Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan poetik fikrinin inkişafında parlaq və

gözəl bir səhifədir ki, o, insanın ürəyində doğrudan da, çox nəcib duyğular

oyadır, insana böyük zövq və ləzzət verir.

Mirzə İbrahimov,

  Xalq yazıçısı

Azərbaycan xalq yaradıcılığının ən zəngin qollarından birini aşıq poeziyası təşkil edir. Əsrlərdən bəri xalqının istək və arzularını, bu gündən doğan sabahını tərənnüm edən aşıqlar xalq arasında böyük  hörmət və şöhrət qazanmışlar.  Azərbaycan Respublikası  Prezidenti  cənab İlham Əliyevin  18 fevral 2021-ci il tarixli sərəncamına əsasən 200 illik yubileyini   qeyd etdiyimiz, sənət aləmində özünə əbədi heykəl ucaltmış Aşıq Ələsgər belə sənətkarlardandır.

XIX əsrdə yaşayıb-yaratmış Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi yer tutmuşdur. Aşıq şeirimizin yeni şəkillərlə zənginləşməsində  müstəsna rolu və xidməti olan  qüdrətli sənətkar özündən sonra yetışən onlarca Azərbaycan aşığının yaradıcılığına qüvvətli təsir göstərmışdi.

Aşıq Ələsgər Azərbaycan dilinin incəliklərindən bacarıqla istifadə edərək aşıq poeziyamızı daha da zənginləşdirmişdir. Məhz buna görə də ondan sonra gələn bütün aşıqlar, hətta yazılı ədəbiyyatımızın görkəmli nümayəndələri bu qüdrətli söz ustadının yaradıcılığından bəhrələnmişlər. Aşıq Ələsgər şeirlərinin məna dərinliyi, sözlərin axıcılığı, təsvir vasitələri, cinas qafiyələrin dolğunluğu, sözlərin yerində tutarlı  və böyük ustalıqla işlədilməsi bütün aşıq poeziyamızda əlçatmaz zirvəyə qalxmışdır. Ona görə də istər-istəməz, aşıq poeziyası ilə məşğul olanlar böyük sənətkarın yaradıcılıq sirrlərini öyrənmək, onun ədəbi mühitini, sələf və xələflərini araşdırmaq, Aşıq Ələsgərin “söz bulağı”nın  hansı axardan başlandığını axtarmağa çalışmışlar.

Məlumdur ki, böyük ustadın yaradıcılığında qoşma janrı  üstünlük təşkil edir. Bu qoşmaların bir qismində  insanları ucaldan, yaşamağa həvəs oyadan, təmiz  və mənalı məhəbbətin tərənnümü xüsusi yer tutur. Gözəllərin vəsfi şairin bir sıra qoşmalarında qırmızı xətt təşkil edir. Bu cəhətdən aşağıdakı bənd daha səcivvədir:

Ələsgəri gözdən salma irağa,

Könül dərd gətirməz dərdi-fərağa

Leyli kimi vədə versən bulağa

Məcnun tək gözlərəm il, sənə qurban.

Göründüyü kimi, Ələsgər poeziyasında sözlərdən bacarıqla istifadə, yüksək şeiriyyət hər bir kəsi valeh edir. Əsrarəngiz təbiətimizin tərənnümündən tutmuş el gözəllərinin vəsfini, mərd igidlərin tərifini saz-söz sehriylə  ucalara qaldıran böyük ustadın ilk kəlməsindən son kəlamınacan Azərbaycan ruhunun və Azərbaycan dilinin saflığı hakimdir.

         Gözəllik nəğməkarı olmuş ustadın əsərlərinin bir qismində gözəllər tərənnüm edildiyi kimi, bir qismində də vətənə məhəbbət, xalqa, el-obaya hörmət hissləri öz parlaq ifadəsini tapmışdır. Səmimi və təmiz bir qəlblə sevən aşiqin  ilk məhəbbətindəki  uğursuzluqdan şikayətləri, intizar, həsrət  göz  yaşları, ah-nalə  qüdrətli sənətkarın şeirlərində təbii və təsirli verilmişdir:

         Ömrüm ah-vayınan keçdi dünyada,

         Həsrət qaldım, əlim yara yetmədi.

Neçə namə yazdım canan elinə,

 Heç birisi o diyara yetmədi.

Barlı-bəhrəli Azərbaycan torpağı ustad Aşıq Ələsgərin ilham qaynağıdır. Böyük sənətkarın  şeirlərində ucsuz-bucaqsız çəmənlərimizdə bitən güllərin rayihəsi duyulur, ətri gəlir:

Kəkotu, qırxbuğum, qaymaqçiçəyi,

Bənövşə, qantəpər qızlar örpəyi,

Quzu mələşməsi, çoban tütəyi,

Çəkir uzaqlara xəyalı, yaylaq.

         Aşıq Ələsgər Azərbaycan təbiətini, xüsusən xəstələrə şəfa verən, kədərli qəlblərə nəşə gətirən dağlarımızı böyük ilhamla tərənnüm edir. Bizə elə gəlir ki, şeir oxumuruq, uca, əlçatmaz, ünyetməz bir zirvədə dayanıb təbiətin seyrinə dalırıq. Gözlərimiz önündə yalnız qartalların görə biləcəyi mənzərələr açılır, Ələsgər şeirinin qüdrəti ən ümdə məziyyəti, öncə, bundadır. Görkəmli sənətkar təbiətin elə tərəflərini təsvir edir ki, onu ancaq qartal baxışı ilə görmək, qartal ürəyi ilə duymaq olar:

         Xəstə  üçün təpəsində qar olur,

Hər cür çiçək açır, laləzar olur,

Çeşməsində abi-həyat car olur,

Dağıdır möhnəti, məlalı dağlar.

Aşıq Ələsgər Azərbaycan dağlarının yalnız baharını təsvir  etməklə kifayətlənmir, “yayın əvvəlində xana dönən”, “son ayında yetkin bostana bənzəyən” dağların payızın havasından necə viran qaldığını da yazır, həmçinin qış fəslinin özünəməxsus lövlələrini yaradır.

Məlumdur ki, zaman keçdikcə estetik meyarlar dəyişir; bu gün tərənnüm  obyekti olan cəhətlər sabah adiləşir, gözdən düşür, nəhayət, tənqid hədəfinə çevrilir. Təbiət isə öz gözəlliyində sabitdir, onun şəninə minlərlə  nəğmələr deyilmiş, bundan sonra da deyiləcəkdir.

Aşıq Ələsgərin şeirlərində təbiət insandan ayrılmazdır. İnsan müəyyən mənada təbiətin üzvi bir hissəsidir. Onun cövhərini təşkil  edir. Odur ki, şair-aşığın  lirik qəhrəmanı dara düşəndə  özünə “qəmxar” axtaranda uca dağlara, yaşıl yaylaqlara üz tutur. Onlardan kömək istəyir:

Gözüm qaldı siyah  teldə,

Bülbül oldu  meyli güldə.

Kimsəm yoxdur qürbət  eldə,

Sən mənə qəmxar ol, yaylaq.

Böyük el sənətkarı, klassik aşıq şeirimizin  görkəmli nümayəndəsi Aşıq Ələsgər özünün təbiət lirikası ilə Azərbaycan torpağının tərifəlayiq təbiət mənzərələrinin əvəzsiz poetik tablosunu yaratmışdır. Bu tabloya baxdıqca doğma diyarımızı daha yaxından tanıyır, onun dilbər  təbiətinə bir daha valeh oluruq. Aşıq Ələsgər yaradıcılığı qaynar bir bulaqdır, daim axır, saflaşır.  Görkəmli yazıçımız Mehdi Hüseynin sözləri ilə desək,  “Az kəlmə ilə çox fikir söyləmək, canlı və təsirli, şairanə səhnələr təsvir etmək istedadlı Ələsgərin lirikasını daha da zənginləşdirir”.

Aşıq Ələsgər klassik aşıq poeziyasının əsas formalarından böyük bacarıqla istifadə etmişdir. O, ədəbi miras kimi nəsildən-nəslə keçən aşıq ənənələrinə sadiq qalmış, həmişə bu sənətin böyüklüyünü qiymətləndirmiş, ona xətər toxunmağa razı olmamışdır. Aşıq Ələsgərin dərin ictimai məzmuna, mütərəqqi ideyaya malik olan şeirləri xalq ruhunun, şifahi xalq yaradıcılığının qüdrətinin parlaq, gözəl ifadəsidir.

          Məlumdur ki, Aşıq Ələsgər XIX əsrin qüdrətli sənətkarlarından olan Aşıq Alının şagirdi olmuş, onun söz və saz dünyasını dərindən öyrənmiş, sonra isə müstəqil aşıqlığa başlamışdır. Eləcə də Aşıq Ələsgərin  öz ustadı Aşıq Alı ilə deyişməsi öz dövründə bütün Azərbaycana yayılmış, Ələsgərin şöhrəti  daha da artmış, bu deyişmə yeni əlavələrlə zənginləşdirilmiş, dastanvari rəvayətə çevrilmişdir.

Filologiya elmləri doktoru, professor Məhərrəm Hüseynov “Aşıq Ələsgərin söz ümmanı” adlı kitabında yazır: “Aşıq Ələsgər leksikası əsrarəngiz söz müzeyidir. Bu müzeydə poetik sözün bütün çalarlarını, rənglərini, qammalarını, akustik cazibəsini, intonasiya formalarını eyni sözün cürbəcür şəkildə məna variantlarını, sözlərin bir-birinə təması nəticəsində musiqi yaranmasını müşahidə etmək olar...”

Böyük sənətkarın lirikasında   işlənən dil  vahidlərindən  biri də arxaizmlərdir. Belə arxaizmlərdən bir neçəsi haqqında fikir bildirmək istəyirik.

Məlumdur ki, arxaizmlər müasir, yaxud  tədqiq olunan dövrün ədəbi dilindən çıxmış sözlər, leksik, qrammatik vahidlərdir. Azərbaycan dilindəki arxaizmləri mənşəyinə görə iki qismə ayırmaq olar: 1) türkmənşəli arxaizmlər; 2) alınma sözlərdən ibarət arxaizmlər.

XVII-XVIII əsrlərdən Azərbaycan milli ədəbi dilinin təşəkkülü nəticəsində bir sıra dil vahidləri işlənmə dairəsinə görə məhdudlaşmış, yeni sözlərin meydana gəlməsi ilə əlaqədar tədricən arxaikləşmişdir. Sonrakı dövrlərdə həmin arxaik dil vahidlərinə  bədii ədəbiyyatın dilində ara-sıra təsadüf edilir. Qüdrətli söz ustası Aşıq Ələsgərin dili belə leksik arxaizmləri öyrənmək baxımından çox maraqlı mənbələrdən biridir. Həmin arxaizmlər dilimizin qədim izlərindən xəbər verir.

         Qədim Azərbaycan sözlərinin Aşıq Ələsgərin dilində işlənməsi iki mənbə ilə bağlıdir: 1) dialekt və şivələrlə, 2) ədəbi ənənə və klassik ədəbiyyatımızın təsiri ilə.

         Aşıq Ələsgərin dilindəki türkmənşəli leksik arxaizmlərdən bir neçəsinə nəzər salaq:

1)    Yey

Ayrılıqdan ölüm yeydi,

Həsrətin qəddimi əydi...

 

Ayrı-ayrı dialekt və şivələrin  leksikasında qalmış bu söz aşığın dilində bir neçə dəfə işlənmişdir. Həmin türkmənşəli leksik vahid Azərbaycan klassik ədəbiyyatının dilində ilk dövrlərdə[U1]  yek, XVI əsrdən isə yey şəklində işlənmişdir. Qeyd etmək lazımdır ki, Aşıq Ələsgərin dilindəki yeyin sözü də (yaxşı, xoşbəxt, tez-tez, sürətlə) türkmənşəli yey arxaizmi ilə bağlıdır. Məsələn:

         Yeyin olsun Nəbi bəyin iqbalı,

         İsgəndər cəlallı, hatəm səxalı...

 

2)    Sağınmaq

Tərlan görüb yaşılbaşı,

Sağın,qaynaq çala, Maral.

Bu türkmənşəli leksik arxaizmə müasir dialekt və şivələrimizdə təsadüf edilməmişdir. Lakin həmin söz Azərbaycan klassik ədəbiyyatının dilində “çəkinmək”, “uzaq olmaq”, “düşünmək” mənalarında geniş şəkildə işlənmişdir.

3)    Yaşmaq

Oğrun baxıb güldün yaşmaq altından,

Bir od saldın din-imana, Gülpəri.

Müasir dialekt və şivələrimizin  əksəriyyətində işlənən yaşmaq sözü ədəbi dilimizdəki örpək sözünün qarşılığıdır. Bu leksik vahid eyni mənada Azərbaycan klassik ədəbiyyatının da dilində işlənmişdir. Məsələn:

         Nə ağzında yaşmaq, başında yaylıq,

         Çirkinlik üzünü bürüyəndədir. (Vaqif)

Aşıq Ələsgərin dilində “gizlənmək” mənasında işlənən yaşınmaq sözü də mənşəcə yaşmaq leksik vahidi ilə bağlıdır:

         Gözəl arif olub ətləb qanmasa,

         Yayınıb, yaşınıb daldalanmasa...

Yaşmaq və yaşınmaq leksik vahidlərinin qrammatik cəhətdən müxtəlif nitq hissələrinə mənsub olması göstərir ki, bu leksik vahidlər türk dillərinin çox qədim dövründə formalaşmışdır.

4) Damu.

Yeddi yar, yeddigöy, yeddi də damu,

Səkkiz cənnəti-rizvana can desin.

“Cəhənnəm”  mənasını ifadə edən damu sözünə Ələsgərin dilində az təsadüf olunur. Əsasən Cənub qrupu dialekt və şivələrində öz izini saxlayan bu türkmənşəli arxaizmdən klassik ədəbiyyatımızda da istifadə olunmuşdur.

 

5)    Al

Ələsgəri çəkməyinən yar, ala,

Lazımdı ki, yar önlünü yar ala.

 

Al  sözü “hiylə”, “riya”, “məkr” mənasını ifadə edir. Onun hal variantında işlənməsinə də təsadüf olunur. Türkmənşəli al leksik arxaizmi dialektlərimizdə və XVII əsrədək Azərbaycan klassik  ədəbiyyatının dilində tez-tez nəzərə çarpır.

         Qeyd etmək lazımdır ki, müasir Azərbaycan ədəbi dilindəki aldatmaq feili də əslində al türkmənşəli leksik arxaizmdən əmələ gəlmişdir.

Bundan əlavə, Aşıq Ələsgərin dilində klassik ədəbiyyatdan  gələn ağı (zəhər), `san (hesab),  oda (otaq), bay (varlı), dinşəmək (qulaq asmaq, eşitmək) kimi türkmənşəli leksik arxaizmlər də işlənmişdir. Bu faktlar onu göstərir ki, Aşıq Ələsgər dilinin zənginliyinin əsas qida mənbələrindən biri də Azərbaycan xalqının çoxəsrlik klassik ədəbiyyatı olmuşdur.

Aşıq Ələsgərin dili Azərbaycan dilinin gözəlliyidir. Ələsgər poeziyası xalq ruhunun, milli düşüncə və təfəkkürümüzün parlaq ifadəsidir. Xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi, “Aşıq Ələsgər şeiri bütün ozan-aşıq şeirimizin zirvəsidir. Əsrlərin arxasından süzülüb gələn xalq şeiri, xalq müdrikliyi, xalq dilinin saflığı, büllurluğu Aşıq Ələsgər şeirində cəmləşmişdir... Aşıq Ələsgərin şeiri təpədən-dırnağa həyatın özüdür. Ələsgər şeirini yaşadan da bu cəhətdir”

 

Sevinc Həsənova

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Sevinc.hasanova.67@mail.ru

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə