Son xəbərlər

 

      Asta addımlarla  mətbəxə keçib,  üzümü pəncərəyə söykədim. Havanın necəliyini bilmək istəsəm də, qaranlıqda  heç nə görmədiyimdən pəncərəni açdım. Bir andaca içəri dolan soyuq  hava canımı  üşütdü. Yataq otağından yun adyala bürünüb geri qayıtdım. Soyuqdan və yağışdan gələn nəm havanı içimə çəkdim. Nədənsə  payız  gecələri  qəlbimi  kövrək hisslər çuğlayır. Ətrafa baxıram. İldırımın saçdığı  işıq zolağı zülməti bir andaca içində boğur. Yağışda qarşı binadan pəncərələrin işıqları ulduzlar kimi bərq vurur.  Üzümə  düşən  yağış damçıları  xəyallar qanadında uşaqlığıma aparır  məni...

 

 Uşaqlıq  illərim  ərköyünlükdən uzaq,  sadə bir ailədə keçmişdi.  O vaxtlar - sovetlər  dönəmində  çoxu  islamın nə olduğunu bilmir,  uşaqlar rus dilində təhsil alırdılar. Bizim ailədə böyüklərin namaz qılması, oruc tutması adi hal idi. Bəzən biz kiçiklər Ramazan bayramında oruc tutmağa çalışır, özümüz-özümüzü  aldadırdıq. Guya ki, heç nə yemirdik. Əslində isə, mətbəxdə yeməyə girişər, sonra da əməllərimizə gülərdik. Yəqin ki, uşaqlığımıza görə, böyüklər bizə  fikir vermirdilər. Ailədə  dörd  uşaq idik.  Böyük qardaşım Xalıq  evin əziziydi. Bu da nənəmin İranda qalıb, uzun illər heç bir xəbər-ətər tuta bilmədiyi  qardaş həsrətiylə bağlı idi. O, dərdini nəvəsinə qoyduğu adla dağıtmağa çalışsa da, qəlbindəki qardaş həsrəti azalmırdı ki, azalmırdı. Ovqatının təlx olduğu vaxtlarda  söylədiyi  nağıllar, hədislər bizi nənəmin başına toplayardı. Biz yerdə xalça-palaz üstündə  bardaş qurub oturar, mütəkkələrə söykənib nənəmin şirin söhbətlərinə qulaq kəsilərdik. Bəzən də,  namaz vaxtı qardaşımın  şuluqluq etməsi nənəmi cin atına mindirsə də, ona güldən ağır söz deməz, yenə də mən çubuqla cəzalanardım.  Evin  əziz- xələfi olan qardaşım nə qədər ərköyün, nadinc idisə, mən də o qədər sadəlöhv və avam idim. Nənəmin  nurlu  çöhrəsi, icəri  batmış iri gözləri vardı. Arıqlıqdanmı, ya nədənsə  gözlərinin dərinliyi məni üşüdürdü. Əlləri, damarları çıxmış şirmayı  barmaqları İran xınasından əksik olmazdı. Qocalıqdan yığılmış kürəyi  yumağa dönsə də, yerişi  iti idi. Zəhmli baxışı və ötkəm  səsi,  nəinki biz  uşaqları, hətta anamı da vahiməyə salardı. Təmizkarlığı həddini keçən, ifrat  vasvası  nənəm,  az qala, evdə olan bütün  qab-qaşığı  pak etməyi, qüsul verməyi  ilə qonşular arasında ad çıxartmışdı. İnanclı nənəmi yolda qarşısından keçən pişik,  yaxud  "tək səbir"  gətirməyim hövsələdən  çıxardardı.  Bütün bu əlamətləri uğursuzluq  sayar,  ona görə də belə hallarda gedəcəyi yeri təxirə salardı. Belədə mən pərt halda otağın  qapısına  söykənib oğrun-oğrun ona baxardım. Nənəmin gözündə yaxşı görünməyə çalışsam da, alınmırdı. Hirsli ədasıyla geri qayıdıb çarşabını açar, öz yerində oturub  susar, təsbehini şaqqıldadardı.  Nənəmin  bütün  çarşabları ağır rəngli idi, ona çox yaraşırdı. Böyük ustalıqla və xüsusi əda  ilə  çarşabı  başına örtməsi başqa aləm idi. Biz qapı  ağzında onu ötürər, o isə, öz növbəsində gəlin və nəvələrinə gözucu baxıb sağollaşardı. Dodaqaltı  dua edəndən sonra bayır qapısını  açıb,  ya hamama, ya da çox sevdiyi  bibimgilə üz tutardı. Anam da, arxasınca  su atmalı,  canfəşanlıqla  "yaxşı yol" deməliydi. Qayıdanda isə biz qızlar çarşabını alıb,  səliqəylə qatlamalı, cayını, süfrəsini xüsusi bir təmtəraqla hazırlamalıydıq. 

       Geydiyi qara güllü-çiçəkli paltarlarınin cibindən nanəli konfeti  əskik olmazdı. Onun konfeti soyub, qəribə bir  iştahla yeməyi vardı. Ovqatının xoş vaxtında isə bizlərə konfet paylamağı çox xoşumuza gəlirdi.

    Gözümüz  həmişə onun tünd yaşıl, dama-dama atlas boğçasında olardı. Bu iri boğçanı cümə günü hamama gedəndə özüylə götürərdi. Həmin gün  hamımız onun qulluğunda durar, dediklərini can-başla yerinə yetirməyə çalışardıq. Nərd oynamaqda  mahir olan nənəm evimizə gələn qonaqları əvvəl nərddə pas edər, sonra aldığı zövqdən məmnun  halda söhbətə başlardı. Nənəmin bir şakəri də vardı ki, nədənsə giley-güzar edəndə atamla rus dilində danışar və bizi nigaran qoyardı.  Belədə,  atam  uşaqlar  kimi  farağat dayanıb, nənəmə razılıqla başını tərpədər,  bizə isə  məzəmmətli  baxışlarını yönəldərdi.  Bu məqamlarda  nədəsə səhv etdiyimizi bilərdik.  Tək-tük  hallarda onunla bir yana gedəndə, qonum-qonşuların  nənəmlə ehtiramla salamlaşmasından  sevinər və uşaq ağlımla bundan fəxr duyardum. Böyüklərin nənəmi görən kimi ayağa  durması, onunla hal-əhval tutması məndə qəribə hisslər yaradardı.  Nənəm elçiliyə gedər,  dava-dalaşı yoluna qoyar, adamları barışdırardı. Onun bir sözünü iki edən olmazdı. Fikirləşirdim ki,  qonşular ya nənəmdən qorxur, ya da ona  hədsiz hörmət edirlər...

        İsti yay günlərindən biri idi. Gövhər nənəmi harasa qonaq aparacaqdılar. Gün-günortadan yığışıb getməyə hazırlaşan  nənəmi həmişəki kimi  qapı ağzında təmtəraqla yola salırdıq. Gözlərimizin sevinci üzumuzə həkk olunmasın deyə, ciddi görkəm almışdıq.  Özümüzü  evdə  tək qalmaqdan üzüləcəkmiş kimi göstərsək də, nənəmin harasa getməsi  bizim üçün əsl bayrama, azadlığa çevrilərdi. O qədər atılıb düşürdük ki, anam bezirdi.

    "Elə yaxşı ki, nənəniz var. Yoxsa, siz mənim başıma olmazın oyun açarsız"-deyə söylənərdi.

         O gün nənəmi yola salandan sonra, anam mətbəxə, biz balacalar isə nənəmin otağına cumduq.  Qardaşımın fitvasına uyaraq əvvəlcə  nənəmin şifonerinə baş vurduq. Qorxudan ürəyimiz  ağzımıza gəlsə də, nənəmin otağını ələk-vələk elədik. Birdən gözlərimiz qırmızı onluqlara sataşdı. İlk dəfəydi ki, bu qədər pul görürdük.  Onları götürüb bir müddət əlimizdə oynatdıq. Pullar xışıldayır, bizsə məmnunluqla onları bir-bir sığallayırdıq.  Sonra, pul topasından iki onluq götürüb oğrunca həyətə sürüşdük.

    -Uzağa getməyin-  dalımızca anamın səsi eşidildi.

   -  Ay, hay!  Gözümüzə ana görünürdümü? Özümüzü yaxınlıqdakı univermağa  saldıq. İçəri girən kimi  canımızı  qorxu aldı. Dala qayıtmaq, pulu yerinə qoymaq istəsək də,  Xalıq təkidlə dedi:

   - Bacı, dəlisən, görmürsən nənə qocadı, o pulların sayını hardan bilir axı? Gör, onda nə qədərdi. Heç bizə konfet, oyuncaq da almırlar. Gəl, gəl qorxma. İndi sənə gəlincik, saqqız,  konfet  alacam.

     Qardaşımın  7-8, mənim 6 yaşım ancaq  olardı. Univermağa girəndə elə bilirdik  hamı bizə baxır.  Sakitcə satıcı qıza yaxınlaşdıq. Xalıq 2 onluqdan birini çıxarıb  qıza verdi. Qız sınayıcı nəzərlərlə bizə və pula baxıb soruşdu:

  - Bu pulu hardan və kimdən oğurlamısız?

   Mən həyəcandan ağlasam da, qardaşımın ötkəm səsi məni sakitləşdirdi.

  -Biz oğru deyilik. Nənəmin puludu, verdi ki, xərcləyək.

Onun qətiyyətli baxışları və inamlı səsi  qızda  şübhə yeri  qoymadı. Kağız torba oyuncaq və şirniyyatla dolu idi. Bundan başqa, lazımsız, dəyərsiz, əlimizə keçəni almışdıq. Həyəcandan bilmirdik  nə edək. Qərara aldıq ki, aldığımız oyuncaqları, şirniyyatı həyətdə uşaqlara paylayaq. Küçəmizə qayıdanda artıq sərin düşmüş, azca meh əsməyə başlamışdı. Həyətə gələn kimi səs-küy düşdü. Oyuncaqlar üstündə uşaqların savaşına, binanın  pəncərələri bir-bir, iki-bir açılmağa başladı. Hər şey bir andaca açıldı. Anamın bizi  evə salmağıyla, yağlı silləyə “qonaq eləməyi” bir oldu. Biz ağlayır, günahımızı bir-birimizin üstünə yıxırdıq. Yazıq anam həyəcandan gah dizinə, gah başına vururdu. Birdən qapının zəngi çalındı.  Gələn nənəm idi. Ev ölü sükuta qərq oldu. Salamlaşıb hərə bir tərəfə dağılışdı...

      Nənəmin qəzəbli qışqırtısı ikimizi də özümüz bilmədən onun otağına atdı. Anam günahkar  kimi nəyisə izah edir, göz yaşı tökürdü. Anamın həyəcanından  və nənəmin qəzəbli  baxışlarından biz uşaq fəhmiylə  çox pis iş tutduğumuzu görürdük.

 Nənəm qonaq otağına keçib bizi səslədi.

   Hər ikimiz əllərimiz arxada, başımızı aşağı salıb onun bir addımlığında dayandıq. Həyəcanlı anlar yaşayırdıq. Təsbehini şaqqıltı ilə  əlində oynatması  onun əsəbindən xəbər verirdi. Nənəmin bizə zillənən baxışları, onun  mühüm bir qərar qəbul edəcəyini söyləyirdi. Nəhayət, o, üzücü saniyələrdən sonra qışqıraraq dedi:

    - Siz  Allahın əmrinə zidd gedərək çox pis iş görmüsüz, - oğurluq etmisiz. Buna görə cəzalanacaqsız. Bayaqdan təsbehimi çevirir, Tanrının mələklərindən xəbər gözləyirəm. Budur, nəhayət ki, xəbər gəldi. Hər ikinizin başı ananın mürəbbə bişirdiyi tasda kəsiləcək. Ölümdən qabaq qüsullanın, kəlməşəhadətinizi oxuyun. Tez olun, vaxtımız azdı. Cəhənnəm sizi gözləyir.

     Bizim vay-şivənlə ağlamağımız, qışqırmağımız, nənəmin ayaqlarına düşüb üzr istəməyimiz uşaq qəlbi üçün dəhşətli sınaq idi. Anamdan imdad diləsək də, yazıq qorxusundan bir kənara çəkilib göz yaşı tökürdü. Bizdən balaca bacı və qardaşım qorxudan  anama  sığınmışdılar. Səs-küyə qonşu Buxara xala gəldi. O, məsələdən hali olub nənəmə yalvarır, bizə imdad diləyirdi.   Lakin cəllad qədər qəddar nənəm sözündən dönmürdü ki, dönmürdü. Biz hamamda dəstəmaz alıb, qüsul verdik. Sonra, evin ortasında dayanaraq əllərimizi açıb kəlməşəhadəti oxuduq. Nənəm  amansızcasına hər ikimizin qollarını kəndirlə bağladı. Ayaq üstə ölmüşdük. Rəngimiz ağarmış, bədənimiz buzlaşmış halda başımızı tasa qoyduq. Özümüzü cəhənnəmin astanasında görürdük. Təsadüf, ya nə idisə,  tas da, bıçaq da qan rəngində idi. Nənəm əlinə iri bıçağı alıb yəqin ki, küt tərəfdən hər ikimizin boynuna sürtdü və sərt səslə dedi:

   Dayanın, ağlamayın, kəsin səsinizi! Allahdan mənə səda gəldi ki, sizi bu dəfə bağışlayım. Əgər bir də oğurluq etsəniz, onda....

    İkimiz də çoxdan ölmüşdük. Mən bayılmış halda, gözüyaşlı anamın ayaqlarına tərəf süründüm...

    O  ağrılı  hadisədən   hamıdan çox mən  həyəcan keçirmişdim. Sonra bizi  çıldağa aparmalı olmuşdular. Böyüklər uşaqlara bu əhvalatı danışanda isə,  kiçiklər  halımıza acıyar, nənəmizin qəddarlığına eləcə baş yelləyərdilər.

       İndi bu yağışlı gündə  hardan  yadıma düşmüşdü bu hadisə?!

Heç özüm də bilmirəm.  İllər adlayıb, zaman keçsə də, ibratəmiz nənə tənbehi  hafizəmdə dərin iz salmışdı...

Təranə Fazilqızı

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə