(Arif Əmrahoğlunun əziz xatirəsinə)


Ləntə gəlmiş iyul ayına qədər...

Tez-tez mənim otağıma baş çəkirdi... hal-əhval tutduqdan sonra işlərimi soruşurdu... və sonra təsəlli verirdi... “darıxma, hər şey yaxşı olacaq. Hər şeyi qaydasına salacağıq. Sayt məsələsini də həll edəcəyik. Sən işlərin üstündə bərk dayan”... bir də hər dəfə eyni iradını deyirdi mənə, demək olar ki, hər gəlişində... “otaqda siqaret çəkmə, bu daha çox ziyandı sənə. Əvvəllər mən də kabinetdə çəkirdim, amma sonra dəhlizdə çəkməyə başladım. İndi həm ziyanı az olur, həm tez-tez çəkmiş olmuram, həm də arada oturduğum kreslodan qalxıb hərəkət etmiş oluram”... Əməl etməyə çalışırdım, amma alınmırdı... mən yenə də kabinetdə çəkirdim siqareti... hər siqareti yandıranda isə onun iradı düşürdü yadıma... və özümü danlaya-danlaya tüstülədirdim.

 

Lənətə gəlmiş iyul ayına iki ay qalmış...

Yazıçılar Birliyinin səksən illiyinə həsr edilmiş “Səksəninci səhifə” filminin ssenari müəlliflərindən biri idim... Günay Novruz və mən. Səlim Babullaoğlunun və Məqsəd Nurun məsləhətçiliyilə Azad Azərbaycan kanalı çəkirdi filmi. Hər kəsi çəkmişdik amma ondan başqa... kaş əzrayılın da yadından çıxaydı... unutmuşduq onu... Həmin gün işdə olmadığından onu çəkmək ağlımıza gəlməmişdi... mənə ən ciddi iradı bu oldu... amma tez də könlünü almağı bacardım. Filmin o hissəsini yenidən lentə aldıq. Və mən heç vaxt ağlıma gətirə bilməzdim ki, bu onun sonuncu lent yazısı olacaq, bu film ondan son yadigarımız olacaq. Sonradan filmə baxdıqda isə heyrətə gəldim... heç bir səbəb olmadan, mövzuya yad olsa da qəfildən bir söz işlədir... “mən qorxardım ölümdən, əgər məndən sonra yeni nəsil gəlməsəydi”... Sən demə, getməyə hazırlaşırmış... sən demə, aşiqi olduğu ədəbiyyatla, doğma evi bildiyi Yazıçılar Birliyi ilə, məhəbbət və səmimiyyətlə qucaq açdığı gəncliklə bağlı son ürək sözlərini deyirdi. Dedi!

 

Lənətə gəlmiş iyul ayına bir ay qalmış...

Maşınsız idim həmin gün... otur səni gedəcəyin yerə aparım dedi... yolda bir xeyli söhbət etdik... işlərdən, gələcəkdən, yeni layihələrdən... kaş yolumuz uzun olaydı, daha çox bilgi “oğurlaya” biləydim ondan. Sən demə, bu da mənim ilk və son minişim idi bu avtomobilə... onunla ilk və son yol yoldaşlığım idi... Əfsus, çox söhbət etmək imkanımız olmadı. Yolumuz qısa idi...

 

Lənətə gəlmiş iyul ayı...                     

Hə... yolumuz uzun deyilmiş... iyul ayı gələr-gəlməz aldı apardı onu. Bir göz qırpımında... bax elə ona görə ləntləyirəm iyul ayını. Mənə fürsət vermədi ki, mən də başqaları kimi onunla illərlə bir idarədə işləyim. İmkan vermədi! Bu yazını qələmə alarkən kiçicik bir araşdırma elədim. Qərbibədir. Onun çox sevdiyi və sevə-sevə tərcümə elədiyi A.P.Çexovu da iyul aparıb... həm də elə onun kimi, cavan yaşında... onun çox sevdiyi Xalq şairi Nigar Rəfibəylini də iyul aparıb... həm də elə onun kimi, cavan yaşında... bax elə ona görə də, lənətə gələsən, iyul!

Arif müəllim... sayt işləyir... həm də rəhbərliyin yüksək dəstəyilə... özüm də işimin üstündə bərk dayanmışam... amma hələ də kabinetimdə siqaret çəkirəm... məni bağışla...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə