"İndiqo" mətbəəsində nəfis şəkildə çapdan çıxmış növbəti miniatür kitab Azərbaycanın estrada və opera müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudova həsr olunub.
AYB.az "AZƏRTAC"a istinadən xəbər verir ki, xalq yazıçısı Elçinin müəllifi olduğu kitab "Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti" adlanır.

Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirildiyi bu günlərdə belə bir kitabın işıq üzü görməsi olduqca təqdirəlayiq haldır.

Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyi ilə birgə nəşr etdirdiyi kitab yüz nüsxə tirajla çap olunub. Ölçüsü 38x45 mm olan bu kitab 136 səhifədən ibarətdir. Miniatür kitabda 46 rəngli fotoşəkil yer alıb. Xüsusi zövqlə hazırlanmış kitabın forzasında Azərbaycanın xəritəsi əks olunub.

Kitabda xalq yazıçısı Elçinin dünya şöhrətli ifaçı Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb.

Bu miniatür kitab hər bir oxucuya bir daha Rəşid Behbudov sənətinin və şəxsiyyətinin böyüklüyü haqqında çox dəyərli məlumatlar verəcək.
AYB.az

 

Avqustun 25-də xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın 80 yaşı tamam olur. 
Xalq şairinin təntənəli yubiley tədbirinin sentyabrın sonu, oktyabrın əvvəlində keçiriləcəyi planlaşdırılıb. 
Yubiley münasibətilə Fikrət Qocanın səkkizcildliyi çapdan çıxıb. Seçilmiş əsərlər toplusuna şairin sovet dövründə nəşr edilmiş, habelə son illər yazdığı əsərlər daxil edilib. 

Nəfis şəkildə tərtib edilən nəşrdə şairin roman və povestləri yer alıb. Xalq şairinin “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” əsərləri də səkkizcildliyə daxil edilib. 

Xatırladaq ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. 1998-ci ildən AYB-nin katibidir.
AYB.az

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə rus dilində "Qarabağ ədəbiyyatı" elektron toplusu hazırlanır.

"Effektiv Təşəbbüslər Mərkəzi" İctimai Birliyinin həyata keçirdiyi layihə orta əsrlərdən müasir dövrədək Qarabağda yaşayıb-yaratmış 100-dən çox şair, yazıçı və mütəfəkkirin bioqrafiyası, yaradıcılığı və əsərlərindən nümunələri ilk dəfə toplu halında rusdilli oxuculara təqdim edəcək. Toplu ictimai birliyin 2009-cu ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə" layihəsinin növbəti mərhələsidir. "Qarabağ ədəbiyyatı" toplusu www.azerbaycanli.org saytının rus versiyasında yerləşdiriləcək.

Mədəni irs hər bir xalqın yaşadığı torpaqda tarixini, qədimliyini sübut edən başlıca meyardır. Əzəli yurd yerimiz olan Qarabağda yaşayıb-yaratmış mütəfəkkir və ədiblərin zəngin irsi də bu baxımdan xüsusilə dəyərlidir. Bu irsin öyrənilməsi, tədqiq və təbliğ olunması, müxtəlif xarici dillərdə dünyaya çatdırılması böyük əhəmiyyət daşıyır. Rus dilində "Qarabağ ədəbiyyatı" toplusu da bu məqsədə xidmət edir.
AYB.az

 

Milan şəhər bələdiyyəsinin binasında Cüzeppe Verdi adına Milan Konservatoriyasının, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) və adıçəkilən şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış “O” (La Donna) adlı şeirlər kitabının və şairin şeirlərinə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı keçirilib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, nazirliyin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçı Pərvin, xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu, eləcə də İtaliyanın ədəbi dairələrinin nümayəndələri, incəsənət xadimləri, mədəniyyətşünas alimlər, ölkəmizin ədəbiyyatına maraq göstərən kitabsevərlər iştirak ediblər.

Tədbiri açan Milan şəhər bələdiyyəsinin milli şurasının sədri Bazilio Rossi və qurumun mədəniyyət məsələləri üzrə şöbəsinin müdiri Cüzeppe Landonio nəşrlə bağlı təəssüratlarını bölüşüblər. Bildiriblər ki, belə bir kitabın italyandilli oxuculara təqdim olunması Azərbaycan ədəbiyyatının tanıdılması baxımından önəmli addımdır. Vurğulanıb ki, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bir ölkə olması artıq italiyalılara məlumdur. Xüsusilə “Milan Expo 2015” beynəlxalq sərgisindəki bu ölkənin pavilyonu vasitəsilə Azərbaycanı daha yaxından tanımaq, onun inkişafını izləmək imkanı yarandı.

Azərbaycanın dostu, italyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Davide Qualtieri çıxış edərək Azərbaycanın mədəniyyətindən və incəsənətindən, kitabın mədəni əlaqələrimizə mühüm töhfə verəcəyindən danışıb. Bildirib ki, italiyalı ədəbiyyatsevərlər Rəşad Məcid kimi istedadlı və mahir bir ədibin yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatına səyahət etmək imkanı əldə ediblər.

Sonra Azərbaycanın incəsənət ustaları Elşən Mansurovun, Fikrət Verdiyevin, Sevinc Sarıyevanın ifalarında muğam səslənib. Tədbir boyu Azərbaycan və İtaliya musiqilərinin sintez şəkildə müşayiəti ilə Rəşad Məcidin həm Azərbaycan, həm də italyanca səslənən şeirləri tamaşaçılarda böyük maraq oyadıb. Həmçinin Azərbaycan milli geyimində olan italyan rəqs ustaları və musiqiçilər də improvizə olunmuş rəqs və balet kompozisiyaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanın sevilən şairi Rəşad Məcidin şeirlər kitabının İtaliyada işıq üzü görməsi ölkələrimizin ədəbi əlaqələrinə müsbət təsir göstərəcək. Ümid edirik ki, ölkəmizin mədəni xüsusiyyətlərini tanıdan belə tədbirlər tez-tez keçiriləcək.

Tədbirdə çıxış edən İsa Həbibbəyli diqqətə çatdırıb ki, dünyanın incəsənət ölkəsi olan İtaliyada Rəşad Məcidin şeirlər toplusunun təqdimatı təkcə şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının böyük uğurudur. Bu kitab xalqlarımızın möhkəm və etibarlı dostluğunun nümunəsi kimi əlvan poeziya çələngidir. Əminəm ki, bu şeirləri italyan oxucular da bəyənəcəklər.

Bildirilib ki, Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq hər cəhətdən yaradıcı, orijinallığı və genişliyi ilə fərqli görünən professional bir Azərbaycan ziyalısıdır. Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, milli düşüncəsi, açıq yaradıcı təfəkkürü Rəşad Məcidin simasında ümumiləşir. Şeirlə bədii yaradıcılığa başlayan və izlər salan, jurnalistika və publisistika ilə cəmiyyətin inkişafına xidmət edən Rəşad Məcid nəsrdə öz möhürünü vurub. O deyib: “Fikrimcə bu görüş və təqdimatına yığışdığımız kitab İtaliya Azərbaycan ədəbi əlaqələrinin inkişaf tarixində ayrıca yer tutacaq. Arzu edirəm ki, bu hadisə ənənə halını alsın və ədəbi-mədəni əlaqələrimiz genişlənsin”.

Sonda tədbirin keçirilməsində yaxından iştirak edənlərə AYB tərəfindən təşəkkürnamə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından isə xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, AMA-nın sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında D.Qualtieri tərəfindən italyan dilinə çevrilmiş kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. “Treditre” nəşriyyat evində çapdan çıxan kitab D.Qualtierinin Rəşad Məcidə həsr etdiyi “Körpü salırıq” şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və D.Qualtierinin şeirlər haqqında essesi verilib.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Milan



AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun əlyazmaların elmi ekspozisiyası və təqdimatı şöbəsinin müdiri Nigar Babaxanlı İstanbulun Topqapı Sarayı Muzeyində saxlanılan eksponatlar üzərində araşdırma aparıb.
N. Babaxanlı Fateh albomundakı miniatür sənəti və xəttatlıq nümunələrini nəzərdən keçirib. Bu əsərlərin müəllifləri arasında Sultan Əli Yəqubi, Əbdürrəhim Xarəzmi, Şeyx Mahmud Hərəvi, Ustaq Məhəmməd Siyahqələmin adlarına rast gəlmək mümkündür. Məlumatda bildirilir ki, xəttatlar Şeyx Kəmaləddin İsfahani, Əbdürrəhman Cami və böyük Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəllərini yüksək sənətkarlıqla köçürüblər. Naməlum xəttat Nəsiminin qəzəllərini gözəl nəstəliq xətti ilə yazıb.
 
Qeyd etmək lazımdır ki, orta əsrlərdə Yaxın və Orta Şərqdə tərtib edilmiş albomlarda Nəsiminin qəzəllərinə indiyə qədər rast gəlinməyib. Bu səbəbdən də Fateh albomundakı tapıntı böyük maraq kəsb edir. Albomun səhifələrindən birinin sağ tərəfində iki dərvişin boyalı miniatür rəsmi çəkilib. Onlardan biri əlində əsa tutub. Dərvişlər öz aralarında söhbət edirlər. Bu rəsmin altına Nəsiminin iki qəzəli köçürülüb. Onlardan 7 beytdən ibarət birincisi tam, 3 beytdən ibarət ikincisi natamamdır. Görünür, səhifədə ikinci qəzələ yer çatmadığından onu sonadək köçürmək mümkün olmayıb.
 
Birinci qəzəl “Ey xətün, rəngi üzarun çün bəqəm qatında nil, Ol cəmalun zikridir zikrüm, zehi zikri-cəmil” beyti ilə başlanır. Şairin əsərlərinin Bakı nəşrlərində bu beyt “Ey rüxün, rəngi-üzarın çün bəqəm qatında nil, Ol cəmalın vəsfidir fikrim, zehi-fikri-cəmil” kimi gedib. Cəmi üç beyti köçürülmüş ikinci qəzəl isə belə başlanır: “Susadum vəslünə, ey çeşmeyi-heyvan, bəri gil, Yaxma bəhrün daməni minca gil, ey can, bəri gil”.
 
Bakı nəşrlərində həmin qəzəl 10 beytdən ibarətdir və Bakı nəşrləri ilə müqayisədə hər iki qəzəldə bir sıra nüsxə fərqləri diqqəti cəlb edir.
 
Qeyd edək ki, araşdırma AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu və İstanbulun Topqapı Sarayı Muzeyi ilə əldə edilən razılığa əsasən baş tutub.
AYB.az
 

İstanbulda azərbaycanlı şairə Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı çapdan çıxıb.
“Araz” nəşriyyatının çap etdiyi  kitaba Sona Vəliyevanın 2000-ci ildən bəri yazdığı şeirlərin bir hissəsi daxil edilib. Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı kitaba yazdığı “Ana ruhunun işığında” adlı  ön sözdə Sona Vəliyevanın şeirlərindəki  fikir-ideya-məzmun-ifadə  məfhumlarının yaratdığı  paradiqmanın əsas cəhətləri  barədə  oxuculara geniş təhlil təqdim edib.

Qeyd edək ki, “Arazbarı”dan  sonra Sona Vəliyevanın Türkcə ikinci şeir kitabı çapa hazırlanır. Kitabın yaxın gələcəkdə işıq üzü görməsi gözlənilir.
AYB.az