Son xəbərlər

 


Üdgündə doğuldum …

 

 

Üdgündə doğuldum …

Zəngilan obasında

arıçı Həsənxanın qosqoca odasında

 

ağlayıb kirimişəm kallayı otaqda

bir yaşımda ölürmüşəm –

çöpümü çıxarıb Qibləli kişi

Allah kərimdi –deyib

 

Ölüm yoxdu ta mənə.

 

Atalı-analı böyüsün oğlum

yanında böyüdüm nənələrimin-

yanında böyüdüm Lala arvadın

yanında böyüdüm Qarabirçəyin.

 

Sonra yavaş-yavaş getdi kürlüyüm

sonra gələ-gələ qafam boyüdü

sonra gələ-gələ ğözüm böyüdü-

təbaşir əlimdə sevdim qızları.

 

Sonra oxudum

Şərabçı oldum

 

Sonra vuruldum bir türk qızına

evlilik həyatı qatdı başımı.

bir ev qaraladım çıxdı əlimdən

savaşda uduzdum ermənilərə

 

…Tanrı dərğahına qovuşdu oğlum

elə bir yaşında

Qibləli kişi yoxuydu onda

boğazın bassın

Allaha qurban olum

indi iki oğlum — əskər yaşında.

 

Cavidin, Cavadın yoluna çıxdım

üzümə qoydular dostu-tanışı

üzümə vurdular hər addımbaşı

haram elədilər ilk kitabımı.

 

Sonra qəzalar 40 yaşdan bəri

bir ömrü verdim yelə.

atam öldü 98-də

sonra ürəyim

sonra da belə…

 

 

***

 

Məni sevənlərim dünyada yoxdu,
Hələ doğulmayıb məni sevənlər.
Yüz il də, min il də dayanım, durum,
Məni sevə bilməzsən, yavrum.

 

Əllərim yaraşmır ağ əllərinə,
Saçımın bəyazı rəngimə düşmür.
Ömrümə, günümə yüz sığal vurum,
Məni sevə bilməzsən, yavrum.

 

Gözümün içinə bir qadın ağlar,
Axşamım oxşamır axşamlarına,
Səhərim ümidsiz,
Allahım yorğun,
Məni sevə bilməzsən, yavrum.

***

 

 

 

 

 

 

Bu son bahar …

 

Bu son bahar …
Sən bir süslü çiçək,
Bir azdan yarpaqlar düşəcək .
Başımızın üstündə bu qara sevda
Yenə gözlərini yumub tökəcək.

 

Yenə aramızda bir qara çətir,
Bir qara eynək,
Taleyin araya atdığı əlcək…
Sənə ğöz yaşıntək yaxınam demək.

 

Qəhvəyi gözlərin dumduru bulaq,
Çiçək yanağında ilıq qar izi.
…bu axşam əllərin öpülməyəcək,
Səni göz yaşımtək sevirəm demək

***

 

 

 

 

 

 

 

 

 

...

 

Allahdan aşağı sevgilər yetim
Sevdalı ömürlər kəpənək kimi
Allahdan aşağı…
Sevgili ölümlər hər gün təzədi.

 

Allahdan aşağı Günün altında
Ümidlə boylanır sabaha sarı
Adamın özünə qanı qaynamır
Adamın özünə gücü çatmayır.
Əlləri uzanır Günəş uzaqdı
Gözünü göy çəkir Allah görünməz.

 

Bayatı gülləsi – qəfil təsəlli
Yaralı adamlar saç yolur hələ
Yerinə yurduna yağışlar yağır
Yağır kipriklərin kölgəsinə də

 

Allahdan aşağı hamı yaşayır
Allahdan aşağı … hamı öləcək.
Ölümün çarəsi yoxdu, allahım
hamının üstündə torpaq bitəcək.

 

Allahdan aşağı sevgilər yetim
Sevdalı ömürlər kəpənək kimi
Allahdan aşağı …
Sevgili ölümlər təzədi hər gün .

 

***

 

( rekviyem)

 

Nə yağış yağacaq, nə gün çıxacaq,
Nə də küləklər əsəcək səmtinə,
Nə də ki, havanın bozbulanıqlığı
heç vaxt düşməyəcək mənim rəngimə.

 

 

 

Nə səni görəcəm, nə də oğlumu,
Nə də ki, itik gördüyüm yuxumu.
O gün dəfn edəcəm öz yoxluğumu,
başa qaxınc olan yoxsulluğumu.

 

O gün dəfn edəcəm dərdi, sərimi,
Kölgəsi gözümün altına düşən
şer dəftərimi.

 

 

 

Zəhmindən düşəcək qara buludlar
Tanrıdan alacam icazəmi də.
Heç kimə yavıncı olmayacağam –
Özüm aparacam cənazəmi də.



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə