Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə Nigar Rəfibəylinin doğum gününə həsr edilən tədbir təşkil olunub.  Tədbiri giriş sözü ilə AYB-in Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova Nigar Rəfibəyli poeziyası haqqında məlumat verib.

Ardını oxu...

Dünən Nizami Kino Mərkəzində mərhum şair və publisist Taleh Həmidin 65 illik yubileyi qeyd olunub. Tədbirdə tanınmış yazarlar, ziyalılar, şairin ailə üzvləri, oxucular və media nümayəndələri iştirak ediblər.

Yubiley tədbiri T.Həmidin həyat və yaradıcılığına həsr olunmuş videofilmin nümayişi ilə başlanıb. Filmdə şairin öz dilindən şeirləri səslənib, Xalq yazıçısı Elçin Əfəndiyev, akademik Vasim Məmmədəliyev, professor İsrafil İsrafilov, aktyor Yasin Qarayev, bəstəkar Eldar Mansurov mərhumla bağlı xatirələrini, düşüncələrini bölüşüblər.

Mərasimi giriş nitqi ilə açan professor Məhərrəm Qasımlı şairin yaradıcılığını yüksək qiymətləndirib, qeyd edib ki, onun poeziyası öz kökü etibarilə yurda, torpağa bağlı idi: "Biz ta gənclik zamanımızdan, tələbəliyimizdən birlikdə idik. Aramızda ən istedadlısı, çalışqanı məhz Taleh Həmid idi. Onun ədəbi aləmdə öz sözünü deyəcəyini, adını ədəbiyyat tariximizə yazdıracağını ilk vaxtlardan bilirdik. Bu, belə də oldu. O, hələ gənc yaşlarından Yazıçılar Birliyinin mətbu orqanlarında, jurnal və qəzetlərində çap olundu, ardıcıl fəaliyyət göstərdi. Talehin publisistikası da poeziyasından "su içmişdi".

İrəvan Dövlət Dram Teatrının aktyorları Əhliman Ərşadlı, Şəbnəm Cəbrayılova, Müdvər Nemətova şairin şeirlərini səsləndiriblər.

Xalq şairi Nəriman Həsənzadə Taleh Həmidin xatirəsini unudulmağa qoymadıqları üçün tədbir təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, T.Həmid səlis, axıcı, sadə dili ilə bütün Azərbaycan xalqı üçün yazırdı: "Bir zaman o, mənə pyesini təqdim etmişdi. Oxuyanda heyrətə düşdüm. Ona görə də düşünürəm ki, biz həm də istedadlı bir dramaturq da itirmişik. O, ədəbiyyatımız üçün çox önəmli ədəbi irs qoyub getdi".

Professor Qəzənfər Paşayev Taleh Həmid poeziyasının, publisistikasının heyranedici, insanın daxili dünyasına təsir edəcək qüvvəyə malik olduğunu deyib.

Daha sonra ədəbiyyatşünas Məti Osmanoğlu, şair Nazim Əhmədli, Ramiz Göyüşov, Əməkdar artist Aqşin Abdullayev,  Eyvaz Həmid və başqaları çıxış edərək T.Həmidin yaradıcılığından, şəxsiyyətindən rəğbətlə söz açıblar.

Sonda mərhum şairin həyat yoldaşı İradə Həmid çıxış edərək tədbir iştirakçılarına, çıxışçılara təşəkkürünü bildirib.

Mayin 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Ağaveyis Şirvaninin 75 illik yubileyi,  yaradıcılığının 60 illiyili və son kitabı “Sağalan deyil”lə  bağlı tədbir keçirilib.

Ardını oxu...

28 May Respublika günü münsibətilə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi,Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin birgə təşkilatçıllığı ilə Sumqayıt “Poeziya evi”ndə “Sabir Sarvan adına Uşaq Poeziya Teatrı”nın ilk çıxışı oldu.
 AYB Sumqayıt bölməsinin müəllifi, sabiq sədri, mərhum şair Sabir Sarvanın ruhu bir dəqiqəlik sükutla yad edildi və bildirildi ki, uşaq poeziya teatrı yaratmaq  məhz onun arzusu və ideyası idi.

Yaratdı,lakin amansız əcəl imkan vermədi ona öz arzularını həyata keçirməyə.Bu gün vətənpərvərlik ruhunda belə bir kompozisiyanı ərsəyə gətirən, yetirmələri olan  balaca fidanlar, şairin ideyası və rəhbərliyi  əsasında yaradılmış bu teatra    Sabir Sarvan adının verilməsinin məhz onların arzu və istəyinin əsasında olduğunu xüsusi olaraq vurğuladılar.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edərək Sabir Sarvanın xatirəsinə göstərdikləri hormət və sədaqətə görə körpə balalara,  tədbirin təşkilatçılarına təşəkkür etdi və Sabir Sarvanı hər kəsdən fərqləndirən  xüsusiyytətlərindən, şairlə bağlı xatirələrindən danışaraq, onun tərəfindən yaradılıb, hazırda şairin adını daşıyan “Sabir Sarvan adına Uşaq Poeziya Teatrı”nına  uğurlar diləyib, xoş arzularını çatdırdı.
 “Vətənə can demişik, Azərbaycan demişik” adlı kompozisiyada“Sabir Sarvan adına Uşaq Poeziya Teatrı”nın üzvləri İlahə Bağıyeva, Samirə İsmayılova, Ayan Ağayeva, İsmayıl Hüseynov, Zəhra Bəşirli, Aytac Hüseynli, Aynur Kərimova, Mirvüqar Seyidzadə, Xoşqədəm Bağıyeva və Səadət İsmayılovanın ifasında görkəmli şairlərdən  Əhməd Cavadın, Almas İldırımın, Məhəmmədhüseyn Şəhriyarın, Abbas Səhhətin, Tofiq Fikrətin, Səməd Vurğunun, Sabir Sarvanın, Məmməd İlqarın və digər şairlərin şeirləri dinlənildi və tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Yazıçı,jurnalist Hafiz Nəzərli, AYB Sumqayıt bölməsinin məsləhətçisi Gülnarə Cəmaləddin çıxış edərək belə tədbirlərin davamlı olacağını, “Sabir Sarvan adına Uşaq Poeziya Teatrı”nın  daha böyük layihələrə imza atacağını söylədilər.

Sonda şairin  qardaşı Mahmud Məlikov ailə üzvləri adından bu tədbirin təşkilində əməyi olan və iştirak edən hər kəsəminnətdarlığını  bildirdi .


AYB.az