Xalq Şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

 

Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 250-dək kitabın yer aldığı sərgi ilə tanış olublar. Daha sonra şairin ömür yoluna işıq salan videoçarx nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək böyük şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıb.

“Xalq Şairi Səməd Vurğunun adı, şəxsiyyəti və yaradıcılığı Azərbaycan xalqının tarixi, mədəniyyəti bugünkü müstəqilliyimizin ideoloji əsasında dayanan azərbaycançılıq məfkurəsi ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verərək onun “Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləyib”, - deyə nazir bildirib.

Xalq yaradıcılığı və şifahi söz sənətinin Səməd Vurğun poeziyasının mayasını, qayəsini təşkil etdiyini deyən Ə.Qarayev şairin xalqımızın zəngin söz xəzinəsindən məharətlə bəhrələnərək yüksək poetik potensialı və dərin idrakı ilə XX əsr Azərbaycan şeirinə xüsusi çalarlar gətirdiyini söyləyib.

Diqqətə çatdırılıb ki, unudulmaz şair qısa bir zamanda tamamladığı “Vaqif” dramında Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, kamilliyini ustalıq və məhəbbətlə əks etdirib. O, “Vaqif” dramına görə ən ali mükafatlara layiq görülüb. Uzun illər teatr səhnələrində oynanılan bu dram tamaşaçıların böyük rəğbətini qazanıb.

Səməd Vurğunun müasir və tarixi-əfsanəvi mövzularda da bir çox əsərlər müəllifi kimi tanındığını söyləyən nazir qeyd edib ki, şairin “Ölüm kürsüsü”, “Qız qayası”, “Dar ağacı”, “Ölən məhəbbət”, “Aslan qayası”, “Üsyan”, “Bəsti”, “Ayın əfsanəsi” və “Bulaq əfsanəsi” əsərləri bu qəbildəndir. Ana dilimizin şeriyyət və ahəngini dərindən duyan şair ədəbiyyatla xalq arasında möhkəm bağlılıq yaradaraq özü də bu birliyin bayraqdarına çevrilib. Şairin poeziyası multikulturalizmə, tolerantlığa və birliyə çağırış himni kimi səslənir. Bu mütərəqqi tendensiyaları bədii irsində mükəmməl şəkildə birləşdirməyi bacaran S.Vurğun ürəklərdə özünə əbədi heykəl ucaldıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar şairin zəngin yaradıcılığından söz açıb.

Ötən əsrin 1930-1940-cı illərinin şairin istedadının çiçəklənməsi və yüksəlişi dövrü olduğunu söyləyən Xalq Yazıçısı deyib ki, 1934-cü ildə şairin “Könül dəftəri”, bir il sonra isə “Şeirlər” adlı kitabları nəşr olunub. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı və dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirib.

Səməd Vurğunun poema və şeirlərindən söz açan natiq deyib ki, onun “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini yüksək formada tərənnüm edib. Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. O, xalqımızın yaddaşında böyük təəssübkeş şair kimi əbədi yaşayacaq.

Tədbir konsert proqramı ilə davam edib.

Gecədə S.Vurğunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

AYB.az






Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə