PƏRVİN

Bu gün - martın 14-də Ustad Anarın 85 yaşı tamam olur. Yubiley ərəfəsində görülən işlər, üzərində işlədiyim kitablar, ortaya çıxan sual və təkliflər yeni ideyalara yol açır. Türkiyəli dostumuz, yazıçı-tərcüməçi İmdat Avşar ustadın nəsr əsərlərini türk dilinə çevirir. Ara-sıra hansısa dialekt sözləri, yaxud rusca kəlmələr haqqında nələrsə soruşur. Deyir ki, bu mətnlərlə işləmək Anarı daha dərindən anlamağa kömək olub. Birdən gözləmədiyim halda soruşur: Bu əsərlərdəki hansı qəhrəmanlar real həyatdan gəlir? Məsələn, Kəbirlinski, Zaur, mühasib Səftər  və b. gerçək adamlar ola bilərmi?! Çaşıb qalıram  sualdan. Axı məndən ötrü, həmin adamlar heç də kağız üzərində, sadəcə əsər daxilində qalmayıblar, onlar elə bizlərdən biri deyillərmi?!

 
 

Bu günlərdə "Mir literaturı" qəzetinin baş redaktoru Elmar Şeyxzadə mart sayı üçün məqalə yazmağımı istəyir. Deyir ki, Anarın yubileyinə həsr edəcəyim yazıda əsasən şəxsiyyətinə aid fikirlərimə, ictimai fəaliyyətinə yer verim. Çünki yazıçının yaradıcılığı haqqında indiyə kimi çox yazılıb, çox araşdırılıb. Yenə fikir götürür məni... Anarı əsərlərindən, qəhrəmanlarından, kitablarından kənar təsvir etmək, onun sadəcə işdə, səfərlərdə, çıxışlarında necəliyini yazmaq alınarmı məndə?! Yəqin ki, alınmaz. Ona görə ki, yaradıcılıq və gerçək həyat, hətta məişət bir-birindən ayrı deyil, hər halda Anar üçün.

Yazıçı ömrünün iki vaxtı var...

Yaşamaq zamanı, yazmaq zamanı...

Bu misralar da Anarın məşhur şeirindəndir. Yəni o, özü də bu iki zamanı bir-birindən fərqləndirməyə çalışıb. Amma həm bioqrafiyasına, həm də yaradıcılığına nəzər salanda bunların bir-birindən ayrı olmadığını, birinin digərinin davamı sayıla biləcəyini görürük.  Elə bir neçə gün öncə ustadın bir sənətkar dostu-tanışı haqqında dedikləri bu qənaətimi təsdiqlədi; tənha yaşayan sənətkar axşamlar evə gəlincə boruları çalırmış... Bəlkə kimsə səs eşidib hayan olar deyə. Hadisəni eşidən kimi düşündüm, görəsən, bunu Anarın hansısa əsərində oxumuşammı?! Özüylə nərd oynayan Məmməd Nəsirin, özünə zəng edən mühasib Səftərin, hər dəfə poçta gedib gəlməyəcək məktubları yoxlayan, gözləyən Nemətin bu boruları danqıldadan gerçək dostdan, tanışdan fərqi varmı?! Məncə, yoxdur... Şərt yazıçının bütün bu gerçək, yaxud təxəyyüldən gələn olayları necə görməsi, duyması və yazmasıdır. Və bu dünyaduyumuna təsir edən bir çox amillər var... Onlardan biri və ən başlıcası uşaqlıqdır görünür.

Yazıçının ən təsirli əsərlərindən biri də "O gecənin səhəri" hekayəsidir. Başqa sevilən və çox oxunan hekayələri ilə müqayisədə diqqətdən kənarda qalan bu əsər müəllifin həyata, zamana, insana baxışının kodlarını gizlədir. Hər gecə bir evinin qapısı döyülən binanın sakinləri dövrün simvollarıdır. Kimsə susub dinləyir, başqası hər gün donos verir, digəri gedənləri günahsız, bir ayrısı hamını suçlu bilir. Amma hamı, bir də deyirəm - HAMI qorxur... Çünki il 37-ci ildir. Çünki adamları uşaqlarının zümzümə etdiyi mahnılara görə də gedər-gəlməzə göndərə bilərlər. Və o gecə binanın qarşısında maşın dayananda, dəhlizdən addım səsləri eşidiləndə adamların damarında qan donur... Bu dəfə kimi?! - sualı rahat buraxmır onları. Amma sən demə, maşın hamilə qadını doğum evinə aparmaqdan ötrü gəlibmiş... Qapıların üzərindəki adaları qara boyayan bina bələdçisi belə, bu xoş hadisəni, yeni həyatın başlanğıcına işarə edən xoşbəxt olayı dərk edə, qavraya bilmir. Çünki insanlar xof içindədirlər. Və hekayə müəllifi deyir - O gecə dünyaya gələn uşaq mən idim! Sanki bütün ömrün - yaşanacaq və yazılacaqların əsası, təməli göstərilir bu əsərdə. O şəraitdə, vahiməli 37-ci ilin ab-havasının davam etdiyi zamanda dünyaya gəlmək, özü də ictimai həyatın və ədəbiyyatın mərkəzində olan şairlərin - Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində doğulmaq sonrakı talenin də sadə, sıradan olmayacağını göstərirdi. Çox keçmədən II Dünya müharibəsi də onsuz da çətin zamandan başlayan uşaqlığın əsas mövzusunda çevriləcəkdi. Bir sözlə, sanki Anar və nəsildaşları qayğısız uşaqlıqdan məhrum edilmişdilər. Və əslində bütün yaşanan çətinliklər, yaşanmayan uşaqlıq sevincləri və məhrumiyyətlər sonralar əsərlərin qəhrəmanlarının taleyinə təsir edəcəkdi. "Ağ liman"ın qəhrəmanı Nemətin valideynləri sürgün olunub, ona görə xəritədə o sürgün yerlərinə baxa-baxa yuxuya gedir, röyasında da zolaqlı pijamalı adamları buna görə görür. Onu bütün ömrü boyu tərk etməyən məmnuniyyətsizlik və kəmlik kompleksləri də elə bu uşaqlıqdan, ağrılardan gəlir. Yaxud "Gürcü familiyası" hekayəsinin qəhrəmanı Əsmər sevmədiyi bir adamla ona görə ailə qurur ki, "Müharibə çağının başqa uşaqları kimi, onun  da uşaqlığı çətin olub"... Yaxud Oqtayın xatırladığı o bir göz xəfə otaq da Əsmərin atasız böyüməsinə, müharibənin ailələri başsız qoymasına işarədir. Belə nümunələri sonsuza qədər gətirmək olar. Və belə çıxır ki, elə dünyaya gələndən sənətkarın yaradıcı insan ömrü başlanır; tale, mövcud şərait, zaman, ictimai həyat və hətta siyasi olaylar yarana biləcək əsərlərə mövzu verir.

Bu mənada yenə də həyatın və yaradıcılığın bir-birinin davamı olması, birinin digərinə təsir etməsi istisnasızdır. Həm də yazıçının müəllif laboratoriyasına nəzər salanda nəyin nə zaman, hansı qəhrəmanın timsalında üzə çıxacağını müəyyən etmək mümkün olur.  Amma o da maraqlıdır ki, bəzən bir bioqrafik detalın yaradıcılıqda əksi üçün bir ömür keçir... Bəzən də əksinə - bədii mətndə təxəyyül məhsulu kimi ortaya çıxan həqiqət zamanla həyat həqiqətinə çevrilə bilir. Bu mənada "Otel otağı" əsərindən Kərim Əsgəroğlunun xatirələri çox xarakterikdir... Anar hələ uşaq olandan atasının radioda Türk musiqilərini tutub dinlədiyini görürmüş. Amma heç kəsə inamın olmadığı bir zamanda, gizli xəfiyyələrin hər yeri bürüdüyü bir vaxtda Rəsul Rza radionu keçirməzdən əvvəl dalğanı dəyişərmiş. Axı evə yad adam gəlsə, təsadüfən radio qoşulanda türk dilində söz, ya musiqi eşidilsə... Heç təsəvvür etmək olmur ki, acı nəticə hara aparıb çıxara bilər. Bir dəfə atası radionun dalğasını dəyişməyi unudanda bunu hələ 7-8 yaşında olan Anar edir. Rəsul Rza oğluna baxıb - mənim ağıllı balam, sən nə tez böyüdün?! - deyir. Hə, nə qəribə "təsadüf" ki, bunu Kərim Əsgəroğlu da yaşayır və ömrünü türkologiyaya həsr edən alimin Türkiyə sevgisi də elə o uşaqlıqdan başlayıb. Beləliklə, yazımın əvvəlində gətirdiyim suallara bir daha nəzər salsaq, gerçək həyatdan gələn, yaxud yalnız fantaziya məhsulu olub sonradan reallığa çevrilən məqamları bir-birindən ayırmaq mümkünsüzdü bəzən.

Eyni məntiqlə "Ağ qoç, qara qoç" əsərinə də yanaşıb xeyli nikbin qənaətlərə gələ bilərik. Əsərin utopiya hissəsində yazıçı azad, xoşbəxt, hürr Azərbaycanı, milli-mənəvi dəyərlərinə sahib çıxmış xalqı göstərir. 2000-ci illərin əvvəllərində Qarabağ itkiləriylə yaşamağa məcbur olan xalqın yazıçısı kimi Anar bəzi məsələləri sadəcə arzularının ifadəsi kimi qələmə almışdı. Amma bu gün, azad Qarabağda, həmişəlik sahib çıxdığımız torpaqlarda, Şuşada keçirilən ədəbi-mədəni tədbirlərə, quruculuq işlərinə nəzər salanda yazıçı arzularının heç də utopiya olmadığını, yazılan sözün enerjisinin o arzulara bir az daha yaxınlaşdırdığını görürük. Xarıbülbül Festivalı, Vaqif Poeziya Günləri, Natəvan günləri, sənətin müxtəlif növlərinə aid görüşlər, konsertlər, sərgilər - bunlar ağ qoç belinə sıçramaq istəyən qəhrəmanın, Məlik Məmmədlinin sadəcə kövrək arzusu ola bilərdi. Ancaq gerçəkləşdi... Yaxud vətən nisgilini ürəyində daşıyan, vətəndən kənarda işləməyə gedən Kərim Əsgəroğlu ("Otel otağı") Ankara-İstanbul avtobus dayanacağında yola baxıb Şuşanı xəyal edirdi, İstanbulda Laçın mahnısına qulaq asıb kövrəlirdisə, əsərin müəllifi Anar o yolu gedə bildi, orda sözdən, şeirdən, sənətdən, müzəffər xalqın şanlı zəfərindən danışa bildi. Çünki məhz onun "Dədə Qorqudu" illərdir bunu demişdi ekrandan: "Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qırılıb qurtarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq. Torpağın yurd, Vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı gərək əkib-becərəsən. İkincisi odur ki, gərək onu yağılardan qoruyasan. Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz".

İndi bu sözlər vətən uğrunda canından keçənlərin də, azad yurdu dirçəltmək eşqi ilə yaşayanların da ortaq himni kimi səslənir.

Getsin o günlər, gəlməsin, bir vaxtlar Şuşa təsəllisi elə Anarın çəkdiyi "Üzeyir ömrü" filmindəki kadrlar idi... İndi isə Üzeyir bəyin yurdunda böyük sənət bayramlarının keçirilməsi həm də Anarın qələbəsi deyilmi?!

Beləliklə, Ustadın yubileyi ərəfəsində əsərlərindəki bioqrafik izləri, yaxud bədii mətnlərinin bioqrafiyasına necə təsir etməsini düşünəndə sadəcə elə ardıcılı, şagirdi, oxucusu kimi bir həqiqəti dərk edirəm. Anar həm zəngin bioqrafiyası, həm də çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatın, sözün, sənətin gücünə inandırır oxucusunu. Bəlkə ona görə də bütün yubileylərində, həyatındakı bütün əlamətdar hadisələrdə onun bircə arzusu olur - yazmaq, yaratmaq, yeni kitabların işıq üzü görməsi... Bəzən müsahibələrində Tanrıdan möhlət istədiyini deyəndə elə bu zamanı da yazıb-yaratmağa sərf edəcəyini bildirir. Bu gün, əslində hər gün mətnləri ilə yaşadığım, yazdıqları ilə söz-söz böyüdüyüm Ustadın yaşamalı və yazmalı olduğu çox məsələlər var. Əgər Qarabağın azadlığı onun və hər bir azərbaycanlının ömründə zirvə nöqtəsidirsə, sənət qarşısında da yeni üfüqlər açan hadisədir. Ona görə sağlam, uzun yaşamaq, yeni əsərlər yazmaq Anar müəllimin borcudur! Öz adımdan və yaratdığı, bu günə kimi yaşatdığı "Qobustan" Sənət Toplusunun kollektivi adından əziz Anar müəllimi yubileyi münasibətiylə səmimi qəlbdən təbrik edirəm, ona sağlam can və yeni-yenə əsərlərinin, kitablarının işıq üzü görməsini diləyirəm.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə