Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Hövsan Mədəniyyət Sarayının təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

Ardını oxu...

 

 "Qeyri-səlis məntiq nəzəriyyəsi" elmi çoxluqları özündə cəmləşdirən zəngin bir fenomendir. Həmin fenomeni Lütfi Zadə  yalnız 1950-ci illərdə, məhz "Qeyri-səlis məntiq" nəzəriyyəsi adlandıraraq dünyaya bəyan etmiş və elmi tərəqqinin çoxxətli inkişafına təməl atmışdır. O vaxta qədər Lütfi Zadənin özünə də naməlum olan, lakin təhtəlində daim onu yeniliyə doğru aparan və nəhayətdə boy verib şaxələnən sözügedən nəzəriyyənin kəşfindən sonra geriyə - tarixə nəzər yetirdikdə tam anlaşılır ki, həqiqətən də dahilərin yaşayış boyu yaratdıqları çoxlu sayda nəzəriyyələr və cərəyanlar məhz insan idrakında özünə yer tutmuş həmin triumfal nəzəriyyənin qüdrəti sayəsində ərsəyə gəlmişdir.

Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi ən parlaq simalarından biri, XII əsrdə dünyaya göz açmış, zəmanəsinin və bütün zamanların söz tanrısı Şeyx Nizami Gəncəvi də məhz qeyri-səlis məntiqin daşıyıcısı olub. O, "Aş bu mavi günbəzi, o qədər yüksəl ki, sən, Boynunu dar həlqədən xilas edə biləsən" kimi, ölçüləri işıq sürətilə aşıb-keçən geniş əhatəli fikri ilə dar həlqədə məhdudiyyəti, konkretliyi, yəni "Binar nəzəriyyə"sinin qanunlarını, mavi günbəzdən, yəni göylərdən o tərəfdə isə hüdudsuzluğu, sonsuzluğu göstərir və bu məntiqi fikir isə yalnız qeyri-səlis anlayışlı düşüncənin məhsuludur. "Çox gəzdi, çox dolaşdı ayaqyalın xəyallar"la isə, işıq sürətindən də iti dinamikası olan xəyalların qət edə biləcək məsafələrin sonsuz olduğunu ifadə etməklə, məhz qeyri-səlis düşüncə sahibi olduğunu ortaya qoyur. "Birləşdirib, yoğurdu, qaynatdı suyla odu" fəlsəfi qayəsi də Nizaminin qeyri-səlis məntiqlə düşünən dahi olduğunun açıq şəkildə göstəricisidir. Əksər elmlərə dərindən vaqif olan ölməz şairin təfəkkür və təxəyyül aləmində konkret ölçülər, konkret rənglər, sözün ecaz səmasında sərhəd və ya hikmətlər təşnəsində fikrin ölçü məhdudiyyəti yoxdur. "Ağbirçək bir dayədir sənə süd verən rüzgar" və ya "Tutuquşu güləndə çatladı qəndin bağrı", eləcə də "Düşüncənin gözünə işıq gətirən Tanrı" kimi rəng verib, rəng alan təşbehləri, "Günə, Aya don biçdi öz əlilə Yaradan, Birinə ağ ipəkdən, o birinə qaradan", yaxud "Ulduzlarla sildi o, göydən hisi, dumanı" bənzərsiz poetik lövhələri, "Gecə rəngli torpağa verdi gündüz badəsi, Tökdü daşın ağzına neçə şəfəq qətrəsi", ya da "Yeddi düyün vurmaqla qandalladı yerləri", eləcə də "Gedirdi, bir qədəmi o birindən xəbərsiz" və ya "Görünməyən Tanrını aşiq gözüylə gördü" və "Həzrət Məhəmməd onu başqa ölçüylə gördü: Ürək, idrak gözüylə, zəka gözüylə gördü" kimi dərin fəlsəfi möcüzələri apaydınca sübuta yetirir ki, Nizaminin düşüncə fəzasında yalnız əsrarəngizlik, nəhayətsizlik, riyazi sonsuzluq, hüdudu görünməyən geniş bir kainat ehtişamı mövcuddur. Gəncəvinin əsərlərindəki forma rəngarəngliyi və mənalar zənginliyi də onun qeyri-səlis məntiqlə düşünən mütəfəkkir olduğunu isbatlayır.

Məsnəvi formasında yazdığı "Xəmsə" adlandırılmış poemalar məcmuəsi sadəcə bir ədəbi sənət nümunəsi deyil, çəkisi hesaba gəlməyən, poeziya ölçüsünü müəyyən etmək üçün ölçü vahidi olmayan zəngin bir xəzinədir. Dahi sənətkar bu zəngin xəzinə ilə bəşər tarixinə, insan fenomeninə, ümumən dünya xalqlarına elə bir sərvət bəxş etmişdir ki, o sərvət xərcləndikcə çoxalır, oxunduqca yenilənir, geniş fəzalarda ünyetməz üfüqlərdən şölələndiyini isbat edir: "Düyün açılmayınca qaralırdı hələ də, Gecənin zülmət saçı gündüzlərin əlində. Göydə min-min gövhəri sapa düzdü Yaradan, Sildi yoxluq tozunu gecənin saçlarından."... Həqiqət budur ki, ona hər müraciət edildikcə, insan təfəkküründə daha fərqli və daha geniş fəlsəfi-estetik, zəngin-poetik ümman yaranır: "Bu torpağın qanını göstərdi bir gül ilə, Əqlin nəbzini tutdu ürəyin öz əlilə", yaxud "İdrakınla oxudun hətta yazılmayanı, Əqlinlə işıqlatdın beyin adlı cahanı" və sair sənət inciləri deyilənlərin parlaq nümunələrindəndir... Onu da nəzərə almaq lazımdır ki, bu söz xəzinəsindən göstərilən nümunələr tərcümə məhsullarıdır. Orijinalı isə daha dərin və daha poetikdir.

Ardını oxu...