![]() |
![]() ![]() |
Azərbaycanın dünyaşöhrətli sənətkarı, Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Beynəlxalq Ədəbiyyat Fondunun həmsədri, Yazıçılar İttifaqları Benyənlxalq Şurası İcraiyyə Komitəsinin üzvü, hüquq elmləri doktoru, Azərbaycan PEN klubun prezidenti Gingiz Abdullayevi zənnimcə, tanıtmağa ehtiyac yoxdur. Cənub-Şərqi Asiyadan tutmuş Latın Amerikasınacan bütün dünya oxucusunun yaxşı tanıdığı Çingiz Abdullayevin xaricdə nəşr olunmuş kitabları ilə əlaqədar səfərdən qayıtdığını eşidib, ondan kiçik müsahibə almaq fikrinə düşdüm, razılaşdı:
Sual: Çingiz müəllim, sizin sələfləriniz olan Frederik Forsayt, Eduard Topol və digər siyasi detektivlər ancaq öz ölkələri hüdudlarında tanınırdı. Dünya oxucusunun sizə marağının, sizin dünyada tanınmağınızın səbəbi nədir?
Xalq yazıçısı Anar : “ İsa Muğannanın vəfatı mənim üçün çox böyük itkidir”
Bu gün dünyasını dəyişən Azərbaycanın görkəmli Xalq yazıçısı İsa Muğanna ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ayb.az saytına fikirlərini bölüşüb.
Layihənin ideya müəllifi və aparıcısı: Əsəd Cahangir
İştirakçılar: Xəyal Rza - şair, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri; Qılman İman - şair; Elşad Ərşadoğlu - şair; Emin Piri - şair, Elmin Nuri – publisist; Sevinc Mürvətqızı - yazıçı-publisist; Famil Mədət - ədəbiyyatşünas,
Xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə yaşayan həmvətənlərimizin – çoxsaylı alim, pedaqoq, həkim, mühəndis, mədəniyyət və incəsənət xadimlərinin – rəssam, rejissor, aktrisa, müğənni, musiqi ifaçılarının, yazarların uğurları ən xoş duyğular, qürur və fəxarət hissi oyadır. Həmin soydaşlarımız milli, mənəvi, mədəni irsimizin təbliğində, tanıdılmasında, zənginləşdirilməsində əvəzsiz rol oynayır, Azərbaycan-Türkiyə arasındakı hərtərəfli münasibətlərin daha da genişləndirilməsinə, möhkəmləndirilməsinə öz töhfələrini verirlər. Elə buna görədir ki, hazırda YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, hələ Azərbaycan Respublikasının İstanbuldakı konsulu vəzifəsində çalışarkən Türkiyədə yaşayan elm, mədəniyyət, səhiyyə və təhsil sahəsində işləyən soydaşlarımızla sıx əlaqə saxlayır, onların fəaliyyətini izləyir, əlaqələndirir, həmvətənlərimizin daha böyük uğur əldə etməsi üçün bacardığını əsirgəmirdi. Milli-mənəvi dəyərlərə, tarixi və ədəbi irsə məhəbbətlə dolu mühitdə böyüyən, təhsil alan və nəbzi həmişə Azərbaycanla birgə vuran Günay Əfəndiyeva bununla da kifayətlənmir, vaxtı ilə - sovet dövründə Türkiyədə yaşayıb-yaratmış mühacir azərbaycanlıların fəaliyyətinin, muzey, kitabxana, arxiv və şəxsi kolleksiyalardakı irsinin araşdırılmasına, üzə çıxarılmasına da səy edirdi. Bu istiqamətdə atılan növbəti addım da uğurla nəticələndi. İstiqlal şairi Əhməd Cavadın avtoqrafla Nuru paşaya hədiyyə etdiyi «Qoşma» kitabının yeri-yurdu bəlli oldu. Bu barədə bir qədər ətraflı bəhs edəcəyik. Bu kitab və ona yazılmış avtoqraf haqqında məclislərin birində eşitdiyi hekayə Günay Əfəndiyevada bu dəyərli və tarixi sənədlərə böyük maraq oyatdı. Kitabı soraqlamağa başladı, ziyalılara müraciət etdi.
Dünya şöhrətli prof. Vərqa Kələntərovun verdiyi məlumatlar dolğun, hərtərəfli idi və mötəbər mənbələrə əsaslanırdı. V.Kələntərovun həyat yolu maraqlı olduğundan əvvəlcə tanınmış riyaziyyatçı alim haqqında bir neçə kəlmə bəhs etsək, elə bilirəm, yerinə düşər. O, hazırda Koç Universitetinin riyaziyyat bölümündə çalışır. Bundan əvvəl isə (1993-2001) Ankaradakı Hacıtəpə Universitetinin professoru kimi fəaliyyət göstərən prof. V.Kələntərov orta məktəbi Bakıdakı 158 nömrəli məktəbdə oxumuş, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsilə yiyələnmiş, AMEA-nın aspiranturasına daxil olmuş, Riyaziyyat və Mexanika İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir (1974). O, daha sonra Sankt-Peterburqda elmi tədqiqatlarını davam etdirmiş (1975-1981), doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir (1988). İspaniya, Almaniya, ABŞ, Səudiyyə Ərəbistanının nüfuzlu Universitetlərində mühazirələr oxumuş, Avropa, Amerika, Asiyanın bir çox ölkələrində beynəlxalq konfranslarda məruzələr etmişdir.
Professorun tərcümeyi-halında maraqlı və unudulmaz məqamlardan biri də onun orta məktəbdə Əhməd Cavadın nəvəsi Almaz xanımla bir sinifdə oxuması, bir partada oturmasıdır. Təbii ki, o vaxtlar nəinki məktəblilərin, hətta müəllimlərin böyük əksəriyyəti «xalq düşməni» Əhməd Cavadın adını belə eşitməmişdi.
Tale prof. Vərqa Kələntərova həmkarı, riyaziyyat üzrə tanınmış professor və kolleksiyaçı Haluk Oralın Əhməd Cavadla bağlı diqqətçəkən araşdırmaları və unikal kolleksiyası ilə tanış olmağı nəsib etmişdir. Müasir Türkiyə ədəbiyyatının tanınmış nümayəndələrindən sayılan Doğan Hızlanın təbirincə desək, prof. Haluk Oral «ədəbiyyat arxeoloqudur», daim kitab, məktub, əlyazma, foto, xəritə, miniatürlər… axtarışındadır. Riyaziyyat ixtisası üzrə Kanadada namizədlik dissertasiyası müdafiə etmiş, bir müddət orada, sonra Boğaziçi Universitetində, hazırda Koç Universitetində çalışan Haluk Oral eyni zamanda tarix, mətnşünaslıq sahəsində də ciddi araşdırmalar aparır, Türkiyənin bir sıra elmi-kütləvi nəşrləri ilə əməkdaşlıq edir, 5 kitabın müəllifidir.
Müasir türk poeziyasının tanınmış nümayəndələrindən Nazim Hikmət haqqında «Hüzün ki, en çok yakışandır bize, belki də en çok anladığımız» misraları ilə başlayan məşhur şeirin müəllifi Hilmi Yavuz Haluk Oralın türk şairlərinə məxsus poeziya nümunələrinin yaranması, ərsəyə gəlməsi ilə bağlı «Şeir hekayələri» adlı kitabı haqqında yazdığı məqalədə göstərir ki, o, əski kitab dükanlarının tozlu rəflərindən, muzeylərdən topladığı sənədləri – nəşriyyat materiallarını, əlyazmaları, çərəkələri axtarır, tapır, toplayır, səliqə-sahmana salır, təsnifatını verir, təhlil edir, dəyərləndirir. Görünür, Əhməd Cavadın «Qoşma» kitabı da hobbinin, bu sevginin sayəsində Haluk Oralın kolleksiyasını zənginləşdirmişdir.
Prof. Vərqa Kələntərov xatırlayır ki, bir gün Haluk Oral «Əhməd Cavad adlı Azərbaycan şairini tanıyırsınızmı? – deyə məndən soruşdu və əlavə etdi ki, o şairin 1914-cü ildə Bakıda nəşr olunmuş «Qoşma» adlı kitabı onun kolleksiyasında var. Mən axşam evdə Bakıdan özümlə gətirdiyim Əli Saləddinin «Əhməd Cavad» kitabını vərəqlədim. Ertəsi gün Haluk Oral haqqında danışdığı həmin kitabı Universitetə gətirdi. Kitabın kağız cildi vardı və orada Nuru paşaya ərəb əlifbası ilə yazılmış avtoqrafın mətni vardı. Haluk Oral şeirlərin bir neçəsini oxudu. Axşam nəzərdən keçirdiyim tanış misralar yadıma düşdü…
Bu söhbətin üstündən bir müddət sonra Haluk Oralın «NTV Tarih» jurnalında (may, 2009-cu il nömrəsində) «Şeir hekayəsi» rubrikası ilə «Çırpınırdı Ahmed Cavad bakıp Türkün bayrağına…» adlı irihəcmli, maraqlı və təsirli məqaləsi dərc olunur. Məqalə müəllifin sevincdənmi, kədərdənmi, qürurdanmı qanadlanan duyğuları, emosional düşüncələri ilə dolu sətirlərlə başlayır: «Kadıköydəki sahaftan (əski kitab dükanından – T.A.) alınan bir kitab, düşüncələrimi gah çırpınan Qara dənizin dalğalarına atdı, gah Südlücədə yanan bir silah fabrikasına. Gah Həmdiyiye qəhrəmanı Rauf bəy (Qurtuluş savaşında Həmdiyiyə döyüş gəmisinin komandiri olmuş və əfsanəvi şücaət göstərmiş Hüseyn Rauf Orbay nəzərdə tutulur – T.A.), gah Qafqaz İslam Ordusu komandiri Nuru paşa gəldi ağlıma. Bir də misralar… İçdən, anlaşılan və illər öncə səslənən misralar».
Görkəmli alim, məşhur kolleksiyaçı, mahir publisist Haluk Oral Əhməd Cavadın «Qoşma» kitabının nəşri yeri və tarixindən bəhs etdikdən sonra vaxtilə Nuru paşaya hədiyyə olunmuş nüsxəsində şairin öz əli ilə ərəb əlifbasında Nuru paşaya yazdığı avtoqrafı təqdim edir: «Kafkas Türk ordusu kumandanı Nuri Paşa
Hazretlərinə müellif tarafından değersiz bir armağan. Cevad (imza) 30 mayıs 1918. Gence».
Haluk Oral «Azərbaycan istiqlalının simge ismi olan şair»in Stalin dönəmində güllələndiyini ürək ağrısı ilə qeyd edir və Əhməd Cavadın tərcümeyi-halından, təhsil illərindən, ərəb, fars və rus dillərini mükəmməl öyrənməsindən, 20 yaşında ikən (1912) könüllü olaraq Osmanlı Silahlı Qüvvələri tərəfində Balkan müharibəsində iştirakından bəhs edir. «Əhməd Cavad «Vətən, bayrak, iman və türk birliyi mövzusunda şeirlər yazır» - deyə vurğulayan Haluk Oralın fikrincə, o, «ən ünlü şeirlərindən «Çırpınırdı Qara dəniz»i də Balkan müharibəsi dövründə - 1914-cü ilə qələmə almış və əfsanəvi «Həmidiyə» türk hərbi gəmisini öymüş, Qara dənizin sularına qərq edilmiş «Kazbek» rus hərbi gəmisinin minalara çırpılaraq batmasına görə sevincini gizlətməmişdir. Haluk Oral daha sonra dövrün ictimai, siyasi, hərbi mənzərəsini təsvir edir, Nuru paşanın Gəncəyə gəlişi tarixinə aydınlıq gətirir və yazır: «Bəlli ki, Əhməd Cavad paşanın şəhərə girişindən 5 gün sonra ona imzalı kitabını vermişdir». Əhməd Cavadın Nuru paşaya yazdığı avtoqrafın surəti, tarixi sənədlərlə və şəkillərlə müşayiət olunan məqalədə Haluk Oral Əhməd Cavadın müstəqil Azərbaycanın milli marşını, eləcə də müstəqilliklə, Vətənlə bağlı «ən coşqulularını o dönəmdə» qələmə aldığını qeyd edir və şeirlərindən parçalar verir.
Rusların Azərbaycanı təkrar işğalından (1920) sonrakı dövrdə Əhməd Cavadın həyat yolunu izləyən Haluk Oral onun Vətəndə həbsini (1925), həbsdən sonra ali pedaqoji təhsilə yiyələnməsini, bir müddət müəllimliklə, sonra «Azərnəşr»də və «Azərbaycanfilm»də məsul vəzifələrdə çalışdığını qeyd edir. «Fəqət Əhməd Cavad təqiblərdən qurtarmamışdır. 1928-ci ildə Türkiyədə bir şeir kitabı da nəşr olunur: «İstiqlal uğrunda» (Milli Azərbaycan nəşriyyatı, 7, Orxaniyə mətbəəsi, 1928)».
1937-ci ildə - «Stalin dönəminin ən azğın zamanında» üç böyük şairin – Hüseyn Cavid, Mikayıl Müşfiq və Əhməd Cavadın həbs olunduğunu yazan müəllif göstərir ki, 15 dəqiqəlik «məhkəmə»dən sonra Əhməd Cavada güllələnmə hökmü verilir. Məqalənin son cümləsi də ilk cümləsi kimidir: duyğusal, təsirli: «Həyat yoldaşı Şükriyyə xanıma məhkəmədən öncə Əhməd Cavaddan boşanarsa, cəza olmayacağı bildirilmişdi, amma o bunu rədd etdi. Bu vəfadarlığının bədəli Sibirdə acılarla dolu 8 illik bir sürgün oldu». Şairin Əli bəy Hüseynzadəyə ithaf etdiyi dillər əzbəri «Çırpınırdı Qara dəniz» şeiri məqalə ilə birgə jurnalda dərc edilmişdir.
Abid Tahirli
19.02.2014
130 illik yubileyini qeyd etdiyimiz Məmməd Əmin Rəsulzadə Azərbaycan özünün bəzi əsərlərində Azərbaycan ədəbiyyatı və ədəbiyyat xadimlərindən söz açıb. Modern.az Rəsulzadənin ədəbi-ideoloji dünyagörüşünü özündə əks etdirən fikirlərini sizlərə çatdıracaq:
M.Ə. Rəsulzadə çox ağır bir şəraitdə yazdığı əsərlərində Azərbaycan ədəbiyyatının ağır dönəmini, onun ümumi istiqamətlərini, yazıçının zamana, situasiyaya görə dəyərləndirilməsini çox böyük ustalıqla əks edə bilib. Həmin dövrdə ədəbiyyatın istiqlal həyəcanının tərcümanı olmasını və bu şövqü insanlara lazımı şəkildə çatdırmasını böyük hadisə kimi dəyərləndirir. Bu ağır missiyanı üzərinə götürən qələm adamlarını xüsusi minnətdarlıqla xatırlayır. “Çağdaş Azərbaycan ədəbiyyatı”nda nakam taleli bu şair Əliyusifin adını xüsusi olaraq qeyd edir. İndi ədəbiyyat tarixində çox xatırlanmasa da Məhəmməd Əminin ilk olaraq məhz, onu yada salması heç də təsadüfi deyil: “İndi soyuq Sibirin uzaq tundralarında, sovet cəlladlarının vəhşi işgəncələrinə davam gətirməyərək vətən mücahidlərinin bəxtinə əcəl camını içmiş şair Əliyusif hadisələrin inkişafını bu ilhamlı beytlərlə təsvir edirdi: Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu Sübh olmuşdu, fəqət bir oyanan görmədim Anlamazdı kimsə onun o şübhəli dərdini. Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim.” Rəsulzadə daha sonra toxunduğu məsələlərdə ədəbi xadimlərin komuzm “cəfakeş”ləri tərəfindən rahatsız edildiyini və yazılarındakı pantürkist, millətçi ideyalarına görə “böyük vətən”ə xəyanət edilərək suçlandıqlarını ürək ağrısı ilə qeyd edir: “Hürriyyətin feyzli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü. Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli ruha yabançı olan kommunist hökuməti formaca milli olan ədəbiyyata əvvəlcə səbrlə yanaşdısa da, məlum olduğu kimi, ona beynəlmiləl proletar məzmunu verməyə çalışdı. Lakin sovet işğal hökuməti milli Azərbaycan ruhunu çürütmək və burada “proletkult” deyilən bir mədəniyyət yaratmaq sahəsində sərf etdiyi əməklərində müvəffəq ola bilmir, bu iş üçün o özünə lazım olan vasitələrə malik deyildi. Ədəbiyyat əski ustadların əlində idi. Görünüşdə mövcud vəziyyətə uyğun olaraq, yeni hökumətin bəzən sərtliyini, bəzən də diplomatca yumşaqlığını dadan bu yazıçılar öz çətin və ağır işləri ilə məşğul idilər. “ Rəsulzadə həmin şərəfli və çətin işlə məşğul olan yazarların təsnifatını aşağıdakı kimi aparır.
Cəlil Məmmədquluzadə: Böyük nasirdən danışarkən Rəsulzadə “Molla Nəsrəddin” əski müdirinin” “Kamança” və “Anamın kitabı” pyeslərindən və o pyeslərin dərin alt qatından bəhs edir: “Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı “Anamın kitabı”na çağıran bu əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi.”
Süleyman Sani Axundov: Rəsulzadə Axundovun “Laçın yuvası” adlı əsərini qeyd edir. Bu əsərdə imperializmə çağırış olsa da o, bir tənqidçi kimi bu çağırışın alt qatında Şərq hökmranlığının bərpası istəyini yazır: “Pyesin sosial səbəbə deyil, sadəcə siyasi taktikaya dayanan bu inqilabçılığı qırmızı senzuraya çox da xoş gəlməmişdi. Bu, senzuraya görə Azərbaycan öz qüvvələri ilə və ictimai-iqtisadi motivlərlə sovetləşmişdir. Halbuki “Laçın yuvası”nı tutan Azərbaycanlı kommunist oranı sadəcə olaraq imperializmin Şərqdəki səngərini daha yaxşı yıxa bilmək üçün tutur. İnqilab məqsəd ikən burada vasitə kimi göstərilib”.
Hüseyn Cavid: Rəsulzadə demək olar ki, ən çox Hüseyn Caviddən bəhs edir. Əsərlərindəki Turan sevdasını dəyərləndirən Məhəmməd Əmin onun bu dövrdə yazdığı “Topal Teymur”, “Peyğəmbər”, “Siyavuş”, “İblis” və “Uçurum” əsərlərini təhlil edir: “Topal Teymur” müəllifinə uzun zaman hiddətlənmiş hökumətin şiddətli cəzalarına qatlanmaq lazım gəlir. Onu sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər. Şairin ikinci əsəri nisbətən daha yaxşı qarşılanır. Lakin “Peyğəmbər” mənzuməsində də bolşevik məzhəbli marksizm əqidəçiliyi burada da az “küfr” tapmamışdı”.
Əhməd Cavad: Hürriyyət aşiqi kimi tanınan Əhməd Cavadda bəhs edərkən daha çox onun ağrılı həyatına toxunur: “Milli cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən gətirmir. Əski bir müsavatçı olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər və nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlərin arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şerlərini Cavadın tənqid və təqdirinə ərz edəcək dərəcədə onun təsirinə düşürlər. Siyasi olmayan parçaları bəzən fürsət olduqda mətbuat səhifələrində özünə yer tapır. Bunların çoxu rəmzidir. Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olunub şairə hücum üçün bir vasitə olur”. Rəsulzadənin təhlil etdiyi ədiblər arasında Cəfər Cabbarlı Sabit Rəhman, H.Axundlu, Cəfər Xəndan da var. Amma onun Səməd Vurğun və nakam taleli şair Gültəkin haqqında dedikləri daha çox maraq doğurur. O əvvəlcə bir qeydində səməd vurğundan narazılıq edir: “Azərbaycan ədəbiyyatı indi bu şəraitdə yaşamağa məcburdur. Bu məcburiyyətlər və təzyiqlər nəticəsində ayaq üstə durmaq istəyən bir yazıçı, ədib və şair təsadüfi deyil ki, tarixcə bağlı olduğu islam və türk ideallarından üz çevirəcək, mədəni dünya ölçülərinə xor baxacaq və hətta 1939-cu ildən əvvəlki illərdə yazılan sovet Azərbaycanı ədəbiyyatının əsərlərini belə rədd və inkar edəcəkdir. Necə ki, əsil sovet dövründə yetişən və bir kommunist ədib və şair olaraq şöhrət qazanan adamlar belə əvvəlki yazılarından imtina etmişlər, “böyük” Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimi əski şerlərinin öldüyünü elan etmişlər.” M.Ə. Rəsulzadədir. Səməd Vurğunun nöqsanını göstərməklə yanaşı onun məziyyətlərindən də söz açır: “Səməd Vurğun Stalini idealizə edən əsərlər yanında bir də “Vaqif” adlı mənzum dram yazmışdır. “Vaqif” XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır. Ümumi sovet vətənpərvərliyinə rəvac verən son rus əsərlərindən öyrənməklə Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Gənc şair Gültəkindən söz açarkən isə şair öz kövrəkliyini saxlaya bilmir: “İstiqlal, o yaşayan millətin qəlbində can, İstiqlal, o səadət, həyat, zəfər, şərəf, can, İstiqlal, o sönməyən müəbbəd bir məşalə, Könüllərdə tutuşur, gözlərdə sönsə belə, – deyən Gültəkin adını daşıyan alovlu şairin yazıları xüsusi bir yer tutur. Gültəkinin şerlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini görürük. Mübarizənin ədalətliliyinə və qələbə ilə nəticələnəcəyinə bağlanan ümid, Gültəkində adətən dini bir mahiyyət alır“. Rəsulzadə Gültəkinin bir beytini də sitat kimi qeyd edir. Hansı beyt ki, illər əsirlər keçəcək lakin Məhəmməd Əmin Rəsulzadə yenə o misraları hər bir azərbaycanlının qulağına pıçıldayacaq:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can
Yaşa-yaşa çox yaşa ey şanlı Azərbaycan!!!
Elmin Nuri
BİLDİRİŞ
Yaradıcılığa çox gənc yaşlarında başlasa da, ilk əsərləri keçən əsrin 40- cı illərinin sonu 50- ci illərinin əvvəllərindən nəşr olunaraq tezliklə milli ədəbi-ictimai mühitdə böyük rezonans doğuran İsa Hüseynov 60- cı illərdə artıq nəinki nüfuzlu bir yazıçı kimi tanınırdı, hətta bütün mübahisəli cəhətləri ilə birlikdə tarixə "yeni nəsr"in, ümumən "yeni ədəbiyyat"ın yaradıcıları olaraq düşmüş ədəbi nəslin önündə getməklə, sözün həqiqi mənasında, milli ədəbi- ictimai təfəkkürün, müxtəlif siyasi- ideoloji təzyiqlərə, "çılpaq" sosioloji, konyuktur müqavimətlərə cəsarətlə sinə gərərək, yeni ideya- estetik miqyasını müəyyən edir, elə mənəvi problemlər qaldırırdı ki, tipologiyası çoxdan qərarlaşmış "sovet yazıçısı" (və "ədəbiyyatı") barədəki təsəvvürləri dağıdıb tamamilə yeni bir yazıçı (mütəfəkkir) obrazı yaradırdı. "Bizim qızlar", "Dan ulduzu", "Doğma və yad adamlar", "Teleqram", "Tütək səsi", "Saz", "Kollu Koxa", xüsusilə "Yanar ürək" povestlərinin, məşhur ssenarilərinin, hekayələrinin, oçerklərinin yolu ilə getsəydi də İsa Hüseynov Azərbaycan ədəbiyyatının tarixində, hər hansı halda böyük sənətkar kimi qalacaqdı... Lakin əlahəzrət Tarix onu daha böyük sənətkar (mütəfəkkir!) olmaq üçün, daha miqyaslı missiyadan ötrü görəvləndirdiyindən, daxili- ruhi bir ehtirasla "ürək əsərləri"ndən deklorativ olaraq imtina edib "beyin əsərləri"ni yazmağa keçdi. "Yanar ürək" povesti üzərində bir neçə dəfə işləyən, hətta onu romana çevirən yazıçı burada irəli sürülmüş ideyaları təkmilləşdirə- təkmilləşdirə, nə qədər paradoksal olsa da, kifayət qədər maraqlı (və orijinal) mövzudan imtina etmədən yeni bir əsər - "İdeal" romanını yaratdı ki, həmin əsər 80- ci illərdə Azərbaycan ədəbiyyatına, ümumən mədəni- ictimai təfəkkürünə yeni bir yazıçı- mütəfəkkirin - İsa Muğannanın gəldiyini bütün aydınlığı ilə təsdiq eləsə də, bir müddət bu qeyri- adi (və mürəkkəb!) aydınlığı dərk etməkdə ədəbi- ictimai mühit (hətta bütövlükdə cəmiyyət!) çətinlik çəkdi, narahatlıq, tərəddüdlər keçirdi.
Mənə belə gəlir ki, İsa Hüseynov hələ 70- ci illərdə - "Məhşər" romanı üzərində işləyərkən İsa Muğanna olmağa artıq hazır idi, lakin yazıçının özü çox sonralar qələmə aldığı "Həyatımdan səhifələr"ində göstərir ki, "bir gün dərin sükut içərisində balaca stolumun arxasında oturub "Yanar ürək" romanının yeni variantı üzərində işləyirdim. Birdən başımda səs eşitdim: "Nə yazırsan?" Bu səsi sarsıntılar içində, sükunətli çardaqda tək- tənha oturmağımla bağladım, güman etdim ki, beynimdə nə isə qeyri- adi dəyişiklik olub. Amma bir az sonra səs təkrar olunduqda başa düşdüm ki, səs uzaqlardan - qeybdən gəlir. İstər- istəməz diqqət kəsildim. Səs dedi: "Bir romanın neçə variantını yazmaq olar?! Sizin xalqın həyatındakı ictimai- siyasi fəsadlar yalnız siyasi quruluşda, kommunist partiyasının siyasəti ilə bağlı olsaydı, mən sənin "Yanar ürək" romanının təzə variantına etiraz eləməzdim. Xalqın həyatındakı təhriflərin tarixi çox qədimdir. Yer planetində insan həyatının üç tarixi məlumdur. Birinci tarix irəli sananan əlli minillik, ikinci tarix geri sananan əlli minillik tarix, üçüncüsü yeni era adlandırdığınız tarixdir. Mən sənə bu tarixlərdə Yer planetində baş vermiş hadisələri danışacam, bu məlumat əsasında "İdeal" adında roman yazacaqsan".
Qeybdən gələn səsin yazıçıya təlqin etdiyi Tarixin miqyası, bir tarixçiyə, bəlkə də, o qədər də böyük görünməyə bilər, ancaq insan, cəmiyyət həyatının ədəbi- fəlsəfi interpretasiyası (və ümumiləşdirilməsi!) baxımından, həqiqətən, möhtəşəmdir. Yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumən dünya ədəbiyyatında hələ heç bir yazıçı bu qədər dərinliyə (Tarixə!) getməyə, cəmiyyətdəki (insan təbiətindəki) qüsurları (təhrifləri!) bu qədər dərindən (tarixdən!) təhlil etməyə cəhd göstərməmişdir ki, bu, qaibdən İsa Hüseynova (Muğannaya) təklif edilir... Və səs əlavə edir: "Hələlik özüm haqqında məlumatı dinlə. Mənim adım planetinizdə təhrif olunub. Siz "İsa peyğəmbər" deyirsiniz. Qonşularınız farslar "İsayi Məsih" deyirlər. Xristian aləmində "İsus Xristos" deyirlər. Mən "Boq", "Boq otes" adlandırılan Bağ Atanın dördüncü oğluyam. Həqiqi adım - rütbəm EySardır. Qədim türk dilində - OdƏr dilində Ey- uca deməkdir, Sar - hökmdar deməkdir. EySar - uca hökmdar deməkdir. OdƏrcə Od- həqiqət deməkdir. Ər - işıq deməkdir. OdƏr - həqiqət işığı deməkdir. Kainatın bütün planetlərində OdƏr bəşəriyyəti mövcuddur"...
Mən, necə deyərlər, köhnə palan içi töküb böyük yazıçını, mütəfəkkiri, mistikada və ya xurafatda günahlandırmaq fikrindən tamamilə uzağam... Hər şeydən əvvəl ona görə ki, EySarın - İsa peyğəmbərin yazıçıya - müəllifə bu cür mərhəmanə müraciəti ən azından ədəbi priyom kimi də kifayət qədər mükəmməldir. Və bu cür ədəbi priyomların həm Azərbaycan, həm də dünya ədəbiyyatında olduqca maraqlı, heç bir mübahisə (və etiraz) doğurmayan örnəkləri vardır... Bununla belə İsa Muğanna onun "təlim"inin (SafAğ elminin) məhz qaibdən diqtə olunduğuna şübhə ilə yanaşanlara ürəkdən (və böyük səmimiyyətlə) etiraz edir. Məsələn, "İdeal" romanının "Qapalı dünya"sını ilk dəfə dərindən təhlil edən görkəmli filoloq Qəzənfər Kazımovun "Qapalı dünyanın sirri və ya etnoteolinqvistik nəzəriyyə" məqaləsini yüksək qiymətləndirən yazıçı eyni zamanda göstərir ki, "Qəzənfər Kazımov mənim ün (qaibdən səs - N.C.) eşitdiyimi bilmir, buna görə də mənim "dünyəvi və dini elmləri böyük zəhmətlə öyrəndiyimi" iddia edir".
Əlbəttə, mənim bu məsələdə münsiflik etmək qüdrətim (və səlahiyyətim) yoxdur, ancaq düşünürəm ki, hər adama ün gəlməz, gəlsə də, hər adam eşidib anlamaz, bunun üçün seçilmişlər, bu iş üçün hazırlanmışlar lazımdır... Və nə qədər təvazökarlıq (!) etsə də İsa Hüseynov (Muğanna) həm dünyəvi, həm də dini elmləri müasirləri içərisində ən yaxşı bilənlərdən biridir. Onun əsərlərinin mövzuları, ideyaları, süjet- kompozisiya quruluşu, təhkiyə- üslub tərzi ilə ötəri tanışlıq göstərir ki, yazıçı nə qədər böyük idrak- ifadə mədəniyyətinə, nə qədər zəngin təfəkkürə, nə qədər mükəmməl zəkaya malikdir.
"Tütək səsi"ni, "Teleqram"ı, "Yanar ürəy"i, hətta "Məhşər"i yazanda müəllif, təbii ki, hələ ün eşitmirdi, ancaq mən əminəm ki, bu əsərləri də ona hansısa fövqəladə istedad, təfəkkür diqtə edirdi. Və ona görə də İsa Muğanna İsa Hüseynovun yazdıqlarından imtina edəndə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar özünəməxsus bir zarafatla "mən bir təşkilat yaradıb, adını da qoyacam "İsa Hüseynovun birinci dövr yaradıcılığını İsa Muğannadan müdafiə edən cəmiyyət" demişdi...
"İdeal" və ya "Əbədiyyət" yazıçının, heç şübhəsiz, şah əsəridir, bununla belə, yaradıcılığının, şərti olaraq, üçüncü dövrünə aid edəcəyimiz "İlan dərəsi və ya Peyğəmbərin taleyi", "Qırx kisə qızıl", "Söz yarası"... kimi povestləri, "Həyatımdan səhifələr"i də ona görə dəyərli əsərlərdir ki, ilk növbədə, ikinci dövrdə irəli sürülmüş ideyaları, mətləbləri, daha aydın, daha təfsilatı ilə şərh edir...
Yaradıcılığının ikinci dövründə İsa Muğanna üsyankar bir ehtirasla elan etdi ki, dünya təhrif olunub!.. Və cəsarətlə deyə bilərəm ki, bu "təhrif (təhrif olunma)" məfhumu Azərbaycan yazıçısının dünya ədəbi- bədii təfəkkürü miqyasına qalxan (dünya ədəbiyyatını zənginləşdirən!) böyük kəşflərindən biridir. Antibəşəri ehtirasların (və arxasınca gəlib onun xidmətində duran cahil təfəkkürün) dünyanı mənəvi xarabaya çevirdiyi qənaətinə gələn İsa Muğanna inanır ki, şər nə qədər güclü, məğlubedilməz görünsə də, on min illərdir ki təhrif olunmuş, kütləşdirilmiş beyinlərdə "həqiqət işığı"nı yandırmağa, bəşəriyyəti xilas etməyə çalışan qüvvələr var... Müxtəlif dillər, dinlər və xalqlar şəklinə salınmış, müxtəlif xarakterli münaqişələr, iğtişaşlar və müharibələr meydanına çevrilmiş bu dünyanı xilas etmək üçünsə qlobal təhrifin səbəblərini, günahkarlarını müəyyənləşdirmək, "arxivlər"ini açmaq lazım gəlir ki, bunun üçün də o miqyasda (qloballıqda!) idyea- mənəvi (ilahi!) mübarizə tələb olunur. Səbəbləri (və günahkarları) müəyyənləşdirməyə çalışan yazıçı- mütəfəkkirin bu məsələdə çox vacib olan bir xüsusiyyəti (metodu!) isə ondan ibarətdir ki, tarixi öz tərcümeyi- halından keçirib bütün səmimiyyəti, hətta demək olar ki, sadəlövhlük səviyyəsinə çatan "obyektivliyi" ilə nəticələr çıxarır. Bağ Atanın oğulları ƏsƏlMəni - Süleymana, Ün Eyi - Nuha, EvƏrimi - İbrahimə, EySarı - İsaya çevirən təhrifin peyğəmbərlərdən başlayıb adi insanlara qədər getdiyini həyatın, varlığın, cəmiyyətin ən müxtəlif sahələrinə, üzvlərinə yeridiyi qənaətinə gələn müəllif son illərin məhsulu olan "İlan dərəsi və ya Peyğəmbərin taleyi"ndə dünyaya üz tutub Peyğəmbərin dili ilə "...Yerdə cəhalət hakimdir. Biz daha orada qala bilmədik. Əlvida!" deyir.
XIX əsrin sonlarına - Rusiya İmperiyasının Azərbaycana, xüsusilə muğannalara təzyiqi dövründə deyilmiş bu "Əlvida!"nı bir az əvvəl "Koroğlu" eposu da demişdi: " Tüfəng çıxdı, mərdlik getdi, ay haray!.." Və ümumiyyətlə, İsa Muğanna yaradıcılığının bütün dövrlərində - istər birinci, istər ikinci, istərsə də üçüncü dövründə milli eposa bağlayan çoxlu ideyalar, motivlər mövcuddur ki, buna tamamilə təbii baxmaq lazım gəlir. Ancaq keçən əsrin 90- cı illərinin sonlarından başlayan (və davam edən) üçüncü dövr bu baxımdan, elə bilirəm ki, daha əlamətdardır. Onun demək olar ki, bütün əsərlərində sufi- aşıqlar çalıb çağırsalar da, "Qırx kisə qızıl" povestində təhrif olunmuş "Aşıq Qərib" dastanını bərpa etməklə müəllif ədəbi- estetik marağının mühüm mənbələrindən birinin nədən ibarət olduğunu göstərir.
Xalqının, ümumən bəşəriyyətin tarixini - "tərcümeyi- hal"ını öz tərcümeyi- halına çevirməyi bacaran ikinci bir yazıçı- mütəfəkkir tapmaq mümkün deyil ki, İsa Muğanna qədər səmimi (və mükəmməl!) olsun.
Bir neçə kəlmə "Qapalı dünya" haqqında... Burada son dərəcə diqqəti çəkən (və böyük mübahisə doğuran) məsələ odur ki, akademik tarixşünaslığı çox- çox geridə qoyub tarixin qat- qat dərinliklərinə enən yazıçı- tədqiqatçı ortaya elə bir "mənzərə" çıxardıb, ona elə bir "kommentariya" verdi ki, normal şüur (müəllifin məntiqi ilə yanaşılsa, əksinə, təhrif şüur) tərəddüdlər içərisində qaldı. Lakin bu zaman, fikrimcə, ən qeyri- normal və ya qeyri- münasib mövqe böyük tarixçi, akademik Ziya Bünyadovun idi ki, professor Qəzənfər Kazımov, tamamilə doğru olaraq, vaxtında həmin mövqeyə qarşı öz tənqidi münasibətini bildirdi. Akademik "Qapalı dünya"da təqdim etdiyi Tarixin həqiqiliyini sübut eləməkdən ötrü yazıçıdan arxeoloji dəlillər tələb edəndə nəzərə almamışdı ki, "İdeal" müəllifi ruhun- mənəviyyatın "arxeologiya"sından danışdığına görə bu cür dəlillər təqdim edə bilməz ( və etməməlidir). Eyni zamanda professor Qəzənfər Kazımovun romandakı etimoloji mülahizə- interpretasiyaları akademik N.Y.Marrın sonralar ciddi tənqidə məruz qalan "Yafəsi dillər" nəzəriyyəsi ilə müqayisə eləməsi cəlbedici olduğu qədər də yanlış idi. Hər şeydən əvvəl ona görə ki, akademik N.Y. Marr, İsa Muğannadan fərqli olaraq, sözlərin şüurlu təhrifindən bəhs etmirdi, İsa Muğanna üçünsə bu, əsas məsələdir.
Ümumiyyətlə, Odər dili ideyasının (və bu ideyanı formalaşdıran etimoloji materialın) linqvistik baxımdan nə dərəcədə əsaslı (elmi) olub- olmaması barədə mübahisə etmək mümkündür, lakin məsələ burasındadır ki, həmin idyea ədəbi- bədii fakt (obraz) kimi tamamilə mübahisəsiz, hətta o qədər mükəmməldir ki, ondan imtina olunsa (bir vaxtlar belə fikirlər də səslənirdi), yazıçının ədəbi- fəlsəfi mövqeyinə ciddi xələl gələr.
Bu yerdə və bu məsələ ilə bağlı olaraq böyük tənqidçi - ədəbiyyatşünas Yaşar Qarayevin bir fikri yadıma düşdü. O deyirdi ki, elm Darvinin şəxsində insanın meymun, ədəbiyyat, poeziya isə Nəsiminin şəxsində Allah mənşəyini kəşf etdi...
Bütün yaradıcılığı boyu özünün (və bəşəriyyətin) həqiqətini axtaran onu dünyada aqilliklə cahilliyin mübarizəsində tapan İsa Muğanna, elə bilirəm ki, haqlıdır. Və ona da əminəm ki, harada həqiqət varsa, orada İsa Muğanna da var... Həqiqətin İsa Muğannası - EySarı...
525.az