Son xəbərlər

 

Mir Cəfər Seyid (Mircəfər Əyyub oğlu Seyidov) 1952-ci ildə anadan olmuşdur. Uzun müddət mətbuat  və nəşriyyat sahəsində çalışmışdır. Hazırda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyir. 14 kitabın müəllifidir.

 

 

Mağara qeyri-adi bir rəngin qa­rı­şı­ğından yaranmış nura boyandı. Burada  fikrə dalan Həzrət Məhəmmədə(s) elə gəldi ki, yuxu görür. Son vaxlar işıqlı yuxular görmək onda bir adət halını almışdı. Bu yu­xu­lar­da onun qulağına qeybdən səslər gəlir, göz­lərinə baş verəcək hadisələr görünürdü. Yox, o, yat­ma­mışdı. Gördükləri də yuxu deyildi. O, bunu bütün varlığı ilə hiss etdi. İndi mağaranın birdən-birə nura boyanması onu bu əsrarəngiz xəyallardan ayırdı. Qulaqlarına həyatında ilk dəfə eşitdiyi qə­ribə bir uğultu gəldi. Uzaqlardan zorla eşidiləcək göy gurultusuna, şimşək şaqqıltısına bənzədi bu səs. Nə qədər düşündüsə, nə bu qəribə nurun, nə də anlaşılmaz səsin yozumunu tapa bilmədi. Bə­dəni üşəndi. Cəld buradan uzaqlaşmaq keçdi fik­rindən. Ancaq bütün gücünü toplasa da, nə bu əs­rarəngiz nurun, nə də qeyri-adi səsin cazibəsindən çıxa bilməyəcəyini dərk edib yerindəcə qaldı. Elə bu vaxt mağaraya düşən nur selində qəribə bir burulğan yarandı. Burulğan böyüdükcə Həzrət Məhəmməd(s) qarşısında öm­ründə ilk dəfə gördüyü bir varlığın dayan­dığını hiss etdi. Gözlərini ge­niş açıb gördüyünün xəyal, yoxsa həqiqət oldu­ğu­nu dəqiqləşdirməyə çalışdı.

 -Oxu!..

 Həzrət Məhəmməd(s) səsdən diksindi. Dal­ğa­la­nıb əks-səda verən bu səs adi insan səsinə bən­zə­mirdi. Gördüklərindən heyrətə gələn həzrət Mə­həmməd qeyri-ixtiyari dilləndi:

-Mən oxuya bilmirəm!..

 O, həzrət Məhəmmədə(s) yaxınlaşıb  çi­yin­lə­rindən tutdu. Silkələdikdən sonra əvvəlki sö­zü­nü yenidən təkrarladı:

 -Oxu!..

 Həzrət Məhəmməd(s) bu təmasdan sarsılsa da,ayıq beyni ona yenə eyni cavabı verməyi məcbur etdi:

 -Mən oxumağı bilmirəm!..

 Üçüncü dəfə də eyni əmri eşitdi:

 -Oxu!..

 Taqətdən düşmüş həzrət Məhəmməd(s) titrək bir səslə «nə oxuyum» deyib maraq və həyəcanla qar­şısında dayanmış varlığı süzdü. Onun üzünü ilk dəfə görsə də səsi tanış gəlirdi. Qəfildən xatırladı ki, son vaxtlar yuxularında eşit­diyi elə bu səs imiş və onu Allahın təkliyi, şəriksizliyi barədə dü­şün­məyə sövq edən də, bura – Hira dağına çəkib gətirən də elə bu səs­dir. Az qala hər gecə bu səsin həsrətində olan həz­rət Məhəmməd(s) artıq qarşısın­dakı varlığı özünə doğma hesab etməyə başladı.

  Üçüncü cavabdan sonra varlıq əvvəlki əmrlərinə nisbətən daha mülayim, həzin və ilahi bir səslə dedi:

 -Mən böyük mələk Cəbrayılam. Oxu!..

«Bismillahir-rəhmanir-rəhim.

1.İqrəBismirəbbikəlləzi xələq. 2.Xələqəl-insanə minələq. 3.İqrə və rəbbukəl-əkrə. 4.Əl­ləzi əlləmə bil-qələm. 5. Əlləmə bil qələm.»

Bismillahir-rəhmanir-rəhim.

 1.Ya Peyğəmbər! (Qurani-Kərimi, bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (Bismillah deyərək) oxu! 2. O, insanı laxtalanmış qandan yaratdı. 3. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. 4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. 5.(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.

 (Qurani-Kərim. «Əl-Ələq» surəsi, 1–5-ci ayə)

 

 Cənab Cəbrayıl  bəzi məsləhətlər, tövsiyələr, buyruqlar verəndən sonra qeyb olub getsə də, eşitdiyi ilahi kəlamlar həzrət Məhəmmədin(s) qəlbinə hakim kəsildi. Sanki ma­ğaranın ecazkar işığı çəkilib getməmiş, onun kön­lünə hopmuşdu. Ancaq keçirdiyi həyəcandan hələ də bütün vücudu titrəyirdi. Buna baxmayaraq gör­düyünün və eşitdiklərinin tam mənasını artıq dərk etməkdəydi.O, tarixi anlar ya­şa­dığını, görüb səsini eşitdiyi məxluqun böyük mə­lək cənab Cəbrayıl olduğunu, dinlədiyi və yadda­şına həkk etdiyi sözlərin Allah kəlamı–ilk vəhy olduğunu hiss etdikcə yenidən həyəcanlanırdı. O, dərk edirdi ki, arxada qalan həmin anlar onu elə dəyişib ki, artıq əvvəlki adam deyil. Vücudundakı və fikrindəki bu dəyişiklik onu daha dərindən dü­şünməyə sövq etdi. Qəlbindən ilk keçən arzu Həzrət Xə­di­cəni müjdələmək oldu. O, yeyin bir hərəkətlə mağaradan uzaqlaşdı.

 Hava qaralmışdı. Dən-dən ulduzlar əl çatacaq qədər yaxın görünürdü. Göy üzü də, yer də qə­ri­bə bir nura qərq olmuşdu. Səhradan əsən sərin mehin nəfəsi də əvvəlki deyildi. Həzrət Mə­həm­məd(s) az qala hər addımda cənab Cəbrayılın səsini eşidir, dediyi ilahi kəlmələri öz-özünə tək­rar­la­yır­dı.O, hiss duyurdu ki, cənab Cəbrayıldan başqa digər mə­ləklər də bədirlənmiş ayın, dənələnmiş ulduzların işığında   lap yaxınlıqdan onu müşayət edir. Adını uca tutduğu Böyük Yaradan Ayı da, ulduzları da ona salam ver­məyə həvəs­lən­dirir. Qədim Məkkənin küçələri də  işıqlanmışdı. Yeni təmir olunmuş Kəbə evi ay işı­ğında bütün əzəməti və vüqarı ilə nə­zə­rə çar­pır­dı.

 Həzrət Məhəmməd(s) Kəbə evinin yanından ke­çəndə addımlarını yavaşıdıb həsrətlə bu iba­dət­xa­naya baxdı. Ulu babası həzrət İbrahimin(ə) Allaha ibadət üçün tikdiyi bu əzəmətli məbəd neçə əsr­lər idi ki, bütxanaya çevrilmişdi. Burada tək Allaha deyil,  bütlərə sitayiş edilirdi.

 Həzrət Məhəmmədin(s) yadına bir neçə il əvvəl Kəbə evinin təmir olunması düşdü. O vaxt onun 34 yaşı vardı. Cəmi bir adam boyu hündürlüyündə olan tavansız Kəbə evinin di­var­la­rı güclü yağış suyundan uçub dağılmışdı. Qür­ey­şilər bir yerə toplaşaraq Kəbəni yenidən təmir et­məyi qərara almışdılar. Ciddədən quma batıb par­ça­lan­mış bir gəminin taxtalarını alıb gətirmiş mək­kə­li­lər Kəbə evinə tavan düzəltməyi də qə­ra­ra al­mış­dılar. Bütün şəhər əhalisi Qüreyşilərə qo­şu­laraq Kə­­bə­nin təmirində yaxından iştirak edir­di. Həzrət Məhəmməd(s) də öz qəbiləsinin adamları ilə bir­lik­də onlara qoşulmuşdu. İnşaat iş­lə­ri başa çatıb Həcərül-əsvədin yerinə qoyulması söhbəti ortaya çıxanda qəbilələr ara­sında mü­ba­hi­sə yarandı. Bu müqəddəs işi hər bir qəbilə özü görmək istədi. Var-dövlətlərinin çox­luğuna, ti­kin­ti­də daha yaxşı işlədiklərinə görə öz­lərini öyən qə­bilələr Həcərül-əsvədi yerinə qoy­maq şərəfini heç kimə güzəştə getmək is­tə­mir­di­lər. Daha çox bu işi qabardan Bəlid ibn Muğirə idi.

 -Əgər mən Ciddəyə gedib parçalanmış Bi­zans gəmisinin ağaclarını alıb bura daşıt­dır­ma­say­dım, kim girişərdi Kəbənin təmirinə? Həcərül-əs­və­di yerinə qoymaq şərəfi mənə və mənim qə­bi­lə­mə aiddir. Qarşımı kəsən olsa qılıncımızla ca­vab verəcəyik.

 -Bəs daşları kim yonub hazırlayıb? – deyə başqa bir qəbilənin başçısı özünü irəli verdi.

 -Kəbənin iki tərəf divarını bizim qəbilə hö­rüb. İşin çoxunu biz gördüyümüz üçün Həcərül-əsvədi də yerinə biz qoymalıyıq. Yoxsa, ortaya qan düşər. Ölərik, dediyimizdən dönmərik.

 Bəni Əbdüddar qəbiləsinin adamları əllərini qa­na bulayaraq: – «Ya Həcərül-əsvədi biz yerinə qoy­malıyıq, ya da bu işi qan təmizləyəcək.» – de­di­lər.

 Artıq bütün qəbilələr silahlanmışdı. Həcərül-əsvədin üstündə qəbilələr arasında savaş baş­la­maq üzrə idi.

 Ancaq son anda ağıllı adamlar qan davasının

qarşısını almağa cəhd etdilər. Son dəfə bir məclis toplayıb fikirlərini bölüşdülər.

 -Gəlin, belə edək, – deyə bir nəfər ucadan dedi. – Gözləyək, Kəbənin həyətinə birinci kim da­xil olsa onun çıxaracağı qərara hamımız razı olaq.

 Təklif bəyənildi, hamının baxışları Kəbənin həyət qapısına tuşlandı.

 Heç nədən xəbərsiz həzrət Məhəmməd(s) Kə­bənin həyətinə daxil olan kimi onu dövrəyə al­dı­lar. Həzrət Məhəmməd(s) məsələdən agah olandan sonra bir qədər fikrə getdi. Onun çıxaracağı qərar, deyəcəyi söz az qala Məkkənin taleyini həll edə­cəkdi. Ümid dolu baxışlar ona tuşlanmışdı. Əsəb­lər tarım çəkilmiş, gözlər böyümüş, qulaqlar şək­lənmişdi. Bəzilərinə elə gəlirdi ki, həzrət Mə­həmməd(s) tərəfkeşlik edərək Həcərül-əsvədin tale­yini öz qəbiləsinə – Haşim oğullarına həvalə edə­cək. Əgər belə qərar çıxarılsaydı, bəni Üməyyə, Mə’zun və digər qəbilələrin rəisləri çıxarılacaq qərarı ləğv etməyə hazır dayanmışdılar.

 Ancaq həzrət Məhəmməd(s) danışmaq əvəzinə çiynindəki örtüyü yerə sərib hər qəbilədən bir nə­fərin irəli çıxmasını bildirdi. Sonra hamının eşi­dəcəyi bir səslə buyurdu:

 -Kəbənin sökülüb yenidən tikilməsində hamı bərabər işləyib, ona görə də Həcərül-əsvədin ye­rinə qoyulması şərəfi hamıya aiddir. Gəlin, onu birlikdə götürək.

 Qəbilə nümayəndələri birlikdə Həcərül-əs­və­di götürüb örtüyün üstünə qoydular. Örtüyü bir­likdə gətirib divara yaxınlaşdırdılar. Hamı bir ağız­dan Hə­cə­rül-əsvədin yerinə qoyulmasını həz­rət Mə­həmmədə(s) həvalə etdi. Ağıllı təklifinə görə Hə­cə­rül-əsvədi yerinə qoymaq şərəfinə nail olan həz­rət Məhəmmədin(s) Məkkədə hörməti daha da art­dı.

 Həzrət Məhəmməd(s) yoluna davam etsə də, Kəbə barədə fikirləri onu rahat buraxmırdı. Ge­ri­yə çevrilib bir də bu əzəmətli ibadətgahı süzdü. «Yox, Allahın evi elə Allahın evi olmalıdır. Bur­da tək, böyük Allaha ibadət olunma­lı­dır.» Bu fikir həzrət Məhəmmədin(s) dilinə gəl­məsə də, qəlbində kükrədi. Var səsi ilə qışqırıb car çəkmək istədi. Bir-bir məkkəlilərin qapısını döyüb gördüklərini onlara danışmaq, onları Al­la­ha inanmağa çağır­maq is­tədi. Ancaq daxilindəki hansı qüvvəsə onu bu fik­rindən daşındırdı. Yenə ulu babası həzrət İb­rahim barədə düşündü. Həzrət İsmayılı, Həcər ananı xa­tırladı. Körpə İsmayılın «su» deyib ağla­ması Al­la­hın möcüzəsi nəticəsin­də «zəm-zəm»in tapılması gözləri önündən gəlib keçdi. Ulu Tanrı­nın «zəm-zəm» möcüzəsi neçə əsrlər idi ki, mək­kəlilər tə­rəfindən danışılırdı. Bəli, onlar Allahın mö­cü­zə­si­ni görə-görə, ondan bəhrələnə-bəh­rə­lənə Allaha yox, bütlərə sitayiş edirdilər. Həzrət Məhəmmədi narahat edən də bu idi.

 

***

 

Qaranlıq düşdüyündən həzrət Məhəmmədin(s) evə qayıtmaması Həzrət Xədicəni bərk nigaran etmişdi. Son vaxtlar ərinin qeyri-adi hallar keçirməsi, tica­rət işlərindən kənar­laş­ması, tez-tez Hira dağına ge­dib ibadətlə məşğul ol­ma­sı ayıq-sayıq qadın olan Həzrət Xədicənin nəzə­rin­dən qaç­mır­­dı. Buna baxmayaraq o, bu barədə onunla kəl­mə də kəsməmişdi. Səbrli və təmkinli Həzrət Xədicə ca­van ərinə bütün varlığı ilə inanırdı. Elə bil hansı gizli bir qüvvəsə Həzrət Xədicəni gündən-günə həz­rət Mə­həmmədə(s) daha möhkəm tellərlə bağ­la­yır, ona daha çox hörmətlə yanaşma­ğa həvəs­lən­dirirdi. Qoca əmi­si oğlu Varaqa ibn Nofəldən, eləcə də İbrahim peyğəmbərin Hənifilik dininə inanan di­gər adam­lardan eşitdiyinə görə təkal­­lah­lığa ina­nanlar so­nun­cu peyğəmbərin zühu­runu göz­lə­yirdi­lər. Allahın na­zil etdiyi dini kəlam­lar da, münəc­cimlərin öncədən xəbər vermələri də so­nuncu peyğəmbərin yaxın vaxtlarda zühur edə­cə­­­yi­­ni söy­ləyirdi.

 Əksər Məkkə qadınları kimi Həzrət Xədicə də ina­nırdı sonuncu peyğəmbərin zühuruna. Məkkədə hörmətli natiq kimi tanınan Qeys ibn Saidənin vaxtilə oxuduğu bir xütbəni bir çoxları kimi o da əzbər bilirdi.

 Həzrət Xədicə hərdən öz-özünə bu xütbəni söyləyir, gələcək peyğəmbərin kimliyi barədə dərin dü­şüncə­lərə dalırdı. Münəccimlərin, xristian və yəhudi ilahiyyatçılarının dediklərinə görə yeni peyğəmbər Məkkədə zühur etməli idi. Həzrət Xədicə nə qədər fikirləşirdisə, öz həmşəhərliləri arasında pey­ğəmbər timsalında heç kimi görə bilmirdi. Həzrət Məhəmmədin əmisi Əbu Taliblə səfər za­manı xristian keşişlə bağlı əhvalatı Həzrət Xədicə son günlər daha tez-tez xatırlayırdı. Halbuki, Həzrət Məhəmməd bu hadisəni ona evlənmələrinin ilk illərində danışmışdı. Həzrət Məhəmmədin düz­gün­lüyü və sədaqəti, həqiqətpərəstliyi, cavan ol­masına baxmayaraq qohum-əqraba içərisində, mək­kəlilər arasında böyük hörmət və nüfuza ma­lik olması Həzrət Xədicəni xoş xəyallara daldırırdı.

 -Nə oldu, tapmadınız? – deyə Həzrət Xədicə Həzrət Mə­həmmədin(s) azad edib oğulluğa götürdüyü Zeyd ibn Harisi qa­pıda görəndə xəyaldan ayrılıb həyəcanla soruşdu.

 -Hara getdimsə gördüm deyən olmadı. Yəni indiyə kimi dağda qalar?..

 Zeydin sual dolu bu cavabı heç də Həzrət Xədicənin ürəyincə olmadı. Bu söhbəti eyni həyəcanla din­ləyən həzrət Əli(ə) ayağa qalxıb: «Mən gedərəm Hi­ra dağına» – dedi.

 Həzrət Xədicə on yaşlı həzrət Əlinin(ə) saçını sığallayıb nəvazişlə dilləndi:

 -Səbr edək, bir az da gözləyək, harda olsa gəlib çıxar.

 Həzrət Əlinin(ə) qorxmazlığı, qətiyyəti Həzrət Xədicəni riqqətə gətirdi. Öz övladı qədər sevdiyi həzrət Əli beş il idi ki, bu ailənin bir üzvü idi. Həzrət Xədicə onun timsalında həzrət Məhəmmədin(s) ən yaxın köməkçisini görürdü.

Həzrət Məhəmmədin(s) qapıda görünməsi ai­lə­nin nigarançılığına son qoydu. Ancaq ərinin hə­ra­rət­dən titrəməsi Həzrət Xədicənin nəzərindən ya­yın­ma­dı. Həyacandan sozalmış bu bənizdə indiyə kimi rast gəlmədiyi bir nur gördü. Elə bir nur ki, onun şəfəqləri yarımqaranlıq otağa şölə saçırdı.

– Nə olub sənə, – deyə Həzrət Xədicə Həzrət Mə­həmmədə(s) yaxınlaşdı. Ancaq Həzrət Məhəmməd(s) Həzrət Xədicəyə cavab vermək halında deyildi. Ona gö­rə də nə onun, nə də günahkar adamlar kimi qapı­nın ağzında dayanmış Zeydin, nə də gözlərini ge­niş açaraq onun hər hərəkətini izləyən Həzrət Əli­nin(ə) üzünə baxdı.  Otağına keçdi. Titrək bir səslə «üstümü örtün, üstümü örtün» – deyib ya­ta­ğı­na uzandı və dərin yuxuya getdi.

Bütün gecəni ərinin başı üzərində dayanan Həzrət Xədicə dərin düşüncəyə dalaraq həzrət Mə­həm­mədin(s) keçirdiyi sarsıntıların, ruhi gərginliyinin sə­bə­bi­ni araşdırmağa çalışdı. «Yox, bu xəstəlik deyil. Xəstə adamın bənizi bu cür işıq saçmaz» – deyə qəlbinə dolan qara fikirləri özündən uza­qlaşdırdı. Əmisi oğlu Varaqa ibn Nofəlin, bə­lağətli natiq Qeys ibn Saidənin, Hənifi dininə inanan­ların, yə­hu­dilərin, xristianların sözlərini ya­dına saldı. Mək­kədə yeni peyğəmbərin zühur edə­cə­yinə bir daha özü­nü inandırdı. Musa peyğəmbər haqqında de­yi­lənləri xatırladı. «Ona da Allah tərəfindən vəhy nazil olanda belə qeyri-adi hallar keçir­mə­yib­mi?..» Həzrət Xədicə bu sual ətra­fında dü­şünə-düşünə yatmış ərini bir də diqqətlə süzdü. Həzrət Mə­həmmədin(s) çöhrəsində bədirlənmiş nur sanki Xə­di­cə­nin fikirlərini təsdiqləyib möh­ür­lə­yirdi.

 Dan yeri sökülürdü. Məkkənin üfüqlərində do­ğan günəş bütün yer üzünü işıqlandırmağa can atır­dı. Həzrət Məhəmməd(s) gözlərini açıb Həzrət Xə­dicə­ni başının üstündə görəndə bir anlığa ötən gecə başına gələnləri xatırlamağa çalışdı. Cənab Cəb­rayılla olan söhbəti, mağarada gördükləri yadına düşəndə diksindi. Yarıyuxulu gözlərini geniş aça­raq baxışlarını Həzrət Xədicənin üzünə zillədi.

 -Mənə nə olub? – deyə həzrət Məhəmməd(s) həyəcanla Həzrət Xədicəni suala tutdu. Sonra yerindən dikəlib öz sualına özü də cavab verdi: – De­yə­cəm, hamısını deyəcəm sənə.

 Ötən axşam başına gələnləri həyəcanla danı­şan həzrət Məhəmməd(s) Həzrət Xədicənin bu sözlərdən sevindiyini görəndə daha da ruhlandı.

 Həzrət Xədicənin çöhrəsində təbəssüm olsa da, dü­şü­nür, toydan əvvəlki günlərini xatırlayırdı. Əbu Ta­libin həzrət Məhəmmədi(s) ticarət işlərinə cəlb etmək məq­sə­di­lə onun yanına gəlməsi, ilk səfə­rin uğurlu, qa­zanclı alınması, həzrət Məhəm­mə­din(s) bacarığına, düzlüyünə heyrətlənməsi gözləri önündən gəlib keçdi. Yadına o vaxt gördüyü yuxu düşdü: «Gü­nəş göy üzündən evinə girib bütün Mək­kəni ay­dın işıqlandırırdı.»

 Elə o vaxt Həzrət Xədicənin qəlbində həzrət Mə­həm­mədə(s) qarşı bir meyl yarandı.  Cavan köməkçi onun qəlbinə hakim kəsil­di. Öz fikrini xidmətçisi Nəfisə vasitəsi ilə ona çatdırdı və...

 Həzrət Xədicə bayaqdan bəri həzrət Məhəmmədin(s) ona baxdığını, halına uyğun cavab gözlədiyini gö­rüb gülümsəyərək dedi:

 -Yuxum çin oldu, arzularım həqiqətə çev­ril­di. Həzrət Məhəmməd(s)  əvvəlcə Həzrət Xədicənin se­vinclə dediyi sözlərdən baş açmadı. Yenə axşam başına gələnləri xatırladı. Eşitdiyi kəlam­ları ya­dı­na saldı, gördüyü cənab Cəbrayılı gözləri önündə can­landırdı. Yenə halı dəyişdi. Ancaq Həzrət Xədicənin əsə­bə sığal çəkən sözləri onu özünə qay­tar­­dı.

 Həzrət Xədicə yenə dilavərliklə :

 -Belə bir insanı Allah əsla buraxmaz, seçib seçilmişlərdən edər. Sən rəhimlisən, sözün dü­zü­nü deyənsən, məşəqqətlərə dözənsən, qonaq­pər­vərsən, fəlakətə düçar olanlara kömək edənsən.

 -Üzərimə götürdüyüm vəzifə çox məsuliy­yət­lidir,   -deyə Həzrət Mə­həm­məd(s) sakit, kövrək bir səslə pıçıldadı.

 Həzrət Xədicə nəzərlərini ona tuşladı.  Nə­zərləri həzrət Məhəmmədin(s) baxışları ilə rastla­şanda or­da­kı ümman dərinliyi onu özünə çəkdi. Bir az da be­lə davam etsəydi, Xədicə bu də­rin­lik­də tamam itib batacaqdı. O, bir anlığa vahimə­lən­di, üşəndi, bütün vücudu titrədi. Sonra bu ümman də­rin­li­yin­dən qəl­binə axan işıq seli onu sa­kitləşdirdi. Tam ra­hat­lan­dı. Həzrət Məhəmmədin(s) yaşadığı ilahi məqam ona da sirayət etdi. Özünün dərk et­mədiyi yüksək bir tez­liklə beynində yeni fikirlər yarandı. Bu fi­kir­lər­dən doğan sözlərlə  həzrət Mə­həmmədə(s) təsəlli ver­mə­li idi.

 -Sənin üzərinə çox böyük  vəzifə qoyulub. Sən bütün mə­şəq­qət­lərə dözüb müqəd­dəs vəzifəni yerinə ye­tirməlisən.

 Həzrət Məhəmməd(s) Həzrət Xədicənin bu sözlərin­dən sonra bir qədər fikrə getdi. On iki yaşında olarkən əmisi Əbu Taliblə Şama səfəri zamanı Bus­ra­da­kı monastrda rahib Bahiranı xatırladı.O, Həzrət Məhəmməddə(s) peyğəmbərlik nişanəsi olduğunu bildirmişdi.

 Qoca rahibin dediyi sözlər o vaxt Həzrət Mə­həmmədin uşaq yaddaşına həkk olunmuşdu.

 Gözlərinin önündə canlanan həmin hadisə Həzrət Məhəmmədi(s) ürəkləndirdi. Yataqdan qal­xıb paltarını geyindi. Ancaq yenə axşamkı hadisə onu rahat buraxmadı. Qeyri-ixtiyari beyninə həkk olunmuş ilahi kəlamları zikr etdi.

 Həzrəıt Xədicə elə həmin gün yaşlı əmisi oğlu Varaqa ibn Nofəlin yanına gedib baş verən hadisəni ona danışdı. Varaqa ibn Nofəl həyəcanını gizlətmədi:

 -Mən sənə deyirdimmi o böyük adamdır. Gör­düyün o yuxuya görə deyirdimmi sən pey­ğəmbər arvadı olacaqsan. Əgər hadisə sən de­di­yin ki­mi­dirsə, böyük mələk Cəbrayıl onun gö­zü­nə gö­rü­nübsə, təkcə ərəblər yox, bütün bə­şə­riy­yət nicat tapdı. Ancaq hələ qarşıda çox mə­şəq­qət­li yol var.

 Həzrət Xədicə evə qayıdıb əmisi oğlunun dediklərini Həzrət Məhəmmədə(s) çatdırdı:

 -Sən həqiqətən seçilmişlərdənsən. Böyük Allah səni mükafatlandırıb. Bu sənin aqil­liyinin, saf­lığının, əminliyinin bəh­rə­sidir.

 Həzrət Məhəmməd(s) Həzrət Xədicənin bu sözlərinə gü­lümsəməklə cavab verdi. Axı, özü bilirdi ki, ar­tıq adi adam deyil. Böyük Allah tərəfindən ona müjdə göndəriləcəyinə çoxdan, hələ uşaq ikən inanmışdı. İndi o, böyük Allahın kərəm sahibi ol­duğunu yay­maq, insanları qəflət yuxusundan oyatmaq üçün daxilində qarşısıalın­maz bir gücün qaynadığını duydu. Üzünü Həzrət Xədicəyə tutub dedi:

 -Mən artıq özümü Allaha təslim etmişəm. Bütün in­san­la­rın nicat yolunu da ulu Tanrıya təs­lim olub ona pə­nah aparmaqda gö­rü­rəm. Mənim indən belə gö­rə­cə­yim bütün iş­lə­rin mayasını da elə bu təşkil edir. İn­san­lar Allahın tabeliyində ol­salar, pisliklər onla­rın qəlbinə yol ta­pa bilməz.

 Həzrət Xədicə bu sözlərdən sonra daxildən gələn bir ilhamla dedi:

 -Ya Məhəmməd, şahid ol ki, səndən sonra mən  Allaha pənah aparıram: La İlahə İlləllah, Mühəmmədin Rəsulallah.

 -Birinci Allahın özü şahiddir, sonra mən, –de­yə Həzrət Məhəmməd(s) Həzrət Xədicənin sözünə dü­zə­liş verdi. Sonra əlavə edərək:

 -Əlini də çağır, qoy o da gəlsin. O, məni hamıdan əvvəl dərk edib. O, mənim həmişə yanımda olacaq kö­mək­çimdir. O, Kəbə evində anadan olan yeganə in­sandır. Onda Allahın sirləri gizlənib. Onun gə­lə­cəkdə necə bö­yük insan olacağını mən bilirəm, – dedi.

 Həzrət Xədicə yenə coşqunluqla dilləndi:

 -Əlini mən səndən az istəmirəm. O bizim ai­lənin bir üzvüdür. Əli və mən sənin ən yaxın kö­məkçilərin olacağıq.

Həzrət Məhəmməd(s) məmnun halda qeyri-ix­ti­yari əllərini göyə açıb başını yuxarı qaldırdı. «Bismillahir-Rəmanir-Rəhim» deyib dua etdi. İlahi vəhydən so­nra bu Həzrət Məhəmmədin ulu Tanrıya ilk duası idi.

Həzrət Xədicə yenə Həzrət Məhəmmədi(s) ruhlan­dırdı:

 -Sən bütün arzularına nail olacaqsan, ya Mə­həm­məd. Bütün insanları Allahın yeni dininə cəlb edə­cək­sən. Mən səndə o gücü, qüvvəni görürəm.

 Həzrət Məhəmməd(s) bu sözlərdən xoşhal olsa da işıqlı üzünə bir kölgə düşdü. Bir anlığa fikrə gedib sonra qayğılı-qayğılı dilləndi:

 -Sən məni başa düşdün. Ancaq  qohum-əqrabam mənim onlara deyəcəyimi dərk edəcəklərmi?..

 -Sən Allahın Rəsulusan, sənin vəzifən Alla­hın sözünü onlara çatdırmaqdır. Səni eşitməyən­lər Al­lah qarşısında özləri cavab verəcəklər, – deyə Həzrət Xədicə Həzrət Məhəmmədi(s) yenidən ruh­lan­dırdı.

 Bu sözlərdən sonra Həzrət Məhəmməd(s) yeni­dən daxilində tükənməz bir gücün kükrədiyini hiss etdi. Böyük, müqəddəs bir yolun astanasında Həzrət Əli(ə) kimi bir köməkçisi, Həzrət Xədicə kimi həm­dəmi, sirdaşı olduğu üçün Al­laha şükürlər etdi.

 

***

 

 Qocalıb əldən düşmüş Varaqa ibn Nofəl əmisi qızı Həzrət Xədicənin söhbətindən sonra dirilik suyu iç­miş adamlar kimi cana gəldi.

 -Deməli böyük mələk onun gözlərinə gö­rü­nüb, – deyə Varaqa ibn Nofəl öz-özünə pıçıl­dadı. Sonra sözünə əlavə edərək: – Məhəmmədin doğum günü ilinə, ayına, gününə kimi qırx il əvvəl müqəddəs ulduzun sə­mada gö­ründüyü vaxta düşür. Kaş o vaxt mən bunu bi­ləy­dim. Özüm onu himayə edib böyüdər­dim.Yox, gö­rü­nür, buna ehtiyac yoxuy-

muş. Gə­ləcək pey­ğəmbər ulu Tanrının öz himayəsin­dəymiş. Bəs yəhudilər, məsihilər niyə Məhəmmədin adını də­qiq yazmayıblar? Axı, ulu Tanrı gələcək pey­ğəm­bərin müjdəsini Musa peyğəmbərə də, İsa pey­ğəmbərə də verməmiş olmazdı. – Bu sualdan əsəb­ləşən Varaqa ibn Nofəl ayağa qalxıb zorla ye­riyə-yeriyə otaqda var-gəl etdi. Əhməd, Mah­mud, Mə­həm­məd... Məgər bunlar hamısı eyni kök­dən yaranan ərəb sözləri deyilmi?..»

 Qoca rahib nəsə kəşf edən adamlar kimi se­vinclə dilləndi:

 -Haqqında müjdələr verilən sonuncu peyğəm­bər Məhəm­məd­dir... Ya Rəbbim əfv et günah­ları­mızı! Biz sə­nin gön­dərdiyin sonuncu peyğəmbəri tanı­ma­mı­şıq!.. İndiyə kimi bütün yəhudi, məsihi rahiblərini düşündürən bu Faran dağı deyilmi?.. Elə bu ifadəyə görə neçə əsrlərdir ki, hamı Məkkədə – Faran dağının yaxınlığında yeni peyğəmbərin zü­hur edəcəyini gözləmirmi?..

 Varaqa ibn Nofəl öz-özünə suallar verib ca­va­bını dəqiqləşdirdikcə sevincini bölüşməyə adam axtarırdı. Ancaq daxilindən gələn bu hissləri ge­cə­nin yarıdan keçmiş bir vaxtında kimsəyə deyə bil­məyəcəyini yəqin edib üzünü yenidən göyə tut­du:

 -Sənə şükürlər olsun ya Rəbbim! Nəhayət ki, Məkkədə öz  vəhyini insanlara çatdırdın. Məhəmmədi özü­nə elçi seçdin. İndi Mə­həm­mə­din gücü, möcüzəsi onun sözlərində olacaqdır.

 Varaqa ibn Nofəl Həzrət Məhəmmədin Xa­tə­mül Ənbiya olduğunu artıq tam yəqin etmişdi. Be­lə bir müqəddəs insanla qohumluq əlaqəsi ol­duğu üçün özünü xoşbəxt sandı. O, keçirdiyi hiss­ləri Həzrət Məhəmmədin özünə bildirməyi qərara aldı:

 -Mən də inandım ki, sənin gözlərinə görünən böyük mələk Cəbrayıldır.  Mən bu sözləri elə-belə demirəm, ya Məhəmməd...

 Həzrət Məhəmməd(s) böyük coşqunluqla da­nı­şan yaşlı qohumu Varaqa ibn Nofəli təmkinlə və ma­raqla dinləyirdi. Qoca rahib isə eyni həvəslə danışırdı:

 -Bütün yəhudi və məsihi rahiblərinin de­dikləri so­nuncu peyğəmbərin Məkkədə zühu­run­dan soraq verir. Deyilən vaxt tamam­dır. Sən bu ümmətin peyğəmbəri olacaqsan. Bunu təkcə rahiblər deyil, böyük Allahın yaratdığı ul­duzlar da xəbər verir. Səmada baş verən hər hansı bir də­yi­şiklik böyük küllün bir zərrəsi olan yerdə də öz əksini tapır. Artıq bu dəyişiklik baş verib. Bə­şə­riyyəti cəhalətdən xilas edən sonuncu pey­ğəm­bər zühur edib. Bu sənsən, ya Məhəmməd. Səmadakı bu dəyişikliyin tarixi qırx il əvvələ – sən anadan olduğun günə gedib çıxır. O gecə bugünkü gün kimi yadımdadır. Böyük Allahın kəraməti ilə göydən ulduz yağışı yağırdı. Bütün münəccimlər, rəm­mallar, alimlər, bilicilər bir ağızdan deyir­dilər: «Xatəmül-Ənbiya Əhmədin ulduzu doğub.» Hə­min Əhməd sənsən, ya Məhəmməd.

 Varaqa ibn Nofəlin sözlərindən sonra həzrət Məhəmmədin fikri uzaq keçmişə qanadlandı. Hə­lə uşaq ikən əmisi Əbu Taliblə Şama səfər edən zaman Busra yaxınlığında qoca məsihi ra­hi­bin surəti gözləri önündə canlandı. Həzrət Mə­həm­məd nədənsə son vaxtlar o rahibi tez-tez xa­tır­layır, onun dediyi sözlərlə başına gə­lənlər ara­sın­da əlaqə axtarırdı. İndi ona elə gəl­di ki, qarşı­sında dayanan qohumu Varaqa ibn No­fəl yox, busralı rahib Bahiradır. Qiyafələri də, si­fət­ləri də, sözləri də necə bənzəyirdi bir-birinə. Busralı ra­hib də onu belə sözlərlə müjdələmişdi.

 Varaqa ibn Nofəl bir qədər susub yenidən sö­zünə yekun vururmuş kimi dilləndi:

 -Mən daha qocalıb əldən düşmüşəm. Göz­lə­rim də yaxşı görmür. Bu gündən sabaha gümanım azdır. Əgər ölməyib sağ qalsam, sənə yalançı de­yi­ləndə, əziyyət verilən günlərdə, yurdundan qovu­landa, həmşəhərlilərin sə­ninlə döyüşəndə məmu­niy­yətlə köməkçin olar­dım.

Həzrət Məhəmməd(s) vəcdlə danışan Varaqa ibn Nofəlin son sözündən diksindi. Sual dolu nəzərlərini Varaqa ibn Nofəlin üzünə dikdi.Zəif və yaşlı rahib təmkinini pozmadan dedi:

 -Mən hələ elə bir peyğəmbər tanımıram ki, əvvəlcə ona yalançı deməsinlər, əziyyət ver­mə­sinlər, yerindən, yurdundan çıxartmasınlar.

 Həzrət Məhəmməd(s) Varaqa ibn Nofəldən ay­rı­landan sonra onun dedikləri barədə düşünür, çiy­ni­nə qoyulan yükün nə qədər ağır olduğunu fi­kir­ləşirdi. Yox, o, heç bir məşəqqətdən, əzab-əziy­yətdən qorxmurdu. Qəflət yuxusunda yatan, cə­ha­lət burulğanında inildəyən insanları haqq yo­luna dəvət etmək, onları Allahın vahidliyinə inan­dır­maq üçün bütün əzablara sinə gərməyə hazır idi.

 Sirrini hələlik ailə üzvlərindən – Həzrət Xədicədən, on yaşlı Həzrət Əlidən(ə), oğulluğa götürdüyü Zeyddən, Varaqa ibn Nofəldən başqa heç kim bilməyən həzrət Məhəmməd daha tək-tənha dolaşmır, adamların gur olduğu yerlərə ge­dir, vara, dövlətə, zənginliyə meyilli olan mək­kə­liləri bütlərdən uzaqlaşdırmağa, Allahın bö­yük­lü­yünə, hər şeydən, hər kəsdən uca və əzəmətli ol­duğuna inandırmaq üçün yollar axtarırdı. Şəhərin yüksək təbəqəsinə nisbətən sadə adamlar onun diqqətini daha çox çəkirdi. Səmimiliyi, hə­qi­qət­pərəstliyi ilə seçilən bu insanların vicdanları, əqi­də­ləri də saf idi. Ağıllı bir dəvət lazım idi ki, onları əlacsızlıqdan inandıqları bütlərdən ayırıb Allahın yoluna gətirsin. Ancaq Həzrət Məhəm­məd(s) hələ aşkar dəvət üçün buyruq almamışdı. Ona görə də yalnız ən yaxın adamlarını yeni dinə çağırırdı. Həzrət Xədicə, on yaşlı həzrət Əli(ə), həzrət Əli­nin(ə) böyük qardaşı Cəfər ibn Əbu Talib, köləlikdən azad edib oğul­luğa götürdüyü Zeyd, yaxın dostu Əbu Bəkr artıq yeni dini – İslamı qəbul etmişdi.

***

 Kəbə yaxınlığındakı Ukaz bazarı qaynar qa­zanabənzəyirdi. Şamdan, Bizansdan yeni kar­van gəldiyindən nəinki məkkəlilər, ətrafda ya­şa­yan qəbilələrin adamları da axın-axın bazara top­laş­mışdılar. Günəmuzd satıcılar uca səslə ta­cir­lə­rin gətirdiyi malları tərifləyir, daha çox müştəri top­la­mağa çalışırdılar. Satılan mallara baxan alı­cı­lar qiymət üstündə satıcılarla çənə-boğaz etmək­dən sanki ləzzət alırdılar. Bazara yaxın evlərin di­var­la­rı yanında da alver gedirdi. Bura toplaşan mis­gər­lər, dərzilər, həkimlər və başqa sənət sa­hibləri müştərilərə xidmət göstərmək üçün əl­dən-ayaq­dan gedirdilər. Şairlər və nağılçılar isə xurma ağaclarının kölgəsinə toplaşanları əy­lən­di­rirdilər. Adamların arasında ora-bura qaçan ye­ni­yetmə uşaqlar isə sərin quyu suyu və xurma satır­dılar. Bütlərin satıldığı yer Kəbənin həyət qa­pı­sı­nın ya­xınlığında idi. Qızıldan, gümüşdən, ağac və sax­sı­dan müxtəlif ölçüdə hazırlanmış, uşaq oyun­caq­larına bənzəyən bütlərin satıldığı yer daha gur idi.Bazarın baş tərəfində mallar topdan satılırdı. Çöküb gövşək vuran dəvələrin yanında farmaşlar açılmış, qiymətli ipək, yun kətan parçalar, növ­bə­növ silahlar, at yəhərləri, palaz və xalçalar, saxsı, qızıl, gümüş və misdən hazırlanmış ev əşyaları, ət­riyyatlar təntənə ilə nümayiş etdirilirdi. Xüsusi kölgəliklərdə əyləşmiş varlı tacirlər, karvanların gedib gəlməsinə küllü miqdarda vəsait qoymuş sə­ləmçilər, şəhər əyanları ucadan söhbət edir, lə­ti­fə­lər söyləyir, hərracda satılan qadınlar barədə uzun-uzadı mübahisə edir, var-dövlətlərindən,

oğul-uşaqlarından danışıb öyünür, kölələrinin üstü­nəacıqlanır onlarayerliyersiztapşırıqlarverirdi­lər.

 Bütün mövzularda edilən mübahisələrdə ha­mı­nı üstələməyə çalışan Əmir ibn Hişam bu dəfə nə­dənsə bəxti gətirməmişdi. Ona görə də pərt olub dostlarından ayrılaraq xurma ağacının kölgə­li­yin­dəki taxtında əyləşib ətrafa nəzər salırdı. O, za­hi­rən sakit görünsə də, daxilində bir vulkan püs­kür­məkdəydi. Dostlarını kifayət qədər sanca bil­mə­di­yi üçün dilinin altındakı zəhər içinə axır­dı. O, hiss etdi ki, belə davam etsə, içindəki qə­zəb onu didib parçalayacaq. Ona görə də başını irəli uzadıb quz­ğun baxışları ilə kimisə axtardı. Nəzərləri xurma yeyən həbəş quluna sataşdı. Ona elə gəldi ki, dü­nən yəhudi tacirindən ucuz qiy­mə­tə aldığı bu qul xurma yemək əvəzinə ağzında pal­çıq qarışdırır, və onun ağzının marçıltısı dün­ya­nın ən əcaib səsi ki­mi qulaqlarının pərdəsini in­dicə deşəcək.

 -Bura gəl!!!

 Heç nədən xəbərsiz qara qul eşitdiyi ba­ğır­tı­dan diksinib cəld geri çevrildi. Sahibinin qan dol­muş gözlərinə, titrəyən saqqalına baxanda işin nə yerdə olduğunu anlayıb qorxaq bir hərəkətlə tə­zim edə-edə taxta tərəf yaxınlaşdı.

 -Al, murdar oğlu murdar!..

Əmir ibn Hişam qulu qamçı ilə vurmağa baş­ladı.  -Aldığım bir gün deyil, bunun xurma ye­mə­yinə bax. Bəlkə, qoyun ətindən qovurma da keçir könlündən, hə?!.

Gözləri böyüyüb hədəqədən çıxmış, ağzı kö­-

pük­lənmiş Əmir ibn Hişam yerə döşənmiş qulu ayağı ilə itələyib yenidən qışqırdı:

 -İtil burdan, get yükünü daşı!..

 Əmir ibn Hişam qulu döyəndən sonra sa­kit­ləşmək əvəzinə ovqatı daha da təlx oldu. Tər­lə­miş alnını dəsmalı ilə silib şərab dolu piyaləsini başına çəkdi. Nəzərləri adamların daha çox top­laşdığı satış köşklərinə tərəf tuşlandı. Həzrət Mə­həmmədi(s), Əbu Uzzanı, Həmzəni, Abbası, Əbu Talibi və onların yanında dayanmış balaca həzrət Əlini(ə) bir yerdə görəndə içindəki qəzəb bir anlığa yox oldu. Hədsiz bir maraqla onların nə barədə danışdıqlarını öyrənmək istədi. Haşim oğullarının bir yerdə deyib-gülməsi, bir-birləri ilə xoş rəftarı Əmir ibn Hişamı yenə hövsələdən çıxardı.

 -Görünür bazarları yaxşı gedir, ona görə kef­ləri yuxarıdır, – deyə o öz-özünə mızıldandı. – Bu haşim oğulları axırda yenə Məkkənin sahibi ola­caqlar... Yox, hələ mən ölməmişəm. Onların müf­lisləşib sələm üçün ayağıma gələcəkləri günü gözləyirəm.

 Əmir ibn Hişam yadına nə isə düşən adamlar kimi yerində qurcalandı. Yenidən dodaqaltı mı­zıl­danmağa başladı: «Hamısını edən dayım ibn Mu­ğirədir. Əbu Uzza ilə dostluğu qarşımı kəsir. Əbu Uzza da Əbu Süfyanla qohumluğundan istifadə edib sərvət toplayır. Öz qardaşlarının təəssübünü çə­kir. Onun Üməyyə övladlarına münasibəti sax­ta­dır. Çünki qanı o qandandır. Axırda dayımı da, Əbu Süfyanı da adlayıb keçəcək.»

 Həzrət Məhəmmədin(s) və həzrət Əlinin(ə) əmi­lə­rindən ayrılıb birlikdə bazarı dolaşması Əmir ibn Hişamın diqqətindən yayınmadı. «Hələ qoy bu böyüsün, gör onda haşimilər nə güclənir.» – deyə ba­xış­larını həzrət Əliyə(ə) tuşladı. Sonra ətrafına göz gəzdirib qiybət etməyə adam axtardı. Qonşu taxtda əyləşmiş taciri görüb ürəyindəkiləri qəribə bir yanğı ilə dilə gətirdi:

 -Deyirəm adamda bəxt yaxşı şeydir. Yetim oğlan olasan, işin bu cür düz gətirə. Məkkənin ən gözəl, zəngin qadını ilə evlənəsən, ticarətdə ziyan etməyəsən, adamlar arasında nüfuz sahibi olasan.

 Qonşu tacir Əmir ibn Hişamın onunla söhbət etmək istədiyini görüb nəzakət xətrinə dilləndi:

 -Düz buyurursan, Məhəmməd Əmin xe­yir­xah insandır. Deyirlər heç verdiyi sərmayədən sə­ləm də almır.

 Qəlbindən qara qanlar axan Əmir ibn Hişam qonşu tacirin səmimiyyətlə və sadəlöhvlüklə de­diyi bu sözlərdən əsəbiləşsə də, özünü o yerə qoymadı.

 -Kəbənin təmiri yadındadırmı, ya Əmir? – deyə qonşu tacir Əmir ibn Hişamı süzdü. Sonra sözünə davam etdi – Həcərül-əsvədi hansı qə­bi­lə­nin götürüb yerinə qoymaq söhbəti ortaya çı­xanda az qala qan davası düşəcəkdi. Kim mək­kə­liləri uzun sürəcək bir düşmənçilikdən xilas etdi?

 Qonşu tacir öz sualına özü cavab verdi: – Əl­bəttə, Məhəmməd.

 Əmir ibn Hişamın qəzəbdən iriləşmiş gözlə­rində qığılcımlar oynadı. Əsəbi halda əlini yel­lə­yib üzünü yana çevirdi.

 Qonşu tacir Əmir ibn Hişamın əhvalındakı də­yişikliyi görüb yumşaq bir məzəmmətlə dilləndi:

 -Hər şeyi qara rəngdə görmək, adamlara ləkə yax­maq yaxşı hal deyil. And olsun yeri göyü ya­ra­dan Allaha ki, Məhəmmədin üzündəki nur onun ağıllı, müdrik adam olduğuna dəlalət edir.

 Qonşu tacirin hənifi dininə mənsub olduğunu az qala unudan Əmir ibn Hişam onun məzəm­mə­tindən sonra bayaqdan içini didib parçalayan qə­zəb canavarının qarşısını ala bilmədi:

 -Mən bütləri danan, tək Allaha ibadət edən yəhudilərə də, məsihilərə də, hənifilərə də nifrət edirəm. Yəqin, Məhəmmədi də çəkmisiniz öz tə­rəfinizə. Ona görə belə müdafiə edirsən onu.

 -Səhvin var, ya Əmir. Məhəmməd özü artıq yeni din yaradıb. Böyük mələk Cəbrayıl Hira da­ğın­da onun gözlərinə görünüb. Allahdan vəhy na­zil olub. Artıq o bütlərə hədyanlar deyərək on­lar­dan imtina edib. Allahdan başqa məbud yoxdur de­yir.

 -Necə, necə? – deyə Əmir ibn Hişam qonşu tacirin sözünü kəsib yerində qurcalandı. Təzədən sual dolu baxışlarını ona zillədi.

 -Bəli, Məhəmməd indi adi adam deyil. Al­la­hın sonuncu peyğəmbəri, onun yer üzündə Rə­su­lu­dur.

 Adətinə görə hər şeylə maraqlanan, Məkkədə baş verənləri hamıdan əvvəl bilməyə çalışan Əmir ibn Hişam bu xəbəri gec eşitməyini özünə bağışlaya bilmədi. «Necə yəni, Məkkədə yeni din yaransın, bunu mən bilməyim?» – deyə öz-özünə düşündü. Bu xəbəri gec eşitdiyi üçün qəlbində Həzrət Məhəmmədə də, onun yaratdığı yeni dinə də hədsiz kin və nifrət yarandı. O, indi qonşu ta­ci­ri nə görür, nə də eşidirdi, fikri Həzrət Mə­həm­mədin yanında idi: «Yaraşıqlı ev, qul-qaravaşlar, gözəl və zəngin qadın, var-dövlət... İndi də kön­lündən peyğəmbərlik keçir. Məkkənin adlı-sanlı kişiləri qırılıb ki, yetimliklə böyümüş, əmi hi­ma­yə­sində yaşamış bir insan peyğəmbər olsun. Yox, buna dözmək olmaz. Məhəmməd artıq ağ eləyir.»

 Əmir ibn Hişam beynindən keçən bu çirkin fi­kirləri götür-qoy edə-edə nəzərləri yenə həmin yerdə dayanıb şirin söhbət edən Haşim oğullarına tuşlandı. Dayısının yaxın dostu Əbu Uzza qar­daş­lar arasında daha zəngin və imkanlı idi. «Yaxşı Mə­həmməd, sənə elə tələ qurum ki, ömür boyu baş açmayasan» – deyə hiyləgərcəsinə gü­lüm­sün­dü.

 -Anamız Lat zarafatı xoşlamır ha, ya Əbu Uzza!.. Hübəlin də intiqamı sərt olur...

 -Səni anlamadım Ya Əmir. Açıq de görüm, nə demək istəyirsən? Axı, birdən ikiyə bizim ara­mızda belə atmacalı söhbət olmayıb. – Əbu Uzza sərt bir nəzərlə mübahisə etməkdə ad çıxarmış Əmir ibn Hişamı süzdü.

 -Sənə bir böyük kimi hörmətim var, ya Əbu Uzza, ancaq nə danışdığımı, nəyə işarə etdiyimi də bilməmiş olmazsınız.

 -Sözünü açıq de. Sənə bildirdim ki, an­la­ma­dım bu dolayı söhbəti, – deyə Əbu Uzza yenidən sərt bir cavabla Əmir ibn Hişamın sözünü kəsdi.

 -İndi sənə qəzəblənmək yox, yalvarıb büt­lə­rə səcdə eləmək lazımdır ki, Haşim oğullarının günahından keçsinlər.

 Əmir ibn hişam Əbu Uzzanın pörtmüş sifətinə ba­xıb məmnunluqla gülümsündü. Artıq o istəyinə çatmışdı. Hirslənmiş Əbu Uzzanı hansı tərəfə çəksəydi gedəcəkdi.

 -Yenə bildirirəm, ey Əmir! Hələ cavansan, sənə yaraşmaz ki, mənimlə belə danışasan. Sözün varsa, açıq de!..

 Əbu Uzza sözünü deyib Əmir ibn Hişamı yenə sərt bir nəzərlə süzdü. Ondan narazı qaldığını açıq-aşkar sezdirdi.

 Əmir ibn Hişam atdığı oxun hədəfə dəydiyini görüb acgöz ovçu kimi pusqudan çıxdı. Daxili bir məmnunluqla Əbu Uzzaya tərəf əyildi.

 -Ya Əbu Uzza, məgər qardaşın oğlu Mə­həm­mədin özünü peyğəmbər elan etməsindən, yeni din yaratmasından xəbərin yoxdur?

 Bir anlığa özünü itirən Əbu Uzza Əmir ibn Hişamı təəccüblə süzdü. Saçlarından tər axan Əmir ibn Hişam sanki bu tə­rin içində boğulacaqdı.

 -Nə din, nə peyğəmbər? Sən nə danışırsan? – deyə Əbu Uzza ani sükutdan sonra bəd xəbər eşitmiş adamlar kimi heyrətlə baxışlarını Əmir ibn Hişamın tərli sifətinə, qı­za­rıb şişmiş gözlərinə dikdi.

 -Bütlərə xəyanət Haşim oğullarına yaraşmaz. Ona görə də yolunu azmış Məhəmmədi tənbeh edib düz yola gətirmək sizlərin borcudur.

 -Dayan görüm, deyəsən sən özün işi qəsdən dolaşdırırsan, – deyə Əbu Uzza Əmir ibn Hişamın sözünü kəsdi. Onun gözlərində oynaşan bəd niy­yətli qığılcımlar Əbu Uzzanın nəzərindən yayın­ma­­mış­dı.  -Məhəmməd  mənim qardaşımın ya­di­garıdır.  Mən razı olmaram ki, kimsə onun haqqında böhtan de­sin.

 -Lat və Uzza haqqı mən böhtan demirəm, –Əmir ibn Hişam qorxaq bir nəzərlə oturduğu yerdən ayağa durub onu tərk etmək istəyən Əbu Uzzanın qolundan tutdu. Ağzını onun qulağına yaxınlaşdırıb mühüm sirr açan adamlar kimi pıçıldadı: – Məhəmməd özünü peyğəmbər elan edib. Yeni din yaradıb. Müqəddəs bütlərimizə hədyanlar deyir. Bunu təkcə mən yox, bütün Məkkə əhli söyləyir.

 -Necə, necə?!. – Artıq Əmir ibn Hişamın söz­lərinə inanmağa başlayan Əbu Uzza yerində vur­nuxdu. Heyrətlə Əmir ibn Hişamın üzünə baxdı: – Məhəmməd bütlərə hədyanlar deyir?!.

 -Bəli, bəli – deyə Əmir ibn Hişam coş­qun­luqla dillənib Əbu Uzzada həzrət Məhəmmədə qarşı kin oyatmağa çalışdı. – Deyir ki, bu cansız bütlər heç nəyə qadir deyil. Bütpərəstlər kafirdir. Yerin, göyün sahibi Allahdır.

 -Məhəmməd də qoşulub o murdar hə­ni­fi­lə­rə? – deyə Əbu Uzza Əmir ibn Hişamın sözlərini öz bildiyi kimi yozdu. Yeni din, peyğəmbərlik məsələlərini hələ dərk edə bilmirdi.

 -Yox, yox. Hənifilərə qoşulsa, yaxşıdır. İs­lam adlı yeni din yaradıb. Guya gözlərinə böyük mələk Cəbrayıl görsənib. Allahdan vəhy nazil olub. İndi deyir ki, bütləri bir kənara atıb hamımız vahid Allaha tabe olmalıyıq. Allahdan başqa iba­dət ediləcək məbud yoxdur.

 Əbu Uzzanın sifəti tutqunlaşdı. Yenidən ağzı köpüklənə-köpüklənə danışan Əmir ibn Hişamı diqqətlə süzdü. İstidən pörtmüş sifət, irilib hə­də­qədən çıxmış qırmızımtıl gözlər onda artıq rəğbət oyatmağa başlamışdı. Arvadı Ümmü Cəmilin söz­lərini xatırladı. « O  ticarəti atıb dağı-daşı dolaşır, az qalıb ki, divanəlik eləsin.» Arvadının sözlərini xatırlayan Əbu Uzza düşündü: «Bu arvadlara niyə ağılsız deyirlər, bilmirəm. Deyəsən, Ümmü Cə­mil haqlıdır. Mən də axır vaxtlar onun hərə­kət­lə­rində qeyri-adilik görürəm.»

 -Ya Əmir, nəinki Məhəmməd, mənim ya­nımda heç kim cəsarət edib bütlərə hədyanlar de­yə bilməz. Doğma oğlumdan da keçmərəm bu yolda. Məgər bütlər deyilmi bizim ruhumuzun müdafiəçiləri? Bütlər deyilmi uğurlarımızın sə­bəbkarı?!.

 -Elədir ya Əbu Uzza, – deyə Əmir ibn Hişam müsahibinin qəzəbləndiyini görüb ona bir kasa sərin su süzdü. – Bütlərin bizlərə qəzəbi tutmasa yaxşıdır. Bir nəfərin günahı üzündən Məkkəni vəba bürüyə bilər. Qurbanlar kəsib nəzir vermək lazımdır ki, bütlərin qəzəbi soyusun.

 -Ya Əmir, sənin yanında Lat və Uzzaya and içirəm ki, indiyə kimi mənim bu işdən xəbərim yox idi. Əgər, həqiqətən, Məhəmməd bütlərə qarşı çıxsa, mən də ona qarşı çıxacam.

 Əbu Uzzanın bu qeyzli sözündən sonra artıq söhbətə ehtiyac qalmadı. Hiyləgər Əmir ibn Hi­şam həzrət Məhəmməddən başqa adamın yox, öz əmi­si­nin qisas alacağına tam əmin oldu. Bu əmin­lik onu sevindirdi. Daha naşılıq edib hisslərini bü­ru­zə ver­mədi. Əksinə, Əbu Uzzanı sa­kit­ləş­dir­mə­yə çalışdı.

 -Mənim deməyim odur ki, çalışın Mə­həm­mədi düz yola qaytarın, yoxsa tayfanızın adına xələl gələr. Elə zənd edirəm ki, o səni eşidər. Bu barədə Əbu Talibə də məsləhət etsən yaxşı olar.

Əmir ibn Hişamın ustalıqla söhbəti rahat bir məcraya yönəltməsi Əbu Uzzanın ürəyindən ol­du. Hirsi bir az soyudu. Ancaq fitnəkar Əmir ibn Hişam öz zəhərli oxunu atmış, duru suyu bu­lan­dırmışdı. O, son sözləri elə-belə nəzakət və tə­səl­li xətrinə demişdi. Bilirdi ki, Əbu Uzzanın azacıq sakitləşməsi müvəqqətidir. Artıq qəlbində həzrət Məhəmmədə(s) qarşı tonqal çatılmışdı.

 

 

 

***

 

 Günlər keçirdi. Həzrət Məhəmməd(s) Hira da­ğın­da görüb eşitdiklərinin təsiri altında idi. Ancaq o, hiss edirdi ki, insanları Allahın böyüklüyünə inan­dırmaq üçün cənab Cəbrayıldan eşitdiyi bir-iki kəl­mə ki­fayət deyil. Həzrət Məhəmməd(s) bütün var­lı­ğını bö­yük Allaha təslim etmişdi. İndi onun ye­ga­nə ümid yeri, pənahı aləmlərin Rəbbi idi. O, özü Alla­hın böyüklüyünü, hər şeyə qadirliyini dərk edirdi. An­­caq ətrafdakıları da inandırmaq gərək idi. Buna gö­rə də Böyük mələyi yenidən görmək hə­və­si qar­şısı alınmaz bir istəyə çevrilmişdi. Də­fə­lərlə Hira da­ğı­na gedib gecələrini mağarada ke­çirsə də, bütün varlığını nurlandıran həmin mə­qam təkrar olun­murdu ki, olunmurdu. Bir vaxt hə­yə­canlandığı hə­min ramazan gecəsinin həsrəti ilə ya­şayırdı. Vaxt isə ötürdü. Artıq Həzrət Xədicənin tə­səl­lisi onu ovun­dur­murdu. On yaşlı həzrət Əlinin(ə) uşaq marağı ilə dolu suallarını susmaqla cavabsız qo­yur­du.

 Həzrət Məhəmməd bütün günü düşünür, yenə də düşü­nürdü. Nə əlinə iş yatırdı, nə dilinə söz. İşıqlı yuxuları da qeyb olmuşdu.

 O, bir gün Hira dağında olar­kən hündür bir qa­yanın üstünə çıxıb ovuc içi kimi görünən Mək­kə­yə, göz işlədikcə uzanan ucsuz-bucaqsız səhraya bax­dı. Qırx illik ömrü gözləri önündən gəlib keç­di. Ən çətin anlarında olduğu kimi yenə anası Əmi­nə­ni xatırladı. Onda Həzrət Məhəmmədin(s) cə­mi altı ya­şı vardı. Anasının son dəfə onu lal ba­xışlarla sü­züb başını sığallaması, köksünə sıxıb üz-gözündən öpməsi heç vaxt ya­dından çıxmazdı. Ayrılmaq is­təmirdi Əminə öz balasından. Son nə­fəsinə kimi də Həzrət Məhəm­mədin(s) körpə əl­lə­ri­ni ovcunda saxladı. Xidmətçi qadın Ümmü Əy­mənin çığır­tı­sın­dan diksinib qor­xan balaca Həzrət Məhəmməd(s) nə­lər baş ver­di­yi­ni həmin an dərk edə bilmə­miş­di. Babası Əbdül Müttəlibin nurani çöhrəsi gəldi gözləri qarşısına. Süd anası Hə­li­mə­ni xatırladı.

 Həzrət Məhəmməd bir daha doğma şəhərini yüksəklikdən seyr etdi. Sonra başını yuxarı qal­dı­rıb əllərini göyə açdı. Ulu Tanrıya dualar etdi. Yerin, göyün sahibi ilə təmasda olmaq keçdi ürə­yindən. Cənab Cəbrayılın əzəmətli vücudunu görmək, qeyri-adi səsini eşitmək istədi. Qum də­nizinin lap sonunda, yerlə göyün birləşdiyi yerdə bir qaraltı dəydi gözünə. Həzrət Məhəmməd fik­rini cəmləyib o nöqtəyə bir də baxdı. Nə idi o qa­raltı? Qızmar səhra günəşinin yaratdığı bir ilğım­mı, yoxsa... Qulağını güclə eşidiləcək bir zəng sə­si döyəclədi. Hira dağının mehi həzrət Mə­həm­mədin hərarətdən yanan çöhrəsinə bir sərinlik səpdi, fikrinə, xəyalına bir aydınlıq gətirdi. Elə həmin andaca sıldırım qayanın üstündə nə üçün dayandığı barədə öz-özünə sual verdi. Gözucu da­yandığı sıldırımlığın dərinliyinə baxdı. Gözləri qaraldı. Cəld geri çəkildi. Cənab Cəbrayılın əzə­mət­li vücudu nazil oldu.

 Onun qeybdən söylədiyi sözlər Həzrəti-Mə­həm­mədin(s) qəlbinə möhürlənirdi. Gələcək həyat yolunu işıqlandırırdı.

 Böyük mələk cənab Cəbrayıl qeyb olmuşdu. Həz­rət Məhəmməd(s) bu ilahi sözlərin təsiri atında bir müddət süst dayandı. Yaddaşına həkk olun­muşları bir də təkrar etdi. Özündə yeni güc-qüvvət hiss elədi. Dizlərinin taqəti artdı. Qəl­bin­də olan işıq gurlaşdı.

 Həzrət Məhəmməd(s) elə bil həyata yenidən qa­yıtmışdı. Həmin müqəddəs ramazan gecəsində olduğu kimi indi də hər tərəf ona nurlu və işıqlı görünürdü. Bədirlənmiş Ay Məkkəni gün kimi işıq­landırırdı. Yenə də ulduzlar əl çatacaq qədər ona yaxın idi. Əzəmətli Kəbənin kölgəsi az qala şəhərin yarısını tuturdu.

 Xədicə yatmamışdı. O, ərinin gec gəlməsinə artıq adət eləmişdi. O, indi Həzrət Məhəmmədə(s) təkcə əri kimi yox, həm də Alla­hın Rəsulu kimi ehtiram göstərirdi. Son vaxtlar həzrət Məhəmmədin(s) sıxıntı keçirməsi Həzrət Xədicəni o qədər də narahat etmirdi. Onun ürəyinə dam­mış­dı ki, çə­tin­lik­lər və sıxıntılar ötəridir. Allah insanlar ara­sın­dan seçdiyi elçisini heç vaxt darda qoy­maz.

 Həzrət Məhəmmədin(s) qapıda görünməsi ilə Həzrət Xədicənin ayağa qalxması bir oldu. Ancaq nə qə­dər tez ayağa dursa da, qonşu binada yaşayan Zeyd daha cəld tərpənərək həyət qapısına ya­xın­laşdı. Həzrət Əli(ə) də artıq oyanmışdı.

 Həzrət Xədicə ərinin xoş əhval-ruhiyyədə olduğunu görəndə ulu Tanrıya şükürlər etdi. Sonra hər gün olduğu kimi yenə sual dolu baxışlarını onun üzü­nə dikdi. Bu lal baxışlar sanki ondan soruşurdu: «Hə, nə oldu, Böyük mələk yenə gözünə gö­rün­dü­mü?»

 -Bu gün yəqin etdim ki, ulu Tanrı məndən üz döndərməyib.

 Həzrət Xədicə ərinin bu sözünə gülümsəməklə cavab verdi. Qəribə idi, bu gün Xədicə ona təsəlli ver­məkdənsə, o özü Həzrət Xədicəni ovundururdu.

 Həzrət Xədicə yenə ərinin üzündə nur haləsini gördü. Müqəddəs ramazan gecəsində Hira dağından qa­yıdanda da o beləcə nur saçırdı.

 -Üstümü ört, mən yatıram.

 Həzrət Xədicə bu sözlərdən də heyrətləndi.

 «Bismillahir-rəhmanir-rəhim. 1.Ya–əyyu­həl–muddəsir.2. Qum fə ənzir. 3.Və rəbbəkə fəkəbbir.4.Və siya­bəkə fətəhhir.5. Bərruzcə fəhcur».

 Bismillahir-rəhmanir-rəhim. 1.Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! 2.Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! 3. Öz Rəbbini uca tut! 4. Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) 5.(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)

(Qurani-Kərim «Əl-Müddəsir» surəsi, 1–5-ci ayələr)

 

 Qəfil səsə həzrət Məhəmməd(s) diksindi. Yün­gül əbasını üstündən kənara atıb yerindən dikəldi. Xədicə hələ otaqda idi. Ərinin yerindən qəfil du­ruşu onu narahat etdi.

 Həzrət Məhəmmədin(s) bənizi ağarmışdı. Ba­xış­larında həyəcan duyulmaqdaydı.

 -Ya Məhəmməd, sənə nə oldu?

 Danışmağa taqəti olmayan həzrət Mə­həm­məd(s) yalnız baxışlarını Xədicəyə zilləməklə kifa­yət­ləndi.

 

***

 

 Palaz və xalı döşənmiş otaq sadə və cazibədar idi.  Otaq boyu sa­lın­mış xalçaların üzərində ipək üzlü döşəkçələr və mütəkkələr düzülmüş, ortalığa uzun ağ kətan süf­rə açılmışdı. İki qara qul süfrəni bəzəməklə məş­ğul idi. Naxışlı kuzələr və zərif piyalələr şərab əvə­zi­nə dəvə südü ilə doldurulmuşdu və saxsı qablarda isə qoz ləpəsi və püstə var idi. Süfrənin hazır­lan­masında xüsusi canfəşanlıq və köməklik gös­tər­miş həzrət Əli(ə) təəccüb və təşviş dolu ba­xışlarını Həz­rət Məhəmmədə(s) tuşlayıb soruşdu:

 -Ya Rəsulallah, hazırlanmış xörək çatacaqmı qonaqlara?

 Həzrət Məhəmməd gülümsünərək yumşaq bir tərzdə dilləndi:

 Çatar, əzizim, çatar. Peyğəmbər süfrəsinin bərəkəti nəinki bir tayfanın oğullarına, bütün Məkkə əhlinə də yetər.

 Həzrət Məhəmməd(s) yenidən həzrət Əlinin(ə) nə isə demək istədiyini görüb sözünə əlavə etdi:

 -Çünki bu süfrə böyük Allahın adına açılıb. Allah aləmlərin Rəbbidir. Hər şeyə qadirdir, Hər şeyə sahibdir. Onun üçün mümkün olmayan heç nə yoxdur.

 Həzrət Məhəmməd(s) sözünü qurtarıb xeyirxah və sakit nəzərlərini həzrət Əlinin(ə) üzünə dikdi. Peyğəmbərin sözlərindən coşmuş həzrət Əli(ə) kük­rəyib düşündüklərini demək istəyirdi. Ancaq hələ uşaq utancaqlığı və məsumluğu bu coşan dənizin qarşısını səd kimi kəsirdi. Onun sifətinin nuru art­mış, alnındakı işıq haləsi böyümüşdü. Həzrət Mə­həmməd(s) bu utancaqlıq pərdəsini aradan gö­tür­mək, həzrət Əlini(ə) daha da ürəkləndirmək, onun danışmasına təkan vermək üçün ciddi tərzdə dedi:

 -Ya Əli, artıq sən uşaq deyilsən. Sən böyük Allaha iman gətirmiş, Tanrının itaətinə keçmiş məndən sonra ikinci kişisən. Sənin ətin mənim ətimdən, qanın mənim qanımdandır. Mən sən­də­nəm, sən məndən. Sən mənim arxam, kö­mə­yim­sən. Qiyamətə kimi sənin adın mənim adımın ya­nın­da olacaqdır... Düşündüklərini de ya Əli. De ki, Allahdan başqa Allah yoxdur. De ki, yerin, gö­yün, bütün aləmlərin sahibi odur. Harda oldun de. Kiminlə söhbət etdin, de. Allahın Rəsulu kimi ar­tıq açıq dəvətə icazə verirəm. Allah tərəfindən mə­nə qohum-əqrabamı dinimizə açıq dəvət et­mək üçün vəhy gəlmişdir. Bugünkü ziyafətdə də məq­sədim qohumlarımı dinə, Allahın himayəsinə də­vət etməkdir.

 Həyət qapısında səs-küy gəldiyindən onların söhbəti yarımçıq qaldı.

 

***

 

 Başı ticarət işlərinə qarışmış Əbu Uzza aradan az vaxt keçməsinə baxmayaraq Əmir ibn Hişamla aralarında olan söhbəti unutmuşdu. Həzrət Mə­həmmədin(s) onu evinə qonaq dəvət etməsi yenidən həmin hadisəni onun yadına saldı. Ziyafətin hansı məqsədlə təşkil olunduğunu ağlına belə gə­tir­mə­yən Əbu Uzza «bu qonaqlıq lap yerinə düşdü. Məhəmmədlə əməlli-başlı danışaram görüm nə məsələdir» – deyə düşündü. Sonra taxta rəfin üs­tündəki bütə baxıb ona səcdə etdi. Günahlarının bağışlanmasını rica etdi. «Sizə qarşı çıxan adam kimliyindən asılı olmayaraq məhv olmalıdır. Sizə hədyanlar deyəndən intiqamı özüm alacam.»  Əbu Uzza yenidən bütə baxdı. Cansız büt öz donuqluğunda qalmışdı. Əbu Uzzanın vü­cu­dundan gizli bir üşütmə keçdi. Yadına Kə­bə­də­ki qızıl ahuları oğurlamağı düşdü. Üstü açılmış bu bədnam oğurluqdan sonra o bütlərə sidq ürəkdən sitayiş edəcəyinə and içmişdi. İndi isə ona elə gəldi ki, qarşısındakı bu büt adi bir gümüş par­ça­sıdır. Nə onun intiqam çağırışına cavab vermək, nə də dualarını eşitmək iqtidarında deyil. Bir anın içindəcə bütün bütlər onun nəzərində cılızlaşıb adiləşdi. Məkkə ilə İraq arasındakı nəhəng Uzza da, Kəbədəki Hübəl də, Səfa dağının zirvə­sin­də­ki Esaf da, Məkkə ilə Yəsrib arasındakı qədim Mənat da, Taifdəki Lat da kiçilib, kiçilib əl içi boyda oldu. Əbu Uzzaya elə gəldi ki, insanların səcdə etdiyi, şərəfinə qurbanlar kəsdiyi bu bütlər daş yığnağından başqa bir şey deyillər. Əbu Uzza beyninə dolan bu fikirləri ciddi-cəhdlə özündən kənarlaşdırdı. Otaqda var-gəl edib həzrət Mə­həmmədin(s) əlehinə hədyanlar söyləməyə başladı. «Əgər, doğrudan da, Əmir ibn Hişamın dedikləri düz olsa, vay sənin halına Məhəmməd» – deyə öz-özünə pıçıldadı.

 -Nə olub yenə, öz-özünə nə danışırsan, – de­yə Əbu Uzzanın hərəkətlərinə göz qoyan Ümmü Cəmil ərinə yaxınlaşdı. Ondan cavab gözləməmiş ikinci sualını verdi:

 -Xeyirdirmi, yenə Haşim oğulları niyə bir ye­rə toplaşırlar? İlin günün bu vaxtı nə ziyafətdi be­lə? Haçan onlardan sənə xeyir gəlib?

Sual atəşinə tutulan Əbu Uzza nə deyəcəyini heç özü də bilmirdi. Ancaq dəvətdən boyun qa­çırmaq olmazdı. Arvadı buna nə qədər narazı olsa da, o qardaşlarının çağırışına getməliydi.

 

***

 

 Haşim oğulları – Əbu Talib, Abbas, Həmzə və Əbu Uzza özlərini         Həzrət Məhəmmədin evində çox rahat hiss etdilər. Yalnız ciddi və vacib bir iş olanda bir yerə toplaşıb tayfanın mənafeyi na­mi­nə məşvərət edən qardaşlar bugünkü ziyafətdən razı qalsalar da, nə üçün çağrıldıqlarını hələ ayırd edə bilməmişdilər. Əsas mövzu olmadığına görə onlar ordan-burdan, ticarətin gedişindən söhbət açdılar.

 Əbu Uzzanın oğlanları –  Utbə və Uteybə ziyafətə gəlsələr də bir tərəfdə oturub sakitcə əmilərini din­lə­yir­di­lər. Əmi­lə­rinin bu şirin söhbətlərinin sonradan necə qur­ta­ra­cağını həyəcanla izləyirdilər. Bilirdilər ki, ataları yeni din haqqında, həzrət Məhəmmədin pey­ğəm­bərliyi barədə eşitsə, tufan qoparacaq.

 Həzrət Məhəmməd(s) daxilən rahat idi. Zahiri hərəkətlərində də həyəcandan əsər əlamət du­yul­murdu. Yeni nazil olmuş «Şura» surəsinin ayələri ilahi bir ahənglə qulaqlarında səsləndi.

 Bu ayənin hikməti və qüdrəti Həzrət Mə­həm­mədə yeni ilham verdi. Artıq onu tutduğu yoldan kimsə saxlaya bilməzdi. O, açıq dəvətə keçməli idi.

 Möcüzə görürmüş kimi diqqətlə həzrət Mə­həmmədə(s) baxan Haşim oğulları əvvəlcə Həzrət Məhəmmədin dediklərindən heç nə anlamadılar. Ancaq onun möhkəm məntiqi, əsaslı sübutları qardaşları bir qədər düşünməyə vadar etdi.

 -Hira dağında böyük mələk Cəbrayıl mənim gözlərimə görünüb. Allahın kə­lamlarını mənə çatdırıb. Mən Allah tərəfindən se­çilmiş so­nuncu peyğəmbərəm. Məqsədim Allahın böyük mələk Cəbrayıl vasitəsilə mənə nazil et­di­yi ilahi kə­lam­ları insanlara çatdırmaq, hamını Al­lahın bö­yük­lüyünə inandırmaqdır. Yerin, göyün sahibi siz səcdə etdiyiniz bütlər yox, böyük Al­lahdır. Kainatı yaradan odur. Allahdan başqa Al­lah yoxdur. Ey qohumlarım, ey Haşim oğulları, mən ilk dəvətimi sizlərdən başlayıram, bütlərdən üz çevirib bütün aləmlərin Rəbbinə ibadət et­mə­yə çağırıram sizi. Özü­nüzü böyük Allaha təslim edin, xoşbəxtlik, sə­adət, xeyirxahlıq, bərabərlik gətirəcək yeni dini qəbul edin. Allah-taala məni peyğəmbər seçməklə sizləri də şərəfləndirib. Qoy Haşim oğulları yeni dinin qurucuları olsun. Başladığım müqqəddəs yolda mənim yardımçıma çevrilsinlər.

 Həzrət Məhəmmədin təmkinlə və böyük il­hamla dediyi bu sözlər Əbu Talibi, Abbası, Həm­zəni və digər Haşim oğullarını riqqətə gətirdi. Ayaqlarını altına yığıb oturmuş Əbu Uzzanın sal­laq yanaqları pörtmüş, boynunun damarları hiss olunacaq dərəcədə yoğunlamışdı. O, əllərini yerə söykəyib çətinliklə kök, ətli əndamını qaldırdı. Ayaq üstə var səsi ilə bağırdı:

 -Sən bütün qəbilənin adına ləkə gətirirsən. Məkkədə heç kimin yox, təkcə sənin söhbətin ge­dir. Mən də Əmir ibn Hişamı qınayıram ki, sənin haqqında böhtan deyir. Sən demə, onun dedikləri doğruymuş. Mənim heç nədən xəbərim yoxuy­muş. Ey mənim qardaşlarım! Ey Əbu Talib! Mə­həmmədin sözlərinə əhəmiyyət verməyin. Bilin ki, bütlər zarafatı xoşlamır. Çox pis cəza­lan­dı­rar­lar bizi. Gəlin Məhəmmədi bu divanəlik yolun­dan çəkindirək. Nə qədər olmasa, özümüzün­kü­dür. Gördüyü hər bir iş qəbilənin adı ilə bağ­la­na­caq. Sabah Qüreyşilərə nə cavab verəcəyik. On­suz da bəhanə axtarırlar adımıza ləkə yaxmağa.

 Həzrət Məhəmməd(s) artıq Əbu Uzzanı eşit­mir­di. İri gövdəli bu adam indi onun gözlərində ki­çi­lib həşarat boyda olmuşdu. Ona elə gəldi ki, Əbu Uzza danışmır, çöl arısı kimi vı­zıl­dayır və bu vızıldayan həşarat otaqda bir az da qal­sa, onun ürəyini bulandıracaqdır. «Səbr, səbr, səbr...» – deyə həzrət Məhəmməd(s) öz-özünə pı­çıl­dadı. Bu ona qarşı edilən ilk hücum idi. Hələ belə hücumları o, çox görəcəkdi. Ona görə də təm­kin­lə və səbrlə hər şeyə dözmək lazım idi.

 On bir yaşlı həzrət Əlidən(ə) başqa otaqda kim­sə qalmamışdı. Həzrət Məhəmməd(s) bu məsum ye­ni­yetmənin həyəcandan böyümüş gözlərinə, nurlu çöhrəsinə baxanda pərtliyini büruzə ver­mə­mək üçün gülümsündü. Artıq onun pərtliyi də ötüb keçmişdi. Həzrət Əlinin(ə) qəlbindəki hədsiz sə­da­qət, tanrı sevgisi, baxışlarından və çöh­rə­sin­dən ay­dın oxunurdu. Həzrət Məhəmməd(s) hiss etdi ki, qəlbi Tanrı sevgisi ilə, ona qarşı sədaqətlə do­lu alan bu yeniyetmə son nəfəsə qədər onunla birgə olacaqdır. Həzrət Məhəmməd özünün ən yaxın sirdaşı, dindaşı, məsləkdaşı barədə seçimini çox­dan, ilk vəhy gəlməmişdən əvvəl ona ibadət et­məyi öyrətdiyi zaman etmişdi.

 Aradan bir neçə gün keçməsinə baxmayaraq həzrət Məhəmməd(s) ögey əmisi  Əbu Uz­zanın sözlərinin təsirindən çıxa bilmirdi. Əs­lində, o, əmilərinin heç birindən elə bir pislik gör­mə­miş­di. Bütün məkkəlilər kimi onların da qə­bi­lə­sində birlik və ailə təəssübkeşliyi güclü idi. Həzrət Mə­həmməd(s) bilirdi ki, Allahın yeni dini uğrunda apa­ra­cağı mübarizədə mənsub olduğu Haşimi qə­bi­lə­si, onu yalqız qoymayacaqdır. An­caq Əbu Uzzanın ona qarşı çıxması həzrət onun qəlbinə to­xunurdu. İlk addımda ilk zər­­bə­nin ona Əbu Uzza tə­rə­findən vurulacağını göz­ləmirdi.  «Hardandır mənə qarşı bu qədər kin küdurət Əbu Uzzada» – deyə həzrət Mə­həm­məd düşündü. Göz­ləri önündə Əbu Uzzanın arvadı Ümmü Cə­mil gəlib dayandı.  Əbu Süfyanın ba­cı­sı olan Üm­mü Cəmil qardaşı kimi kinli və şöh­rət­pə­rəst idi. Bəni Üməyyənin təəssübünü Haşim oğul­la­rı­na vermirdi.

 Ziyafətdə Əbu Uzzanın ona qarşı çıxması həzrət Məhəmmədi(s) bir müddət daxilən narahat etsə də, ruhdan salmadı. Artıq o açıq mübarizəyə keçmişdi. Ətrafında olan az saylı müsəlmanlar da namazlarını açıq-aşkar qılır, rast gəldikləri adam­la­ra Allahın yeni dininin ilahi bir nemət olma­sın­dan danışır, cansız bütlərin heç nəyə qadir ol­ma­dığını dəlillərlə sübut etməyə çalışırdılar. Hələlik Məkkədə müsəlmanların bu əməllərinə elə güclü əks reaksiya verilmirdi. Əksinə, məkkəlilər maraq üçün müsəlmanları danışdırır, onları Allah və onun yeni dini barədə sorğu suala tuturdular.

 

***

 

 Kəbə ətrafı həmişə olduğu kimi yenə qazan ki­mi qaynayırdı. Havanın həddindən artıq isti ol­ma­sına baxmayaraq hər tərəfdə qızğın alver ge­dirdi. Adamlar ən çox qul satılan yerə top­laş­mış­dı­lar. Zövq və şəhvət düşkünü olan məkkəlilər ən çox satılan qızlara ba­xır­dı­lar.

 Suheybi Rumi bir kənarda dayanıb hərraca qo­yulmuş qullara baxırdı. Hər dəfə o bu məzlum in­sanlara baxanda ürəyindən qara qanlar axırdı. Bir vaxtlar onun özü də əsir düşüb beləcə qul ba­za­rı­na çıxarılmışdı. Kim bilir Abdullah ibn Cüsaniyə rast gəlməsəydi indi hardaydı. Onu Bizansdan alıb Ərəbistana gətirən bu nəcib insana o, bütün ömrünü borclu idi. Abdullah onun əslən iranlı və bir vilayət hakiminin oğlu olduğunu biləndən sonra alıb azad etmişdi.

 -Hə, bəlkə, sən də alasan bu gözəllərdən...

 Tacirin səsi Rumini xəyaldan ayırdı, çevrilib ona baxanda əti ürpəşdi. Bu insan alverçiləri ha­mı­sı bir-birlərinə bənzəyirmiş. Onu da Abdullaha sa­tan tacir beləcə gülə-gülə müştərisini ov­sun­la­mış, çox baha qiymətə satmışdı.

 Tacirin onun üzünə baxıb xoş bir qılıqla gül­düyünü görən Rumi təbəssümlə başını buladı. «Yox» cavabı alan tacirin sifətindəki xoş qılıq bir andaca qəddarlıqla əvəz olundu və üzünü Ru­mi­dən çevirdi. «Bu insan alverçilərinin əsl sifəti məqsədlərinə nail olmayanda üzə çıxır» – deyə Rumi öz-özünə pıçıldadı.

 -Ey Məkkə əhli! Haşim oğullarından Mə­həmməd Əl Əmin adamları Səfa təpəsinə dəvət edib. Gedəyin görəyin nə danışacaq...

 Kiminsə dediyi bu sözlər maraqlı əyləncə ax­taran məkkəliləri yerindən tərpətdi. Adamlar dəs­tə-dəstə Səfa təpəsinə tərəf axışmağa başladılar.

 Suheybi Rumi də qeyri-ixtiyari bu axına qo­şuldu. Həzrət Məhəmmədi yaxından tanıyan, onun əxlaqlı, sözünün bütöv olduğunu bilən Rumi qarşıda onu nələr gözlədiyini heç ağlına da gə­tir­mirdi. Rumi yolda Əmmar ibn Yasiri görəndə se­vindi. Əslən Yəmənli olan Əmmar da Rumi kimi Məkkədə qərib hesab olunurdu. Ona görə də on­ların bir-birləri ilə söhbətləri tuturdu. Dostlar mehribanlıqla görüşüb Səfa təpəsinə gedən insan axınına qoşuldular.

 -...Nicatınız bir kəlmə sözdədir. Hamınız bir ağız­dan deyin: «La ilahə illəllah.» Sizi xəbərdar edi­rəm ki, əgər Allaha inanmasanız, böyük əzaba düçar olacaqsınız. Allah mənə sizlərə xəbərdarlıq etməyi əmr etmişdir. Siz yerin, göyün, bütün aləmlərin sahibi böyük Allaha inanın. Ərəblərdən heç kim qövmünə mənim sizə gətirdiyimdən xe­yirli bir şey gətirməyib. Sizə dünyanızı da, axi­rə­tinizi də xilas edəcək ən xeyirli şeyi gətirmişəm. Allah sizi yeni dinə dəvət etməyi mənə əmr et­mişdir. Bu sözləri sizə çatdırmaq Allahın Rəsulu kimi mənim vəzifəmdir...

 Əbu Uzza özünü əvvəldən Həzrət Mə­həm­mədlə(s) mübahisə etməyə hazırlamışdı. Ona görə də üzünü ətrafdakılara tutub uca səslə hirsli-hirsli dilləndi:

 -Gəlin çıxıb gedəyin. Siz onu məndən yaxşı tanıya bilməzsiniz. Peyğəmbərlik eşqinə düşən Mə­həm­məd demək istəyir ki, biz əcdadlarımızın səcdə etdiyi bütlərdən əl çəkib gözə görünməyən Allaha ibadət edək. Bu da yəhudilər, məsihilər kimi Allahı göydə axtarır.

 Həzrət Məhəmməd nitqini yarımçıq kəsib Əbu Uzzanı başdan ayağa süzdü. Yenə ona zərbə ən yaxın qohumu olan eyni adam tərəfindən dəy­di. Bu zərbənin təsiri daha güclü olduğundan o, danışa bilmədi.

 -Niyə mənə elə baxırsan. Bizim müqəddəs bütlərə qarşı kim çıxsa cavabını belə verəcəyik. Ar olsun sənə. Sənin bu hərəkətin bizim adımıza ləkədir. – Qızışmış Əbu Uzza var səsi ilə ba­ğı­rır­dı. Adamlar artıq dağılmağa başlamışdılar. Kimsə sakitləşdirmək məqsədilə onun qolundan tutub çıxıb getməyi işarə etdi.

 -Yox, onun cəzasını mən özüm verəcəm, – deyə Əbu Uzza daha da qızışdı. Yerdən daş gö­tü­rüb həzrət Məhəmmədə tərəf atdı.

 Həzrət Məhəmməd sakit, ancaq, çox ciddi bir nəzərlə ögey əmisinin hərəkətlərini izləyirdi. Üzərinə daş atılmasına baxmayaraq nə yerindən tərpəndi, nə də vüqarlı görkəmini pozdu. Göz­lə­ri­ni belə qırpmadı. Əvvəlki ciddi nəzərlərlə Əbu Uzzaya baxmaqda davam etdi. Ögey əmisinin ona daş atması hissiyatına toxundu. Daş ona dəyməsə də qəlbini göynətdi.

 Elə həmin gündən başlayaraq Əbu Uzza Həz­rət Məhəmmədin ən qəddar düşməninə çev­ri­ldi. Müsəlmanlar onu xasiyyətinə uyğun olaraq Əbu Ləhəb – Alov atası adlandırdılar.

 İndi isə mübarək ilk xütbəsi yarımçıq qalmış Həzrət Məhəmməd düşünür, yenə düşünürdü.

 Həzrət Məhəmməd düşüncələrdən ayrılıb nə­zərlərini ona zilləyən əshabələrinə baxdı. Onların qəl­bindən keçənləri duyub, qayğılı-qayğılı dil­lən­di:

 -Mən Allah-taalanın buyruğunu yerinə ye­ti­ri­rəm! Əlbəttə, Əbu Uzza cəzasız qalmayacaq.

 -Allahın qəzəbi tutacaq Əbu Uzzaya, – deyə Həbbab da Həzrət Məhəmmədə yaxın­la­şıb söh­bə­tə qoşuldu.

 -Əbu Uzza yox, Əbu Ləhəb, – deyə kimsə Həbbabın səhvini düzəltdi.

 Həzrət Əlinin(ə) sinəsi hiss olunacaq dərəcədə qalxıb enir, ürəyi qəfəsə düşmüş quş kimi çır­pı­nırdı. Hadisələr bir az da belə davam etsəydi, Həzrət Əli(ə) irəli çıxıb ağsaqqal ögey əmisinin ca­vabını özü verəcəkdi.

 Bir az kənarda dayanmış Zeydin baxışlarında da şimşəklər oynayırdı. Əbu Bəkr, Osman ibn Əfvan, Zu­beyr ibn Əvam, Təlhə ibn Abdullah, Əb­dül­rəh­man ibn Ovf və başqa müsəlmanlar da Əbu Lə­hə­bin aranı qarışdırmasından sonra həzrət Mə­həm­mədin ətrafına toplaşdılar. Hamısı qayğılı və dü­şün­cəli idi.

 Adamlar dağılışsa da Suheybi Rumi və Əm­mar ibn Yasir yerlərindən tərpənməmişdilər. On­lar hələ də Həzrət Məhəmmədin dediyi sözlərin təsiri altında idilər. «La ilahə illəllah.» Bu ilahi kəlam onların bütün varlığına hakim kə­sil­mişdi.

 «Deməli, Məhəmməd əl Əminə pey­ğəm­bər­lik verilmişdir.» – deyə Rumi öz-özünə pı­çıl­dadı. – yəhudilərin də məsihilərin də gözlədiyi sonuncu peyğəmbər Məhəmməd əl Əmindir. De­məli, bizanslı rahibin dedikləri həqiqət imiş. Hələ neçə il əvvəl o, yeni və sonuncu peyğəmbərin zü­hur edəcəyini söyləmişdi.

 Rumi Əmmardan ayrılıb Həzrət Məhəmmədə yaxınlaşdı. Onun çöhrəsindəki nuru, baxış­la­rın­da­kı ümman dərinliyini görüb qarşısında təzim etdi.

 -Ya Məhəmməd əl Əmin, mən də özümü Al­laha təslim edib yeni dinini qəbul edirəm: «La ila­hə illəllah Mühəmmədin Rəsulallah.»

 -Dayan ya Rumi, – deyə həzrət Məhəmməd(s) qarşısında təzim etmiş Ruminin qolundan tutdu. – Əgər özünü Allaha təslim edirsənsə mənə yox, Allaha təzim et.

 Qəddini düzəltmiş Rumi həzrət Mə­həm­mə­din nurlu çöhrəsinə baxıb qürurla dilləndi:

 -Ya Allahın Rəsulu, mən sənin zühur edə­cə­yini hələ Bizansda ikən eşitmişdim...

 Ruminin hərəkətindən ruhlanan Əmmar da yaxına gəldi. Üzünü həzrət Məhəmmədə(s) tutub inamla dilləndi:

 -Ya Məhəmməd, mən sənin sözlərinin dü­rüst­lüyünə inanıram. Məkkə əhlindən bir nəfər də ol­sun deyə bilməz ki, Məhəmməd əl Əminin di­lin­dən yalan eşitmişəm. Mən də Rumi kimi sə­nə ina­nır və Allahın böyüklüyünə pənah gə­ti­ri­rəm: «La ilahə illəllah Mühəmmədin Rə­su­lal­lah.»

 Əmmar sözlərini bitirib Rumiyə nəzər saldı. Sonra hər ikisi nəzərlərini həzrət Məhəmmədə(s) tuş­ladı.

 Həzrət Əlinin(ə) sevincdən gözləri dolmuşdu. Ha­mının onları tərk edib getdiyi anda Məkkədə o qə­dər də tanınmayan bu iki nəfərə heyrətlə ba­xır­dı.

 Həzrət Məhəmməd(s) baxışlarını ona zilləyib fə­rəhdən gülümsəyən bu məsum insanlara baxanda ba­yaqdan bəri onu üzən fikirləri, Əbu Ləhəbi və onun ətrafındakıları unutdu. «Bu gün iki nəfər, sa­bah beş nəfər, sonra onlarla, yüzlərlə, minlərlə in­san söylədiyim həqiqətləri dərk edib Allahın var­lı­ğı­na və böyüklüyünə pənah gətirəcəkdir. Bax, on­da Əbu Ləhəb kimilər daha qarşımıza sədd çəkə bilməyəcəklər» – Həzrət Məhəmməd(s) öz-özü ilə danışdığı söhbətdən ruhlanıb coş­qun­luqla dedi:

 -Siz bu dinin, İslamın həqiqiliyinə inanır­sı­nız­sa, deməli, imanlı adamsınız. İslamın ən vacib şər­ti «La ilahə illəllah» sözlərini iqrar etməkdir. Siz bu sözləri dediniz. Siz artıq müsəlmansınız. Bilin ki, imanın ən yüksək dərəcəsi xalqın sənə inanmasıdır. Müsəl­manlığın da ən yüksək də­rə­cəsi xalqın səndən arxayın olmasıdır. Çalışın ki, xalq sizə inansın, sizdən arxayın olsun ki, həqi­qə­tən, siz özünüzü böyük Allaha təslim etmisiniz, müsəlmansınız.

 Həzrət Məhəmmədin(s) hər sözü, hər kəlməsi ilk müsəlmanların qəlbinə ilahi nur kimi axır, da­xilən onları işıqlandırır, fikirlərini, düşüncələrini saflaşdırırdı.

 

* * *

 Xovsuz xalça üzərində oturub şam yeməyi göz­ləyən Əbu Ləhəb qızardılmış dəvə ətinin xoş ətrini duyduqca yeməyin gecikməsinə əsəbiləşir, ac köpəklər kimi zəncir gəmirirdi. Oğlanları Utbə və Uteybə alaqaranlıq otaqda yumaq kimi bü­kü­lüb sakitcə oturmuşdular. Mətbəxdən gələn saxsı qabların taqqıltısı orda da hamının tələsdiyindən xəbər verirdi. Ancaq daha tələsməyin mənası yox idi. Əbu Ləhəb hirslənmişdi. Onun torbalı göz­lə­rindən, ətli və tərli sifətindən kin və qəzəb ya­ğır­dı. Utbə və Uteybə başlarını aşağı salsalar da alt­dan-altdan atalarının hər hərəkətinə göz qoyur, hər kəlməsinə qulaq kəsilirdilər. Onlar gizlincə bir-birləri ilə baxışıb gülümsədilər. Bayaqdan bə­ri qışqırıb bağırmaq üçün bəhanə axtaran Əbu Lə­həb artıq yeməyin ləngiməyini unudub oğ­lan­la­rı­nın üstünə çımxırdı.

 -Siz nəyə gülürsünüz, hansı halımıza gü­lür­sü­nüz?!.

 Oğullar qəbahət iş görən adamlar kimi baş­la­rı­nı bir az da aşağı salıb dinmədilər.

 -Hə, düz eləyirsiniz, – Əbu Ləhəb acı-acı gül­dü. – Onsuz da indi bütün Məkkə əhli bizə gü­lür.

 Söz Utbəyə də Uteybəyə də qılınc zərbəsi ki­mi dəydi. Onlar ağılları kəsəndən indiyə kimi hə­lə heç kəsdən öz ailələri, qəbilələri barədə bir kəlmə də olsun artıq-əskik söhbət eşitməmişdilər. Onlar ata tərəfdən olduğu kimi ana tərəfdən də sayılan nəsilə söykənirdi. Onların Əbu Talib, Həmzə kimi sayılan əmiləri olduğu kimi Əbu Süfyan kimi də zəngin dayıları var idi. Əslində, Ut­bə və Uteybə iki böyük nəslin – Üməyyə öv­ladları ilə haşimilərin arasında bir əlaqə idilər. Onların damarlarında hər iki nəslin qanı axırdı. Onlar Məkkənin adla deyilən cavanlarından idi­lər. Heç kim cəsarət edib nə onların arxasınca, nə də üzlərinə bir söz deyə bilməzdi. İndi atalarının «Bütün Məkkə bizə gülür» deməsi hər iki ca­va­nın qəlbinə toxundu. Əbu Ləhəb oğlanlarının ba­xışlarında və hərəkətlərində narazılıq görüb sə­si­ni daha da qaldırdı:

 -Biz Haşim oğulları indiyə kimi başımızı hə­mişə dik tutmuşuq. Heç kimin qarşısında gö­zü­kölgəliyimiz yoxdur. Üstümüzə diş qıcayana qı­lıncımızla cavab vermişik. Amma indi...

 -İndi nə? – deyə Utbə artıq gərginliyə dözə bilməyib ailə qaydalarını unudaraq sərt bir tərzdə dilləndi: – Kimdir bizim ailəyə, nəslə rişxənd edən? Kimdir o başı bədəninə ağırlıq edən? Elə indi onun cavabını qılıncla verəcəm.

 -Otur, – deyə Əbu Ləhəb yerindən durmaq istəyən Utbənin üstünə qışqırdı. – Mən bilirəm nə danışıram. Görmədin, o gün Səfa təpəsində Məhəmməd nələr deyirdi. Görmədin, adamlar ne­cə rişxənd etdilər ona.

 -Səndən başqa heç kim ona cavab qay­tar­ma­-

dı. Sən özün ona nəlayiq sözlər dedin. O da sənin üzünə qayıtmadı. Ayrı bir kimsə dillənmədi.

 -Bu nədir, məni ittiham edirsən? – deyə Əbu Ləhəb yenidən qeyzləndi.

 -Əsla yox, mən həqiqəti deyirəm, – deyə Ut­bə coşmuş halda cavab qaytardı.

 -Mən sənin atanam... Yoxsa siz də bütlərdən üz döndərib Məhəmmədin dinini qəbul et­mi­si­niz? Hübələ and olsun, ikinizi də qılıncdan ke­çi­rərəm.

 -Yox, biz heç vaxt islamı qəbul etmərik. Ata-babamız hansı dinə inanırsa, biz də ona ina­na­ca­ğıq. – deyə bayaqdan sakit dayanmış Uteybə ye­rindən dilləndi.

 -Bəs onda Məhəmmədi niyə müdafiə edir­si­niz. – Əbu Ləhəb əsəbiliklə bildirdi.

 -Hər iki qardaş eyni anda: – Biz heç kimi müdafiə etmirik. – dedilər.

 Əbu Ləhəbin daşlaşmış qəlbinə bir anın içində mərhəmət hopdu. Söhbəti bi­tir­mək is­tə­­­di.

 -Gəlin qurtaraq bu söhbəti. Amma onu bilin ki, Məhəmmədin tərəfdarları mənə təzə ad qo­yublar. Əbu Ləhəb. Əmir ibn Hişama da Əbu Cəhl deyirlər. Eybi yox, qoy desinlər. Onları gör necə yandıracam... Nə isə... Daha sinənizə döyüb qürrələnməyin ki, bizə heç kim bir söz deyə bil­məz. Ancaq sizin işiniz yoxdur, onların cavabını mən özüm verəcəm. Nə isə... Get de, yeməyi gə­tirsinlər. – Əbu Ləhəb Uteybənin üstünə çım­xır­dı.

 -Yox! Qurtarma hələ, niyə qurtarırsanki söh­bəti?  -deyə bayaqdan bəri qonşu otaqdan söh­bə­tə qulaq kəsilən Ümmü Cəmil gəlib oğlanlarının başı üzərində dayanaraq ərinin sözünü kəsdi. – Ya Məhəmmədə de bizim bütlərimizlə işi ol­ma­sın, ya da... – Ümmü Cəmil istədi sözünün ardını deməyə. Ancaq içini çulğamış qəzəb sözləri onun ağzından sapand daşı kimi çıxartdı. – Ya da haşim oğulları ilə qohumluq əlaqəsini kəs.

 -Qurtar dedim sənə, – deyə Əbu Ləhəb mü­layim bir tərzdə arvadının üstünə çımxırdı: – haşim oğuularının nə günahı var. Peyğəmbərlik iddiasına düşən mənim qardaşım oğlu Məhəmməddi, Bütün haşim oğullarını niyə bu işə qatırsan?

 -Axı, o, hardan oldu peyğəmbər? Məkkədə bu qədər varlı, adlı-sanlı kişi ola-ola niyə pey­ğəmbər Məhəmməd olmalıdır? Peyğəmbərlik gəlsə sənə, Əbu Süfyana, Əmir ibn Hişama, Və­lid ibn Muğirəyə gələr. Var dövlətləri, oğul-uşaq­ları başlarından aşır. Yoxsa...

 Arvadı Ümmü Cəmilin Məkkənin sayılan ki­şiləri içində onun adını qardaşı Əbu Süfyandan əvvəl çəkməsi Əbu Ləhəbin əsəblərinə sığal çə­kib könlünü oxşadı. Amma yenə qəbilə təsibi üs­tün gəldi. O istəməzdi ki, özündən başqa heç kim onun qohumları, qəbiləsi barədə nəsə desin. Bi­lirdi ki, Əbu Süfyanın bacısı olan Ümmü Cəmil də onun halal arvadı olsa da, Bəni Üməyyənin tə­sibini haşimilərə verməz. İndi isə birinci dəfə idi ki, Ümmü Cəmil Məkkə zənginləri içərisində onun adını Əbu Süfyandan əvvəl çəkirdi.

 Ərinin və oğlanlarının sərt baxışlarına tuş gə­lən Ümmü Cəmil sözünə ara verdi. Yenə içində qaynayan qəzəb və nifrət vulkan kimi püskürdü:

 -Məhəmmədin bu din məsələsi ortaya çı­xan­dan evimizin bərəkəti də azalıb. Məhəmməd bizi bütlərin qəzəbinə düçar elədi. – Ümmü Cəmil de­yi­nə-deyinə yan otağa keçdi.

 Əbu Ləhəb bir söz deməsə də, arvadının de­dikləri onun ürəyindən idi. Həzrət Məhəmmədin(s) Allahın Rəsulu adı ilə ortaya çıxması adamları bütlərdən uzaqlaşmağa çağırması Əbu Ləhəbi ye­rindən oynatmışdı. Səfa təpəsindəki əhvalatdan sonra da ürəyi soyumamışdı. Bütün varlığı ilə həzrət Məhəmmədə(s) qənim kəsilmişdi. Onu ən çox narahat edən müsəlmanların ona Əbu Ləhəb, Əmir ibn Hişama isə Əbu Cəhl kimi ad qoymaları idi. Son vaxtlar o Əbu Cəhllə daha tez-tez gö­rü­şürdü. Yeni dinə qənim kəsilmələri onları bir-bir­lərinə xeyli yaxınlaşdırmışdı. Ancaq Əbu Ləhəb bilirdi ki, Məhzun qəbiləsinin bu zəngin adamı haşimilərin, o cümlədən də onun kiçik bir uğu­ru­nu belə qısqanclıqla qarşılayır. Əbu Ləhəb şam yeməyini yeyə-yeyə düşünür, hadisələrin indən belə necə cərəyan edəcəyini fikirləşirdi. «Mə­həmmədə aman yoxdur, o bütlərə əl uzadır. O bilmək istəmir ki, bizim bütün həyatımız bütlərlə bağlıdır. Ümmü Cəmil düz deyir, Məhəmməd peyğəmbərlik iddiasına düşüb bütlərə küfr yağ­dı­randan bəri ruzimiz azalıb. Alver daha əvvəlki ki­mi getmir... Məhəmməd cəzalanmalıdır. Ona qar­şı daha amansız olmaq lazımdır. İmkan vermək olmaz ki, yetim-yesiri başına yığıb bizə meydan oxusun. Mənimlə qara qulun, kölənin Allah qar­şı­sında bərabərliyindən danışsın. Əgər belə davam etsə, sonra qul və kölələrimiz də üızümüzə ağ olacaqlar. Qara qul Bilalı nə qədər döyürlər, in­ci­dirlər yenə dediyindən dönmür. Son nəfəsində «La ilahə illəllah» deyir. Bu bir kəlmə sözdə nə sirr var belə. Bəlkə, doğrudan da, Allahdan başqa Allah yoxdur? Bəs bizim bütlərimiz? Mən nə da­nışıram, Hübel günahımdan keçsin». – Əbu Lə­həb düşünə-düşünə həzrət Məhəmməd(s) haqqında qə­ra­rını verirdi. Onu ən çox narahat edən həzrət Mə­həmmədin(s) adamlar arasında nüfuzunun gün­dən-günə artması, ətrafındakı adamların sayının çoxalması idi.

***

 

 «Ya Rəbbim, mən sənə səcdə edirəm, sənə inanıram, sənin göstərdiyin yolu tutub gedirəm. Ümidim sənsən, pənahım sənsən, köməyi səndən gözləyirəm. Həyatım səhv və nöqsanlarla doludur. Yalvarıram sənə, keç günahımdan, əfv elə bu günahkar bəndəni. Sən böyüksən, əzəmətlisən, ulusan. Yerin-göyün sahibi sənsən. La ilahə illəllah Mühəmmədin Rəsulallah.»

 Yaşlı Yasir gənc oğlunun hər gün namazdan sonra bu duasını eşitməyə adət etmişdi. Əmmarın həyatındakı dəyişiklik, xasiyyətindəki həlimlik, düzlüyə və həqiqətə meylliliyi onu sevindirirdi. Düzdür, o əvvəllər belə fikirləşmirdi. Ancaq gün­lər keçdikcə o, da İslamın həqiqi din, həzrət Mə­həmmədin(s) sonuncu peyğəmbər olduğunu an­la­ma­ğa başladı. «Bu Məhəmməd Əl Əmin, həqiqətən, bö­yük insandır. Öz nəsihət və məsləhətləri ilə adamları necə də saflaşdırır, qəlblərini çirkabdan yuyub təmizləyir. Ona nazil olan ayələr, hə­qi­qə­tən, Allah kəlamıdır. Adi sozlər bu qədər ca­zi­bə­dar, bu qədər qəlbəyatımlı olmaz. Əmmar çox düzgün yoldadır. Gec-tez hamı bu həqiqət yo­lu­nun yolçusuna çevriləcək. Həqiqətən, bütün ya­ra­dılanların bir yaradıcısı olmalıdır. Həyatda ən düz­gün yol da ulu Yaradanın öz elçisi vasitəsilə bizə göstərdiyi yoldur.» – Yasir bu düşüncələrlə oğ­lu­nun nurlu çöhrəsinə baxdıqca qəlbində bir fərəh və iftixar hissi duyur, indiyə kimi Məkkədə ke­çir­diyi qəriblik əzabını unutmağa çalışırdı. Mək­kə­nin qəbilə rəislərinin İslamı qəbul edən­lə­rə düş­mən münasibət bəsləmələri onu narahat et­mirdi. Bu çətinliklərin ötəri olduğunu, yeni dinin mən­sublarının zəfər qazanacağını o gün kimi ay­dın görürdü. Son günlər Əbu Cəhlin adamları onu da hədələmiş, oğlunun həzrət Məhəmməddən(s) kənar dolaşmasını tapşırmışdılar. Axşamlar evinin ət­ra­fında qara kölgələrin də dolaşdığını hiss et­mişdi. Ancaq bu işdən nə arvadı Sümayyəni, nə də oğlu Əmmarı xəbərdar etmişdi. Yeganə oğ­lu­nun qəl­bi­nə vahimə toxumu səpməyə qıy­ma­mış­dı.

 Qoca Yasir yatmazdan əvvəl adəti üzrə hə­yə­tə çıxdı. Bədirlənmiş ay Məkkəni süd rənginə bo­yamışdı. Gecə yarı olmasına baxmayaraq ya­xın­lıqdakı evlərdən sərxoş bağırtıları, söyüşlər, qadın çığırtıları eşidilirdi.

 Yasir yeni din adamları ilə bütpərəst məkkə­li­ləri müqayisə etdikcə İslamın necə pak və mü­qəd­dəs, ilahi bir din olduğunu açıq-aydın görürdü. Yasir nəzərlərini aylı-ulduzlu səmaya zilləyib aləmlərin yaradıcısına şükürlər etdi.

 Süd kimi ay işığında nəhəng divlərə bən­zə­yən iki kölgə bir anlığa görünüb yox oldu. Yasir gecənin bu vaxtında kimlərinsə onu izlədiyini da­xilən hiss edib iti addımlarla evə tələsdi.

 -Dayan, – deyə binanın qaranlıq tinindən iki nəfər əli qılınclı çıxıb onun qarşısını kəsdi. Yasir tanış olmayan qara geyimli, qara yaşmaqlı adam­ların səsindən diksinib daş kimi yerində qaldı. Şə­ra­bın təsirindən gözləri böyüyüb hədəqədən çıx­mış iki cüt göz ona tuşlanmışdı. Ay işığında qı­lıncların parlaması Yasirə çox şeyi diktə edirdi.

 -Haradadır oğlun?..

 Bu sərt sualdan Yasir özünü itirdi.

 -Cavab ver qoca əbləh, – deyə ikinci, əli qı­lınclı daha əsəbi halda astadan dilləndi.

 Yasir oğlunu müdafiə etmək üçün bir anın içindəcə yollar axtardı. Boğazına ilişmiş kəlbətin kimi barmaqlar indi onun sərbəst danışmağına da mane olurdu.

 -Cavab ver, hanı Əmmar?

 Yasir qeyri-ixtiyari: – Onun heç bir günahı

yoxdur. Məhəmməd Əl Əminin yanına onu mən gön­dərmişəm.

 -Axı, sənə demişdilər ki, oğluna öyüd-nə­si­hət ver, bu yaldan qayıtsın. – Birinci əli qılınclı sol əlini Yasirin boğazından çəkib yoldaşına tərəf çevrildi. – Neyləyək bununla?..

 İkinci əli qılınclı bir addım irəli gəlib qılıncın qəb­zəsi ilə Yasirin alnına vurdu. Sonra hikkə ilə dilləndi: – Əhd eləmişəm, Hübeli tavaf edəndə söz vermişəm ki, müsəlmanları işgəncə verə-verə öldürəcəm.

 Qoca Yasir huşunu itirib yerə yıxıldı. Birinci əli qılınclı Yasirin başı üzərində dayanıb uca səs­lə dedi:

 -Qoca əbləh sənin harana yaraşır müsəlman olmaq. Nə pislik eləmişik sənə. Yəməndən gə­ləndə acından ölürdün. Əl tutduq, evləndirdik. Ev-eşik sahibi oldun. İndi buynuz çıxarıb bizim dinimizə sataşırsan. Qıraram mən sənin buy­nu­zu­nu. – O, yerə yıxılmiış Yasirin başını təpiklədi. İkinci Əliqılınclı da ona qoşulub haldan düşmüş Yasiri ayağı ilə vurmağa başladı. – Hə, neyləyək, başını kəsib ərmağan aparaq?..

 -Yox, lazım deyil, daha bundan adam olmaz, sın­mamış sümüyü qalmadı. Əzab çəkə-çəkə ölə­cək.

 -Bəs Əmmar?..

 -Lazım deyil, səs-küy çıxmamış burdan uzaq­laşaq. Əlimizi nahaq qana bulamayaq.

 Qatillər beləcə kəsə söhbət edə-edə evlərin qara kölgəsinə çəkilib yox oldular.

 

* * *

 

 -Atası öləndən bəri üzü gülməyən Əmmar asta addımlarla Kəbəyə tərəf gedirdi. Yolda rast gəldiyi adamların bəzisi dostcasına gülümsəyib salam verir, bəziləri də onu görcək üz çevirir, do­daqaltı deyinirdilər. Bu üzçevirmələr, dodaqaltı deyinmələr onu narahat etmirdi. Bütün varlığı ilə inandığı həzrət Məhəmmədə(s) də bu adamlar riş­xənd edirdilər. Əmmarın Səfa təpəsinə getdiyi ilk gün yadına düşdü. Həzrət Məhəmmədə(s) öz əmisi Əbu Ləhəbin dediklərini xatırladı. Azğınlaşmış bu insan indi Əbu Cəhllə birləşib müsəlmanların ən qəddar düşməninə çevrilmişdi. Allah-taalanın bu insana qəzəbi tutmuş, onun barəsində «Təb­bət» surəsi nazil olmuşdu.

 Son günlər Əmmarın qəlbinə qəmginlik və süstlüklə bərabər, bir qorxu və təlaş da yol tap­mışdı. Yeni dindaşlarının az qala hər gün dö­zül­məz işgəncə və təcavüzlərə məruz qalması onu sarsıdırdı. Üməyyə ibn Xələfin köləsi Bilal Hə­bəşinin, yaxın dostu Suheybi Ruminin, Həbbab ibn Ərətin, Əbu Fukeyhənin çəkdiyi əzabları öz gözləri ilə görmüşdü. Bir neçə gün əvvəl isə Əbu Cəhl tərəfindən İslamı qəbul etmiş cariyə Zin­ni­rənin gözünün çıxarılması Əmmarı bərk narahat edirdi. Böyük qəbiləsi, arxası, köməyi olmayan Əmmar yaxşı bilirdi ki, bütpərəstlər təkcə atasını öl­dürməklə kifayələnməyəcək, nə vaxtsa onun özünü də cəzalandıracaqlar. Yox, onun qəlbinə nə qədər qorxu və təlaş soxulsa da, əqidəsindən dönmək fikrində deyildi. Artıq o Allahın bö­yük­lüyünə və vahidliyinə bütün varlığı ilə inanır, həzrət Məhəmmədi Allahın Rəsulu kimi tanıyır və qəbul edirdi. O, böyük Allaha pənah apar­mış­dı, köməyi də ondan gözləyirdi.

 «Bu dünya deyəsən namərdlərin, ri­ya­kar­la­rın dünyasıdır. Gücümüz çatacaqmı yolunu azmış bu insanlara həqiqəti anlatmağa. Ya Rəbbim, bizə səbr ver, dözüm ver, güc ver, qüvvət ver ki, biz­dən üz döndərənlərə, bizə rişxənd edənlərə haq­qı, hə­qiqəti tanıda bilək.» – Əmmar zikr edə-edə yoluna davam etdi. Dostu Suheybi Rumi onu göz­ləyirdi. Günorta namazlarını bir yerdə qılmaq üçün və­də­ləşmişdilər. Hər addımda onu təhlükə gözləsə də, Əmmar dindaşları ilə birlikdə namaz qılmaq, iba­dət etmək, həzrət Məhəmmədin tə­li­mi­ni din­lə­mək, Allah-taala tərəfindən nazil olmuş ayələri təkrarlamaq üçün hər gün beləcə dost­la­rı­nın gö­rü­şü­nə tələsirdi. Yeyin addımlarla Kəbənin ya­nın­dan keçəndə ətrafdakıların ona kinli bir nə­zərlə baxdığını gördükcə acı-acı gülümsündü. «Mis­gin­lər, bədbəxtlər, qəlb təmizliyini, ruh azadlığının ləzzətini siz hardan biləsiniz. Allahı dərk et­mə­di­yiniz halda özünüzün miskinliyinizi necə başa dü­şəsiniz…» – deyə Əmmar öz-özünə pıçıldadı.

 Əbu Cəhl özü qabaqda, qara qulu isə arxada öz kölgəliyinə tərəf tələsirdi. O Əmmarın yeyin addımlarla onun yanından keçdiyini görüb ayaq saxladı. Ovqatı korlandı. «Adamın sinəsinə belə dağ çəkərlər bax, indi gör nə yumaq kimi yu­mu­lub. Hələ bu harasıdır, qayıdıb bütlərə üz çe­vir­məyənə qədər səndən əl çəkəsi deyiləm.» – Öz-özünə deyinən Əbu Cəhl kölgəliyə çəkilib tax­tın­da əyləşdi. Əbasının qolu ilə yağlı və tüklü si­fə­ti­nin tərini sildi. Sonra əmrə müntəzir dayanmış qara qulu yanına çağırıb qulağına nə isə pıçıldadı. Qara qul qaça-qaça bir neçə adamla mübahisə edən Əsvəd ibn Abdi Yaqus tərəfə yollandı. Onu bir kənara çəkib sahibi Əbu Cəhlin sözlərini ye­tirdi. Əsvəd dostlarından ayrılıb nəzərlərini başını aşağı salıb öz yolu ilə gedən Əmmara tuşladı.

 -Bura baxın ey şəhər əhli, – deyə Əsvəd var səsi ilə danışmağa başladı.. – Bunlar yer üzünə hakim olmaq, İran şahının məmləkətini zəbt et­mək istəyirlər. – O, dediyi sözə əvvəlcə özü uca­dan güldü. Hamının nəzəri Əmmara tərəf yö­nəl­di. Onun nimdaş paltarı, qəmli çöhrəsi ət­raf­da­kı­larda gülüş doğurdu.

 Qara qul daha iki nəfərə yaxınlaşdı. Əbu Cəh­lin sözlərini onlara çatdırdı. İri gövdəli hər iki ca­van elə bil bu sözə bənd idilər. Məkkənin zəngin tacirlərindən biri olan Əbu Cəhlin tapşırığı on­la­rın sifətinə sanki quduzluq pərdəsi çəkdi. Azğın cavanlar yeyin addımlarla uzaqlaşmaqda olan Əmmarı səsləyib ona tərəf şığıdılar. Əmmar ba­şı­nı qaldırıb sürətlə ona tərəf gələn cavanlara baxıb onların kimliyini araşdırmağa macal tapmamış sö­yüş və ədəbsiz sözlərlə qulaqları doldu.

 -Atanın ölümü sənə bəs eləmədi?.. Yenə büt­lə­rə nifrin yağdırmağa gedirsən?..

 Təpik və yumruq zərbələrindən qıvrılıb açılan Əmmar qaçmağa çalışsa da, azğın cavanlardan ya­xa qurtara bilmədi. Sinəsi üstünə çökmüş leş kimi ağır gövdələrdən müdafiə olunmağa heyi qal­ma­mış­­­dı.

 Ətrafdakılar qızmar qum üstündə ölü kimi qal­mış Əmmarı nifrətlə süzür, ona rişxənd edirdilər. Əbu Cəhl məmnunluqla gülümsəyir, tapşırığı ye­rinə yetirmiş adamların üzünə baxaraq başının işarəsi ilə razılığını bildirirdi. Bütün bunlara bax­mayaraq Əbu Cəhlin intiqam hissi sönmür, ək­si­nə, daha da alovlanırdı. O Əmmarı öz əli ilə əziş­dirmək, yanındakı nizəni onun qarnına soxmaq is­təyirdi. Əmmarın isə beynində də, dilində də bir kəlmə söz dolanırdı: «La ilahə illəllah Mü­həm­mədin Rəsulallah.»

 

***

 

 Zəif şam işığı ilə işıqlandırılan alaqaranlıq otaqda hamı nəzərlərini bir yerə – ağır iş­gən­cə­dən sonra bayılmış Əmmar ibn Yasirə zilləmişdi. Əbu Bəkr, Osman ibn Ovfan, həzrət Əli, Süheybi Rumi, və başqaları palaz üzərində əyləşərək di­nib danışmır, elə hey fikirləşir, düşü­nürdülər. Gör­kəmlərindən qəm və kədər yağırdı. Həzrət Məhəmməd(s) Əmmarın lap yaxınlığında əy­ləş­miş­di. Adətən bu vaxtlar dini söhbətlər edən, nazil ol­muş ayələri izah və şərh edən həzrət Mə­həm­məd(s) də susurdu. Kədərli olduğundan baxışlarını məchul bir nöqtəyə zilləmişdi. Əli, qolu, ayağı sarıq içərisində olan Əmmarın huşu getmişdi. Onun ayılıb inildəməsi həzrət Məhəmmədi(s) də düşüncələrdən ayırdı. Ağır işgəncəyə məruz qal­mış Əmmar döyüldükdən sonra başına gə­lən­lər­dən xəbərsiz idi. O bilmirdi ki, Əbu Cəhl onu döydürdükdən sonra ürəyi soyumamış, oğlunun harayına gələn Süməyyəni döydürmüş nizəni onun qarnına soxub günahsız bir qadını həlak et­mişdi. Elə həzrət Məhəmmədə(s) də, onun ət­ra­fın­da­kı ilk müsəlmanlara da ən çox təsir edən Sü­məyyənin vəhşicəsinə öldü­rülməsi idi.

 Bu hadisələr yeni dini yayanların ilk itkiləri idi. Əmmarın atası Yasir kişi müsəlmanlar ara­sın­da, anası Süməyyə isə qadınlar arasında ilk şəhid kimi tarixə düşdülər.

 Həzrət Məhəmməd(s) başını aşağı salıb susurdu. Baş verən faciə onu dəhşətə gətirmişdi. İndi huş­suz Əmmarın başı üzərində dayanıb ondan nicat gözləyən bu məsum insanlara nə desin. Bir də gözucu Əmmara baxdı. O yavaş-yavaş özünə gə­lirdi. Ayılıb anasının da öldürüldüyünü biləndən sonra necə olacaqdı?

 Haldan düşmüş Əmmar gözünü açıb yerində qurcalandı, «ana» deyə səsləndi. Araya ölü bir sü­kut çökdü. Yaş dəsmalla onun dodaqlarını is­lat­dı­lar. Sonra bir udum su verdilər. Əmmar gözünü açıb ilk dediyi söz «anam hanı» kəlməsi oldu. Əbu Bəkr onun əlindən tutub dedi: – Anan Sü­mayyə Allahın rəhmətinə qovuşdu. – Əmmar gözlərini yu­mub inildədi. Bütün otaqdakılar hıç­qırıqlarını güclə boğdular. Əmmar nəzərləri ilə həz­rət Mə­həmmədi axtardı. Onların baxışları toq­quşanda Əmmar gücü çatacaq var səsi ilə dedi: «Əşhədü ənnə İlahə İlləllah, Əşhədi ənnə Mü­həmmədin Rəsulallah.» – Sonra sözünə davam edə­rək: – Mən də kəlmeyi şəhadətimi dedim. Mən də İslam yo­lun­da ölümə hazıram. Ən böyük tə­səl­lim isə Sizin mübarək üzünüzü indi gör­mək­dir.

 İnamla deyilmiş bu sözlər bayaqdan kövrəlmiş müsəlmanları cuşə gətirdi. Hamısı bir ağızdan «Əşhədü ənnə İlahə İlləllah, əşhədü ənnə Mü­həmmədin Rəsulallah. Biz hamımız İslam yo­lun­da ölməyə hazırıq.»

 Həzrət Məhəmməd(s) hiss etdi ki, nəsə deməli, ölümlərini gözlərinin qarşısına alan bu mü­səl­man­ları mübarizəyə ruhlandırmalıdır. Axı, onlar ölmək üçün yox, qalib gəlmək, İslami dünyaya yaymaq üçün bu dini qəbul etmişlər.

 Həzrət Məhəmməd(s) başını yuxarı qaldırıb kö­nüllərində din yolunda özlərini öldürmək istəyi olan dinbaşlarına baxanda özü də kövrəldi, ancaq bu ani oldu. Kövrəkliyini biruzə verməmək üçün sözə başladı:

 -Mömün müsəlmanın silahı onun duasıdır. Allah-taala kafirlərə qalib gəlmək, İslamı yaymaq üçün mənə silah yox, söz göndərib. Deməli, bi­zim sözümüz kafirlərin silahından güclüdür.

 Həzrət Məhəmməd(s) sözünə ara verdi. Baxışlar yenə ona dikildi.

 -Mənə öyrədilən ən vacib bir duanı sizə de­yəcəm. İslamın gücü bu iki kəlmədədir.

 -Ya Rəsulallah, öyrət bizə o duanı. – deyə ba­yaqdan ona diqqət kəsilən adamlar yer­bə­yer­dən dil­ləndilər.

 -Duaların ən üstünü «La İlahə İlləllahdır.» Çəkinməyin, qorxmayın bu kəlmələri deməkdən. Qəlbinizdə inam şamını yandırıb hər kimsənin üzünə deyin. Dostun da, düşmənin də. Qoy hamı bilsin ki, Allahdan başqa ibadət ediləcək ikinci məbud yoxdur. Mən isə onun yerdə elçisiyəm. Sizləri daim izləyən şeytanın vəsvəsəsindən qur­tulmağın yeganə yolu, «La İlahə İlləllahdır.» Bi­lin və agah olun ki, qəbul etdiyimiz İslamın gücü bu ilahi kəlmələrdədir. Biz müsəlmanlar mü­ba­ri­zə­yə nə ilə başlamışıq? İlahi kəlmələrlə, elə de­yilmi? Sizləri mən bura silah gücünə yığ­ma­mı­şam ki? Əl­bəttə yox. Allahın nazil etdiyi ayələrin gücü, cə­nab Cəbrayılın mənə dediyi ilahi kəl­mə­lə­rin gücü bizi bir yerə toplayıb. Gördüyünüz ki­mi də sa­yı­mız gündən-günə artır. Bu gün Əm­ma­rın başına gələn faciə bizim heç birimizi ruhdan sal­ma­ma­lı­dır. Müşrüklər qollarına güc verirlər. Biz ağlımıza. İslamın dəyərlərini, Allahın du­yur­duqlarını in­san­lara başa salmalıyıq. Axı, biz nə is­təyirik? Sülh, ədalət, bərabərlik, halallıq, yüksək əxlaq, – bun­dan gözəl nə ola bilər. Ona görə də fikirlərimizi adamlara başa salmağa çalışın. Du­a­larınızı ucadan edin. Qoyun «La İlahə İlləllah»ı hamı eşitsin. Ən sıxıntılı anlarınızda Allahın adını zikr edin. Bu du­anı oxuyun «Həsbunəllahu və ni­məl vəkil.»

 Həzrət Məhəmməd(s) bir qədər fikrə gedib son­ra sözünə davam etdi: – Allahın sevdiyi dörd kəl­mə var. «Sübhənallah, Əlhəmdüllah, La İlahə İl­ləl­lah, Al­lahu Əkbər.» Bu dörd kəlmə Allah dər­gahında ən çox sevilən sözlərdir. Bu kəlmələri is­tədiyiniz yerdə zikr edə bilərsiniz. Bu kəlmələrin səvabı sa­ya gəlməz. Mənə öyrədilən bir duanı da sizə de­yə­cəm.  -Həzrət Məhəmməd(s) coşquluqla dil­ləndi: – «La hauvlə vəla quv­vətə illa billah.» Bu dua dox­san doqquz dərdə dəvadır ki, onlardan ən üs­tü­nü hüzn-kədərdir. «İxlas», «Əl-Fələq» və «Ən-Nas» surələri nazil olandan sonra mənim heç bir təh­lükədən qorxum yoxdur. Bu Allah kə­lam­la­rı­nı bir­likdə oxumaq ölümdən başqa hər bir dərdin dər­manıdır. Bu ayələri oxuyan hər bir kimsə yerin, göyün bəlalarından uzaq olar. Xəs­tə­nin üzünə oxu­nub üfürülsə şəfa tapar. Bir təhlükə hiss edən­də bu ilahi kəlmələri oxuyun ki, gələn bə­laların qar­şısı alınsın.

 Həzrət Məhəmməd(s) yanında əyləşmiş həzrət Əlini(ə) göstərərək yenidən sözünə davam etdi: – Əli­yə bir dua öyrətmişəm ki, işləri çətinə dü­şən­də oxusun. İndi həmin duanı sizə də deyirəm. – «Al­la­hummə inni əsə lukə bihəqqi Mühəmmədin və ali Muhəmmədin. Ən tusəlliyə əla Muhəm­mə­din və ali Muhəmməd. Və ən tuncini min hazəl ğəm­mi.»

 Bu duadan sonra ani olaraq fikirləşən həzrət Məhəmməd(s) yenidən üzünü müsəlmanlara tutdu: – Üstunüzə düşmən gələndə «Allahu Əkbər» «La İlahə İlləllah» deyin. Əgər sidq ürəkdən vəcdə gələrək bu sözləri desəniz kafirlərin qılıncları da, nizələri də gözlərinizdə saman çöpünə çev­ri­lə­cək. Bir şərtlə ki, qəlbinizdə iman işığı olsun, özünüzü sidq ürəkdən Allaha təslim edəsiniz. On­da Allah da sizləri qoruyacaq.

 Əmmarın gözlərindən yaş sel kimi axırdı. Ha­mı kövrəlmişdi. Bunu duyan həzrət Məhəmməd(s) söhbətinin səmtini dəyişdi:

 -Əmmarın valideynləri olan Yasir və Su­may­yə ilk müsəlman şəhidləri olmaqla bərabər həm də cənnətin sakinləridirlər. Müsəlmanın son ama­lı nədir, cənnət sakini olmaq. Yasir və Sümayyə bu­nu hamıdan əvvəl qazandı. Allahın rəhməti ol­sun onlara. Onların dəfnini elə keçirməliyik ki, bu bir adətə çevrilsin. Bütün bunların hamısını cənab Cəb­­­rayıl mənə öyrədib. – Həzrət Məhəmməd(s) üzü­­­­nü Əmmara tutdu: – Əmmar, oğlum, sənə isə səbr arzulayıram. Bil ki, səbr də Allahın ad­la­rın­dan biridir və bir daha burada elan edirəm. Allah tərəfindən nazil olmuş ayələri adamlar arasında yaymaqdan çəkinməyin. Namazınızdan qalmayın, dualarınız dilinizdən düşməsin. Sizə tənə edənə də, məsxərəyə qoyana da Allahın kəlamı ilə ca­vab verin. Ən çətin məqamda «mən bağışladım, Al­lah günahınızdan keçsin», deyin. Halalı harama qat­mayın. Başqasının malına göz dikməyin, zina etməyin, qullarınızla, kölələrinizlə insaflı dav­ra­nın. Boş söhbətlərə uymayın, heç kimi məs­xə­rə­yə qo­yub gülməyin. Eyş-işrət məclislərindən uzaq olun. Bax, bu dediklərimə əməl etdikcə bi­zim gü­cü­müzü İlahi özü artıracaq. Siz bi­lir­si­niz­mi, qi­ya­mə­tə qədər nələrin olacağını? Allah-taala cə­nab Cəbrayıl vasitəsi ilə mənə çatdırıb. Mən gör­dük­lərimi görsəniz, bildiklərimi bilsəniz ayaq­la­rınızın al­tından yer qaçar. Müşriklərin və dost­la­rın da bü­tün niyyətləri mənə agahdır. Bilin ki, qə­lə­bəmiz elə də uzaqda deyil. Sadəcə çətinliklərə döz­mək la­zımdır. Bu gün Kəbəni tavaf etməyə bi­zə imkan ver­mirlər. Ancaq gün gələcək ki, bu Al­lah evinə yı­ğılmış bütləri məhv edib orda na­maz qılıb Al­la­ha dua edəcəyik. Bunu sizə mən vəd edirəm – İs­ma­yıl nəslindən olan Məhəmməd ibn Abdullah, Al­lahın yerdə elçisi, sonuncu pey­ğəm­bəri. Müş­rik­lər məndən möcüzə istəyirlər. Al­lah-taala bu­yur­sa, o möcüzələri də göstərəcəm. Mü­ş­riklər bil­mir­lər ki, Allahın nazil etdiyi hər bir ayə mö­cü­zə­dir. Bu ayələrin daxilindəki mənaları dərk etməyə on­ların dərrakəsi çatmır. Quranın sir­ləri yüz il­lər­dən, min illərdən sonra açılacaq. Çün­ki nazil ol­muş ayələr, bir günlük, beş günlük, on günlük de­yil. Qiyamətə qədər insanlar bu mö­cü­zəli sözlərin sir­rini açmaq üçün baş sın­dı­ra­caq­lar. İnanıb haqq yo­luna gələnlərin axirəti də yaxşı ola­caq. Vay inanmayanların, Allaha sığınma­yan­la­rın halına.

 -Ya Rəsulallah, biz də sidq ürəkdən inanırıq ki, bizim dinimiz haqqında hədyan deyənlər, ən şiddətli əzaba düçar olacaqlar. Amma indi və­ziy­yət daha da gərginləşib. Məkkə müşrükləri bizə göz açmağa imkan vermirlər. Hamı bilir ki, mən Məkkəyə gəlməyəm. Qardaşım Quranın ava­zın­dan, Sizdən danışdı. Mən də Məkkəyə gəlib Qu­ra­nı dinlədikdən sonra İslamı qəbul etdim. İndi bir ovuc müsəlmanın bütöv bir şəhər əhlinin əza­bı­na düçar olmasına dözə bilmirəm. Bizə bir ni­cat, ey Allahın Rəsulu.

 Əbuzərin sözləri hamını riqqətə gətirdi. Onlar bir ağızdan: «Bizə bir nicat yolu göstər, ey Allahın Rəsulu» – deyə dilləndilər.

 Artıq deməyə sözü qal­ma­mışdı. Nəinki onun ba­şına toplaşan mü­səl­man­lar, o özü hər addımda təh­qir olunurdu. Ancaq da­ha belə davam edə bil­məz­di.

 Həzrət Məhəmməd(s) mübarək başını qaldırıb su­al dolu baxışlarla ondan cavab gözləyən mü­səl­man­ları qayğılı-qayğılı süzdü, onların könlünü al­maq, qorxu xofunu ürəklərindən götürmək, səbr əta etmək məqsədilə Qurandan ayələr oxudu.

 İlahi kəlmələr yerdən göyə bülənd olduqca va­himəli bir ovqat yaradır, müsəlmanlar düşmən­lərin necə əzilməsini sanki gözləri ilə gö­rür, bu ilahi kəlmələr qanlarını coşdurur, nicat ta­pacaq­larına bütün varlıqları ilə inanırdılar.

 Həzrət Məhəmməd(s) sözünə ara verəndən sonra üstündən sanki dağ götürülmüşdü. Sifətinin rəngi avazısa da, taqətdən düşdüyü hiss olunsa da, ruhən sa­kit idi. Bu İlahi kəlmələr həzrət Mə­həm­mə­də(s) də düzgün qərar çıxarmağa imkan ya­rat­mış­dı.

 -Hicrət, nicat üçün Həbəşistana getmək.

 Həzrət Məhəmmədin(s) dilindən çıxan bu sözlər təsadüfi, ani bir düşüncənin məhsulu deyildi. Hə­bəşistana hicrət etmək barədə çoxdan dü­şün­müş­dü. Söylədiyi İlahi kəlmələrdən sonra sadəcə o qə­ti qərarını verdi. Çünki həzrət Mə­həmməd(s) bi­lir­di ki, Həbəşis­tanda təkallahlığa rəğ­bət var. Mü­səlmanlar hələ də İlahi kəlamların tə­siri altında idi­lər. Birinci dəfə idi ki, onlar həzrət Mə­həm­mə­din(s) təkidi ilə müsibət və bəlalardan xilas olmaq üçün birgə dua edirdilər. Ancaq tə­ləs­mək, ha­zır­laş­maq, yol tədarükü görmək lazım idi. Artıq on­lar əmin idilər ki, qulaqlarında cin­gil­də­yən ilahi kəlamlar onların yolunu işıqlan­dı­ra­caq­dır.

 Həbəşistana getməli olan  qafilə hazır idi.

Həbəşistana getməli olan ilk qafilə hazır idi. On bir kişi və dörd qadın. Həzrət Məhəmmədin məs­ləhəti ilə Osman ibn Məzun qəfilənin başçısı təyin olun­muş­du. Qəfiləyə Osman ibn Əfvan da qoşulmuşdu.

Həbəşistana hicrət olduqca gizlin saxlanılırdı. Müsəlmanlar yaxşı bilirdilər ki, məkkəli müş­rik­lər bu işdən xəbər tutsalar, hər vəhclə səfərə ma­ne olacaqlar. Çünki onlar İslam dininin başqa öl­kə­lə­rə yayılmasından ehtiyat edir və qorxurdular. Mü­səl­manları öz içlərində əzab-əziyyətə sal­maq­la, iş­gən­cə  Həbəşistana hicrət olduqca gizlin saxlanılırdı. Müsəlmanlar yaxşı bilirdilər ki, məkkəli müş­rik­lər bu işdən xəbər tutsalar, hər vəhclə səfərə ma­ne olacaqlar. Çünki onlar İslam dininin başqa öl­kə­lə­rə yayılmasından ehtiyat edir və qorxurdular. Mü­səl­manları öz içlərində əzab-əziyyətə sal­maq­la, iş­gən­cə verməklə, onları məsxərəyə qoy­maq­la məhv et­mək istəyirdilər. Hətta Məkkəyə zi­ya­rə­tə, ticarətə gə­lən adamlarla görüşməyi də yasaq et­miş­dilər.

 Bisətin beşinci ilində (miladi 616-cı il) Rəcəb ayında Hicrət edənlər namaz qılmaq bəhanəsi ilə Ərqəmənin evinə toplaşdılar. Hicrətdən əvvəl son namazlarını qılan müsəlmanlar sağ-salamat Həbəşistana çatmaq üçün dualar edirdilər.

 Həyəcan və təşviş içərisində olan mü­səl­man­lar ye­nə nəzərlərini həzrət Mə­həm­mə­də(s) tuş­la­dı­lar. Gecənin qaranlığında şölə saçan şam həzrət Mə­həmmədin(s) nurlu çöhrəsini daha da işıq­lan­dı­rır­dı.

 -Siz bu gün doğma şəhərinizdən ayrılırsınız. Bu­nun nə qədər çətin olduğunu mən yaxşı bi­li­rəm. – Həzrət Məhəmməd(s) sözə başladı: – Ancaq gün gələcək ki, siz bu şəhəri fəth edəcəksiniz. Yo­lunuz çətin, məşəqqətlidir. Hər şey sizin səb­ri­niz­dən və dözümünüzdən asılıdır. Siz Allahın hi­ma­yəsindəsiniz. Ona görə də Allah kəlməsi di­li­niz­dən düşməsin. Sizə bir-iki məsləhətim də var, – de­yə həzrət Məhəmməd(s) sö­zünə əlavə etdi: – Get­diyiniz məmləkətdə sizi sorğu-suala tu­ta­caq­lar. Danışanda Allah tərəfindən nazil olmuş ayə­lə­rə əsaslanın. Özünüzü ləyaqətli aparın. «Bir mü­səl­ma­nın sədaqətli və təmiz niyyətli olmasının sü­bu­tu odur ki, özünə aid olmayan işlərə qa­rış­ma­sın.» «Mö­min əslən o adamdır ki, özünə is­tə­di­yi­ni qar­daşına da istəmiş olsun.» – Həzrət Mə­həmməd(s) bir qədər fikrə gedib yenidən dilləndi: – İslam ba­rəsində sizdən soruşsalar, deyin «İslam mürəkkəb bir şəraitdə yarandı və sürətlə inkişaf edəcək. Ey möh­kəm imanı olanlar, sevinin!» Din barədə sizə su­al versələr, belə cavab verin: «Dinin əsası pis əməl­lərdən çəkinməkdir...» Al­lah-taala barədə soruşanlara «İxlas» surəsini söy­lə­yin.

 Gecə yarıdan keçmişdi. Artıq hicrət edənlərlə vidalaşmaq vaxtı idi...

 Gecənin zülmət qaranlığında bir dəstə adam səh­ranın intəhasız dərinliyinə doğru dayanmadan irə­li­ləyirdi. Məqsəd günəş doğana kimi Mək­kə­dən uzaqda olmaq idi. Qarşıda onları Qırmızı də­niz, ora­dan da Həbəşistana gedən dəniz yolu göz­lə­yir­di...

 Müsəlmanların Həbəşistana getməsindən xə­bər tutan Məkkə müşrikləri əvvəlcə hirslənib öz­lərindən çıxdılar. İş işdən keçdiyindən onlar yenə də müsəlmanları məsxərəyə qoymağa, onların adı­na ləkə yaxmağa, şər-böhtan deməyə baş­la­dı­lar.

 Həzrət Məhəmməd(s) səbrlə Məkkə müş­rik­lə­ri­nin işgəncə və təhqirlərinə dözür, Allahın nazil etdiyi ayələri müsəlmanlara çatdırırdı. Bütün qa­dağalara, yasaqlara baxmayaraq ilahi kəlamlar həz­rət Məhəmmədin(s) dilindən çıxması ilə Mək­kə­də yayılması bir olurdu. «Fatihə» surəsi mü­səl­manların dilinin əzbəri olmaqla yanaşı, müşriklər də bu surənin cazibəsinə düşəndə heyrətlərini gizlətmirdilər. «İxlas» surəsinin əzəməti isə müş­rik­ləri Allah-taala barədə daha geniş düşünməyə məc­bur edirdi. Müşriklər ən çox bu iki surənin Mək­kəyə gələn zəvvarlar və tacirlər tərəfindən eşi­dilməsindən ehtiyat edirdilər. Bu iki surənin ayələrini ilk dəfə eşidənlər möcüzə görürmüş ki­mi ayaq saxlayır, istər-istəməz Allah kəlamlarının tə­siri altına düşürdülər.

 Müşrikləri ən çox əsəbiləşdirən «ət-Təkasur» surəsinin ayələri idi.

 Onlar Haşim oğullarını harada görürdülərsə «Məhəmmədə deyin bizi öz Allahı ilə az qor­xut­sun. Az nifrin söyləsin bizə. O öz Allahı ilə da­nı­şanda ziyan-ziyan arxasınca gəlir üstümüzə.» – deyə qəzəblərini gizlətmirdilər.

 Həzrət Məhəmməd(s) Allahın Rəsuludur. And içi­rik ki, o özündən heç nə artırıb əskiltmir. Al­la­hın nazil etdiyi ayələri söyləyir. Sizləri həzrət Mə­həmmədin(s) yox, Allahın qəzəbi tutub. Cə­hən­nəm odundan xilas olmaq istəirsinizsə, bütlərdən üz çevirib gəlin «siratəl müstəqim» yoluna. Nə qə­dər gec deyil, daxil olun Allahın hasarına. Çı­xa­rın Allahın evindən o bütləri. Tək Allaha iman gə­tirin. Onda hər işiniz qaydasına düşər. – Həzrət Mə­həmməddən(s) təlim almış müsəlmanlar müş­rik­lər­lə mübahisədə əsl islam diplomatı kimi dınışır, fi­kirlərini Allah kəlamları ilə əsaslandırırdılar.

 Bir-birinin ardınca nazil olan ayələr müş­rik­lə­rin vahiməsini daha da artırırdı. Cəhənnəm qor­xu­su canlarına vəlvələ salırdı. Ərəb dilində ilk də­fə eşitdikləri bu sözlər onlara qılınc zərbəsi kimi də­yir­di: «əl-Qariə» surəsi nazil olandan sonra müş­rik­lə­ri daha böyük qorxu bürüdü. İlk dəfə eşit­dikləri «Və təkunul-cibalu kəl-ihnil-mənfur» (Dağ­lar isə di­dilmiş yun kimi olacaqdır.) kəla­mı­nın gücü sanki on­ları didib yun kimi etdi. Qi­ya­mət günündə öz­lə­ri­nin kəpənək kimi ətrafa sə­pə­lənəcəklərini (çə­yirt­kə kimi bir-birinə qatışa­caq­la­rını, cəhənnəmin di­bi olan Haviyədə məskən sa­lacaqlarını gözləri önü­nə gətirdikcə qorxudan ürəkləri partlamaq də­rə­cəsinə gəlirdi. Allah kə­la­mı­nın öldürücü gücü qarşısında süstləşib ət par­ça­sı­na dönürdülər.

 Keçmişi qul olan Bilal Həbəşiyə hər cür həd­yanlar deyən müşriklər bəzən onu şirin dillə din­di­rib soruşurdular:

 -Məhəmməd bizi indiyə kimi eşitmədiyimiz sözlərlə niyə qorxudur? Axı, biz, doğrudan da, qorxuruq bu sözlərdən. Cəhənnəmin dibini – Ha­viyəni gözlərimiz önünə gətirəndə canımızı va­hi­mə bürüyür.

 Bilal Həbəşi onlara əsl İslam diplomat kimi  cavab verərdi:

 -Dediyiniz sözlər Allahın kəlamlarıdır. Allah si­zin əməllərinizi görüb ayələri nazil edir. Al­lah­dan mükafat istəyirsinizsə, pis əməllərdən çə­ki­nin. Cəhənnəm həbsxanasına düşmək is­tə­mir­si­niz­sə, yaxşı işlər görüb Allaha pənah gətirin. Cən­nət səadətini, cəhənnəm əzabını seçmək sizin özünüzdən, əməllərinizdən asılıdır. Seçim sizin­ki­dir, əmr Allahın.

 

***

 

 Həbəşistandan alınan xoş xəbərlər həzrət Mə­həmmədi(s) ruhlandırırdı. Artıq Məkkədən uzaq­lar­da da İslam dini yayılmağa başlayırdı. Hə­bə­şis­ta­nın xristian kralı Nəcaşi müsəlmanlara hi­ma­yə­darlıq etdiyindən Məkkədə təhqirlərə məruz qa­lanlar da bu ölkəyə getməyə can atır­dı­lar.

 Birinci heyətin gedişindən təxminən bir il son­ra həzrət Məhəmmədin(s) göstərişi ilə ikinci he­yət Həbəşistana yola düşdü. Bu dəfə gedənlərin sayı səksən nəfərdən çox idi. Dəstəyə həzrət Əlinin(ə) böyük qardaşı Cəfər İbn Əbu Talıb baş­çı­lıq edirdi.

 Məkkə müşrikləri, xüsusilə Əbu Süfyan, Bə­lid İbn Muğirə, Əbu Ləhəb və Əbu Cəhl mü­səl­manların ikinci hicrətindən daha çox qə­zəb­lən­di­lər. Məkkənin rəisliyini demək olar ki, ələ ke­çir­miş Əbu Süfyan şəhərin əsl rəisi, Kəbənin açar­la­rını özündə saxlayan Əbu Talibə daha məsləhət etmədi. Bir tərəfdən son illər kasıblaması, digər tərəfdən həzrət Məhəmmədi(s) himayə etməsi büt­pərəst Qüreyşiləri Əbu Talibdən üz çevirməyə məcbur etmişdi. Bəni Üməyyə nəslindən olan hiyləgər Əbu Süfyan var gücü ilə Haşimiləri nü­fuzdan salmağa çalışırdı. O kiçik bir dəstə dü­zəl­də­rək Həbəşistana göndərməyi qərara aldı. Yola düşəcək bu dəstə Həbəşistanda Əbu Süfyanın adından danışmalı, qiymətli hədiyyələri krala təqdim edib müsəlmanları geri qaytarmalı idi.

 Əbu Süfyana ən çox təsir edən qızı Həbibənin əri Abdullah ibn Cəhşə qoşulub dəstəyə qatılması idi. Ata və anasının israrlı təkidinə, tənəsinə və əzablarına baxmayaraq Həbibə ərindən üz dön­dərməmiş, İslamı qəbul etmişdi.

 Əmir ibn As və Abdullah ibn Rəbinin baş­çı­lı­ğı altında olan heyət Həbəşistana yola düşdü.

 Məkkədən Əbu Süfyanın adamlarının gəl­di­yi­ni eşidən müsəlmanlar təşvişə düşdülər. Cəfər ibn Əbu Talib onları sakitləşdirdi: «Narahat ol­ma­yın, kralın bizlərə böyük ehtiramı var, Əbu Süf­yan kimdir ki, bizi geri qaytarmaq üçün adam göndərə, atam Əbu Talibin Nəcaşini vəsf edən şerini ona təqdim edəndə çox razı qaldı. O, Mək­kənin rəisi kimi Əbu Talibi tanıyır.»

 Cəfər ibn Əbu Talib dindaşlarını sakitləşdirsə də qəlbinin dərinliyində bir narahatlıq var idi. Bi­lirdi ki, Əbu Süfyanın adamları əliboş gəl­mə­yib­lər. Kralın bu hədiyyələrə meyl edib-etmə­yə­cə­yi­ni hə­lə dəqiq bilmirdi. Təkcə onu bilirdi ki, kral hə­qi­qə­ti bilmək üçün sarayda üzləşdirmə apa­ra­caq. Ona görə də bu vacib görüşə hazırlaşmağı qə­rara aldı.

 Cəfər ibn Əbu Talib zəndində yanılmamışdı. Ədalətli kral hər iki tərəfi dinlədikdən sonra qəti fikrini bildirməyi qərara almışdı.

 ...«Məryəm» surəsindən oxunan ayələr kral Nəcaşinin də digər saray əy         anlarının da qəlbinə ila­hi nur kimi axdı. Məkkə nümayəndələrinin is­rar­lı təkidinə baxmayaraq kral Nəcaşi mü­səl­man­la­rı himayə edəcəyini qəti bildirdi.

 Cəfər ibn Əbu Talibin kralın hüzurundakı ta­ri­xi nitqi İslamın möhkəmlənib inkişaf etməsində mühüm rol oynadı.

 Xristian kral Nəcaşinin bu ədalətli, alicənab hərəkəti İslam tarixində yaddaqalan hadisələrdən biri kimi müsəlmanlar tərəfindən əsrlər boyu qiy­mətləndirilmişdir.

 

***

 

 -Yox, daha belə davam edə bilməz. Gəlin bir də Əbu Talibin yanına gedək – deyə Əbu Cəhl əsəbi halda bildirdi.

 Əbu Süfyan kinayəli bir gülüşlə yerindən dil­ləndi:

 -Keçən dəfə bizi yaxşı doladı. Sözümüzü za­rafata yozdu. Əhəmiyyətsiz bir iş kimi baxdı bi­zim sözümüzə.

 Əbu Süfyan sözünü qurtarmamış Əbu Cəhl qəzəbini cilovlaya bilmədi:

 Bu dəfə sözümüzü ona qəti deməliyik. Ya Məhəmmədi tutduğu yoldan çəkindirməli, ya da onu himayə etməyi üzərindən atmalıdır. Əks təq­dirdə biz də Əbu Talibdən, bütün haşimilərdən üz döndərəcəyik.

 Əbu Ləhəb yerində vurnuxdu. Baxışların ona zilləndiyini görüb sifətinə sərt bir görkəm verdi. Bununla da bildirmək istədi ki, artıq onu nəsil, qə­bilə təəssübü maraqlandırmır. Bütün de­yi­lən­lərlə razıdır. Ancaq yenə vəziyyəti öz xeyrinə də­yişmək üçün astadan dedi:

 -Sizdən bircə iltimasım var. Məni Əbu Ta­lib­lə qarşılaşdırmayın. Nə qərar çıxarsanız mən razı. Ancaq Əbu Talıbin yanına mənsiz gedin. Mən onu yaxşı tanıyıram. İnanmıram ki, Məhəmmədi himayə etməkdən əl çəkə. Atam Əbdul Muttəlib kimi o da Məhəmmədi çox istəyir. Ölümünə razı olar, Məhəmmədi himayə etməkdən əl çəkməz.

 -Onda biz də bildiyimizi edərik. Qoca Əbu Talib Məhəmmədə görə bütün qəbilənin hə­ya­tı­nın pisləşməsinə razı olacaqsa, qoy olsun – Bəlid ibn Muğirənin bu sözləri söhbətə xitam verdi.

 Amma yenə Əbu Cəhl söhbəti təzələdi. Üzü­nü Əbu Ləhəbə tutaraq dedi:

 -Sən getsən də, getməsən də bizimləsən. Amma biz son və qəti sözümüzü sənin qoca qar­daşına bildirməliyik. Əgər nufuzunun itirilməsini istəyirsə, qoy Məhəmmədi yenə himayə etsin.

 

***

 

 İpək üzlü döşəkçə üzərində əyləşmiş Əbu Ta­lib qibtə olunacaq dərəcədə səbr və təmkinlə qar­şısındakı adamları dinləyir, müdrik bir sükutla on­ların ürəklərini tam boşaltmalarını gözləyirdi.

 Dil boğaza qoymayan As ibn Vail elə əsəbi bir bəlağətlə danışırdı ki, sanki Kəbə qarşısında şer söyləyirdi. Məkkənin ən zəngin, kübar adam­la­rın­dan biri olan Vəlid ibn Muğirə başını aşığı sa­lıb su­sur, arabir gözucu Əbu Talibə nəzər ye­ti­rirdi. An­caq müdrik Əbu Talib hiss edirdi ki, As ibn Va­il də, Utbə də, Şeybə də Vəlid ibn Mu­ği­rə­nin, hər­dən bir söhbətə ustalıqla müdaxilə edən Əbu Süf­ya­nın sözçüləridir. Tez qızışıb tez də so­yuyan Əbu Cəhl danışmasa da, yerində qur­ca­la­nır, ilan kimi qıv­rı­lıb açılırdı. Qonaqlar Əbu Ta­li­bin xətrinə dəy­mə­mək üçün nə qədər nəzakətlə danışsalar da, səs­lərindəki əsəbilik açıq-aydın hiss olunurdu.

 -Qardaşın oğlu Məhəmməd bizim dinimizə kinayə edib. Əcdadlarımızın inandığı bütlərdən adamları çəkindirməyə çalışır. Adamlar arasında çaşqınlıq yaradır. Onu bu işdən çəkindir. Ya da onu himayə etməkdən əl çək ki, biz işimizi bilək.

 Əbu Cəhlin dözə bilməyib əl-qolunu ölçə-öl­çə dediyi bu sözlərdən sonra Əbu Talib qamətini düzəldib iti baxışlarını Əbu Cəhlə zillədi. De­yə­cəyi sözü dilinin ucundan qaytarıb elə bu sərt ba­xışla da kifayətləndi.

 -Ya Əbu Talib, sənin hörmət və nüfuzun bi­zim üçün əzizdir. Ancaq insafını itirməyib qar­da­şın oğlunun sözlərinə diqqət yetir. Gör bir nə de­yir: «Bütlərə ibadət etmək müşrüklük və zə­la­lət­dir. Həqiqətdən uzaqlaşma və kafirlikdir.»

 Ortalığa ani bir sükut çökdü. As İbn Vail Əbu Cəhlin nahaq yerə hirslənmədiyini bildirmək üçün dediyi bu sözlərin nə qədər təsirli olduğunu görüb daha da coşdu:

 -Məhəmməd bu sözləri öz adından yox, uy­durduğu Allahının adındın deyir. Hamını inan­dır­ma­ğa çalışır ki, bu sözlər vəhy vasitəsi deyilir. Əmmar. Həbbab, Suheybi Rumi kimiləri də bu sözləri əzbərləyib camaat arasında yayırlar

 -Heç Əbu Bəkri demirsən, – deyə Əbu Cəhl yenidən söhbətə müdaxilə etdi. – Məhəmmədin sözlərini ceyran dərisinə yazdırıb asıb dü­ka­nın­dan, hər gün təkrar-təkrar oxuyur, başqalarını da öy­rə­dir.

  -Mən başa düşə bilmirəm, Əbu Bəkrin nə­yi­nə lazımdır təzə din. Adı, sanı, var-dövləti, – de­yə Əbu Süfyan yerindən dilləndi.

 Əbu Talib ondan cavab gözlənilməsinə bax­ma­yaraq yenə dinmədi. Bir müddət əvvəl də Mək­kə­nin bu əyanları onun evinə təşrif gə­tir­miş­di­lər. O vaxt onlar belə sərt və qəddar deyildilər. Sözləri həlim və mülayim idi. Sadəcə Əbu Ta­lib­dən qar­da­şı oğluna bir az öyüd-nəsihət verməyi xahiş et­mə­yə gəlmişdilər. Onda Əbu Talib qo­naq­larına bu mövzunu genişləndirməyə o qədər də im­kan ver­məmişdi. Sığallı təriflərlə, duzlu lə­ti­fə­lər­lə əyan­ları əyləndirib ziyafət verdi, xoş bir ov­qatla onları yola saldı. Həzrət Məhəmmədə(s) də bu barədə bir söz deməyi özünə rəva bilmədi. Öv­la­dı qədər çox istədiyi qardaşı oğlunun könlünü qır­maq istəmədi. Ancaq əyanların bu gəlişi əv­vəl­ki­nə bənzəmirdi.

 Əbu Talib qarşısında əyləşmiş əsəbi adam­la­rın gözlərini qırpmadan ona baxdığını görüb dil­lənməyə məcbur oldu: – Buyurun, buyurun, mən sizi dinləyirəm, – deyə yenə siyasət işlədib öz mövqeyini bildirməkdən yan keçdi.

 Əbu Cəhl Əbu Talibin çox ustalıqla fikrini bil­dirmək istəmədiyini duyub ayağa qalxdı. Qə­zəb­lə, hökm­lə və tez-tez danışmağa başladı: – Ya Əbu Ta­lib, sən bir söz demədin. Eybi yox, bunun əvə­zində biz qəti fikrimizi bildiririk. Əgər sən Mə­həmmədi bu yoldan çəkindirməsən, ya da öz hi­mayəndən çı­xartmasan biz özümüz onu da yo­lun­dan çə­kin­di­rə­cək, səninlə isə bütün əlaqələri kə­sə­cəyik.

 Əbu Cəhlin bu sözündən sonra hamı bir nəfər kimi ayağa qalxdı. Əbu Talib də açıq-aşkar ye­rin­dən tərpəndi. Qonaqlar onun bir kasa dəvə sü­dü­nü də içməsələr belə, Əbu Talib yenə heç nə de­mə­di. Əlinin və başının işarəsi ilə onları yola sal­mağa hazır olduğunu bildirdi.

 Bu cür rəsmi və əsəbi qonaq qəbulu heç də Əbu Talibin ürəyincə deyildi. Məkkənin ən nü­fuzlu adamları ilə qarşıdurma yaratmaq o qədər də asan deyildi. Bu harınlamış zəngin adamların hər birinin arxasında böyük bir qəbilə dayanırdı. On­ların sözünü yerə salmaq şəhər əhalisinin çox his­səsi ilə əlaqəni kəsmək demək idi. Onsuz da son illər zəifləmiş haşimilərin bu münaqişədən zərər çəkmələri aydın görünürdü. «Bəs onda ney­lə­mə­li? Mən də dönüb Əbu Ləhəb olummu? Onun ki­mi düşmənçilik edimmi qardaşımın ya­di­ga­rı ilə?.. Yox!.. Mən Əbu Ləhəb ola bilmərəm.» Öz-özü ilə söhbət edən Əbu Talib ögey qardaşı Əbu Lə­həb yadına düşəndə əsəbiləşərək yerində vur­nux­du. Ayağa qalxıb alaqaranlıq otaqda var-gəl etdi. «Qəbilənin adına ləkə gətirən Mə­həm­məd yox, Əbu Ləhəbdir. Var-dövləti artdıqca bə­ni Üməy­yə­nin quluna çevrilir. Qaynı Əbu Süfyan ki­mi Ha­şimilərə qənim kəsilir.» – deyə öz-özünə pı­çıl­da­dı. Onun Səfa təpəsində həzrət Mə­həm­mədə(s) həd­yanlar söyləməsi, son vaxtlar açıq-aşkar hər yerdə onun əleyhinə danışması Əbu Talibi qeyz­lən­di­rir­di. «Yaxşı ad qoyublar müsəlmanlar ona – alov ata­sı – Əbu Ləhəb.» Əbu Talib atabir, ana ayrı qardaşına qoyulan bu addan sanki təsəlli tapdı. «Əbu Ləhəb, Əbu Ləhəb» – deyə bu adı öz-özünə təkrarlayıb acı-acı gülümsündü. «Bu gün də utan­dığından mənim üzümə çıxmadı. Yoxsa heç də Məhəmmədə qarşı düşmənçilikdə Əbu Cəhldən, Əbu Süfyandan, İbn Muğirədən geri qalmır», – de­yə Əbu Talib düşündü.  «Yox, belə qar­daşlıq, belə qohumluq olmaz. O, arvadı Ümmü Cəmilin, qaynı Əbu Süf­yanın fitvası ilə bizimlə düşmənçilik etmək niy­yə­tin­dədir», – deyə Əbu Ta­lib yenidən qeyzləndi. Ona elə gəldi ki, evinə gələn adamların hər biri ilə istədiyi kimi dil tapıb həzrət Məhəmmədi(s) mü­dafiə edə bilər, təkcə Əbu Ləhəbdən başqa. «Yax­şı ki, Əbu Ləhəb onlara qoşulub bura gəl­mə­di, yoxsa özümü saxlaya bil­məyib dünyanın bütün çirkin sözlərini yağ­dı­rar­dım onun üstünə. İşini bi­lir, indən belə də çətin mənim gözümə görünə.» – Əbu Talib öz-özünə düşünüb otaqda var-gəl etdi. İndi o qəti qərara gəlməli idi. Ya həzrət Mə­həm­mə­di(s) müdafiə edib bütün şəhər əyanlarına qarşı çıxmalı idi, ya da həz­rət Məhəmmədi(s) tərk edib qoşulmalıydı Mək­kə müşriklərinə.

 Həzrət Məhəmmədin(s) qapıda görünməsi Əbu Talibi düşüncələrdən ayırdı. Bir anlığa onlar bir-birlərini diqqətlə süzdülər. Əbu Talib həzrət Mə­həmmədin(s) ilahi bir nurla işıqlanan məsum çöh­rə­sinə, etibar və sədaqətlə dolu olan gözlərinə bax­dıqca qəlbində öz qərarını verməkdə idi. O, hiss edirdi ki, həzrət Məhəmməd(s), bəlkə də, həyatının ən mühüm anlarını yaşayır və ona tuşlanan bu məsum baxışlar ondan yardım və kömək istəyir. Əbu Talibə elə gəldi ki, hər şey onun tutacağı mövqedən asılıdır. Əslində, bu həqiqət idi. Əbu Talib bilirdi ki, yalnız o həzrət Məhəmmədi(s) hi­mayə edib qoruya bilər.

 Həzrət Məhəmmədin(s) sual dolu baxışları Əbu Talibin üzünə dikili qalmışdı. Bir insan kimi ən çox güvəndiyi, hörmət etdiyi əmisinin bir kəlmə sözü onun üçün həyati əhəmiyyət daşıyacaqdı. Məkkə müşrikləri tərəfindən hər addımda sı­xıl­dı­ğı, tənələrlə qarşılaşdığı, sayca az olan din­daş­la­rı­nın işgəncələrə məruz qaldığı bir zamanda doğma əmisinin nə deyəcəyi onun üçün çox əhəmiyyətli idi. Başqa bir doğma adamının – ögey əmisi Əbu Ləhəbin hərəkətləri onu onsuz da bərk sar­sıt­mış­dı.  Buna səbəb Allah-taala tərəfindən «Təbbət» surəsinin nazil olmasıydı. Artıq bütün Məkkə əhalisi bilirdi ki, Allah-ta­a­la­nın Əbu Ləhəbə qəzəbi tutub. Surədə Əbu Lə­hə­bin arvadı Ümmü Cəmilin adının çəkilməsi onsuz da bəhanə axtaran bu qadını daha da qə­zəb­lən­dir­mişdi. Əbu Ləhəbin və onun ar­va­dı Ümmü Cəmilin hərəkətləri artıq düş­mən­çi­lik həddinə çatmışdı. Ona görə də indi Əbu Ta­li­bin rəyini bilmək onun üçün çox vacib və mühüm idi. Həzrət Məhəmməd(s) Məkkə zənginlərinin bir az əvvəl burda olduğunu, onların Əbu Talibin qarşısında hansı şərtlər qoyduğunu təxmini də ol­sa bilirdi. Bilirdi ki, onunla düşmənçilik edən bu adamlar hər vasitə ilə Əbu Talibi ondan üz dön­dərməyə çalışacaqlar.

 Baxışma uzun çəkmədi. Birinci Əbu Talib dil­ləndi:

 -Yanıma məsləhətə gəlmişdilər...

 Həzrət Məhəmməd(s) dinmədi.

 -Əslində, onlar məsləhətə yox, davaya gəl­mişdilər. Hədə, qorxu...

 Əbu Talib sıxıla-sıxıla sözünə davam etdi: – Ya Məhəmməd, sən mənim üçün ən əziz adam­lardan birisən...—O      , sözünə bir qədər ara verib yenidən əlavə etdi:-- Bir az əvvəl Əbu Cəhlin, Əbu Süfyanın, İbn Muğirənin burda nələr danışdığını eşitsəydin... Bütün Qüreyş qəbiləsi bizdən üz döndərmək is­təyir. Ancaq bütün bunlara baxmayaraq, sən öz işi­ni gör, mən nə qədər sağam onlar sənə heç nə edə bilməzlər. Bunlar öz yerində. Sən bir yadına sal, Şam səfərini, keşiş Bahiranın sözlərini. Mən səni səndən xəbərsiz o vaxtdan bəri qo­ru­yu­ram. İndən belə mən səni qorusam da, qo­ru­ma­sam da sən artıq Allahın nəzarətindəsən. Sən haqq yolundasan. Bu yoldan səni heç bir qüvvə döndərə bilməz. Günü sabahdan bütün haşimiləri bir yerə yığıb səni qorumağı tapşıracam. Sən bun­dan arxayın ola bilərsən. Ancaq unutma ki, bizi qarşıda çox böyük çətinliklər gözləyir. Qurey­şi­lər biz Haşimilərlə bütün əlaqələri kəsəcəklər. Eşit­diyimə görə əhdnamə yazmaq istəyirlər. Qoy nə edirlər etsinlər. Biz səni tək buraxmayacağıq. Məkkəni tərk edəsi olsaq da səndən üz dön­dər­məyəcəyik.

 Həzrət Məhəmmədin gözləri doldu. Nübüv­vət məqamına yüksələndən bəri ilk dəfə idi ki, sevincdən kövrəlirdi.

 

***

 

 Dindaşlarını müdafiə edə bilməyən həzrət Mə­həmmədin(s) özü hər addımda kinayəli sözlərlə, riş­xəndlə, hədə ilə qarşılaşırdı. Əzab və iş­gən­cə­lər­dən əzilən müsəlmalar yalnız inamlarının və ira­dələrinin hesabına yaşayırdılar. Həzrət Mə­həm­məd(s) hər dəfə onların çarəsiz baxışları ilə qar­şı­la­şan­da düşünür, düşünür, yenə düşünürdü. Məkkə müşriklərinin bu qədər qəddar və amansız olması onu daxilən incidir, sarsılmaq dərəcəsinə çat­dı­rır­dı. Yadına valideynlərini itirmiş Əmmara təsəlli verərkən onun dediyi son sözlər düşdü: «Ya Rə­su­lallah, sənin mübarək üzünü bir dəfə görmək mə­nim ən böyük təsəllimdir.» O vaxt ol­du­ğu kimi in­di də bu sözlər həzrət Məhəmmədə yeni ruh ver­di: «Yox, mənim bədbinliyə qa­pıl­ma­ğa, güşənişin olmağa, qapılıb bir yerdə qalmağa haqqım yoxdur. Mən, mən… Bəli mən Allah-ta­a­lanın yerdə el­çi­si­yəm. Bu çətinlikdən mü­səl­man­la­rı çıxartsam, Al­la­hın köməkliyi ilə mən çıxara bi­lərəm.»

 Namaza tələsən həzrət Məhəmməd(s) Varaqa ibn Nofəlin sözlərini xatırladı: «Sənə yalançı de­yəcəklər, əziyyət verəcəklər, yurdundan qova­caq­lar, səninlə döyüşəcəklər. Mən o günlərə qal­sam Allah üçün sənə kömək edərəm.»

 İlk dəfə bu sözləri eşidəndə həzrət Mə­həm­məd(s) nə qədər təəccüblənmişdi. İndi budur Va­ra­qa ibn Nofəlin sözləri öz yerini alırdı.

 Məkkə həzrət Məhəmmədi(s) sıxırdı, əzirdi. Ulu babalarının məskəni olan bu doğma şəhər gündən günə elə bil yadlaşır, ögeyləşirdi onun üçün. Nə həzrət Məhəmmədi(s), nə də digər müsəlmanları Kəbə evində namaz qılmağa, bu müqəddəs mə­ka­nı təvaf etməyə icazə vermirdilər.

 -Dayan, Məhəmməd.

 Həzrət Məhəmməd(s) fikirdən ayrılıb ayaq sax­ladı. Qarşısındakı Əbu Cəhl idi.

 -Mən sənə müharibə və savaş elan edirəm!..

 Əbu Cəhlin qəzəblə dediyi bu sözləri həzrət Məhəmməd(s) çox təmkinlə qarşıladı:

 -Mən isə səni haqqın yoluna çağırıram. La İlahə İlləllah.

 -Dön inadından Məhəmməd. Bizim əlimizi qana bulama – Əbu Cəhlin qəzəbi bir andaca ötüb keçmişdi. İndi həzrət Məhəmmədlə nəsihət verən adam­lar kimi danışırdı. – Bir az da haşimiləri sıx­saq qəbilən, nəslin üz döndərəcək səndən. Qa­la­caq­san tək-tənha. Qurtar peyğəmbərlik söhbətini, Məkkəni bütlərin qəzəbinə düçar eləmə.

 -Mən namaza tələsirəm. Gedək birlikdə bax, Allah kəlamlarını dinlə, əgər ruhun zə­hər­lən­mə­yib­sə, qəlbin təmizdirsə, ağlın dumanlanmayıbsa, onda dərk edəcəksən ki, Allah birdir. Ondan baş­qa ibadət ediləcək məbud yoxdur.

 -Əbu Cəhlin gözlərində şimşəklər oynadı. Qə­zəblə həzrət Məhəmmədin(s) üstünə qışqırdı:

 -Mənim hər şeydən xəbərim var. Sizin na­maz qılmağınıza da gizlincə baxmışam. Quran oxumağınızı da eşitmişəm. Hamısı yalandır, uy­durmadır. Sən peyğəmbər yox, bu şəhər üçün bə­lasan. Nə olar, dəvət edirsənsə, gələrəm sizin ya­nınıza. Ancaq necə gələcəm, mən özüm bilirəm.

 Həzrət Məhəmməd(s) vəhşi bir görkəm almış Əbu Cəhlə cavab verməyi artıq bilib yoluna da­vam etdi.

 -Get namaz qıl görüm, necə qılırsan. Bu saat Məkkənin dəliqanlı cavanlarını, məsxərəçilərini götü­rüb gəlirəm.

Əbu Cəhlin bağırtı ilə uzaqdan dediyi bu söz­ləri həzrət Məhəmməd(s) eşitmək belə istəmədi.

Əzan səsi kiçik bir otaqdan dalğa-dalğa Mək­kənin küçələrinə yayılırdı. Sayları gündən-günə artan müsəlmanlar üçün birlikdə kiçik otaqda na­maz qılmaq çətinləşmişdi. Ancaq onların bir yer­də olmaq arzusu, daim həzrət Məhəmmədi(s) din­lə­mək istəyi, mehribanlıq və səmimiyyət bu çə­tin­li­yi nəzərə çarpdırmırdı. Otaqdakı sıxlıq çətinlik yox, əksinə mehribanlıq yaradırdı.

Səcdədə olan müsəlmanlar qapının açılmasını,  Əbu Cəhlin başının dəstəsi ilə içəri dolmasını gö­rüb hiss etsələr də, ibadətlərini dayandırmadılar.

 Əbu Cəhlin işarəsi ilə namaz qılanların ət­ra­fında bir məsxərə əyləncəsi başladı. Onunla bir­lik­də gəlmiş bir neçə nəfər cavan ibadət edənlərə gülür, rişxənd edir, onları ələ salmağa çalışırdılar. Lakin nə həzrət Məhəmməd, nə də digər mü­səl­manlar sanki müşrüklərin sözlərini eşitmir, hə­rə­kətlərini görmür, heç nə olmurmuş kimi iba­dət­lə­ri­ni davam etdirirdilər. 

 -Nə oldu, qurtarın onun işini – deyə Əbu Cəhl qurşağında xəncər gizlətmiş iki cavanın üstünə çımxırdı. Ancaq müsəlmanların çoxluğu cavanları niyyət­lərindən çəkindirdi.

 Həzrət Məhəmməd(s) ətrafının Əbu Cəhlin adam­­ları ilə dolu olduğunu gördüyündən özü qəs­dən duaları ləngidirdi ki, onlar çıxıb getsinlər. Müşriklər görsün de­­yə əllərini Allah dərgahına açdı. Astadan öz-özünə pıçıldadı: «Bütün varlıqları ilə Allaha ina­nan­la­rın, məni Allahın elçisi hesab edib nicat göz­ləyənlərin üzünə baxa bilmirəm. Onlara tə­səl­li­dən başqa heç nə verə bilmirəm. Ancaq bir belə işgəncənin qarşısında onlar inamlarından dönmür, əksinə Allaha daha möhkəm bağlanır, məni tək buraxmırlar. Bəs mən neyləyim, ya Rəbbim? Əbu Cəh­lin son əməllərinə necə dözüm. Mənə bir ça­rə, ya Rəbbim. Mən hər şeyə dözərdim. Ancaq o mə­­ni ibadət etdiyim vaxt məsxərəyə qoydu, riş­xənd etdi, namazımı pozmağa çalışdı. Hətta adam­larına məni öldürməyi əmr etdi. Mənimlə birgə namaz qılanları da yolundan azdırmaq is­tə­di.»

 Müsəlmanlar həzrət Məhəmmədin(s) birdən-bi­rə susmasından təəccüblənmədilər. Hiss etdilər ki, Allahın Rəsulu öz-özü ilə söhbət edir. Bir ne­çə an keçməmiş çöhrəsinə xəfif bir meh toxundu. Bədəni tir-tir əsməyə başladı. Gözlərində bir göynərti vardı. Əbasını başına çəkib büründü. Ar­tıq o heç nə eşitmir, heç nə fikirləşmirdi. Bu vəhy məqamı idi. Bunu həzrət Məhəmməd özü hiss et­məsə də, namazlarını başa vurmuş müsəlmanlar duyur və nəfəslərini dərmədən həzrət Mə­həm­mədi(s) seyr etməklə kifayətlənirdilər. Həzrət Mə­həmməd(s) isə heç nəyin fərqində deyildi. O, mü­vəqqəti olaraq bu dünyadan təcrid olmuşdu. O, yal­nız dinləyirdi. Diktə olunan ilahi kəlamlar bir­ba­şa yaddaşına həkk olunurdu.

 Əbu Cəhl və onun adamları həzrət Mə­həm­mə­di(s) vəhy məqamında ilk dəfə gördüklərindən qor­xa­raq çıxıb getdilər. Sui-qəsd cəhdi baş tut­ma­dı.

 Nazil olmuş yeni ayələr həzrət Məhəmmədə(s) təsəlli verdi. O, bütün varlığı ilə inanırdı ki, ulu Tanrı onu da, onun arxasınca gələn müsəlmanları da darda qoymaz. O bilirdi ki, bu gün onun üstünə diş qıcayanlar sabah ona təzim edəcək və ehtiram göstərəcəklər. Tutduğu yolun düzgün olduğu gün kimi ona aydın idi.

 -Həzrət Məhəmməd(s) nəzərlərini ona zilləmiş müsəlman­lara baxdı. Baxışlardakı əsəbilik, təlaş və həyəcan açıq aşkar duyulmaqda idi. Əbu Cəh­lin və adamlarının rəzil hərəkətləri, sui-qəsd cəhdləri mü­səlmanları qəzəbləndirmişdi.

Həzrət Məhəmməd(s) bir qədər fikrə getdi. İlahi nur hələ alnında və çöhrəsində bərq vur­maq­day­dı.

 -Bilirəm, hirsli və qəzəblisiniz – deyə həzrət Məhəmməd(s) astadan dilləndi, – sonra davam edə­rək: – Bunun əvəzində mən sizi müjdələyirəm. Allah-taala cənab Cəbrayıl vastəsi ilə yeni ayələr nazil etdi.

 Həzrət Məhəmməd(s) sözünə ara verib üzünü katiblərə tutdu:

 -Hazırlayın qələminizi.

 Həzrət Məhəmməd(s) ona diqtə olunanları kəl­mə-kəlmə dilinə gətirdi. Sözləri aramla dedi ki, ayələri dürüst yaza bilsinlər.

 Ayələrin bu cür yazılışı artıq adət halını al­mış­dı. Allah-taala tərəfindən nazil olan ayələr həzrət Məhəmmədin(s) diqtəsi ilə bir neçə katib tə­rəfindən yazılır, sonra müsəlmanlar tərəfindən oxunub əzbərlənir və yayılırdı.

 Müqəddəs ayələri dinlədikdən sonra mü­səl­manların qəzəbi bir qədər soyumuşdu. Yeni nazil ol­muş ayələrdən ruhlanan həzrət Məhəmməd(s) inamla dedi:

 -Əbu Cəhlin cəzasını Allah-taala özü ve­rə­cək. Onu dəhşətli əzab gözləyir. İnsan cildinə gir­miş o iblislərin qorxusu yalınz Allah kə­la­mın­dan­dır. Görürsü­nüzmü artıq onlar burada yoxdurlar. Cə­nab Cəbrayılın gəlişi onları özləri bilmədən vahiməyə salmışdı.

 Həzrət Məhəmməd(s) sözlərinə ara verdi. Bir də dindaşlarına baxdı. Həmişə olduğu kimi indi də onlar az qala nəfəslərini dərmədən həzrət Mə­həmmədi(s) dinləyirdilər. Ancaq Əbu Cəhlin rəzil əməlinin do­ğur­duğu hisslər hələ tam əriyib yox olmamışdı. Həzrət Məhəmməd(s) bunu duyub ye­ni­dən dilləndi:

 -Ey mənim din qardaşlarım, ey Allahın mö­min bəndələri! İslamın ilk aşiqləri, bilin və agah olun ki, bizim əzab-əziyyətimiz ötəridir. Son mə­qam­da qalib gələn biz olacağıq. Çünki Allah bi­zimlədir.

 Həzrət Məhəmməd(s) bir anlığa fikrə getdi, yad­daşını vərəqlədi. Sonra üzünü yenidən mü­səl­man­­lara tutub əvvəlki inamla sözünə davam etdi:

 -Allah-taalanın nazil etdiyi bir ayəni də sizə xatırlatmaq istəyirəm: «Və Ləqədistuhziyə bi­ru­sulin min qəblikə fəhaqə billəzinə səxuru min­him makanubihi yəstəhziun».

“Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları  məsxərəyə qoyduqlarının özü məhv etdi

(Qurani-Kərim. «Əl-ənam» surəsi, 10-cu ayə)

 Deməli məndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuş, yerindən, yurdundan qo­vulmuşlar.

 -Ya Rəsulallah, Allahın nazil etdiyi ayələr bi­zim üçün hökm, sənin dediklərin qanundur. Zərrə qədər də qəlbimizdə şübhə toxumu yox­dur. Biz yenə səbr və təmkinlə susacağıq. Ancaq yer qulaqlıdır. Əbu Cəhlin bugünkü hərəkətindən Həmzə xəbər tutsa, hökmən qisas alacaq.

 Əbu Bəkr bu sözün kim tərəfindən de­yil­mə­si­nə əhəmiyyət verməyərək yerindən dilləndi:

 -Həmzə indi aslan ovunu buraxıb gəlib bir çaqqala əl qaldıracaq?

 Həzrət Məhəmməd söhbətə xitam vermək üçün dedi:

 -Mən nazil olmuş ayələri, Allahın kəlamını təkrar etmək istəmirəm. Ancaq bunu deyirəm ki, Allah-taala öz hökmündə heç vaxt yanılmır. Daha bir ayəni yadınıza salıram: «İnnəl ləzinə kər­rəbu bi-ayatina vəstəkbəru ənha la tufəttəhu ləhim əbvabussəma-i və la yədxulunəl-cənnətə hətta yəlicəl-cəməlu fi cəmmil-xiyati və kəra­likə nəczil-mucrimin».

 “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz(əməlləri, duaları qəbul olunmaz)” və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara(müşriklərə və kafirlərə) belə cəza verərik.

 (Qurani-Kərim «Əl-Əraf» surəsi, 40–cı ayə)

 

 Həmzə haqqında dediyinizə etiraz etmirəm. O bizdən xəbərsiz öz sözünü deyəcək. Mən isə çox istərdim ki, Həmzə bizimlə birlikdə olsun. Sizdən gizlətməyəcəm. Mən Əbu Cəhlin də öz tərsliyini ye­rə qoyub özünü Allaha təslim etməyini arzu­la­mı­şam. Nəinki, Əbu Cəhlin, Məkkənin ən nü­fuz­lu alamlarının bütlərdən əl çəkib İslamı qəbul et­mələrini istəmişəm. Ancaq görmüşəm ki, on­la­rın qəlblərində inam və iman işığı yoxdur. Ya­dı­nızda saxlayın. Bu gün bizə qənim kəsilənlərin çoxu əvvəl-axır Allah kəlamlarının qarşısında du­ruş gətirə bilməyəcəklər. Allah xofu döndərəcək onları bizim yolumuza. Ancaq Əbu Cəhlə aman yox­dur. Çünki Allah belə buyurub.

 

***

Hələ ömrümdə bu qədər gülməmişdim. Sən bir adamın az qala belinə çıxasan o isə ucadan «Al­lahu Əkbər» desin, – deyə Əbu Cəhlin adam­ların­dan biri ona xoş gəlsin deyə ucadan şaqqanaq çəkib güldü. Gözlərini yumub əlini əlinə vurdu. Digərləri də ona qoşuldular. Əbu Cəhl üzdən gü­lümsəsə də, daxilindəki kin və qəzəb onu didib parçalayırdı.

 -Nəyə gülürsünüz? Xəncəri   Məhəmmədin kü­rə­yinə saplamaqdansa, gülüb əylənməklə ki­fa­yətləndiniz.

 -Məhəmməd öndəydi. Bir o qədər tə­rəf­da­rı­nın yanında biz ona necə yaxınlaşaydıq.

 Söhbətin qəfildən başqa məcraya düşməsi, ovqatın dəyişməsi hamını susdurmuşdu. Sükutu yenə Əbu Cəhl pozdu:

 -Niyyətimiz baş tutmasa da, mən bir şeyi an­la­dım. Namaz qılan vaxt siz onları qı­lınc­la­say­dı­nız da çevrilib deməzdilər ki, niyə bizi öldürür­sü­nüz. Bəs onda biz niyə onların hamısını qılıncdan keçirmədik. Məhəmmədin haldan hala düşməsi niyə bizi vahiməyə saldı? Bu nə sirdir, nə mö­cü­zə­dir. Onlara heç bir zərər toxundurmamış ca­nı­mız­da bir qorxu çıxıb gəldik bura.

 -Daha nə etməliydik ki, güldük, məsxərəyə qoyduq, lağ etdik – deyə bayaqdan dil bağaza qoy­mayan cavan özünə haqq qazandımaq üçün or­ta­lı­ğa söz ataraq əvvəlki ovqatı təzələmək is­tə­di.

 -Yox! – deyə Əbu Cəhl hirsindən əlini qar­şı­sındakı mizin üstünə çırpdı. Kuzələr, badələr hə­rə­si bir tərəfə dağıldı – Siz heç nə bilmirsiniz. Məhəmməd sehrkardır, ovsunçudur. O bizi se­hir­lədi, bu sehr onların namazındadır. Görmədinizmi on­lar namaz qılanda ölümdən belə qorxmurdular. Daha onlarla məsxərə dilində danışdığımız yetər.

 Uzaqdan görünən toz burulğanı hamının diq­qətini çəkdi.

 -Gələn Həmzədir, – deyə kimsə vahiməli bir səslə az qala bağırdı. Cəngavər görkəmli Həmzə atını düz Əbu Cəhlin əyləşdiyi mizin qarşısına sürdü. Əlbəttə, bu Ərəb adətinə zidd idi, ancaq Həmzəyə heç kim bu hərəkəti irad tuta bilməzdi.

 -Sən mənim qardaşım oğlunu təhqir etmisən, hətta onu öldürdtmək istəmisən – Həmzənin ağ­zın­dan söz çıxması ilə əlindəki kamanın Əbu Cəhlin sifətinə dəyməyi bir oldu.

 Ətrafdakılar əllərini qılınclarına atıb qəbilə başçılarını müdafiə etmək istədilər.

 -Hə, kimin hünəri varsa, çıxsın irəli – deyə Həmzə ucadan səsləndi.

 Əbu Cəhl işin mürəkkəbləşdiyini görüb üzünə dəyən zərbəni unutdu. Ayağa qalxıb öz adam­la­rı­nı sakitləşdirmək üçün dedi:

 -Dayanın, sizi and verirəm böyük Hübelə,

dayanın. Həmzə haqlıdır. Günah bizimdir. Birinci biz onun qardaşı oğlunu təhqir etmişik.

 Yanan tonqalın üstünə elə bil su səpildi. Hamı sakitləşdi. Əbu Cəhlin ən çox qorxduğu böyük nüfuz sahibi olan Həmzənin Məhəmmədin tə­rə­fi­nə keçib İslamı qəbul etməsi idi. Elə düşündüyü ki­mi də oldu.

 Həmzə ətrafdakıların hamısı eşitsin deyə uca­dan səsləndi:

 -Eşidin və agah olun. Bu gündən mən də İs­lamı qəbul edirəm. Müsəlmanlarla kimin işi olsa, məni qarşılarında görəcək.

 -Həmzə sözünü deyib atın cilovunu çəkdi. Şa­hə, qalxmış at geri çevrilib yerindən ildırım surəti ilə götürüldü.

 -Hamı sükut içində idi. Nələr baş verdiyini və nələrin olacağını heç kim bilmirdi.

 -Həmzə həzrət Məhəmmədə(s) yaxınlaşıb onun qarşısında diz qatlayıb, baş əyib təzim etdi.

 -Həzrət Məhəmməd(s) ayağa qalxıb Həmzənin çi­yin­lərindən tutub onu dikəldərək mülayim bir səslə dedi:

 -Mənim yox, Allahın qarşısında baş əyib tə­zim edərsən.

 -Ey Allahın Rəsulu! Bu gündən mən də özü­mü bütünlüklə Allaha təslim edərək İslamı qəbul edir, peyğəmbər kimi sənə beyət edirəm. Son nə­fə­si­mə kimi səni müdafiə edəcək və düş­mən­lər­dən qoruyacam. Nəinki Əbu Cəhl, daha heç kim sənə nə sui-qəsd edə bilər, nə də sənə hədyanlar söyləyə bilərlər. Qılıncımı bu gündən Allahın və onun sonuncu peyğəmbərinin yolunda işlədəcəm.

 -Həmzənin bu sözlərindən sonra əmi və qar­daşoğlu qucaqlaşdılar. Müsəlmanlar kövrəlmişdi. Göz­lərdən sevinc yaşları axırdı. Həzrət Mə­həm­məd(s) daha deməyə söz tapmırdı. O sadəcə olaraq adlı-sanlı əmisinə bir addım kənardan iftixarla baxmaqla kifayətləndi. «Allahu Əkbər» sədası ət­rafa yayıldı.

 

***

 

 Məkkə muşrikləri Əbu Cəhlin dəvəti ilə Da­rün-nədvada toplaşdılar. Məsləhətləşmə yeri olan bu otaq Kəbənin yaxınlığında idi. Oradan bir qapı da Kəbə evi­nə açılırdı. Bu otaq Haşimi və bə­­ni Uməyyə qəbilələrinin ulu babası, bir vaxtlar Məkkənin böyüyü olmuş Qussay tərəfindən tik­di­rilmişdi. Darün-nəd­vada adətən məsləhətləşmək üçün şura təşkil olunurdu və burada çıxarılan qə­ra­rı, hökmü icra etmək qanun halını almışdı. Məkkə rəisləri adətən ən vacib, fövqəladə işlər üçün bura toplaşırdılar.

 Əbu Cəhlin təşəbbüsü ilə Darün-nədvaya top­laşan müşriklər həzrət Məhəmməd(s) haqqında qə­rar çıxarmağa tələsmədilər. Söhbət yeni dindən, həz­rət Məhəmməddən(s) getdiyindən hamı yenə Əbu Cəhlin sözə başlamasını gözləyirdi. Bəlid ibn Mu­ği­rə də, Əbu Süfyan da, As ibn Bail də, Üməyyə ibn Xələf də, Nadr ibn Haris də, Əsvəd ibn Mü­təl­lib də, Utbə ibn Rəbiə də susurdu. On­ların ürə­yin­dən qara qanlar axsa da, həzrət Mə­həmmədə(s) qar­şı kin və küdurət bəsləsələr də, hə­ləlik susur bir ne­çə gün əvvəl Həmzə tərəfindən təhqir olunmuş Əbu Cəhlin danışmasını göz­lə­yir­dilər. Həmzənin İslamı qəbul etməsi onları bir qədər düşünməyə, ehtiyatlı olmağa məcbur et­miş­di.

 -Niyə susursunuz, niyə danışmırsınız, – deyə Əbu Cəhl qəfildən qəzəbli bir bağırtı ilə dilləndi.

 -Həmzə tərəfindən vurulub təhqir olunan sənsən, sən də sözünü de.

 -Həmzənin bura nə dəxli var. – Əbu Cəhl ha­zırcavablıqla Əbu Süfyanın məkrlə dolu olan sö­zü­nü yarımçıq kəsdi. Sonra əlavə edərək: – La­zım gəlsəydi, Həmzəyə sizsiz də cavab verərdim. An­caq o haqlı olduğundan artıq qan tökülməsini istəmədim.

 -Bəs onda bizi bura niyə yığmısan – deyə Əbu Süfyan əsəbi halda bildirdi.

 -Ya Əbu Süfyan, sən ki, hər şeyi çox gözəl bilirsən, belə tikanlı sözlərə ehtiyac varmı? Yoxsa sən də Məhəmmədin ovsununa düşmüsən?

 -Yaxşı, gəlin qurtarağın söz güləşdirməyi – deyə hamıdan yaşlı olan Bəlid ibn Muğirə us­ta­lıqla söhbətin mövzusunu dəyişdi: – Mən sizdən az fikirləşmirəm. Ata-baba­la­rımızın inancı əldən gedir. Müsəlmanların sayı gündən-günə artır. Bə­li, gəlin etiraf edək ki, Həmzənin İslamı qəbul et­mə­si bizim üçün çox ağır zərbədir. Adlı-sanlı cən­ga­vər adamların Məhəmmədə yaxın düş­mə­si­nə imkan vermək olmaz. Sizdən nə gizlədim. Məhəmmədi dinləyəndən, Qurana qulaq asandan son­ra mən də tərəddüd içindəydim. Ona görə o vaxt sizdən fikirləşməyə möhlət istədim. O sehr­kardır, onunla söhbət edən istər-istəməz onun ca­zibəsinə düşür. O, adamların ürəyini oxuyur. Giz­lədilən şeyin yerini deyir. Onun əleyhinə da­nış­dıqlarımızın hamısı ona agah olur.

 -Bizi belə vahiməyə salmaqda fikrin nədir, ya Vəlid? – Əbu Süfyan yenidən yerindən dil­lən­di.

 -And olsun hübelə ki, onda heç bir sehr, filan yoxdur. Onun danışdıqları da, oxuduqları da keç­miş fars nağıllarıdır. – Nadr ibn Haris yerindən söz atdı.

 -Bu boyda Məkkədə bir dəliqanlı yoxdur ki, gedib onun başını bədənindən ayırsın, bununla da peyğəmbərlik məsələsinə son qoyulsun. – Əsvəd ibn Mütəllibin dilindən çıxan bu sözlər şuraya toplaşanları bir qədər düşünməyə vadar etdi.

-Deyirsiniz, yəni Haşim oğulları ilə qan da­vasına başlayaq, Məkkədə qan su yerinə axsın.

 Vəlid ibn Muğirənin dediyi bu sözlər elə bil yanan tonqalın üstünə su səpdi. Ancaq bu tonqalı Əbu Cəhl yenidən alovlandırdı:

-Bizim məqsədimiz tayfa davası deyil, işimiz Məhəmmədlədir. O ha­mı­nın, bütün Məkkənin düşmənidir.

 Əbu Ləhəb nədənsə danışmaq istəmirdi. Ürə­yindəki ürəyindəydi, fikirlərini aşkarlamaqdan ehtiyatlanırdı. O da Həzrəti Məhəmmədə(s) görə qəbilə da­va­sı­nın baş verməsini istəmirdi.

 -Mən son sözümü deyirəm, – deyə Əbu Cəhl əsə­bi halda dilləndi: – Daha bəsdir dözdüyümüz. Məhəmməd bizim allahlarımızı təhqir edir. Bizə «atalarınız səfehdir, siz və bütləriniz cəhənnəmin odunlarısınız» deyir. Biz isə ona gülürük, məs­xə­rə­yə qoyuruq. Məhəmmədi öldürməkdən başqa ça­rə yox­dur. Mən onu öldürənə öz malımdan yüz qızılı də­və və min vəqiə (bir vəqiə 20 dirhəmdir) ve­rə­cə­yəm.

 Hamı susdu. Əbu Cəhlin şimşək çaxan ba­xış­ları şuraya toplaşanların sifətlərinə tuşlandı. O öz fikrinin təsdiqlənməsi üçün cavab gözləyirdi.

 Ağsaqqal Vəlid ibn Muğirə Əbu Cəhlin tək­lən­məməsi üçün nəsə deməyi özünə borc bildi:

 -Düz deyir Əmr ibn Hişam, Məhəmməd bi­zim ata-babalarımızı təhqir edir, övladlarımızı, qohum-qardaşlarımızı ovsunlayıb yolundan az­dı­rır. Bu dava qəbilə davası yox, din davasıdır. Çün­ki İslamı təkcə haşimilər qəbul etməyiblər axı. Bu işlərin bütün günahkarı Məhəmməddir. Mən Əmr ibn Hişamın fikri ilə şərikəm.

 Adətən şurada az danışan Ömər ibn Xəttab yerində qurcalandı. Bünyadi qəbiləsinə mənsub olan Ömər ibn Xəttab müsəlmanlara ən çox əzab-əziyyət verənlərdən biri idi. Ancaq Ömərdən giz­lin yeznəsi və əmisi oğlu Səid ibn Zeyd və bacısı Fatimə müsəlmanlığı qəbul etmişdi. Əmisi Zeyd bütpərəstlikdən uzaq bir adam idi. Ailənin mü­hüm siması sayılan Naim ibn Abdullah da mü­səl­manlığı qəbul etmişdi. 33 yaşlı Ömər isə müş­rik­lə­rin tərəfində idi.

 -Məkkədə dəliqanlı axtarırsınız?

 Ömər ibn Xəttabın bu qəfil sualı hamının diq­qətini cəlb etdi.

 Ömər yerindən qalxaraq əlini sinəsinə qoydu:

 -Bu işi Ömər ibn Xəttabdan başqa heç kim gö­rə bilməz.

 Ətrafı heyrət və sevinc hissləri bürümüşdü. Ha­mı Öməri tərifləyir, onu daha da ruh­lan­dır­ma­ğa çalışırdılar.

 -Məhəmmədi günü bu gün öldürərəm, bir şərt­­lə ki, Əmr ibn Hişam (Əbu Cəhl) vədinə əməl et­sin.

 Əbu Cəhl:

 -Hübələ and içirəm ki, vədimə əməl edə­cəm.

 Bundan sonra hər ikisi Kəbəni təvaf edib qü­reyşilərin ibadət etdiyi Hübəlin qarşısına gəlib and içdilər.

 Ömər silahını qurşanıb Darün-nədvadan çıxdı. O, yol boyu açıq-aşkar elan edirdi ki, gedirəm Məhəmmədi öldürməyə. Ancaq Naim ibn Abdullahın bir kəlmə sözü onu yolundan ayırıb bacısı Fatimənın evinə göndərdi və həyat yolunu bütünlüklə dəyişdi. Bacısının  və yeznəsinin İslamı qəbul etməsindən hiddətlənən Ömər qəzəbini onların üstünə tökdü. Hətta onları öldürmək istədi. Ancaq bacısının al qan içində ola-ola «La İlahə İlləllah, Muhəmmədin Rəsulallah» deməsi onu fikrindən döndərdi. Qəlbinin dərinliyində qəribə bir hissin baş qaldırdığını duydu. Tərəddüd içində vurnuxdu. Bacısına əl qaldırdığına görə peşman oldu. Fatimə və Zeydin  gizlətdiyi «Ta.Ha» surəsinin 1-8 ayələrini oxuduqdan sonra isə ilahi kə­lam­lar onun qəlbini riqqətə gətirdi. Öz-özünə tək­rar­ladı həmin ilahi kəlamları.

 Bacısı ilə kiçik mükalimədən sonra Ömər ye­ni­dən öz-özünə: «Bizim səcdə etdiyimiz bütlərin isə heç bir şeyi yoxdur» – dedi.

 Öz səhabələrindən Ərkamın evində mü­səl­manlarla söhbət edən həzrət Məhəmməd(s) Ömər ibn Xəttabın gəlişini gözləmirdi. Gözətçilər Ömə­rin silaha qurşanıb gəldiyini xəbər verəndə həz­rət Məhəmməd(s) ətrafıdakıların təlaş ke­çir­mə­si­nə bax­mayaraq nurlu bir təbəssümlə gülümsədi. Allahın Rəsuluna Ömərin atrıq hansı niyyətilə gəldiyi agah idi. Öncədən hadisələri görən həzrət Mə­həmməd(s) Ömərin də xoş niyyətlə gəldiyini bi­lirdi.

 Beləliklə Ömər ibn Xəttab İslamı qəbul edən qırxıncı şəxs oldu.

 Elə həmin gün müsəlmanlar toplum halında Allah evi olan Kəbəni təvaf edərək orada açıq-aş­kar namaz qıldılar. Bu müsəlmanların özlərini bir qüvvə kimi göstərməsi idi.

 

***

 

 Əbu Talib zənnində yanılmamışdı. Əbu Süf­yanın başçılığı ilə Məkkə müşriklərinin gizlin söhbətlər aparması, müsəlman olmayan Haşim oğullarının sıxıntılara məruz qalması Əbu Talibin nəzərindən yayınmırdı. Həmzədən sonra Ömərin də İslamı qəbul etməsi, Kəbədə müsəlmanların birlikdə namaz qılması Məkkə müşriklərinin qə­zəbinə səbəb olmasını da Əbu Talib anlayırdı. Al­dı­ğı gizli məlumata görə həzrət Məhəmmədin(s) öl­dürülməsi haqqında qərarları da qüvvədə idi. Sa­dəcə fürsət və məqam axtarırdılar.

 Əbu Talib hadisələri qabaqlamaq, töküləcək qan­la­rın qarşısını almaq, bütün Haşim oğulları ilə birlikdə Məkkəni tərk etmək qərarına gəldi. Bir gecənin ərzində Haşim oğulları və müxtəlif qə­bi­lə­dən olan müsəlmanlar ailə və uşaqları ilə bir­lik­də Məkkənin yaxınlığındakı Şeybə yollandılar. Əbu Talibin məsləhəti ilə seçilmiş bu yer son­ra­dan Şeybi Əbu Talib (Əbu Talib dərəsi) ad­lan­dı­rıl­dı. Vəziyyət ciddi olduğundan Əbu Talib qə­bi­lə­ni qorumaq üçün mühafizə dəstəsi təşkil etdi. Şey­bi Əbu Talib elə yer idi ki, bir qoşunun qar­şı­sı­nı yüksəklikdə dayanmış kiçik bir dəstə ala bi­lər­di. Bununla kifayətlənməyən Əbu Talib həzrət Məhəmmədin(s) mühafizəsini də ayrıca təşkil etdi. Bu işi oğlu həzrət Əliyə(ə) və Həmzəyə tapşırdı. Qəbilədən kənarda qalan yalnız Əbu Ləhəb oldu. Arvadı Ümmi Cəmilin və qaynı Əbu Süfyanın tə­ki­di ilə o Məkkədən çıxmadı. Əbu Ləhəbin qə­bi­lə­yə gəlməyə heç üzü də yox idi.

 Həzrət Məhəmməd(s) və müsəlmanlar Mək­kə­də ol­masalar da, əmin-amanlıqda idilər. Daha on­la­rı in­ci­dən olmayacaqdı. Həzrət Məhəmmədin(s) ailə qay­ğıları da artmışdı. Yaşlaşmış Xədicə 1 yaşlı həzrət Fatimə bu köçkün həyatına uyğunlaşa bil­mirdilər. Həzrət Məhəmməd(s) yaxşı bilirdi ki, qar­şı­da onları ac­lıq, su qıtlığı, şəraitsiz çöl həyatı göz­lə­yir.

 Əbu Talibin bu hərəkətindən xəbər tutan Mək­kə müşrikləri, bir tərəfdən sevinsələr də, di­gər tərəfdən qeyzləndilər. Şəhərin 40 nəfər əyanı Dərün-nədvaya toplaşaraq Haşim oğulları həzrət Məhəmmədi onlara təhvil verməyincə onları be­lə­cə mühasirədə saxlamağı qərara aldılar. And içib əhd etdilər. Əhdi yazıb möhürlədilər. Əhd­na­mə saxlanmaq üçün Əbu Cəhlin xalası Ümmü Cülasa tapşırıldı. Bu əhdnamədən sonra Şeybi Əbu Talib mühasirədə qaldı. Həcc günlərindən başqa heç kimin Şeybə getməyə və oradan bir nə­fə­rin Məkkəyə gəlməsinə icazə yox idi. Əhd­na­mə­yə əməl etməyənlər ciddi cəzalanırdılar.

Şeybi Əbu Talibdə vəziyyət gündən-günə ağırlaşırdı. Ancaq Haşim oğulları və müsəlmanlar bu çətinliyə tab gətirməyə məcbur idilər. Həzrət Məhəmməd(s) oruc tutduğu günlərin sayını artırır, az yeyir-içir, yalnız ibadətlə – namaz qılıb dua et­mək­lə məşğul olurdu. Həzrət Məhəmmədin hə­yatını özləri üçün örnək götürən müsəlmanlar onun etdiklərini təkrar edirdilər.

 Əbu Talib boş vaxtı çox olduğundan həzrət Məhəmmədlə(s) daha çox təmasda olurdu. Bir gün yenə Əbu Talib həzrət Məhəmmədlə bir yerdə olanda ona bəzi məqamları xatırlatmağı özünə borc bildi.

 -Ey qardaşımın əziz yadigarı, görürəm sən öz dinində çox israrlısan. Sənin Allahın Rəsulu ol­mağına şübhəm yoxdur. Mən səni baban Əbdul Müttəlibin vəsiyyəti ilə uşaq vaxtından qoruyub bu günə çatdırmışam.

 -Bilirəm, əziz əmi, sənin çəkdiyin əziyyətin dəyərləndirilməsi üçün hər gün Allaha dua edi­rəm. Mənim adımın qiyamətə kimi yaşayacağı mənə agahdır. Mənim himayəçim kimi, mü­səl­manların tərəfdarı kimi sənin adın da mənim adım­la birgə çəkiləcəkdir.

 -Ya Məhəmməd gələcəyi görməyin, ön­cə­dən hər şeyi bilməyin sənin peyğəmbərliyinin əla­mət­lə­ridir. Sən gələcəyi görürsən, mən də keç­mişi. Sə­nə öz nəslimizdən, Qüreyşilərin ta­ri­xin­dən, Məkkənin həyatından bəzi söhbətlər edə­cəm.

 -Buyur əziz əmi.

 -Biz ərəblər hamımız İsmayıl övladlarıyıq. Buna baxmayaraq peyğəmbərə məxsus ilahi nur həmişə bizdə təcəllə edip.

 -Sən yaxın keçmişdən danışırsan, əziz əmi. Bizim əsil-nəcabətimiz Adəm peyğəmbərdən baş­layır. Bütün seçilmiş peyğəmbərlər əslində bir nə­sil­dəndir. İlahi nurun daşıyıcıları hamısı bir kök­dən­dir. Nəsildən nəsilə ötürülərək bu günə gə­lib ça­tıb. Sonuncu nur Allahın Rəsulu kimi məndə tə­cəl­lə edir. Ancaq mən sonuncu pey­ğəm­bər olsam da, nur sonuncu deyil. Mən bəşər öv­la­dı kimi ölüb dünyamı dəyişəcəm. Amma ilahi nur ölməzdir. Mən­dən sonra bu nur bütün nəslimizə paylanacaq. Məndən törənən bütün nəslimizdə bu nur təcəllə edə­cək və qiyamətə kimi onların al­nın­da par­la­ya­caq, qəlblərini işıqlandıracaqdır. Yer üzündə yeni, sonuncu peyğəmbərlə bağlı nəsillər yaranacaq. İn­san­lar, Allahın böyüklüyünə, va­hid­liyinə inanan mü­səlmanlar bu nəsildən—mənim övladlarımdan fay­da­la­na­caq­lar. O ki, qaldı bizim nəsil səcərəmizə o Ədnandan baş­layır. Ədnandan bu tərəfə hamısı məlumdur.

 -Əhsən məntiqinə, – deyə qoca Əbu Talib fə­rəh­lə dilləndi. Sonra əlavə edərək; – indi dərk et­dim ki, insanlar öz valideynlərindən, qohum-əq­ra­ba­la­rın­dan ayrılıb sənin arxanca niyə gedirlər.

 -Mən həqiqəti söyləyirəm, haqqı deyirəm. Mə­­nim sözlərim hiylədən, kələkdən, məkrdən, si­ya­sətdən uzaqdır. İlahi kəlamlara gəldikdə isə and ol­sun ki, mən özümdən heç nə artırmıram, ya­xud əksiltmirəm. Allah-taala cənab Cəbrayıl va­sitəsilə nə­yi mənə vəhy edirsə, onu da de­yi­rəm.

 -Elə buna görə də bütün Haşim oğulları əzab-əziyyətə qatlaşaraq səni müdafiə etməyə qalxıblar. Səndən ötrü bütöv bir nəsil evlərini, ra­hat həyatlarını tərk edib bura gəlib.

 Həzrət Məhəmməd bir qədər fikrə gedib son­ra dilləndi:

 -İnşallah, hamısı bəhrəsini görəcək. Allahın mükafatı cəzasından çoxdur.

 Əbu Talib yenidən əvvəlki söhbətinə qayıtdı: – Lap əvvəldən başlayacam – deyə həzrət Mə­həmmədin diqqətlə ona qulaq asdığını görüb coş­qunluqla dilləndi:

 -Bayaq çox düz dedin. Adəmdən İsmayıla ki­mi bizim əcdadlarımızdır. İsmayılın övladları yüz illərlə Məkkədə padşahlıq etmiş, Kəbə evini qo­ruyub saxlamış, dəfələrlə təmir etmişlər. Kəbə həmişə onların öhdəsində olmuşdur. Ulu babamız Ədnanın oğlu Məd olmuşdur. Məddən Nəzar, Nəzardan Müzər, Müzərdən İlyas, İlyasdan Müd­ri­kə, Müdrikədən Xəzrimə, Xəzrimədən Kənanə, Kənanədən Nəzr, Nəzrdən Malik, Malikdən Fəhr, Fəhrdən Qalib, Qalibdən Lüvəyy, Lü­vəyy­dən Kəb, Kəbdən Mürrə, Mürrədən Kilab, Ki­lab­dan Qussay, Qussaydan Əbdül Mənaf, Əbdül Mə­naf­dan Haşim, Haşimdən Əbdül Müttəlib, Əbdül Müttəlibdən də biz törəmişik. Həzrət İsmayıldan gə­lən ilahi işıq səndə təzahür edir.

 Həzrət Məhəmməd adəti üzrə gülümsədi. Əbu Talib sözünə ara verdi.

 -Buyur, ya Əbdül Mənaf – Həzrət Mə­həm­məd ilk dəfə idi ki, əmisinə öz adı ilə müraciət edir­di Əbu Talibin əsl adı Əbdül Mənaf idi. Bö­yük oğ­lu Talibə görə ona Əbu Talib (Talibin ata­sı) de­yirdilər. Artıq bu ada hamının dili öy­rənmişdi. De­mək olar ki, Əbdül Mənaf unudulub yaddan çıx­mışdı.

 -Babalarımızın adını sadalamaqda məqsədim var. Onlardan nəsilimizi axırıncı dəfə Məkkəyə toplayan, şəhəri dörd hissəyə bölüb Qüreyşiləri ora­da sakinləşdirən Qussay olub. Çox müdrik, mərd, igid adam imiş. Kəbədə hicabət (Hacılara xid­mət etmək), siqayət (hacılara su vemək), ri­fa­dət (hacılara yemək vermək), liva (əlamdarlıq) və nəd­və (məsləhətləşmək üçün şura təşkil etmək) və digər işlər onun öhdəsində idi. Ona «Məkkə evi­nin hicabət açarının sahibi» deyirdilər. Qussay elə böyük bir şəxsiyyət idi ki, Məkkədə ondan ica­zəsiz heç kim bir iş görə bilməzdi. Onun oğlu Əb­dül Mənafın iki əkiz oğlu oldu. Birinin adını Əmr qoydular, sonralar ləqəbi Haşim oldu. Di­gə­ri­nin adı Əbdülşəms oldu. Bu əkiz uşaqların alnı bir-birinə bitişik olduğundan onları qılıncla ayır­dı­lar. Bir ərəb bilicisi o vaxt deyib ki, bu iki uşa­ğın övladlarının arasında olan işlər qılıncla həll ediləcək. Haşimin övladlarına Haşim oğulları, Əb­dül­şəms övladlarına oğlu Üməyyənin adı ilə bəni Üməy­yə deyirlər. Kəbəyə sahib olmaq üçün bu iki nəsil arasında on illərdir ki, gah gizli, gah aş­kar mübarizə gedir. Kəbə evi həmişə bizim – Ha­şim oğullarının əlində olub. Üməyyənin nəvəsi Əbu Süfyanın da davası din davası deyil. Məqsədi Kə­bəyə sahib durub Məkkəyə rəislik etməkdir. Mən artıq qocalmışam. Öhdəmdə olan siqayət və rifadətin ixtiyarını qardaşım Abbasa borcum ol­du­ğu üçün vermişəm. Ancaq məndən sonra Haşim oğullarına nə qardaşım Abbas, nə də öz oğullarım rəhbərlik edəcək. Mən varis kimi səni seçmişəm. Çünki baban Əbdül Mütəllib belə istəmişdi. O İs­ma­yıldan gəlmə ilahi nuru səndə  gör­ürdü. Sən anadan olduğun gün Ərbəhənin başçılığı ilə yəmənlilər şəhərimizə hücum eləmişdi. Hamı qa­çıb gizlənmişdi. Baban Əbdülmüttəlib heç nə­dən çəkinmədən öz qoşunu ilə Məkkənin ya­xın­lı­ğın­da düşərgə salmış Ərbəhənin yanına getdi. On­ların arasında qəribə bir söhbət oldu.

 -«Məndən nə istəyirsən?» – deyə Ərbəhə so­ru­şdu.

 -Sənin adamların mənim dəvələrimi oğur­la­yıb­lar. Onları geri almaq üçün gəlmişəm.

 Ərbəhə heyrətlənir: «Mən Kəbəni dağıtmağa gəl­mişəm. Elə bilirdim bunun üçün xahişə gəl­mi­sən. Sən isə dəvələrinin qayğısını çəkirsən.»

 Baban bildirir ki, dəvələr mənim halal malımdı. Kəbənin də öz sahibi var. Mənim onu müdafiə etməyə nə gü­cüm çatar, nə haqqım. Allah evini Allah özü qo­ru­yur.

 Baban dəvələri geri alıb qayıdır. Bundan son­ra Ərbəhənin qoşunu içərisində elə bir xəstəlik yayılır ki, qırılan qırılır, qırılmayan başını götürüb qaç­mağı qənimət bilir. Deyilənə görə, qoşuna Al­la­hın quşları da hücum çəkir, caynaqlarından odlu daş yağdırırlar. Allah öz evini belə qoruyur. Hə­min hadisə neçə illərdir Məkkədə zərb-məsələ çev­rilib. Baban deyirdi ki, elə bil sənin dünyaya gəlməyin qorudu Allahın evini düşmənlərdən.

 Həzrət Məhəmməd yenə fikrə getdi. Xəyalı uzaq keçmişə qanadlandı. Babası Əbdül Mütəllibi göz­ləri önündə canlandırdı. O, Kəbənin köl­gə­sin­də xalça üzərində oturar, bütün nəsil onun işarəsi olmayınca ayaqüstə dayanıb onu dinləyərdi. Ba­ba­sı yalnız ona yanında – xalça üzərində otur­ma­ğa icazə verərdi.

 Həzrət Məhəmmədin qəfildən yadına nə isə düş­dü. Əmisinin üzünə baxaraq:

 -Deyirsən siqayət və rifadətin ixtiyarını Ab­ba­sa vermisən?

 -Hə, keçən həcc mövsümündə hacılara xid­mət göstərmək üçün ondan qızıl borc aldım. İndi mə­nim qızılım olmadığı üçün hər iki ixtiyarı ona ve­rib borcu əvəzləşdirdim.

 -Əziz əmi, sənə ərz edim ki, Abbasın öv­lad­la­rı bizdən sonra bu ixtiyardan xeyli fay­da­la­na­caq, Haşim oğullarının ad-sanını qaldırıb düş­mən­lərimizi məhv edəcək. Böyük bir xanidan ya­ra­da­caq­lar. Ancaq sənin və mənim övladlarıma qənim kə­siləcəklər. İlahi nurun tamam yox olmasına ça­lı­şacaqlar. Amma bacarmayacaqlar.

 -Gələcəyi peyğəmbər kimi yalnız sən bil­mə­yə qadirsən – deyə Əbu Talib deyilmiş fikrin üs­tün­dən ötəri keçdi. İsrarla bu günə qayıtdı:

 -Bizi bu vəziyyətə salan Əbu Süfyandır. Çox məkr­li, hiyləgər və fəndgirdir. Öz şəxsi mə­na­fe­yi­ni hər şeydən üstün tutur. O biriləri ilə dil tap­maq olar, sən özünü həmişə Əbu Süfyandan göz­lə. Mən bu gün varam, sabah yox. Haşim oğul­la­rı­nın rəhbəri kimi Əbu Süfyandan ehtiyatlı ol. Gö­rür­sən bizi məcbur edir ki, qılınca əl ataq, çünki bu gün o güclüdür. Qarşılaşsaq, məğlub olarıq. Ona görə də bu cür mühasirədə qalmaq daha sər­fə­lidir. Məkkədə ağıllı adamlar çoxdur. Hamımız bir-birimizlə qohumuq. Bizim belə əzab çək­mə­yi­mizə onlar dözməyəcəklər.

 -Hər şey Allahın əlindədir, əziz əmi, Al­lah­dan buy­ruq gəlsə günü sabah biz buranı tərk edə­rik. An­caq hələlik səbr edib dözmək lazımdır. O ki, qal­dı Əbu Süfyana, İnşallah o özü təslim olub mə­nə pə­nah gətirəcək. Məkkənin qapılarını öz əl­ləri ilə üzü­müzə açacaq. Kəbənin açarlarını özü bi­zə təq­dim edəcək. Sən qətiyyən narahat olma. Al­lah özü hər işimizi qaydasına qoyacaq. Mən bir pey­ğəmbər ki­mi sinaqdayam. İnanıram ki, bu sı­naq­dan da, qar­şı­dakı daha ciddi sınaqlardan da al­nı­­açıq çıxacam.

 Şeybi Əbu Talibdə mühasirə üç il çəkdi. Ha­şim oğulları və müsəlmanların dözümü son həddə çat­mışdı. Aclıq və qıtlıqdan uşaqlar fəryad edir­di­lər. Məkkə müşriklərindən bəziləri bağlan­mış əhd­namədən peşiman olmuşdular. Haşim oğul­la­rı­na qohum olan məkkəlilərdən bəziləri əhd­na­mə­ni gizli surətdə pozaraq Seybi Əbu Talibdə ya­şa­yanlara ərzaq, qida məhsulları göndərmişdilər.

 Məkkəlilərdən beş nəfər Şiham ibn Əmr, Zü­heyr ibn Üməyyə, Mötəm ibn Ədiyy, Əbul Bəx­tə­ri, Zəmət ibn Əsvəd sözü bir yerə qoyaraq əhd­na­mənin yazıldığı səhifəni cırıb mühasirəni ləğv et­mək qərarına gəldilər.

 Həzrət Məhəmməd(s) öz işində idi. Nazil olun­muş ayələri müsəlmanlara çatdırır, ibadətini da­vam et­dirirdi. Çöl həyatına tab gətirməyib xəs­tə­hal olan Xə­dicə də hər gün sual dolu baxışları ilə həz­rət Mə­həmmədi(s) süzür, bir söz deməsə də, ba­xış­ları ilə bu iztirablara nə vaxt son qoyulacağını so­ruşurdu. Bü­tün varlıqları ilə Allaha bağlı olan mü­səlmanlar da həzrət Məhəmməddən(s) bir söz so­ruşmağa cə­sa­rət etmirdilər. Onlar yaxşı bi­lir­di­lər ki, həzrət Mə­həm­məd(s) Allahdan buyruq gəl­mə­sini gözləyir.

 Əbu Talibin də səbri daşmaq üzrə idi. Yaşlı və ağsaqqal vaxtında qıtlıq onu üzmüşdü. Hiss edirdi ki, ömrünün son illərini yaşayır. O, bir gün həzrət Məhəmmədlə(s) ciddi söhbət edib məsələni birdəfəlik həll etmək qərarına gəldi.

 -Ya Məhəmməd, ey Allahın Rəsulu, gücü­müz, qüvvəmiz tükənmək üzrədir, dözümü­müz son həd­də çatır. Heç kim sənə cəsarət edib bir söz deyə bil­mir. Özün də şahidsən ki, Haşim oğulları üç ildir hər əzaba qatlaşırlar. Belə getsə hamımız burada məhv olacağıq. Bizə bir əlac. Bir çıxış yolu tap ki, əzab-əziyyətdən qurtulaq. Bir möcüzə göstər ki, məkkəlilər gözləri ilə görüb in­sa­fa gəlsinlər.

 Həzrət Məhəmməd(s) xeyli fikirləşəndən sonra bir gün vaxt istədi.

 Bu bir gün bir il qədər uzun gəldi Şeybi Əbu Talibin sakinlərinə. Artıq hamı bilirdi ki, bir gün­dən sonra Allahın Rəsulu öz həlledici sözünü de­yə­cək. Həmin gecə namazdan sonra həzrət Mə­həm­məd(s) müsəlmanlara «məni tək buraxın» de­yib ge­cə səhərə kimi namaz qılıb dua etdi. Diləyini Al­lahdan istədi.

 Səhəri gün əmi ilə qardaşoğlu yenidən gö­rüş­dü­lər.

 -Bu gün təcili get Məkkəyə. Atını düz Darün nədvanın yanına sür. Bu gün orda toplantı var. Beş nəfər bizi istəyən mühasirəni ləğv etmək, bi­zim Məkkəyə qayıtmağımız üçün söz deyəcəklər. Sən də qoşul onlara. Sözünü ötkəm və inamla de. De ki, müşriklərin yazdığı əhdnamə artıq yoxdur. Al­la­hın göndərdiyi kiçik bir güvə əhdnaməni ye­yib. Yal­nız Allahın adı yazılmış hissə qalıb. Sö­zü­nün üs­tündə möhkəm dur. De ki, əgər mən de­di­yim ki­mi olmasa, Məhəmmədi(s) sizə təhvil ver­mə­yə ha­zı­ram. Mənim deyəcəyim bu qədər. İndi sən tə­ləs, da­ha məndən heç nə soruşma. Allah-taala sa­bah­dan bizim Məkkəyə dönməyimizə icazə ver­di.

 Əbu Talib Darün-nədvaya gəlib içəri daxil olanda bura toplaşanların mübahisə etdiyini gör­dü. Əbu Talibi görəndə hamını heyrət bürüdü. Onun zəhmli baxışları, əzəmətli görkəmi mü­ba­hi­sə­ni yarımçıq kəsdi.

 Əbu Cəhlə elə gəldi ki, Əbu Talib mühasirədə yaşamaqdan bezib, ona görə də Məhəmmədi(s) təh­vil vermək üçün danışığa gəlib. O, gülümsəyərək üzü­nü bayaqdan əhdnaməni ləğv etmək üçün minnətə gələn beş nəfər əyana tutdu:

 -Gördünüz, axır ki, Əbu Talib özü gəlib çıx­dı.

 -Gəldim, amma başqa məqsədlə.

 -Nə məqsəd? – deyə Əbu Cəhl Əbu Talibin sözünü kəsdi:

 Əbu Talib amiranə bir tərzdə: – Sözümü kəs­məyin, diqqətlə mənə qulaq asın.

 -Eşidirik səni, – deyə Əbu Süfyan kinli ba­xışlarla Əbu Talibi süzdü.

 Əbu Talib Əbu Süfyana əhəmiyyət ver­mə­yə­rək sözünə davam etdi:

 -Mən sizə qardaşım oğlu Məhəmmədin söz­lərini çatdırıram. O dedi ki, qohumlar arasına əda­vət salan əhdnaməni Allahın izni ilə güvə yeyib. Də­ri üzərində qalan yalnız Allah kəlməsidir. İndi onu gətirin hamımız birlikdə baxaq. Əgər Mə­həm­məd dediyi düzdürsə, ona qarşı kin və əda­vət­dən əl çəkin. Yox, əgər yalan deyirsə, mən ge­dib onu gətirib sizə təhvil verməyə hazıram.

 Ortalığa dərin bir sükut çökdü. Bir anlığa ha­mı Əbu Talibin dediyi fikri araşdırmağa çalışdı.

 -Daha bundan gözəl fikir nə ola bilər – deyə Hi­şam ibn Əmr, Züheyr ibn Üməyyə, Mötəm ibn Ədiyy, Əbul Bəxtəri, Zəmət ibn Əsvəd yer­lə­rin­dən dilləndilər.

 Deyilənlərdən çaş-baş qalan Əbu Süfyan, Əbu Cəhl, Bəlid ibn Muğirə, Üməyyə ibn Xələf, As ibn Bail, Nadr ibn Haris, Ütbə ibn Rəbiə, Əsvəd ibn Müttəlib, Haris ibn Təlatilə, Haris ibn Qeys və başqa müşriklər bilmirdilər nə desinlər. Əbu Lə­həb isə utandığından böyük qardaşının üzünə ba­xa bilmir, başını ovuclarında gizlədib susurdu.

 Əbu Cəhl tərəddüd içində idi. Yadına həzrət Mə­həmməd(s) Quran oxuyarkən ona gizlincə qulaq as­mağı düşdü. Daxilini bir vahimə, sarsıntı bü­rü­müş­dü. Əbu Süfyanı vahiməyə salan Əbu Talibin zəhm­li baxışları, sözlərindəki amiranəlik idi. «Ye­nidən Məkkəni zəhərləyəcəklər bunlar» – de­yə öz-özünə pıçıldadı.

 Bəlid ibni Muğirə öz-özü ilə söhbətdə idi. «Əbu Talib bir şeyə əmin olmasa, belə, ürəkli da­nış­maz. Biz zənnimizdə yanılmışıq. Məhəmməd, deyəsən, əsl peyğəmbərdir. Səhv mənimkidir. Gərək mən Məhəmmədi dinlədikdən sonra hə­qi­qə­ti danışaydım. Ancaq daha ondan keçib. Qü­ru­ru­muzu sındırmaq bizə yaraşmaz. Qoy əhd­na­mə­ni gətirsinlər, hər şey aydın olsun.» Bu daxili söh­bətdən sonra Bəlid ibn Muğirə bayaqdan bəri ota­ğa çökmüş daş sükütü pozdu.

 -Gətirin əhdnaməni. Mən Əbu Talibin fikri ilə razıyam.

 Əhdnaməni gətirmək üçün adamlar yollandı. Əbu Talib öz kəsərli, məntiqli sözləri ilə heç ki­min etiraz etməsinə yer qoymamışdı. Əbu Cəhl və Əbu Süfyan yerlərində qurcalansalar da, de­mə­yə söz tapmırdılar. Hazırcavab Nadr ibn Haris də susurdu. Daha onun Həmişə misal gətirdiyi fars rəvayətlərinin yeri deyildi. Bir azdan hər şey göz­lə görüləcək, aydınlaşacaqdı.

 Hamı əhdnamənin gətirilməsini səbirsizliklə gözləyirdi. Həyəcan və təlaş baxışlarda və si­fət­lər­də aydın hiss olunmaqdaydı.

 Darün-nədvanın qapısının qəfil açılması ilə ba­xışların gələn adamın böyüyüb hədəqədən çıx­mış gözlərinə, tükləri biz-biz olmuş saqqalına töy­şüyən sinəsinə tuşlanması bir oldu.

 -Əhdnamədən qalan budur – deyə içəri daxil olan şəxs titrək, həyəcanlı bir səslə dilləndi. Əlin­dəki deşik-deşik olmuş məktubu Əbu Süf­ya­na uzatdı.

 Dəmir iradəli, hiyləgər Əbu Süfyan heç nə ol­mayıbmış kimi deşik-deşik dərini o tərəf, bu tə­rə­fə çevirdi. Diqqətlə ona baxdı. Həmin əhdnamə idi. Güvə yediyi açıq-aşkar hiss olunurdu. Orada «bis­mikəllahumə» (Cahiliyyət döv­ründə mək­tub­la­rın başına bu kəlməni yazırdılar) kəlməsindən baş­qa söz qalmamışdı. Elə bil güvə xüsusi bir əmr­lə bü­tün hərflər olan yeri yemiş, dərini deşik-de­şik et­miş­­di.

 Hamı bir-bir güvə yemiş əhdnaməni əlinə alıb diqqətlə baxdı. Daha mübahisə etməyə söz qal­mamışdı. Müşriklərdən bir neçə nəfər xəcalətdən ba­şını aşağı salmışdı. Əbu Süfyan, Əbu Cəhl və Əbu Ləhəb nə qədər fikirləşirdilərsə, bəhanə ta­pa bilmirdilər. Əbu Talibin tələbi yerinə ye­ti­ril­mə­li idi.

 Əbu Cəhl nəhayət ki, sakit dayana bilməyib vəziyyəti öz xeyrlərinə dəyişmək məqsədi ilə dil­lən­di:

 -Əşi, bu bir təsadüfdür. Güvə dəri yeyər də.

 Bəlid ibn Muğirə onun sözünü kəsdi:

 -Daha bu məsələ bitdi. Bir neçə atlı Əbu Ta­libin adamları ilə gedib bütün mühasirədə olanları ge­ri qaytarsın. Hər kəs öz evində yerləşdirilsin. Kim kimin evindən, dükanından nə götürübsə ge­ri qaytarsın.

 Bu sözə ən çox şad olan mühasirədəkiləri azad etmək üçün xahişə gəlmiş həmin beş nəfər ol­du.

 Əbu Cəhl yenidən ayağa qalxıb xüsusi bir əda ilə dilləndi.

 -Ya Əbu Talib, sən də qardaşın oğluna tapşır ki, bütlərə hədyan deməkdən, bizə nifrin və qar­ğış etməkdən əl çəksin. Üç il ərzində siz orada əziy­yət çəkmisiniz, biz də burada. Mal-heyvan­la­rı­mız tələf olub, ölənlərimiz ölüb, qalanlarımız da sağ ca­na həsrətdi. Gəlirimiz azalıb, çıxarımız ar­tıb, biz ona dəyməyəcəyik. Onun da bizimlə işi ol­masın. Əgər olsa, bu dəfə daha ciddi tədbirə əl ata­cağıq.

 Əbu Talib istədi nə isə desin, ancaq söz di­li­nin ucundan qayıtdı. Məqsədinə nail olduğundan söhbəti təzələmək istəmədi. Heç nə demədən ra­zı­lıq baxışları ilə Əbu Cəhlə baxıb otaqdan çıxdı. Bayırda hamı ilə xudafizləşsə də, ögey qardaşı Əbu Ləhəbə çatanda üz çevirdi.

 Həmin gün Şeybi Əbu Talibdə mühasirə sona çat­­­dı. Hamı evinə döndü. Həzrət Məhəmməd(s) bü­tün gecəni yatmayıb Allaha şükür etdi. Namaz qıl­dı.

 Haşim oğullarının və müsəlmanların Mək­kə­yə qayıdışı əksər Qüreyşilər və digər qəbilələr tərəfindən sevinclə qarşılandı. Üç il bir-bi­rindən ayrı düşmüş qohumlar, qonşular, dostlar bir-bir­lə­ri ilə görüşüb barışdılar, üzürxahlıq etdilər.

 Məkkədə hamı həzrət Məhəmmədin(s) mö­cü­zə­sin­dən, qohumları bir-birinə qarşı qoymuş əhd­na­mə­ni güvə yeməsindən danışırdı. Gözləri ilə mö­cü­zə görən məkkəlilər həzrət Məhəmmədə(s) qarşı mü­nasibətlərini də dəyişmişdilər.

 Təkcə Məkkə əhalisi yox, Kəbəni ümrə zi­ya­rə­tinə gələn, zəvvarlar da, Ukkaz bazarındakı ta­cir­lər də həzrət Məhəmmədlə(s) maraqlanırdılar. Hər gün onun yanına onlarla adam gəlir, sualları üstünə ya­ğış kimi yağdırırdılar. Gələnlərin içə­ri­sin­də xoş niyyətlilər də vardı, onu mənasız su­al­lar­la sınağa çəkib hər vasitə ilə cavablarını tənqid edənlər də.

 -Əgər sən həqiqi peyğəmbərsənsə, Allahı göstər, gözümüzlə görək, inanaq.

 -«Kim Allahı görmək istəsə, Allah da onu gör­mək istəyər» – deyə həzrət Məhəmməd ca­vab ver­di. Sonra əlavə edərək, «Allah buyurub: Kim mə­nə iman gətirsə onun imanını ka­mil­ləş­di­rərəm. Əgər məni yada salarsa, onunla yaxın ola­ram.»

 -Sənin Allahınla necə dost olaq? – başqa bir nə­fər sual verdi.

 -«Allahla dost olmağın şərti əvvəlcə ca­ma­at­la dost olmaqdır.»

 -Bizə hansı işləri görməyi məsləhət bilirsən, Ya Məhəmməd?

 -«Yaxşı əməllərdə təkidli olun.»

 -Mən nə qədər fikirləşirəm, nə səni , nə sə­nin dinini, nə də Allahını başa düşə bilmirəm, – de­yə bir nəfər əsəbi halda dilləndi.

 Həzrət Məhəmməd(s) cavabında buyurdu: «Mür­təd (dinsiz) adamın Allahın rəhm və şəf­qə­ti­nin nə qə­dər çox olduğundan xəbəri olsaydı, hət­ta o da be­hiştə düşməkdən vaz keçməzdi.»

 -Ya Məhəmməd, sən deyirsən hər işdə Al­la­ha güvənək. Biz dəvələrimizi açıb buraxsaq, Al­lah onları qoruyacaq?..

 Hiyləgərcəsinə verilmiş bu sualı da həzrət Məhəmməd(s) cavabsız qoymadı.

 -«Allaha güvənin, lakin dəvəni bağlamağı da unut­mayın.»

 -Bizə Quran barəsində danış, Ya Mə­həm­məd.

 -«Qurani-Kərim beş əsas üzrə gəlmişdir: Ha­lal şeylər, haram şeylər, müsbət və təmiz fikirlər, sir­lər və zərbi-məsəllər. Halal olanları yerinə ye­ti­rin, haram olanlardan çəkinin. Sirlərə iman gə­ti­rin və zərbi-məsəllərdən nəsihət alın. Quranın hər bir ayəsində zahiri və batini məna vardır.»

 Bir gün həzrət Məhəmməddən(s) soruşdular: «İnsanın ən böyük eybi nədir?»

-«Məndən eyb barəsində deyil, gözəl xa­siy­yət­lər haqqında soruşun.» Bu sözü üç dəfə tək­rar­la­yıb əlavə etdi: «Bilin ki, pisə öyrənmiş şəxs in­san­ların ən pisi, yaxşıya öyrənmiş və alim şəxslər isə ən yaxşısıdır.»

 -Ey Allahın Rəsulu, mən Allahı necə ta­nı­yım? – deyə bir nəfər soruşdu.

 -«Özünü tanıyan Allahı da tanıyar.»

 Həzrət Məhəmmədin(s) yanına gələn şəxs­lər­dən biri dedi: Ey Allahın Rəsulu, mən İslamı qə­bul edirəm, amma əvvəllər günahlarım çox olub.

 Həzrət Məhəmməd buyurdu:

 -«Səmimiyyətlə tövbə edən insan heç bir gü­na­hı olmayan adam kimidir.»

 Müəyyən dərdi olanlar, uğursuzluğa düçar olan­­lar, xəstələnənlər də həzrət Məhəmmədin yanına gəlir, İslamı qəbul edib dərdlərinə əlac is­tə­yir­dilər.

 Həz­rət Məhəmməd qəm-qüssədən şikayət edən­­lərə üzünü tutub dedi: – Dünya və axi­rət sı­xın­tılarından qurtulmaq üçün bu duanı oxu­yun: «Həsbiyullahi la ilahə illa hüvə aleyhi təvəkəltü və hüvə Rəbbül ərşil əzim.» Bu duanı sə­hər, ax­şam təkrar oxuyanı Allah qəm-qüssədən azad edər, axirət sıxıntısından qurtarar. Bir fikri də sizə xa­tırladım: «Kim bir mömini bu dünyada qəmdən qur­tarsa, Allah da ona o dünyada yardım edə­cək­dir. Kim ehtiyacı olan adama imdad etsə, mə­dəd­kar Allah bu dünyada və axirətdə onun mə­dəd­ka­rı olacaqdır.»

 -Ya Rəsulallah, övladlarımızı necə tərbiyə edək?

 Həzrət Məhəmməd(s) fikirləşmədən buyurdu: «Atanın övladına öyrətdiyi ən yaxşı şey ədəb­dir.»

 -Bir nəfər dedi: – Ya Rəsulallah, mənim eh­san verməyə imkanım yoxdur, nə edim?

 -«Hər bir yaxşı əməl ehsandır. – Təmiz və ruh oxşayan söz ehsandır. Tikan və daş kimi ma­neələrin yolun üstündən götürülməsi ehsandır.»

 

***

 

 Həzrət Məhəmmədə(s) münasibətin dəyişməsi, müsəlmanların sayının gündən-günə artması Məkkə müşriklərini qorxuya salmışdı. Onlar yenə həz­rət Məhəmmədi(s) hədələməkdə, onu yalançı adlandrmaqda davam edirdilər. Əbu Cəhl əvvəlki ki­mi düşmənçiliyini açıq-aşkar bildirirdi.

 -Ya Allahın Rəsulu, Əbu cəhl yenə dilini sa­kit qoymur, – deyə səhabələrdən bir nəfər na­maz­­­dan sonra ortalığa söz atdı.

 -Mən demişəm, yenə deyirəm Əbu Cəhlin cə­zasını Allah özü verəcəkdir. Siz hamınız bunu görəcəksiniz. O ki, qaldı danışmağına, qoy nə qə­dər danışır, danışsın.

 Həzrət Məhəmməd(s) yenidən sözünə əlavə et­di: Bu əzabı Əbu Cəhl özü qazanıb. Allah-taala bu­yurub: «Hər kəs Mənim dostumu təhqir etsə, özü­nü Mənimlə müharibəyə hazırlamışdır.»

 Bu sözlərdən ən çox sevinən Əmmar oldu. Bu həz­rət Məhəmmədin(s) nəzərindən yayınmadı.

 -Əmmar, – deyə həzrət Məhəmməd(s) üzünü ona tərəf tutdu: – İnan Əmmar, and içirəm ki, Al­lah-taala sənin qisasını yerdə qoyan deyil. Əbu Cəh­lin aqibətini sən öz gözlərinlə görəcəksən.

 

***

 

 Həyətdəki adamların arasında dayanmış həz­rət Məhəmmədin(s) qəddi əyilmiş, hüznlü çöh­rə­si­nə elə bil qara bulud çökmüşdü. Qəm-qüssə bü­tün vücudunu bürümüşdü. Mərsiyə deyən qa­dın­la­rın səsi onu göynətmiş, riqqətə gətirmişdi. Öm­ründə ilk dəfə idi ki, gözlərinin yaşını saxlaya bil­mir­di. Yanaqlarından saqqalına süzülən göz yaş­la­rı bütün nurlu çöhrəsini islatmışdı. Əziz əmisi, himayədarı Əbu Talibin ölümü onu daxilən sar­sıt­mış­dı. Əmiləri, əmisi oğlanları bütün haşim oğul­la­rı, Qüreyşilər, digər qəbilələrin başçıları ha­mı­sı Əbu Talibin kiçik həyətinə toplaşmışdılar. Mək­kədə böyük nüfuz sahibi olan Əbu Talibin ölü­mü hamını kədərləndirmişdi.

 Həzrət Məhəmməd(s) təsəllisini gənc əmisi oğ­lu həzrət Əlinin(ə) boynunu qucaqlayıb hönkür­mək­də tapdı. Həbəşistanda olan Cəfərin atasının dəf­nin­də iştirak etməməsindən təəssüfləndi. Əbu Lə­həb də oğlanları ilə birlikdə yad adamlar kimi bir kənarda dayanmışdı. Qadınlar olan otaqdan Əbu Talibin qızları Ümmü Haninin (onun əsl adı Faxitə idi) və Cümanənin səsi gəlirdi. Onlar uca­dan mərsiyə deyir, ağlayır, Əbu Talibi mədh edir­di­lər. Sonra qızları bibiləri Atikə, Səfiyyə əvəz et­dilər. Onlar da qardaşları Əbu Talibi mədh edib ağ­la­dılar. Təkcə həzrət Məhəmmədin(s) yox, bütün Ha­şim oğullarının gözü yaşlı idi.

 Həzrət Məhəmmədin yadına babası Əbdül Müt­təlib düşdü. O, hələ can verərkən qızlarını ça­ğı­rıb uca səslə mərsiyə deyib onu mədh et­mə­lə­ri­ni, ağlamalarını istəmişdi. Elə mərsiyəni eşidə-eşi­də rəhmətə getmişdi.

 Qəm içində olan həzrət Məhəmməd(s) bir müd­dət­dən sonra daha bir faciə ilə üzləşdi. Sevimli qa­dını Xədicənin vəfatı ona qəm üstündən qəm gə­tirdi.

 Əbu Talibin və Xədicənin ölümündən sonra həzrət Məhəmməd(s) çox qəmli olduğundan nadir hallarda evdən çıxır, az danışır, bütün gününü iba­dət­lə keçirirdi. Bu iki kədərli hadisəyə görə mü­səl­manlar həmin ilə (620-ci ilə) amül hüzn (qəm-qüs­sə ili) adı verdilər.

 Həzrət Məhəmmədin(s) gözlədiyi kimi Əbu Ta­li­bin ölümündən sonra Məkkə müşrikləri müsəl­man­­lara, xüsusilə həzrət Məhəmmədin(s) özünə qar­şı düşmənçiliyi və ədavəti daha da şid­dət­lən­dir­dilər. Əbu Cəhlin, Əbu Süfyanın, Bəlid ibn Muğirənin həzrət Məhəmmədi(s) öldürmək qərar­la­rı yenidən ortaya çıxmışdı. Bunu bilən mü­səl­man­lar həzrət Məhəmmədin mühafizəsini möh­kəm­­ləndirmişdilər. Həzrət Əli(ə) və oğulluğa götür­dü­yü Zeyd ibn Haris növbə ilə onu nəzarətsiz qoy­murdular. Buna baxmayaraq Məkkə müş­rik­lə­ri­nin öyrətdiyi adamlar həzrət Məhəmmədi(s) qa­ra­ba­qara izləyir, əlləri çatmasa da, dilləri ilə həd­yan­lar söyləyirdilər.

 Sarsılmış həzrət Məhəmməd(s) Məkkəni tərk et­mək qərarına gəldi. Bir gün oğulluğa götürdüyü Zeyd İbn Harisi yanına çağırıb – «Səfərə ha­zır­laş» – dedi.

 -Ya Rəsulallah, yolumuz hansı tərəfədir?

 -Sən hazırlığını gör, gedərik, bilərsən, – deyə həz­rət Məhəmməd ötkəm halda bildirdi.

 Zeyd ilk dəfə idi ki, həzrət Məhəmməddən(s) be­lə ötkəm cavab alırdı.

 Həzrət Məhəmməd(s) sıxıntılardan yaxa qur­tar­maq, yeni dini yaymaq üçün Məkkədən kənar olan yeni bir istinad nöqtəsi axtarırdı. Öz-özlü­yün­də çox götür-qoydan sonra Məkkədən təx­mi­nən yüz kilometr aralıda yerləşən Taifə getməyi qərarlaşdırmışdı.

 Bu həzrət Məhəmmədin(s) bisətdən sonra ilk sə­fə­ri idi. Həzrət Məhəmməd(s) bütün yol boyu dü­şü­nür, Taifdə necə qarşılanancağı barədə fi­kir­lə­şir­di qəl­bindəki inamsızlıq zərrəsi get-gedə bö­yü­yür, onu narahat edirdi. «Taif əhli cəhalət yu­xu­su­na da­ha bərk dalıbdır. Onları oyadıb haqqın yo­lu­na gə­ti­rə biləcəyəmmi? Taiflilər Latdan üz dön­də­rə­cək­lər­mi, yoxsa yenə bu iri daş parçasına ina­nacaqlar. Söy­ləyəcəyim xütbələr, oxuyacağım Qu­ran ayə­lə­ri onların daşlaşmış qəlbini yum­şal­da­caqmı? Baş­la­rından duman çəkiləcəkmi? Qu­laq­larından tıxac çı­xarılacaqmı? Dilləri açılıb «La İla­hə illəllah» de­yə­cəkmi?» Bütün bu düşüncələr, üs­təgəl üzücü səh­ra yolu həzrət Məhəmmədin(s) qəl­bini sıxırdı. Yal­nız namaz qılıb ibadət etdiyi vaxt­larda sa­kit­lə­şir­di. Nə cənab Cəbrayıldan buy­ruq gəlirdi, nə də Al­lah-taaladan vəhy nazil olur­du. Təsəllisi yalnız Mək­kədən qurtul­mağı idi. Ba­şı­na nə hadisə gə­lir­sə gəlsin, hamısını Məkkədə qal­maqdan, iyrənc si­fətlərlə qarşılaşmaqdan üstün tu­turdu.

 Mənzil başına yaxınlaşanda yol boyu həzrət Mə­həmmədin(s) ovqatını yaxşılaşdırmaq üçün əlin­dən gələni edən, onu ruhlandırmağa çalışan Zeyd ibn Haris yenə həzrət Məhəmmədə(s) suallar verib, onu danışdırmaqla qəm-qüssədən ayırmaq istədi. Həzrət Məhəmməd(s) fikrən bir neçə il əvvələ qa­yıt­dı. Zeydin atası Harisin onun yanına gəlişini xa­tır­la­dı. «Sən mənim oğlumu qul kimi almısan, nə qə­dər istəyirsən əvəzini ödəyim, mə­nim oğ­lu­mu azad et, aparım» – deyə Haris həzrət Mə­həm­mə­də(s) yal­varmışdı. «Mən sənin oğlunu nəinki azad et­mi­şəm, hətta oğulluğa götürmüşəm. Adam­lar indi mə­ni Məhəmməd(s) Əbu Zeyd deyə ça­ğırırlar. Əgər o özü razıdırsa, oğul sənindir, apa­­ra bilərsən»  -de­yə həzrət Məhəmməd(s) bu­yur­muş­du.

 Onda Zeyd israrla həzrət Məhəmmədin(s) ya­nın­da qalmağı bildirmişdi. Çünki həzrət Mə­həm­məd­dən(s) və Xədicədən gördüyü qayğını heç kim­dən görməmişdi. Xədicənin ölümü əsl oğul kimi onu da göynədirdi.

 Taif uzaqdan görünməkdəydi. Səhradan ba­xan­da qum üzərində nəhəng həşarata – qırxayağa bən­zəyirdi. Bu mənzərə heç də həzrət Mə­həm­mə­din ürəyincə olmadı. Böyük ümidlərlə pənah gə­tirdiyi şəhər uzaqdan ona hər şeyi bəyan edirdi. Min­­diyi dəvə də işarəsiz olaraq surətini azaltdı, qə­­ribə bir səs çıxararaq şəhərə tərəf tü­pürdü. Həz­rət Mə­həm­məd ondan bir az arxada gələn Zey­di səs­lədi:

 -Eşidirəm, ya Rəsulallah, – deyə Zeyd onun bərabərliyinə çatdı. Hər ikisi dəvəsini dayandırdı.

 -Heç ürəyimcə olmadı bu şəhər – deyə həz­rət Məhəmməd(s) uzaqdan qırxayağa oxşayan Taifə bir də baxdı.

 Zeyd cavabını susmaqla bildirdi...

 İlan kimi qıvrılan küçələr də, sərt qaya da­şın­dan tikilmiş açıq qəhvəyi evlər də, küçələrdə do­la­şan elə açıq qəhvəyi sifətli adamlar da həzrət Məhəmmədin(s) ürəyini açmadı.

 Məkkədən kiçik olan Taifi üç qardaş idarə edir­di. Həzrət Məhəmməd(s) ilk növbədə onlarla gö­rüşməyi qərara aldı.

 Şəhərlərində yad adam görən sakinlər onların kim­liyi ilə maraqlandılar. Zeyd həzrət Mə­həm­mə­di(s) sakinlərə təqdim edir, onun peyğəmbər ol­duğunu bildirirdi. Yeni xəbər şəhərdə ildırım sü­rə­tilə yayıldı. Adamlar dəstə-dəstə gəlib qeyri-adi nəsə görəcəklərini zənd edərək ona diqqətlə ba­xır, dəvə üstündə irəliləyən həzrət Mə­həm­mə­di(s) suala tuturdular.

 -Bu necə peyğəmbərdir. Bizim kimi geyinib, biz mindiyimiz dəvədən minib, bizim kimi də da­nı­şır – deyə yerbəyerdən səslər gəlirdi. Ancaq itaətkar Taiflilər rəislərin yeni peyğəmbər barədə nə deyəcəklərini gözləməli oldular.

 Həzrət Məhəmmədlə(s) Zeyd karvansarada bir müd­dət dincəldikdən sonra şəhər rəislərinə si­fa­riş göndərib onları qəbul etmələrini xahiş etdilər.

 Rəis qardaşlar həzrət Məhəmmədin(s) şəhərə gəlişindən xəbərdar idilər. Onun necə hərəkət edə­cəyini gözləyirdilər. Bütpərəst qardaşlar onun haqqında eşitmiş, bütlərə hədyanlar dediyini, adamları təkallahlığa çağırdığını bilirdilər. Ona görə də müəyyən adamlar öyrədərək həzrət Mə­həmmədin(s) özbaşına adamları yeni dinə çağırdığı təq­dirdə onu şəhərdən qovmaları barədə gös­tə­riş­lər vermişdilər. Həzrət Məhəmmədin(s) rəislərin özləri ilə görüşmək istəməsi qardaşları tərəd­düd içində qoymuşdu. Həzrət Məhəmməd(s) şəhər sa­kinlərinin xısın-xısın söhbətlər etdiyini duydu­ğun­dan ehtiyatlanıb adamlarla açıq söhbətə gi­riş­mə­di. Rəislərlə görüşüb ilk növbədə onları dinə gə­tirməyi daha üstün bildi.

 Az qala bütün şəhər Taif rəislərinin evlərinin qar­şısındakı meydana toplaşmışdı. Onlar yeni pey­ğəmbərlə rəislərin danışığının nəticəsini göz­lə­yir­dilər. Əgər onlar yeni peyğəmbərə inanıb İs­la­mı qəbul etsəydilər, şəhər sakinləri də bu dini qə­bul etməyə hazır idilər. Əks təqdirdə həzrət Mə­həm­mə­di(s) daş-qalaq edib şəhərdən qo­va­caq­dı­lar.

 Həzrət Məhəmmədlə(s) rəislərin söhbəti o qə­dər də uzun çəkmədi. Onlar ustalıqla dəvəti rədd etdilər. Həzrət Məhəmmədə(s) qarşı üzdə o qədər də sərt davranmayan rəislər o gedəndən sonra adam­­la­rını çağırıb öz tapşırıqlarını verdilər.

 Nə həzrət Məhəmməd(s), nə də Zeyd şəhər sa­kin­lərinin onları daşlayıb şəhərdən qo­va­caq­la­rı­nı gözləmirdilər. Həzrət Məhəmməd(s) ömrün­də gör­mə­di­yi təhqirə, işgəncəyə məruz qaldı. Onun ar­dınca atılan daşlar ayaqlarını yaralamışdı. Zeyd ibn Haris bədənini sipər edib həzrət Məhəmmədi(s) qo­ru­sa da, hücum o qədər güclü idi ki, daş tə­ca­vü­zün­dən onu tam mühafizə edə bilmədi. Adam­la­rı haqq yo­luna dəvət etməyə gələn, bütün öm­rü­nü in­san­la­rın Al­la­hın qayda-qanunları ilə ya­şa­ma­sına sərf edən bir in­san onlar tərəfindən iş­gən­cə­yə dü­çar ol­muş­du.

  Bir təhər qaçıb canlarını qurtaran həzrət Mə­həmməd(s) və Zeyd şəhər kənarındakı bir bağda daldalanıb dincəlməli oldular. Atılan daşlar həz­rət Məhəmmədin ayaqlarını parçalamışdı. Geri qayıdıb dəvələri götürmək mümkün deyildi. Zeyd həzrət Məhəmmədin(s) yaralarını təmizləyib sa­rı­yır, onu ovundurmağa çalışırdı.

 Həzrət Məhəmməd(s) Taifli­lərin hərə­kət­lə­rin­dən sarsılmışdı. Axırıncı dəfə o Məkkədən çı­xan­da onun üstünə torpaq atmışdılar. İndi isə onu al-qa­na qərq etmişdilər. Həzrəti Mə­həm­məd(s) qara fi­kir­ləri yaxına buraxmayıb yenə nicatını ibadətdə gör­dü. Namazdan sonra yenidən əllərini Tanrı dərgahına açıb dua etdi.

 «Ya Allah, sənin yanında öz zəifliyimi və sər­gərdanlığımı bixəbər cahillərin qarşısında etiraf edi­rəm. Sən rəhmli və mehribansan, zəifləri hi­ma­yə edənsən, Ya Rəbb, məni əhatə edən düş­mən rəhm­siz, dostlar isə nadandır! Məni onlaramı tap­şı­rıb­san? Mən səndən başqa, heç nə haqda fi­kir­ləş­mi­rəm, çünki sən mənim hamim və kömək edə­nimsən. Sə­nin göyləri münəvvər (nurlu), zül­mə­ti yox edən üzü­­nün nurunda özümə pənah ax­ta­rı­ram. Sə­nin ira­dən­dən baş­qa heç bir qüvvə və qüdrət möv­cud de­yil…»

 Həzrət Məhəmməd(s) və Zeyd ibn Haris Ta­if­dən çıxıb Nəxlə adlı yerə çatanda səhərə az qal­mış­dı. Hər ikisi sübh namazı qılmağa başladı. İn­sanlardan hər addımdaşı pislik, əzab və əziyyət gö­rən həzrət Məhəmməd(s) yenə əllərini Allah dər­ga­hına açıb dua etdi, ulu Tanrıdan yardım istədi.

 Zeyd namazı qurtarıb həzrət Məhəmmədin(s) ki­minləsə danışdığını gördü. Ancaq ətrafda heç kəs yox idi. Zeyd istədi hərəkət etsin, nə isə desin, soruşsun. Ancaq hansı bir qüvvəsə elə bil onun bü­tün halını, hərəkətini əlindən almışdı. Ayaqları ke­yimiş, dili qıfıllanmışdı.

 Nə qədər vaxt keçdi Zeyd heç özü də bilmədi. Təkcə onu gördü ki, günəşin şəfəqləri qum dağ­la­rı­nın üstündən görünmək üzrədir.

 -Ya Zeyd!..

Zeyd həzrət Məhəmmədin(s) səsinə elə bil yu­xu­dan ayıldı.

 -Yaxın gəl, Zeyd – deyə həzrət Məhəmməd(s) ikinci dəfə Zeydi səslədi.

 Ayağının keyi, dilinin qıfılı götürülən Zeyd heç nə olmayıbmış kimi hərəkətə gəldi.

 -Eşidirəm, ya Rəsulallah, – deyə Zeyd həzrət Məhəmmədə(s) yaxınlaşdı.

 -Bilirsən, nə oldu?

- Ərz edin bilim, ya Rəsulallah.

 Taiflilər bizi daşa basıb dəvətimizi qəbul et­mə­dilər. Amma sübh namazımıza diqqət kəsilən gö­zəgörünməz məxluqlar Allahın yeni dininə iman gətirdilər. Onlardan bir dəstəsi bayaqdan mə­nimlə söh­bət edirdi. Onları sən görə bilməz­din. Al­lahın izni ilə ancaq mənim gözlərimə gö­rün­dü­lər. Zeyd heyrət və həyəcanla həzrət Mə­həm­mə­di(s) dinləyir, qorxu və təlaşdan əsirdi.

 -Qorxmaq lazım deyil, ya Zeyd. Artıq onlar bi­zim kimi müsəlmandırlar. Onların da öz aləmi var idi. İndiyə kimi təkəbbürlü idilər. Allaha şə­rik qoşub özləri hər şeyə qadir olduqlarını bil­dirir­di­lər. Ancaq mən Quran tilavət edəndə bu səs­dən xoş­ları gəldi. Allahın hər şeydən yüksək­də ol­du­ğu­nu qəbul edib «La İlahə İlləllah» de­dilər. Öz qə­bilələrinə qayıdıb dinimizi yaya­caq­larına söz verdilər. Bildirdilər ki, Nissibeyn cin­lə­ridirlər. İn­di bizim gözəgörünməz məxluqlar ara­sında da mü­dafiəçilərimiz, köməkçilərimiz var.

 Zeyd həzrət Məhəmmədin(s) danışa-danışa qə­ri­bə hal keçirdiyini hiss etdi «vəhy məqamı yetişir» – deyə öz-özünə pıçıldadı. Doğrudan da həzrət Məhəmməd(s) artıq özündə deyildi. Gözlərinə yal­nız cənab Cəbrayılın əzəmətli vücudu, qulağına yalnız onun ecazkar səsi gəlirdi. Həzrət Mə­həm­məd(s) əbasını başına çəkib yalnız dinləyir, diqtə olunanları yaddaşına həkk edirdi:

 -Ya Rəsulallah, özünüzə gəldinizmi? – deyə Zeyd həzrət Məhəmmədin(s) halında dəyişikliyin əlamətini görcək dilləndi.

 -Səni müjdələyirəm, ya Zeyd. Allah-taala cə­nab Cəbrayıl vasitəsi ilə göndərdiyi ayələrlə cin­lə­rin İslamı qəbul etməsinə öz razılığını bildirdi.

 -Onlar yenə gələcəklərmi? – deyə Zeyd yenə qor­xu və təlaşla bildirdi.

 -Mən sənə dedim axı, İslamı qəbul etmiş bu məxluqlardan daha qorxmağa dəyməz. Onlar nə­in­ki gələcəklər, qiyamətə kimi məni və mənim öv­ladlarımı, bütün mömin müsəlmanları öz dəs­tə­lə­ri, qoşunları ilə mühafizə və müdafiə edə­cək­lər. Əl­bət­tə ki, yalnız Allahın izni ilə. Zeyd hey­rət və hə­yəcanla həzrət Məhəmmədi(s) dinləməkdə idi.

 -Sənə bir sirr də açım, ya Zeyd – deyə həzrət Məhəmməd(s) Zeydin təlaşını aradan qaldırmaq üçün dilləndi.

 -Allahın yeni dinini bu ərsəyə çatdırmaq, tək mə­nim işim deyil. Allah-taala bundan ötrü nə qə­dər mələk cəlb edib bu işə. Cənab Cəbrayılın ət­rafındakı mələklərin nə sayı var, nə hesabı. Mən mələklərin mühafizəsindəyəm. Ona görə Məkkə müşriklərinin qarşısında tab gətirirəm. Mən bi­li­rəm ki, sıxıntılarımız ötəridir. Elə şeylər var ki, onları deməyə ixtiyarım yoxdur. Sadəcə onu bil­dirirəm ki, qələbə müjdəsini çoxdan almışam. Axır-əvvəl müşrikləri də haqq yoluna gə­ti­rə­cə­yik. Gələcəkdə baş verəcək döyüşlərdə bu gün sinəsinə döyən kafirlərin hansı günə düşə­cək­lə­ri­ni öz gözlərinlə görəcəksən. Mən və mənim nəs­lim qiyamətə kimi Allahın, onun mələklərinin, gözəgörünməz məxluqlarının, mühafizəsindədir.

 Həzrət Məhəmməd(s) Taifdən qayıtdıqdan sonra bir neçə qəbilə arasında olsa da dəvəti qəbul olunmadı. Məcbur qalıb Mötəm ibn Ədiyyə si­fa­riş göndərdi ki, onu öz himayəsinə alıb Məkkəyə apar­sın. Bu o Mötəm ibn Ədiyy idi ki, Haşim oğullarını mühasirədən qurtarmaq üçün əhd­na­mə­nin ləğv olunmasını tələb etmişdi.

 Mötəm ibn Ədiyy həzrət Məhəmmədin si­fa­ri­şi­ni eşidən kimi oğlanlarıını silahlandırıb onun hüzuruna getdi. Həzrət Məhəmməd(s) Mötəm ibn Ədiy­yin himayəsində Məkkəyə qayıtdı. Müş­rik­lər himayəçidən ehtiyatlanıb bir söz demədilər. An­caq aradan bir neçə gün keçəndən sonra tə­qib­lər, hədələr yenidən başladı. Həzrət Məhəmmədə(s) qar­şı çıxanların bir neçəsi artıq həyatda yox idi. Vəlid ibn Muğirə həzrət Məhəmmədin ayaqları altına tikan atdığından öz ayağına ağac qırığı bat­mış və ayağından çoxlu qan axdığına görə öl­müş­dü. Əbu Ləhəbin oğlu Ütbəni şir parçalamışdı. Əs­vəd ibn Mütəllib kor olub başını divara vurub öl­müşdü. Haris ibn Təlatilənin başından çirk gəl­di və bu xəstəliklə öldü. Haris ibn Qeys duzlu ba­lıq yeyəndən sonra o qədər su içdi ki, qarnı part­la­dı. Məkkəlilər bu hadisələri həzrət Mə­həm­mə­din(s) sehrkar olması ilə əlaqələndirirdilər. Dərk et­mir­dilər ki, Allahın Rəsuluna qarşı çıxanları, onu məs­xərəyə qoyanları Allah özü cəzalandırır.

 

***

 

Növbəti Həcc mövsümü idi. Ərəbistan ya­rı­ma­dasının müxtəlif yerlərindən gəlmiş zəvvarlar Kə­bəni ziyarət edirdilər. Həzrət Məhəmməd(s) zəv­var­larla görüşüb Quran tilavət edir, insanları yeni di­nə – İslama dəvət edirdi. Ancaq son vaxtlar az­ğın­laş­mış Əbu Ləhəb həzrət Məhəmmədi(s) iz­lə­yə­rək hər yer­də onun yalançı olduğunu, bütlərə həd­yanlar dediyini zəvvarlara çatdırır, adamları həz­rət Mə­həmməddən(s) çəkindirirdi. Artıq müş­rik­lər açıq-aş­kar həzrət Məhəmmədin(s) Məkkəni tərk etməsini tələb edirdilər. Əbu Cəhl and içmişdi ki, Mə­həm­məd Kəbədə namaz qılsa, başına daş salıb öl­dü­rə­cək. Belə bir məqam yetişəndə Əbu Cəhl böyük bir daşı səcdədə olan həzrət Məhəmmədin(s) başına sal­maq istədi. Ancaq daş əlinə yapışıb qal­dı. Geri çəkilib daşı başqa istiqamətə atdı. Daha bir nəfər həzrət Məhəmmədi(s) öldürmək üçün ona hü­cum çək­di, ancaq yaxınlaşanda vahimələnib ge­ri qa­yıt­dı. «Onunla mənim aramda bir əjdaha var idi, qaç­masaydım, məni parçalayacaqdı» – de­di.

 Beləcə Məkkə müşriklərinin fitnə-fəsadlarına baxmayaraq Allah-taala cənab Cəbrayıl vasitəsi ilə öz rəsulunu xətalardan hifz edirdi.

 

***

 

 Mədinə. Bu şəhərin əsl adı Yəsribdir. Hic­rət­dən sonra həzrət Məhəmmədin şərəfinə Mə­di­nə­tün Nəbi adını alacaqdı.

 Mədinə həzrət Məhəmmədin(s) ikinci vətəni he­sab olunurdu. Burada onun ana tərəfdən yaxın-uzaq qohumları yaşayırdı. Atası Abdullah ibn Əb­dül Müttəlib bu şəhərdə vəfat etmişdi. Özünün körpəlik çağları Mədinədə keçmişdi. Hərdən həz­rət Məhəmməd(s) o illəri xatırlayır. Hovuzda üz­mək öyrənməyini, qonşu uşaqları ilə oynamağını yadına salırdı. Hər dəfə o illəri xatırlayanda anası Əminənin nurlu çöhrəsi, sədaqətli xidmətçi – ca­ri­yə Ümm-Eymənin qayğıkeş baxışları gözləri önündə canlanırdı.

 Məkkənin şimalında yerləşən Mədinə Hicazın Məkkədən sonra ikinci böyük şəhəri he­sab olunurdu.Ta qədimdən burada ərəblər, yəhudilər, xristianlığı qəbul etmiş bir qisim insanlar yanaşı ya­şayırdılar.Məkkədən fərqli olaraq Mədinənin torpağı da­ha münbit və məhsuldar idi.

 Son illər Mədinədə baş verən hadisələr, tayfa davalarının xəbəri Məkkəyə də gəlib çatırdı. Yə­hudilər, Ovs və Xəzrəc qəbilələri arasında baş verən qanlı döyüşlər səngimək bilmirdi.

Azlıq təşkil edən yəhudilərin «nə olar, bu gün siz bütpərəstlər güclüsünüz. Məkkədə zühur et­miş Xətəmül Ənbiyanın bütpərəstlərə qalib gəl­məsindən sonra nə edəcəksiniz?»

 Bu sözlər Ovs və Xəzrəc qəbilələrinin əyan­larını düşündürürdü. Onsuz da onlar şəhəri bü­rü­müş qan davalarından, bir-birlərinin evlərini od­la­maq­dan, mal-dövlətini tələf etməkdən bez­miş­di­lər. Bu davaları yatıra bilən müdrik bir insanın ax­tarışındaydılar. Xatəmül-Ənbiya həzrət Mə­həm­məd(s) haqqında Məkkədən gələn zəvvarlardan eşitmişdilər. Ona görə də Xəzrəc qəbiləsi bir ye­rə toplaşaraq yəhudiləri qabaqlamaq üçün Mək­kə­yə öz adamlarını göndərməyi qərara aldılar.

 Həcc mövsümü idi. Məkkə kənar yerlərdən gə­lən zəvvarlarla dolmuşdu. Kəbə evini tavah edib bütpərəst ayinlərini yerinə yetirən zəvvarlar şəhər küçələrini dolaşır, alver edir, şairlərə, na­ğıl­çılara qulaq asır, istirahət edirdilər.

Yasaq olmasına baxmayaraq müsəlmanlar im­kan düşən kimi Allahın yeni dinindən, Onun Rə­sulundan söhbət açır, nazil olmuş ayələri onlara oxuyurdular. Dodaq büzənlər də olurdu, sadəcə maraqlananlar da, ilahi kəlamların cazibəsinə dü­şüb islamı qəbul edənlər də.

 Həzrət Məhəmməd(s) Məkkə yaxınlığındakı Üqbə təpəsində idi. Kəbə yolunun üstündə da­ya­nıb fikirlərini aşılamaq üçün zəvvarları göz­lə­yir­di. Şəhərdən kənar olduğu üçün təhlükəsizlik na­mi­nə həzrət Məhəmməd(s) özü buranı seçmişdi. Müsəlmanlara da gözdən uzaq yerdə zəvvarlara yanaşmağı tapşırmışdı.

 Altı nəfər zəvvarın ona yaxınlaşdığını görən həz­rət Məhəmməd(s) sözə özü başladı:

-Haradan gəlmisiniz?

 -Mədinədən gəlirik. Xəzrəc qəbiləsindənik.

-Çox yaxşı, Mədinə mənim üçün Məkkə qə­dər doğmadır. Nəccar oğullarını tanıyırsınızmı?

 -Yaxşı tanıyırıq. Amma indi şəhərdə elə qa­rışıqlıq var ki, heç kim heç kimi tanımaq istəmir. Hər qəbilə başçısı öz adamlarını başına yığıb rəis mə­nəm deyir.

 Həzrət Məhəmməd(s) onları diqqətlə dinləyib sonra buyurdu.

 -Sizə Allahın yeni dini haqqında danışacam. İslam adlanan bu dini qəbul edənlər bir-birləri ilə qardaş olur. Siz bura bütlərə səcdə etməyə gəl­mi­si­niz. Ancaq tavah etdiyiniz o evin əsl sahibi Al­lah­dır. Yerin göyün sahibi odur. Allahdan başqa səcdə ediləsi məbud yox­dur. Həzrət Məhəmməd(s) bu söz­lə­ri deyib Qu­ran­dan ayələr oxudu. «Fatihə» surə­si­nin sehri altı nə­fər mədinəlini heyrətə gə­tir­di.

 -Mən isə, – deyə həzrət Məhəmməd(s) özünü təq­dim etdi. Allahın yer üzündə rəsulu, sonuncu pey­ğəmbəriyəm. Allah-taala sizə söylədiyim o ayələri vəhy vasitəsi ilə mənə nazil edib. Mənim vəzifəm insanları düz yola dəvət edib onları Al­la­hın böyüklüyünə inandırmaqdır.

 Mədinəlilər tərəddüd etmədən İslamı qəbul edib həzrət Məhəmmədə(s) beyət etdilər. Mə­di­nə­li­lə­rin ağsaqqalı Əbu Əmmamə beyətdən sonra üzü­nü həzrət Məhəmmədə tutub inamla da­nış­ma­ğa başladı.

 -Şəhərimizdə vəziyyət olduqca ağırdır. İki böyük qəbilə bir-birlərinə qənim kəsilib, qanlı Bu­as döyüşündən sonra da ara sakitləşmir. Biz bu düşmənçiliyi aradan qaldırmaq üçün yeni din olan İslamı qəbul etməkdən və səni hami seçməkdən baş­qa çarə tapa bilmədik.

 Bu hadisədən bir il vaxt keçirdi. Bütün bunlar həz­rət Məhəmmədin(s) yadında idi. İndi isə bir dəs­tə Mədinəli onu gizli görüşə çağırırdı. Görüş Mək­kə yaxınlığında Əqəbə deyilən yerdə ke­çi­ril­mə­li idi.

 Həzrət Məhəmməd(s) həm sevinirdi, həm də hə­yəcanlı idi. Bir il əvvəl görüşdüyü altı nəfər mə­dinəli öz işlərini görmüşdülər. Budəfəki heyət on iki nəfər idi. Onlar İslamı qəbul edib bura gəl­mişdilər. Məqsəd yeni dini daha da ge­niş­lən­dir­mək, Mədinəni İslamın mərkəzinə çevirmək idi. Ötən ilki mədinəlilərdən beşi yeni heyətdə idi. Qalan yeddi nəfərdən beşi Xəzrəc, ikisi isə Ovs qəbiləsindən idi. Bir il əvvəl bir-birinin qanına su­samış iki qəbilənin adamları Allahın Rəsulu önündə din qardaşı idilər.

 Mədinəlilər birlikdə and içib həzrət Mə­həm­mə­də(s) beyət etdilər. Andın hökmünə görə onlar Allaha şərik qoşmayacaq, batinləri və zahirləri tə­miz olacaq, nəcis və murdar olmayacaqlar, yalan da­nış­ma­yacaqlar, heç kimin malına göz dik­mə­yə­cək­lər (oğurluq etməyəcəklər), heç kimin na­mu­su­na təcavuz etməyəcəklər (zina etməyəcəklər), qız­la­rını öldürməyəcəklər, heç kimə iftira (böh­tan) deməyəcəklər; İnad və lovğalıqdan çə­ki­nə­cək­lər, ağır və öldürücü riba (sələm) ver­mə­yə­cək­lər, Allahın əmrlərinə itaət edə­cəklər və iba­dət­də səhv etməyəcəklər.

 Onlar bu hökmləri Mədinədə yaymalı, yeni di­nin üstünlüklərini, İlahi bir din olduğunu, həz­rət Məhəmmədin(s) Allahın Rəsulu olduğunu şəhər əha­lisinə çatdırmalı idilər. Mədinəlilər Quran oxu­maq üçün onlarla bir nəfərin getməsini xahiş et­di­lər.

 Həzrət Məhəmməd(s) yanındakı səhabələrini nəzərdən keçirdi. Baxışları Həbəşistandan təzə qayıtmış Məsəb ibn Omeyrin üzərində dayandı. O, İslamı ilk qəbul edənlərdən biri idi. Məm­nun­luq­da razılıq verdi. Mədinəlilərdən isə bir nəfər – Zək­van ibn Qeys Allah Rəsulunun xidmətində dayanmaq üçün Məkkədə qaldı. Bununla da bi­rin­ci Əqəbə görüşü başa çatdı.

 

***

 

 Həzrət Məhəmməd(s) nəzərlərini səmaya tuş­la­yıb gümüşü rəngli hilal Ayı görəndə əllərini üzü­nə çəkib zikr etdi. Qum üstündə bardaş qurub otu­ra­raq peyğəmbərə diqqət kəsilmiş müsəlmanlar onun hərəkətini təkrar edərək yerbəyerdən «Al­la­hu məssəlli əla Mühəmmədin və Ali Mü­həm­məd»  -deyə uca səslə dilləndilər.

 Həzrət Məhəmmədin(s) yadına bir neçə gün əv­vəl Məkkə müşriklərinin «Əgər həqiqi pey­ğəm­bər­sənsə Ayı parçala, sənə inanaq» sözləri düşdü. Həzrət Məhəmməd(s) onlara elə həmin an nazil ol­muş ayələrlə cavab verdi: «Və inyərəvayətənyu-rizu və yəqulu sihrun-mustəmirr».

 Əgər müşriklər (Məhəmməd  əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib“(Bu, uzun müddət) davam edən bir sehrdir”- deyərlər.

(Qurani-Kərim. «Əl-Qəmər» («Ay») surəsi. 2-ci ayə)

 

 Həzrət Məhəmmədin(s) ovqatı yaxşı idi. Şeybi Əbu Talibdən gələndən ilk dəfə idi ki, üzü gü­lür­dü. Əbu Talibin, Xədicənin vəfatı, uğursuz Taif səfəri həzrət Məhəmmədi tamam üzmüşdü. On iki nəfər Mədinəlinin Əqəbədə onunla görüşü ol­ma­say­dı, kim bilir hadisələr necə cərəyan edə­cək­di.

 Bütün baxışlar həzrət Məhəmmədə(s) tuşlanmışdı.. Aralığa sükut çökdü. Həzrət Məhəmməd(s) bir qədər fikrə getdi. Sonra nəzərlərini mü­səl­manların təbəssümlü çöhrələrində, ümid və inam do­lu baxışlarında gəzdirdi.

 Kəbə tərəfdəki evlərdən gələn qarışıq səslər açıq-aydın eşidilirdi. Yenə sərxoş bağırtıları, qa­dın qəh-qəhələri, tük­ürpədən sözlər, söyüş və hədyanlar… mü­səl­man­lar isə ilahi bir eşqin təsiri altında öz pey­ğəm­bər­lərinə diqqət kəsilmişdilər. Ayın parlaq işığında qumsallıqda oturmuş bu bir dəstə adamın si­fə­tin­də­ki maraq və həyəcanı ay­dın görmək olardı.

 Həzrət Məhəmməd(s) Allah-taala tərəfindən na­zil olan ayələri söyləyirdi. İlahi kəlamların tə­si­rin­dən, sehrindən müsəlmanlar gecədən xeyli keç­mə­si­nə baxmayaraq həzrət Məhəmmədi(s) din­lə­yir­di­lər.

 Həzrət Məhəmməd(s) coşğun bir ruhla danışırdı. Dinləyənlərin gözləri önündə keçmiş pey­ğəm­bər­lə­rin başına gələn əhvalatlar canlanırdı. Onlar az qa­la nəfəslərini belə dərmədən həzrət Məhəm­mə­di(s) dinləyirdilər. Onun dilindən qopan hər bir söz öz ilahi gücü ilə yaddaşlara köçürülürdü.

 Hamı dərindən nəfəs aldı. Yerlərində qur­ca­la­nıb nəsə demək istəyirdilər ki, həzrət Mə­həm­mə­din(s) yenidən baxışlarının məchul bir nöq­təyə zil­ləndiyini görüb diqqətlərini yenə bir yerə cəm­lə­di­lər. Allahın Rəsulu sözlərinə ara versə də, vəhy olu­­nanları hələ deyib qurtarmamışdı. Katiblər ay­dın ay işığında və şam şöləsində həz­rət Mə­həm­mə­­din(s) dilindən çıxanları qələmə alır­dı­lar.

 Həzrət Məhəmməd(s) sözünü qurtarsa da, mü­səlmanlar hələ də yüksək bəlağətlə və az qala birnəfəsə deyilmiş ilahi kəlamların təsiri altında idilər. Suala, izaha ehtiyac duyulmurdu.

 

***

 

 Dan yeri sökülməkdəydi. Həzrət Məhəmməd(s) yuxudan oyansa da, adətinin əksinə olaraq hələ də yatağından qalxmamışdı. Bədəni tərin içində idi. Uzaq səfərdən qayıtmış bir səyyah kimi yolun ağrısını canından çıxarmaq üçün dincəlmək, yenə də dincəlmək istəyirdi. Əvvəlcə yuxuda, yoxsa oyaq olduğunu müəyyənləşdirmək üçün əl-qo­lu­nu tərpətdi. Əzələləri halsız və taqətsiz idi. Sonra gözünü geniş açıb yataq otağının tavanını, ay işı­ğı­nın seli axan pəncərəni baxışları ilə süzdü. «Yox, bu yuxu deyil, öz evimdə, yatağımdayam» de­yə həzrət Məhəmməd öz-özünə pıçıldadı. «Axı bir az əvvəl mən başqa yerdə idim. Necə oldu ki, bir göz qırpımında evə qayıtdım.»

 Həzrət Məhəmməd(s) bir neçə an əvvəl olduğu yerləri, görüşdüyü adamları, eşitdiyi sözləri xa­tır­la­dı. Əvvəldən axıra kimi hər şey yadında idi. Bu xatırlama onu vahimələndirdi. Yenə ona elə gəldi ki, yuxudadır. Əsl həqiqi həyat bir müddət əvvəl ayrıldığı aləmdir. Yenə baxışlarını tavanda, di­var­lar­da gəzdirdi. Heydən düşüb süstləşmiş əllərini tərpətdi, barmaqları ilə döşəyə toxundu. Bu tə­mas­dan damarlarına elə bil həyat eşqi axdı. Qəlbi sürətlə döyünməyə başladı. Axı, Qüdsdə Əksa məbədində olanda da beləcə barmaqları ilə eh­mal­ca bu qədim məbədin divarlarına toxunmuş, ey­ni təması hiss etmişdi.

 Sübh namazının vaxtı idi. Həzrət Məhəmməd(s) dəs­təmaz alıb ibadətinə başladı… Səcdəyə en­dik­dən sonra qamətini düzəldib ayağa qalxanda elə bil yenidən göylər aləmini gəzib dolaşdı.

 İki rükətli qısa sübh namazı başa çatdı. Həzrət Məhəmməd(s) son dua kimi meracda ona hədiyyə edilmiş ayələri pıçıldadı.

 Otağa dərin bir sükut çökmüşdü. Həzrət Mə­həmməd(s) sübh namazından sonra yenə bir yerdə qə­rar tuta bilmir, gecə başına gələnləri xatırlayır. Bir insan kimi görüb eşitdiklərinə özü də hey­rət­lə­nirdi. O, gözlərini yumub uşaq vaxtı quzu ota­rar­kən başına gələn bir hadisəni xatırladı: «Siz nə edirsiniz?! Həzrət Məhəmməd(s) başı üzərində da­yan­mış ağ kölgəyə bənzər məxluqların onun si­nəsinə tərəf əyildiyini görəndə qışqırmaq istədi. Ancaq səsi çıxmadı. Sözlər fikrində fırlandı. O ar­tıq bu məxluqların hənirtisini, soyuq əllərinin tə­masını sinəsində hiss etdi. Yenə qışqırmaq, başını qaldırıb ayağa qalxmaq istədi. Ancaq bu hiss də yalnz fikrində dolaşdı. Heç bir ağrı hiss etməsə də, narahat idi. Həzrət Məhəmməd(s) sinəsində əvvəlcə bir ağır­lıq hiss etdi. Bir anlığa elə bil dünyanın ağır­lı­ğı onun köksünə çökdü. Açıqca hiss etdi ki, sinəsi ya­rı­lıb, döş qəfəsi açılıb. Ağ libaslı məxluqların əl­lə­ri­nin təmasını daxilində hiss etdi. İstədi başını qal­dı­rıb sinəsinə baxsın. Bütün gücünü toplasa da ba­car­madı. Üç cüt ağ əli yalnız biləkdən yuxarı seyr edə bildi. Barmaqlar isə onun kök­sündə ləng hə­rə­kətlə nəsə edirdi. Əməliyyat uzan­dıqca həz­rət Mə­həmməd(s) özünü daha rahat hiss etməyə başladı. Köksünə elə bil nur doldu­rulmuşdu. Da­mar­la­rın­dan axan sanki qan yox, nur idi. Artıq ağ kölgələrə bənzəyən mə­ləklər kənara çəkilib iş­lə­ri­ni başa çatdırdıqları üçün bir-birlərini müj­də­lə­yirdilər. Mələklərin mü­raciəti ilə həzrət Mə­həm­məd(s) ayağa qalxdı. Ona elə gəldi ki, bədəni işıq saçır. Köksündə elə bil nurlu şam yanırdı. Mələklər tə­zimlə həzrət Mə­həmmədin(s) əl­lə­rin­dən tutdular.»

 Həzrət Məhəmməd(s) xəyaldan ayılıb yerindən dikəldi. Bir daha dərk etdi ki, müqəddəs Ra­ma­zan gecəsindəki Hira dağında ilk vəyhin nazil ol­ma­sı da, bugecəki qeyri-adi səyahət də təsadüfi de­yil.

 Adətən o sübh namazından sonra yatmırdı. Evindən Kəbəyə, Kəbədən Qüdsə necə getdiyini bir də fikirləşdi. Qeyri-ixtiyari «Əl-Fatihə» su­rə­si­nin iki ayəsini pıçıldadı: «Bismillahir-rəh­ma­nir-rəhim. Əlhəmdu lillahi rəbbil aləmin».

 Bundan sonra özünə gəldi. Nəzərləri pən­cə­rə­yə tuşlandı. Hava işıqlanmışdı. Günəşin şəfəqləri ki­çik gözlu pəncərədən içəri nur seli kimi axırdı. Otaq­da var-gəl etməyə başladı. Dərin düşüncəyə qərq oldu «İndi mən neyləyim. Gör­dük­lərimi, eşitdiklərimi necə danışım. Adamlar mənə ina­na­caqlarmı. Əbu Süfyan, Əbu Cəhl, Əbu Ləhəb, Nadr ibn Haris kimilərinin dilinə yeni bəhanələr düşməzmi? Axı, mənim gördüklərim və eşit­dik­lə­ri­mi yalnız qəlbinin gözü açıq olan adamlar duyub an­laya bilərlər. Mən bu cəhalət bataqlığına yu­varlanmışları necə inandırım ki, Buraq adlı atın belində göyün yeddi qatına çıxarılmışam. Mən ne­cə deyim ki, Adəm peyğəmbəri, Yəhya pey­ğəm­bəri, Yusif peyğəmbəri, İdris peyğəmbəri, Mu­sa peyğəmbəri, İsa peyğəmbəri öz gözlərimlə gö­rüb onlarla söhbət etmişəm. İnanacaqlarmı mək­kəlilər mənə? İnanacaqlarmı Allahın kə­ra­mə­tinə? Onlara necə deyim ki, Buraqın yal­ma­nın­dan öz əllərimlə tutmuşdum. O atın hərarətini hə­lə də ayaqlarımda hiss edirəm. Göy­lərin istisi-so­yu­ğu hələ də qanımdadır. Cənnətin əsrarəngiz gözəlliyi gözlərimin içindədir. Pey­ğəmbərlərin sə­si hələ də qulaqlarımdadır. Sidrətül-Mün­tə­ha­nın ilahi nuru hələ də qarşımdadır. Mən bu na­danlara necə izah edim ki, cənab Cəb­­rayıl ərşi-əla­ya məni tək buraxdı. Yerin-göyün sahibi ilə cə­mi iki ox məsafəsində olduğumu, bir sirr kimi sax­layacağım əmanət sözləri necə danışım. Yox! Merac görüb eşitdiklərimi danışmaq üçün mənə bəxş olunub. Mən həqiqəti deyəcəm. De­dik­lə­ri­min dərk olunub-olunmaması mənlik deyil. Ki­min qəlbində inam işığı varsa, məni Allahın elçisi ki­mi qəbul edirsə, məni duyacaq.

 Sübh namazından sonra qonşu otaqda həzrət Mə­həm­mədin(s) var-gəl edib öz-özünə danışması gənc həzrət Əlinin(ə) nəzərindən yayınmadı.

 -Namazın qəbul, səhərin xeyirli olsun, ya Rəsulallah.

 Həzrət Məhəmməd(s) həzrət Əlini görcək cəld bir hərəkətlə ona yaxınlaşıb boynunu qucaq­ladı.

 Həzrət Əli(ə) həzrət Məhəmmədi(s) ilk dəfə idi ki, be­lə pəjmürdə görürdü.

 -Nə olub sizə, ya Rəsulallah – deyə həzrət Əli(s) heyrətlənərək nələrin baş verdiyini tez bir za­man­da öyrənməyə çalışdı.

 -Bu gecə mən göylərin seyrinə çıxmışdım.

 -Necə? – deyə heç nədən xəbərsiz həzrət Əli(ə) maraqla soruşdu.

 -Cənab Cəbrayıl məni Buraq adlı atın be­lin­də Kəbədən Qüdsə – Aqsa məbədinə oradan da göylərə apardı.

 Birinci səmada həzrət Adəmlə görüşdüm. Ət­rafında kölgələr vardı. Cənab Cəbrayıl dedi ki, öv­ladlarıdır. Həzrət Adəm sağ tərəfinə baxanda gü­lür, sol tərəfinə baxanda ağlayırdı. Cənab Cəb­rayıl bildirdi ki, sağ tərəfindəki cənnətə, sol tə­rə­fin­dəki cəhənnəmə yollananlardır. Ona görə də o sa­ğa ba­xan­da gülür, sola baxanda ağlayır. İkinci səmada həzrət Yəhya və İsa Peyğəmbərlə, üçün­cü səmada Yu­sif peyğəmbərlə, dördüncü səmada İdris pey­ğəmbərlə, beşinci səmada Harunla, al­tın­cı səmada həz­rət Musa peyğəmbərlə görüşdüm. Yed­dinci sə­ma­da həzrət İbrahimi gördüm. O, kü­rə­yini Beyti Mamura söykəyərək dayanmışdı. Hər gün oraya yetmiş min mələk gəlirdi. Ondan son­ra mənə Cən­nə­ti göstərdilər. Oradan Sidrətül-Mün­təhaya get­dik. Ora ilahi nurlar ilə işıq­lan­mış­dı. Cənab Cəb­ra­yı­lı Mümtaz heyəti gördü. Orada əs­rar pərdəsi qal­dı­rıldı. Yerin, göyün sahibi ilə ara­mızda iki ox mə­sa­fəsi qədər yer qaldı. Ulu Ya­ra­dan­dan mənə vəhy na­zil oldu ki, onu bir mən bi­lirəm, bir də Allah-ta­a­la özü. Bu sirdir. Elə or­da mənə üç ərmağan ve­ril­di. Xüsusi üç ayə, üm­mə­tindən şirk qoş­ma­yan­la­rın Cənnətə girəcəyi müj­də­si və beş vaxt namaz.

 Həzrət Məhəmməd(s) sözünü qurtarıb gözucu həz­rət Əliyə baxdı. Həzrət Əli heyranlıqla göz­lə­ri­ni geniş açıb bu möcüzəli sözlərin cazibəsinə düş­müşdü. Danışmaq, sual verib həzrət Mə­həm­mə­din sözünü kəsmək istəmirdi. O, həzrət Mə­həm­mədin daxilən dolduğunu, kük­rə­yib daş­dı­ğı­nı, gördüklərindən vəcdə gəldiyini duymuşdu. An­caq onun birdən-birə söhbətini kəsməsi həzrət Əli­nin diqqətini yayındırdı.

 -Mənə inanırsanmı, ya Əli?

 Həzrət Əli qəfil verilmiş bu sualdan diksindi. Bil­mədi nə desin. Axı, onun qəlbində həzrət Mə­həm­mədə qarşı inam o qədər güclü idi ki, onu təs­vir eləmək çətin idi.

 -Ya Rəsulallah, mənim qəlbimdə qum zər­rə­si qədər də sənə və sənin dediklərinə şübhə yox­dur. Bu barədə heç danışmağa dəyməz.

 -Ya Əli, bilirəm, amma yenə and içirəm ki, da­nışdıqlarım gözlərimlə gördüklərimdir, – deyə həzrət Məhəmməd bildirdi. Sonra əlavə edərək: – Mən sənə meracda gördüyüm bir mənzərəni də danışacam. Bu Sidrətül-Müntəhadır. Səmaları və cənnətləri qucaqlayan ulu varlıq ağacıdır. Ora peyğəmbərlərin və mələklərin çata bildikləri el­min sonudur. Sidrətül-Müntəha ərşi əlanın al­tın­dadır. Oradan o tərəfə qeyb aləmidir. Allahdan başqa heç kimin elmi ora daxil ola bilməz.

 Həzrət Əli yenə heyranlıqla həzrət Mə­həm­mə­di dinləyirdi.

 -Ya Əli, məni narahat edən bir məsələdir. – de­yə həzrət Məhəmməd söhbətinin səmtini də­yi­şib baxışlarını həzrət Əliyə zillədi. Onun gözləri də, allanmış yanaqları da, işıq saçan alnı da, ağar­mış saqqalı da elə bil nur dənizində islanmışdı.

 -Mən gördüklərimi açıqlamaqdan ehtiyat edi­rəm, ya Əli. Adamlar inanacaqlarmı bu hə­qi­qə­tə?!

 Həzrət Əli susdu. O bilirdi ki, həzrət Mə­həm­məd onu suala tutsa da sonda özü qərar verəcək. Göz­lədiyi kimi də oldu. Həzrət Məhəmməd həz­rət Əlinin susduğunu görüb öz sualına özü cavab ver­­di:

 -Qəlblərində inam olanlar inanacaq, olma­yanlardan isə inciməyə dəyməz. Onlar heç Al­la­hın nazil etdiyi kəlamlara inanmırlar. Bu hadisəyə ne­cə inanacaqlar. Buna baxmayaraq bu hadisəni ha­mıya danışmaq, yaymaq gərəkdir. Qoy bilsinlər ki, Allah-taala öz Rəsulunu hansı mərtəbəyə çat­dı­rıb. Qoy bilsinlər ki, Allah qarşısında pey­ğəm­bər­lərin ən istəklisi mənəm. Qoy bilsinlər ki, mən həmişə böyük Allahın nəzarətindəyəm. Mə­nə zərər yetirməyə Allah izn verməz. Bir daha dərk etsinlər ki, Allahın kəlamlarını insanlara yal­nız mən çatdıra bilərəm.

 Həzrət Əli həzrət Məhəmmədin sözünə qüv­vət verdi:

 -Güvənin əhdnaməni yeməsi məsələsindən son­ra insanlar bizə tərəf axışır. Onlar artıq dərk et­məyə başlayıblar ki, yalnız ilahi kəlamların gü­cü ilə pisliklərdən uzaq ola bilərlər.

Həzrət Əlinin(ə) böyük coşğunluqla dediyi bu söz­lər həzrət Məhəmmədin qəlbinə bir təsəlli bəxş etdi.

 - Əli, merac mənə görüb eşitdiklərimi da­nış­maq üçün bəxş olunub. Mən də, sən də, digər mü­səlmanlar da qoy danışsınlar. Müşriklərin su­al­la­rına cavab verməyə kifayət qədər əsasım var.

 

***

 Ya Əbu Bəkr, xəbərin var, deyirlər Məhəm­məd bir gecənin içində Məkkədən Qüdsə gedib Ək­sa məbədindən göyə merac edib. Özündən əv­vəl­ki peyğəmbərlərlə görüşüb, Allahla söhbət edib.

-Əbu Bəkr Əbu Cəhlin gülə-gülə dediyi bu sözlərin sətiraltı mənasını dərk etsə də, bir anlığa dinmədi. Müsəlmanlar Həbəşistana köçəndən bə­ri Əbu Süfyan da, Nadr ibn Haris də, Əbu Ləhəb də, Əbu Cəhl də dişlərini ona qıcamışdılar. Ha­şim oğullarından olmayan, varlı, imkanlı Əbu Bək­ri hər vasitə ilə özlərinə tərəf çəkmək is­tə­yir­di­lər. İş o yerə çatmışdı ki, o da digər mü­səl­man­lar kimi Allaha rahat ibadət etmək üçün yerini yur­dunu tərk edib Həbəşistana getmək istəyirdi. İn­di də Əbu Cəhllə mübahisə etməyin yersiz ol­du­ğunu görüb cavab verməyə bir qədər tərəddüd et­di. Bir də ki, hələ səhərin gözü təzə açılmışdı. Həzrət Məhəmmədlə görüşməmişdi. Merac mə­sələsindən xəbəri yox idi. Əbu Bəkr Əbu Cəhlin yaz böcəyi kimi işıldayan gözlərindən, gülüb qəşş elə­məyə hazır olan seyrək saqallı sifətindən hiss et­di ki, bu azğınlaşmış insana tutarlı bir cavab ver­mə­sə, ondan əl çəkəsi deyil.

 -Hə, Məhəmmədin meracına necə baxırsan, da­ha yerdə işlərinizi qaydaya salmısınız, göyə çıxmağa dəyər.

 Əbu Cəhlin həyasızcasına danışıb gülməsi Əbu Bəkri sərt və ötkəm bir halda ona cavab ver­mə­yə vadar etdi.

 -Əgər o özü söyləyibsə, doğrudur.

 Sonra fikrini daha tutarlı sözlərlə tamamladı:

 -Mən həzrət Məhəmmədi bundan mühüm iş­lər­də təsdiq etmişəm. Edirəm və edəcəm də. O mə­nə Allahın elçisi olduğunu bildirib, inanıb be­yət etmişəm. Böyük mələk cənab Cəbrayılı gör­dü­yünü, onunla söhbət etdiyini deyib, yenə inanıb təsdiqləmişəm. Allahdan vəhy nazil olduğunu söy­ləyib, yenə inanıb beyət etmişəm. Mən də onun kimi müsəlmanam. Allahın himayəsində və ha­sarındayam. Bu gün desə ki, göyə merac et­mi­şəm, yenə ona şübhə etməyəcəm.

 Əbu Bəkr sözünü tamamlayıb söhbətini bi­tir­di­yini hiss etdirmək üçün sərt bir halda üzünü ya­na çevirib oradan uzaqlaşdı. Həzrət Məhəmmədi gör­məyə tələsdi.

 Hər gün bir yenilik axtarıb onu söhbət möv­zu­su etməyə çalışan məkkəlilər bir günün ərzində həz­rət Məhəmmədin gecə gəzintisindən, göylərə me­rac etməsindən danışırdı. Müsəlmanlar bunu Al­lahın möcüzəsi kimi qəbul edir, diqqət və hə­yə­canla merac söhbətinə qulaq asırdılar.

 Buraq adlı atın təsviri, həzrət Məhəmmədin bu atın belində böyük mələk cənab Cəbrayılın və di­gər mələklərin müşayəti ilə Kəbə evindən Qüd­sə – Aqsa məbədinə getməsi buradan səmaya me­rac et­məsi əhvalatı müsəlmanları riqqətə gə­ti­rir­di.

 Məkkə müşrikləri isə merac hadisəsindən sonra müsəlmanlara daha çox gülməyə, onları la­ğa qoymağa başladılar

-«Hələ heç göyə çıxmağı demirik, karvanların bir aya getdiyi yolu Məhəmməd bir gecədə necə qət etdi?» Əbu Cəhlin, Əbu Süfyanın əlinə fürsət düşmüşdü. Harda olurdularsa, onlar bu sualla me­rac əhvalatını heçə endirmək istəyirdilər.

 Əbu Cəhl həzrət Məhəmmədi evindən səs­lə­yib çağırır, küçədə gedəndə arxasınca düşüb qış­qı­ra-qışqıra «Ey Məhəmməd, əgər əsl pey­ğəm­bər­sənsə, gəl camaat arasında sübut et görək bir ge­cə­də Məkkədən Qüdsə necə gedib gəldin. Əgər bu­nu sübut etsən sənin göyə çıxmağına da ina­na­ca­ğıq.» Əbu Cəhlə qoşulan Məkkə müş­rik­lə­ri həzrət Məhəmməddən sübut istəyirdilər. «Bi­zə sübut la­zım­dır, sübut», deyə bağırırdılar. Kə­bə ətrafına top­laşan tacirlər, bekar-behtin adam­­lar həzrət Mə­həm­məd­dən cavab göz­lə­yir­di­lər.

 -Ya Rəsulallah, adamlar arasına çıxa bil­mi­rik. Hamı «sübut» deyib çar çəkir, göstər kə­ra­mə­ti­ni, dua et, Allah-taala bir möcüzə ilə müşrikləri sus­dursun. – Həmzə Həzərti Məhəmməddən rica et­di. Ömər ibn Xəttab da, Əbu Bəkr də, Həzrət Əli də Həmzənin sözünə qüv­vət verib həzrət Mə­həm­məddən xahiş etdi ki, bir möcüzə ilə susdur­sun müşrikləri.

 Həzrət Məhəmmədin səhabələri ilə birlikdə Sə­fa təpəsinə gəlməsi məkkəlilərin ora axış­ma­sı­na səbəb oldu.

 Mən sənin göyə çıxmağını demirəm, sadəcə bir gecənin içində Məkkədən Qüdsə necə get­di­yi­ni sübut elə – Həmzə, Ömər ibn Xəttab və Həz­rət Əli həzrət Məhəmmədin ya­nın­da olduğundan Əbu Cəhl nisbətən sakit tərzdə danışdı. – Biz sən­dən ay­rı bir şey yox, öz de­dik­lə­ri­nə sübut is­tə­yi­rik – Əbu Cəhl bu sözlərlə özünü sı­ğortalamaq, pis niy­yətdə olmadığını Həmzəyə çat­dırmaq is­tə­yir­di.

 Aralığa sükut çökdü. Baxışlar, nəzərlər həzrət Məhəmmədə tuşlandı. Hamı onun nə deyəcəyini gözləyirdi.

 Əbu Cəhl, Əbu Süfyan özlərindən məmnun idilər. Onlara elə gəlirdi ki, həzrət Məhəmmədin yalanının üstünü açıblar. Daha bundan sonra o özü­nü peyğəmbər adlandırmaz. Düşünürdülər ki, Məkkədən Qüdsə bir gecənin içində gedib gəl­mək mümkün­süzdür.

 Həzrət Məhəmməd heç nə olmayıbmış kimi sakit və təmkinli idi. O bir qədər fikirləşdikdən son­ra üzünü Əbu Cəhlə tutaraq buyurdu:

 -Eşit, ey Əmr ibn Hişam, siz də eşidin, ey Mək­kə əhli – Həzrət Məhəmməd bir anlığa sö­zü­nə ara verdi. Sonra aramla dilləndi: – Böyük Al­lah-taala bütlər­dən fərqli olaraq hər şeyə qadirdir. Çün­ki yerin də, göyün də yaradıcısı, sahibi odur. Kü­reyi ərz o böyük qüdrət sahibinin bir kəlmə «ol» sözü ilə yaranıb. Allah istəsə, məni nəinki bir gecənin içində Qüdsə, dünyanın hər hansı bir nöqtəsinə bir göz qırpımında çatdıra bilər.

 Ya Məhəmməd, mənə sübut lazımdır, sübut – deyə hövsələsiz Əbu Cəhl mülayim bir səslə yerindən dilləndi. Yanındakı əyanlara göz vurub əla­və etdi: – Qüdsə gedib gələndə yolda nə gör­dün? Bircə kəlmə bunu de, qurtaraq səninlə.

 Həzrət Məhəmməd əhvalını pozmadan:

 -Mənim gecə seyri zamanı görüb eşit­dik­lə­ri­mi qəlbinin gözləri kor olanlar duyub dərk edə bil­məzlər. Allahı inkar edənlər onun qüdrətindən bi­xəbər olanlardır. Ya Əmir ibn Hişam, sən bu iş­də israrlı olduğun üçün deyirəm. Məkkə ilə Qüds ara­sındakı yolda böyük bir karvan gördüm. Kar­va­nın əsas yükü ipəkdir. Öndə gələn dəvənin rən­gi ağ­dır. Karvan Məkkəyə çərşənbə axşamı ça­tacaq.

 Həzrət Məhəmməd bu sözləri o qədər inamla dedi ki, ona rişxənd etmək istəyən adamlar hey­rətdən yerlərində donub qaldılar.

 Əbu Cəhl ətrafdakıların özlərini unudub həz­rət Məhəmmədin təsiri altına düşdüyünü görəndə qey­ri-ixtiyari yerindən bağırdı:

 -İnanmayın ona, yalan deyir.

Ancaq Həmzənin sərt, qəzəbli baxışları ilə rast­la­şıb səsini boğdu.

 -Nə olar, iki gün də gözləyərik – deyə Əbu Süf­yan çıxış yolu tapdı.

 Həzrət Məhəmməd və səhabələri Səfa tə­pə­si­ni tərk etdilər. İki gün az qala bütün Məkkə əhalisi gözlərini kar­van yolundan çəkmədi. Çərşənbə axşamı kar­van gəlib çıxdı. Hər şey həzrət Məhəmmədin de­di­yi kimi idi.

 Bu hadisədən sonra müşriklərdən heç kim merac hadisəsi barədə danışmadı.

 

***

 

 Bisətin on üçüncü ili idi. Həcc mövsümü ya­xın­laşırdı. Merac hadisəsindən sonra sadə mək­kə­li­lə­rin həzrət Məhəmmədə münasibəti də­yiş­miş­di. İn­di o çox nadir hallarda evdən çıxırdı. Mək­kə­lilər, zəv­varlar, tacirlər onu axtarır, yeni zühur et­miş pey­ğəm­bərlə söhbət etməyə can atırdılar. Bə­zən onun evi­nin qarşısında görüşə gələnlərin növ­bəsi ya­ra­nır­dı.

 Həzrət Məhəmmədin hər duasında bir mö­cü­zə görənlər yeni dini qəbul edirdilər. Həbəşistana köç etmiş müsəlmanlar da dəstə-dəstə geri qa­yı­dıb Mədinəyə yollanırdılar. Mədinədən hər gün xoş xəbərlər alınırdı. Artıq Ovs və Həzrəc qə­bi­lə­ləri arasında gedən qanlı çəkişmə səngimişdi. Hər iki qəbilədən olan müsəlmanlar sülh ya­rat­maq­la İslamın nüfuzunu artırmışdılar. Mədinə İs­la­mın mərkəzinə çevrilməkdəydi. Məsəb ibn Umey­­­rin dəvəti ilə Məkkədə işgəncəyə məruz qa­lan müsəlmanlar gizli surətdə dəstə-dəstə Mə­di­nəyə köçürdülər. Məkkədə yalnız İslamı yeni qə­bul edənlər qalmışdı.

 Məsəb ibn Umeyr göndərdiyi xəbərə görə, bö­­yük bir heyət zəvvar adı ilə Məkkəyə gəlib həz­­rət Məhəmmədi ziyarət etməli idi.

 Həmin gün gəlib çatmışdı. Mədinədən gələn 75 nəfər zəvvar həzrət Məhəmmədlə gizli gö­rüş­mək üçün yenə Əqəbəyə toplaşmışdı. Onların gə­li­şinin əsas məqsədi həzrət Məhəmmədi Mə­di­nə­yə dəvət etmək idi.

 Həzrət Məhəmməd olduqca həyəcanlı idi. Çox məxfi təşkil olunmuş bu görüşdən Məkkə müş­rik­lərinin xəbər tutmasını istəmirdi. Qar­şı­dur­ma ya­ranmasından, nahaq qan tökülməsindən eh­ti­yat­la­nır­dı. Bütün günü zikr və dua edirdi ki, əmin-aman­lıq olsun. Hamı həzrət Məhəmmədin da­nış­masını gözləyirdi. Onun mübarək simasını ilk dəfə gö­rən mədinəli müsəlmanlar zühur etmiş sonuncu peyğəmbəri seyr etməkdən həzz və zövq alır­dılar. An­caq gözlənilənin əksinə olaraq ilk sö­zə həzrət Məhəmmədlə Əqəbəyə birlikdə gəlmiş Ab­bas başladı. İslamı qəbul etməsə də, Haşim oğullarının ağsaqqalı olan Abbas həm də həzrət Mə­həm­mə­din himayəçisi idi. O sözünü kəsə de­di. Bildirdi ki, biz onu qoruyuruq. Əgər siz də onu qoruya biləcəksinizsə biyət edin. 

 Abbas yaxşı bilirdi ki, Məkkə müşrikləri həz­rət Məhəmmədi Mədinədə də rahat burax­ma­ya­caq­lar. Ona görə də sözünü deyəndən sonra mə­dinəlilərin nə deyəcəyini gözlədi.

 -Deyilənləri eşitdik. Biz Allahın Rəsu­lu­nu­n öz mübarək səsini eşitmək istəyirik. Onun yolunda canımızdan və var-dövlətimizdən keç­məyə hazırıq,  -deyə mədinəlilər ümumilikdə dil­lən­­dilər.

 Həzrət Məhəmməd ilk sözə özü barədə baş­la­dı: «Mən sizin kimi bəşər övladı olsam da, Al­lah­dan vəhylə nazil olan göstərişləri sizə ötürən za­man onu şəksiz qəbul edin. Əgər özümdən bir əmr ver­miş ol­sam, deməli, mən də bir insanam, özünüz ba­xın. Mənim sözlərimin heç birini inamı sı­nan­ma­mış ada­ma deməyin. Mənim sözlərim Al­lah kə­la­mını poz­mur. Allahın kəlamı mənim söz­lərimi ləğv edir.»

 Həzrət Məhəmməd Mədinədə baş verən qə­bilə davasına işarə edərək uca səslə dedi:

 - «İstəyirsinizmi sizə ehsan və namazdan yax­şı bir əməli nişan verim?.. İki adam arasında sülh ya­ra­dın. Düz yolu tapan bəşəriyyət məhv olmaz. Yal­­nız müharibə və münaqişə onu məhv edə bi­lər. Hər hansı bir tayfa yalnız münaqişəyə uy­duq­da yo­lunu azır.» Böyük Allaha həmd və şükürlər ol­­sun ki, İslamı qəbul edəndən sonra sizin şə­hər­də münaqişələrə son qoyulub. Ötən il bir-birinin üs­tü­nə qılınc çəkən, bir-birinin evini odlayan, ca­nı­­na qəsd edən iki böyük tayfanın nümayəndələri bu gün burda din qardaşı kimi yanaşı dayanıblar. Siz məni Mədinəyə dəvət etmisiniz. Bu məni se­vin­di­rir. Siz qadınlarınızı və uşaqlarınızı qo­ru­du­ğu­­nuz ki­mi məni qoruyacaqsınızsa, and içib beyət edin.

 İlk yaxına gələn mədinəli Bera ibn Mərur ol­du. O iki əli ilə həzrət Məhəmmədin əlini sıxıb de­di:

 -Beyət etdik, ya Rəsulallah. Onsuz da biz dö­yüş içində böyümüş adamlarıq. Səni qorumaq üçün malımızdan, dövlətimizdən və canımızdan keçməyə hazırıq. Yəsrib bu gündən sənin şə­hə­rin­dir – Mədinətün Nəbi.

Bera ibn Mərurdan sonra mədinəlilərdən bir neçə nəfər həzrət Məhəmmədin şəninə təriflər söylədi. Hamı bir-bir həzrət Məhəmmədin əlini sıxıb ona beyət etdi.

 -Ey Allahın peyğəmbəri, bütün bunların əvə­zində sən bizə nə vəd edirsən, – deyə kimsə ye­rindən dilləndi.

 -Behişt, – deyə həzrət Məhəmməd fikir­ləş­mə­dən cavab verdi. Həzrət Məhəmmədin bu sözü də coşğun­luqla qarşılandı.

 Aralığa yenə sükut çökdü. Həzərti Mə­həm­məd yetmiş beş nəfərlik heyətin andiçmə mə­ra­si­min­dən sonra son sözünü demək istəyirdi.

 -Allahın yeni dininin əsas məqsədi insanları pis əməllərdən, günahlardan çəkindirməkdir – deyə həzrət Məhəmməd buyurdu – «Günahdan çəkinmək – yüksəlişin nişanəsidir.»

 Gördüyünüz hər işdə Allaha arxalanın «Al­la­hın öz bəndələrinə məhəbbəti ananın balasına mə­həb­bə­tin­dən artıqdır. Allahın qorxusundan qa­fil ol­ma­yın, çünki bütün yaxşılıqların mənbəyi odur.»

 Ətrafda tam sakitlik idi. Həzrət Məhəmmədin bəlağətli səsi dalğa-dalğa ətrafa yayılırdı. Mə­di­nəlilər az qala nəfəslərini dərmədən Allahın Rə­sulunun kəlamlarının dinləyirdilər. Həzrət Mə­həmməd aram­la danışmaqda idi:

 Məkkəlilər məndən möcüzə istəyirlər. De­yir­lər əgər peyğəmbərsənsə, möcüzə göstər, ina­naq. Mən onlara da demişəm, sizə də deyirəm. Düz­dür, «Allahın başqa peyğəmbərləri möcüzə göstərmişdilər, mənim möcüzəm isə Qurandır ki, əbədi olaraq qalacaqdır. Quran barəsində mü­ba­hi­sə etmək kafirlikdir. Quranın hər bir ayəsində za­hi­ri və batini məna var.»

 Həzrət Məhəmmədin sözləri mədinəlilərin qəl­bində dərin izlər buraxdı. Onlar coşğunluqla Allahın Rəsulunu alqışladılar. Əllərini qı­lınc­la­rı­na ataraq son nəfəslərinə kimi onu müdafiə edə­cək­lərinə təkrar söz verib and içdilər.

 Axırda Mədinədə işlərə rəhbərlik etmək üçün 12 nəfərdən ibarət heyət seçildi.

 

***

 Gecə yarısı qapının döyülməsi Əbu Süfyanı təşvişə saldı. O, Əbasını geyinib əmrinə müntəzir dayanmış xidmətçinin üstünə çımxırdı:

 -Get, gör kimdir, ağlın kəsməyən adam olsa, de ki, yatmışam.

 Çox çəkmədi ki, xidmətçi geri qayıtdı. O, tək deyildi. Əbu Cəhl iri əndamını sürüyə-sürüyə xid­mət­çinin arxasınca gəlirdi. Əbu Süfyanın təşvişi bir az da artdı. «Heç xeyir xəbər gətirənə ox­şa­mır» – deyə öz-özünə mızıldandı.

 -Yəsribdən gəlmiş 75 nəfər zəvvar Əqəbədə Məhəmmədlə görüş keçirib islamı qəbul ediblər. Hamısı da tayfa, qəbilə başçıları. Geri qayıdıb bü­tün Yəsribi müsəlman edəcəklərinə söz veriblər. - Əbu Süfyan Əbu Cəhli dinləsə də, fikrində islamı ye­ni qəbul etmiş adamlara necə divan tutmaq ba­rə­də fikirləşirdi. Onların əldən çıxması Yəsribin is­lamlaşması demək idi.

 -Onlar hələ buradadırlar? – deyə Əbu Süfyan ba­yaqdan üyüdüb tökən Əbu Cəhlin sözünü kəsdi.

 -Bilmirəm. Görüş o qədər məxfi keçirilib ki, heç kimin heç nədən xəbəri yoxdur. Bu eşitdik­lə­ri­mi də təsadüfən bir nəfər dilindən qaçırdı. Öz adam­­larımı arxasınca saldım. «Gördüm» deyən ol­ma­dı.

 Yarı yuxulu, yarı oyaq Əbu Süfyan əlini yel­lə­yib əsnəyə-əsnəyə Əbu Cəhlin sözünü kəsdi:

 -İndi ki tapa bilmədin, qalsın səhərə, bir dəstə düzəlt göndər arxalarınca, hamısını qılıncdan ke­çir­sinlər.

 Səhəri gün müşriklərin atlı dəstələri Məkkə–Mədinə yolunda nə qədər at qovsalar da gecə ikən giz­­li yolla getmiş ən­sar­ların izinə düşə bil­mə­di­lər.

Azğınlaşmış Məkkə müşrikləri yeni dinin ya­yıl­ma­sının qarşısını almağın yeganə yolunu həz­rət Məhəmmədi məhv etməkdə görürdülər. Onlar ba­şa düşürdülər ki, həzrət Məhəmmədin özü də Mə­di­nəyə getməyə hazırlaşır. Artıq Ömər ibn Xət­tab, Həmzə və digər müsəlmanlar Mədinədə idi­lər. Nü­fuz­lu müsəlmanlardan Məkkədə həzrət Mə­həm­mə­din yanında qalan həzrət Əli və Əbu Bəkr idi.

 

***

 Həbəşistandan gələn bir xəbər Əbu Süfyanı sar­sıtmışdı. Qızı Ümmü Həbibə əri Xalid ibn Səid öldüyündən, Hə­bə­şis­tan kralı Nəcaşinin ra­zı­lığı ilə onu həz­rət Mə­həm­mədə əqd etmişdilər. İn­di Əbu Süfya­nın qızı Üm­mü Həbibə həzrət Mə­həmmədin zöv­cəsi he­sab olu­nur­du.

 -Yox, mən bu izdivaca imkan vermərəm. – de­yə Əbu Süfyan ilan kimi yerində qıvrılıb açıldı. – Nə gözəl adətdir qızı anadan olan kimi öldürmək. Həbibəni anadan olan kimi öldürsəydim belə fə­sad­lar törətməzdi. Burda məndən gizlin İslamı qəbul et­di, məndən gizlin Həbəşistana qaçdı, indi də ol­du Məhəmmədin – mənim düşmənimin zövcəsi. Bu xəbəri eşitməkdən ölüm mənə daha sərfəli idi – Əbu Süfyan öz-özünə danışıb qeyzləndi. – «Yox, mən bu izdi­vaca yol vermərəm. Mə­həm­məd öz ölüm hökmü­nü özü verdi. O hələ elə bilir ki, mən onu Mədinəyə sağ buraxacam. Yox, Mə­həmməd, sənin oyunlarına dözdü­yümüz yetər. Elə günü bu gün Darün-nədvada sənin ölüm hök­mün oxunacaq. Bu dəfə Haşim oğulları səni mü­da­­fiə edə bilməyəcək.» – Əbu Süfyan qəti qərara gəlib evdən çıxmaq istəyəndə arvadı Hind və ba­cı­sı Ümmü Cəmil qarşısını kəsdi.

 -Mənim daha Həbibə adlı qızım yoxdur. – Hindin hökmlə dediyi bu sözə Əbu Süfyan əhə­miyyət verməyərək dilucu dedi:

 -Mən bu hökmü o İslamı qəbul edəndən ver­mi­şəm.

 -Adam tap, göndər Həbəşistana, Həbibəni qanına qəltan etsin. – deyə Hind əsəbi halda dil­lən­di. Sonra az qala qışqıra-qışqıra: – Mən həcv yazıb, məclislərdə Məhəmmədin əleyhinə şeir oxuyacam, mənim qızım ona ərə gedəcək. Mü­qəddəs bütlərimiz bu zülmü götürməz.

 -Öldürülməli Məhəmməddir, Həbibə yox. Hamını yoldan çıxaran, adamları öz dinindən edən odur – deyə Ümmü Cəmil Əbu Süfyanın və Hindin diqqətini həzrət Məhəmmədə yönəltdi.

 -Siz sakit olun, mən öz işimi yaxşı bilirəm, – de­yə Əbu Süfyan tələsdiyini bildirib evdən çıxdı.

 Elə həmin axşam Əbu Süfyanın və Əbu Cəh­lin təşəbbüsü ilə Məkkənin qırx nəfər başbiləni məşvərət üçün Darün-nədvaya toplaşdı.

 Şuranın toplanmasının əsas təşəbbüskarı Əbu Süfyan olsa da, həmişəki kimi yenə susurdu. Hə­bəşistandan aldığı xəbərin təsirindən süstləşib yu­ma­­ğa dönmüşdü. Oğlunu itirmiş Əbu Ləhəb qə­zəb­li idi. Əbu Cəhl yerində vurnuxurdu. Nadr ibn Haris, As ibn Bail və Utbə ibn Rəbiə, Ykbə ibn Əbu Maayt, Əmr ibn As, Əsvəd ibn Əbdi Yə­qus, Əs­vəd ibn Müttəlib, Əbu Cəhlin oğlu Ək­rə­mə və başqaları sakit dayansalar da, daxillərində həz­rət Məhəmmədə qarşı kin və qəzəb kük­rə­məkdəydi. Da­rün-nədvaya toplaşanların demək olar ki, ha­mı­sı onunla düşmənçilik edənlər idi. Ha­şim oğulla­rın­dan təkcə Əbu Ləhəb dəvət olun­muş­du.

 Hamı birinci Əbu Cəhlin danışacağını bil­di­yin­dən nəzərlərini ona tuşlamışdı. Əbu Süfyan nə qə­dər ürəyi sözlə dolu olsa da, özünü Məkkənin rəisi ki­mi apararaq fikrini sonda bildirməyə ha­zır­laşırdı.

 Əbu Cəhl hövsələsiz olsa da, danışmağa tə­ləs­mir­di. Mövzunun ciddiyliyi onu da düşün­məyə va­dar etmişdi. Ancaq ona yönələn baxış­ların təsiri altında yerində qurcalanıb boğazını arıtladı. Bir­ba­şa mətləbə keçdi:

 -İndi, deyirsiniz neyləyək, Məhəmmədlə? Qo­hum-əqrabamızı yoldan çıxaran dinimizə həd­yan­lar deyən, övladlarımızı əlimizdən alan bu adam­la haqq-hesab çəkməyin vaxtı çatmayıbmı?

 Aralığa sükut çökdü. «Övladlarımızı əli­miz­dən alan» fikrini özünə şamil edən Əbu Süfyan başını qaldırıb tərs bir nəzərlə Əbu Cəhli süzdü.

 -Müzakirə etdiyimiz mövzunun nə qədər cid­di olduğu hamınıza məlumdur. Ona görə də gəlin bir az dərindən fikirləşək, – deyə Utbə ibn Rəbiə ye­rindən dilləndi. Sonra sözünə əlavə edərək: – nə üçün Məhəmməd fürsət ola-ola Həbəşistana qaç­madı və yaxud dünən mədinəlilərlə birlikdə şə­həri tərk etmədi. Bir neçə nəfərlə Məkkədə qal­mağının səbəbi nədir?

 -Onda qorxu deyilən şey yoxdur. Bütün əzab­la­ra, işgəncələrə, təmkinlə dözür. Heç birimizi say­mır. Ancaq öz Allahı ilə danışır – Nadr ibn Harisin dediyi bu sözlər məclisdə bir canlanma yaratdı. Hamı söz alıb həzrət Məhəmmədin əley­hi­nə danışmaq istəyirdi.

 Əbu Cəhl: – O Allahından, icazəsiz heç bir iş gör­mür. Yəqin Məkkədən çıxmağı barədə Al­la­hın­dan buyruq almayıb. İndi biz elə etməliyik ki, Məhəmmədin Allahı da mat qalsın bu işə.

 -Ərəb adətilə zəncirləyib ataq zindana, üs­tü­nə də bir dəli damğası yapışdıraq qurtarsın getsin. On­dan sonra dəlinin sözünə kim əhəmiyyət ve­rə­cək – deyə Utbə ibn Rəbiə öz fikrini bildirdi.

 -Artıq gecdir, ya Utbə, bütün Mədinə əhli İs­la­mı qəbul edib, səbirsizliklə onun yolunu göz­lə­yir­lər.  -Nadr ibn Harisin dediyi bu fikri hamı təs­diq­lədi.

 Onda aparıb izsiz bir səhraya ataq. Göz nə­zarətində saxlayaq ki, heç hara gedə bilməsin – As ibn Vailin dediyi bu sözlər bəyənilmədi.

 Əbu Cəhl yenidən qızışdı:

 -Gəlin mənim fikrimi qəribliyə salmayın. Bu adam hamının düşmənidir. Əlimizdən çıxsa, ba­şı­mı­za əngəl olacaq. Mədinyə gedib bütün qə­bi­lə­lə­ri üs­tü­­müzə qaldıracaq. Onun ölməkdən başqa çarəsi yox­dur.

 Əbu Süfyan məmnunluqla Əbu Cəhlin fikrini təs­diqlədi.

 -Kim öldürsün, Haşim oğulları ilə düş­mən­çi­lik etməyə kim razı olar? – Utbə ibn Rəbiə bu sözləri deyib Əbu Ləhəbə baxdı. Sonra sözünə əla­və edərək: – Mən etiraz etmirəm onun öldürül­məsinə, ancaq bu işi kim öz boynuna çəkəcək? Sa­bah Haşim oğullarına kim cavab verəcək? – Ortalığa yenə sükut çökdü. Ərəblərdə ən ağır iş olan qan davasına heç kim girişmək istəmirdi.

 Bu dəfə sükutu Əbu Süfyan pozdu:

 - Məhəmməd hamımızın düşmənidir. Çox düz­gün buyruldu ki, onun ölməkdən başqa çarəsi yox­dur. Ancaq görürəm bu işi görməkdə eh­ti­yat­la­nır­sı­nız. Mənim belə bir təklifim var. Hər qə­bi­lə­dən bir nə­fər onun öldürülməsində iştirak etsin. Be­lə olsa, Haşim oğulları heç kimi suçlu tutmaz. O ki, qaldı qan bahasına onun əvəzini ödəyərik. Bu­nun­la da iş bi­tər. Özümüz də, bütlərimiz də qur­tu­la­rıq.

 Qısa müzakirələrdən sonra hamı Əbu Süf­ya­nın çıxardığı qərarı bəyəndi. Bu bədnam qərarı hə­yata ke­çirmək üçün hazırlıq görməyə baş­la­dı­lar.

 Darün-nədvada çıxarılan bədnam qərar cənab Cəbrayıl vasitəsi ilə həzrət Məhəmmədə(s) bəyan edil­di. Onun Məkkəni təcili tərk etməsi barədə buyruq gəldi. Həzrət Məhəmməd(s) yaxın dostu Əbu Bəkri mujdələdi. Mədinəyə getmək barədə hazırlıq görməsini tapşırdı. Son sözünü isə daim yanında qalıb onu mühafizə edən həzrət Əliyə(s) dedi. Mədinəyə hicrət etmək barədə Allahdan buyruq aldığını, Məkkə müşriklərinin Darün-nəd­va­ya toplaşıb onun öldürül­məsi barədə qərar çı­xart­dıqlarını həzrət Əliyə(s) bildirdi.

 -Bu gecə mən Məkkəni tərk edəcəm. Sən mə­nim əbama bürünüb yerimdə yatacaqsan. Qoy ka­fir­­lər elə zənn etsinlər ki, mən evdəyəm. Əgər ge­cə hü­cum edib evə soxulsalar özünü müdafiə elə. An­caq inanmıram ki, onlar sənin üstünə qı­lınc çə­kələr. Onların işi mənimlədir. Xəbər tu­ta­na ki­mi mən Əbu Bəkrlə birlikdə Məkkədən uzaq­da ola­cam.

 Allah xofundan başqa qorxu bilməyən həzrət Əli(s) tərəddüd etmədən bu təklifi qəbul etdi…

 

* * *

 Qara paltarlı, qara yaşmaqlı qatillərin sübh tezdən otağa soxulmağı ilə həzrət Əlinin(s) yerindən sıçraması bir oldu.

 -Mənəm, Əli ibn Əbu Talib, döyüşmək is­tə­yirsinizsə gəlin kişi kimi döyüşək – deyə həzrət Əli(s) uca səslə dilləndi.

 Əli qılınclı qatillər yerlərindəcə quruyub qal­mışdılar.

 -Bu necə ola bilər. Sən hardan gəlib çıxdın. Biz Məhəmmədi öldürməyə gəlmişik.

 -Rəsulallah Allahın himayəsindədir, sizin ona gücünüz çatmaz, bacarırsınızsa, məni öldü­rün.

 -Yox, biz Əbu Talibin oğlunun üstünə qılınc çəkmərik. Bizə Məhəmmədi ver – deyə qatillər dilləndilər.

 

* * *

 

 -Onlar lap yaxınlıqdadırlar. Budur, gəlirlər. Məhv olduq. Ya Rəsulallah bir çarə – deyə Əbu Bəkr həyacan və təşviş dolu nəzərlərini həzrət Mə­həmmədə(s) tuşladı.

 Əbu Bəkrin həyacanlandığını görən həzrət Məhəmməd(s) onun qolundan tutaraq ehmalca sıxdı, sonra pıçıltı ilə:

 -Səbrli ol, ya Əbu Bəkr. Unutma ki, Allah bi­zimlədir. Artıq hərəkət lazım deyil. Ancaq səbr elə və qəlbində dua et.

 -İzlər bura gəlir çıxır, – deyə Məkkə müş­rik­lərinin ləpirçisi Qərizə ibn Əlqəmə  ayaq saxladı.

 -Burdan hara gedə bilərlər, – müşriklər bir-birlərinə baxdılar.

 -Odur, yuxarıdakı mağarada gizlənmiş olar­lar, – deyə müşriklərdən biri sevincək dilləndi.

 -Ey Məhəmməd! Mağaradan çıx!.. Könüllü ola­raq gəl təslim ol! – Dəstənin başçısı amiranə bir səslə dilləndi.

 Həzrət Məhəmməd(s) və Əbu Bəkr dua et­mək­də idilər. Müşriklərin onları səsləməsi hər iki­si­nin təşvişini artırdı.

 -İndi ki, özləri gəlmirlər, çıxın yuxarı, qılınc qabağında gətirin bura, – deyə atlı dəstəyə baş­çı­lıq edən əmr verdi.

 Düşmənlər bir neçə addımlıqda idilər. Həzrət Məhəmməd(s) ömrünün bəlkə də ən çətin anlarını yaşayırdı. Ancaq daxilən sakit idi. Hiss edirdi ki, bu qədər zikr və duadan sonra düşmənlərin əlinə belə asanlıqla keçə bilməz.

 Müşriklər mağaranın qarşısında idilər. Onların ayaqları görünür, səsləri açıq-aydın eşidilirdi. Əgər, onlardan kimsə başını mağaradan içəri salıb baxsaydı, həzrət Məhəmmədi(s) də, Əbu Bəkri də açıq-aydın görərdi.

 Yenidən dağın ətəyindəki adamların səsi eşi­dil­di:

 -Hə, nə oldu? Ordadırlar?..

 Mağaranın ağzındakı müşriklər bilmirdilər ki, nə etsinlər. Qarşılarını kəsən hörümçək toru və düz mağaranın girəcəyindəki göyərçin yuvası on­ları çaşdırmışdı.

 -Mənə elə gəlir ki, heç dünya yaranandan bu­ra insan ayağı dəyməyib, – deyə müşriklərdən bi­ri o birinə dedi. Digəri onun fikrini təsdiqlədi: – Bu hörümçək torunu yarmamış, göyərçin yuvasını ayaqlamamış necə içəri keçmək olar? Sonra hər ikisi üzünü dağın ətəyindəkilərə çevirib bir ağız­dan dedilər:

 - Burda yoxdurlar.

 Bu kəlmələr həzrət Məhəmmədin(s) də, Əbu Bəkrin də həyəcanına son qoydu

 Artıq müşriklər çıxıb getmişdilər. Həzrət Mə­həmməd(s) və Əbu Bəkr isə hələ də mağaradan çıx­mır, girəcəyi sarmış hörümçək toruna, ayaq al­tın­da­kı göyərçin yuvasına baxıb heyrətlərini giz­lət­mirdilər.

 -Ya Rəsulallah, bu necə ola bilər, biz ma­ğa­raya girəndə burda nə hörümçək toru var idi, nə də göyərçin yuvası.

 Həzrət Məhəmməd(s) amiranə bir səslə: Ya Əbu Bəkr, bax, gözlərinlə gör Allahın mö­cü­zə­si­ni.

 Əbu Bəkr əllərini Allah dərgahına açıb zikr et­di: «La İlahə İlləllah» Ey Rəbbim, sənə inan­mayan kafirdir.

 

***

 Məkkə müşrikləri səhranı dörd dolaşsalar da həzrət Məhəmmədi(s) tapa bilməyib bərk qə­zəb­lən­mişdilər. Artıq Məkkədə incitməyə, işgəncə ver­mə­yə müsəlman qalmamışdı. Həzrət Əli(ə) də həz­rət Fatiməni kənizi ilə birlikdə götürüb şəhəri tərk etmişdi.

 Hirsindən bir yerdə qərar tuta bilməyən Əbu Süf­yan Məkkənin ən qəddar adamlarını bir yerə top­layıb elan etdi:

 -Məhəmmədin ya ölüsünü, ya dirisini tapıb gətirənə yüz dəvə bəxşiş verirəm

 Qızı Ymmü Həbibənin hərəkətindən sonra Əbu Süfyan əsl qisasçıya çevrilmişdi. Nəyin ba­hasına olursa olsun həzrət Məhəmmədi(s) məhv et­mək fikri onu rahat buraxmırdı.

 

***

 İntəhasız səhra dənizi sanki dalğa-dalğa aşıb daşırdı. Günəş yanar kürə kimi səmadan asılıb od püskürür, bütöv səhranı elə bil yanar közə çe­vi­rir­di. Bir cüt dəvə qaynar qum dalğalarını yara-yara irəliləyirdi. Düşmənlərin təqibindən qurtulmuş həzrət Məhəmməd(s) uzun yolun məşəqqətlərinə baxmayaraq daxilən sakit və rahat idi. Yol boyu keç­miş həyatı gözləri önündə canlanır, öz-özü ilə söh­bət edirdi. Taifdə keçirdiyi günlərin ağrısı hə­lə canından çıxmamışdı. Həzrət Məhəm­məd(s) Ta­if­də bir nəfər qulu – Qadəsi yadına salıb ağrı-acı­sı­nı unutdu. Onun gülümsər çöhrəsi­ni nəzərində canlandırdı. Ona elə gəldi ki, bir qulun imanı bir şəhərin imanından çox imiş.

 Həzrət Məhəmməd(s) sığınacaq yeri bildiyi Mə­di­nə barədə düşündü. Ona beyət edən mə­di­nə­li­lə­rin son sözlərini xatırladı: «Bu gündən Yəsrib sə­nin şəhərindir – Mədinətün Nəbi.» Artıq onun qəl­bində Mədinənin İslamın mərkəzi olacağına zərrə qədər də şübhə qalmamışdı.

 -Ya Rəsulallah!..

 Əbu Bəkrin səsi həzrət Məhəmmədi dü­şün­cə­lər­dən ayırdı.

 -Arxadan gələn o qaraltıya bir baxın, – deyə Əbu Bəkr yenidən dilləndi.

 Həzrət Məhəmməd(s) əlini gözünə günlük edib uzaqdan böyüməkdə olan qaraltıya baxdı. Onun atlı çapar olduğu aydınca görünürdü.

 -Dayanaq, – deyə həzrət Məhəmməd(s) onsuz da atlının onlara çatacağını dəqiqləşdirib amiranə bir surətdə dilləndi.

 -Kimdir görən təkbaşına izimizi tutub gəlir? – Əbu Bəkr sual dolu nəzərlərini həzrət Mə­həm­mə­də(s) yönəltdi. Onun dinmədiyini görüb öz su­a­lı­na özü cavab tapmaq üçün gözlərini qıyıb daha diqqətlə yaxınlaşmaqda olan atlıya tərəf baxdı.

 -Surağə ibn Malik?.. – deyə Əbu Bəkr heyrət və həyəcan dolu baxışlarını yenidən həzrət Mə­həm­mədə(s) tuşladı.

 -Odur, – deyə həzrət Məhəmməd(s) kəsə cavab ve­rib əllərini Allah dərgahına açdı.

 -Bu cəng adamını kim yolundan azdırdı? O, bi­zim işlərə qarışmırdı axı... – Əbu Bəkr öz-özü­nə pıçıldadı.

 Atlı yaxınlaşırdı. Qumluqda çətinliklə yüyü­rən atın qara nəfəs olması artıq eşidilirdi. Həzrət Mə­həmməd duasını bitirib nəzərini atlıya tuşladı. Elə bil onun bütün daxili gücü baxışlarında top­lanmışdı. Arada 25–30 metr məsafə var idi. Su­ra­ğə­nin istidən pörtmüş sifəti, şikar üstünə şığıyan quz­ğun kimi gözləri açıqca görünürdü. Onun bir əli atın yüyənində, bir əli qılıncın dəstəyində idi.

 Qəfildən at ağır bir daş kimi qumluqda bat­ma­ğa başladı. Qum atın dizlərini keçməkdə idi. Su­ra­ğə ibn Malik nə qədər çalışsa da nə özünü, nə də atını xilas edə bilmirdi. Qum yarğanı atı və at­lı­nı sanki sorurdu.

 -Ya Məhəmməd, sənin nifrinin məni bəlaya sal­dı. Dua et xilas olum. And içirəm ki, sizinlə heç bir işim olmayacaq. Gedib arxadan gələn dəs­tə­ni də geri qaytaracam.

 Həzrət Məhəmməd(s) bir qədər düşünüb ye­ni­dən əllərini Allah dərgahına açdı.

 …Onlar qarşı-qarşıya dayanmışdılar. Həzrət Mə­həmmədi(s) öldürmək fikri ilə yola çıxmış cən­ga­vər indi Allahın Rəsuluna təzim edirdi.

 -Nəfs məni aldatdı, ya Məhəmməd, Əbu Süf­yanın fitnəsinə uyub yolumu azdım. Sənin əsl peyğəmbər olmağına şübhəm qalmadı. Nəyim var­sa bağışlayıram sənə, – Surağə ibn Malik qı­lın­cı­nı, qalxanını, kamanını, su tuluğunu, torba ilə do­lu ərzağı həzrət Məhəmmədin qarşısına qoydu.  -Sonra sözünə əlavə edərək: – səndən bir ricam var. Mənə bir amannamə yazıb ver ki, gələcəkdə sə­nin hüzuruna gələ bilim.

 Həzrət Məhəmməd Surağə ibn Malikin ba­ğış­la­dıqlarını geri qaytarıb ona parça üzərində bir aman­namə yazıb verdi.

 

***

 Mədinə əvvəlki kimi döyüş meydanı, qan oca­ğı deyildi. Yeni din bu şəhərə sülh, əminanlıq gə­tirmişdi. Şəhər bayram libasında idi. Hamı in­ti­zar­la Allahın sonuncu peybəmbərinin, yeni dinin banisinin yolunu gözləyirdi. Həzrət Məhəm­mə­din(s) Məkkədən nə vaxi çıxdığını bütün şəhər əhli bilirdi. Ancaq onun mağarada üç gün gizlənməsindən heç kimin xəbəri yox idi. Ona görə də gecikmə hamını narahat edirdi. Həm­zə, Məsəb ibn Umeyr, Əmmar, Zeyd ibn Ha­ris və həzrət Məhəmmədin(s) digər yaxın sə­ha­bə­lə­ri, eləcə də Mədinənin nüfuzlu müsəlmanları – ənsarlar narahat idilər. Onlar həzrət Məhəm­mə­din Məkkə müşriklərinin əlinə keçməsindən eh­ti­yatlanırdılar. Hesablama­lara görə dəvə ilə Mək­kə­dən çıxan hər kəs indi Mədinədə olmalı idi.

 Həmzənin tapşırığı ilə artıq ikinci gün idi ki, bir neçə atlı həzrət Məhəmmədi(s) qarşılamaq üçün Məkkə yoluna çıxır, yaxın məntəqələrə, kəndlərə ki­mi gedirdilər. Bu atlı dəstələrinə könüllü qo­şu­lan daha çox idi. İki gün özünə yer tapa bilməyən Həmzə digər nüfuzlu müsəlman­larla birlikdə Mə­dinənin bir neçə kilometrli­yindəki Qəba mən­tə­qəsinə yollandı. Həzrət Məhəmmədi burda qar­şı­la­maq qərarına gəldi. Şəhər əhalisinin bir qismi də onlara qoşuldu.

 Bütün günü gözləri yol çəkən Mədinəlilərdən kimsə az qala qışqıraraq: «Odur, mən gördüm gə­lir­lər.» – dedi. Hamı həyəcanla uzaqdan qum tə­pə­ləri arasında görünən qaraltılara baxdı. Qəbada ya­şayanlar da, Mədinədən gələn şəhər sakinləri də, yaxın səhabələr də sevinc və fərəh içərisində idi­lər. Hamının üzü gülür, bir-birlərini təbrik edir­di. Həzrət Məhəmmədin(s) üzünü görmə­yənlər da­ha həyəcanlı idilər. Onların nəzə­rində həzrət Mə­həm­məd(s) qeyri-adi bir insan idi. Allahın Rə­su­lu­nu, yer üzünün sonuncu pey­ğəmbəri­ni görmək on­ların qəlbində qarşısı­alınmaz bir istəyə çev­ril­miş­di.

 Həzrət Məhəmməd(s) Qəbaya yaxınlaşdıqca or­dakı izdihamı görür, sevincdən kövrəlir, ulu ya­ra­da­na şükürlər edirdi. Allah-taalanın izni ilə o bü­tün təhlükələrdən qurtularaq mənzil başına gəlib çat­mışdı. Yol boyu daim öz həyatını, başına gələn hadisələri xatırlayan həzrət Məhəmməd(s) indi gö­rəcəyi işlər barədə düşünürdü. Ancaq bir hiss onu ye­nə xəyalən Məkkəyə qaytarırdı.

 Həzrət Əlinin(s) və kiçik qızı həzrəti Fatimənin(ə) aqibəti­nin necə olacağı onu rahat buraxmırdı. Həzrət Məhəmmədi(s) ilk qarşılamağa çalışan cavan atlılar ar­tıq ona yetişmişdilər.

 -«Allahın Rəsulu Yəsrib torpağına xoş gə­lib!…»

-«Ya Rəsulallah sənin şəhərin səni göz­lə­yir.»

 -«Sənin mübarək üzünü görmək mənim ən bö­yük arzum idi.»

 Cavan atlıların dediyi bu sözlərin müqabilində həzrət Məhəmməd(s) onları salamlayır və Allaha şükürlər edirdi.

 Təntənəli ilk görüş mərasimi başa çatmışdı. Uzun, məşəqqətli yol gəlmiş həzrət Məhəmməd(s) və Əbu Bəkr dincəlmək üçün Qəbanın ən məhşur sakini Ömər ibn Aufun dəvətini qəbul etdilər.

 -Sənin şəhərin səni gözləyir ya Rəsulallah, bir az dincəlin, sonra gedəyin.

 Həmzənin bu sözündən sonra həzrət Mə­həm­məd(s) dinmədi. Onun bu susmağı açıq-aşkar etiraz əlaməti idi.

 Həmzə həzrət Məhəmmədin(s) ürəyindən ke­çənləri duyaraq dilləndi:

 -Əli və Fatimə gəlməyincə, biz də heç hara tərpənməyəcəyik.

 Beləcə, həzrət Məhəmməd(s) bir müddət Qə­ba­da qalmalı oldu. Mədinəlilər dəstə-dəstə bura gə­lə­rək Allahın Rəsulunu ziyarət edir, onun səsini eşitməkdən, sözünü dinləməkdən feyz alır­dılar.

 Həzrət Məhəmmədin(s) təşəbbüsü ilə Qəbada məs­­cid tikintisinə başlandı. Cəmi bir neçə günə in­şa olunan bu məscid üstü açıq idi, adamboyu çəkilmiş hasardan ibarət idi. Tikintisində həzrət Məhəmmədin(s) özünün şəxsən iştirak etdiyi bu məs­­cid islam tarixində ilk məscid hesab olunur.

 Günlər ötdükcə həzrət Məhəmmədin(s) gözləri yol çəkirdi. Ancaq narahatlığını biruzə vermir, zi­yarətə gələnləri qəbul edib onları yeni dinin qay­da­ları ilə təlimatlandırır, səhabələri ilə bir­likdə na­maz qılır, Allaha şükürlər edirdi. Nəhayət on dörd gündən sonra həzrət Əli(s), həzrət Fatimə(ə) və kə­nizi gəlib Qəbaya çatdılar.

 Qəbada olan bütün müsəlmanlar həzrət Mə­həmmədlə(s) həzrət Əlinin(ə) görüşündən mü­təəssir olmuşdular. Onlar ilk dəfə Allahın Rəsulu­nun kövrəlib ağladığını gördülər. «Şükürlər olsun sə­nə ya Rəbbim mənim ən əziz adamlarımı sağ-sa­la­mat mənə yetirdin» – deyə həzrət Məhəmməd(s) Al­lah dərgahına əl açıb dua etdi.

 

***

 Tarixi anlar yaxınlaşmaq üzrə idi. Uzun mə­şəqqətli yol, Sur dağındakı mağara, sərkərdə Su­rağə ibn Maliklə qarşılaşma, yolda rast gəl­dikləri iri­li-xırdalı hadisələr, Qəbada qaldığı gün­lər, məs­­­cid tikintisi, həzrət Əli və həzrət Fatimə ilə gö­rüş anları artıq arxada qalmışdı. Ağ rəngli də­və öz sahibini–yeni dinin banisini, Allahın yer üzün­də sonuncu peyğəmbərini tarixi anlara qo­vuş­dur­maq üçün aramla irəliləyirdi. Mədinə öz qoynunu həzrət Məhəmmədin üzünə açıb, onu həd­siz inti­zarla gözləyirdi.

 Qəbanı tərk etmiş həzrət Məhəmmədi yüz nə­fər­dən artıq insan müşayət edirdi.  Neçə il­lər­dən bəri həzrət Məhəmmədlə birlikdə əzab-əziy­yət çəkmiş bu insanlar da sevinc və fərəh içə­ri­sin­də idilər.

 Yeni bir dövr başlayırdı. İnsanları haqqa-əda­lə­tə, halallığa, düzlüyə, təmiz əxlaqa, ləya­qətli həyat tərzinə çağıran İslam dövrü. Bu dövrün ilk ilinin, ilk ayının, ilk həftəsinin, ilk günü…

 Allahın izni ilə yaranan İslam dini ilk vəhyin nazil olduğu gündən indiyə kimi insanları Allahın birliyinə, «siratəl müstəqim» yoluna dəvət etmiş, pisliklərdən uzaqlaşmağa çağırmışdır. Əsrlər ötsə də nə təfriqələr, xəyanətlər, hakimiyyət dava­ları, təriqət ayrılıqları, məzhəb bölünmələri, nə də da­xili çəkişmələr, xarici müdaxilələr, irili-xırdalı bütün döyüşlər, müharibələr Allah kəlam­ları üzə­rində qərar tutan İslamı sarsıda bilmə­mişdir.

 Bəşəriyyətin nicatının, dünyanın xilasının, di­nin­dən, təriqətindən, məzhəbindən, irqindən, mil­­­liy­yətindən asılı olmayaraq Böyük Allahın gös­­­tər­­diyi düz­gün yolla getməkdə olmasını tarix özü sübut etməkdədir.

 Allahın sonuncu dini olan İslamı ərsəyə gəti­rən, bütün məşəqqətlərə dözərək Allahın kəlam­la­rını insanlara çatdıran, yer üzünün so­nuncu pey­ğəmbəri  -Allahın Rəsulu olan, bəşə­riyyət tari­xin­də ən bö­yük insanlardan biri hesab edilən həzrət Mə­həm­məd Səl­la­la­hü Əleyhi və Alihi Vəsəlləmin mü­ba­rək adı əbə­di olaraq yaşayacaqdır.

 

 



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə