Ay Ana!

Dəyərli ziyalımız, əziz Sədaqət anamızın əziz xatirəsinə ithaf edirəm.

Qəbrinin üstünə gəlib gizlicə,
Elə ağlayıram sənsiz hər gecə.
Ömrü yaşamıram heç də könlümcə,
Canım sənə qurban ana, ay ana!

Böyütdün sən məni ərköyün, çılğın,
Sənsiz qəmli-qəmli, gəzirəm dalğın.
Elə fikirliyəm yorğunam, yorğun,
Canım sənə qurban ana, ay ana!

Dünyanı tərk etdin məndən nigaran,
Getdin ürəyimdə sağalmır yaram.
Yaxşı ki, yerində mən bu gün varam,
Canım sənə qurban ana, ay ana!

Ömrünün günəşi tez qürub etdi,
Səndən sonra həyat bizimçün bitdi.
Sənsiz ömrün-günün mənası itdi,
Canım sənə qurban ana, ay ana!

Ay sədaqətli, gözəl, Sədaqət anam,
Mənə yadigarın saf ismət anam.
Sən bizə bəxş etdin nəzakət anam,
Canım sənə qurban ana, ay ana!

Əlinin sığalı saçıma dəymir,
Taleyim xoşbəxtlik donunu geymir.
Məni heç bir kəsim sənintək öymür,
Canım sənə qurban ana, ay ana!

***

Biz yaşatmalıyıq qəhrəmanları

Doğulub, böyüyüb var olmuşuqsa,
Hər arzuya çatıb, ucalmışıqsa.
Onlara borcluyuq sağ qalmışıqsa,
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətən, el yolunda vuruşanları.

Bəstəkar nəğmədə, şair sözündə,
Analar ruhunda, görən gözündə.

Prezident söylədi sözün düzün də,
Biz yaşatmalıyıq qəhrəmanları,
Gəncikən torpağa qarışanları.

Tökülən qanıyla alındı torpaq,
Şəhid qanlarıyla sulandı torpaq.
Ucaldı göylərə üçrəngli bayraq!
Biz yaşatmalıyıq qəhrəmanları,
Azərbaycan üçün ölən canları.

Göyə bülənd olsun zəfər nəğməsi,
Səslənsin evlərdən sevinc müjdəsi.
Qalsın yaddaşlarda şəhid kəlməsi!
Biz yaşatmalıyıq qəhrəmanları,
Cənab İlhamları, Ərdoğanları.

Lap günü bu gündən heç yatmaq olmaz,
İgid ogulları unutmaq olmaz.
Bir nüansı yaddan çıxarmaq olmaz:
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətəndə tarixi düz yazanları.

Düzü düzümüzə qaytaranları
Sözü sözümüzə qaytaranları.
Bizi özümüzə qaytaranları,
Biz yaşatmalıyıq qəhrəmanları,
Vətənçün, yurd üçün çalışanları.

***
İlahi, gör məni sevgi neylədi

Xumar Qədimovanın Yunis Əmrənin sözlərinə bəstələdiyi
Gör məni aşk neylədi mahnısından sonra çox təsirləndim. Bu şeirimi yazdım və bu şeirimi çox sevdiyim xanıma həsr elədim.

Basdı ürəyimə kösövü, odu,
Qaçırtdı ağzımdan ləzzəti, dadı.
Bir sevən kişini məhv etdi qadın,
İlahi, gör məni sevgi neylədi.

Xəstəliyə saldı cavan canımı,
Zülmətlik elədi səhər danımı.
Köməyə çağırım Yaradanımı,
İlahi, gör məni sevgi neylədi.

Dildə dastan oldu qız yaraşığın,
Boğazın qurutdun neçə aşiqin.
Söndürdün bəxtimin yanan işığın,
İlahi, gör məni sevgi neylədi.

Məni qonşu etdi Məcnunla çöldə,
Baxıb məyus oldu sona da göldə.
Heç belə sevən yox mənimtək eldə,
İlahi, gör məni sevgi neylədi.

Dəryadan ayrılmış mən susuz balıq,
Yelkənsiz gəmiyəm, yelkənsiz qayıq.
Heç özüm özümə olmadım dayaq,
İlahi, gör məni sevgi neylədi.

***

Güllərin içinə bu gül xoş gəlib

Ay Allah ölürəm əcəlimdi o,
Sevən ürəyimdə məşəlimdi o.
Nəğməmdi, sözümdü, qəzəlimdi o,
Güllərin içinə bu gül xoş gəlib.

Sevirəm özünü, istərəm xətrin,
Bağçama gətirib gül- çiçək ətrin.
Çox gözəl bilirəm Günəşin qədrin,
Güllərin içinə bu gül xoş gəlib.

Tanrı ki, yoluma çıxarıb onu,
Sevdamın bağında bitirib onu.
Mələklər mənimçün yetirib onu,
Güllərin içinə bu gül xoş gəlib.

Sevgi sarayında sultanı olum.
Ümidi, həyanı, gümanı olum.
Ölüm qarşısında qurbanı olum,
Güllərin içinə bu gül xoş gəlib.

***

Dayanma, ürəyim!

Qayğıdan, cəfadan uzaqlaş bir az,
Bir az ərköyün ol, uşaqlaş bir az,
Həvəslə döyünüb qoçaqlaş bir az,
Dayanma, ürəyim, dayanma nolar!

Şam kimi ərimə, zamanın deyil,
Ağrıma, bir kəsin yananın deyil.
Bilirəm bu yerlər məkanın deyil,
Deyinmə, ürəyim, deyinmə nolar.

Üzülmə - budaqdan yarpaqlar kimi,
Qırılma incəcik qovaqlar kimi.
Çatlama həsrətli torpaqlar kimi,
Bölünmə, ürəyim, bölünmə nolar!

Müəllif: Fuad Biləsuvarlı

Bu səhər

Lənət ayrılığa, hicrana, qəmə!
Sənsizlik dönübdü bir cəhənnəmə.
Yadıma düşmüsən bu səhər yenə...
Mən səni de hardan tapım bu səhər?

Günəşdən şəfəqli camalına bax,
Məni Məcnun edən amalına bax.
İlahi, sən bunun xəyalına bax!
Xəyaldan nə sayaq qopum bu səhər?

Bilmədim hayandan əsdi bu külək...
Həqiqət dinləmək istəmir ürək.
Nakam arzuları bir-bir, çiçəktək
İzsiz yollarına səpim bu səhər...

Gözlərin yanardı - ocağın kimi,
Rahat yer qaldımı - qucağın kimi.
Həsrətin də şirin dodağın kimi,
Öpüm həsrətindən, öpüm bu səhər!


Qurbanam o dərdi verən Allaha!

Səhərdi... Nur saçır günəş nə vaxtdı,
Mən isə gecədə qalmışam belə...
Dinməyə yox halım, heydən düşmüşəm
Bir baxın, necə də solmuşam belə...

Həsrətin dizinə qoydum başımı,
Bir əldən başıma salır daşını.
Gözlərim göylərdən alır yaşını,
Buludtək kövrəlib-dolmuşam belə.

Dualar edərək çıxdım sabaha,
Düz oldum, batmadım heç bir günaha.
Qurbanam o dərdi verən Allaha,
İlhamı dərdimdən almışam belə!..

***

Yadıma düşdün...

O qumlu, torpaqlı, tozlu küçədə,
Məhəbbət qoxuyan aylı gecədə
Dalmışam, bilmirəm saat neçədə
Yadıma düşdün...

Bir dəniz kənarı, dəniz limanı...
Günəştək bəzərdi üzün hər yanı.
Unutmaq çətindi səntək cananı,
Yadıma düşdün...

Mən də bulud kimi boşaldım-doldum,
Xəyallara daldım, fikirli oldum.
Ağardı bənizim, gül kimi soldum,
Yadıma düşdün...

Heyif ki, olmadın mənim qismətim,
Göylərdə yox imiş xətir-hörmətim.
Ay mənim bəxtimdə ilk məhəbbətim,
Yadıma düşdün...

***

Mən adımla böyüyürəm

Duyğuları bir dənizəm,
Haqq sözümdə doğru, düzəm.
Əzmkaram, mübarizəm,
İnadımla böyüyürəm.

Uğurlar çoxalır qat-qat,
Verir mənə hey qol-qanad.
Babalardan əmanət ad,
Soyadımla böyüyürəm.

Gedək, tanı zatımı da,
Yaxınımı, yadımı da.
Bibim qoyub adımı da,
Mən adımla böyüyürəm.

İlahi söz canımızdı,
Şöhrətimiz, şanımızdı.
Nəsillikcə qanımızdı,
Bayatımla böyüyürəm.

Əzablardan qaçmaq üçün,
Dərdi, qəmi atmaq üçün.
Göy üzünə uçmaq üçün,
Qanadımla böyüyürəm.

Çoxlarıtək içərək mey,
Danışmıram güzar giley.
Elə-belə deyil hər şey,
Savadımla böyüyürəm.

Yağıların çıxsın canı,
Onların yox din-imanı.
Töküləndə şəhid qanı,
Fəryadımla böyüyürəm.

Koroğludan bizə qalan,
Çox gədanı yerə salan.
Düşmənlərə zəfər çalan,
Qıratımla böyüyürəm.

Zəhmətsevər əllərimlə,
Tez ağaran tellərimlə.
Keşməkeşli yollarımla,
Həyatımla böyüyürəm.

Şair Fuad düzün deyir,
Düzgünlüyü o çox sevir.
Həyat hələ davam edir,
Muradımla böyüyürəm.


Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə