“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə qurumun “Canımız Qarabağ, yazımız Qarabağ-2” layihəsi çərçivəsində yazıçılarımız Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və Füzuli rayonunun Horadiz qəsəbəsinə səfər ediblər.

 

AZƏRTAC xəbər verir ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında gerçəkləşdirilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid, Yazarlar Klubunun sədri, yazıçı-dramaturq Elçin Hüseynbəyli və başqalarının iştirak etdiyi nümayəndə heyəti əvvəlcə Cocuq Mərcanlıda olub. Onlar aprel şəhidləri abidəsini ziyarət ediblər. Yazıçılar düşməndən tam azad edilmiş kənddə Şuşa məscidinin oxşarı olan dini ocağa baş vurublar, məktəblilərlə görüşüblər.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov kənddə aparılan quruculuq işlərindən danışıb. Sonra qonaqlar Horadizə gediblər. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək rayonda görülən işlərdən danışıb.

“Canımız Qarabağ, yazımız Qarabağ-2” layihəsinin rəhbəri, yazıçı-dramaturq Elçin Hüseynbəyli səfərin məqsədi barədə məlumat verib. Bildirib ki, silahla qələm bir yerdə olarsa, xalqımız və ordumuz daha güclü olar və yazıçılar cəbhə bölgələrinə ardıcıl səfərlərlə bunu bir daha nümayiş etdirirlər.

Görüşdə çıxış edən Xalq Yazıçısı Anar qeyd edib ki, Cocuq Mərcanlıya qayıdış tarixi hadisədir, oraya qayıdıb yaşayanlar isə tarixi şəxsiyyətlərdir. Azərbaycan məkrli düşmənlə üz-üzədir və daim ayıq-sayıq olmalıdır. Yazıçılar Cocuq Mərcanlıda və Horadizdə görülən abadlıq işlərindən fərəh hissi keçirirlər.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi və digər çıxış edənlər Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə əminliklərini bildiriblər.

Tədbirin sonunda yazarlar görüş iştirakçılarına Qarabağ döyüşçüləri və şəhidləri haqqında kitablar və disklər, eləcə də öz kitablarını hədiyyə ediblər.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə