Azərbaycan Yazıçılar Birliyi qurumun Katibliyi, Ağsaqqallar Şurası və İdarə Heyəti adından dövlət başçısı İlham Əliyevi növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir.

Möhtərəm Prezident!

Sizi Azərbaycan xalqının müstəqil iradəsinin və seçim haqqının aydın ifadəsi olan 7 fevral prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirik!

Bu seçkilərin müqəddəs Vətən torpaqlarının hər qarışının işğaldan azad edildiyi, dövlət suverenliyimizin bütün ərazilərimizdə tam bərpa olunduğu bir şəraitdə keçirilməsi xüsusilə əlamətdardır. 7 fevral prezident seçkilərinin digər tarixi cəhəti isə Sizin həmin gün ailə üzvlərinizlə birgə Qarabağda olmağınız və səsvermə hüququnuzu Xankəndidə - işğaldan azad edilmiş əzəli və əbədi Azərbaycan şəhərində həyata keçirməyinizdir.

Vətəndaş fəallığına görə dünyanın diqqətini çəkən və seçicilərin mütləq əksəriyyətinin yenidən Sizə səs verməsi ilə nəticələnən bu seçkilər ötən müddət ərzində dövlətimizə böyük müdriklik və qətiyyətlə rəhbərlik etdiyinizi, qədirbilən xalqımızın isə bunu özünəməxsus nəcibliklə, layiqincə qiymətləndirdiyini növbəti dəfə yüksək səviyyədə nümayiş etdirdi.

Möhtərəm Prezident!

Müzəffər Ali Baş Komandanlığınız altında Böyük Zəfərlə yekunlaşan Vətən müharibəsindən sonra, Sizin qətiyyətlə qeyd etdiyiniz kimi, Azərbaycan özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu yeni dövrün məhz Sizin yorulmaz rəhbərlik fəaliyyətiniz sayəsində xeyirli-uğurlu olacağına, ölkəmizə, xalqımıza hər bir sahədə mühüm nailiyyətlər qazandıracağına əminik. Eyni zamanda, başlanan bu fərqli tərəqqi mərhələsinin ədəbiyyatımızın və mədəniyyətimizin də inkişafına yeni təkan verəcəyinə inanırıq.

Ölkə yazıçıları adından Sizi əmin edirik ki, müdrik siyasi-dövlətçilik xəttinizi bundan sonra da əzmlə dəstəkləyəcək, Azərbaycanımızın inkişafı, ədəbiyyat və mədəniyyətimizin yüksəlişi, ana dilimizin qorunması və təbliği naminə bütün istedad və bacarığımızı səfərbər edərək çalışacağıq.

Sizi prezident seçkilərində parlaq qələbəniz münasibətilə bir daha ürəkdən təbrik edir, rəhbərlik fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirik!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə