Son xəbərlər

 


Millət vəkili, yazıçı Elmira Axundova Milli Məclisin 5 Komitəsinin birgə toplantısında büdcə müzakirəsi zamanı Azərbaycan yazıçılarının sosial probləmlərindən danışıb və Azərbaycan Yazıçılar Birliyinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün Maliyyə Nazirliyinə müraciət edib. AYB.az Elmira Axundovanın həmin çıxışını olduğu kimi təqdim edir. "İlk baxışda görünən odur ki, mədəniyyətə ayrılan 2018-ci ilin büdcəsi – yəni 304 milliondan bir az artıq məbləğ – mədəniyyətin inkişafı üçün yetərli rəqəm deyil. Lakin nəzərə almaq lazımdır ki, bir çox dəyərli və rezonans doğuran mədəni, kulturoloji aksiyalar büdcədən kənar realizə olunur: müxtəlif sərgilər, musiqi festivalları, bizim sənət korifeylərimizin albom və diskləri, xaricdə böyük aksiyalar və s.

Bu əsasən Heydər Əliyev Fondunun hesabına, ya da bir sıra Banklarımız tərəfindən, ya da mesenatlar tərəfindən maliyəşdirilir. Məsələn, Qəbələ beynəlxalq musiqi festivalı, “Xalq” bankının dəyərli kitab layihələri, Heydər Əliyev Fondunun çoxşahəli aksiyaları. Bunlara büdcədən 1 manat da pul xərclənmir. Ona görə mədəniyyətə xərclənən vəsaitlər həqiqətdə 2,3 qat çoxdur. Bu xoş bir haldır, çünki Rafael Hüseynovla tam razıyam ki, mədəniyyətin inkişafı – ümummilli məsələdir.

Bununla belə, bizdə hələ də sosial cəhətdən zəif təbəqələr var. Bunların arasında yazıçılar da var.  Sovet vaxtında onların kitabları dövlətin hesabına çap olunurdu, onlar müalicə olunurdu, xaricə gedirdi, yenə də dövlətin hesabına. İndi bunlar hamısı keçmişdə qalıb. Şükürlər Allaha ki, Prezident Heydər Əliyevin təşəbbüsü ilə 22 il öncə AYB və onun ədəbi orqanlarını büdcəyə götürdülər, müəyyən vəsait ayırdılar, bu vəsaitə görə 5 ədəbi jurnal və 2 qəzet işıq üzü görür, hətta yazıçılar qonorarlar da alırlar. Bundan əlavə, 70 yazıçı 1 il ərzində prezident təqaüdü alır.

Bizdə 2 mindən çox AYB üzvü var. Hər bir AYB üzvünə heç olmasa 1 dəfə bu təqaüdü  vermək üçün ən azı 30 il lazımdır. Çoxunun də məişət problemləri başından aşır: xeyr-şər var, yubileylər var, kitab buraxmaq istəyirlər, çoxunun evi ya yoxdur, ya da qəzalı vəziyyətdədir. Mən şahidiyəm ki, qalmaqallı restorandan alınan icarə haqqının hamısı yazıçıların bu və ya digər problemlərin həllinə yönəlirdi.

Əlbəttə, xoşagəlməz qalmaqaldan sonra AYB-nın rəhbərliyi 1-ci mərtəbədəki məkanını heç bir digər restoran ya kafe sahibinə icarəyə vermək fikrində deyil. Lakin problem qalır. Mən AYB-nin İdarə Heyyətinin üzvü kimi Maliyyə nazirliyindən çox xahiş edərdim ki, büdcədən bu təşkilata ayrıca əlavə vəsait ayrılsın və o, bir növ Yazıçılar Fondu kimi yazıçılarımızın yaradıcılıq və məişət problemlərinin həllinə yönəldilsin. Bu çox da böyük rəqəm deyil, məsələn 90-100 min manat ildə ayrılarsa, bu vəsait yazıçılarımıza böyük dayaq ola bilər.

İnanın ki, yaradıcı insana, yazıçılara edilən yaxşılıq, maddi və mənəvi kömək gələcəkdə cəmiyyətimizə 5, 10 qat qayıdacaq. Yazıçılarımızın tam əksəriyyəti dövlətçiliyimizə, cənab Prezidentimizin daxili və xarici kursuna tam sadiqdir və ictimai-siyasi stabilliyin mühüm faktorlardan biridir.

Xahiş edirəm ki, nəzərə alasınız və AYB-nə əlavə vasaitin verilməsinə köməklik göstərəsiniz".

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə