130 illik yubileyini qeyd etdiyimiz Məmməd Əmin Rəsulzadə Azərbaycan özünün bəzi əsərlərində Azərbaycan ədəbiyyatı və ədəbiyyat xadimlərindən söz açıb. Modern.az Rəsulzadənin ədəbi-ideoloji dünyagörüşünü özündə əks etdirən fikirlərini sizlərə çatdıracaq:

  Rəsulzadə özünün “Çağdaş Azərbaycan ədəbiyyat”ı və digər əsərlərində, eləcə də publisistikasında Cümhuriyyət dövrü və ondan sonrakı Azərbaycan ədəbiyyatını taleyinə toxunub. Burada bir çox şair və nasirləri qeyd etməklə onların mübarizə meydanında ağır təqiblərə məruz qalmasına rəğmən geri çəkilməməsini vurğulayır. O, ədəbi tənqidçi kimi çıxış edərək, ədiblərin əsərlərində istiqlala çağırış, hürriyyət ideyalarını araşdırıb. Həmçinin bir ideoloq kimi həmin əsərlərin və onların müəlliflərinin kommunizm qulları tərəfindən necə təqib olunduğunu və incidildiyini bizlərə çatdırır:  “Bir neçə ay əvvəl Azərbaycanın mədəni ənənələrindən bəhs edərkən bu mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının keçdiyi mərhələləri göstərdik, onun 1905-ci il rus  inqilabından  sonrakı inkişaf mərhələsindəki  şəxsiyyətlərini  qeyd etdik və  nəhayət, 1918-ci  ildə milli Azərbaycan Respublikasının qurulması və istiqlalının elanına qədər baş verən ədəbi hadisələr üzərində dayandıq və söhbətimizi  burada qurtardıq. İndi söhbətimizi həmin yerdən başlayacaq və sözü yaşadığımız günlərə keçirməyə səy edəcəyik. Bunu edərkən dəmir pərdə arxasındakı hadisələrə aid qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün öncədən üzr istəyəcəm”.

 

M.Ə. Rəsulzadə çox ağır bir şəraitdə yazdığı əsərlərində Azərbaycan ədəbiyyatının ağır dönəmini, onun ümumi istiqamətlərini, yazıçının zamana, situasiyaya görə dəyərləndirilməsini çox böyük ustalıqla əks edə bilib. Həmin dövrdə ədəbiyyatın istiqlal həyəcanının tərcümanı olmasını və bu şövqü insanlara lazımı şəkildə çatdırmasını böyük hadisə kimi dəyərləndirir. Bu ağır missiyanı üzərinə götürən qələm adamlarını xüsusi minnətdarlıqla xatırlayır. “Çağdaş Azərbaycan ədəbiyyatı”nda nakam taleli bu şair Əliyusifin adını  xüsusi olaraq qeyd edir. İndi ədəbiyyat tarixində çox xatırlanmasa da Məhəmməd Əminin ilk olaraq məhz, onu yada salması heç də təsadüfi deyil: “İndi soyuq Sibirin uzaq tundralarında, sovet cəlladlarının vəhşi işgəncələrinə davam gətirməyərək vətən mücahidlərinin bəxtinə əcəl camını içmiş şair Əliyusif hadisələrin inkişafını bu ilhamlı beytlərlə təsvir edirdi:     Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu Sübh olmuşdu, fəqət bir oyanan görmədim Anlamazdı kimsə onun o şübhəli dərdini. Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim.”   Rəsulzadə daha sonra toxunduğu məsələlərdə ədəbi xadimlərin komuzm “cəfakeş”ləri tərəfindən rahatsız edildiyini və yazılarındakı pantürkist, millətçi ideyalarına görə “böyük vətən”ə xəyanət edilərək suçlandıqlarını ürək ağrısı ilə qeyd edir: “Hürriyyətin  feyzli  havasından  doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü. Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli ruha yabançı olan kommunist hökuməti formaca milli olan ədəbiyyata əvvəlcə səbrlə yanaşdısa da, məlum olduğu kimi, ona beynəlmiləl proletar məzmunu verməyə çalışdı. Lakin sovet işğal hökuməti milli Azərbaycan ruhunu çürütmək və burada “proletkult”  deyilən bir mədəniyyət yaratmaq sahəsində sərf etdiyi əməklərində müvəffəq ola bilmir, bu iş üçün o özünə lazım olan vasitələrə malik deyildi. Ədəbiyyat əski ustadların əlində idi. Görünüşdə mövcud vəziyyətə uyğun olaraq, yeni hökumətin bəzən sərtliyini, bəzən də diplomatca yumşaqlığını dadan bu yazıçılar öz çətin və ağır işləri ilə məşğul idilər. “ Rəsulzadə  həmin şərəfli və çətin işlə məşğul olan yazarların təsnifatını aşağıdakı kimi aparır.

 

Cəlil Məmmədquluzadə: Böyük nasirdən danışarkən Rəsulzadə  “Molla Nəsrəddin” əski müdirinin” “Kamança” və “Anamın kitabı” pyeslərindən və o pyeslərin dərin alt qatından bəhs edir: “Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı “Anamın kitabı”na çağıran bu əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi.”

 

Süleyman Sani Axundov: Rəsulzadə Axundovun “Laçın yuvası” adlı əsərini qeyd edir. Bu əsərdə imperializmə çağırış olsa da o, bir tənqidçi kimi bu çağırışın alt qatında  Şərq hökmranlığının bərpası istəyini yazır: “Pyesin sosial səbəbə deyil, sadəcə siyasi taktikaya dayanan bu inqilabçılığı qırmızı senzuraya çox da xoş gəlməmişdi. Bu, senzuraya görə Azərbaycan öz qüvvələri ilə və ictimai-iqtisadi motivlərlə sovetləşmişdir. Halbuki “Laçın yuvası”nı tutan Azərbaycanlı kommunist oranı sadəcə olaraq imperializmin Şərqdəki səngərini daha yaxşı yıxa bilmək üçün tutur. İnqilab məqsəd ikən burada vasitə kimi göstərilib”.

Hüseyn Cavid: Rəsulzadə demək olar ki, ən çox Hüseyn Caviddən bəhs edir. Əsərlərindəki Turan sevdasını dəyərləndirən Məhəmməd Əmin onun bu dövrdə yazdığı “Topal Teymur”, “Peyğəmbər”, “Siyavuş”, “İblis” və “Uçurum” əsərlərini təhlil edir: “Topal Teymur” müəllifinə uzun zaman hiddətlənmiş hökumətin şiddətli cəzalarına qatlanmaq lazım gəlir. Onu sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər. Şairin ikinci əsəri nisbətən daha yaxşı qarşılanır. Lakin “Peyğəmbər” mənzuməsində də bolşevik məzhəbli marksizm əqidəçiliyi burada da az “küfr” tapmamışdı”.

 

Əhməd Cavad: Hürriyyət aşiqi kimi tanınan Əhməd Cavadda bəhs edərkən daha çox onun ağrılı həyatına toxunur: “Milli cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən gətirmir. Əski bir müsavatçı olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər və nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlərin arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şerlərini Cavadın tənqid və təqdirinə ərz edəcək dərəcədə onun təsirinə düşürlər. Siyasi olmayan parçaları bəzən fürsət olduqda mətbuat səhifələrində özünə yer tapır. Bunların çoxu rəmzidir. Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olunub şairə hücum üçün bir vasitə olur”. Rəsulzadənin təhlil etdiyi ədiblər arasında Cəfər Cabbarlı Sabit Rəhman, H.Axundlu, Cəfər Xəndan da var. Amma onun Səməd Vurğun və nakam taleli şair Gültəkin haqqında dedikləri daha çox maraq doğurur. O əvvəlcə bir qeydində səməd vurğundan narazılıq edir: “Azərbaycan ədəbiyyatı indi bu şəraitdə yaşamağa məcburdur. Bu məcburiyyətlər və təzyiqlər nəticəsində ayaq üstə durmaq istəyən bir yazıçı, ədib və şair təsadüfi deyil ki, tarixcə bağlı olduğu islam və türk ideallarından üz çevirəcək, mədəni dünya ölçülərinə xor baxacaq və hətta 1939-cu ildən əvvəlki illərdə yazılan sovet Azərbaycanı ədəbiyyatının əsərlərini belə rədd və inkar edəcəkdir. Necə ki, əsil sovet dövründə yetişən və bir kommunist ədib və şair olaraq şöhrət qazanan adamlar belə əvvəlki yazılarından imtina etmişlər, “böyük” Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimi əski şerlərinin öldüyünü elan etmişlər.” M.Ə. Rəsulzadədir.  Səməd Vurğunun nöqsanını göstərməklə yanaşı onun məziyyətlərindən də söz açır: “Səməd Vurğun Stalini idealizə edən əsərlər yanında bir də “Vaqif” adlı mənzum dram yazmışdır. “Vaqif” XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır. Ümumi sovet vətənpərvərliyinə rəvac verən son rus əsərlərindən öyrənməklə Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır.   Gənc şair Gültəkindən söz açarkən isə şair öz kövrəkliyini saxlaya bilmir:   “İstiqlal, o yaşayan millətin qəlbində can, İstiqlal, o səadət, həyat, zəfər, şərəf, can, İstiqlal, o sönməyən müəbbəd bir məşalə, Könüllərdə tutuşur, gözlərdə sönsə belə, – deyən Gültəkin adını daşıyan alovlu şairin yazıları xüsusi bir yer tutur. Gültəkinin şerlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini görürük. Mübarizənin ədalətliliyinə və qələbə ilə nəticələnəcəyinə bağlanan ümid, Gültəkində adətən dini bir mahiyyət alır“.   Rəsulzadə Gültəkinin bir beytini  də sitat kimi qeyd edir. Hansı beyt ki, illər əsirlər keçəcək lakin Məhəmməd Əmin Rəsulzadə yenə o misraları hər bir azərbaycanlının qulağına pıçıldayacaq:  

 

Sən bizimsən, bizimsən, durduqca bədəndə can

Yaşa-yaşa çox yaşa ey şanlı Azərbaycan!!!


Elmin Nuri 

Modern.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə