Son xəbərlər

 


NOVRUZ BAYRAMI

Novruz bayramı –

Uşaqlıq illəri,

Paxlava, şəkərbura naxışları kimi

Sevimli günlər, şirin gülüşlər...

 

Novruz bayramı –

Yamyaşıl bir zəmi, başımızda çələng,

Ağ libaslı ağaclar bir mələk...

 

Novruz bayramı –

Ağdamın Qiyaslı kəndi,

Atamın zümzüməsi,

Anamın qonşuya pay göndərməsi,

Böyük bir tonqal

Ağırlığım-uğurluğum harda qaldı?

 

Novruz bayramı –

Balaca qardaşımın papaq atması,

Yumurta döyüşməsi,

Xocalı uşaqlarının gülüşməsi...

 

Novruz bayramı –

...Şuşanın dağları

Dumansız-çənsiz

Qızları qırmızı qoftalı,

Yaşıl şalvarlı –

Cıdır düzündə, at belində...

 

...Xanın cəci havalandı;

“Qarabağın şikəstəsi!”

Dünyaya səs saldı,

Açın qulaqlarınızı!..

 

...Novruz bayramı –

Kosalı, kecəlli,

A novruz çələngli,

Göy bənövşəli...

 

...Ah, bir də uşaq olarammı?

Tonqaldan atlanarammı?

 

Novruz bayramı –

Məni bu dünyayla barışdırarmı?

 

 

“Atəşkəs” dövründə düşmən gülləsinin

Qurbanı olan 11 yaşlı Fariz Bədəlovun

ölümünə

 

...Dünyanın lap o başından

gəlsinlər ziyarətinə,

saraylar ucalsın adına,

xalılar döşənsin yollarına,

bütün televiziyalar ondan

danışsın;

bala dağını

unutdurarmı anaya?

Düşmən bizim anamızı ağlatdı...

Sözün varmı daha?

 

 

YAZ GƏLDİ YAZIN GƏLMƏDİ

Yataqxana binasından boylanan anaya

 

Nə həsrətdi gözlərində

Baharın bu gülən çağı?

Yoxsa yadına salmısan

Yurdunda qərib ocağı?

 

Mənə də söylə dərdini,

Qurban olum, gəl yaxına.

Ana, elə qəmli baxıb

Ürəyimə dərd toxuma...

 

Yol-izini göy ot alıb

Bura üstü buz küçədi.

Mən belə dərd çəkən yerdə

Gör sənin halın necədi?

 

 

Ahın dağlara, daşlara

Yenə nə yaman dolmusan...

Yaz gəldi, yazın gəlmədi

Göydən asılı qalmısan...

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə