqlarında Lalənin səsi.

           

Bu gün bizim ədəbiyyatın Qarabağa münasibəti bu iki misranın hüdudlarında çaba etməlidir. Qulaqlarına çox uzaqlarda qalan Lalələrin səsi gəlməlidir daim. "Böyüsə" və illər uzaqda qalsa belə… Çünki savaşımız hələ bitməyib!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə