Son xəbərlər

 



AYB.az xəbər verir ki, aprelin 8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Silahlı Qüvvələrimizin yeni uğurlarına həsr edilmiş “Ümid sənədir ancaq Azərbaycan əsgəri” adlı şeir günü keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar  tədbir iştirakçılarından şəhidlərimizin ruhunu bir dəqiqəlik sükütla yad etməyi xahiş edib. Xalq yazıçısı çıxışında “Hər kəs Azərbaycanla hesablaşmalı olacaq. Son günlər Ordumuzun əldə etdiyi uğurlar düşmənin bizimlə hesablaşmalı olduğuna bir işarə idi. Hər kəs gözləyir ki, bu uğurlar davamlı olsun. Ən böyük ümidimiz Ali Baş Komandanadır, ordumuzadır. Qələbə yaxındadır” fikirlərini səsləndirib. Sonra söz xalq şairi Nəriman Həsənzadəyə verilib. Nəriman Həsənzadə düşmənlə mübarizədə Azərbaycan əsgərlərinin göstərdiyi igidliklərindən söz açıb: “Azərbaycan xalqı səfərbərdir. Media da operativ və doğru informasiyalarla özünü yaxşı mənada göstərdi. İtkilərimiz olub, ağırdır, gənclərimiz şəhid olub, amma onlar öz torpaqları uğrunda, haqq yolunda şəhid olublar”. Azərbaycan Yazıçılar Birliyinin I katibi, xalq şairi Fikrət Qoca şəhidlik zirvəsindən danışıb: “Əbədiyyət qazanmaq üçün gərək ölümdən qorxmayasan. Şəhid olan igid əsgərlərimiz kimi. Onlar ölməyiblər, onlar Azərbaycan xalqının qəlbində daima yaşayacaqlar”. Daha sonra söz Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə verilib. Rəşad Məcid Qarabağın işğaldan azad oluncağı günlərin uzaqda olmadığını söyləyib : “İnanırıq ki, Azərbaycan Ordusu Qarabağı düşmən tapdağından xilas edəcək. Azərbaycan gənclərinin enerjisi buna qadirdir. Millətimizin birliyi buna qadirdir”. Azərbaycan Yazıçılar Birliyinin Hərbi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu da çıxışında xalqımızın döyüş əhval ruhiyyəsindən söz açıb: “Son hadisələr xalqımız ordumuz və dövlətimiz üçün bir sınaq idi. Cəmi 4 gün kifayyət elədi ki, dünya kimin kim olduğunu anlasın. Bu bizim qürur məsləmiz idi, şərəf məsləmiz idi. Azərbaycan Ordusu qətiyyətini, nəyə qadir olduğunu sübut elədi”.

Tədbirdə iştirak edən Ramiz Məmmədzadə, Oqtay Rza, Salatın Əhmədli, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Gülhani Pənah və başqaları vətənə həsr edilmiş şerilərini səsləndiriblər.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə