Son xəbərlər

 

GÜN ÇIX-GÜN BAT

 

 

Harda olsam

 

            dan söküləndə,

 

            gün çıxanda,

 

Mən də yenidən

 

            doğuluram,

 

            dünyaya gəlirəm elə bil.

 

İllah da ki, gün

 

            dağın dalından boylana,

 

            dənizin dibindən çıxa.

 

 

lll

 

Harda olsam

 

            şər qarışanda,

 

            gün batanda,

 

Mən də birdən –birə

 

            yerə çökürəm,

 

            ölürəm elə bil.

 

İllah da ki, gün

 

            dağın dalında gizlənə,

 

            dənizin dibində bata.

 

2011

 

    

 

KƏRƏM OL

 

 

Kərəm!

 

            Eşitdim

 

                        gəlirsən.

 

Amma, bu kərə,

 

            Kərəm ol bir daha.

 

            Sevmə Əslini.

 

Gəncədə Əsli yoxdur ta!

 

Gəl, əvvəlcə Xocalını gör.

 

Tanı əclinin əslini.

 

Sonra özün bilərsən,

 

İstəsən, gələrsən.

 

2012

 

 

     TÖVBƏ QAPISI

 

 

Dünyada, təki bir fərd

 

            tövbə edən tapılsın.

 

Göyə baxsın, açıqdır

 

            göyün tövbə qapısı.

 

 

lll

 

Bu məbəd gecə-gündüz

 

            heç vaxt qapanmır əsla.

 

Tövbə edən, yaxın gəl,

 

            Səni gözləyir Allah.

 

                                2012

 

    

 

ŞAİR QABİL

 

 

Hanı gülər üzün sənin,

 

Hanı dəmir sözün sənin.

 

Şit şairlər çoxalıbdı,

 

Hanı dadın, duzun sənin.

 

lll

 

Dağlarda var izin –sənin.

 

Dərdi yenən dözüm –sənin.

 

Şeirin –günəş zərrələri,

 

Sönməz odun-közün sənin.

 

    lll

 

Görükməyən hüsn sənin.

 

Söz ver mənə, izn sənin.

 

O, “qızılgül satan” – sağdır,

 

Bu- çox sürən hüzn –sənin.

 

lll

 

Şairə xas əzm – sənin.

 

Səndən uca özün-sənin.

 

Qəddar Vaxtın qarşısında

 

Qatdanmadı dizin sənin.

 

                        2012

 

    

 

YENƏ DƏ SABİR

 

 

Əlimi kəsirsən,

 

            deyirsən – “tərpənmə!”

 

Dilimi kəsirsən

 

            deyirsən – “sus, dinmə!”

 

Yanıram, üstümə

 

            su da çiləmirsən,

 

            deyirsən – “yan, sönmə!”

 

Donuram, üstümə

 

            qartopu atırsan,

 

            deyirsən – “isinmə!”

 

lll

 

     Zalım dünya, bunca

 

            əzab olmaz, axı!

 

Hamı olsa haqqın

 

            bədbəxt qalmaz, axı!

 

Sevincdən qışqırsam

 

            məni də bir görən,

 

            eşidən tapılar.

 

Bir günlük də olsa

 

            açılar taybatay

 

            o paslı qapılar.

 

                        2012

 

SUAL-CAVAB

 

 

– Gəldim.

 

            Dünyanı gördüm.

 

            Qəlbimi sardı,

 

            Odlu bir sual.

 

– Cavabına

 

            O gördüyün dünyadan

 

            Heç nə, tək bir

 

            İçim su al!

 

 

            2012

 

    

 

BİR YERDƏDİR

 

 

Əsl dünya imiş bu!

 

Cənnət də, cəhənnəm də.

 

İnsan belə aldanır,

 

Cənnətdə, cəhənnəmdə.

 

 

İkisi bir yerdədir,

 

Cənnət də, cəhənnəm də.

 

Yaşayırıq yerdə biz-

 

Cənnətdə, cəhənnəmdə.

 

2012

 

QİSMƏT

 

 

Hər kəsin qisməti gələndə bölünür.

 

Kiminə qoşa ovuc, kiminə tək ovuc.

 

Kim nə miqdar olsa əzəldən bilinir

 

Kiminə qoşa ovuc, kiminə tək ovuc.

 

 

     lll

 

 

Çox olan çox yedi, az olan az yedi.

 

Çox olan gizlədi, az olan gözlədi.

 

Göydən də bir mələk bunları izlədi.

 

Kiminə qoşa ovuc, kiminə tək ovuc.

 

 

     lll

 

 

Naşükür doymadı, artmağa cəhd etdi.

 

Durdu, zor işlətdi, zor əydi düz xətti.

 

Tanrıya ağ oldu, aləmi titrətdi.

 

Kiminə qoşa ovuc, kiminə tək ovuc.

 

 

2012

 

 

XEYİR VƏ ŞƏR

 

 

Xeyirdə xalis xeyir,

 

Şərdə də tam xalis şər.

 

Bir bilən varmı görən,

 

Nə qədərdir, nə qədər?!

 

lll

 

Xeyrin zərif saçağı

 

Qarışıb şərə seyrək.

 

Şərin zəif saçağı.

 

İlişib xeyrə tək –tək.

 

lll

 

Nə qədər ki, dünyada

 

Xeyir də var, şər də var.

 

Deməli, dünya da var.

 

Dünyada bəşər də var.

 

2012

 

    

 

MƏKR DAĞARCIĞI

 

 

Yaranışdan elə budur

 

Üzdədir iti qılçığı.

 

Heç nədən bəhanə tapır,

 

Divara yaxır palçığı.

 

 

Dilinə nə gəlsə deyər,

 

Boşdur ağzının çax-çaxı.

 

Fikirdən fikrə addayır,

 

Dolaşır məna saçağı.

 

 

“Srağagün” – nədir bilmir.

 

Qarışıq salır hacağı.

 

Sözün gözünə qum atır,

 

Örtülür sözün açığı.

 

 

Qarnı qurtlu, qəlbi soyuq

 

Dil altında var bıçağı.

 

Dünən-ölü, sabah –nisyə,

 

Bəyənir yalnız bu çağı.

 

 

Sənətə meyli varsa da

 

Yoxdur zərrə qanacağı.

 

Əyrini – görəndə susar,

 

Düzə – “hə” deməz, ha çığır!

 

 

Tanıtdım aləmə bunu

 

Tutsa da mənə acığı.

 

Buna tək bir ad yaraşır,

 

Yalnız məkr dağarcığı.

 

 

2009

 

    

 

NƏFS YIXAN

 

 

Köhnə səfər atında

 

Zaman çapır irəli.

 

Köhnəlsə də köhləni

 

Dartıb çəkir illəri.

 

lll

 

Gəlib-gedirlər daim.

 

İnsanlar nəsil-nəsil.

 

Sonda baxıb görürsən.

 

Bir şey olmayıb hasil.

 

lll

 

Həyat öz axarıyla

 

Hey axır... Mütəmadi.

 

Yaşamaq, çox çətinmiş

 

Heç də deyilmiş adi.

 

lll

 

Bu yalançı dünyada

 

Çox zalımdı adamlar.

 

Dost yıxan, rəqib yıxan,

 

Ev yıxan, qəlb yıxan var.

 

lll

 

Şəhər yıxıb dağıdan,

 

Milləti yıxan da var.

 

Camaata qarışan,

 

Aradan çıxan da var.

 

lll

 

Nə əcəb, indiyədək,

 

Yalnız dünyada bir kəs,

 

Cəhd eləyib yəni, öz

 

Nəfsini yıxa bilməz.

 

lll

 

Bu – inqilab olardı,

 

Min ildə bir inqilab.

 

Gələcəyə qalmaqçın

 

Budur – ən doğru cavab.

 

lll

 

Nə qədər çox olsaydı

 

Nəfsinə  “dur” – deyənlər.

 

O qədər azalardı

 

Mərifət bilməyənlər.

 

lll

 

Nə əcəb, mərd ürəkli

 

Bir pəhləvan tapılmır.

 

Dünya yıxılan yerdə

 

Bir nəfsi yıxan olmur.

 

lll

 

Qayıtsın dilimizə

 

Yenə də “nəfsini bas”

 

Onda ikicə kəlmə

 

Dünyanı edər xilas.

 

2012

 

 

MƏNİM GÖRDÜYÜM

 

MƏMUR

 

 

Mənim gördüyüm məmur,

 

Təzə biçimli kübar.

 

Salaməleyki əmr,

 

Ədasında hökm var.

 

lll

 

Mənim gördüyüm məmur,

 

Ağ mərmərdən un umur.

 

Şüşədən büllur alır.

 

Yumurtadan yun qırxır.

 

Nə insanı tanıyır,

 

Nə də Allahdan qorxur.

 

Qonşusu acdı, toxdu,

 

Əsla xəbəri yoxdu.

 

lll

 

Bizi yaşadan göydən,

 

Fövqəladi havadan

 

Asılıyıq biz müdam.

 

Bilir bunu hər nadan,

 

Bilir bunu hər naşı.

 

İnsanın udum –udum,

 

Nəfəs almaqdır işi.

 

Bunun nəfəsindəki

 

“Ə”lərdən biri düşüb.

 

“Nəfəs” çönüb, “nəfs” olub.

 

Nəfslə yaşayıb – bu!

 

Hələ indən belə də,

 

Nəfslə yaşayacaq.

 

Çünki o, başdan –başa

 

“Nəfs – adam”dır, yaxşı bax!

 

lll

 

Cəmi millət naminə.

 

Bir iş görülsə, fəqət.

 

Dəbərsə dağ-daş belə.

 

Oyansa bütün millət.

 

Cücərməz onda qeyrət.

 

Lap dünya dağılsa da,

 

Darmadağın olsa da

 

Aləm səs –küy, qiyamət

 

Qopsa da dərk eləməz.

 

Buna yaddır, bu adət.

 

Çıxmaz ondan səs –səmir.

 

Bir növ bəşərdir bu da!

 

Mənim gördüyüm məmur.

 

 

2012

 

    

 

RƏVAYƏT

 

 

(Yeni variant)

 

 

Hikmət dolu,

 

İbrət dolu,

 

Eyham dolu,

 

Bir məsəldi – bu!

 

 

Nağıl deyil,

 

Yalan deyil,

 

Buna bənzər

 

Nəsə olub.

 

 

Ululardan

 

            eşitmişəm.

 

Keçmişdə,

 

            bir məmləkətdə

 

            bir zalım şah yaşardı.

 

Onun həndəvərində

 

            bir də bir qəssab vardı.

 

 

Hər ikisi

 

            baş kəsməkdə peşəkardı.

 

Həmxasiyyət,

 

            həmniyyət,

 

Həmsevinc,

 

            həmdərd,

 

Həm də möhkəm

 

            dost idilər.

 

 

Bir səhər...

 

            baş meydanda,

 

            ali fərmanla

 

            bir cavanın

 

            bir əlini

 

            kəsəcəkdilər.

 

İşin şirin yerində

 

            qəssabın daş ürəyi,

 

            yumşaldı birdən.

 

Qum üstündə

 

            ot göyərdi.

 

Diz çöküb dedi –

 

            – Şahım, onu

 

            mənə bağışla,

 

     Əgər günahı varsa

 

     cəzasını verər Allah.

 

    

 

Şah yerə salmadı

 

            dostunun sözün

 

Cavanı azad etdilər,

 

            həmin gün,

 

            dərhal, o saat.

 

 

Amma, tələsmə, övlad,

 

            gör, nə oynayacaq,

 

            bu fırfıra həyat!

 

 

Demə, qəssabın

 

            pis bir

 

            şakəri də varmış,

 

            etdiyi yaxşılığı

 

            başa qaxarmış.

 

Taq, taq,

 

            taq, taq.

 

Dəxli yoxdur

 

            harda,

 

            haçaq.

 

Görüşəndə,

 

            Söz düşəndə,

 

            gündüz də,

 

            gecə də

 

Soruşardı hey...

 

            Əlin necədi?

 

            Necədi?

 

            Necədi?

 

O, da eşitdikcə,

 

Əlini gizlədərdi.

 

Gizlədə bilmirdi,

 

            amma, bu dərdi.

 

 

Kimsə onu

 

            qarabaqara

 

            izləyirdi elə bil.

 

O kəsilməli əli də

 

            heç onunku

 

            deyilmiş kimi,

 

Sızıldayırdı ara bir.

 

 

Bir dəfə,

 

            üç dəfə,

 

            beş dəfə,

 

            on dəfə.

 

Bir dəfə də oldu

 

            son dəfə.

 

Daşdı səbr kasası.

 

Bir göyə baxdı,

 

            bir yerə baxdı.

 

Gördü miz üstədi,

 

            qəssab baltası.

 

Qeyzlə,

 

            qəzəblə,

 

                        hirslə.

 

– “Bəsdir başıma qaxdın!”

 

            deyib, qapdı baltanı.

 

Tavana sıçradı

 

            əlinin qanı.

 

 

Rəvayəti söyləyənlər,

 

            bunu da deyirlər;

 

     qəssab sonra

 

     peşman olub.

 

Tutulub

 

            əli –ayağı.

 

Yalandımı,

 

            doğrudumu,

 

            deyə bilmərəm.

 

Amma buna bənzər

 

            nəsə olub.

 

 

Hikmət oldu

 

İbrət oldu.

 

Eyham oldu,

 

bir məsəldi – bu.

 

 

Bakı, 2001-2012-ci illər

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə