Son xəbərlər

 

Oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Məmməd Arazla bağlı Poeziya günü keçirilib. 

Tədbiri AYB katibi İlqar Fəhmi açıb: “Azərbaycan poeziyasının səmalarında əbədi qalan ulduzlardan biri olan Məmməd Arazın anım günüdür. Amma bu, tək xatirə günü yox, həm də poeziya günüdür. Məmməd Araz Azərbaycan poeziyasının tərifə ehtiyacı olmayan simalarındandır”.

Tədbirin aparıcısı şair Qardaşxan Əzizxanlı Məmməd Araz yaradıcılığı haqda düşüncələrini bölüşüb: “Xalqın arzu və istəklərinin carçısı, xalqın ruhunun, mənəviyyatının keşikçisi kimi ad qazanan Məmməd Araz neçə nəslin yetişməsində rol oynayıb və bundan sonra da belə olacaq. O bu yurdun daşını, qayasını filoloji, terminlə desək, axetipləşdirib. Azərbaycan poeziyasında “Araz dili”ndə ən çox danışan Məmməd Araz olub. Məmməd Araz şeiri Arazın lüğəvi mənasını dəyişib, ona ictimai məzmun verməklə yeni bir poetik qövsi-quzeh yaradıb. Vətən yolunda ölmək düşüncəsinin, dar gündə milləti ayağa qaldırmaq missiyasının aliliyini Məmməd Araz ön plana çəkdi. Bu mənada Məmməd Araz yaradıcılığı bir “Qarabağ simfoniyası”dır”.

Şair Musa Yaqub M. Arazla dostluğundan söz açıb: “Biz Məmməd Arazla çox yaxın dost olmuşuq. O, Azərbaycan torpağını, dağını, düzünü təsvir edən, onları şeirləri ilə rəsmə alan bir sənətkardır. Məmməd Araz poeziyası insanı haqlı mübarizəyə çağırır. Onun yaradıcılığı, şeirləri işıqlıdır. Özü isə çox incə, zərif və düşüncəli bir insan idi. O, poeziyamızın Azərbaycan dilini və tarixini yaşadan undulmaz nümayəndəsidir”.

Şair Çingiz Əlioğlu yubilyarın həyat və yaradıcılığı ilə bağlı fikirlərini bildirib: “Mənimçün o, Dədə Qorqud obrazındadır. Məmməd Araz hər cür konyukturadan uzaq bir şair idi.  Onun poeziyası Allaha aparan yoldur. Və bu poeziya heç vaxt sönməyəcək, Azərbaycan gəncliyini nəsil-nəsil işıqlı gələcəyə aparacaq”.

Sabir Fondunun prezidenti Sevda Tahirli, şairlər Əli Şirin Şükürlü, Abbas Abdulla, Ramiz Duyğun, Nuranə Nur və başqaları da çıxış edərək şairin şeirlərini səsləndirib, öz düşüncələrini dilə gətiriblər.

Tədbirdə məktəb şagirdləri, o cümlədən, üçüncü sinif şagirdi İbrahim Əhmədov Məmməd Arazın şeirlərini oxuyub.

Sonda Məmməd Arazın qızı, tanınmış yazıçı və publisist İradə Tuncay söz alaraq tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Müşfiq ŞÜKÜRLÜ





Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə