Son xəbərlər

 

Firuz Mustafanın “Cənnət çiçəyi” adlı çoxqatlı və gərgin süjetə malik əsərinin qəhrəmanı Cavad Əmirxanlı vicdanlı insan və istedadlı bir alim kimi ətrafında baş verən haqsızlıqlarla razılaşa bilmir, ağır psixi sarsıntılar keçirir və nəticədə, üzləşdiyi real situasiyadan baş çıxara biməyərək virtual-sürreal bir aləmə çəkilməyi qərara alır. Amma öz fantaziya və təsəvvüründə yaratdığı  dünyada da onu itki və faciələr təqib edir. Cavad Əmirxanlının “əbədi ömür” barədə irəli sürdüyü elmi layihə müasirləri tərəfindən birmənalı və ciddi qəbul olunmur. Çoxları onun ağlının çaşdığını zənn edir. “Cənnət çiçəyi”nin qəhrəmanı isə sonacan öz ideyaları və idealları uğrunda mübarizə aparmaq qərarında israrlıdır.

       Əsərdə təkcə nəsrin deyil, digər ədəbi janrların imkanlarından da istifadə edilmiş, yeri gəldikcə poetik və dramatik nüanslara, habelə roman qəhrəmanının apardığı elmi araşdırmaya  geniş yer verilmişdir.

 

 

                          Firuz MUSTAFA      

                   

                         CƏNNƏT ÇİÇƏYİ

                          (roman-pritça)

 

 

Fikirlərinizi dəyişin, amma prinsiplərinizi qoruyub saxlayın; yarpaqlarınızı dəyişin, amma köklərinizi qoruyub saxlayın.

                                                                         V.Hüqo

 

İnsanlarla nə qədər az üz-üzə gəlsək, bir o qədər yaxşıdır. (...) Balıq suda necə yaşayırsa, insan da tənhalıqda o cür yaşayır.

 A.Şopenhauer

 

Zəkanın birinci vəzifəsi yalanı doğrudan ayırmaqdır.

                                                                         A.Kamyu

 

Daha çox keçmişlə yaşayan insan-bədbəxt, gələcəklə yaşayan-fantaziyaçı, bu günlə yaşayan-yüngülfikirlidir. Lakin həm kemiş, həm gələcək, həm də bu günlə yaşayan ... ağıllı insandır.

                                                                            D.Yeremiç

 

 

      ...sən düşünürsən ki, bu dünya əbədidir? Sənə elə gəlir ki, bu dünyanın dərdi-səri,  sevinci- nəşəsi də bu dünyanın özü kimi daimidir, elədirmi? Unutma ki, bu dünyanın özü də elə bu dünyadakı adamlar kimi müvəqqətidir, öləridir. Niyə qaşlaını çatırsan? İnanmırsan? Əslində, bu dünyanın özünu də insan yaradıb. Hər doğulan insanla birlikdə bu dünya yenidən doğulur. Elə ölənlə də birlikdə ölüb gedir bu dünya. Hər şeyin bir əzəli və bir sonu olur. Günlərin bir günü bu dünyanın sonuncu adamı gözlərini əbədi olaraq yumanda, dünyanın özü də  adicə bir canlı kimi bu dünyadan köç edib başqa bir aləmə qovuşacaq.

  

 

  İlk dəfə Cavad Əmirxanlı gözləmədiyi qonağı soyuq bir qış gecəsi özünün şəhərdəki mənzilində “qarşılamışdı”. Yaxşı xatırlayır, həmin gün mətbəxdə  cay-çörək hazırlayırdı. Arvadı xəstəxanada olduğu üçün o, özü-özünə qulluq etmək məcburiyyətində qalmışdı. Göydə Ay doğsa da pəncərənin o üzünə qışın  insan könlünə sirli bir qüssə gətirən tutqun rəngi çökmüşdü. Bayırda yüngül külək qalxmışdı. Təbiətın özü kimi qüssə notları üstündə köklənmiş Cavad Əmirxanlı, fincana qəhvə süzdü, soyuducudan yağ-pendir çıxartdı. Elə bismillah eləyib tikəni təzəcə ağzına yaxınlaşdırmaq istəyirdi ki, eyvandan kiminsə asta səslə onu çağırdığını eşıtdi: “Cavad bəy, Cavad bəy...”

     Əvvəlcə elə bildi ki, qulağı səsə düşüb. Sonra onu təzədən səslədilər: ”Cavad bəy...”  Çaşıb qaldı. Səs həqiqətən eyvandan gəlirdi. Axı bu, kim ola bilərdi? Bəlkə qonşu mənzillərdən birinin sakinidir.  Olsun ki, kiminsə pal-paltarı onların eyvanına düşüb. Yox, bu, qonşu məsələsinə oxşamırdı... Lap tutaq ki, doğrudan da eyvana paltar düşmüşdü. Hətta, bu cür olan halda belə, hansısa bir axmağın gecənin bu vədəsində divara dırmaşıb eyvana çıxmaq xülyasna düşməsi ağlabatan iş deyildi; məsələ həm də burasında idi ki, onun mənzili çoxmərtəbəli binanın sonuncu mərtəbəsində yerləşdiyindən, eyvana yalnız binanın damına qalxıb oradan enmək mümkün ola bilərdi. Bu qarda-soyuqda kiminsə belə bir sevdaya düşməsi isə... Yox, cox güman ki, bu, ya qarabasma idi, ya da ola bilsin ki, onun qulağı səsə düşmüşdü.

      Adının bir də çəkildiyini eşidəndə Cavad Əmirxanlının tikəsi əlindən düşdü. Ayağa durub çəkinə-çəkinə pəncərədən eyvana sarı boylandı. Gözünə bir ins-cins dəymədi.  Geri qayıdıb yan-yörəsini, dördbiryanını gözdən keçirdi.  Xoflandı.  Bu, hansısa xəstəliyin ilk əlamətləri də ola bilərdi. Hansı xəstəliyin? Cavad Əmirxanlı uşaq-zad deyildi ki, bu cür halların hansı xəstəliklə nəticələnə biləcəyini hiss etməyəydi.

      -Cavad bəy...

      O, əsəbi halda eyvana açılan qapının dəstəyindən yapışıb özünə sarı dartdı. Qapı taybatay açıldı. Kişiyə elə gəldi ki, açıq eyvanın ortasına qoyulmuş nəhəng dibçəyin icindəki boy-buxunlu, gümüşü gövdəli iri kol (əslində bu bitki, koldan daha çox, ağaca bənzəyirdi) indi sanki nədənsə çəkinərək küncə sarı qısılmışdı.

       Bu ağacın toxumu bir necə il əvvəl hansı yollasa uzaq qohumlarından birinin eyvanındakı dibçəyə düşübmüş. Həmin dibçəkdə böyüyən ləki həmin uzaq qohum Cavad Əmirxanlının ad günündə onların evinə gətirmişdi. Sonralar həmin qohumun başına hava gəlmiş, bədbəxt kişi şəhərdəki psixatriya xəstəxanalarından birində keçinmişdi.Bu qəribə hədiyyə o vaxtdan bu eyvanda böyüyüb qol-budaq atmışdı. İri, gümüşü  yarpaqlar ətrafa xoş bir ətir yayırdı. O yarpaqlara baxanda yayın isti havasında belə Cavad Əmirxanlını nədənsə daxili bir üşütmə tuturdu.  O, qohumunun başına gələn müsibəti eşidəndə körpə bitkini eyvandan götürüb zibilliyə atmaq istəmişdi. Amma arvadı o zaman israrla ərinin istəyinin əksinə çıxmışdı: “Kiminsə başına hava gəlirsə, bunun günahını bəyəm cansız daşda-ağacda axtarmaq lazımdır? O kol sənə mane olmur ki... Qoy dursun öz yerində. Sən evdə olmayanda mən onunla dərdləşir, söhbətləşirəm”. Son cümləni deyərkən qadının çox ciddi bir görkəm alması Cavad Əmixanlını o vaxt bir qədər təəccübləndirmişdi də. Yay-payız aylarında yarpaqları tutqun rəngə çalan bu ağac, soyuqlar düşəndə  gözgörəti cana gəlirdi; qışda isə gümüşü yarpaqlar par-par yanan güzgüyə dönürdü. Cavad Əmixanlı indiyəcən heç yerdə bu ağacın bənzərini görməmişdi.

     Arvadı xəstəxanaya gedərkən ərinə bu bitkiyə qulluq etməyi, onu vaxtlı-vaxtında sulamağı tapşırmışdı. O, yalnız indi xatırladı ki, adını belə bilmədiyi, “gümüşü ağac” adlandırdığı bu qəribə bitkiyə son günlərdə heç düz-əməlli bir qulluq göstərə bilməyib...

     Mənzilin işığı eyvana düşmüşdü. Ağacın budağndan asılmış və eləcə də bir neçəsi daş  döşəməyə səpələnmış gümüşü-sarımtıl yarpaqları sazaq qarışıq yüngül külək astaca tərpədirdi.

     Cavad Əmixanlı eyməndi, eyvandan otağa dönmək istədi.

      - Salam, Cavad bəy.

     Cavad Əmixanlı diksinsə də özünü ələ aldı.

     O, qeyri-ixtiyari:  

    - Salam, -deyə, dodaqaltı  mızıldanıb çəkinə-çəkinə ətrafa göz gəzdirdi.  

       Sanki dibçəyin arxasında nəsə tərpəndi. Onun bədənini soyuq-titrək ilğım dalayıb keçdi. Üşürgələndi. Çiyinlərini çəkdi.

       O, diqqət edib gördü ki, ağacın gövdəsinə ilan kimi bir cüt qol dolanıb və bu qollar da elə o ağacın özü kimi gümüşü- bəyaz rəngdədir.

       Cavad Əmirxanlının dizləri əsdi, qolları heydən düşdü.

       Aman allah, bu soyuq qış axşamında bu həngaməni görəsən kim idi onun başına açan? Məsələ burasında idi ki, qollarını ağaca dolayan adam cavanca bir qadındı! Heyrətdən ağzı açıla qalan Cavad Əmirxanlı az qaldı ki, qışqırıb qonşuları haraylasın. Bu nə həngamə idi onun başına gəlirdi?Amma özünü ələ alıb bu anlarda hər necə olursa-olsun susmağı üstün tutdu. Hələ bu harası imış? O, gözücü baxıb gördü ki, qız öz mərmər kimi ağappaq sinəsini bu gümüşü ağacın gövdəsinə söykəyib və onun buz sırsırası içində par-par yanan uzun hörükləri də arxasında gizləndiyi ağacın gövdəsi kimi bəmbəyazdır. Sanki Ayın bir parçası qopub göydən birbaşa eyvana düşmüşdü. Qız  Həvva geyimində, yəni lüt-üryan idi, bu, bəlkə də belə deyildi, amma ona elə gəldi ki, qızın əynində heç alt paltarı da yoxdur və görünür, elə bu səbəbdən də Cavad Əmirxanlı qeyri- ixtiyari gözlərini yumdu. Axı o, heç ömründə öz halalca arvadının belə, çılpaq bədənini indiyəcən bir düz-əməlli görməmişdi, o ki olaydı kimliyi-nəçiliyi bilinməyən, haradansa zühur edib göyərçin kimi eyvana qonan təsadüfi bir qadının kol arxasından görünən “gümüşü” əndamı.   

    O, nə edəcəyini, nə deyəcəyini belə kəsdirə bilmirdi. Elə bil kişinin dilnə-ağzına kilid vurulmuşdu.

    Qayıdıb içəri keçməyə isə onun heyi qalmamışdı.

    - Cavad bəy...

    - Eşıdırəm... Nə lazımdır?

      Öz səsi özünə də yad və soyuq gəldi. Elə bil qışın sazağı onun səsini də üşütmüşdü.

    Cavad Əmirxanlı gözlərini açıb istər-istəməz qıza ötəri nəzər saldı. İstədi elə-belə, etika xatirinə qızdan  üşüyüb-üşümədiyini soruşsun. Amma tezcə sual vermək arzusundan daşındı; birdən bunun düşər-düşməzi ola bilərdi.

      Allah bilir, bu, nə oyundu belə... Bəlkə paraşütlə göydən atıblar bu zalım qızını bu eyvana? İndiki zəmanədə nə desən ola bilər. Lap elə təyyarə göydə qəzaya düşə bilər, bu qız isə göydən yerə... Cavad Əmirxanlı bir yerə, bir də göyə baxdı. Göyün üzü tutqun idi. Ayın rəngi bozarmışdı. Yox, heç bu gözəlçə göydən tullanana oxşamırdı. Yaxınlıqda, eyvanın həndəvərində də  paraşüt-filan gözə dəymirdi. Az sonra o, başına gələn bu sadəlövh düşüncəyə görə özü-özünü qınadı; bu, paraşüt-təyyarə məsələsi haradan gəlmişdi onun ağlına?

    “Bəlkə kimsə mənimlə zarafat etmək fikrinə düşüb? Yox, bu zarafata da oxşamır. Bir də ki, gecənin bu vədəsi nə zarafatbazlıqdır?”

     Üzbəüz dayandığı qıza diqqət yetirmək, onun kimliyini müəyyən etmək nədənsə indi kişiyə əlçatmaz bir iş kimi görünürdü. Əslində, bu anlarda onun heç belə bir arzusu da yox idi. Cavad Əmirxanlı sadəcə olaraq, bütün bu baş verənləri  özlüyündə götür-qoy edib vəziyyətdən necə çıxmaq barədə qəti bir qərar vermək istəyində idi. Bəlkə təcili polisə zəng etsin? Bəlkə “təcili yardıma” zəng etmək daha doğru olardı? “Təcili yardıma” nə üçün? Ona görə ki, bizim ikimizdən biri xəstədir? Yox, bu xəstəlik məsələsinə də oxşamır”.  Amma gümanı çox yerə getsə də hansısa bir hiss onu daxilən buxovlayır, artıq-əskik hərəkətlərə yol verməməyə, təmkinli olmağa təhrik edirdi.

       - Qorxma, Cavad bəy... Mən adamyeyən-zad deyiləm. Mən də sənin kimi adicə birisiyəm.

       “Hmm... Adamyeyən deyil, adicə birisidir. Amma gecənin gird yarısı hoppanıb başqasının eyvanına düşüb...” 

       - Həyəcanlanmaq da lazım deyil, Cavad bəy...

       Bu sözləri də qız dedi.

       Cavad Əmirxanlı azacıq da olsa toxtadı.

       “Həyəcanlanmaq lazım deyil...Üstəlik mənə ürək-dirək də verir. Gəl indi sən bunun həngaməsindən baş çıxart.. Bəs görəsən adımı haradan bilir bu əcinnə?.”

       Nədənsə ona elə gəldi ki, qız onunla yad, əcnəbi bir dildə danışır, amma ən qəribəsi bu idi ki, o, qızın özgə dildə dediklərini aydın başa düşürdü. Deyəsən, elə qız da onun dediklərini olduğu kimi anlayırdı.

       - Sən... Soruşmaq ayıb olmasın, siz burada nə axtarırsınız?

       Qız onun sözlərinə, yəqin ki, həm də mənasız sözlərinə, yumşaq-yumşaq gülməklə cavab verdi və sonra bir qədər duruxub:

       - Mən heç nə axtarmıram,-dedi və əlavə etdi:- Mən sənin yanına gəlmişəm. Deyəsən, qonaq gözləmirdin, hə, Cavad bəy?

       - Doğrusu, bu, mənim üçün gözlənilməzdir bir az...

      “Hələ bunun atası, babası yaşda bir adama “sən” deyə müraciət etməsinə bax. “...sənin yanına gəlmişəm” Mən buna nə deyim indi? Deyim ki, xoş gəlmisən? Axı xoş gəlməyib, necə deyim...”

       Cavad Əmirxanlı hiss edirdi ki, get-gedə daxilən sakitləşir. İndi onu bayaqdan cənginə alan qorxu-hürkü hissi də tədricən uzaqlaşmaqda idi.

       Cavad Əmirxanlı yalnız indi gördü ki, qızın əlində bir ağac parşası da var və həmin ağac parçası eyzən iri dibçəyin içindəki “gümüşü ağaca” bənzəyir, daha doğrusu, elə bil həmin ağacın bir budağıdır . 

       - Mən buraya Buzlaqdan gəlmişəm, Cavad bəy.

       - Buzlaq? O, haradır elə? Nəsə xatırlamıram...

       - Sənin doğulduğun kəndin yaxınlığında belə bir yer var. Dağın zirvəsindəki qayalıqların arası ilə uzanan yarğanın içində, yerin dərinliyində bir mağara var. Sizdə o yerə “Buzlaq” deyirlər. Bilmirəm xatırladın, ya yox...

        Qonaq danışdıqca Cavad Əmirxanlının düşüncələrinin üstünü zərif duman layı kimi örtmüş pərdə yavaş-yavaş çəkilməyə başladı; o, öz uşaqlıq illərini xatırladı; gözlərinin önündə doğulduğu kənd, o kəndin başı üzərində keşık çəkən uca dağ silsiləsi, ən nəhayət, əlçatmaz zirvə canlandı. Onu da xatırladı ki, iri-qorxunc qayalarla əhatə olunmuş həmin zirvədə, həqiqətən, yerli əhalinin “Buzlaq” dediyi bir mağara da var. O, özü həmin mağaranı görməmişdi. Amma oranın il boyu buz layları ilə örtülü olduğunu dəqiq bilirdi. Çünki, yayın ortasında, Günəş göydən od ələyəndə belə, qızın dediyi o mağaradan buz gətirən adamlar haqqında uşaqlıqda çox eşitmişdi. Həmin mağaraya kəndirlə endirilən adamların özləri içəridə buz pillələrin üstü ilə necə hərəkət etdikləri barədə danışırdılar. Deyilənə görə, mağara harasa daha uzaq dərinliklərə doğru baş alıb gedirdi, amma o dərinliklərə baş vurmağa heç kəsin cürəti çatmırdı; kimsə öz ağrımayan başına duz bağlamaq fikrində deyildi. Kiməsə gərək olan bir parça buzdan ötrü bu qorxunc, vahiməli mağarada ta başqa bir şey axtarmaq eşqinə düşməyin özü axmaqlıqdan savayı bir şey ola bilməzdi. İndi, Cavad Əmirxanlı, hətta, onu da xatırladı ki, kənd əhli bir zamanlar mağara tərəfdən qəribə, qarmaqarışıq səslərin gəldiyini də söyləyirdi.

        Qız  nəsə deyirdi, amma Cavad Əmirxanlının fikir lövbəri tez-tez artıq keçmışə dönən xatirələr ümmanının dərinliklərinə baş vurmaqda idi.

        - Cavad bəy, yadına düşdü o yer?

        O, fikir-xəyal aləmindən ayrıldı. Sanki harada olduğunun fərqinə indicə vardı; özünü ələ alıb candərdi gülümsədi.

         - Hə, xatırladım, xanım... 

         - Bax mən oradan, həmin o Buzlaqdan gəlmişəm bura.

         Cavad Əmirxanlı uşaq-muşaq deyildi ki, bu cür nağıllara inansın. Lap özü inansaydı belə, başqa birisinə bu barədə bir kəlmə söz deyə bilməzdi. Eşidib-bilən gülüb ələ salardı onu. Yaşın bu çağında gülüş hədəfinə çevrilmədən ağır nə ola bilərdi?

          Qış gecəsinin soyuğu artıq onun canına ışləsə də, qızı içəri dəvət etməyə cürət etmirdi. Şəffaf buz parçasına bənzəyən bu qəribə varlığın evə keçəcəyinə əslində heç  inamı da yoxdu. Hələ olsun ki, içəri keçsəydi bu “buz parçası” tezliklə əriyib yox ola bilərdi. Gəl ondan sonra insan haqlarını qoruyan təşkilatların çığır-bağırına qulaq as. Hələ qaşınmayan yerdən qan çıxarmağa hər an hazır olan asayiş keşikçiləri...

        Kim bilir, bəlkə də hansısa xüsusi kəşfiyyat idarəsinin növbəti sınağı idi bu hoqqalar. Cavad Əmirxanlıya məlum idi ki, bir çox elmi-tədqiqat idarələrində, hətta, onların öz laboratoriyalarında aparılan təcrübələrdən hərbi strukturların, o cümlədən məxfi idarənin kifayət qədər məlumatı var. Lakin indi eyvana dırmaşmış bu “buz xanımın”  hansısa idarənin tapşırığı ilə zühur etməsinin nə elmə, nə əxlaqa, nə də Cavad Əmirxanlıya heç bir dəxli ola bilməzdi. Bu, əslində, heç sifarişlə icra olunan bir məsələyə, yaxud kiminsə yersiz zarafatına da oxşamırdı.

     Amma hər şey göz qabağında idi: Cavad Əmirxanlı ilə lüt bir qız üz-üzə dayanıb hansısa Buzlaq haqqında şirin-şirin söhbət edirdi.

       “Lənət sənə kor şeytan, mənə bu lazımdır bəyəm? Nə mağara, nə Buzlaq, nə qız?.. Bu nə işdi mən düşdüm?”

    - Cavad bəy.

    - Bəli... Buyurun...

    - Mən getdim, Cavad bəy.

    - Yaxşı, bəs siz gecənin bu vaxtı haraya gedəcəksiz? Soyuqdur... Bəlkə evdə, yox ey... elə eyvanda qalasız? İsti paltar gətirim? Doğrudan üşümürsüz?

     Gecənin alaqaranlığında qızın sehrli üzünə işıqlı bir təbəssüm yayıldı:

     -Yox, mən üşümürəm. Sağ ol, mən getdim, Cavad bəy. Mən gəldiyim yerə gedirəm.

     - Gəldiyin yerə? Axı gecədir. Bəlkə sübh tezdən...

     Qız dilucu:

     - Narahat olma, Cavad bəy,-deyib, uzun boynunu hansısa vəhşi quş kimi dolandırıb ətrafa boylandı, sanki özü üçün uçuş istiqaməti müəyyən etmək istəyirdi.

     Qızın gəlişi də gedişi kimi qəfil oldu; o, əlindəki budağı sehrli çubuq kimi havada oynatdı və bu an dibçəkdəki gümüşü ağacın iri yarpaqları işıq lampaları kimi yanıb-söndü. Sanki külək burulğan yaratdı, “gümüşü ağacı”ın yarpaqları titrədi. Qız bircə anda qeybə çəkildi, gecənən səssizliyinə qovuşdu. Cavad Əmirxanlıya elə gəldi ki, eyvanda bir müddət qızın işıqlı haləsi qaldı, sonra o işıq da tədricən çəkilib getdi, qaranlığa qovuşdu. Haradasa nəsə ilan kimi fışıldadı. Ətrafa qurğuşun kimi ağır bir zülmət çökdü.

       Soyuq sazaq əsirdi.

       Cavad Əmirxanlı gecəni səhərə dirigözlü açdı. Onun öz ağlı öz gözü ilə gördüklərinə inanmaq istəmirdi. O, tez-tez ürəyində eyni sözləri təkrar edirdi: “Heç şübhəsiz ki, bütün bu baş verənlər qarabasmadan savayı bir şey deyildi”.

      ...çağrılmamış qonağı çox gözləməyə ehtiyac qalmadı. Bu hadisədən cəmi iki gün kemiş Cavad Əmirxanlı yenə həmin vaxt, hava qaralandan xeyli sonra, eyvanda nəyinsə şaqqıldadığını hiss edib, diqqətlə bayıra boylandı. Əvvəlcə gözünə heç nə, heç kim dəymədi. Eyvanda dibçəyin tərpəndiyini hiss etdi. Ürəyindən keçdi ki, yəqin gecənin bu vədəsində icazəsiz təşrif buyuran yenə də o ola bilər.

       Zənni onu aldatmamışdı.   

       Gözlənilməyən qonaq eyvandan yenə həmin tanış, asta səslə onu çağırırdı:

       - Cavad bəy... Cavad bəy...

    Cavad Əmirxanlı ayağa durub qapını açdı, eyvana çıxdı. Qız yenə ötən dəfəki kimi “gumüşü ağac”ın arxasında gizlənmişdi və onun əlində yenə o  ağaca bənzəyən gümüşü budaq vardı.

    Cavad Əmirxanlı “qonağı” içəri dəvət etdi: 

    - İçəri keç. Yəqin ki, üşüyürsən...

    Qız duruxdu, nədənsə ehtiyat edirmiş kimi hürkə-hürkə ətrafına boylandı, sonra asta, yumşaq addımlarla onun arxasınca içəri keçdi. Otağın işıqları ani olaraq yanıb söndü; ətrafa qəribə bir ətir yayıldı. Bu ətir Cavad Əmirxanlını uzaq keçmişə, uşaqlıq illərinə çəkib apardı; ona elə gəldi ki, bu, əslində onun uşaqlıq illərinin, bəlkə də o illərlə bağlı xatirələrinin ətridir.

   Onun qəlbi səksəkədə idi.Ən çox da ondan qorxurdu ki, bu canlı buz parçası, daha doğrusu, buzdan tökülmüş bu qız heykəli elə indicə onun gözü qabağında əriyib gedəcək, bəlkə də onun yerində qalacaq su damcıları hansısa qeyri-adi məhlula çevrilərək döşəməyə yapışıb qalacaqdı. Həmin məhlul gələcəkdə kimlər üçünsə, lap elə onun öz arvadı üçün, bir əşyayi-dəlilə də çevrilə bilərdi.

   Cavad Əmirxanlı daha da vahimələndi.

   Qız sakitcə, təklif-filan gözləmədən irəli yeriyib otağın küncündəki kresloda əyləşdi, əlindən yerə qoymadığı üstü yarpaqlı gümüşü budağın  ucunu dizinə dirəyib onun gövdəsini sinəsinə sıxdı.

   Çağırılmamış qonağın sərbəstliyi onu daha da təəccübləndirdi.

   Qız kresloda əyləşəndən sonra maraqla divarlardan asılmış şəkillərə baxmağa başladı.

  Qonağın əyləşdiyi kresloda, adətən, evin xanımı, Cavad Əmirxanlının arvadı Ətiqə əyləşərdı. İndi Ətiqə xəstəxanada idi.

     Cavad Əmirxanlı matdım-matdım qızın üzünə baxıb handan-hana:

  -Xoş gəlmisiniz,-dedi.

  Qız gülümsəyib başını tətpətdi.

  Bayırda külək vıyıldayırdı.

  Pəncərədən zülmət asılmışdı.

     Cavad Əmirxanlını bayaqdan otağa yayılan xoş ətrin təsiri altında idi. Bu ətir haradan gəlirdi görəsən, qızın sırsıra bağlamış saçlarından, yoxsa onun sinəsinə sıxdığı gümüşü ağacın yarpaqları işıldayan budağından?

 Qız hələ də gülümsəyirdi.

 

     Ətiqə xəstəxanadan çıxanda havalar bir azca sınsa da, hələ soyuq idi. Qadın ilk günlər özünü yaxşı hiss edirdi. Sanki bu, uzun illər Cavad Əmirxanlı ilə bir damın altında yaşamış əzəlki qaraqabaq, hikkəli, zabitəli Ətiqə deyildi. O, indi özünün bütün hərəkətləri ilə şən, gülər, həyat eşqi çağlayan bir insan təsiri bağışlayırdı. Hətta, arada gənc qızlar kimi sıltaqlıq edir, ərinə işvə-naz da satırdı. Cavad Əmirxanlı arvadının xəstəxanadan çıxandan sonra bu cür kəskin dəyişməsinin səbəbini iki şeydə görürdü; bu, bir yandan Ətiqənin xeyli vaxtdan bəri qəbul etdiyi dərmanların təsirindən ola bilərdi; digər tərəfdənsə, qadın öz daxilindən və ya xaricdən gələn hansısa istəyinmi, təsirinmi nəticəsində öz əzəlki həyat tərzini dəyişmək qərarına gələ bilərdi. Hə, bir səbəb də qalırdı; arvadın bu cür davranışı qısqanclıqla da bağlı ola bilərdi. Axı, əksər qadınlar müəyyən yaşdan sonra ötüb keçən vaxtı təzədən geri qaytarmaq, əgər bu baş tutmazsa, onu heç olmasa bir müddət “tutub saxlamaq” üçün dəridən-qabıqdan çıxırlar; onlar ahıl yaşlarında təzədən sevmək, sevilmək, oxşanmaq, nəvaziı görmək arzusuna düşürlər. Amma ötüb keçən vaxtı saxlamaq hələ indiyəcən heç kəsə müyəssər olmamışdı. Vaxt öz qılıncını çəkib nəinki təkcə ayrı-ayrı talelərə, hətta, bütün dünyaya hökmranlıq etməkdə idi.

    Amma sanki bu ötüb gedən vaxtın Ətiqəyə sanki Ətiqəyə heç bir təsiri olmamışdı; son vaxtlar qadının həyat eşqi birə beş artmışdı; o, elə bil ömrünün ikinci baharına qədəm basmışdı və ya bu bahara qədəm qoymaq arzusu ilə yaşayırdı. Ətiqə geym-keciminə də əməlli-başlı əl gəzdirməyə, çoxdan dən düşmüş  saçlarına tünd-parlaq rənglər çəkməyə başlamışdı. Arvadının evdə, hətta, yaxası açıq xalat geydiyi də Cavad Əmirxanlının nəzərindən qaçmırdı. Xalatın enli, zərli sapla işlənmiş yaxalığının arasından qadının bir zamanlar şux, cazibədar olmuş, indi üstünü zərif çillər örtmüş iri döşləri sallanırdı.

      Ətiqənin ayaqlarında xəstəlikdən əvvəl ağac zoğları kimi şaxələnmış, göyümsov damarlar üzə çıxmışdı. Cavad Əmirxanlını gəncliyində cəlb edən uzun, yaraşıqlı ayaqlar son illər xeyli müddət sarğıda qaldı. Deyəsən, axırıncı müalicə öz müsbət təsirini burada da göstərmişdi; arvadı xəstəxanadan çıxandan sonra onun ayağına ilan kimi dolaşmış, ağac zoğlarına bənzər o göyümsov damarlar ta gözə dəymirdi; xalatın kəsiyindən Ətiqənin ağ, zərif ayaqları görsənirdi; bu ayaqlar yenə əzəlkitək yaraşıqlı, biçimli idi, amma görünür ki, qadınların ayaqları onların təkcə xarici deyil, həm də, bəzi elm adamlarının dililə deyilsə, daxili vəziyyətlərinin ən mühüm göstəricilərindən biridir; bu mənada, Ətiqənin ayaqları son vaxtlar zahirən nə qədər təravətli, cazibədar görünsə də belə, sonbaharda açan çıçəklər kimi solğun və soyuq təsir bağışlayırdı. Görünür, hər necə olursa olsun, insanın ən güclü, hətta, ən yaraşıqlı ayaqlarla belə, zamanı təzədən geri addımlamaq istəyi şirin xəyaldan başqa bir şey deyildir. 

     Qadın heç bir vəchlə düçar olduğu xəstəliyə və onu qocalıq deyilən qorxunc bir məkana çəkib aparmaq istəyən illərə təslim olmaq istəmirdi. Əndamından ətrafa yayılan bahalı ətirlərin rayihəsi də onun qalan ömrünü yeni, daha mənalı, daha dolğun keçirmək istəyindən xəbər verirdi. Sanki Ətiqə bununla öz yaşlı ərinə gəncliyindən hələ tam uzaqlaşmadığını eyhamla da olsa xatırlatmaq istəyirdi.

      Arvadının hərəkətləri Cavad Əmirxanlını daxilən qıcıqlandırırdı. Amma o, özünü ələ alıb təmkinli görünməyə çalışırdı. Arvadının yarıaçıq sinəsinə, sallaq döşlərinə, solğun, amma maral buynuzu kimi şümal ayaqlarına nəzər salarkən onun gözləri önündə nədənsə soyuq qış gecəsi və həmin gecənin “qar qonağı” canlanırdı. Eyvandakı gümüşü ağacın gövdəsinə söykənmiş qonağın, yəni “qar qızın” mərmər kimi bəyaz, yumru-hamar sinəsi, ağcaqayın kimi gümüşü-ağ ayaqları  sanki onun yaddaşında pozulmaz iz salmış o unudulmaz, qəribə gecənin sazağına mülayim bir ovqat da qatırdı.

    Yəqin ki, bu anlarda ərinin hansı əlçatmaz xatirə və duyğuların təsiri altında yaşadığı, Ətiqənin yatsa heç yuxusuna da girməzdi. Amma, o,  illərlə bir yerdə yaşadığı adamın, son vaxtlar onun kövrək könül istəklərinə biganə qaldığını bir qadın sövq-təbiiliyi ilə duymaya bilməzdi. Cavad Əmirxanlı arvadının iç dünyasında gedən çaxnaşmadan bixəbər idi. Qadının qəlbi yazda açan vəhşi dağ çiçəyinə bənzəyirdi; o, bütün varlığı ilə Günəşin şəfəqlərinə təşnə idi, amma onun başının üstündən vıyıltıyla keçən, ləçəklərini yolan soyuq küləklər hələ səngimək istəmirdi. 

     Ətiqə artıq hər cür xəstəlik və ağrıların arxada qaldığını zənn edərək yeni, həm də fəal, bir həyat  yaşamaq istəyirdi; ərindən qarşılıqlı nəvaziş, diqqət və qılıq umduğu da gün kimi aydın idi; hətta, onun könlündə, adına sevgi deyilən və daha çox gənclik illərində üzə çıxan sehrli bir istəyə təzədən dəfolunmaz ehtiyac yaranmışdı. Qadın öz ömrünün qalan hissəsini qocalıq ümmanının sakit, durğun,  lilli sularında deyil, kükrəyən gənclik çayının coşqun dalğaları qoynunda keçirmək niyyətində idi.

    Cavad Əmirxanlı isə həmin günlərdə ayrı bir aləmin ovqatı ilə yaşayırdı; onun ürəyi daha şirin və munis duyğularla köklənmişdi. Belə anlarda daxilindən süzülüb gələn qaynar, sirli  bir istək bu ahıl kişini  başqa səmtə çəkib aparırdı; sanki əngin səhrada zaman-zaman sakit, ahəstə  axıb gedən çayı qəfildən peyda olan güclü əllər öz məcrasından çıxarıb, başqa səmtə, dağ sıldırımlarına doğru yönəltmişdilər. Bax  o da indi yeni axara düşən, həmin dəlisov çay kimi bu qorxunc yolları sonacan qət etmək, yeni bir məcra ilə axıb getmək arzusunda idi; əslində, bu arzu, arzudan daha çox, ona hansısa görümnəz bir qüvvə tərəfindən təlqin olunmuş vəzifəyə  bənzəyirdi.

    Bəli, Cavad Əmirxanlı  yeni məcrayla düşən o çay kimi naməlum istiqamətə axıb gedirdi və indi  arxada qalan vaxt və məkan barədə düşünməyin elə bir mənası yoxdu. Artıq geri dönmək mümkün deyildi. İrəlidə isə hər tərəf zülmət kimi qaranlıq idi. Bəs o, hara gedirdi?

     Görünür, bu baş verənlər mütləq nə vaxtsa, yəni lap elə indi baş verməli imiş. Deyəsən, bu dünyada doğrudan da çıxacağa çarə yoxmuş. 

     O, arvadının nəvaziş uman hərəkət və rəftarına reaksiya verməkdən də çəkinirdi. Tez-tez dərin fikrə gedir, öz daxilinə uzun-uzadı “səyahətə” çıxırdı. Yox, o, Ətiqə barədə pis şeylər düşünmür və düşünə də bilməzdi. Sadəcə olaraq, nikbin görünmək üçün az qala dəridən-qabıqdan çıxan qadının solğun sifətindəki işığı öləzimiş, çuxura düşmüş gözlərə nəzər salanda onun vücudunu  dərin bir qüssə sarırdı. Bu qüssənin nədən, haradan qaynaqlandığını izah etmək çətin olsa da, arvadının gənclik təravətini itirmiş  solğun sifətinə baxarkən Cavad Əmirxanlı, istər-istəməz öz ömrünün də hansı mərhələyə qədəm qoyduğunu düşünməyə məcbur olurdu. Artıq illərin şoxu arxada qalmışdı. İndi onu bəlli yaşın soyuq küləkləri üşüdürdü. Amma o, öz arvadından fərqli olaraq  nikbinliyi, həyatsevərliyi bu cür, süni qaydada imitasiya etməkdən uzaq idi. Vaxtın gözlə görünməyən acı küləkləri insanların başının üstündən əsib keçsə də, o küləyin izi üz-gözlərdə aydınca oxunurdu. Təəssüf ki, illər gətirdiklərini aparır, apardıqlarını isə heç vaxt geri qaytarmırdı.

     Ətiqənin nəvazişləri kişini nəinki azacıq tərpədir, əksinə, qadını öz ərinin “əhatə dairəsindən” daha da uzaqlaşdırırdı. Arvadın hər axşam zövqlə açdığı yumşaq pərqu yorğan-döşəyin istisi onların, daha doğrusu yaşlı ərin, soymuş hisslərinə bir zərrə qədər də olsa belə, hərarət qata bilmirdi. Soyuq ürəkləri nə isti yataq, nə də günəşli hava isidə bilər; onun isinməsi üçün Günəş insanın öz içindən doğmalıdır, ürək özüylə bahar havası gətirməlidir.

     Qadın gəncliyində qəddi-qamətli, cazibədar bir qız olmuşdu; o vaxtlar ona eşq elan edən varlı-karlı, boy-buxunlu oğlanlar da az deyildi. Amma Ətiqə nədənsə subay oğlanlara məhəl qoymayıb, bir neçə il evlilik həyatı yaşamış gənc alimın evlənmək təklifini məmnuniyyətlə qəbul etmişdi; məsələ burasında idi ki, Cavad Əmirxanlı birinci həyat yoldaşını vaxtsız itirmişdi; arvadı doğum evındə ölmüşdü; yeni doğulan övladını və ömür-gün yoldaşını itirmək onu sarsıtmışdı. Amma, necə deyərlər, insanın üzü bərk olur; az sonra həyat təzədən öz məcrasına düşmüşdü;  elmi və ictimai dairələrdə yaxşı tanınan Cavad Əmirxanlı  sonrakı illərdə uzun həyat yolunu Ətiqə ilə birgə addımlamışdı. Ətraflarındakı adamların çoxu onları xoşbəxt sanırdı.

 

    Ətiqənin övladı olmadı. Görünür, elə bu səbəbdən də onların ilk illər coşqun, dolğun, ehtiraslı keçən həyatlarının sonrakı dönəminə bir soyuqluq havası qarışdı. Sanki onları bir-birinə bağlayan hisslər get-gedə paslı zəncir həlqələri kimi aşınıb zəifləməyə, tədricən bir-birindən qopub aralanmağa başladı. Artıq onların arasından nəinki fəslin, hətta, yaşanmış mənalı-mənasız illərin soyuq küləkləri əsib keçirdi.

    Bu dünyada uzun illər bir damın altında yaşayan insanlar, ələxüsus ər-arvad, çox vaxt bir-birlərini sözsüz anlayırlar; adətən, bu cür cütlüklərin əksəriyyətinin hansısa bir məsələ barədə ucadan danışmasına elə bir ehtiyac da qalmır; kiçik bir işarədən, eyhamdan böyük bir mətləb barədə geniş məlumat əldə etmək olur; bu cəhətdən, xüsusən, qadınların hissetmə, duyma qabiliyyətləri daha güclü olur. Amma bəzən kişilər də bu məsələdə qadınlardan geri qalmırlar.

     Cavad Əmirxanlı indi hiss edirdi ki, uzun illərdən bəri bir balışa baş qoyduğu Ətiqəni üzüb əldən salan təkcə onun düçar olduğu xəstəliyin təhlükə və qorxusu deyil, izahı bir qədər çətin olan şeylərdi; son vaxtlar ahıl ər öz arvadında əvvəllər diqqəti çəkməyən bəzi qəribəliklərin şahidi olurdu; o, arvadında qısqanclıq hisslərinin  baş qaldırmasını da elə bu qəribəliklərdən biri hesab edirdi; illər uzunu qadın qəlbinin dərin qatlarında gizli qalan, indi birdən-birə sızıb üzə çıxan duyğuların əsəbi  havasını yalnız təcrübəli ər duyub hiss edə bilərdi. Ərinin xasiyyətinə bələd olan qadın  sinəsində yatıb qalan o mübhəm duyğuları dilllə ifadə etməyə cəhd göstərməsə də, bəzən adi hərəkətləri, bəzənsə susmağı ilə bütün hallarda özünü kifayət qədər ifadə etmək bacarığına malik idi.

       Onlar zahirən bir-birlərinə nə qədər isti münasibət göstərməyə çalışsalar da, arada yalnız onların özlərinin düya biləcəyi bir soyuqluq yaşanmaqda idi. Sanki onların arasında gizli, səssiz bir döyüş gedirdi. Bu “gizli döyüşlərdən” sonra ərlə arvad bir -birlərinə bəzən ötəri, zahiri  bir nəvaziş və ehtiram nümayaş etdirsələr də, əslində, onların arasında ğözlə görünə bilinməyəcək bir buz pərdəsi çəkilmişdi. İndi onlar bu buz səddi yarıb bir-birinə yaxınlaşa bilmirdilər.

     Ətiqə illərin gətirdiyi ağrı-acılara təslim olmaq istəmirdi. Əksinə, qadın sanki özünün arxada qalmış gəncliyini təzədən yaşamaq, illəri tərsinə addımlayıb öz keçmişinə qayıtmaq istəyirdi. O, deyib-gülmək, gəzib-dolaşmaq, hətta, deyəsən, bu yaşda təzədən sevib-sevilmək istəyirdi.

     Amma Ətiqənin bu şuxluğu çox da uzun çəkmədi. Qadının bədəninin  dərinliyinə hopmuş köhnə ağrilar təzədən üzə çıxmağa başladı. Ətiqənin son günlər günəşli yaz havası kimi açılan sifətinə təzədən tutqun, soyuq  kədər dumanı çökdü.

     Qadının çuxura düşmüş solğun gözləri tez-tez ərinin üzünə sancılıb qalırdı; indi dibinə dərdın acısı hopmuş, fəqət bir zamanlar gözəl olmuş bu gözlərin sahibi sanki kişidən imdad diləyirdı; o, yaşamaq, həm də sevmək, sevilmək istəyirdi.

     Qadın tez-tez otağın ortasında ayaq üstə dayanır, onun qıyılmış gözləri naməlum bir nöqtəyə sançılırdı; o, həmişəki kimi qürurlu idi, “ah-uf” etmirdi, şikayətlənmirdi. Amma o, qəm-qüssənin məngənəsi arasında çırpınırdı.

     Qadın qətiyyətlə, həm də amansızcasına susurdu.

     Əri yaxşı bilirdi ki, arvadı onu elə bu üsulla, saatlarla susmaqla cəzalandırmaq istəyir və buna da nail olur.

     Belə həyəcan dolu anların birində Cavad Əmirxanlı daxilən sarsıldı, ona, öz xəstə arvadına ürəkdən acıdı.

     Həmin gün Ətiqə yenə heykəl kimi otağın ortasında donub qalmışdı.

     Kişi dözə bilmədi, özünü ələ alıb bayaqdan yayxındığı dərin kreslodan qalxdı, asta addımlarla qadına yaxınlaşdı, onu sakitcə  qucağına götürüb öz yatağına uzatdı, əyilib onun solğun yanaqlarından, soyuq dodaqlarından hərarətlə öpməyə başladı. O, yaşlı bir qadını qucaqlasa da yaddaşının dərinliyindən boylanan işvəli-nazlı bir gənc qızla sevişdiyini təsəvvürünə gətirməyə çalışırdı; Cavad Əmirxanlının  yarıyumulmuş gözlərininin önündə tədricən yenə o vaxtkı Ətiqə canlanmağa başladı, öz ehtiras və çılğınlığı ilə yatağa od ələyən, hıçqıran, inləyən, güldüyü ya ağladığı bilinməyən Ətiqə. Qadının qoynu ocaq kimi qaynar idi. Cavad Əmirxanlı onu ehmalca sinəsinə sıxıb təzədən öpüşlərə qərq etdi; indi  onun qolları arasında payız yarpağı kimi solub-saralmiş, gəncliyinə çoxdan əlvida demiş yaşlı bir qadın yox, özünün odlu-alovlu illərini yaşayan, ehtirası qaynar bulaq kimi püskürüb üzə şıxan, çağlayan, riqqətə gələn bir ürək çırpınırdı. Cavad Əmirxanlı bu anlarda özünü çəkisizlikdə hiss edirdi. O, onu da hiss edirdi ki, arvadı günlərdən bəri bu nəvaziş üçün, məhz onun nəvazişi üçün, bir təşnəyə dönüb. Qadının sinəsi qabarıb xalatının yaxasından boy vermişdi. Kişi onun zərif çillərlə örtülmüş ağ sinəsini, gəncliyindəki kimi cazibədar olan ayaqlarını, hamar çiyinlərini titrək əlləri ilə oxşadı, öpdü.

    Cavad Əmirxanlı öz həyat eşqinin get-gedə artmasında qeyri-adi bir şey görmürdü. Görünür, burada təbiətin izaholunmaz bir sirri vardı. Adətən, bu fani dünyada yaşlı kişilərin əksəriyyəti təzədən sevib-sevilmək, hətta, evlənmək eşqinə düşürlər və bu, nədənsə çox vaxt ətrafdakılar tərəfindən adi qarşılanır. Amma hansısa ahıl qadının belə bir həvəsə düşməsi, yəqin ki, bütün dövrlərdə bütün xalqların adi insanları  tərəfindən istehza və hətta, ğizli-aşkar bir qəzəblə qarşılanıb. Bəzən yalandan, bir çox mətləblərin üstünə pərdə çəkmək üçün, kişilərin, necə deyərlər, yeni “eşq”ə düşməsini onların üzləşdiyi məişət çətinlikləri ilə əlaqələndirirlər. Əslində, məişət burada heç də əsaslı rol oynayan amillərdən hesab edilə bilməz. Bu, görünür, sırf kişi fiziologiyasi ilə bağlı bir məsələ və o fiziolgiyanın təsiri altında köklənmiş bir sirrdir. Bu sirrin kökünə Cavad Əmirxanlı bir alim və bir kişi kimi qismən bələd idi.

      Doğrudur, onun arvadı hələ sağlam idi. Cavad Əmirxanlı cani-dildən arvadının tezliklə şəfa tapmasını arzulayırdı. Hətta, allah eləməmiş, gözlənilməz bir hadisə baş verəcəyi halda belə, o, təzədən kiminləsə ailə qurmaq barədə fikri heç ağlına da gətirmirdi.

   O, biixtiyar gözlərini yumdu, uzun-uzadı susdu.

   Qadın da susurdu.

    İlahi, bu qadın bəlkə onun arvadı yox, qarlı qış gecəsi onların eyvanına qonan naməlum qadın, yəni çağırılmamış qonaq idi? Bəlkə Ətiqə yox, o qız idi indi onu belə şövqlə, eşqlə öpüb oxşayan?

     Cavad Əmirxanlı ağlına gələn qəfil fikirdən diksinib qorxuya düşdü, hövlləndi. Ətiqəni yenidən qucaqlayıb sinəsinə sıxdı.

     Qadın zəif, gücdən düşmüş qollarını onun boynuna doladı. Astadan hıçqırdı.

      -Cavad, qoyma məni ölməyə, Cavad. Mən xəstəliyə təslim olmaq istəmirəm. Hanı sənin “əbədi ömür” dərmanın, Cavad? Mən yaşamaq istəyirəm, mən ölmək istəmirəm, Cavad...

    Kişi qadının kövrəlib ağladığını bu uzun evlilik illəridə bəlkə də ilk dəfə idi ki, görürdü.

   Qadın yaşının üstünə yaş gətirən zamanla, daha doğrusu, ömründən-günündən sovrulub gedən illərlə heç cür barışa bilmirdi. Amma onun üstünə gələn illəri saxlamağa gücü də çatmırdı. Bəlkə də qadına elə gəlirdi ki, onun ömrünün “qızıl” illərini “oğurlayan” məhz bu kişi, yəni onun əridir. Kişi yazıq, susan zamanla kükrəyən qadının arasında çaşıb qalmışdı. O, nə edə bilərdi? Onun əlindən nə gəlirdi ki? Bəyəm ildırım kimi ötüb keçən vaxt onun istəyinə tabe idi ki?

    Arvadının sözlərindən mütəəssir olan Cavad Əmirxanlı bu anlarda kövrəlsə də, gözləri yaşarsa da, toxtayıb özünü birtəhər ələ ala bildi. Durub çarpayının qırağında oturdu. Əli ilə Ətiqənin pırtlaşıb ağ sinəsinə dağılmış gur, parlaq saçlarını sığalladı. Qadın saçlarını payıza məxsus şabalıdı rənglə boyamışdı. Allah bilir, bəlkə bu da nəyəsə bir işarə idi?

    O, arvadının hıçqıraraq “hanı sənin “əbədi ömür” dərmanın, Cavad?” deyərkən, nəyi nəzərdə tutduğunu, nəyə işarə etdiyini anındaca anladı. İşlədiyi elmi idarədə onun ideyaları barədə az da olsa məlumatı olanlar vardı, amma o, özü evdə bu barədə heç zaman söhbət açmırdı; ümumiyyətlə, öz elmi fəaliyyəti barədə elmə dəxli olmayan çevrələrdə danışıb baş aparmağı o, nəsə ədəbsizlik kimi bir şey hesab edirdi. Adi elmi məqalə və tədqiqatlarını az qala böyük elmi kəşf kimi  qələmə vermək istəyən, yeri gəldi-gəlmədi sinəsinə döyüb qürrələnən, kiçicik bir mükafat üçün döymədiyi qapı qalmayan, hansısa fəxri adı almaq üçün dəridən-qabıqdan çıxan əksər həmkarlarını o, alim yox, elm dəllalları hesab edirdi.

     Aman Allah, deməli, onun illərdən bəri üzərində baş sındırdığı “gizli” ideyalar barəsində arvadının da xəbəri varmış. Onda belə çıxırdı ki, bu ideyanın nə vaxsa gerçəkləşəcəyinə Ətiqə kimi inanan adamların sayı onun təsəvvür etdiyindən dəfələrlə çox ola bilərdi.

     Ətiqə halsız olsa da, onun yarımqapalı gözlərinin dərinliyində ərinə minnətdarlıq və məmnunuluq hissini ifadə edən solğun-titrək bir işartı vardı.

     Sanki qadın dirçəlmişdi. O, az sonra ayağa durub pəncərədən eyvana tamaşa etməyə başladı.

     Cavad Əmirxanlı elə çarpayının kənarındaca əyləşibaltdan-altdan  arvadına göz qoyurdu.

      Ətiqə xalatının yaxasını düymələyib bir az da irəli yeridi, gözlərini təzədən qıyıb diqqətlə eyvandakı “gümüşü ağaca” nəzər saldı. Deyəsən, o,  ayaqüstə dayanmaqdan yorulmuşdu, ona görə də sakitcə bayaq Cavad Əmirxanlının əyləşdiyi kresloya çökdü, dərindən nəfəs aldı, astadan köksünü ötürdü. Amma qadın gözünü bayırdan çəkmirdi ki, çəkmirdi.

      Qəddini azacıq əyərək indicə sevişdikləri çarpayının qırağında oturub sifətini əllərinin arasına almış Cavad Əmirxanlı udqundu, bu anlarda bəlkə də təskinlik xatirinə arvadına bir-iki kəlmə söz demək istədi, amma ağlına düz-əməlli bir fikir gəlmədiyi üçün susmağa üstünlük verdi.

      Qadın dönüb nədənsə, müəmmalı  və sınayıcı bir tətzdə, ərini süzdü; onun solğun dodaqlaı titrəyirdi. Kişi öz arvadının hansı ovqatda olduğunu, güldüyünümü yoxsa ağladığınımı kəsdirə bilmədi.

     Bu anlarda Cavad Əmirxanlının onsuz da sim kimi gərilmiş əsəblərinin üstünə həyəcan dolu ağrılar da yüklənmişdi.

     Əgər birdən...

     Birdən “gecə qonağı” gəlib çıxsaydı o, nə etməli idi?

     Cavad Əmirxanlını ən çox narahat edən məsələ, qeyri-adi qonağın qəfildən zühur edəcəyi ilə bağlı düşüncələr idi. Bəlkə də qız artıq gəlmişdi... Bəlkə arvadı indi onu eyvanda görmüşdü? Yox, əgər “gecə qonağı” gəlsəydi onun özünün də xəbəri olardı. Ağlında dolanan bu fikri tezcə başından qovdu: “Axmaq adam, sənin haradan xəbərin olasıdır ki? Bəyəm o, gələndə əvvəlcə xəbər göndərir, ya zəng edir sənə? O, sənin evinə indiyəcən dəvətnamə ilə gəlib bəlkə?.. Axmaqsan, Cavad, axmaq...” 

      O, artıq özlüyündə bu “qar qıza” ad da seçmişdi: Bəyaz. Düzdür, o, hiss edirdi ki, ürəyinin dərinliyində Bəyazın gəlişini nəyə görəsə gizli bir maraq və intizarla gözləyir; amma kişinin ürəyinə bir qara-qorxu hissi də hakim kəsilmişdi. Birdən qız yenə gecələrin birində göyərçin kimi gəlib eyvana qonsa və elə arvadının yanındaca onu haraylayıb bayıra çağırsa, onda Cavad Əmirxanlı nə etməli idi? O, Ətiqəyə nə deməli, yaxud onu necə inandırmalı idi ki, bu dünyada bu qadınla onu bağlayan heç nə yoxdur? O, hələ bu qadının nə inni-cinni olduğunu bir düz-əməlli bilmirdi də. Bəlkə bu bu gecə qonağı heç qadın da deyildi, əcinnə idi, cin idi, sehrbaz idi.

     Yəqin ki, onun xəstə arvadı bu çağırılmamış qonağı görsə, hikkəsindən ürəyi partlayıb ölərdi. Yox, əslində Ətiqə, öz təbiəti etibarı ilə təmkinli, azdanışan bir qadındı. Lakin Cavad Əmitxanlı uzun ailəlik həyatında əmin olmuşdu ki, arvadı  üzdən nə qədər sakitdirsə, daxilən bir o qədər çılğın və emosionaldır. Hələ neçə il öncə öz ərini tanış bir qadınla qol-qola görən Ətiqənin evdə zəhərli ilan kimi necə fışıldaması, əlinə keçən qab-qacaqları guya təsadüfən yerə salıb sındırması onun yaxşı yadında idi. Onda qadın ona bir söz deməsə də, Ətiqənin öz hərəkətləri ilə nə demək istədiyi aydın duyulurdu. O vaxt Cavad Əmirli arvadına məsələnin mahiyyətini bir neçə fəfə izah etməyə çalışsa da heç nəyə nail ola bilməmişdi. Onların arasındakı qısa dialoq da elə bir müsbət nəticə verməmişdi.

        “Ətiqə, bura bax, sənin gördüyün o qadın ailəlidir, bizim köhnə işçidir, mənə yolda rast gəldi, ayağı ağrıyırdı,  ona görə də təklif  elədim ki, qoluma girsin...”

         “ Bəyəm mən sənə bir söz deyirəm, ya səndən soruşuram ki, o qadın kimdir, sən niyə narahat olursan ki?”

         Ətiqə, həqiqətən, nə onda, nə də sonralar ondan həmin qadınla bağlı heç nə soruşmadı. Amma uzun müddət öz hərəkət və davranışlarıyla ərindən necə incidiyini artıqlaması ilə, özü də ustalıqla,  nəzərə çarpdırmağa nail oldu və sanki bununla da ondan bir növ qisas aldı. Bu, sanki Cavad Əmirxanlı üçün bir dərs oldu, o, bir ər və kişi sövq-təbiiliyi ilə bir daha əmin oldu ki, gələcəkdə bu cür hadisələrlə üz-üzə gələrsə,  arvadı öz ərini çıxmaza-tupikə dirəmək üçün daha incə üsul və vasitələrə əl ata bilər, hətta, lazım bildiyi hallarda onu ağır zərbə altına qoymaqdan da çəkinməzdi.

      İndi budur, deyəsən, Bəyaz gəlib yenə eyvana qonmuşdu.Yox, bəlkə də eyvanda diqqəti çəkən heç kəs, heç nə yox idi, sadəcə olaraq kişinin  ürəyini didən şübhələr çəkilib getmək bilmirdi.

      Bəs elə isə baxışları eyvana sancılmış arvadının cıqqırı niyə çıxmırdı? O, niyə susurdu? Axı Ətiqə heç də gördüyünə biganə qalan adamlardan deyildi. Hətta, onun əsəbi anlarda susması belə, bir kitablıq məlumat qədər zəngin və əhatəli olurdu.

    Cavad Əmirxanlı birgə keçirdikləri illər ərzində arvadının xasiyyətinə dərindən bələd olmuşdu. Bilirdi ki, Ətiqə hətta, ən çətin anda da öz ürəyindən keçənləri birbaşa olmasa da belə, gec-tez dolayısı qaydada ifadə etməyin ustasıdır; qadın, bəzən dillə demək istəmədiyini susmaqla anladırdı. Əgər indi eyvanda nəsə qeyri-adi bir şey görmüş olsaydı, yəqin ki, o, bunu çox ustalıqla ərinə çatdıra bilərdı. Bəs elə isə Ətiqənin qıyılmış gözləri niyə bayaqdan bəri eyvanı nişan almışdı?

   Cavad Əmirxanlının gözü kresloya şökmüş qadında, qadının gözü isə elə eyvanda idi. Kişi qorxu və həyəcandan boynunu azacıq döndərib eyvana sarı gözucu da olsa baxa bilmirdi. Birdən orada doğrudan da “kimsə” ola bilərdi. Əslində bu “kimsə”nin kimliyinin Cavad Əmirxanlıya bir dəxli də yoxdu. Bəyəm o, harayasa sifariş göndərib, teleqram vurub kimdənsə  kiminsə eyvanına qonmasını xahiş etmişdi? Bu anlarda onu, sadəcə olaraq, heç bir məntiqə və ağla sığmayan  bir məsələdən dolayı  meydana gələ biləcək çətin suallara cavab verə biməmək qorxusu narahat edirdi. Həmin o məsələdən ortaya çıxan sual da bundan ibarət idi ki, əgər işdi-şayəd gözlənilməz qonaq yenə eyvanda görünsə,  o, arvadına baş vermiş hadisəni necə izah etsin? Tanımadığı bir qadınla tanışlığının qəribə tarixçəsini danışsaydı, hələ  arvadı bir yana, kim, hansı ağlı-kamalı yerində olan adam inanardı ona? İllah da ki, qadın gecələr peyda ola, gəlib göyərçin kimi qona sənin eyvanına, üstəlik də Adəmi yoldan çıxaran Həvva nənəmizin geyimində. Gəl indi and-aman elə ki, bu baş verənlərin ona heç bir dəxli yoxdur, bəlkə də dəxli var ey, sadəcə o, bixəbərdir bu işlərdən; çünki arada ağlına gəlirdi ki, bu, ona qarşı təşkil olunmuş gizli, məkrli bir şantaj-təxribat da ola bilərdi. Əgər bu şantaj idisə, onda onu törədənlərin məqsədi nə ola bilərdi? Adətən, bu cür oyunlar sayasətçilər arasında baş verir. Hətta, o, eşitmişdi ki, öz rəqiblərini başqa qadın və ya kişilərin yatağında lentə alıb ifşa edən vəzifə sahibləri də az deyildir.

    Amma Allaha şükür, Cavad Əmirxanlının nə siyasi rəqibləri, nə böyük vəzifəsi, nə də kiminləsə ədavəti vardı.

     Bəs, bu zalım qızı, “buz xanım” niyə məhz onu seçmiş, daha doğrusu, onu qaralamışdı?

    Yox, bu, sağlam məntiqə sığan iş deyildi. Bəlkə də bütün bunlar heç olmamışdı da. “Necə yəni olmamışdı? Mən hələ ağlımı itirməmişəm”.

    Ətiqənın gözü hələ də eyvanda idi; o, kreslonun içində donubmuş kimi hərəkətsiz qalmışdı.

    Cavad Əmirxanlı yerindən tərpənməyə cürət etmirdı.

    Birdən Ətiqənin bayaqdan qıyılmış gözləri böyüdü, o, nəsə demək istədi, amma səsi xırıldadı; sanki gözəgörünməz bir əl qadının boğazından yapışıb onu boğmaq istəyirdi.

    Qadın kreslodan aşıb guppultu ilə döşəməyə yıxıldı.

    Cavad Əmirxanlı cəld irəli cumub yerə əyildi, dizini yerə qoyub qolunu Ətiqənin belinə doladı, onu qucağına götürüb çarpayıya uzatdı. Qadın hissolunacaq dərəcədə yüngül idi.

    Arvadı nəsə demək istəyir, amma dili dolaşır, sinəsi xışıldayırdı. Qadın boğulurdu. Özünü itirmiş kişi, əli ilə Ətiqənin kilidlənmiş çənəsini aralayıb ağzını onun soyuq dodaqlarına yapışdırdı. Nəfəs verdi.

    Qadın tora düşmüş quş kimi çırpınırdı. Gözlərini açıb yad nəzərlərrlə kişini süzdü.

    Cavad Əmirxanlının bədəni uçurlandı. O, qəddini düzəldib alnında puçurlanan soyuq tər damcılarını şəhadət barmağı ilə sıfqarıb sildi.

    Yataqda uzanmış qadının indicə açılmış gözləri eyvana açılan pəncərəyə dikildi.

    Cavad Əmirxanlı hələ də eyvana baxmağa cürət etmirdi.

    Birdən nəyisə xatırlayıbmış kimi, əlini telefon dəstəyinə atıb təcili yardım şağırdı.

    Çarpayıya sarı əyildi, gözləri açıq olsa da qadın zorla nəfəs alırdı.

    -Ətiqə... Ətiqə, nə oldu sənə? Cavab versənə, Ətiqə...

    Heç bir cavab gəlmədı.

    Ona elə gəldi ki, qadın ya huşunu itirib, ya da onun dili tutulub.

    Kişi çaşqın halda bir xeyli qadının başının üstündə dayandı, sonra əyilib onun yarıaçıq gözlərindən astaca öpdü.

     Ətiqə güclə nəfəs alırdı.

     Cavad Əmirxanlı eyvana sarı boylandı.

     Bayırda tutqun, çisəkli hava vardı.

     Az sonra təcili yardım maşınının siqnal səsi eşidildi.

  ... Cavad Əmirxanlı hər gün xəstəxanaya baş şəkir, Ətiqənin sağalıb ayağa durması üçün əlindən gələn yardımı, köməyi əsirgəmirdi. Qadının üz-gözündə yuva salmış ağır bir xəstəliyin kölgəsini görməmək mümkün deyildi. Danışanda dilinin topuq çaldığı aydın hiss olunurdu. Onun sifətinin rəngi son günlərin tutqun havaları kimi boğuq idi. Ətiqə gözgörəti sınıxıb əldən düşmüş, ağırlaşmışdı. Cavad Əmirxanlı, arvadının sağalmaz mərəzə tutulduğunu hiss etmişdi.

     Ərlə arvad birlikdə uzun bir ömür yaşamışdılar və bu uzun ömürdə bir-birlərinin hər “cik-bik”inə yaxşı bələd idilər. Zahirən süst, soyuq, adamayovuşmaz təsiri bağışlayan Cavad Əmirxanlı, əslində, daxilən özünü qaynar, möhkəm və dözümlü adam hesab edirdi. O, ürəyinin dərin qatlarında xəstliyə düçar olan arvadına bir ağrı və rəhmdillik hissi ilə yanaşır, amma bununla yanaşı, beynində özünün gələcək planlarını necə həyata keçirməyin yollarnı da götür-qoy edirdi.

    Son günlər həyatında baş verənlər Cavad Əmirxanlını bir qədər yorub əldən salsa da, o, yenə həmişəki qaydada öz iş-gücündə idi, hər gün iş yerinə, çalışdığı laboratoriyaya baş çəkir, həmkarları ilə həlli qarşıya qoyulmuş tədqiqatlarını davam etdirirdi və qəribə bir maraqla tezliklə həyatında nəyinsə baş verəcəyini, dəyişəcəyini gözləyirdi.  Amma o, bu “nəyinsənin” pis, yaxud yaxşı şey vəd etdiyini əvvəlcədən müəyyən edə bilmirdi.

       Ətiqə xəstəxanada, düçar olduğu xəstəliklə əlbəyaxa savaşda olsa da belə, öz ərinin davranışına, hərəkətlərinə əksər qadınlara xas olan gizli bir ustalıqla, nəzarət etməkdə idi.

      Cavad Əmirxanlının, xüsusilə, son vaxtlar aşkar hiss olunan müəmmalı davranışı qadının gözündən yayınmırdı. Cavad Əmirxanlı, adətən, hansısa əsər üzərində işləyərkən uzun müddət özünə qapanar, heç nəyə əhəmiyyət verməzdi və Ətiqə ərinin bu ovqatını, yəni “ilham pərisinin” gəldiyi vaxtı elə onun üz-gözünün ifadəsindən və davranışıından bilərdi.  Amma indi qadın sövq-təbii hiss edirdi ki, kişini narahat edən yaradıcılıq və ya “ilham pərisi” deyil, ona indiyəcən məlum olmayan hansısa bir müəmmalı məsələdir. Ətiqə susurdu, heç nə soruşmurdu. Onsuz da qadın irəlicədən yaxşı bilirdi ki, əri onun suallarına susmaqla “cavab verəcək”; yəni mənasız yerə baş ağrıdıb qan qaraltmağa dəyməzdi. O biri tərəfdənsə, son vaxtlar qadın danışdıqca dili topuq çalırdı; buna görə də əsəbiləşir və fikrini çətinliklə ifadə edirdi. Bu vəziyyətdə elə ən yaxşısı bəlkə də susmaq idi.

     Xəstəxana çarpayısında uzanmış qadının çuxura düşmüş gözləri uzun-uzadı ərinin üzünə dikilirdi. Belə anlarda Cavad Əmirxanlı özünü çox narahat hiss edirdi. “Görəsən, həmin gün Ətiqə eyvana baxanda o da orada idimi?” Neçə gündən bəri beynində dolaşan bu sual ona dinclik vermirdi. Əslində bu sualın dəqiq cavabını başqa bir adam verə bilərdi; həmin adamsa indi ağır xəstə idi; hətta, xəstə olmasa da belə, o adam, yəni onun arvadı, çətin ki, bu suala bir doğru-dürüst cavab verəydi. Axı bəzən həqiqətin özünü demək də adamı çıxılmaz vəziyyətə salır. Özü də indi bax gör, ilin-günün bu vədəsində söhbət hansı “həqiqətdən” gedir? Vallahi ki, “bu” barədə, hətta, onun etibar etdiyi yaxın adamlardan hansısa ucdan-qulaqdan belə, nəsə eşitsə bir həngamə qoparar ki, gəl görəsən; ta “bu” söhbətin həqiqiliyini yoxlamq üçün zəhmət çəkib şahid və ya dəlil-sübut axtarmağa da ehtiyac yoxdur; adamın boğazından yapışıb birbaşa dəlixanaya basarlar.

     “Görəsən, o  orada idimi?”  Bu sual onun beynində maqnitofon lenti kimi təkrar-təkrar fırlanmaqda idi. 

     Bir neçə gündən sonra Ətiqənin Turkiyədə, İstanbuldakı universitetlərin birində dərs deyən bacısı Şəhla xanim da gəlib çıxdı. Qadın bir neçə gün onlarda qaldı. Ətiqənin ağrıları günü-gündən şiddətlənirdi. Şəhla xanımın təkidi ilə xəstəni İstanbula aparmaq qərarına gəldilər. Yola düşmək məqamı çatanda Cavad Əmirxanlının təzyiqi qalxdı. Bu vəziyyətdə həkimlər ona təyyarəyə minməyi məsləhət bilmədilər. Şəhla xanım bacısını özü təkbaşına aparmaq məcburiyyətində qaldı.

    Arvadını Türkiyəyə yola salandan sonra Cavad Əmirxanlı bir müddət evdən eşiyə çıxmadı. İndi o, tənhalıqla üz-üzə qalmışdı.  Düçar olduğu bu tənhalıq hissi ilk günlər, hətta, onun ən yaxın həmdəminə çevrilmişdi. “Gecə qonağı”ndansa hələlik bir xəbər-ətər yoxdu. Arada Şəhla xanım İstanbulun hansısa xəstəxanasından zəng vurub Ətiqənin vəziyyəti barədə ona qısa məlumat verirdi; baldızının dediyinə görə, hazırda ciddi  müayinələr gedirdi.

    Günlər ötüşdükcə Cavad Əmirxanlının tənhalıqla “dostluğu” da havalar kimi soyumağa başladı. Onun ürəyini qəfildən anlaşılmaz bir hiss, bir nisgil çulğadı. O, indi birdən-birə öz doğulduğu kəndə getmək arzusuna düşmüşdü. O, həmin kənddən bir neçə il əvvəl baş götürüb çıxmış, bir daha o yerlərə qayıtmamışdı. Orasını da yaxşı bilirdi ki, ta onu o yerlərdə bir gözləyən də yoxdu. Amma o, nədənsə o yerləri yenidən görmək istəyirdi. Sanki kimsə onu öz keçmişinə çağırırdı.

     Cavad Əmirxanlı həmin ilin uzun qış gecələrini ilıq, istı xatirələrin qoynunda keçirməli oldu.     

   ...Artıq yaz gəlmişdi. Adətən bahar, təkcə təbiətə deyil, elə insanın qəlbinə də bir təzəlik gətirir. Deyəsən, bu günlərdə Cavad Əmirxanlının ürəyi də təzələnmək eşqinə düşmüşdü.

    İlıq bahar gecələrinin birində “gecə qonağı” onun eyvanında zühur elədi.

    Onların söhbəti göydə ulduzlar öləziyinə qədər uzandı.

    Cavad Əmirxanlı qonağını eyvandan yola salıb evə döndü.

    Ətiqənin divardan asılmış gənclik şəkli ərinin üzünə baxıb gülümsəyirdi.

    Dörd-beş gün keçmiş onun eyvana açılan qapısi yenidən döyüldü.

    Artıq o, qızın gəlişini gözləməyə alışmışdı.

    Günəşli bahar günlərinin birində Cavad Əmirxanlı növbəti məzunuyyətini götürüb doğulduğu kəndə, Çaparlıya üz tutdu. 

 

 ... bu sözləri deyəndən sonra Cavad Əmirxanlı elə oturduğu yerdəcə əlini uzadib stolun üstundəki iri qrafini götüdü. Qrafinin yanındakı mis parça tökdüyü suyu birnəfəsə başına çəkdi.

     Bayırda kimsə şaqqanaq çəkib ürəkdən güldü və hiss olundu ki, o gülən adam hələ üstəlik əlini şappıltı ilı dizinə də vurdu.

     Rəhman əsəbi halda pəncərəni taybatay açıb bayıra boylandı, qəzəb dolu, gərləşmiş bir səslə kiminsə üstünə çəmkirdi:

      - Nədir, nə olub? Bu nə səs-küydür belə? Ey, bir mənə bax, bura səninçün meşə-zaddır bəyəm? Sakit danışa bilmirsən?

      Rəhmanın pəncərədən kiminsə üstünə yağdırdığı bu sualların müqabilində bayırdakı adamlardan birinin, çox güman ki, gülən adamın, boğuq səsi  eşidildi:

- Bağışla? Sən allah…

     Üzrxahlıq ifadə edən bu söz hiss oluna biləcək bir ehtiyatla deyildi və bu, Cavad Əmirxanlının diqqətindən yayınmadı.

     Rəhman, görünür, hörmət əlaməti olaraq özünün daimi yerində, iri mizin arxasındakı meşin  kresloda yox, stolun güncünə qoyulmuş təzə stulda, qonaqla üz-üzə əyləşmişdi.

     - Cavad müəllim, bura sizin öz doğma el-obanızdır. Bu ərazinin harasında istəsəniz yer də ala bilərsiniz, yurd da sala bilərsiniz. Bizim borcumuz sizin kimi bir ziyalının qulluğunda durmaq, onun nazını çəkməkdi. Amma...

     Deyəsən, sonuncu kəlmələr qonağın ürəyincə olmadı; o, əsəbi halda dilləndi:

     - Mənim nazımı-filanı çəkmək lazım deyil. Mən qadın-zadam bəyəm?  Mənə o dediyim sahədən yer vesəniz, elə bu bəsimdir.

     Rəhman bu sözlərdən daxilən pərt olsa da, özünü birtəhər ələ alıb təmkinlə dilləndi:

      - Cavad müəllim, özünüz savadlı adamsınız, niyə başa düşmək istəmirsinis ki, sizin dediyiniz o ərazinin bələdiyyəyə heç bir dəxli yoxdur. Biz mağaranın yanındakı meşədə sizə necə yer verə bilərik? Ora hökumətin yeridir axı...

      Cavad Əmirxanlının onsuz da tutqun olan sifəti birdən-birə daha da qaraldı. Kişi yerindən dik atılıb əl-qolunu ölçə-ölçə uca səslə, az qala qışqıra-qışqıra üyüdüb-tökməyə başladı:

       -Bura bax, Rəhman! Bir mənə de görüm, kim səndən meşə tələb edir axı? Kim? Mənə meşə lazım deyil, bala. Başa düşdün? Qulaq as,  mən sənə bayaq dedim, yenə təkrar ediirəm: mənə o meşənin ətəyində, cayın sahilində eni-uzunu beş-on metr olan bir yer lazımdır. Vəssalam… Bəyəm mənim doğulub boya-başa çatdığım bu kənddə bir qarış yerə kül tökmək ixtiyarım yoxdur?.. Varmı? Var... Ay sağ ol! Yoxsa ki, sən başlamısan, meşə elə gəldi, hökumət belə getdi...

       Rəhman günahkar adamlar kimi susub başını aşağı saldı. Deyəsən, ta onun bu ağsaqqal adama deyəcəyi bir söz qalmamışdı; o, handan-hana nəyisə xatırlayıbmış kimi, əlini gicgahına apardı, ayağa durub könülsüz halda, astadan dilləndi:

       -Siz allah, hirslənməyin, Cavad müəllim. Mənim sizə böyük hörmətim var. Siz nəinki bizim kəndin, bizim rayonun, hətta, bütün ölkənin fəxrisiniz. Az qala sizi bütün dünya tanıyır... Bunlar öz yerində. Siz hələlik burada bizin qonağımızsınız. Günortadır, gedək bir tikə çörək kəsək. Sonra fikirləşib sizli-bizli bir qərara gələrik. İnanın ki, bu işin həlli məndən asılı deyil.

     Cavad Əmirxanlı yenə hirsli tonda:

      - Bəs kimdən asılıdır?-deyə, soruşdu.

Rəhman könülsüz halda dilləndi:

- Sizdən… Sizdən asılıdır.

      Bayaqdan bəri əsəbi halda danışan kişi birdən duruxub əlini-əlinə vuraraq şaqqanaq çəkib uşaq kimi gülməyə başladı:

       -  Məndən asılıdır? Elə isə mən sənə icazə verirəm, gedək yeri dəqiqləşdirək. Ha-ha-ha… Deyəsən, mənimlə zarafat edirsən hə?

      - Zarafat niyə? Doğru sözümdür. Yuxarılara bircə kəlmə deyin, qoy oradan mənə balaca bir işarə versinlər. Qalanı ilə işiniz yoxdur. Hər şeyi özüm düzüb-qoşaram... Hətta, göstəriş olsa, bütün Buzlağı verərik sizə... İndi isə, mümkünsə gedək Mövludun bir stəkan çayını içək.

      Rəhman bu sözləri ehtiyatla dedi.

      Yeməkxana yaxınlıqda, çayın sahilində idi. Çayın suyu elə duru idi ki, onun dibindəki baliqlar və xırdaca-parlaq daşlar belə, aydinca göründüyü.

       İçəri keçdilər. Bura səliqəli bir yerdi. Rəhman yemək sifariş verdi. Şəhərdən gəlmiş adlı-sanlı həmyerlisinin təhər-tövüründən, qəribə davranış və rəftarından hələ də bir şey kəsdirə bilməyən kənd bələdiyyə sədri karıxıb qalmışdı, ağzını açıb düz-əməlli bir söz deməyə cürət etmirdi; qorxurdu ku, yenə ehtiyatsız bir söz deyər, qaş düzəltdiyi yerdə vurub göz çıxarar. Elə ilk tanışlıqdan o, müsahibinin nə qədər hövsələsiz, uşaq kimi tez özündən çıxan, tikanlı ifadələrlə danışan bir adam olduğunu hiss etmişdi.

        Rəhman, təbii ki, öz məşhur həmyerlisi barədə çox eşitmişdi. Onu da eşitmişdi ki, bu, həmişə haqqın-həqiqətin yanında olan, vicdanlı, düzünəqulu bir adamdır, əsərləri dünyanın bir çox ölkələrində nəşr edilib, nüfuzlu mükafatların sahibidir. Bəs indi bu kişi özünü niyə uşaq kimi aparır, niyə cığallıq edir, nitə özündən çıxır? Bu qısa tanişlıqdan sora Rəhmanın  ürəyinin dərinliyində bu tanınmış adama bəslədiyi əzəlki rəğbət hissi yaz günəşinin tərpətdiyi güney qarı kimi yavaş-yavaş əriyib buxarlanmağa başlamışdı.

       Cavad Əmirxanlı elə ilk tanışlıqdanca bələdiyyə sədri ilə az qala öz tay-tuşu kimi danışmağa başlamışdı. Yox, bu, ərkə və ya daxilən öz sadəliyini saxlayan bir adamın rəftarına bənzəmirdi. Bu cür danışıq  və rəftar tərzi ilə o, əslində, öz  hərəkətinin yerini bilməyən azsavadlı, əcaib xasiyyətli bir kəndistan əhlini xatırladırdı. Rəhman elə ilk dəqiqələrdən məşhur həmyerlisinin əsəblərinin yerində olmadığı qənaətinə gəlmişdi.

     Yeməkxanda adam az idi. Bir-iki nəfər domino çırpırdi ki, onlar da bələdiyyə sədri ilə hörmətli həmyerlilərini görüb başları ilə salamlaşdılar, sonra ayağa durub bir qədər uzağa, çayın sahilindəki söyüdlüyə sarı çəkildilər. Az sonra hamar kəsilmiş cöyüd kötüklərinin üstündə çırpılan daşların yeknəsək, boğuq şaqqıltisi təzədən eşidilməyə başladı. 

     Yeməkxananın bir küncünə iri, rəngli televizor qoyulmuşdu. Amma ekranın rəngi solğun idi; olsun ki, televizorun antennasının nasazlığından təsvirlər aydın seçilmirdi. Bayaqdan bəri cani-dildən üyüdüb-tökən, əl-qolunu ölçə-ölçə nə barədəsə danışan çıxışçının cümlələri də ekrandakı təsvirlər kimi bir-birinə qarışmışdı. Bu səs Rəhmana tanış gəlirdi. Televizorun təsvirləri bir az aydınlaşıb çıxışçının səsi durulanda Rəhman bayaqdan səhv etmədiyini anladı; əslən bu kənddən olan yaslı, sifətinə irili-xırdalı çillər səpələnmiş kişi onların həmyerlisi, bu tərəflərdə məşhur el ağsaqqalı və elm xadimi kimi tanınan Həmzə Çaparlı idi.  Çıxışçı kal səslə xalqı yeni rəhbərliyin ətrafında bir yumruq kimi birləşməyə, son illər əldə olunmuş sabitliyi və stabilliyi gələcəkdə də qorumağa dəvət edirdi. Əslidə, indi ölkənin hər yerində sakitlik idi. Amma kim bilməsə də Rəhman yaxşı bilirdi ki, kəndin bu hay-küylü alimi elə də sən deyən sadəlövh adamlardan deyil. Çaparlının kohnə kişiləri bu enlisifət, üzüçilli adamın atasının-Xürrəm Çaparlının da vaxtilə eyzən bu cür “xeyirxah”  əməl sahibi olduğunu yaxşı xatırlayırdılar.  Bir zamanlar rayonun hansısa məsul idarəsində məmur kimi çalışan ata, Xürrəm Çaparlı da eyzən bu qaydada, vəzifəyə yeni təyin olunan hər  adamı “sadə xalq kütləsi arasında” təbliğ etməkdən yorulmazdı; vəzifədən qovulanı söyüb yamanlamaq, təzə təyinatla işə başlayanı isə tərifləyib göyə qaldırmaq vərdişi atadan oğula, oğuldan da nəvəyə keşmişdi; məsələ burasında idi ki, Həmzə Çaparlının oğlu Cəmşid Çaparlı da öz ata-babasının yolunu davam etdirirdi. Çaparlıların şüarı belı idi: vəzifədən gedənin düşməni, vəzifəyə gələninsə dostu ol. Vəssalam-şüdtamam. Sadəcə olaraq, atasının, yəni Xürrəm Çaparlının, bir vaxtlar rayon miqyasında icra etdiyi işi indı tanınmış oğul Həmzə Çaparlı az qala ölkə səviyyəsində təmsil edirdi. Son vaxtlar bu missiyanın bir qismini Həmzə Çaparlının əhlikef  oğlu Cəmşid Çaparlı həyata keçirməyə başlamışdı;  Həmzə Çaparlı öz atasından miras qalan təcrübəni indi həvəs və ustalıqla öz oğluna ötürmüşdü. Xürrəm, Həmzə və Cəmşid Çaparlılar əldə etdikləri “yararlı təcrübəni” indi nəslin təzə-təzə boy atıb cücərməkdə olan gənc nümayəndələrinə, nəvə-nəticələrə öyrətməkdə idilər.

     Mərkəzdəki bir çox  rəhbər işçinin yanında daha çox yaltaqlıq və yarınmaqla xətir-hörmət qazanmış Həmzə Çaparlı, son illərdə bölgənin sözükeçən adamlarından birinə çevrilmişdi; nəinki doğulduğu kəndin vəzifəli adamları, hətta, rayon rəhbərləri də ata-oğul Çaparlılardan ehtiyat edirdilər. Bütün iclas və tədbirlərdə ata-oğul fəxri kürsüdə yanaşı əyləşirdi. Onların kütlə qarşısındakı hər çıxışı,  adətən, həmyerliləri tərəfindən gurultulu alqışlarla qarşılanardı. Bələdiyyə sədrinin Çaparlılardan daxilən xoşu gəlməsə də, zahirdə onlarla münasibətini qoruyub saxlamağa çalışırdı. Nə etməli, hər halda zəmanə ilə ayaqlaşmaq, bir el məsəlində deyildiyi kimi, yorğana bürünüb el ilə sürünmək lazım idi. Axı Çaparlılardan uzun əli hər yerə çatırdı.

     Rəhman televizora baxa-baxa düşünürdü: “Görəsən, bu iki yerli ziyalının, Cavad Əmirxanlıyla Həmzə Çaparlının, bir-birinə  münasibəti necədir?” Əlbəttə, bunu öyrənib bilmək maraqlı olardı. Amma indi o, bu sualı Cavad Əmirxanlıya verməkdən çəkinirdi. Qorxurdu ki, bir az ağızdan pərtov adam təsiri bağışlayan bu əsəbi kişi özünü saxlaya bilməyib el ağsaqqalı kimi ad çıxarmış  Həmzə Çaparlının ünvanına artıq-əskik söz deyər; onnan sonra gəl Çaparlıların top-tüfənginin qabağında dur görüm necə duruş gətirirsən?

     Bu kənddə Həmzə Çaparlının qohumları, dost-tanışları çox idi. Kişinin günü, həftə səkkiz- mən doqquz, buralarda keçirdi, həmişə də başında bir dəstə adam. Həmzə Çaparlı xeyrə-şərə yarayan bir adam kimi pullunun pulunu alıb yaxşı işə düzəldir, kasıba dəyərli öyüd-məsləhətlər verir,  toylarda tamadalıq edir, hüzr məclislərində dini hədislər danışıb camaatı kövrəldirdi. O, bu tərəflərdə, necə deyərlər, atını dödrnala sürən kişilərdən idi, sözünün qabağında söz deyən yox idi.  Lap elə indi Rəhmanla şəhərdən gələn qonağın əyləşdikləri bu yeməkxana da  Həmzə Çaparlnın  şəxsi təşəbbüsü ilə tikilmişdi; daha doğrusu, yeməkxana Caparlılara məxsus idi, onu Mövlud adlı zirək bir adama icarəyə vermişdilər. Həmzə Çaparlnın Mövluda göstərdiyi xeyirxahlıq  təkcə bununla bitmirdi, o, Mövludun oğlunu rayon mərkəzində hansısa banka işə düzəltmiş, Mövludun  gəlinininə isə öz yanında, kənddə tikdirdiyi “qəbul evində” iş vermişdi.

      Bayaqdan gözə dəyməyən yeməkxana müdiri qəfildən özünü yetirib əvvəlcə qonaqla, sonra isə bələdiyyə sədri ilə ikiəlli görüşdü.

      -Xoş gəlmisiz. Həmişə siz gələsiz. Mən bu gün burada nə gözəl insanlar görürəm... Mövlud sizin qulluğunuzda durmağa hazırdır.

       Bu uzun, caydaq, qəddi azacıq irəli əyilmiş kişinin iti burnu və şeşə qulaqları vardı, özü də ilk baxışda nədənsə “hinduşkaya” oxşayırdı. Özünü “Mövlud”-deyə, təqdim edən kişi təklif gözləmədən stul çəkib əyləşdi, üzünü ağ xalatlı, dolubədənli qadına sarı tutub ucadan səsləndi:

-Zümrüd, əvvəlcə bir cay gətir.

       Sonra kişi qonaqlara tərəf dönüb soruşdu:

       -Nə yeyəcəksiniz?

       Rəhman onu qabaqladı:

       - Mövlud, narahat olma. Sifariş vermişik. Cavad müəllim yalnız duru xörək yemək istəyir.

       - Bəlkə kabab...

       - Yox...

       Bu son kəlməni qətiyyətli səslə Cavad Əmirxanlı dedi və özü də əlavə etdi:

       - Bizim milləti bu günə salan elə bu kababdır.

       Yeməkxana sahibi təəccüblə ciynini çəkdi:

- Nə günə?..

       Rəhman vəziyyətdən zarafatla çıxmağa çalışdı:

- Əlbəttə, Cavad müəllim zarafat edir.

       Cavad Əmirxanlı ciddi tonda dilləndi:

       -  Yox, zarafat nədir, bu, mənim həqiqi sozümdür. Cox yeyib-içən millətin qafası yaxşı işləməz.

       Mövlud bir az susub dedi:

        -Yox,  müəllim, bağışlayın məni,  hec də elə deyil. Yəqin sizin ağlıniz gedib avropalılara. Onların coxu ət yemir. Axı, onlar bizim cammat kimi işləmir də. Biz gecə də işləyirik, gündüz də. –Mövlud axırıncı kəlmələri ucadan, həm də açıq bir eyhamla deyib, əlini küncdəki televizora sarı uzatdi.- Bax,  o kişinin yaxşı bir sözü var, deyir  ki, ət  ye, at min, bir də arvad...

        Mövlud yenə nəsə demək istədi və deyəsən, onun deyəcəyi müdrik kəlmələr qadınlarla bağlı idi, amma kişi qənşərində əyləşmiş məşhur həmyerlisinin üzünün sərt ifadəsini görub kəkələdi, duruxdu və susdu.

        Cavad Əmirxanlı yerində qurcalanıb, sanki söz atırmış kimi dedi:

       - Bəs üçüncüsünü nüyə demirsən? Yəqin ki, nəsihətin üçüncü bəndi belədir: bir də arvad quc... O “kişi” yəqin ki, belə deyir, hə?.. - O, “kişi” sözünu xüsusi vurğu ilə dedi.

       Rəhmanla Mövlud astadan, həm də könülsüz şəkildə  gülüşdülər; çünki onlar bu qəribə, əcaib qonağın qırımından hələ düz-əməlli bir şey anlamırdılar.

        Qonaq başını bulayıb hirslə ayağa qalxdı. Onlar təəccüblə öz həmyerlilərinin, kəşfləri az qala dünyaca məşhur olan alimin, üzünə baxdılar. Görəsən bu kişiyə birdən-birə nə oldu belə? Onun qəfildən özündən çıxmasının səbəbi nə idi?

        Cavad Əmirxanlı əl-qolunu ölçə-ölçə dedi:

  - Sitat gətirməyə mənbə tapmadınız deyəsən ...

        - Cavad müəllim, ola bilsin ki, sizin Həmzə Çaparlı ilə nəsə bir elmi konfliktiniz var. Amma bunun bizə heç bir dəxli yoxdur. Biz sizin hər ikinizi öz eloğlumuz kimi sevib qiymətləndiririk. Hər ikiniz bu millətin fəxrisiniz...

        Bu sözləri Rəhman dedi.

        Mövlud həmkəndlisinin fikirlərini daha da möhkımlıdirirmiş kimi hündürdən dilləndi:

        -Biz kimin kim olduğunu yaxşı bilirik. Həmzə Çaparlı bütün bu kəndin fəxr etdiyi bir dahidir.

        Uzun, caydaq kişi, deyəsən, təkcə zahiri görünüşü ilə “hinduşka”ya bənzəmirmiş; hiss olunurdu ki, bu anlarda hündürdən banlamaq, səsini uzaqlara yaymaq üçün onun əlinə əlverişli bir fürsət düşüb:

        - Həmzə Çaparlı heç kəslə müqayisə edilə bilməz, heç kəslə bir tərəzinin gözünə qoyula bilməz...

        Cavad Əmirxanlı istehza ilə gülümsədi, pencəyinin yaxasını bərk-bərk qabağa dartıb düymələdi. Qəddini düzəltdi. Qapıya sarı addımladı.  

        - Hmmm... “Elmi konflikt”... “Kəndin dahisi...” Həmzə Çaparlının “elmi kəşfləri”... Bəh-bəh, nə gözəl səslənir... Rəhman, sən cörəyini yeyəndən sonra yəqin ki, yenə idarəyə gələcəksən...

         Rəhman ayağa durub belini əyərək, pərt halda dodaqaltı mızıldandı.

         - Cavad müəllim, axı siz... Sizə bir söz deyən olmadı ki... Bir səhvimiz varsa, bağışlayın. Süfrədən yarımçıq durmaq yaxşı deyil axı...

         Cavad Əmirxanlı yeməkxanadan çıxıb iti addımlarla bələdiyyə idarəsinə sarı yönəldi.

         Mövludla Rəhman bir-birinin üzünə baxa-baxa qalmışdılar. Cavad Əmirxanlının bu gözlənilməz və izaholunmaz hərəkəti onların heç birinə çatmırdı.

         -Buna nə olub belə?

         Mövludun sualına bələdiyyə sədri handan-hana cavab verdi:

         -Mən də heç nə anlamadım bu adamın bu cür hərəkətindən.

         - Xeyir ola belə? Bəs gəlişinin məqsədi nədir bunun?

        Rəhman çiynini çəkdi.

         - Mənə deyir ki, meşə ətəyində, Buzlaq tərəfdə yer ayır, orada özümə ev tikəcəyəm.

Mövlud köksünü ötürüb başını bulayaraq dilləndi:

        - Vallah, belələrinin sorağını elə uzaqdan-uzağa eşitmək daha yaxşıdır. Çünki yaxından bələd olanda görürsən ki, çoxu üzə çıxarılası adam deyil bunların. Hamı Həmzə Çaparlı ola bilməz ki... Bəlkə səhvim var, düz demirəm, Rəhman?

     Rəhman başını könülsüz halda yellədyib qısaca:

    -Hə, elədir- deyə, dillənd.

 

     Cavad Əmirxanlının əsli-nəsli, kökü bu kənddən idi. Körpə ikən atası “xalq düşməni” damğasıyla repressiya olunmuş, deyilənə görə, cəmi beş-altı dəqiqə çəkən məhkəmə iclasında “troyka”nın, yəni üç nəfərdən ibarər heyətin hökmu ilə güllələnmiş, bundan sonra tək övladı ilə başsz qalan  anası şəhərə- qohumlarının yanına köcmüşdü. Cavadın yalnız uşaqlıq dövrü bu kənddə keçmişdi. Sonralar, tələbə olarkən bir neçə dəfə yay tətilində anası ilə buraya gəlmişdi. O vaxtlar əmisi sağ idi. Kənddə başqa qohumları da vardı. İllər keçdikcə bu gəliş-gedişlər tədricən səngidi. Əmisi və anası vəfat edəndən sonra isə onun bu yerlərə yolu uzun illər kəsildi.

        Hələ lap gənc ikən Cavadın adı az qala bütün ölkədə məşhur olmuşdu; o, həm adlı-sanlı idmançı, həm də istedadlı bir riyaziyyatcı və fizik kimi diqqət mərkəzində idi. Sonralar idman arxa plana keçdi. Riyaziyyatçı Cavad Əmirxanlı daha bir ixtisasa yiyələndi, universitetin biologiya fakültəsini bitirdi və tezliklə biofizika elminin sayılıb- seçilən nümayəndəsi kimi məşhurlaşdı. Çoxlu beynəlxalq toplantılarda iştirak etdi. Onun adı nüfuzlu alimlərlə bir sırada çəkilirdı. Yetirmələri, tələbələri dünyaya səpələnmişdi. Deyilənə gorə, o, öz məktəbini, öz sistemini yaratmışdı. Kənd əhli onu da eşitmişdi ki, Cavad Əmirxanlı  arvadı rəhmətə gedəndən bir müddət sonra Ətiqə adlı xanımla evlənmişdi.

     Bir işə bax ki, bu adlı-sanlı həmyerli ahıl yaşında kəndə üz tutmuşdu. Yox, adamın arabir öz ilkin vətəninə baş çəkməsi heç də qəbahət deyildi.  Məsələ burasında idi ki, Cavad Əmirxanlı kəndə çox müəmmalı bir istəklə gəlmişdi; onun öz yaxınlarına dediyindən belə çıxırdı ki, indiyəcən şəhərdə həyata keçirə bilmədiyi bir sıra əhəmiyyətli  layihələrini, təcrübələrini burada reallaşdıracaq. Amma onun özü bu layihə-təcrübələrin nədən ibarət olduğu barədə heç kəsə bir kəlmə söz demirdi.

     Onun gəlişi öz həmyerliləri tərəfindən, siyasətçilərin dili ilə desək, heç də birmənalı qarşılanmamışdı. İndı adamların çoxunun kənd-kəsəkdən üz çevirib böyük şəhərlərə axışdığı bir vaxtda bu gəlişin məqsədi, tez-tez işıqsız qalan kənd gecələrinin özü kimi, tutqun və qaranlıq görünürdü. Cavad Əmirxanlının indi bu tərəflərdə yaxın bir qohum-əqrabasi da qalmamışdı; ölənlər ölmüş, qalanlar da yaxın-uzaq şəhərlərə köçüb getmişdi. Burada onun bir neçə uşaqlıq dostu, bir də ki, Cavad Əmirxanlının adını eşidib fərəh hissi keçirən və elmin, eləcə də elmlə məşğul olan adamların xoşbəxt gələcəyinə hələ də inanan bəzi ziyalılar, xüsusən, fizika, riyaziyyat və biologiya müəllimləri vardı ki, onların da danışdıqları şox vaxt ətrafdakıların gülüş hədəfinə çevrilirdi; adamların çoxu aşkar, ya gizlicə ağız büzüb deyirdilər ki, indi elm var ki, onun da gələcəyi olsun? Bu yanların əksər adamları, ən çox da ayağı yer tutan cavanlar, baş götürüb böyük-böyük şəhərlərə, hətta, imkanı olanlar uzaq və yaxın ölkələrə gedirdilər. Ta elm, savad sözləri az qala yaddan şıxmaq üzrə idi; indi alver, biznes bütün dəyərləri üstələmişdi. Az qala hər şey və hamı pulun havasına köklənmişdi.

       Cavad Əmirxanlının istəyi yerli camaata qəribə görünürdü. Bələdiyyə sədrinin deməyinə görə, onların məşhur kəndçiləri özünə mağara tərəfdə, Buzlaq deyilən yerin yaxınlığında, meşə kənarında bir parça torpaq tələb edirdi. Gozdən-qulaqdan uzaq olan bu yerin isə, əslində kənd bələdiyyəsinə heç bir aidiyyatı yoxmuş. Dövlətin əmlakı hesab olunan torpağı kiməsə satmağa bələdiyyə sədrinin səlahiyyəti çatmırdı. Neçə gün idi ki, kənddə bu barədə söz-söhbət gəzirdi. Kolxoz təsərrüfatı dağılandan sonra əksəriyyəti iş-gücsüz, avara qalan kənd əhli, öz əzəlki fəaliyyətini çoxdan dayandırıb uzun illərdən bəri sahibsiz qalan mədəniyyət evinin qarşısında yığışaraq bu mühüm mövzu ətrafında fikir mübadiləsi aparırdı. Adamlar Cavad Əmirxanlını doğma kəndə gətirib çıxaran başlıca səbəbi müəyyənləşdirmək istəyirdilər. Hər ağızdan bir avaz gəlirdi. Ən maraqlısı işlərdən birisi bu idi ki, kiçik kəndin böyük rəhbər işçiləri öz gəlişi ilə kənd mühitinə yeni mövzular gətirmiş Cavad Əmirxanlıya öz doğmaca dədə-baba mülkündə müvəqqəti də olsa yaşamağı məsləhət bilmir, daha doğrusu, buna rəsmi şəkildə icazə vermək istəmirdilər. Sən demə, mənzil məcəlləsinə aid mövcud qanunda mülkiyyətlə bağlı bir sıra dəyərli müddəalar varmış və kənd rəhbərliyi də həmin müddəalardan çıxış edərək qanunun aliyini ğöz bəbəyi kimi qorumağı müqəddəs bir məqsəd sanırmış.

     Düzdür, doğma kənddə Cavad Əmirxanlını cani-dildən öz evərinə qonaq dəvət edənlər də tapıldı. Amma bu qəribə qonaq iki ayağını bir başmağa dirəyib, müvəqqəti də olsa, arzusunda olduğu yerdə-Buzlaqda məskunlaşanacan, hələlik yalnız öz dədə-baba evlərində yaşayacağını israr eləyirdi.

    Cavad Əmirxanlıya öz köhnə daxmalarında yaşamağa kənd rəhbərliyi nə üçün icazə vermirdi? Məsələ burasında idi ki, indi bu ev başqasının mülkü hesab olunurdu; burada Cavad Əmirxanlının yaşamaq və mülkiyyət hüqüqü yox idi. Heç demə, bu gözdən-könüldən uzaq olan dağ kəndində qanunculuğa ciddi əməl olunurmuş. Amma rəhbərlikdə aparılan uzun-uzadı məsləhətləşmələr öz müsbət nəticəsini verdi; görünür, hər dolğun qanunun bir boş bəndi də olur. Nəhayət, belə bir “boş bəndi” axtarıb tapdılar; daşdan keçən protokol tərtib edildi; qaytanlı-surğuclu kitabı tapıb mövcud əlifbada olmayan hansısa hərfə münasib yeni maddə əlavə etdilər. Cavad Əmirxanlının öz köhnə evlərində yaşamaq və mülkiyyət hüqüqü yenidən bərpa olundu. Yerli idarəetmə strukturunun rəhbərləri bir-birləri ilə xısınlaşıb, kimlərəsə zəng vuraraq bağlı qapını açmağa razılıq aldılar. Kəndin yüksək səlahiyyətli məmurları evin qapisini mötəbər ağsaqqalların xeyir-duası, qonşuların köməyi və yerli icra hakimiyyəti nümayəndəsinin məxsusi iştirakı ilə açdılar.

      Əslində bu ev, evdən daha çox, “əl damı”na və ya mal pəyəsinə oxşayan kiçik bir daxma idi. Qonşulardan biri əlinə keçən lomun ucu ilə qapıdakı paslı qıfılı vurub sındırdı. İcra hakimiyyətinin nümayəndəsi məşhur həmyerlisinin bu kəsafət qoxulu otağa necə şövq və həvəslə keçdiyini görəndə özünü gülməkdən zorla saxladı; zalım oğlu bu ahıl yaşında uşaq kimi sevinir, elə bil ki, şah sarayının darvazasından içəri girirdi. Bəlkə doğrudan da bu “saray”ın içində qiymətli xəzinə və ya dəfinə vardı? Yoxsa ilin-günün bu vədəsində belə görkəmli bir alimin bu ucqar kənddəki uçuq, miskin daxmada nə işi vardı?

       Cavad Əmirxanlı içəri keçəndən sonra onu müşayiət edən həmyerlilərinə təşəkkür etdi; bu, o demək idi ki, ta çıxıb gedə bilərsiniz. Admlar, yəni kəndin rəhbər işçiləri təbii ki, onun nə demək istədiyini o dəqiqə anlayıb dağılışdılar.

       Bu evdə, Cavad Əmirxanlının dədə-baba mülkündə, deyilənə görə, son illərə qədərcavan, kimsəsiz, kolxozda baytar işləyən bir oğlanyaşamışdı. Əsli qonsu kənddən olan həmin baytar oğlan aləm bir-birinə dəyib, kolxoz dağılandan sonra,  aclıq və səfalətə dözə bilməyərək, qonşu ölkələrdən hansınasa çıxıb getmişdi.

        Hiss olunurdu ki, evin çürümüş kirəmit cardağı ömrünü çoxdan başa vurub. Döşəmənin taxtaları bir-birindən aralanıb əyilmişdi. Divarlara Nuh əyyamında  vurulmuş naxışlı kağızlar sarı-boz ləkələrlə örtülmüşdü. Ağac qurdların ovub deşik-deşik elədiyi qapı-pəncərə taxtaları, taxtadan daha çox arı pətəklərinə bənzəyirdi.

        Cavad Əmirxanlı bir müddət köhnə ağac taxtın üstünə uzanıb baxışlarını tavana zillədi. Otağın divarlarından boz hörumçək torları sallanırdı və o torların içində çoxdan ölmüş arı və milçəklərin qaraltısı görünürdü; elə bil ki, içi kiçik və böyük balıqlarla dolu balıqçı torunu külək vurub sahilə atmışdı.

       Az sonra Cavad Əmirxanlı dərin yuxuya getdi.

       O, həmin gecə yuxuda bolluca qar gördü. Gördü ki, külək qarı sovurub nəhəng bir boşluğa doldurur. Deyəsən, artıq həmin boşluq ağzınacan dolmuşdu. Çünki qar topaları get-gedə pambıq tayaları kimi üst-üstə qalaqlanırdı. Bıy, sən demə həmin boşluqda od püskürən qorxunc əjdahalar yatıbmış. Bir azdan əjdahaların ağzından püskürüb çıxan od-alov qar topalarının üstünə səpələndi; pambıq tayaları kimi üst-üstə qalaqlanmış həmin qar topaları od tutub yanmağa başladı. Alovun dilləri Cavad Əmirxanlının sifətini qarsıdı.

    ...O, yuxudan hövlnak durdu. Otağı tüstü bürümüşdü. Cəld əynini geyib bayıra atıldı.

    Artıq səhər açılmışdı. Günəşin şüaları evlərin pəncərələrində əks olunurdu.   Qonşu evdə yaşayan adamın, əliyabalı, qarmızıyanaq, kötük kimi möhkəm və qaşqabaqlı kişinin  yaxınlıqda, divarın dibində yandırdığı zir-zibil, peyin  və tullantının tüstüsü ətrafı bürümüşdü.

   Cavad Əmirxanlının yatdığı otağın açıq pəncərəsindən içəri dolan tüstüdən, deyəsən, qonşunun xəbəri yox idi.

   Cavad Əmirxanlı boğula-boğula öskürdü.

    Qonşu başını qaldırıb əlindəki yabanın ucu ilə qənşərindəki zibil topasını odun üstünə atıb salam-kəlamsız:

    -Sağolmuş, özünə fikir ver, az papiros çək, niyə öskürürsən axı?-deyə, mızıldandı və yabanı tonqalın altına salıb onun altını üstünə çevirdi.

   Tüstü burumunun altindan baş qaldıran alov dilimi kənarda dayanmış Cavad Əmirxanlının sifətini qarsıdı. O, gecə gördüyü yuxunu, yuxudakı yanğını xatırladı.

    Cavad Əmirxanlı hələ də öskürürdü.

    Əliyabalı, qırmızısifət, kötüyəbənzər kişi birdən nəyə görəsə şaqqanaq çəkib ürəkdən güldü.

    Cavad Əmirxanlı tərs-tərs onu süzdü. Acı söz deməkdən özünü zorla saxladı.

    Kişi hələ də gülməyində idi.

    Cavad Əmirxanlı öz evinin kiçik həyətinə çəkildi. Göyə baxdı. Günəşin şəfəqləri həyətdəki mis çaydanın üstündə “ocaq” çatmışdı, çaydan par-par yanırdı.

    Cavad Əmirxanlı bir qucaq çır-çırpını üst-üstə yığıb ocaq qaladı. Həyətin bir güncünə atılmış paslı, dəmir üçayağı odun üstünə qoydu. Quru çırpılar çırtaçırt yanmağa başladı. Ətrafa çınqılar səpələndi. Cavad Əmirxanlı çaydanı su ilə doldurub üçayağın üstünə qoydu. Sonra yaxınlıqdakı kiçik dükandan çay-qənd, peçenye alıb təzədən geri qayıtdı. Evdəki köhnə dolabdan tapdığı əzilmiş dəmir parça çay süzüb ləzzətlə içməyə başladı.

         ... indi öz köhnə evlərinin qarşısında dayanıb uzaqlara tamaşa etdikcə Cavad Əmirxanlının fikrində yenə o, o qəribə varlıq canlanırdı. Sanki bütün bunların hamısı yuxuda baş vermişdi. Cavad Əmirxanlıda son vaxtlar daxilən qəti bir əminlik hissi yaranmışdı ki, bu baş verənlərin yuxu ilə heç bir əlaqəsi yoxdur. Çünki həmin qəribə varlığı öz gözü ilə  görmüş, onun nəfəsini öz qulaqları ilə eşitmişdi. Lakin gözü ilə gördüklərini nəinki dilə gətirib başqa birisinə demək, hətta, öz təsəvvüründə canlandırmaq belə, indi onun üçün az qala ağlasığmaz bir şey idi. Eşidib-bilənlər nə deyərdi ona? Bəlkə də üzünə bir söz deyən olmazdı, lakin arxasınca gülənlərin, ələ salanların rişxəndini o. əvvəlcədən görüb eşidirdi. Bu adamları qınamaq üçün əsaslı bir səbəb də tapmaq mümkün deyildi; ilin-günün bu vədəsində kimi  inandırasan ki, hansısa yad bir aləmin nümayəndəsi böyük şəhərə təşrif gətirib, görkəmli alimin qonağı olub, ona dəyərli məlumatlar verib. Əslində Cavad Əmirxanlının hələ özünə də dəqiq məlum deyildi ki, onun qonağı həqiqətən yad aləmdən gəlib, ya yox. Düzdür, söhbət əsnasında  qonaq özünün yeri-yurdu barədə ötəri danışmışdı. Amma bu deyilənlərin nə dərəcədə dəqiq olduğunu yoxlamaq üçün Cavad Əmirxanlının əlində kifayət qədər dəlil-sübut yox idi.

    Onu kəndə gətirən hissin kökündə, heç şübhəsiz ki, şəhərdə başına gələn mübhəm hadisələrlə birbaşa əlaqə vardı. Yox, buzlaq səltənətindən gələn qız, onu qətiyyən bu yerlərə israrla dəvət etməmişdi. Amma Cavad Əmirxanlının daxilindən gələn bir hiss az qala güclü bir əl kimi onun yaxasından yapışıb şəhərdəki rahat ev-eşiyindən cıxararaq bu miskin kəndə gətirib çıxarmışdı.

       Artıq kənd adamlarının bir çoxu Cavad Əmirxanlını öz doğmaları kimi qəbul etməyə başlamışdılar. Sən demə, bu ucaboy, qaraşın, çalsaç, uzun qolları az qala sallanıb dizinə düşən adam, xasiyyətindəki bir çox cəhətləri, xüsusən, sadəliyi  ilə onların digər vəzifəli, oxumuş, adlı-sanlı həmyerlilərindən xeyli fərqlənirmiş. Onun kefi açılanda uşaq kimi ürəkdən gülürdü və bu zaman iri-qonur gözləri qıyılaraq sanki sifətində əriyib itirdi. Cavad Əmirxanlının arabir hirslənməyi də olurdu. Qəzəbli anlarında onun enli alnındakı damarlar ilan kimi qıvrılıb qıpqırmızı olurdu; bu zaman onun kimisə ucadan söydüyünü eşitmək də mümkün idi. Kənd əhli adətən, Cavad Əmirxanlının işbilməz, yarıtmaz  vəzifə adamlarını söydüyünün də fərqinə varırdılar.

      Kəndə gələndən sonra “gecə qonağı”ndan bir səs-səmir çıxmamışdı. Əslində heç kəs onu bura dəvət etməmişdi də. O “qonağı” burada gözləyən bir kimsə də yox idi. Sadəcə olaraq, indi  özlüyündə “Bəyaz” deyə çağırdığı qız, Cavad Əmirlinin şəhərdəki mənzilində qəfil zühur edərək onun tarixi ata-baba yurduna yaxın bir yerdən, “Buzlaq” kimi tanınan mağaradan gəldiyini demişdi və onu da bildirmişdi ki, həmin mağaranın içi əbədi buzlaqlarla örtülüdür. Doğma kəndlərinin yaxınlığındakı mağarada buzlağın olması Cavad Əmirxanlıya uşaqlıqdan məlum idi. Amma bu buzlaqda adamların yaşaması... Yox, o, kəndin az qala qulağının dibində, mağaradakı buzlaqda  hansısa “qar adam”ın, daha doğrusu “qar qız”ın, yaşaması barədə indiyəcən kimdənsə bir kəlmə belə eşitməmişdi. Ümumiyyətlə, bu dunyada mövcud olan buzlaqların hansındasa belə varlıqların yaşaması barədə mühakimə yürütməyin özü belə, yəqin ki, bütün ciddi auditoriyalarda gülüşə səbəb ola bilərdi. Bu cür söhbətlərə nəinki təcrübəli, hər şeyə şübhə ilə yanaşan elm adamları, hətta adi, bisavad kənd adamları belə ağız büzərdilər. Və elə bu səbəbdən də Cavad Əmirxanlı “qar qız” söhbətini heç yerdə açıb-ağartmırdı. Ona nə düşmüşdü ki, sinninin bu çağında adamları öz üstünə güldürsün? Bəlkə onun gördükləri ilğım kimi bir şey idi?..

      Amma o, az qala hər gün Bəyazla daxili mühakimədə idi. Bəyaz onu buzlaq aləminə çağırırdı. Qızın özü görünmürdü, amma çağırışı sanki onun qulağında əks-səda verirdi: “Cavad bəy, haradasan?..” Elə bu səbəbdən də Cavad Əmirxanlı Buzlağa yaxın bir ərazidə, meşə yaxınlığındakı vadidə, kiçik-xudmani bir ev tikmək qərarına gəlmişdi.

     O, az qala hər gün kənd icra hakimiyyətinə və bələdiyyə idarəsinə israrla baş çəkməkdə, yorulmadan ayaq döyməkdə idi. Onu hər gün eyni cavabla qarşılayırdılar: “Bu, bizim səlahiyyətimizdən kənar olan bir məsələdir”.

     Onu bu yerlərə çəkib gətirən hansısa bir qüvvə vardı və bu qüvvə onu rahat buraxmır, zirvələrə sarı dartırdı; o zirvələrin birinin ətəyində yaşı bilinməyən “Buzlaq” vardı. Amma deyəsən, adamların çoxu onu burada, doğulduğu ata yurdunda nəinki başa düşmür, ümumiyyətlə, heç başa düşmək belə istəmirdilər.

      Bir dəfə uzaq qohumu Əfrayil Cavad Əmirxanlıya baş çəkməyə gəlmişdi. Bu, boy-buxunlu, sarışın, qırmızıyanaq, gur səsli, yanlarını basa-basa yeriyən, dilli-dilavər, hazırcavab, uzun illər rabitə sistemində çalışmış, rayon mərkəzində yamış, son illər doğma kəndə qayıdıb özü demış, burada “kül tökmüş” bir adamdı. Əfrayıl aradabir fikrini əsaslandırmaq üçün uzun-uzadı şeirlər deyir, hikmətli məsəllər çəkirdi. 

   Onlar bir xeyli ordan-burdan söhbət acıb danışdılar. Aşkarca görünürdü ki, qohumu onun bu yerlərdə məskunlaşmaq istəməsinin əsl səbəbi ilə maraqlanır.

      - Cavad müəllim, əziz qardaş, yəqin təqaüdə çıxıbsan, ta innən sonra doğma kənddə yaşamaq, buz bulaqların başında, yaşıl meşələrin qoynunda, çəmənliklərin ətəyində dincəlmək istəyirsən hə...

      - Yox... Nə təqaüd, canım? Mənim işim-gücüm var. Sadəcə olaraq, mən burada yaradıcılıqla məşğul olmaq istəyirəm.

      - Sağolmuş, camaat elmlə məşğul olmaq üçün şəhərə gedir, orada qanad açıb pərvaz edir,  sən isə...

      - Məni daxili bir istək gətirib bu yerlərə, qohum...

      Yaxşı ki, qohumu onu bura dartıb gətirən o “daxili istəyin” haradan yarandığını, nə ilə bağlı olduğunu soruşmadı.

       Əfrayıl altdan-altdan onu süzüb, sanki sözgəlişi dedi:

       - Əziz qardaş, eşitdiyimə görə, özünə meşə ətəyində yer alıb, mülk tikmək, yurd-yuva salmaq istəyirsən.

       Cavad Əmirxanlı bir qədər duruxub dilləndi:

       - Mülk deyəndə ki... Hə, qohum, orada balaca bir daxma düzətmək istəyirəm özümə.

       - İndi hər yer satılıb, hər yer alınıb, Cvad müəllim. Çətin ki, buralarda bir qarış boş yer tapa biləsən.

       - Mənə “buralar” lazım deyil... Orada mənim özümün seçdiyim yer var.

       - Onda rayon rəhbərliyinə müraciət elə... Bəlkə ad-sanına, şan-şöhrətinə, kitab-dəftərinə baxıb nəsə bir əncam çəkdilər. Amma, düzü, meşə ətəyindən sənə kiminsə yer verəcəyinə mən inanmıram.

      - Niyə ki?

      - Eşitdiyimə görə, oranın öz yiyəsi, öz sahibi var.

      - Kimdir oranın sahibi, Əfrayıl?

      - Adını dəqiq deyə bilmirəm. Amma orasını bilirəm ki, oranın sahibi var. Ta sənə özgə nə deyim, nə danışım, əziz qardaş?

      -Bura bax, oxu atıb yayı gizlətmə, Əfrayıl. Deyəsən ad çəkməyə qorxursan?

      -Bəli, qorxuram. Niyə də qorxmayım ki? İndi düz söz deyənin ağzına noğul yox, güllə atırlar. Ona görə ağzımı açmağa, bir kəlmə doğru söz deməyə qorxuram. Əvvəllərsə qorxmurdum, iclaslarda danışırdım, məclislərdə söz deyirdim. Hələ xoşuma gəlməyən adamlara barmaq silkələyir, töhmət eləyir, həcv də qoşurdum. Amma indi qorxuram.

    Bu söhbətdən sonra Cavad Əmirxanlı bir xeyli götür-qoy etdi. Deyəsən, dediylənlərdə bir həqiqət var idi. Qohumu diplomatik şəkildə suala cavab verməkdən yayınırdı. Əfrayıl ayrılanda döş cibindən vərəqləri saralmış bir şagird dəftər çıxardıb ona uzatdı:

    -Mənim yaradıcılıq nümunələrimdir, vaxtın olanda oxuyarsan, bəlkə içində çap olunmalı bir şey oldu. Hərdən boş olanda ürək sözlərimi kağıza köçürürəm. Bunların hamısı dərddəndir, əziz qardaş. Mən həmişə deyirəm ki, mən dərdi seçmədim, dərd məni seçdi. Mən öz dərdimin quluyam, köləsiyəm. Dərd olmasa, mən ölərəm.

      Cavad Əmirxanlı dəftəri alıb pəncərənin önündəki köhnə dolabın üstünə atdı.

      Əfrayıl ayağa durub əlini ona uzatdı:

      -Di hələlik. İndi elə zəmanə gəlib ki, dilin dediyini qulağa çatdırmaq üçün gərək poçtalyon tutasan. Baş yuxarıdır, mədə isə aşağı. Gərək aşağı yuxarıya tabe olsun, amma indi tərsinə olub, yuxarı aşağıya tabedir. Əvvəllər deyərdilər ki, bir söz deyəndə çalış o sözü qabaqca ağzında bişir, sonra de; indi isə mən deyirəm, bir fikir demək istəsən ağlında bişir, amma demə... Hə, bax belə-belə işlər, əziz qardaş...

     ... Cavad Əmirxanlının rayon rəhbərliyinə müraciət etməkdən başqa bir əlacı qalmadı. O, səhərisi gün rayon mərkəzinə yola düşdü.

       Rəhbərliyin məhz hansı binada məskunlaşdığını dəqiqləşdirmək elə də asan olmadı. Verilən suala qəribə cavab eşidilirdi:

      “Hansı rəhbərlik?” 

      “Rəhbərliyin hansı qanadı?”

      “Sizə rəhbəriyin hansı strukturunun hansı bölməsinin hansı şöbəsi lazımdır?”

      Onu böyük, çoxmərtəbəli, sarı rənglə boyanmış, əcaib memalıq üslubunda tikilmiş binanın önündə əlisilahlı polis nəfəri qarşıladı.

      - Buyur, eşidirəm, ağsaqqal...

      - Mən... Mənim işim var...

      - Kiminlə?

      - Torpaq almaq istəyirəm.

      - Get al, kimdir sənin yolunu kəsən?..

      - Mane olurlar.

      - Kimdir mane olan?

      - Bilmirəm.

      - Aydındır. Deməli, şikayətə gəlmisən...

      - Yox, mənim heç kəsdən şikayətim yoxdur.

      - Yaxşı, get o pəncərədə ad-familiyanı qeyd etdir, sora növbəyə yazıl.

     Binanın içindən ağır üfunət qoxusu gəlirdi.

     Cavad Əmirxanlı yalnız indi gördü ki, binanın giriş hissəsində bu əcaib tikilinin rənginə uyğun sarı bir kəl heykəli uçaldılıb, kəlin qabağına isə bir çəngə ot qoyulub. Postamentin üstündəki kəl sarı qranitdən yonulmuşdu, onun burnunun ucundakı bir çəngə yaşıl otsa əsl təbii ot idi və o bir çəngə otun təzəcə biçildiyini bilmək üçün böyük ağıl və bilik sahibi olmağa dəyməzdi. Təzə biçilmiç otun şirin-ətirli qoxusu içəridəki üfunətə, zəif də olsa bit təmizlik, sərinlik gətirməkdə idi. 

    “Deyəsən, bunlar hələ totemlərə inanır”.

    Cavad Əmirxanlı polisin göstərdiyi pəncərəyə yaxınlaşdı. Artıq burada növbə yaranmışdı. O, istədi geri qayıtsın. Amma tez bu fikirdən daşınıb növbəyə yazılmaq qərarına gəldi.

      - Sonuncu kimdir?..

      Üzünü saç-saqqal basmış orta yaşlı bir kişi xırıltılı səslə dilləndi:

      - Mənəm.

      - Sizdən sonra mənəm...

      Kişi təəccüblə onu başdan-ayağa süzüb:

      - Məndən sonra olanlar da var, -dedi.

      Cavad Əmirxanlı ətrafa göz gəzdirdi:

      - Bəs onlar hanı?

      Üzütüklü kişi də qeyri-ixtiyari həndəvərinə nəzər saldı:

      - “Onlar”? Onlar kimdir elə?

      - Növbədəkiləri soruşuram... Sizdən sonra...

      - Hə... Anladım səni. Onların çoxu rəhmətə gedib.

      - Kim rəhmətə gedib?

      - Növbədəkilər. Məndən sonrakılar...

      Cavad Əmirxanlı susdu. Yəqin ki, ya bu bədbəxtin başı xarab olmuşdu, ya da sadəcə, tanımadığı adamı mənasız bir zarafata əyləndirmək istəyirdi.

      Ətrafdakıların hamısı sakitcə onları süzürdü. Hamının sifəti daş kimi donuq və soyuq idi. Ayaqüstə zorla dayanan  qarakəlağayılı, ağsaç bir qadınsa diqqətli baxışlarını ondan çəkmək istəmirdi.

      Kənarda dayanmış əli əsalı, gözü eynəkli, qəddi oraq kimi əyilmiş ahıl yaşlı bir kişi öskürə-öskürə dilləndi:

      - Mən ötən əsrin əvvəlindən burada növbədəyəm.

      Onun dediklərini içəridəkilərin hamısı eşitdi. Yəqin ki, indi hamı qəhqəhə çəkəcəkdi. Amma heç kəs gülmədi. Heç dinib-danışan da olmadı.

     Üzünü saç-saqqal basmış kişi əli əsalı, gözü eynəkli qocaya baxıb yenə xırıltılı səslə dilləndi:

      - Sən məndən cəmi beş il irəlidəsən. Səninlə mənim aramda altmış altı adam vardı. İndi onların əlli doqquzu ölüb, qalıb yeddisi. Mən bunu dəqiq bilirəm.

     Əli əsalı, gözü eynəkli kişi içini arıtlayıb təmkinlə dilləndi:

     - Yeddi müqəddəs rəqəmdir... Axırı yaxşı olar, inşallah.

     Üzünü saç-saqqal basmış adam da əlini göyə qaldırıb dedi:

     - Əlbəttə, yaxşı olar. Mən də belə düşünürəm. Əminəm ki, növbəm çatacaq. Mən yerli hakimiyyətin bizə olan diqqətindən çox razıyam. Ümidsiz olan  şeytanlardır.

     Cavad Əmirxanlı bu dialoqda iştirak edənlərin zarafat etdiklərini zənn etsə də, çaşıb qalmışdı; çünki hamının üz-gözünün ifadəsi ciddi idi. Sanki bomboz daşa dönmüş sifətlərdə uzun bir tarix bərkiyib, kirəcləşib, kristallaşıb daşa dönmüşdü.

     Cavad Əmirxanlının susub dinləməkdən başqa bir əlacı qalmadı. Amma növbədə duranlar nəinki tərpənir, hətta deyəsən, öz yerlərini daha da möhkəmlətmək barədə düşünürdülər.

     İki gün sonra o, yenə həmin pəncərənin önündə idi.

     İçəridəkilərin bir qismi ayaq üstəydi. Köhnə, sınıq-salxaq stullarda əyləşənlər də vardı. Cavad Əmirxanlının “köhnə tanışlar”ı da burada idi. İki gün öncə görüb yadında saxladığı ağ saçlı, qara kəlağayılı qadın asta addımlarla ona yaxınlaşıb yenə zəndlə, uzun-uzadı baxışlarla onu süzərək handan-hana dilləndi:

       - Bura bax, sən Cavad deyilsən?

      O, çaşıb qaldı. Udqundu. Bu qadın onu haradan tanıyırdı görəsən? Handan-hana duruxa-duruxa dedi:

        - Hə, Cavadam. Tanımadım sizi...

        Qadın əli ilə kəlağayısının ucunu didişdirə-didişdirə dilləndi:

        - Vaxtilə universitetdə bir oxumuşuq. Aliyəyəm də...

        Cavad Əmirxanlı ani fikrə getdi. Həqqətən, vaxtilə onunla birgə Aliyə adlı bir qız təhsil almışdı. O, çox sakit, dərsdən başqa heç bir mövzuda söhbət etməyən tələbəydi. Oxuduqları müddətdə kursdakıların heç biri ilə, o cümlədən Cavadla, bir kəlmə kəsməyən bu qızın ötən illər ərzində az qala sir-sifəti də onun yaddaşından silinib getmişdi.

        - Aliyə... Hə, yadıma düşdü. Sən burada nə gəzirsən? Gərək ki, sən özün ayrı rayondan idin.

        - Elədir. O vaxt bu rayona ərə gəldim. Sizin qonşu kəndə.

        - Harada işləyirsən?

        - Heç yerdə. Elə o vaxtdan iş növbəsindəyəm. Gör bir aradan neçə il keçib...

        Cavad Əmirxanlı sanki boşluğa düşmüşdü. Elə bil qadının dedikləri iki gün əvvəl eşitdiyi söhbətin davamı idi; onda kişilərin dediklərini indi bu qadın təkrar edirdi.

        Bəlkə bura heç ona lazım olan yer deyildi? Olsun ki, bu binaya normal adamlar gəlmirlər. Bəlkə onu, lap elə onların hər ikisini, həm Aliyəni, həm də Cavad Əmirxanlı ağıldankəm hesab edib bura göndərmişdilər.

    - Neçə uşağın var, Aliyə?

    Qadın başını aşağı salıb dedi:

    - Ailəm yoxdur. Heç yerli-dibli olmayıb.

    Cavad Əmirxanlı çaşıb qaldı:

     - Ailən yoxdur?.. Axı bayaq dedin ki, sən bu rayona ərə gəlmisən...

     - Elədir... Ərə gəlmişdim. Toy günü nişanlımı tok vurub öldürdü. Belə deyirlər... O, elə həyətin ortasındaca bir göz qırpımında qapqara kösövə dönmüşdü. Belə deyirlər... Mən də elə o vaxtdan burada, bu rayonda qalası oldum. Nişanlımın yaşlı, xəstə anası vardı, uzun illər ona baxdım. Bir neçə il əvvəl o da öldü. Mən elə o vaxtdan işsizəm... Mənimlə oxuyanların əksəriyyəti çoxdan pensiyaya çıxıb. Mən isə hələ də iş növbəsindəyəm. Bilirəm ki, iş verməyəcəklər. Amma mən prinsipə düşüb neçə illərdir ki, az qala hər gün gəlirəm bura. Guya nə vaxtsa iş verəcəklər. Belə deyirlər... Bəs sən burada nə edirsən, Cavad? Bilirəm,  sən o vaxtdan şəhərdəsən... Pensiyaya çıxmısan? Sən yaxşı pensiya alırsan yəqin. Böyük alimsən. Hər yerdə tanıyırlar səni.

   Yox, deyəsən, qadının ağlı-başı yerində idi.      

   Cavad Əmirxanlı bir qədər duruxub dilucu dedi:

     - Mən hələ pensiyaya şıxmmamışam... Burada bir balaca işim var.

     Qadın yenə kəlağayısının ucunu didişdirməkdə idi. O, sanki kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi astadan dilləndi:

      - Bəs növbən var sənin?

      Cavad Əmirxanlı çaşıb qaldı. Nə cavab verəydi? Axı heç onun özü də bilmirdi ki, burada növbəsi var, ya yox.

     - Növbə? Yox, ikinci dəfədir gəlirəm bura. Qoy hələ vəziyyətlə tanış olum, sonra növbə tutaram.

     - Mən öz növbəmi verə bilərəm sənə.

     - Yox, sağ ol... Əziyyət çəkmə.

     - Bəlkə də mənim ömrüm çatmayacaq... Mənə iş-güc verən də olmayacaq. Bunu dəqiq bilirəm. Səbəbini də bilirəm, amma sən məndən soruşma bunu. Mən sadəcə prinsipə düşmüşəm...

     - Düz edirsən. Belə də lazımdır. Gərək adam öz haqqını həmişə, hər yerdə tələb eləsin. Qoy mən də öz növbəmə yazılım. Kim tutur siyahını?..

      Qadın yenə astadan dilləndi:

     - Burada növbəyə yazılmaq üçün də növbəyə yazılmaq lazımdır.

    Cavad Əmirxanlı çiynini çəkdi:

    - Heç nə anlamıram... 

    - Burada anlaşılmaz bir şey yoxdur ki... Növbəyə yazılmaq istəyənlərin növbəsi bax o pəncərədə tutulur. Gəl gedək sənə göstərim.

     Qadın irəli yeridi. Cavad Əmirxanlı ayaqlarını sürüyə-sürüyə onun arxasınca addımladı.

     Açıq pəncərənin arxasında sifətini dərin qırışların doğradığı bir kişi göründü:

     - Eşidirəm....

    Aliyə tez dilləndi:

     - Bu, Cavad Əmirxanlıdır. Yəqin ki, adını eşitmisən. Tanınmış, böyük alimdir. Növbəyə durmaq üçün növbəyə yazılmaq istəyir.

     Kişi öz sifəti kimi qırışlarla zəngin olan arıq, quru əlini pəncərədən bayıra uzadıb az qala “böyük alimin” üstünə çəmkirdi:

     - Sənədlərini ver bura.

     Cavad Əmirxanlı çaşdi. Qeyri-ixtuyari dilləndi:

      - Nə sənəd?

      Kişinin əllərinə bənzəyən qartımış sifəti yana, qadına sarı çevrildi:

     - Sən izah edərsən buna, qoy bilsin ki, bizə hansı sənədlər lazımdır.

      Aliyə cəld dilləndi:

      - Yaxşı, oldu... İzah edərəm.

      Onlar pəncərədən aralandılar.

      Cavad Əmirxanlının sual dolu gözləri Aliyənin üzünə dikildi.

     Qadın onu diqqətlə süzüb dedi:

     - Hə, indi get başla sənədləri toplamağa.

     - Hansı sənədləri?

    - Lap əvvəlcə, dəlixanaya getməlisən.

    - !!!

     - Hə, yəqin təəccüblənirsən.

     - Axı mən sürücülük vəsiqəsi almıram...

     - Elə bunlar da onu deyirlər...

     - Nəyi?

    - Deyirlər ki, hətta, adi sürücülük vəsiqəsi almağa belə, dəlixanadan kağız tələb olunur... O ki ola bu boyda dövlət idarəsi... Bəlkə birinin ağlı azdır, vurub növbədəkilərin birini öldürdü, onda buna kim cavabdeh olsun?.. Bunu mən demirəm ha, bunlar deyirlər.

    - Başa düşürəm... Deməli, birinci dəlixanaya getmək lazımdır.

    - Bəli. Uzaqda deyil dəlixana, bax elə bu binanın o başındadır. Amma oraya tək getmə...

    -...

    - Bilirsən niyə? Birdən orada səni tutub həqiqətən dəli kimi içəri salarlar. Bizim rayon öz dəlilərının sayına görə ölkədə axırıncı yerlərdən birini tutur. Buna görə yuxarıdan bizim rayonun rəhbərliyinə həmişə ciddi irad bildirilir. Çox işdə öndəyik, məsələn, ölüm hallarına görə öndə gedirik. Mən riyaziyyatçıyam, ölənlərin statistikasını aparıram. Elə-belə, özümçün. Amma dəqiq bilirəm ki, ruhi xəstələrimizin sayı ölkə səviyyəsindən azdır. İndi burada çoxları çalışır ki, biz bu sahədə də birinci yerlərdən birini tutaq. Oraya müraciət edəndə yanında sənə zamin dura biləcək ağıllı bir adam olmalıdır. Mən sənə zamin durardım. Amma qorxuram, Cavad. Bilirsən niyə? Bilmirsən hə? Əvvəla, ona görə ki, birdən mənim özümü də tutub dəli kimi içəri basarlar. Oradakıların çoxu kişilərdir. İkincisi də, təmiz adıma ləkə gələ bilər. Qız uşağıyam, indiyəcən adıma bir söz deyilməyib. Bizim cammat bir az sözgəzdirəndir. Bu yandan da səni yanımda görüb deyəcəklər ki, görəsən odla pambığın bir yerdə nə işi? Yəni yad kişi ilə yad qadının bir yerdə olmasına burada yaxşı baxmırlar... Bağışla ey, Cavad...

     - Bəs onda mən nə edim, zamin olmaq üçün kimi tapım?

     Qadın bir az fikrə gedib, nəhayət, dilləndi:

     - Qapıda dayanan ağxalatlının cibinə pul qoyarsan. Bunlar pulu cox sevirlər. Öz təmiz adları, namusları kimi... hələ bir az da artıq... Bunlar puldan başqa hər şeyə nifrət edirlər.

      Cavad Əmirxanlı Aliyənin işarə etdiyi səmtə baxdı. Başını  bulayıb çıxdı.

      O, qadının göstərdiyi səmtə doğru irəlilədı. Qapıda dayanan ağxalatlı kök bir adam idi, qırışsız, dümağ sifəti vardı, sallaq-qırmızı dodaqları yarıaçıq idi. Cavad Əmirxanlı bu adamın qadın, yaxud kişi olduğunu müəyyən edə bilmədi, əlini cibinə salıb pul çıxartdı, pulu kişi və ya qadın olduğu bilinməyən adamın ovcuna basdı; adamın əli yumşaq və tərli idi. Adam əlini döş cibinə atıb oradan ağ bir kağız çıxarıb verdi, bunu elə cəld etdi ki, sanki Cavad Əmirxanlıdan aldığı pulu elə döş cibindəcə bir anın içində ağ kağıza çevirmişdi. Adam yumşaq əlinin ətlı şəhadət barmağını açıq pəncərələrdən birinə sarı tuşladı.

       Cavad Əmirxanlı təzədən geri döndü, işarə olunan açıq pəncərəyə yaxınlaşıb ağ kağızı irəli uzatdı, ona oradan sarı bir vərəq uzatdılar, o bir xeyli bu sarı vərəqin o üz bu üzünə baxdı, bu vərəqin üstündə də yazı yox idi, bu zaman haradansa zühur edən Aliyə ona yaxınlaşdı, sarı vərəqə alıb diqqətlə baxdı, sanki qoxlamaq üçün burnuna tutdu, qadının üzünə sevincişartısına bənzər bir işıq yayıldı:

    -Sənu növbəyə durmaq üçün növbəyə yazıblar.

    “Növbəyə yazılmaq üçün növbə nədir görəsən?”

     Belə də növbə olar bəyəm? Eşitdikləri isə ona komik və ya absurd əsərlərdə təsvir olunan hadisələri xatirladırdı. O, kənddə qaldıqca burada baş verənlərə daha yaxından bələd olurdu. Şəhərdə nələrin baş verdiyini anlamaq onun üçün çətin idi. Amma burada...

      Görünür, böyük dünyanı bütün rəngləri ilə yalnız kiçik mühitdə görmək mümkündür.

     Burada adamları sanki yaşamaqdan daha çox, vaxtın keçib getməsi düşündürürdü.

     Axşamın düşməsi Günəşin çıxmasından daha maraqlı idi.

     Zülmət özü ilə bərabər bir qara örtük də gətirirdi ki, bu qara örtüyün altında rahatca gizlənmək imkanı yaranırdı.

    Hamı nəyi isə gözləyirdi, amma bu “nəyi”n adını və onun nədən ibarət olduğunu heç kəs bilmirdi.

    Adamların sifəti bomboz daşlara oxşayırdı; di gəl ki, bu boz daşları götürüb hörüyə qoyan bir adam yox idi.  

    Cavad Əmirxanlı burada qaldıqca sanki ayaqları torpağa daha möhkəm işləyirdi. Amma ona elə gəlirdi ki, ayaqlarını dərinliklərə çəkən münbit torpaq yox, dibsiz bataqlıqdır. Hərdən o, var qüvvəsi ilə dartınıb bu gözəgörünməz “bataqlıq”dan çıxmaq istəyirdi. Di gəl ki, cəhdi bir nəticə vermirdi; onu aşağıya sarı dartırdılar.

   Artıq gec idi. Axşam düşmüşdü. Cavad Əmirxanlı yola çıxdı, sürətlə ötüb gedən yük maşınlarından birinin sürücüsünə əl etdi, maşın xırp yerində dayandı, məlum oldu ki, sürücü Çaparlı tərəfdəndir, özü də onu tanıyır, amma kabinədə yer yox idi, orada əliuşaqlı cavan qadın vardı, sürücü adlı-sanlı alimi yolda qoymaq istəmirdi, di gəl ki, onun kuzovda yol getməsinə də razı deyildi; axı  eşidib-bilən nə deyər, dağdan ağır bir kişini, məşhur bir alımı kuzova qaldırmaq sürücünün ağlına batmırdı. Amma məşhur həmyerli sürücünü bir təhər razı saldı, hıqqana-hıqqana kuzova qalxdı; sən demə sürücü kuzova həm də toyuq-cücə yükləyibmiş, bu toyuq-cücələr üst-üstə yığılmış kağız  yeşiklərin içində idi; ev quşlarının başı arabir yeşiklərin deşıklərindən eşiyə çıxırdı. İndi kuzova yad adamın mindiyini görən toyuq-cücələr ağız-ağıza verib cikkildəşməyə başladılar.

     Onlar kəndə çatanda qaranlıq qanadlarını gen-gen açıb sankı pıçıltı ilə layla deyirdi. Kənd yuxu dənizində üzürdü. Elə bil əkin-biçindən qayıdan yorğun kəndli ağzı üstə düşüb daş yuxusuna getmişdi. 

 

...Onun özü öz xasiyyətində yaranan dəyişikliyin fərqinə varsa da, bunun səbəbini düz-əməlli anlaya bilmirdı. Ona nə olmuşdu? Son vaxtlar o, gözgörəti başqa bir həyatı yaşamağa başlamışdı; sanki uzun müddət ensiz bir çayın axarı ilə sakitcə üzüb gedən qayığı indi çayın axarına qarşı istiqamətləndirmişdilər; qayıqsa yerində ləngər vurur, tez-tez müvazinətini itirirdi; hiss olunurdu ki, bu qayığın ta geriyə dönmək imkanı yodur, çünki qayıq uzun, çaysa ensiz idi; o, yalnız bir səmtə, əvvəlcədən müəyyən olunmuş istiqamətə, üzə bilərdı. Tərsinə üzmək çətin olsa da, tərs qayıqçı öz inadından dönmək istəmirdi.

    Elə işlədiyi elm mərkəzinin rəhbərliyi də onun xasiyyətində son zamanlar üzə çıxan qəribəliklərinə göz yumurdu; ömrünü-gününü elmə həsr etmiş ahıl bir adama innən sonra nə məsləhət vermək olardı? Söz yox ki, bu yaşdan sonra onun hansısa dəyərli bir əsər yazacağına da ümid yoxdu. İndiyəcən yazdığını yazıb, elədiyini eləmişdi. Əsərləri xaricdə çap olunmuş, özü dəfələrlə beynəlxalq  toplantılarda çıxış etmiş, nüfuzlu mükafatlara layiq görülmüşdü. Rəhbərlik etdiyi laboratoriyada işləyənlərin əksəriyyəti isə onun öz yetirmələri, keçmiş tələbə və aspirantları, bakalavr və magistrantları idi. Onların da öz müəllimlərinin hərəkət və rəftarında son zamanlar yaranan qəribəliklərə göz yummaqdan başqa bir əlacı qalmamışdı.

        Cavad Əmirxanlı öz aləmində idi. O, əmin idi ki, hələ görülməmiş işləri çoxdur. Daxilindən gələn bir səs ona böyük kəşflərin irəlidə olduğunu pıçıldayırdı. Son aylarda isə bu pıçıltını ucadan gələn səslər təkrarlamağa başlamışdı; indi o səslərin sahibləri də üzə çıxmaqda  idi. Doğrudur, Cavad Əmirxanlı hələlik o səs sahiblərindən yalnız biri ilə görüşüb söhbətləşə bilmişdi. Amma əmin idi ki, uzun illərdən bəri onu narahat edən bir çox suallara, nəhayət, çox yaxın zamanlarda cavab tapa biləcəkdi.

   

    Bəyazla indiyəcən baş tutan görüşlər onu başqa bir aləmə aparmışdı.

    Cavad Əmirxanlı sanki bu təması lap çoxdan gözləyirdi.

    Bu görüşlər onu başqa bir dünyaya çəkib aparırdı.

    Cavad Əmirxanlı hər görüşdən sonra yeni bir arzuya düşürdü.

    Bu, reallıqdan uzaq fantastik arzulara oxşayırdı.

    Cavad Əmirxanlı alim idi və məşğul olduğu elm sahəsində öz sözünü deməkdən heç zaman çəkinməmişdi. O, bir sıra ideyaların müəllifi kimi tanınırdı. Onun irəli sürüdüyü ideyaların bir çoxu həmkarları arasında kəskin diskussiyaya səbəb olmuşdu. Onu təqdir edənlər də vardı, təkzib və tənqid edənlər də. Hətta, gizlində öz ahıl həmkarlarını ələ salanlarada təsadüf olunurdu; belələri fürsət düşəndə bir-birlərinə göz vurub astadan: “bu kişi qocalıb, ağlına gələni sayıqlayır”-deyə, rişxənd də edirdilər.

     Cavad Əmirxanlının irəli sürdüyü başlıca mülahizələrdən biri bundan ibarət idi ki, bütün ağır xəstəlikləri uzaq məsafədən müalicə etmək mümkündür. Yox, o, burada hansısa rəmmalın və ekstrasensin “müalicə üsulunu” nəzərdə tutmurdu; söhbət real müalicədən gedirdi. O, hesab edirdi ki, adamları ən uzaq və əlçatmaz məsafədən nəiki müalicə etmək, hətta, bioloji eneri ilə yükləmək belə mümkündür. Bu, bir qədər də son illərdə kütləviləşmiş mobil telefonların yüklənməsinə bənzəyirdi. Bəs bu enerji necə, hansı vasitə və üsulla həyata keçirilə bilərdi? Çünki telefonda əvvəlcədən yerləşdirilmiş konkret mexaniki kod, yaddaş kartı, enerji mövcud olur. Bəs insanlarda necə? Çox güman ki, gələcəkdə bədən əzalarından hansındasa  ötürücülər yerləşdirmək lazım gələcəkdi.

    İnsanların, lap elə bütün canlıların, bir məsafədən digərinə xırada hissəciklər kimi, molekullar şəklində ötürülməsi də Cavad Əmirxanlını çoxdan düşündürən məsələlər idi. Necə ola bilər ki, kağız üzərindəki hər hansı bir şəklin və ya lentə çəkilmiş kadrların texniki vasitələrlə uzaq məsafələrə ötürülməsi mümkün olsun, amma canlı hüceyrələrin ötürülməsi mümkün olmasın?

    Cavad Əmirxanlını uzun illərdən bəri başqa bir məsələ də ilgiləndirirdi. Kompyüter texnologiyasının cəmiyyətin bütün sahələrinə “hücümü” onun fantaziyasını daha da qanadlandırmışdı; o, özlüyündə az qala normal ağlın belə qəbul edə bilməyəcəyi dərinliklərə baş vurmaqda idi. Əgər hər hansı bir informasiya kompyüterin yaddaşına və oradan da kağız və lentlərə köçürülürsə, bu prosesi insan beyninə tətbiq etmək yalnız fantastik arzu olaraq qala bilməzdi; çox gümün ki, bu ideya tezliklə həyata keçirilə bilərdi. Və ola bilsin ki, həmin ideyanın, daha doğrusu, reallaşacaq bu kəşfin, ilk müəllifi elə Cavad Əmirxanlının özü olacaqdı. 

      Bəli, onu son vaxtlar bir mütəxəssis kimi daha çox insan beyninin xassəsi maraqlandırırdı.

     Beyin  şüurun bətnidir. Bu informasiya adi, sıravi adama da yaxşı məlumdur. Lakin Cavad Əmirxanlını daha çox şüurun yaranmasını təşkil edən amillər  məşğul edirdi. Beyin fikrin, şüurun qabığıdır. Bəs görəsən bu “qabıq” olmadan şüur mövcud ola bilərmi? İnsan beynindən kənarda, hansısa məchul zonada, sirli məkanda şüurun inkişafına nail olmaq mümkündürmü? Beyin gizlinlərinin  öyrənilməsi, onun inikas xassəsinin təcrübəyə tətbiq olunması elmdə yeni bir mərhələnin açılması demək olardı.

     Cavad Əmirxanlı daha çox informasiyaların, bir az da geniş şəkildə götürülsə, şüurun köçürülməsinə nail olmağın yollarını axtarıb tapmaq istəyirdi. O, beyindəki bütün informasiyaların surətinin çıxarılacağı vaxtın uzaqda olmadığına əmin idi. Bəli, bəli, nə vaxtsa obyektdəki (insan beyinindəki) informasiyalar  texniki vasitələrlə subyektə (lentə) köçürüləcək. Bu, hansısa bir kompyüterdəki informasiyaların sıravı operatorun səyi ilə adi diskə, disketə və ya yaddaş kartına köçürülməsi kimi sadə bir əməliyyaı xatırladacaq. Amma bu prosesin mahiyyəti heç də ilk baxışda təsəvvür olunduğu  qədər sadə bir məsələ ola bilməzdi.

    Cavad Əmirxanlı beyin aparatını mükəmməl şəkildə öyrənmişdi. Ona məlum idi ki, insan beyni haradasa yüz milyard əsəb huceyrəsindən təşkil olunub. O, hər neyronu bir ulduz hesab edirdi və elə göydəki ulduzlarla beyindəki “ulduzlar” arasında da bir əlaqənin olduğuna şəkk-şübhə etmirdi. Astronomların təxmini hesablamasına görə, kainatdakı ulduzların sayı insan beynindəki ulduzların sayından iki dəfə artıqdır, yəni ikiyüz  milyarddır. Cavad Əmirxanlı bu statistikaya şübhə ilə yanaşırdı. O, qəti şəkildə belə bir qənaətə gəlmişdi ki, insan beynindəki neyronların sayı ilə kainatdakı ulduzların sayı tam bərabər olmalıdır; yəni hər iki aləmdə say yüz milyardlıq kəmiyyətlə hesablanmalıdır. O, bu məntiqdən çıxış edərək belə hesab edirdi ki, Yer kürəsində yaşaya biləcək insanların sayı hələ on dəfə arta bilər; daha doğrusu, burada yüz milyard insanın yaşaması üçün təbii imkan və şərait mövcuddur.                     

    Cavad Əmirxanlı nə üçün belə düşünürdü?    O, özlüyündə üç amilin: a)insan beyni, b)cəmiyyəti təşkil edən bəşər övladı və c)özündə sonsuzluğu əks etdirən kainatın,  arasında saysız-hesabsız  əlaqələrin olduğu qənaətinə elə-belə gəlməmişdi; o, bu əlaqələrin müxtəlif müstəvi və məkanlarda mövcud olmasını özünün konkret qənaət və təhlillərindən çıxış edərək irəli sürürdü. İnsan beyni kainatın “beyni” ilə həmahəng bir sistemə malikdir, yəni hər beyində kainatdakı qədər ulduz “yanıb-sönür”. Hər ulduz bir neyrondur, hər neyronsa bir ulduz. Beləliklə, insan beynindəki neyronların, dünyadakı insanların və kainatdakı ulduzların sayı tamamilə eynidir; bu aləm heç də bəzilərinin düşündüyü kimi sistemsiz bir xaosdan ibarət deyildir; kainatda pozulmaz bir harmoniya, nizam mövcuddur və insanın bəlkə də ən başlıca vəzifəsi bu qanunauyğunluğu dərk etməkdir.

     Cavad Əmirxanlıya görə, insan beyni təkcə adi materya və cisimdən ibarət deyildi. Beyin məkan və zamanın müştərək mövcud olduğu konkret müstəvidir. Dünyada məkanı yaşadan predmet və fenomenlər çoxdur. Kiçik qum zərrəsəndən tutmuş ən nəhəng planetlərə qədər bütün cisimlər  öz varlıqları etibarı ilə məkanı təmsil edirlər. Amma zamanın yaşarılığı bir az başqa cürdür; bu dünyada, lap elə bütün kainatda, zamanın mövcudluğunu ifadə edən yeganə fenomen insan beyni, daha doğrusu, insan yaddaşıdır. Yaddaş yoxsa, hansı zaman söhbəti ola bilər ki? Yaddaş zamanın mövcudluq müstəvisidir. Beyin təyyarələrin uçuş meydançasına bənzəyir, insana məxsus olan bütün ideyalar, o cümlədən yaddaş özü, hər cür uçuşu məhz beyin müstəvisindən həyata keçirir. Bu, bəlkə də praktik elmdən uzaq nəzəri, idealist, həm də subyektiv baxış idi; amma Cavad Əmirxanlı öz mövqeyindən geri çəkilmək istəmirdi. O, belə hesab edirdi ki, beyin zamanla məkanın qovuşduğu yeganə müstəvi olsa da, burada hələ elmə məlum olmayan ziddiyyətli proseslər gedir, habelə insan beyni bir model kimi təkcə Yer planetinin deyil, habelə, bütün kainatın, qalaktikanın əlamətlərini özündə əks etdirir. Bütün planetlər, əslində, insan beyninin kiçildilmiş modelidir.

     Ağılda və yaddaşda ən azından təbiətə məxsus bütün əlamət və keyfiyyətlər  yaşamaqdadır. Nə yoxdur orada- insan beynində, daha doğrusu, insan yaddaşında? Dağlar, dərələr, okeanlar, səhralar, uçurumlar, mağaralar. Orada küləklər əsir, ildırımlar şaxıyır. Çayların zümzüməsi, dənizlərin uğultusu yaşayır insanın yaddaşında. Bütün bunların hamısı insanlara nəsildən-nəslə ötürülən əbədi informasiyalardır. İnsan yaşa dolduqca həmin kodlaşmış, gizli informasiyalar da tədricən üzə çıxır, insanları bu və ya digər hərəkətlərə sövq edir. Yaddaşdakı təhrikedici məlumatlar kompas əqrəbi kimi dəyişkənliyə malikdir; onlardan bəziləri insanı xislətcə xeyirə, digər qismi isə şərə qulluq etməyə yönəldir. Elə bu səbəbdən də insanın qəhrəman və ya cinayətkar kimi yetişməsinin elə böyük məsafə fərqi yoxdur, bunların arasında nazik kağız divar olur; bu, bir növ iti bıçağın kimin əlində olmasına bənzəyir; bəli, baxır o bıçaq kimin əlindədir; həmin bıçaq cinayətkarın əlində olanda kininsə həyatına qəsd edilə bilər, amma cərrah əlində olan bıçaq kiminsə həyatını xilas edən möcüzəyə çevrilə bilər.

    İnsanın hansı “düşərgəni” seçməsi çox zaman onun özündən asılı olmur; şərin hökmranlıq etdiyi mühitdə insanlar,  adətən, pislik etməklə irəli getməyə çalışırlar; xeyirin üstünlük təşkil etdiyi sosial atmosferdə isə adamlar daha çox başqalarına yaxşılıq etmək barədə düşünürlər.

    Normal insan beyninə anadangəlmə analiz və sintez etmək qabiliyyəti  xasdır.

    Elə buna görə də Cavad Əmirxanlı indiki halda insan yaddaşının surətinin çıxarılmasının mümkünlüyünə inanırdı. O, belə hesab edirdi ki, insan yaddaşını müasir texnoloji vasitələrlə diskə köçürməyin zamanı çatıb; bu, lap kompüterin yaddaşındakı yazı və informasiyaların disklə köçürülməsini xatırladan, indi hamıya adi və sadə görünən bir əməliyyata bənzəyəcəkdi.

    Bəs beyin kimi mürəkkəb bir orqanın yaddaş qatına necə müdaxilə etməli, oradaki intəhasız informasiyanı hansı yolla əldə etməli, həmin məlumatları hansı texniki vasitələrin köməyi ilə süni yaddaş aparatına köçürməli, bir sözlə, beyindəki məlumatları necə maddiləşdirməli?

   Cavad Əmirxanlı  yaddaşdakı qlobal məlumatların mexaniki şəkildə yaddaş kartına daxil olmasının hələlik yalnız nəzəri əsaslarını işləyib hazırlasa da, tezliklə həmin prosesin praktiki həllinə nail olunacağına zərrə qədər şübhə etmirdi. Lakin yaddaşın bu şəkildə “maddiləşməsı”, digər tərəfdən, yeni faciələrin yaranması demək idi. Yaddaşın hansısa karta və ya diskə  köçürülməsi, nə qədər böyük kəşf olsa da, onun qorxulu nəticəni indidən təssəvvür etmək mümkün idi.

     Bu kəşf insanları və bütövlükdə insanlığı, hansı naqis mərhələyə gətirib çıxarar və bu zaman nələr baş verə bilərdi?

    Məsələ burasındadır ki, insan yaddaşı qətiyyən mexaniki, statik  səciyyə daşımır və o, biolji və sosial münasibətlərin məntiqli sistemi kimi fəaliyyət göstərir. Yaddaşdan kənarda insan, eləcə də insandan kənarda yaddaş yoxdur.

     Elə isə yaddaşın köçürülməsi insanlara nə verə bilərdi? Təbii ki, xeyirə xidmət edən insanların bu çür “surətşıxarma” əməliyyatının elə bir qorxusu ola bilməzdi; belələri mövcud bəşəri dəyərlərdən və öz fərdi tərbiyə prinsiplərindən kənara şıxaraq kiməsə utanc gətirə biləcək hansısa bəd əmələ rəvac verməyən adamlardı.  Başqa sözlə, bu tip adamların beynində yalnız ətraf üçün gətəkli, xeyirli fikirlər dolaşır.  Amma yaddaşın surətinin çıxarılması şərə xidmət göstərən kəslər üçün istər-istəməz böyük təhlükəyə şevriləcəkdi. Axı daim başqalarına pislik etmək, badalaq vurmaq, tələ qurmaq haqqında düşünənlər bu yeni kəşfi necə qəbul edə bilərdilər? 

   Yaddaşın surəti və ya başqa sözlə “elektron versiyası” əldə olandan, “diskə köçürüləndən” sonra kimin kim olduğu bütün çılpaqlığı ilə üzə çıxacaqdı. Bu zaman cinayətkarların illər boyu qafasında gəzdirdiyi müdhiş planlar, məkrli dostların qurduğu gizli tələlər,ömürləri boyu bir-birlərinə xəyanət etmək üçün fürsət gəzən ər-arvadın məkr  üzərində qurulan münasibətləri  aşkarlanıb kitab kimi oxunacaqdı. Bu “disketlər” hələ nə qədər həqiqət kimi imitasiya olunan yalanların üstünü aşacaqdı. Məhəbbət adiyla təqdim edilən neçə-neçə xəyanətin ünvanı  məlum olacaqdı. İllər boyu dost kimi təqdim edilən adamların bir-birinə canavar xisləti ilə yanaşdıqları günlərin bir günü faş olacaqdı.

   Yeni kəşf  cəmiyyətdəki insanları çəxsiyyət kimi deyil, kölə kimi görmək istəyən bir çox dövlət başçılarının, siyasi xadimlərin aşkar-gizli niyyətlərinin üstünə işıq salacaqdı.

    Yaddaş gizlinlərinin aşkarlanması, qəzaya düşən təyyarədəki “qara qutu”da üzə çıxan həqiqi informasiyaya, daha doğrusu, çılpaq həqiqətin özünə bənzəyəcəkdi.

   Nəhayət, artıq rəzalət, yalan, saxtakarlıq bataqlığında boğulan insanın azad bir mühitə çıxmağına az, lap az qalırdı.

   Kimin kim olduğu çox tezliklə məlum olacaqdı. O, buna ürəkdən inanırdı.

   Amma o, daxilən çox narahat idi. Ürəyi rahatlıq tapmırdı: əgər günlərin bir günü Cavad Əmirxanlı öz nəzəri hipotezlərini reallaşdıra bilsəydi, yəni beynində dolanan fikirlər lentə alınsaydı onun öz həyatında da faciələr baş verə bilərdi. Axı bu kəşf hər cür saxtakarlığa ölümcül zərdə vuracaqdı. O, istər-istəməz öz arvadı Ətiqə ilə son zamanlar yeni “müstəviyə” keçən münasibətlərini xatırlamalı oldu; məsələ burasında idi ki, bu münasibətlər heç də zahirdə göründüyü qədər sadə və hamar deyildi. Hər halda Cavad Əmirxanlı ağır mərəzə mübtəla olmuş arvadı ilə yalançı “səmimiyyət” və “sevgi” oyunu oynayır, bir növ saxtakarlığa rəvac verirdi. Axı onun ürəyindəki  coşqun gənclik hisslərini indi bir rəhm hissi əvəz etmişdi; o, indi arvadını sevmirdi, sadəcə olaraq onun halına acıyırdı, ona yazığı gəlirdi. Bax, günlərin bir günü Cavad Əmirxanlının kəşfi həyata vəsiqə alsaydı, yəni beyindəki bütün gizli fikirlər lentə alınsaydı, onun ağlından keçənlər də faş olacaqdı və təsadüf nəticəsində  Ətiqənin əlinə düşə biləcək həmin “sirli lent” onun həyatında çox şeyi alt-üst edə bilərdi. Ən azından o, öz gizli düşüncələrinə görə arvadının gözündə gərəksiz bir heçə çevrilə bilərdi.

  “Pis şeylər haqqında düşünməyin, çünki bütün düşüncələriniz bir gün faş olacaq.

   Yalanlara qucaq açmayın, çünki o yalanlar bir gün ilan olub boynunuza dolanacaq sizin.

    İndidən əmin olun, törətdiyiniz cinayətlər bir vaxt sizin üzünüzə oxunacaq.

   Və bütün bunların baş verməsi üçün qiyamət gününü gözləməyə ehtiyac qalmayacaq.

    Siz sağlığınızda bu deyilənlərin şahidi olacaqsınız”.

    Cavad Əmirxanlı  ağlına gələn, üryindən keçən bu fikirləri çox vaxt ucadan, az qala qışqıra -qışqıra  deyirdi. O, bu sözlərin hamının qulağına çatmasını çox istəyirdi.  Amma öz dediyini yalnız özü eşidirdi. Onu nəinki sıravi, adi adamlar, hətta, heç öz həmkarları belə anlamır, anlamaq istəmir, çox vaxt müəmmalı bir sükutla qarşılayırdılar. Hələ sükut edənlərin ata-babasına rəhmət demək lazım idi; məsələ burasında idi ki, bir çoxlarının nəzərində Cavad Əmirxanlı vaxrilə istedad sahibi, indi isə ağlını itirməkdə olan bir mariginal, əcaib təbiətli şəxs idi.

   Əslində, Cavad Əmirxanlının da öz həmkarlarına münasibəti birmənalı deyildi. Onunla eyni laboratoriyada çalışanların əksəriyyəti öz müəllimlərinin, elmi rəhbərlərinin xətrini istəyirdilər. Amma son illər elmə həşarat kimi daraşanların sayı artmışdı və bu cür “elm həşaratlarının” çoxu hər nə cür olursa-olsun “alimlik diplomu” almaq arzusu ilə yaşayan, istedaddan məhrum sırtıq, sürtük  adamlar idi. Alimlərin, elm adamlarının dözülməz kasıb həyat şəraitindən sui-istefadə edib kiçik maliyyə dəstəyinin əvəzində qalın-qalın dissertasiyalar yazdıran bu adamların çoxu yüksək mənsəbli, ali ranqlı dövlət məmurları idilər. Cavad Əmirxanlının eşidib-bildiyinə görə indi hər tədqiqat işinin öz “qiyməti” vardı. Rayon və ölkə səviyyəsində məsul vəzifələrdə çalışan, nazirliklərdə kök atan, hətta, bir çoxunun çibində deputat və  diplomat mandatı olan bu adamlarla mübarizə aparmaq artıq mənasız iş idi; çünki indi bu işlə, dissertasiya yazmaq və yazdırmaqla tək-tük adamlar yox, bütöv bir ordu məşğul olurdu. “Anonim tədqiqatların” bir çoxunun müəllifi Cavad Əmirxanlının öz keçmiş tələbələri idi. Cavad Əmirxanlı bunu yaxşı bilirdi. Əvvəllər həmin “əldəqayırma” əsərlərin müzakirələri zamanı o, bir neçə dəfə kəskin şəkildə öz irad və etirazını bildirmişdi. Amma sonralar bu cür çıxışların mənasız olduğunu anlayıb, susmağa üstünlük vermişdi. Hər şey tərs-avand qurulmuşdu: əsl alimlər əl-ələ verib cahil məmurlar üçün dissertasiya yazırdılar. Elmi adlar üst-üstə qalaqlansa da elm özü inkişaf etmir, yerində sayır, bəlkə də geri gedirdi; iştahlı məmurlarınsa maddi və mənəvə tələbatı ödənmirdi ki, ödənmirdi; onlar təkcə “quru” ad-san yox, həm də “yuxarılardan” böyük-böyük mükafatlar, orden-medallar, fəxri adlar tələb edirdilər. Bu, lap hindu qəbilə başçılarının əməlinə oxşayırdı; bu başçılar əllərinə düşən bütün parıltılı daşları, lələkləri, qabıqları, çınqılları öz boyun-boğazlarından asıb “azarlarını öldürdükləri” kimi, son illərin qondarma alimləri, “alıimi-biəməlləri” də bər-bəzəkli diplom, orden və medalları üst-üstə qalamaqla öz nəfslərini öldürməyə çalışırdılar.    

   Elm gözgörəti kökü kəsilən dinazavrların vəziyyətinə düşmüşdü; qondarma alimlər istedadlı alimlərə dərs verməkdə idi. Yalançı elm həqiqi elmin dəfnində yaxından iştirak edirdi.

  Cavad Əmirxanlı daxilən elmin gününə ağlasa da, vaxtilə seçdiyi bu yoldan dönmək fikrində deyildi. Amma, deyəsən, bu yol onu heç özünün də ağlına gəlməyən naməlum, sirli bir mənzilə çəkib aparırdı.

   Cavad Əmirxanlı hər gün, hər saat öz-özü ilə daxili mükalimədə, həsb-halda idi. O, hələlik özünün şəhərdə itirdiyi enerjisini- gücünü bərpa etməklə məşğuldu. Burada, səs-küydən uzaq, ucqar kənddə o, özünün gələcək fəaliyyətini, lap elə bütün həyatını təzədən qurmaq barədə planlar qururdu.

  Cavad Əmirxanlı son illərdə yağışdan sonra artıb-törəyən köbələklər və epidemiya xəstəlikləri kimi yayılan iddalı siyasətçilərin, əl-qollarını ölçə-ölçə hamıya əxlaq dərsi verən naqqal alimlərin, gözlərini yumub ağazlarını açan məddah şairlərin, gündə bir ailə qurub-ailə dağıdan həyasız müğənnilərin, üz-gözlərindən nadanlıq tökülən arxalı məmurların sir-sifətini görüb, səs-küyünü eşitmirdi və bundan məmnun idi. Məsələ burasında idi ki, onun köhnə, uçuq-sökük evində nə radio vardı, nə də televizor.

 

    O, cəld ayağa qalxıb əynini geydi, həyətə çıxıb, uzaqlara tamaşa elədi. Sanki qarşı dağlardan, yaşıl meşədən kimsə onu səsləyirdi. Allah bilir, bəlkə də bu səs onun öz içindən gəlirdi. Birdən-birə onun ürəyində yola çıxmaq, zirvələrə qalxmaq, dərələrə enmək, vadiləri dolaşmaq  istəyi baş qaldırdı.O, Buzlağa getmək, bir zamanlar gördüyü və görmədiyi yerlərə baş çəkmək istəyirdi.

    Günəş üfüqə təzəcə qızıl boya çəkməyə başlayanda o, artıq meşənin ətəyinə çatmışdı. Şehli çəmənin üstündə Cavad Əmirxanlının çəhlimi şərid kimi uzanırdı. O, iti addımlarla dərədən keçib zirvəyə doğru irəliləməyə başladı. Öz cəldliyinə, gümrahlığına özü də məəttəl qalmışdı; haradan gəlmişdi onun dizlərinə bu güc, bu qüvvət?..

    O, arabir ayaq saxlayır, ətrafındakı mənzərələri nəzərdən keçirirdi.

    Yaxınlıqdan həzin bir səs gəlirdı. Bu, su səsi idi. Sonra onu az qala tanış bir ətir vurdu. Bu, su ətri idi. Aman allah, sən demə, suyun təkcə səsi yox, həm də ətri olurmuş.

    O, əyilib bulağın suyundan acgözlüklə içməyə başladı; bulaqdan ona tanış, saç-saqqalı qarışmış, yaşlı, zəhmli bir adam baxırdı; qəfildən xatıtladı ki, o, bir zamanlar bu bulaqdan su içmişdi və onu da yadına saldı ki, o vaxt bu ayna sulardan ona cavan, gülərüz bir oğlan baxmışdı. Sular səssizcə, heç nəyə etina etmədən axıb gedirdi. Bulaq indi onu yaddan çıxartmışdı. Aman allah, sən demə, suyun səsiylə və ətriylə bərabər, həm də yaddaşı olurmuş.

     “Sən deyəsən məni tanımadın, bulaq. Sənin su yaddaşında artıq mən yoxam. Elə mən də səni unutmuşdum düzü. Yalnız indi xatırladım sənin mövcudluğunu.

     Sənin başının üstündə keşik çəkən bu ağac da tanımadı məni. O da unudub ötüb-keçənləri” elə ətrafdakı qayalar, o qayaların belınə dolaşan bulud da onun kimi. Bir yadlıq, ögeylik duyuram burada bu gün. Bulaq, mən bu unutqanlığa görə nə səni qınayıram, nə sənin keşiyini çəkən o ağacı, nə buludu, nə də qayanı... Axı bizim görüşlərimiz ötəri olub. Mən hələ yeniyetmə ikən bu yerləri tərk edib getmişəm. Eh, gör bir aradan neçə illər keçib...

     Mən bu yerləri tərk edib gedəndən sonra başqa bir ömür yaşamalı oldum, bulaq. İnsan cavan vaxtlarında hər şeyin çox maraqli, gözəl olduğunu düşünür. Hətta, bəzən ağır faciələr də ona əsrarəngiz bir gözəllik kimi təsir bağışlayır. Yalnız illər ötüb keçəndən, irəlidəki vaxtın arxada qalan vaxtdan az olduğunu dərk etməyə başladığın andan sonra həyata ayrı bir gözlə baxmalı olursan; bu vaxt ən gözəl anlar belə, sənin ürəyini ovuda bilmir. Sən insan həyatının başdan-başa faciələrdən ibarət olduğunu hiss etməyə başlayrsan. Hər bir şey sanki insanı ölümə hazırlayır. İnsanların uydurduğu şənliklər, ziyafətlər də onun özünü ovundurmaq üçün təşkil olumnuş təskinlik məclislərindən başqa bir şey deyildir.

        Mən uzun illər bu sulardan, bu ağaçlardan, bu qayalardan ayrı yaşadım. Göy üzündəki o buludlar da mənim sonralar gördüyüm buludlardan fərqlidir. Yox, mən deyə bilmərəm ki, insanın əzəl gördükləri sonra gördüklərindən gözəldir, cazibədardır. Mən sadəcə olaraq belə düşünürəm ki, insan hər bir yaş dövründə öz ətrafındakı şeyləri bir cür görür. Zaman çox şeyi, bəlkə də hər şeyi dəyişir.

        İndi hər şey mənə əvvəllər olduğundan daha müəmmalı görünür. Elə adamlar da. Məni ən çox yandıran odur ki, bu adamların çoxu cahildir və onlar nə üçün yaşadıqlarının mənasını dərk etməyə zərrə qədər də səy göstərmirlər. Bilirəm, onsuz da bu dünyada baş verən ən adi bir hadisəni belə dərk etmək mümkün deyildir, bu, öz yerində, bəs buna cəhd göstərməməyə nə deyəsən, bulaq?

        Mən həmişə sənin kimi təmiz olmaq, şəffaf olmaq istəmişəm, bulaq. Sənin nəğmələrin kimi mən də ürəklərə, beyinlərə axmaq istəmişəm, bulaq. Sən min illərdir ki, axıb təbiəti cana gətirirsən. Amma mənim ömrüm indiyəcən bəlkə də boş-boşuna axıb gedib, bulaq”.

         Göz yaşları kimi şəffaf sular, səssiz axan bulaq, sanki bu anlarda Cavadın səsini eşidib dilə gəldi: “Sənin də ömrün boş-boşuna axıb getməyib, Cavad. Sən də bizim sular kimi həmişə saf olmusan. Sənu bu yerlərə elə o saflıq çəkib gətirib. Mən səni həmişə gözləmişəm. Bu dağlar həmişə sənin intizarında olub. İllər uzunu sənin yuxularından boylanan bu dağlar sənə həmişə göz qoyub, səninlə bir ucalıb, səninlə fəxr edib. Sən dağlara söykənmisən, dağlar da sənə. Sən niyə dərdli gəzirsən, Cavad? Nə qədər ki, mən varam, nə qədər ki, o dağ, o zirvə var, sən də var olacaqsan. Qoy mənim nəğmələrim həmişə sənin içində zümzümə etsin. Sən bu nəğmələrdə yerlərin və göylərin əzəmətini, əbədiliyini duyacaqsan, Cavad. Eheyy, eşidirsən məni, Cavad?”

         Cavad bulağın, daha doğrusu çəmən boyu, yamyaşıl otların üstü ilə axıb gedən suyun, həzin səsini apaydın eşidirdi. O, əmin idi ki, bulaq da onun səsini eşidir. O, sanki illəri təzədən geri addımlamışdı.

        Cavadın ürəyi riqqətə gəldi. Sonra o, ağaclara, otlara, daşlara salam verdi, onların halını soruşdu. Ağaclar, otlar, daşlar Cavadın səsinə səs verdilər. O, təbiəti, təbiətsə onu dinləyirdi. O, təbiətlə birləşmiş, onunla tən olmuşdu.

        Cavad Əmirxanlı üzüyuxarı qalxdıqca Günəş də göyün ortasına doğru yüksəlirdi.

       ...Mağara yaxınlıqda olmalı idi. O, buna əmin idi. Uşaqlıq yaddaşı, eşitdikləri və bir müddət öncə Bəyazın dedikləri, çox gümün ki, onu birbaşa “hadisə yerinə” gətirməli idi.

       O, arabir vahimələnsə də, öz istəyindən zərrə qədər geri dönmək fikri yox idi.

      Göyün üzünə bulud gəlmişdi. Ağır bulud “tayaları” bir-birinin belinə aşaraq diyirlənə-diyirlənə sanki tələsib harayasa, hansı mənziləsə  çatmağa çalışırdılar.

    Cavad Əmirxanlının içindən qaynaqlanan əsrarlı hisslər də bir-birini qovan o buludlar kimi onu qova-qova hənin mağaranın qənşərinə gətirib çıxartdı. Özü də bilmədi ki, dolambac yollardan keçib təhlükəli sıldırımları necə dırmaşdı. Dağın zirvəsi hündür-sərt  qayalarla əhatə edilmişdi. Bu o mağara idi ki, son vaxtlar onun yuxysunu ərşə çıxarmışdı. Buzlaq həmin mağaranın dərinliyində idi.

       Hər tərəf sirli bir sakitliyə bürünmüşdü.

       Cavad Əmirxanlı səssizliyin səsini dinləyirdi. Arabar bomboz daşların üstü ilə qaçan kərtənklələr və o daşların arxasından pırıltı ilə qalxıb uçan quşlar onu sanki qərq olduğu sükut dəryasından çıxarıb səs-küylü bir aləmin sahilinə atırdı. 

       Cavad Əmirxanlı şiş qayalardan birinin üstündə əyləşib ətrafa göz gəzdirməyə başladı. Bura kənd-kəsəkdən uzaq bir yerdi. Gozə ins-cins dəymirdi. Aşağıdakı yaşıllıq qalın meşənin ayağı altına xalı kimi sərilmişdi. Sonra geniş vadi başlayırdı. Daha sonra yenə tutqun  meşə qurşağı və geniş çəmənlik gəlirdi. Yuxarıda isə mavi göyün açıq, əngin  mənzərəsi sonsuzluğa qədər uzanırdı.

      Günəş hələ batmamışdı.  

      Cavad Əmirxanlı əyilib, heç özü də bilmədi ki, nə üçünsə, qulağını üstündə əyləşdiyi soyuq, mamırlı-boz qayaya söykədi. İndi sanki o, izdihamlı bir şəhərin uğultusunu dinləməyə başlamışdı. Qayanın altında əcaib, qarışıq, həm də əsəbi bir səs-küy vardı. 

     Bəlkə burada da onun qulağı səsə düşmüşdü?

     Cavad Əmirxanlı uzun müddət bu vəziyyətdə qaldı; ağır-soyuq  daşların altından süzülüb gələn uğultu get-gedə qədim, doğma bir musiqinin sədalarına çevrilirdi və dinlədiyi o qədim, doğma musiqinin sədaları onu daş kimi ağır bir yuxunun ağuşuna çəkib aparırdı. O, yuxuda da bu musiqinin sədalarını eşidirdi; uzaqdan gələn səslərin ağır-ləngərli ritmi altında alınlarında tər puçurlayan, dəriləri mis rənginə çalan adamlar güclü kəlləri təzə əkilən tarlalara, şum yerlərinə doğru haylayıb aparırdılar. Cavad Əmirxanlı həmin mənzərəni uşaqlıqda görmüşdü, elə eşitdiyi musiqi də o vaxtdan yaddaşına hopmuşdu. Bir azdan kəllər dal ayaqları üstə qalxıb adamlar kimi rəqs etməyə başladılar; onların biynuzları bir-birinə toxunduqca ətrafa qığılcım saçılırdı.

   O, gözlərini açanda havanın artıq qaraldığını hiss etdi. Günəşin necə endiyindən, qürubun necə düşdüyündən xəbəri olmamışdı. Hava soyumuşdu. Uzaqda ildırım çaxırdı; arabir göy üzündə yanıb parıldayan odlu, çarpaz xətlət ətrafa işıq saçırdı. Bayaq yuxuda gördüyü mənzərəni xatırladı; buynuzlaşan kəllərin rəqsi, ətrafa səpələnən qığılcımlar indi sanki göyə köçmüşdü. Üşürgələndi. Ayağa durub bir xeyli gəzişdi. Kəndə enməyi qərara aldı. Hələ uşaqlıqdan eşitmişdi ki, bu yerlərdə yırtıcı heyvanlar olur. Bir azdan yol-izi görmək də çətinləşəcəkdi.

    Diqqət kəsilib ətrafı dinşədi.  

    Uzaqdan çay səsi eşidilirdi.

    Yaxınlıqdakı mağara indi dişlərini qıcayan əjdahaya bənzəyirdi. Elə bil ki, həmin əjdaha bu qayalıqların arasına qorxulu nağıllar aləmindən qopub gəlmişdi. 

    Bir azdan onun qulağına səslər gəlməyə başladı. Ayaq saxlayıb dinlədi. İndi o, öz adının çəkildiyini apaydın eşidirdi. Kimsə onu səsləyirdi; buna şəkk-şübhə ola bilməzdi. Get-gedə bu səs daha da yaxınlaşmağa başladı.

   Əvvəlcə uğultu eşidildi. Sonra yaxınlıqdan şax-şəvəl xışıltısı və yüngül ayaq tappıltısı gəldi. Qaranlıqda nəsə ani olaraq işıldaböcək kimi yanıb-sondü.

   Artıq Ay doğmuşdu. Sanki Ayın bir parcası qopub bir andaca yerə düşdü. Cavad Əmirxanlı qeyri-ixtiyari gözlərini yumdu. O, bəlkə hələ heç yuxudan oyanmamışdı, olsun ki, bayaqdan gördükləri isə yuxunun içində gördüyü bir yuxu idi. Amma Ayın döqmasına heç kəsin şəkk-şübhəsi ola bilməzdi.

 

   Gözlərini açanda heyrətdən qışqırmaq istədi: Bəyaz ağ bir heykəl kimi Cavad Əmirxanlının  qarşısında dayanıb diqqətlə onu süzürdü. Onun üzündə Ay işığında aydın sezilən sirli-sehrli bir ifadə vardı.

    Qız yenə də həmişəki kimi qəfildən haradansa zühür etmişdi. Amma o, indi Cavad Əmirxanlının eyvanına yox, dağın zirvəsindəki qayaya qonmuşdu. Qızın əlində gümüşü rəngli bir ağac vardı.

      - Salam, Cavad bəy...

      - Salam...

      - Mən bildim ki, sən gec-tez buraya gələcəksən. Yorulmamısan ki?

      - Yox...

       Hər ikisi uzun müddət bir-birinin üzünə baxıb susdu. Qız öz müəmmalı baxışları ilə sanki onu sual-cavaba tutmuşdu. Cavad Əmirxanlı sössüz suallara elə sükutun “dili” ilə cavab verməyə çalışırdı. O, hiss edirdi ki, qarşıda onu çox sirli bir aləmlə tanışlıq gözləyir. O, burada görəcəklərini heç kəsə danışmamalı idi. Gözün gördüyü hər şeyi dil aləmə faş etməli deyil ki. Doğrudur, dil insana həqiqəti demək üçün verilib. Amma çox vaxt faciələr yalanın deyil, həqiqətin üzə çıxmağından  doğur. Həqiqət, yalnız zamanı gələndə faş olmalıdır. Zamanında deyilməyən həqiqət vaxtsız banlayan xoruz kimidir. Vaxtsız banlayan xoruzunsa aqibəti hər kəsə məlumdur... Tələsmək lazım deyil, gərək səbrlə gözləyəsən həqiqəti söyləmək üçün yetişəcək anı.

      Təbiətən hövsələsiz adam kimi tanınan Cavad Əmirxanlı, indi qızın əsrarlı və davamlı baxışları altında susmağa üstünlük vermişdi. O, inadla susurdu. Bu təmkinli jest sanki qıza heç bir sual verməyəcəyinə işarə idi. Deyəsən, Bəyaz da onu yaxşı başa düşürdü. Get-gedə qızın ciddi sifətınə işıqlı bir təbəssüm yayıldı.  

      Hava tutqun idi, səhər və ya axşam alatoranlığının düşdüyünü bilmək çətin idi. Yaxınlıqda atılıb-düşən çəyirtkələr və quşlar səs-səsə verib civildəşirdi.

      Qız baxişları ilə ona “arxamca gəl” işarəsi verib inamlı addımlarla irəli yeridi. Cavad Əmirxanlı qızın arxasınca addımlamağa başladı. Onlar indi bir-birini səssiz belə, yaxşı anlayırdılar.

      Qarşıdakı iri mağara ağzını əjdaha kimi açmışdı.

      Bəyaz əvvəlcə mağaranın ağzında bir müddət ayaq saxlayıb diqqətlə ətrafa boylandı, üzünü tutqun səmaya sarı tutub dua edirmiş kimi dodaqalti nəsə pıçıldamağa başladı, sonra  mağaranın içinə sarı yönəldi. Cavad Əmirxanlı daş kimi donub yerində qalmışdı. Qız sanki bunu hiss elədi; o, geri qanrılıb donuq, qətiyyətli baxışları ilə  “gəl!”-əmrini verdi. Cavad Əmirxanlının bu səssiz əmrə əməl etməkdən başqa çarəsi qalmadı.

       Qızın əlindəki budaq əvvəlcə şam kimi zəif işıq salmağa başladı. Sonra bu işıq get-gedə parlaq bir qəndilə çevrilib bütün ətrafı işıqlandırdı.

   Amma bu işıq nə qədər gur olsa da irəlidə onları qorxunc uçurum, daha  doğrusu, dibsiz yarğan gözləyirdi. Yarğanın ağzı dairəvi idi, elə bil nəhəng bir qazanın  qapağını harasa bir kənara atıb onun ağzını açıq qoymuşdular, bu “daş qazanın” ağzından eyni vaxtda bir neçə adam içəri keçib çölə çıxa bilərdı.

    -Biz indi üzüaşağı enməliyik, Cavad bəy. Buzlaq deyilən yer orada, bu yarğanın dibindədir. Amma ehtiyatlı olmaq lazımdır.

    Cavad Əmirxanlı susdu.

    Deməli, belə çıxırdı ki, buz gətirməyə gedən adamlar bir vaxt həmin yarğana buradan eniblər.

    Yaxınlıqda buz salxımlarına bənzəyən iri qaya çıxıntılardan birinin belinə kəndir dolanmışdı.

    -Cavad bəy, bax, ucu qayaya bərkimiş o uzun kəndirin ucunu belinə dolamalısan. Yoxsa mağaraya enmək mümkün deyil.

   Bəs görəsən qız özü necə, hansı yolla enəcəkdi ora, o dərin mağaraya?

   Qız onun ürəyindən keçənləri üzündən oxuyubmuş kimi astadan dedi:

   -Mənə görə narahat olma, Cavad bəy. Sən kəndiri belınə dolayıb yavaş-yavaş üzüaşağı en. Amma ayaqlarını divarlardakı çıxıntılara qoymağı da unutma. Aşağı endikcə, qollarını yana aç, bu, müvazinəti düzgün saxlamaq üçündür.

   İndi o, nə etməli idi? Kəndiri belinə dolayıb üzüaşağı yuvarlana bilməzdi ki...

   Qız yenə köməyə gəldi:

     -Kəndirin ucu qayaya bağlansa da həlqələr mənim əlimdə olacaq, mən onu yavaş-yavaş boşlayacam, sən addım-addım aşağıya doğru enəcəksən, mən kəndirin əlimdə qalan parçasının ölçüsündən biləcəyəm ki, sən yolun hansı hissəsindəsən; elə mənzilə çatmağını da mən özüm əvvəlcədən biləcəyəm. Sonra nə etmək lazım olacağını mən orada deyəcəm sənə. Hə, di cəld ol, Cavad bəy.

    Cavad Əmirxanlı bir ucu qayaya bərkidilmiş möhkəm, qaba kəndirin o biri ucunu öz belinə doladı, mağaranın ağzına yaxınlaşıb aşağı boylandı, başı hərləndi, gözləri alacalandı.

    Sonra ayaqlarını aşağı sallayıb əlini yuxarıya, qıza sarı uzadıb yellədi, elə bil ki, bu təhlükəli səfərdən ağlı bir şey kəsmədiyi üşün qızla vidalaşırdı.

    Qız əyilərək onun əlini bərk-bərk sıxıb kənara çəkildi, baxışlaı ilə işarə etdi ki, hələlik kəndirdən yapışsın və o, qızın işarəsinə uyğun olaraq belinə doladığı kəndirdən ikiəlli, bərk-bərk yapışdı.

    Qız kəndiri boşaltdı. O, bayaq verilən təlimata uyğun olaraq əllərini kəndirdən çəkib qollarını qanad kimi yana açdı, ayaqlarının ucu ilə yarğanın divarlarındakı çıxıntıları yoxlamağa başladı. O, arabir kiçik yuvacıqlara rast gələndə ayaqlarının ucunu ehtiyatla oraya ilişdirib bir qədər dincəlir, nəfəs dərirdi. Yana açılmış qollarından su damçılayır, əlləri tez-tez buz parşalarına toxunurdu. O, hətta, bir-iki dəfə ovcunda qalan buz salxımlarını susamış ağzına təpməkdən də çəkinmədi. Dizi, dirsəyi bir  neçə dəfə yarğanın divarlarına dəyib sızıldadı.

   Ayaqlarının yerə dəydiyini hiss edəndə daxilən az da olsa toxtadı.

   Amma sanki haradansa onu izləyən qızın səsi boşluqda əks-səda verdi:

     -Kəndiri açma hələ, Cavad bəy. Sağa tərəf dön. Hə, bax belə. İndi pillələri bir az da en.

     Amma qızın bu “bir az” dediyi yol elə də qısa deyilmiş.

     Cavad Əmirxanlı nə qədər məsafə qət etdiyini bilmədi. Bir də hiss etdi ki, ayağı möhkəm, sərt döşəməyə pərçimlənib. Sanki onu kimsə tutub yerə mıxlamışdı.  Elə bu dəm qız da onun yanında peyda oldu. Cavad Əmirxanlının matı-qutu qurudu. Qız sanki buraya başqa, həm də çox qısa bir yolla gəlmişdi.

     Ayağının altındakı döşəmənin qranit, yoxsa buz layı olduğunu müəyyən etmək indi Cavad Əmirxanlı üçün çətin idi.

     Divarlarda bərq vuran işıq zərrələri işıldaböcəklər kimi yanıb-sönürdü.

     “Bu qız mənu buraya nə üçün çəkib gətirdi, onun məqsədi nədir? Yaxşı, tutaq ki, qız burada, bu soyuq mağarada yaşayır, bəs mənim nə itim azıb burada? Bunun qırımından belə anlaşılır ki, hələ lazım olan mənzilə yetişməmişik; çünki bayaq bir söz dedi: “Sonra nə etmək lazım olacağını orada deyəcəm sənə”. Nə vaxt deyəcək, nə deyəcək mənə? Mən, deyəsən, burada ayrı, mənə məlum olmayan yad bir zamana düşmüşəm axı...”

    Qızın sifəti aydın seçilirdi. Görəsən, bu mağaraya haradan, hansı tərəfdən işıq düşürdü? Axı buralar sandıq kimi, qəbir kimi qapalı idi.

    Bəyaz əlini yuxarı uzadıb dilləndi:

    -Cavad bəy, sizin adamlar buzu bax oradan qırıb aparırlar xəstələrə. Orada il boyu, hətta, yayın ortasında da buz olur. Ora buzlağın üst qatıdır.

   Cavad Əmirxanlı biixtiyar soruşdu:

   -Bəs bura?..

   Qız gülümsədi:

-Hazırda biz orta qatdayıq.

-Bəs aşağıda?..

   -Bəli, aşağı qat da var hələ. Darıxma, biz oraya da enəcəyik.

 Cavad Əmirxanlının canından üşütmə keçdi, sanki içində sazaq əsdi.

   -Bir az irəli getmək lazımdır.

   Qızın ucadan dediyi bu sözlər hökm kimi səsləndı.

   Cavad Əmirxanlı dinmədi. Bəyazın ardınca addımladı. Bayaqdan projektor kimi qızın üzünə düşən işıq qeybə çəkildi.

     İndi hər tərəf zülmətə qərq olmuşdu. Cavad Əmirxanlı irəli addım atmağa cürət etmirdı.

     Qızın səsi qaranlığı çiliklədi:

  -Cavad bəy, hələlik yerindən tərpənmə, indi belınə kəndir dolanacaq.

  -Mən heç nə görmürəm.

  -Eybi yoxdur. Mən səni görürəm. Sən əllərini yuxarı qaldır.

      Cavad Əmirxanlı qeyri-ixtayari qollarını yana açıb sonra yuxarı

 qaldırdı.

     Qız sanki kimisə səsləyirmiş kimi ucadan fit çaldı; əslində, qızın çıxardığı səs vəhşi quşların cəhcəhinə bənzəyirdi.

     Yaxınlıqda nəsə xışıldadı.

     O, belınə dolanan yoğun kəndirin soyuq təmasını aydın hisss etsə də qızdan nəsə soruşmağa cürət etmədi. Qaranlıqda kəndir aydın görünməsə də onun üstündəki parıltılar arabir bərq vururdu, elə bil ki, kəndirin üstünə fosfor çəkmişdilər. Arabir onun gözünün önündən qıvrılıb keçən ipin soyuq işartısı zəif şam yanıb-sönürdü; olsun ki, bu möhkəm, elastik kəndir ağır yükləri uzaq məsafələrə daşıyib aparmaq üçün hesablanmışdı. 

     Cavad Əmirxanlının belınə öz-özünə dolanan kəndir az sonra, üfürülən yoğun heyvan bağırsağı kimi tədricən şişməyə başları. Kəndir onun belını get-gedə daha möhkəm sıxmaqda idi. İndi onun tərpənib irəli hərəkət etmək imkanı da qalmamışdı; əvvəlcə belinə dolanan ip, sonra ayağından ta  sinəsinə qədər çarpaz şəkildə sarındı. Cavad  Əmirxanlı əmin idi ki, bu ipi onun gövdəsinə qız sarımır. Sanki kiminsə görünməz əlləri onun bütün bədənini bu soyuq, parıltılı, möhkəm iplə sarıyaraq indicə ağac kimi dartıb kökündən qoparacaq, sonra harayasa sürüyüb aparacaqdı.

   Qaranlıqda vəhşi fit səsi eşidildi. Şübhəsiz ki, bu, Bəyazın kiməsə verdiyi növbəti işarə idi.

   Kəndir topası hərəkətə gəldi, qıvrılıb açıldı, onu harasa, zülmətin qoynuna doğru çəkib aparmağa başladı. Cavad Əmirxanlının indi nəyisə mühakimə etməyə, kiməsə müqavimət göstərməyə nə heyı vardı, nə də belə bir istəyi.

   Az sonra vücuduna dolanmış yoğun kəndir tədricən boşalıb hissə-hissə, buğum-buğum açılmağa başladı. O, havada, çəkisizlikdə olsa da, kəndirin necə burulub açıldığını sövq-təbii hiss edirdi.

    Cavad Əmirxanlı üzüaşağı hərəkət edirdi. Sanki belinə dolanan kəndirlə onu darta-darta dibsiz uçuruma yuvarlayır, sonu görünməyən qorxunc quyuya sallayırdılar. O, üzüaşağı yuvarlandıqca kəndir tarım çəkilir, yay kimi gərilib açılırdı.

   Kəndirin dolaqları açılan zaman Cavad Əmirxanlı daxilən bir qədər rahatlansa da, yenə həyəcanlı hisslər keçirirdi. O, qorxurdu ki, indi  belinə dolanan ipin ucu qəfildən qurtarar, və o, hələ mənzil başına çatmamış, elə havadaca  kəllə-mayallaq aşıb sonu ona məlum olmayan quyuyunun dibinə düşər; kim idi onu bu cəhənnəm zülmətinin girdabından qurtaran? Bir də ki, o müdhiş girdaba düşənin sağ tikəsinin ələ keçəcəyi də sual altında idi.

  Nəsə Bəyazdan da bir xəbər yox idi.

  Kəndır burumlarının sayı azaldıqca onu qorxu hissi bürüyürdü. İndi hər şeyin sonu ola bilərdi. O, qeyri-ixtiyari əlini irəli atıb kəndirdən bərk-bərk yapışdı. Barmaqlarının altında canlı bir varlığın nəbz kimi  vurduğunu hiss etdi; bayaqdan tarım çəkilmiş möhkəm kəndir, indi sanki yumşalıb piləyə dönmüşdü. Cavad Əmirxanlı əlini kəndirin üstündə gəzdirdi. Kəndir təzədən tarım çəkilib şişdi, canlı, uzun, sərt, burulmuş  bir ağaca çevrildi.

    -Cavad bəy, darıxma, indi çatırıq.

    Bu, yenə Bəyazın səsi idi. Amma qaranlıqda qızın üzü görünmürdü. Səs boğuq olsa da əks-səda verirdi. Belə çıxırdı ki, Cavad Əmirxanlı qızın üzünü görməsə də, özü kənardan müşahidə olunmaqdadır.

     “İndi çatırıq...”

      Görəsən, qız onu haraya, hansı ünvana çatdırmaq niyyətində idi?

      Cavad Əmirxanlının susurdu. Bir də ki, indi əlavə sual verməyə nə ehtiyac vardı ki?

      O, gözlərini yumub xəyala getmişdi. Burada o, nə axtarırdı? Bütün bu baş verənlər həqiqət idi, yoxsa onun fantaziyasının məhsulu? Bəlkə bu dünyada, həqiqətən, qulyabani, cin-əcinnə, şeytan deyilən sirli məxluqlar vardı və Cavad Əmirxanlı o gözəgörünməz məxluqların fitnəsinə tuş olmuşdu?  Axı onun günahı nə idi? Bəlkə təbiət ondan intiqam alırdı? Bəs bu intiqam nədən ötrü idi? Bəlkə o, insanlara hələ heç nə vəd etməyən şübhəli elmi axtarışlarına görə düçar olmuşdu bu cəzaya?

     Axı o, son illərdə insan şüurunun köçürülməsi, fikir və ideyaların insan orqanizmi kimi transplantasiyası üzərində çox düşünür, hətta, bu istiqamətdə təcrubələr aparırdı. Bu cür təcrübələrin xoşbəxt sonluqla bitəcəyinə onun özü də daxilən inanmırdı.

    Alimlər insan beyninə çoxadan bəri müdaxilə etməyə başlamışdılar. Hətta, beyin köçürmələri də sınaqdan keçirilmişdi. Amma şüur, yaddaş  köçürmələri... Bu barədə indiyəcən yalnız fantastık əsərlərdə söhbət açılmışdı. Məsələnin gerçək elmi mahiyyətinə ilk dəfə Cavad Əmirxanlının əsərlərində toxunulurdu. Onunla birgə işləyən mütəxəssislərin əksəriyyəti ən yaxşı halda, irəli sürülən bu fərziyyələri hipotez kimi qəbul edirdi. Amma arxada onun sayıqladığını, ağlının çaşdığını iddia edən həmkarları da vardı.

    Cavad Əmirxanlı öz son tədqiqatlarından belə bir qənaətə gəlmişdi ki, insan beynindəki neyronlar öz konkret məkanında xaotik şəkildə fəaliyyət göstərmir; burada mütləq bir sistem mövcud olmalıdır. Başqa sözlə, neyronların sisteminin pozulması beynin funksiyasının, daha doğrusu, insan şüurunun pozulması ilə nəticələnə bilər və çox vaxt elə bu cür də nəticələnir. Bunun elmi-nəzəri tərəfi bir yana, son illərdə Cavad Əmirxanlının elə öz gözünün qabağındaca nə qədər adamın ağlında kəskin dəyişikliklər baş vermişdi? Ağlında, mühakiməsində dəyişiklik baş verənlər arasında elmlə məşğul olan insanların sayının çoxluğu xüsusilə diqqəti çəkirdi.

   Adamların əksəriyyəti bu cür düşünənləri dəli və ya ağıldankəm kimi qələmə verməyə çalışırdılar; halbu ki, heç kəsə zərəri dəyməyən, əksəriyyəti susub öz hücrəsinə çəkilən bu adamları dəli adlandırmaq, Cavad Əmirxanlıya görə tərbiyəsizlik, səviyyəsizlik nümunəsi idi.

   Həmin adamların, sadəcə olaraq, düşüncə kompasının istiqaməti başqa səmtə dəyişmişdi; onlar hamı kimi düşünə bilmirdilər. Onların düşüncə və mühakimə əqrəbi yeni bir qütbə istiqamətlənmişdi. Nədənsə, hər bir cəmiyyətdə çox vaxt  adamların əksəriyyəti başqa cür düşünənləri qəbul və həzm edə bilmirlər; belələrinə görə, hamı eyni cür düşünməli, hamı eyni şeylər haqqında eyni cür danışmalıdır. Basmaqəlib, şablon düşüncə sahibləri Cavad Əmirxanlıda həmişə ikrah hissi oyadırdı.     

   Bu zülmət səltənətində bu düşüncələr aləmində vurnuxan Cavad Əmirxanlının sanki birdən-birə beynindən bir işıq zolağı ötüb keçdi; yox, o işıq zolağı harasa ötüb getmədi, onun içini nura qərq etdi və o, çoxdan bəri başını yoran suala sanki indi qəfildən cavab tapdı.

   Məsələ burasında idi ki, o, Bəyazla hər görüşdən sonra heyrətə gəlir, şoka düşürdü: qızın hər gedişindən, yəni qəfil “uçuşundan” sonra sanki “üçüş meydançasında” bir müddət nəsə qalırdı; düzdür, bir müddət sonra o “nəsə” də qızın özü kimi çəkilib gedirdi. Bunlar öz yerində. Məsələ burasında idi ki, həmin anlarda Cavad Əmirxanlının yaddaşında  birdən-birə Bəyazın gedişi kimi gəlişi də canlandı. Qız hər dəfə qəfil burulğan kimi zühur edirdi; bu anlarda sanki xırdaca qum zərrələri bir göz qırpımında üst-üstə qalanır, kiçicik təpəcik sürətlə ətə-qana dolaraq canlanır, adama “çevrilirdi”. Deməli, belə çıxırdı ki, Bəyaz əslində bir yerdən başqa yerə zərrələr kimi uçub gedir, sonra hansısa sehrli qüvvənin səyi sayəsində o zərrələr anındaca birləşərək bütöv bir varlığa, canlı insana çevrilirdi. Zərrənin küllə və küllün zərrəyə çevrilməsi az qala göz önündə baş verirdi. Buna heç bir şəkk-şübhə ola bilməzdi.

   -Çatdıq...

   Şübhəsiz ki, bu, səsin sahibi Bəyaz idi.  Cavad Əmirxanlı qeyri-ixtiyari gözlərini açdi. İndi onun ayaqları möhkəm kütlənin üstündə idi.

   Tərəddüdlə ətrafa göz gəzdirdi, ayağının altında  xalı boyda bir işıq talası açılmışdı.

   Qızın özü hələlik gözə dəymirdi.

   Amma az keçmiş onun bayaqdan bəri beynindən keçən fikirlər möcüzə kimi gözlərinin önündə canlandı: sanki çovğunun gətirdiyi qum zərrələru bir parça işıq talasının üstündə burum-burum buruldu, əyilib-düzəldi, cana gəlib dikəldi və...  bəyaz bir varlığa, daha doğrusu, Bəyaza çevrildi. Bütün bunlar bir anın içində, az qala bir göz qırpımında baş verdi.

    Cavad Əmirxanlı sanki yerindəcə quruyub daşa dönmüşdü.   İndi onun tərpənməyə halı yox idi. Hətta, bu müddət ərzində bayaqdan bəri bədəninə dolanan kəndirin necə boşalıb açıldığından da xəbəri olmadı.

     Qız ona baxıb gülümsəyirdi.

     Onunsa dillənməyə heyi yox idi, matdım-matdım qıza baxıb susurdu.

      Deyəsən, çoxdan aradığı bir sirli sualın cavabını tapmaq üzrə idi: insan orqanizmindəki maddələr hansı bir qüvvəninsə təsiri altinda molekkullar, neyronlar, hüceyrələr şəklində zərrələrə çevrilərək bir məkandan digərinə axır, “ötürülür”, sonra yenidən birləşərək öz əzəlki formasını alır. Olsun ki, bu qayda heyvanlardan tutmuş ta bitkilərə qədər bütün canlılara tətbiq oluna bilər. Bəlkə bu sirrin mahiyyəti heç qızın özünə də məlum deyildi. Əgər canlı orqanızm bir məkandan digərinə kiçik zərrələr şəklində ötürülürsə, bu “ötürmə” niyə beyindəki düşüncəyə tətbiq edilməsin, yəni fikrin sürətinin çıxarılmasına tətbiq olunmasın? Nə üçün insan düşüncəsi, insan fikri oxunmasın?

   Qız əlindəki tanış gümüşü ağac budağını havada yellədərək irəli yeridi. İrəlidə alaqaranlıq bir tunel vardı.

   -Getdik.

   Bu sözləri də qız dedi.  

   Cavad Əmirxanlı dinməz-söyləməz ətrafa göz gəzdirdi. Ayaqları sanki qıc olmuşdu. Özünü ələ alıb ayağının birini irəli atdı. Onun belindən açılıb yerə düşmüş “kəndir” birdən tərpəndi. Aman allah, bu ki, heybətli, yoğun bir ilan imiş! İlan fısıldayıb yerində qıvrıldı, sora nəhəng oxlov kimi düzəlib ağzını açdı, onun haça dili havada iti, gümüş ox kimi parıldadı.

    Cavad Əmirxanlı qışqırmaqdan özünü zorla saxladı. Özünü ələ alıb iti addımlarla qızın arxasınca irəlilədi. Bəyaz sanki ilanın burada olduğunu ya görmür, ya da bilərəkdən bunun fərqinə varmırdı.

    Onlar qarşıdakı tunelə çatıb ayaq saxladılar. Qız dönüb onun üzünə baxdı. Görəsən, bununla Bəyaz nə demək istəyirdi?

   Cavad Əmirxanlı yenə susurdu.

   Bəyaz irəliyə keçib tunalə daxil oldu. O da asta addımlarla irəliyeridi.

    Tunel geniş idi.

   Yerə pillələr düzülmüşdü. Mərmər kimi par-par yanan bu pillələr irili-xırdalı buz parçalarından düzəldilmişdi. Allah bilir, bəlkə də bu pillələri kimlərsə nə vaxtsa daşlardan yonmuşdu və olsun ki, həmin o daş pillələri indi qalın buz qatları örtmüşdü. Cavad Əmirxanlı hər an sürüşüb üzü üstə düşəcəyini fikirləşirdi. Elə buna görə də indi addımlarını ehtiyatla atırdı. Arabir büdrəyib az qala müvazinətini itirirdi. Belə anlarda qeyri-ixtiyari əlini irəli uzadıb ehmalca qızın qoluna toxunurdu. Qızın qolu da bu buz səltənətinin pillələri kimi hamar və sürüşkən idi. Və ən təəccüblüsü bu idi ki, onun əli qızın qoluna toxunarkən sanki bədənindən elektrik cərəyanı keçirdi. Bundan heç də az təəccüblü olmayan isə o idi ki, qızın bəyaz buz salxımına bənzəyən yaraşıqlı qolu soyuq deyildi; hətta, demək olar ki, hərarətli idi.

       Bütün bu müddət ərzində Cavad Əmirxanlı özü üçün bir şeyi heç cür müəyyən edə bilmədi: onlar pillələri üzüaşağı enir, yoxsa yuxarıya doğru qalxırlar?

       Buz pillələri onları çox geniş bir salona gətirib çıxartdı.

       Bəyaz inamlı addımlarla irəli keçib əlindəki parlaq çubuğu divardan asılmış buz salxımlarına yaxınlaşdırdı.  Sən demə, bu buz “salxımlar”ı əsl çilçıraq imiş; bir anda hər tərəf nura qərq oldu.

       Cavad Əmirxanlının ilk diqqətini cəlb edən buzlaq səltənətindəki ağaclar oldu. O, həmin bitkiləri anındaca tanıdı; bu ağaclardan biri də onların şəhərdəki mənzillərinin eyvanında böyüyürdü.

       Altdan-altdan ətrafa göz gəzdirməyə başladı.

       Buzlaq nəhəng bir saraya bənzəyirdi. Sanki tavana, döşəməyə və divarlara ağ-parlaq mərmər üzlüklər döşənmişdi. Cavad Əmirxanlı yalnız indi gördü ki, divarlar boyu buz kreslolar düzülüb və həmin kreslolarda buz heykəllərə bənzəyən adamlar hərəkətsiz vəziyyətdə əyləşiblər. Nə bir səs vardı, nə də səmir. Çox güman ki, buz salonun kreslolara çökmüş buz sakinləri ya yuxuya getmiş, ya da həyatla çoxdan  vidalaşmış adamlar idi.

       O, xoflandı. Boğazının gicişdiyini hiss etdi.

       Qız ayaq saxlayıb gülümsəyərək onun üzünə baxdı. Cavad Əmirxanlı çaşıb qalmışdı. Görəsən onu buraya dəvət etməkdə qızın məqsədi nə idi? Görəsən bura doğrudanmı qar adamların məskəni idi? Buralar nə vaxtdan yaranmışdı belə? Bu qar sarayın, buz səltənətinin bir başçısı, bir sahibi vardımı görəsən?

       Şübhəsiz ki, bütün bunlar bir yuxu idi. Bu yuxu son zamanlar Cavad Əmirxanlıya yeni-yeni sürprizlər bəxş etməkdə idi. Bu da növbəti sürprizlərdn biri... Yox, bütün bunlar həm də həqiqətə oxşayırdı.

     -Üşüyürsən?

     Bu sualı qız verdi.

     O, heç özü də düz-əməlli bilmirdi ki, üşüyür, ya yox.

     Qeyri-ixtiyari dilləndi:

     -Yox... Üşümürəm.

     Uzaqdan nəçə yeknəsək bir uğultu eşidilməyə başladı. Elə bil ki, mişarla ağac doğrayırdılar.

     Qız onun səsə diqqət kəsildiyini duyub qısa məlumat verdi:

       - Bayırda tufan başlayıb.

       “Deməli, bunlar üçün mağaradan kənardakı aləm “bayır” hesab olunur... “Tufan başlayıb”. Bəs burada necə, görəsən tufan olurmu? Buraya da qar yağırmı? İnanmıram. Bura qapalı yerdir. Yaxşı bəs onda buradakı buzlaq necə yaranıb?..  “Tufan başlayıb”. Qoy başlasın...”

      Əyilib buz döşəməyə baxdı. Gözü istər-istəməz şalvarının balağına sataşdı; sonra əynindəki pencəyə nəzər saldı. Sanki onu ağ kəfənə bürümüşdülər. Artıq Cavad Əmirxanlının pal-paltarını qırov örtməkdə idi. Ona elə gəldi ki, bu “yuxu” bir azacıq davam etsə, tezliklə onun özü də kreslolardakı buz heykəllərdən birinə çevriləcək. Daxili bir həyəcan onun ürəyini təlatümə gətirdi. Sual və qorxu dolu baxışlarını qızın üzünə dikdi. Deyəsən, qiz onun ürəyindən keçənləri oxuyurdu. 

      Bəyaz, dəcəl uşaq kimi yerində fırlanıb qəhqəhə çəkdi.

      Cavad Əmirxanlı təəəccübləndi: “Buna nə olub belə? Ağlı çaşmayıb ki?”

      Deyəsən, qız həqiqətən onun ürəyindən keçənləri oxumuşdu; çünki o, tez ciddiləşib qaşlarını çatdı, inamlı addımlarla irəliyə, mağaranın dərinliyinə doğru yeridi. Cavad Əmirxanlının qızın arxasınca addımlamaqdan savayı əlacı qalmadı.

      Buz dəhliz uzandıqca uzanırdı. Daha bayaqkı uğultu eşidilmirdi. Sükutu onların yumşaq ayaq səsləri pozurdu. Bəyaz irəlidə gedirdi. Cavad Əmirxanlı asta addımlarla onun arxasınca yeriyirdi. Qız aradabir addımlarını yavaşıdıb geri boylanırdı. Sanki bununla onun yorulub-yorulmadığını öyrənmək istəyirdi. Cavad Əmirxanlı  yorulmamışdı. Amma indi onu daxili bir səksəkə hissi narahat edirdi. Görəsən, qız onu haraya çəkib aparırdı? Görəsən, bu “büllur” dəhlizin bir sonu vardı ya yox?

      Onun ürəyindən keçənləri oxuyubmuş kimi, qız ayaq saxladı. Astaca gerı qanrılıb əlini irəli uzatdı. Onlar əl-ələ tutdular. Aman allah, bu “buz heykəl”in əli od kimi alışıb-yanırmış ki... Sanki bu istilik Cavad Əmirxanlının canına-qanına hopdu. Onun dizinə yeni güc gəlmişdi. Bu anlarda ona elə gəldi ki, qızla əbədiyyətə qədər addımlaya bilər.

    -Biz hara gedirik belə?

     Deyəsən, qız Cavad Əmirxanlının verdiyi sualı eşitmədi.

     Amma az sonra Bəyaz geri qanrılıb asta səslə:

     -İndi özün görəcəksən hara gedirik,-deyə, dilləndi.

     Deməli, bu hiyləgər xanım onun dediklərini eşidibmiş.

     Qəfildən onların qarşısında yeni, qeyri-adi bir mənzərə canlandı. Bayaqdan divarlarının arası ilə addımladıqları buz dəhliz indi mavi bir geniıliyə açılırdı. Amma bu genişlik heç də “bayıra”-boşluğa, intəhasız aləmə açılan genişlik deyildi; məsələ burasında idi ki, buz dəhlizin bitdiyi yerdən yeraltı göl başlayırdı. Allah bilir, bu, bəlkə də kiçik bir göl yox, nəhəng dəniz idi. Di gəl ki, indi bu yeraltı dünyada uyuyan sakit suların həcmini müəyyən etmək Cavad Əmirxanlı üçün çətin idi. Qız onun əlini buraxıb irəli addımladı. Burada  sahil başa çatır, mavi suların intəhasızlığı başlayırdı. “Görəsən, çaparlılar yeraltı suların üstündə yaşadıqlarını bilsələr nə düşünərlər? Çox güman ki, köçüb başqa yerə gedərlər. Axı günlərin bir günü bu gölün üstündəki torpağın daş-ağac, dağ-təpə qarışıq çöküb gölə tökülməsi ehtimalı var”. O, bu düşüncələrlə qızın arxasınca yeriməkdə idi. Başını qaldırıb ətrafa göz gəzdirəndə təzədən heyrətlənməli oldu; sahildə kimsəsiz bir qayıq vardı. Onlar qayığa yaxınlaşdılar. Qız qayığı itələyib suya sarı istiqamətləndirdi, quş cəldliyi ilə atılıb qayığa tullandı. İstər-istəməz Cavad Əmirxanlı da qayığa mindi. Qız əlindəki gümüşü budağı ehtiyatla böyrünə qoyub  avarları ehmalca tərpətdi. Qayıq asta-asta yırğalanıb yerindən tərpəndi.    

     Qayığın sürəti get-gedə artmaqda idi. Sahil boyu dikələn boy-buxunlu  ağacların əksi dalğaların qoynunda  yığılıb-açılırdı. Qız da susurdu, kişi də. Yalnız avarların xışıltısı eşidilirdi. Su hövzəsinin bir-birindən aralı düşmüş sahilləri get-gedə daralmağa başladı. Onlar dar bir boğaza yetişdilər. Qayıq sanki böyük sulardan kiçik bir körfəzə adlamışdı. Az sonra onlar qıjıltı ilə axan ensiz çayın məcrasına düşdülər. İndi avarı çəkməyə ehtiyac yox idi. Qayıq çayın axarı ilə, ensiz tunellə irəliləyirdi. Olsun ki, bu tunel geniş dünyaya açılırdı. Qranit tunelin divarları sanki mahir bir rəssamın əli ilə bəzədilmişdi; divarlarda bütün fəsillərə xas lövhələr həkk olunmuşdu; burada qış öz bəyaz, payız qızılı, bahar yaşıl, yaysa mavı rənglərin duru çalarları ilə nəqş edilmişdi. Elə bil ilin dörd fəsli bu yeraltı dünyada görüşüb bir araya gəlmişdi. Cavad Əmirxanlı gözünü bu şəkil-mənzərələrdən çəkə bilmirdi. Görəsən, bu şəkilləri doğrudanmı təbiət öz “fırçası” ilə çəkmişdi? Buna inanmaq çətin idi. Bu mənzərələr daha çox usta, peşəkar rəssam və ya heykəltəraşın əl işlərinə bənzəyirdi.

    Qayıq yırğalandıqca Cavad Əmirxanlı səksəkəyə düşür, istər-istəməz müvazinətini saxlamağa çalışırdı. O, hətta, arada, qayıq ləngər vuranda əl atıb qızın çiynindən yapışmaq istəsə də bundan bir nəticə hasil olmamışdı. Qızın çılpaq çiyinləri buz kimi sürüşkən idi. Belə olanda Cavad Əmirxanlıya başını yellətməkdən savayı bir şey qalmamışdı.

   Nəhayət, qayığın burnu çayın sahilindəki yumşaq çeyilliyə ilişdi. İrəlidə yaşıl vadi görünürdü.  Qız avarları buraxıb gümüşü ağacı qaparaq qayıqdan düşdü, cəld əlini Cavad Əmirxanlıya uzatdı.   

   Onlar bir xeyli çayın sahili boyu irəliləyəndən sonra yaşıl vadiyə çıxdılar. Burada hər tərəf işıqlı bir yaşıllığa qərq olmuşdu. Yuxarıda parlaq zərrəciklər alışıb-yanırdı. Yamyaşıl otların və pöhrələrin arası ilə süd kimi bəmbəyaz bir çay axıb gedirdi. Deyəsən, bu çay göldən ayrılmışdı. Çayın sahilində budaqları çətir kimi açılmış bir ağac da vardı. Ağacın yarpaqlarının arasından zərif çiçəkər boylanırdı. Onlar əl-ələ tutub sahildəki ağaca yaxınlaşdılar. Ətrafa bihuşedici bir ətir yayılmışdı. Bu, yəqin ki, ağacdakı yarpaqların arasından boy verən zərif çiçəklərin ətri idi.

    Qız əlindəki gümüşü budağı yerə qoydu, əyilib sahildəki ağacın dibindəki uzun, yaşıl otlara sığal şəkdi. İri, parlaq gözlərini yerə dikib dodaqaltı nəsə pıçıldadı. Sanki yenə dua oxuyurdu. Amma qızın baxışları indi səmaya yox, torpağa dikilmişdi. Cavad Əmirxanlı həmin anlarda öz düşüncələrinə görə özünü qınadı; bəyəm burada səma vardı ki? Axı onlar hələ mağaradan çıxmamışdılar. Yer altında səma ola bilməzdi. Olsun ki, heç onların ayağının altındakı bu əsrarəngiz yaşıllıq da torpağın yox, elə buzlağın üstündə idi.

   -Doğru fikirləşirsən, Cavad bəy...

   Cavad Əmirxanlı çaşdı. Belə şıxırdı ki, qız onun ürəyindən keçənləri oxuyurdu.

  -Həqiqətən, bu yaşıllıq buz laylarının üstündədir. Doğru fikirləşirsən, Cavad bəy...

  Cavad Əmirxanlı susub ətrafa nəzər saldı. Burada  səma ilə torpaq bir-birinə qovuşmuşdu. Elə bil onun baxışlarına hopan bu qeyri-qdi mənzərəni rəssam əli şəkmişdi. Qızın dediyindən belə çıxırdı ki, onun gördüyü mənzərə buz qatının üstünə “həkk olunub”.  Deməli, burada Buzlaq ağ kətan rolunu oynayırdı və indi onlar o “kətanın”  üstundə dayanmışdılar.

   Qız bayaq sığal çəkdiyi uzun otları indi zərif barmaqları ilə saç kimi yana “darayıb” yerə uzandı, yerini rahatlayıb həmin otları yorğan kimi üstünə çəkdi.

   -Cavad bəy, gəl sən də uzan yaxınlıqda, mənim yanımda...

   Cavad Əmirxanlı hələ də çaşqınlıq içində idi; indi o, hansı addımı atacağını özü də müəyyən edə bilmirdi. Qız əlini uzadıb onun əlindən tutdu. Sanki kişinin bədəninə elektrik cərəyanı buraxdılar.

    Onlar uzun müddət yan-yana uzandılar. Yox, bəlkə də bu görüşün ömrü   Cavad Əmirxanlıya belə uzun görünürdü; olsun ki, bu sehrli dünyada zamanın ölçüsü dəyişmişdi; burada indi günün hansı vaxtı olduğunu müəyyən etmək də müşkül məsələ idi. 

    Cavad Əmirxanlının fikri uzaqlarda gəzib-dolaşır, düşdüyü dolanbac labirintlərdən çıxış yolu axtarırdı. O, son vaxtlar Bəyazla hər görüşdən sonra çətin suallar qarşısında qalırdı. Hiss edirdi ki, qızın onunla xudahafizləşib bir göz qırpımında qeyb olması heç də ani bir vaxtda baş vermir; yəni qız “uçub” getsə də, əvvəl dayandığı yerdə bir müddət onun izləri qalır; yox, buna heç “iz” də demək olmazdı; bu, qəfil qopan küləyin qum, toz, kül və ya un topasını sovurub havaya qaldırmasına bənzəyirdi; küləyin sovurduğu topanın qalığı ani vaxt ərzində yerdə qalsa da, son məqamda güclü qasırğa onu da havaya dağıdır.

   Cavad Əmirxanlı son vaxtlar göz qoyub müşahidə etdiyi səhnələri bir daha özü üçün müəyyənləşdirməyə çalışırdı. Bəyazın təkcə gedişi deyil, elə qəfildən peyda olması da ona elə həmin qum dənələrini xatırladırdı; amma bu halda, yəni qız gələn zaman əks proses baş verir, sanki qum dənələri üst-üstə qalanıb bir yerə topalanırdı. Bir sözlə, qızın gəlişi və gedişi kiçik zərrələrin qısa zamanda səpələnməsi və toplanması kimi qiymətləmdirilə bilərdi.

   Müşahidələr nəticəsində ağlına gələn fikirlərin dəqiqliyini və səhihliyini yoxlamaq belə bir mühitdə onun imkanı xaricində idi.

  Cavad Əmirxanlı hələ gənclik çağlarından elektromaqnit dalğaları vasitəsi ilə ötürmələrin gələcəkdə yeni keyfiyyət halına keçəcəyinə inanırdı. Bunun ən yaxşı nümunəsi kimi foto və tele təsvirlərin ən uzaq məsafələrə, hətta kosmosdan yerə ötürülməsidir.

    Həmin təsvirlər ən kiçik zərrələr şəklində bir məkandan digərinə ötürülür və lazım olanda bərpa edilərək əvvəlki, ilkin vəziyyətinə qaytarılır. Bəs insan orqanizmi nə üçün həmin təsvirlər kimi hüceyrələrə bölünərək bir yerdən başqa yerə ötürülməsin? Sonra həmin hüceyrələr nə üçün təzədən eyni qaydada “toplanıb” bərpa edilərək öz əzəlki vəziyyətinə qaytarılmasın? O, bu suallara kimdən cavab ala bilərdi?

   Cavad Əmirxanlı, adətən, qıza artıq-əskik suallar vermək istəmir, daha çox onu, onun hərəkətlərini sakitcə müşahidə etməyə üstünlük verirdi. 

   O, deyəsən axtardığı bəzi suallarına cavabını tapmaq ərəfəsində idi.      Bəs görəsən bu anlarda Bəyaz nə barədə düşünürdü?

   Sanki kipriklərindən daş asılmışdı, yuxu dənizi Cavad Əmirxanlını öz qoynuna çəkirdi.

 

O, güzgüdə öz əksi ilə üzbəüz dayansa da fikri uzaqlarda idi. Mağaradan necə çıxdığını hələ özü üçün tam aydınlaşdıra bilmirdi. Bir yandan da bütün bu baş verənlərin həqiqət olmağına olan inamı sarsılmaqda idi. “Bu, nə yuxu təki yuxudur, nə də... Yox, bu, heç doğruya, həqiqətə də oxşamırdı. Bəlkə mənim başım pozulub, bəlkə ağlım azalıb. Mən yerin altindan necə çıxdım axı? Əvvəlcə Bəyazla əl-ələ tutub vadiyə çıxdıq. Sonra... Sonra otların üstündə yanaşı uzandıq. O, mənim əlimdən tutdu. Sanki bədənimi eliktrikə caladılar. Sonra... Yox, sonrasını xatırlamıram. Yadımda qalan təkcə odur ki, o mağaraya girəndə də, oradan çıxanda da ilanların arasında idim. Hələ belimə dolanan nəhəng haçadil... Əgər gördüklərim yuxu idisə, bəs onda indiyəcən sızıldayan dizim-dirsəyim harada cızılıb? Yox, mən mağarada olmuşam... Amma indi evdəyəm. Buna şübhə ola bilməz. Bax, güzgüdən mənim üzümə arsız-arsız baxan da mən özüməm”.

     Kənddə yaşadığı müddət ərzində Cavad Əmirxanlının solğun bənizinə sanki təzədən qan gəlmişdi. Ürəyinin ağrıları ötüb kecmişdi. O, hiss edirdi ki, zəif bədəni günü-gündən möhkəmlnməkdədir.

     Havalar get-gedə isinirdi.

     Kənddə yaşayan qohumlarından ona baş çəkməyə gələnlərin sayı da get-gedə azalmağa başladı. Son günlər isə, ümumiyyətlə, onun qapısını döyüb kef-əhvalını soruşan bir adam da yox idi. Buraya gəldiyi ilk vaxtlar görüşünə can atanlar, deyəsən, indi ondan uzaq gəzməyə çalışırdılar. Çox güman ki, təcrübəli, çoxbilmiş kənd əhli,  həmyerlilərinin xeyrə-şərə yarayan adam olmadığını dəqiq öyrənib biləndən sonra, öz iş-gücləri ilə məşğul olmağa daha çox üstünlük vermişdilər.  

    Həmyerliləri ilə söhbət əsnasında Cavad Əmitxanlı özü üçün bəzi mətləbləri aydınlaşdıra bilmişdi. Sən demə, həqiqətən bələdiyyə sədrindən heç bir şey asılı deyilmiş. Bu son illərdə kəndin bütün torpaq sahəsi rayon rəhbərlərinin nəzarəti altına keçibmiş. Rayondakı hər vəzifə adamına müəyyən bir ərazi payı ayrılıbmiş. Yəni bütün bu bölgə az qala başdan-başa özəlləşdirilmişdi. Yuxarıdan aparılan bölgü nəticəsində Çaparlının və bir neçə ətraf kəndin yararlı torpaq sahələri isə bu yerlərin hörmətli bir tayfasının payına düşüb; bu hörmətli tayfanınsa əsas nümayəndələri, deyilənə görə,  Həmzə və  Cəmşid Çaparlılar idi.      Qəribə idi, burada Çaparlıların adı pıçıltı ilə çəkilirdi; sanki adamlar öz həmyerlilərinin adını dilə gətirməkdən ehtiyat edir, çəkinir, qorxurdular.

    Cavad Əmirxanlı, Cəmşidi düz-əməlli tanımırdı. Amma Cəmşidin atası Həmzə Çaparlı onun uşaqlıq və gənclik tanışı idi. Cavad hələ o illərdən Həmzəni daxilən xoşlamırdı. Elmi müəssisələrin birində çalışan, amma elmi fəaliyyətdən daha çox, vəzifəli adamların məclislərində tamadalıqla məşğul olan Həmzə Çaparlı bəlağətlə danışan, yeri gələndə mahnı oxuyan, rəqs edən, hər yerdə özünü gözə soxan nikbin ovqatlı bir adam idi. Bu ötən illər sanki Həmzə Çaparlıdan yan keçmişdi. O, günü-gündən cavanlaşmaqda idi.

    Cavad Əmirxanlı həmyerlisi Həmzə Çaparlını arabir şəhərdə keçirilən toy-yas məclislərində görür, lakin bütün hallarda heç özü də bilmədən nə üçünsə bu ünsiyyətcil adamdan uzaq qaçmağa çalışırdı. Onun Həmzədən daxilən zəhləsi gedirdi. Amma bunun səbəbi hələ Həmzə bir yana, heç Cavad Əmirxanlının özünə də məlum deyildi.

     Nəhayət, kənddəki uzaq qohumları onu dilə tutub Həmzə Çaparlının yanına getməyə, el ağsaqqalından məsləhət almağa razı saldılar. Deyilənə görə, bu tərəflərdə torpağın, meşənin, hətta bulaqların, yəni mineral və adi suların alış-satışı yalnız  Həmzə Çaparlı ilə onun oğlunun xetir-duası, razılığı ilə həyata keçirilə bilərdi, buralarda bir iş görmək üşün başqa bir yol ağla belə gəlmirdi. Çaparlılar bu tərəflərin şəriksiz sahibləri idilər, onların sözünün üstə söz, əlinin üstə əl yox idi.

     İsti, günəşli havaların birində Cavad Əmirxanlı özlüyündə bir qədər götür-qoy edib Həmzə Çaparlı ilə görüşmək qərarına gəldi; bu görüş onun ürəyincə deyildi, amma yüz faiz əmin olandan sonra ki, onun istəyi yalnız ata-bala Çaparlıların razılığı ilə həyata keçirilə bilər, öz əzəlki fikrindən daşındı. Yaşadığı daxmadan çıxıb yola düzəldi, rastına çıxan adamlardan soruşa-soruşa el ağsaqqalının əyləşdiyi yerin, daha doğrusu, “qəbul otağının” səmtini öyrəndi.  

     Sən demə, Həmzə Çaparlının öz şəxsi mülkünün düz qənşərində onun yaraşıqlı ofisi, qəbul otağı, köməkçisi, katibəsi, sürücüsü varmış. Qəbul otağında Cavad Əmirxanlını çox da gözlətmədilər. Başı qara şalla örtülu ucaboy qız, bu, yəqin ki, Həmzə Çaparlının katibəsi idi, içəri keçib tez də geri döndü, asta, həlim səslə:

     -Buyurun, keçin içəri, Həmzə müəllim sizi gözləyir,-dedi.

     ...Cavad Əmirxanlı canını dişinə tutub əlini irəli uzatdı. Həmzə Çaparlı onunla isti görüşsə də, üzündə oynayan saxta təbəssüm açıq-aydın hiss olunurdu.

    -Cavad, salam. Xoş gördük. Heç adam inanmaq istəmir...  Sən də vətənə gələrmişsən.

   -Görünür, adam qocalanda doğulduğu torpaq onu özünə çəkir.

   Həmzə Çaparlının bir vaxtlar sifərinə səpələnmiş boz-qırmızı ləkələrdən indi əsər-əlamət qalmamışdı. Əzəlki batmış, çökək  yanaqları yağlanıb tumarlanmışdı. Hələ üstəlik onun əvvəllər çallanmış saçları da sıxlaşıb qaralmışdı.

     Həmzə Caparlı üçün tarix elə bil ki, fırlanıb geri qayıtmışdı. O, sanki zamanı tərsinə addımlayaraq göz qabağındaca cavanlaşmışdı; üz-gözündən enerji və biclik tökülürdü.

     Cavad Əmirxanlı əmin idi ki, Həmzə Çaparlını gəncləşdirən təbiət yox, cəmiyyətdir. Daha doğrusu, düşdüyü münbit mühitdir onu belə dingildədən. Həmzə Çaparlının yuxarılar yanında öz şəxsı hörmət-izzəti bir yana, deyilənə görə, kimlərinsə himayəsi altında fəaliyyət göstərən oğlu Cəmşid Çaparlının bu yanlarda kəsdiyi başa sorğu-sual yox idi.

    - Stul çək, əyləş, Cavad.

    - Sağ ol...

     -Deyirsən səni torpaq çəkib gətirib bura, hə?

    - Yəqin ki...

    - İndi torpaq çoxlarını çəkib gətirir. İşlərin necə gedir, Cavad? İşləyirsən yenə?

    - İşləyirəm.

    - İşləsən yaxşıdır. Gərək adam son nəfəsinə qədər işləsin. Mən də işləyirəm. Elmi-pedaqoji fəaliyyətimi davam etdirirəm. Burada xalq üçün gördüyüm işlər də öz yerində...

     Onların arasında bir xeyli müddət bu sayaq söhbət getdi. Cavad Əmirxanlı verilən mənasız suallardan əsəbiləşsə də özünü birtəhər ələ almaq qərarına gəlmişdi.

    Həmzə Çaparlı asta səslə dilləndi:

    - Deməli, işlərin yaxşı gedir. Ölkəmiz günü-gündən inkişaf edir. Əvvəlki hakimiyyət xalqla hesablaşmırdı, hər şey, o cümlədən millətin varı-dövləti hərraca qoyulmuşdu. Biz indi tədrıcən hər şeyi məcraya salırıq. Çalışırıq ki, böyük vətənimiz kimi doğma el-obamız da çiçəklənsin. Sən də öz kəndinə gəlməkdə düz etmisən. 

    Həmzə Çaparlının ətli dodaqları bir-birindən aralandı, gözləri qıyıldı; onun kalafa kimi açılmış ağzından kəskin bir qoxu gəlirdı. Sallaq dodaqlarının arasından iri protez dişləri, qırmızı damağı görsənirdi.  

     Nəhayət, araya sükut çökdü.

     Həmzə Çaparlı diqqərlə onu süzüb handan-hana dedi:

     -Hə, Cavad, indi isə buyur, səni eşidirəm.

   Həmzə Çaparlının yekəxana tərzdə dediyi tikanlı sözlər onu açmadı. Amma hər halda gəlişinin məqsədini deməli idi, həmkəndliləri onu möhkəmcə inandırmışdılar ki, bu tərəflərin başbiləni Həmzə Çaparlıdır və onun, necə deyərlər, buralarda iki sözünü bir eləyən ola bilməz.

    Cavad Əmirxanlı birbaşa mətləbə keçdi:

     - Mənə kiçik bir torpaq sahəsi lazımdır.

     - Nəyinə lazımdır sənin o torpaq sahəsi?

     - Özümə xudmani, kiçik bir ev tikmək istəyirəm.

     - Gərək ki, sənin ata-baba evin var burada.

     - Var. Amma mən evi Buzlaq tərəfdə tikmək istəyirəm.

     Həmzə Çaparlı sanki müsahibinin sözünü yaxşı eşitmədi, əlini qulağının ardına tutub soruşdu:

    -Harada?

    - Buzlağın yaxınlığında, meşə ətəyində.

Həmzə Çaparlı yenə diqqətlə onu süzdü.

     - Buzlaqda nə işin var sənin?- Çiyni atlana-atlana güldü:-Bəlkə orda nəsə tədqiqat işi-zad aparmaq istəyirsən, Cavad?

    - Hələ bu barədə dəqiq bir söz deyə bilmərəm.

    Həmzə Çaparlı əlini-əlinə vurub təzədən güldü. Sonra ciddi görkəm alıb içini arıtlayaraq qayğıkeşliklə dilləndi:

     - Cavad, öz kəndinə gəlməkdə ağıllı iş görmüsən. Biz  çalışıb kömək edərik, köhnə evinizdə bir balaca təmir işi aparılar, sən də arabir gəlib burada dincələrsən. Sənin nəyinə lazımdır Buzlağın yanı? Rəhmətliyin oğlu, cammat o mağaraya tərəf günün günorta çağı zorla, özü də qorxa-qorxa gedir. Sənin nə itin azıb oralarda? Vaxtilə o tərəflərə gedirdilər ki, Günəş göydən şaxıyanda ürəyiyanana, xəstəyə, zahıya bir parça buz gətirsinlər. İndi ta buza ehtiyaç yoxdur, hər evdə soyuducu var. Lazımdırsa sənə bir maşın buz təşkil etdirim. Ev tikməyə düz-dünya başına qəhətdir- nədir sənin?

   Həmsöhbətini axıracan dinləməyə Cavad Əmirxanlının səbri-hövsələsi  çatmadı, əlini irəli uzadıb əsəbi halda dilləndi:

     - Bura bax, sən gəl mənə məsləhət vermə.

     Həmzə Çaparlının dibsiz kalafaya oxşayan ağzı yenə açıldı; amma indi onun ətli dodaqları nədənsə səyriməyə başlamışdı. Bayaqdan qıyılmış gözləri  qəfildən kip yumulmuşdu. İndi bu görkəmi ilə o,  canlı adamdan daha çox, cəsədi uzaq əsrlərdən bu günə gəlib çıxan mümiyalanmış  qorxunc fironlara bənzəyirdi.

    - Yaxşı, əgər sən məsləhətə qulaq asmaq istəmirsənsə, onda mənim yanıma niyə gəlmisən?

    - Mən sənə gəlişimin məqsədini bildirdim.

    - O yerlərin öz yiyəsi var, Cavad. Ora yaşayış yeri kimi nəzərdə tutulmayıb. Bildin?

   İndi Həmzə Çaparlı hiss olunacaq dərəcədə sakit, təmkinli danışmaq istəyirdi; o, əlini son zamanlar sıxlaşıb qaralan telinə çəkib sanki nəyəsə eyhamla dedi:

    - Bir də tutaq ki, o yerdən sənə bir paça torpaq sahəsi verildi, sən necə tikinti aparacaqsan orada? Oraya nəinki maşın yolu, heç araba yolu da yoxdur.

    - Bu, mənim öz problemimdir. Mən özüm bilərəm nə ilə tikəcəyəm...

    - Ta mənim sənə deyiləsi sözüm yoxdur.

    - Mən bilmirəm, sən o yerlərin ağası-zadsan bəyəm?

    - Bu sualı sən mənə nə üçün verirsən?

    - Çünki burada mənə dedilər ki, sən baxırsan o işlərə.

    - Cavad, mən də sənin kimi elmlə məşğul olan bir adamam... Torpaq alıb-satan deyiləm. O yerlərin öz sahibi var dedim sənə.

    - Bəs kimdir onun sahibi? Bəyəm torpaq xalqın deyil?

   Həmzə Çaparlı əlini-əlinə vurub çiyinləri atlana-atlana güldü:

    -Torpaq xalqındır? Əlbəttə bizdə hər şey xalqındır, Cavad. Elə biz də xalqa məxsusuq də. Get xalqdan soruş, əgər o, razı olsa istədiyin yerdən torpaq da götürə bilərsən, üstəlik orada özünə ev də tikərsən.

    -Kim razı olsa?

    -Xalq. Axı özün də dedin ki, torpağın sahibi xalqdır.

    Cavad Əmirxanlı bir xeyli susub astadan dilləndi:

    -Mən buraya xalq arasında referendum keçirməyə, sosial sorğu aparmağa gəlməmişəm.

    Həmzə Çaparlı əlini ətli sifətində gəzdirib sakit, məhrəmanə şəkildə soruşdu:

     -Cavad, bütün bunlar öz yerində. Düzünü deyə bilərsənmi, o mağara tərəfdə binə salmaqda sənin məqsədin nədir?

     Cavad Əmirxanlı susdu. O, bu kalafaağız heyvərəyə nə deyəydi ki?

     -Əlbəttə, mən yaxşı bilirəm, o tərəflər əhəmiyyətli sahədir. Həm tarixi-etnoqrafik, həm də arxeolji-geoloji baxımdan. Amma məsələ burasındadır ki, sən nə geoloqsan, nə tadixçi, nə də arxeoloq.

    Həmzə Çaparlı bu sözləri deyib bic-bic ona göz vurdu.

    -Bəlkə hələ gizli xəzinə də yatır o mağarada. Elə deyil, Cavad?

    Cavad Əmirxanlı yüz faiz, min faiz  əmin idi ki, Mağara ilə bağlı dedikləri Həmzə Çaparlının ağlına indicə, bu anlarda gələn fikirlərdır.

   Həmzə Çaparlı sanki sözləri övkələyə-övkələyə, yastı-yastı danışırdı.

   -Bura bax, Cavad, bəlkə də xalq oranı qoruq elan elədi. Biz bu barədə yuxarılara da mürciət edəcəyik, qoy tutarlı bir qanun və ya sərəncam hazırlasınlar. Biz xalqın sərvətinə xor baxa bilmərik. Bizdə hər şey xalq üçündür. Biz bütün canımız-qanımızla xalqın qulluğundayıq. Bilirəm ki, sən də bir vətəndaş kimi mənim dediklərimə şərik olacaqsan. Elə deyilmi?

   Cavad Əmirxanlı ani olaraq nəsə fikirləşib sanki sevincək tərzdə:

   -Əlbəttə, əgər belə bir təşəbbüs olarsa mən də onu dəstəkləyərəm,-deyə, dilləndi.

    Həmzə Çaparlının ətli dodaqları sifətinə yayıldı, ağ dişləri, qırmızı damağı göründü; o, məmnun halda əlini-əlinə sürtdü, sanki öz istəyinə nail olmuşdu.

    Cavad Əmirxanlının gözü müsahibinin üzündə idi.

    Həmzə Çaparlı əlinin altındakı düyməni basdı. Başı örtüklü katıbə qız qapıda göründü.

     - Bizə çay gətir,-deyə, Həmzə Çaparlı hökmlə dilləndi və müsahibinə baxıb əlavə etdi:- Hə, bax, bu, oldu əsl səmərəli iş.

      Həmzə Çaparlının katibəsi məcməyidə gətirdyi iki stəkan pürrəngi çayı iri meşin mizin üstünə qoydu.

      Cavad Əmirxanlı başını qaldırıb kişilərə məxsus sövq-təbii bir hisslə çay gətirən qıza ötəri bir nəzər saldı: gözlərindən görünürdü ki, bu cavan bir xanımdır; qara örtüyün altından üzü aydın görünmürdü; onların, yəni  qızla qonağın, baxışları ani olaraq kəsiışdi; qız iri gözləri ilə qonağı süzüb təzədən qonşu otağa, öz yerinə qayıtdı.

      Bu gözlər Cavad Əmirxanlıya çox tanış gəldi. Amma indi bu dar macalda onun bu tanış gözlərin sahibinin kimliyini fikirləşib yadına salmaq  imkanı yox idi.

   Həmzə Çaparlının hökmlü səsi araya çökən qısa sükutu pozdu:

    - Cavad Əmirxanlı, məncə, hər şey yaxşı olacaq. Çayını iç. Vaxtımız azdır. Mən bir azdan rayona gələn xarıcı qonaqları qarşılamağa gedəcəyəm. İşim başımdan aşır. Amma neyləməli, gərək bu xalq, bu millət üçün əlmizdən gələni əsirgəməyək. Bu, şəxsən mənim vətəndaşlıq borcumdur. Çayını iç, Cavad...

     Cavad Əmirxanlı qarşısındakı dolu stəkanı qabağa itələdi. Bu, o demək idi ki, sənin çayını içmirəm.

     Əlbəttə, həmyerlisinin heç bir hərəkəti Həmzə Çaparlının diqqətindən yayınmırdı.

     Onların hər ikisi xeyli müddət bir-birini sınayıcı baxışlarla süzdülər.

     Əvvəlcə Həmzə Çaparlı qalxdı. Bu, onun həmsöhbətinə bir işarə idi, yəni o demək idi ki, səninlə boş-boşuna oturub mənasız yerə vaxt keçirməyə vaxtım yoxdur, durub gedə bilərsən öz dərd-azarının arxasınca.

    Cavad Əmirxanlı ayağa durub qapıya sarı yönəldi, iti addımlarla otaqdan çıxdı.

    Həmzə Çaparlı bir qədər otaqda var-gəl edıb pəncərəyə yaxınlaşdı, çölə baxdı, nəsə fikirləşib geri döndü, kresloya yayxınıb, əlini telefona atdı. Harasa zəng vurdu. Bir cavab gəlmədiyini görüb mizin üstündən mobil telefonu götürdü, qulağına yaxınlaşdırdı.

    - Şeytanapapıştikən, de görüm, oralarda nə var, nə yox?

   O, telefonda bir qədər dinləyib, əsəbi halda dilləndi:

   -Əşi, o, gicin biridir. Başı xarab olub onun. Bir də artıq-əskik danışsa basdıracam onu dəlixanaya. Zarafat eləmirəm, doğru sözümdür. Mənim alimimə bax bir, ilin-günün bu vədəsində mağara dövrünə qayıtmaq istəyir. Beləsınin boynununa kəndir bağlayıb qabağına da bir çəngə ot atasan, bütün günü gövşəyə-gövşəyə dura. Fikir vermə ona... Gəl bir saunanı işə sal görüm. Bu həftə nə ağ vannadan qəbul eləmişəm, nə də qırmızı. Bura bax, yaxı yadıma düşdü, bəlkə bu dəfə kokteyl vanna təşkil edək, necə fikirləşirsən? Qaydasını özün yaxşı bilirsən də. Ta izaha nə ehtiyac?  Hə, onda lazım olan nemətləri al qoy maşına, indidən hazırlıq işləri gör. İstəyirsən gəl bir az pul-para da verim, qoy səviyyəli iş alınsın.

   Həmzə Çaparlı ayağa durub fit çala-çala geniş otaqda var-gəl eləməyə başladı. Gedib qapını açdı, qəbul otağında əyləşən qızı uzun-uzadı süzüb ona nəsə demək istədi, amma sonra nədənsə fikrindən daşınıb qapını təzədən örtdü, geri qayıdıb yumşaq kresloya çökdü. Sanki kiməsə eşitdirirmiş kimi ucadan dilləndi:

    -Hər şeyin öz vaxtı var. Yetişməmiş meyvəni yemək olmaz.

    Az keçmiş Mövlud göründü. Qapının ağzında durub boynunu bükərək dişlərini ağarda-ağarda Həmzə Çaparlının üzünə baxdı; bu, Mövludun   illər uzunu cilalanmış xasiyyəti idi; bu cür yazıq görkəmi nümayişkəranə şəkildə gözə soxmaqla o, öz aləmində vəzifəli adamlarla arada məsafə saxladığını bildirmək istəyirdi. Həmzə Çaparlı  toyda-yasda, bir sözlə hər yerdə Mövludla dost olduğunu bildirirdi; Mövlud da öz növbəsində dostunun hörmətini bildiyi qaydada saxlayır, Həmzə Çaparlını  bütün xeyir-şər məclislərində tərifləyib göyə qaldırır, onu kəndlərinin tarix boyu yaratdığı ən dahi şəxsiyyət adlandırırdı. Həmzə Çaparlı da öz növbəsində ona həmişə əl tuturdu; oğlunu rayon mərkəzində işə düzəltmişdi, onun oğlunun arvadını, yəni Mövludun gəlinini isə öz yanında işlə təmin eləmişdi; gənc qadın Həmzə Çaparlının kənddəki ofisində bir növ katibə vəzifəsini icra edirdi; çay dəmləyir, telefona cavab verir, gələn qonaqları qarşılayırdı. Aydınca hiss olunurdu ki, Həmzə Çaparlı gəlinin xətrini çox istəyir. Yolu tez-tez şəhərə düşən  ağsaqqal  katibəsinə oradan hədiyyələr almağı da unurmurdu. Hətta, bu yaxınlarda ona bir üzük də bağışlamışdı. Qız hədiyyəni qəbul etmək istəməyəndə Həmzə Çaparlı nəsə yalandanmı-doğrudanmı əsəbiləşib özündən çıxmışdı:

    -Ağca, götürmək istəmirsən mənim hədiyyəmi? İnciyərəm ha...

    Ta bu sözlərdən sonra Ağcanın hədiyyəni qəbul etməkdən savayı bir əlacı qalmamışdı. Həmzə Çaparlı qaşı bərq vuran üzüyü Ağcanın ilik kimi ağ, uzun barmağına keçirəndən sonra boğazını ördək kimi irəli uzadıb qızın zərif yanağından öpməyi də unutmamışdı. Qız qıpqırmızı qızarsa da susub geri çəkilmiş, üzünü yana çevirmişdi.

   Həmzə Çaparlı Mövludla zarafatlaşmağı xoşlayırdı. Hətta, dostuna ayama da qoymuşdu: əvvəllər ona “şeytan” deyərdi, amma bu sözün dostu tərəfindən soyuq qarşılandığını görüb əzəlki ifadəni bir qədər ətə-qana gətirmişdi, son vaxtlar ona “şeytanapapıştikən” deyirdi və hiss edirdi ki, bu ayama Mövludun lap ürəyindəndir.

   Hətta, bir dəfə Mövlud öz adının ləzzətindən elə feyziyab olmuşdu ki, öz dostunun üzünə irişə-irişə əlini dizinə vurub qəşş eləmişdi:

    -“Şeytanapapıştikən”! Bəh-bəh... Nə gözəldir! And olsun allaha, mənə bundan yaxşı yaraşan ad yoxdur. Amma səndən başqa heç kəsə icazə vermirəm məni bu adla çağırsın. Gül kimi adı urvatdan salarlar birdən.

  Həmzə Çaparlı dostnu müdafiə etmişdi:

  -Düz eləyirsən. Hər it-qurdun səni Həmzə Çaparlının verdiyi adla çağırmağa ixtiyarı ola bilməz ki...

    İndi budur, Həmzə Çaparlının dostu boynunu burub qapının ağzında dayanmışdı.

   -Bir yeşik şampan şərabı...

   “Şeytanapapıştikən” tez dilləndi:

   -Baş üstə.

   - Bir pud bal.

   -Oldu.

   - Beş vedrə inək südü. Amma təmiz süd olsun ha, burada bəziləri südə su qatır, diqqətli ol. Gərək əsl kokteyl hazırlayasan.

    “Şeytanapapıştikən” cəsarətlənib mötəbər dostu ilə zarafat eləmək fikrinə düşdü, göz vurub dişlərini göstərdi:

     -Özgə bir şey lazım deyil ki, Həmzə müəllim.

     -Məsələn, nə, a şeytanapapıştikən?

     -Məsələn, ceyran, maral, ördək, qaz... O boyda hovuzda təkmi çiməcəksən, a sağolmuş?

      Həmzə Çaparlının mumuyalanmış firon sifətinə bənzər bozarmış bənizindən xəfif bir dalğa kecdi.

     -Sən işində ol, bu, sənlik deyil. Yuxarıdan qonaqlarım olacaq. Sən saunanı işə sal, hovuzu “kokteyllə” doldur, sonra çıx get öz iş-gücünün dalısıyca. Oldu?

   -Bəli. Baş üstə...

   Az sonra həyətdə “Şeytanapapıştikən”in maşınının boğuq səsi eşidildi. Mövlud “kokteyl” üçün lazım olan “məmulatların” ardınca getdi.

   Həmzə Çaparlının saunası uzaqda deyildi, arabir adamları qəbul etdiyi ofisin arxasında idi. “Şeytanapapıştikən” yaxşı bilirdi ki, sauna qızdırılandan sonra onun burada qalmasına ehtiyac olmayacaqdı. Qayda belə idi. O, bu yazılmamış qaydaya əməl edir, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırdı. Amma “sauna hazırlığına” başlayarkən “Şeytanapapıştikən”  Həmzə Çaparlıya az qala hər dəfə eyni sualla müraciət etməyi bir növ özünə borc hesab edirdi: “Həmzə  müəllim, ta özgə bir şey lazım deyil ki?” Və hər dəfə də həmin sual eyni sualla qarşılanardı: “Məsələn, sən nəyi nə təklif edirsən, a şeytanapapıştikən?” Bu yerdə adətən Mövludun dodaqları çərmənər, iri dişləri görünərdi: “Məsələn, ceyran, maral, ördək, qaz, Qaçandan, yeriyəndən, üzəndən-zaddan bir şey... Təkmi çiməcəksən o bayda hovuzda?” Həmzə Çaparlı həmişə söhbətin bu yerində “yuxarılardan” qonağı olduğunu bildirər, Mövludsa verilən tapşırığı icra etməyə girişərdi.

    Adətən, sauna qızdırılan günlər şər qarışandan sonra bu tərəflərdə yad adamların görünməsi adi hal alırdı. Gecənin gird yarısı haradansa peyda olan adamların elə təkcə maşınlarına baxıb onlar haqda müəyyən təsəvvür yürütmək olardı; nəhəng, bahalı maşınlardan düşənlərin əksəriyyəti Həmzə Çaparlının yanına məsləhət almağa gələn adamlar idi; əslində gələnlər “el ağsaqqalına” hədiyyələr gətirir, çox vaxt onun xeyir-duası ilə vəzifə başına çəkilirdilər. Mövlud hədiyyələrin nədən ibarət olduğunu təxminən bilirdi, çünki bəzən o “hədiyyələrdən” onun özünə də pay düşürdü.

  Aradan bir müddət keçəndən sonra Mövludun başı yenə qapının ağzında göründü. Mövlud Həmzə Çaparlının yanına gələn az adamlardan biri idi ki, kabinetə birbaşa keçirdi. Hər necə olsa da kabinetin sahibi öz dostu, dostunun katibəsi isə öz gəlini idi.

  -Hazırdı?-deyə, Həmzə Çaparlı başını azacıq qaldırıb soruşdu.

  Mövludun da cavabı qısa oldu:

  -Hazırdı.

  -Gedə bilərsən... Evə get. Ta buralarda sənlik bir iş yoxdur.

  -Məən...

  Mövlud nəsə demək istəsə də, nədənsə udqunub susdu. Bir söz demədən geri dönüb qapıdan çıxdı.

  Həmzə Çaparlı ayağa durub otaqda gəzişməyə başladı. Ayda bir neçə dəfə saunaya getmək onun şakərinə çevrilmişdi. Adətən, saunanı Mövlud qızdırardı. Çox vaxt gecələr  şəhərdən Həmzə Çaparlının qonaqları da gələrdi. Kişi qonaqlarla yanaşı “masajçı” qadınlar da gələrdi arabir. Bu qonaqlarla əlaqədar kənd arasında gizli bir “pıçhapıç” dolaşsa da, ucadan danışmağa cürət edənlər yox idi.

  Həmzə Çaparlı otaqda bir neçə dəfə obaş-bubaşa var-gəl edəndən sonra qəbul otağının qapısına yaxınlaşdı, ehmalca qapını açdı. Ağca mürgüləyirdi. Qız nəsə hissedibmiş kimi, yarımqapalı gözlərini açdı. Sifətinin açılmış hissəsini örtmək üçün yaylığın uclarını bərk-bərk çəkib düyünlədi. Həmzə Çaparlının bildiyinə görə, qız şəriət əhli deyildi və bu yaylığı yalnız öz ərinin təhriki ilə başına örtmüşdü. Ötən il Ağcanın toyunda ağsaqqallıq edən Həmzə Çaparlının özü olmuşdu. O, elə toy günü qızın gözəlliyinə heyran olmuşdu. Mövludun çəlimsiz, qaraşın oğlu ilə yanaşı oturan gəlinin dumağ sifəti, ala gözləri sanki ətrafa şəfəq yayırdı. Adətən, bu cür qənirsiz gözəllərə çaparlılar “Ay parçası” və ya “su sonası” deyərdilər. Toydan bir neçə gün keçəndən sonra Həmzə Çaparlının qulağına bəzi söz-söhbətlər çatmışdı. Yaşıdlarından biri söhbət əsnasında demişdi ki, toy gecəsi bəy öz bəyliyini göstərə bilməyib. Deyilənə görə, heç sonrakı günlər də bir şey hasil olmamış və  bundan möhkəmcə şübhələnən “Şeytabapapıştikən”, yəni Mövlud, həm öz oğlunu, həm də gəlini həkimə göstərməli olmuşdu. Həkim lazımı analizlər aparandan sonra bildirmişdi ki, gəlinə indiyəcən naməhrəm əli dəyməyib, sadəcə olaraq bəyin kişiliyi zəifdir. Kənddə diribaşlığı və yekəxanalığı ilə seçilən, böyüklər yanında sözü keçən, şəxsən Həmzə Çaparlı ilə yaxın dost olan Mövlud, bu hadisədən sonra xeyli müddət adamların üzünə çıxmağa ürək eləməmişdi. Deyəsən, bu mühüm məsələ heç sonrakı müddətdə də öz müsbət həllini tapmamışdı. Amma   “Şeytabapapıştikən” biabır olmamaqdanmı, ya digər bir səbəbdənmi, xülasə, hər nədənsə gəlini boşatdırmamışdı. Həmzə Çaparlı Mövludun oğlunu rayon mərkəzində işə düzəltmiş, gəlinini isə öz yanına katibə götürmüşdü.

   -Deyəsən, yuxun gəlir, yatmaq istəyirsən, hə?

  Gəlin başını azacıq aşağı əyib:

   -Yox, yatmıram,- deyə, astadan dilləndi.

   Deyəsən, Həmzə Çaparlının hələlik öz qəbul otağından çıxmaq fikri yox idi. O, ani sükutdan sonra:

    -Ev-eşikdə səni incidən-zad olmur ki?- deyə, soruşdu; onun sözündəki və səsindəki təəssübkeşlık hissini duymamaq mümkün deyildi.

   Qız qısaca, yenə astadan:

    -Yox,- dedi.

    -Deyəsən, hələ dünyaya uşaq gətirməyibsiniz...

    İndi isə Həmzə Çaparlının sözündə gizli bir eyham vardı.

    Ağca yenə:

    -Yox,-deyə, dilləndi.

    Aşkarca hiss olunurdu ki, kişi onu söhbətə cəlb etmək istəyir.

    Həmzə Çaparlı əyilib qızın alnından öpdü:

    -Bal kimi şirinsən,-dedi.

    Qız diksinib geri dartındı.

    -Burada ol, bir azdan sənə zəng vuracağam,-deyə, Həmzə Çaparlı qapıya yaxınlaşdı, iti addımlarla eşiyə çıxdı.

    Qız təəccüblə onun arxasınca boylandı.

    Artıq hava qaralmışdı.

    Həmzə Çaparlı ətrafa göz gəzdirib, binanın arxa qapısından geniş zala daxil oldu. Bura saunanın “gözləmə zalı”, daha doğrusu, Həmzə Çaparlının yeyib-içdiyi otaq idi. Adətən, o, yanına yaxından-uzaqdan gələn qonaqları əvvəlcə Mövludun yeməkxanasına aparar, özü demışkən “toqqanın altını bərkidəndən sonra” buraya, saunaya gətirərdi. Kənd camaatının pıçhapıçla deməsinə görə, arabir Həmzə Çaparlının gecələr qadın qonqları da olurdu və Mövludun yeməkxanasından başlanan qonaqlıq bu saunada yekunlaşırdı. Bunun nə qədər doğru olduğunu yalnız Mövlud bilərdi; di gəl ki, “Şeytabapapıştikən”  bütün məclislərdə Həmzə Çaparlının ünvanına tərif yağdırmaqla kifayətlənər, hətta, arada adamların gur yerində “Həmzə Çaparlının düşməni mənim düşmənimdi” deyərək, əyilmiş qəddini düzəldərək sinəsini qabardardı.  

    Son zamanlar Mövlud təkcə öz kəndlərinin dahi bir alımini- Həmzə Çaparlını tərifləməklə kifayətlənmir, əslən bu yanlardan olan digər bir alimi- Cavad Əmirxanlını pisləyib gözdən salmaqla da məşğul olurdu: “Camaat geniş dünyaya üz tutur, bu isə mağaraya... Bunu necə başa düşmək olar? Bu adam mağara ağlı ilə yaşayır hələ. Bunun başqa bir adı yoxdur ki... Vallah, adamın yazığı da gəlir buna. Uşaq deyil ki, çağırıb danlayasan, ya bir-iki kötək vurasan yanına. Saç-saqqalı ağarmış adamdır. Söz deyirsən qanmır. Belələrini görəndən sonra adamın Həmzə Çaparlıya heykəl qoymağı tutur. İnşallah, o kişiyə elə sağlığında heykəl qoyulacaq da. Canım, bir özünüz deyin, Çaparlı hara, Əmirxanlı hara? Biri bizim fəxrimiz, iftixarımız, o biri isə üzqaralığımız, başqaxıncımızdır”. “Şeytabapapıştikən” yaxşı bilirdi ki, onun dediklərini dostunun qulağına çatdıran adamlar var...

   Həmzə Çaparlı “ofisin” arxa qapısından işıqlı, geniş zala daxil oldu. Oradan saunaya keçdi. İçəri isti idi.

   Ağ mərmər vannanın içi sarımtıl qatı maye ilə doldurulmuşdu. Bu, Həmzə Çaparlının öz resepti ilə hazırlanmış “kokteyl vanna” idi; “kokteyli” hazırlamaq üçün beş vedrə inək südü, bir pud bal, bir yeşik şampan şərabı vannanın içində qarışdırılmışdı. Bu, onun özünün fikirləşıb kəşf etdiyi, yazib Mövluda verdiyi sağlamlıq resepti idi.

Həmzə Çaparlının soyunub vannaya girdi.  

    Şampan şərabının köpükləndirdiyi qatı, ətirli məhlulda bir xeyli çabalayaıb ağnayandan sonra ayağa durub əlini divardakı telefona atdı. Nömrəni yığıb ucadan dedi:

    -Ağca, mənim stolumun üstündə şampun var, onu götürüb gələrsən buraya, mənim yanıma. Mən harada olacağam ki?.. Saundayam. Daxili qapıdan birbaşa “gözləmə zalına” gələrsən... Utanma, niyə utanırsan ki?

    Saunaya iki giriş var idi. Biri bayırdan, o birisi qəbul otağından. Həmin giriş qapılarının mövcüdluğunu bir Həmzə Çaparlının özü bilirdi, bir də Ağca. Gəlin indiyəcən üç-dörd dəfə saunanın girişindəki “gözləmə zalına” daxil olsa da, içəriyə keçməmişdi. Bu gün qayınatasının ciddi-cəhdlə Həmzə Çaparlı üçün “hamam tədarükü” görməsi onu daxilən o qədər açmasa da, verilən tapşırıqları yerinə yetirməkdən savayı bir əlacı yox idi.

    Həmzə Çaparlı mərmər vannanın içindəki ətirli məhlulun içində uzanıb sinəsini ovxalaya-ovxalaya Ağcanın gəlişini gözləməyə başladı.

    “Axmaq qız, hər dəfə “gözləmə zalına” girib, tez dabanı üstə geri qayıdır. Deyəsən, o mənim nə istədiyimi anlamır. Ya da anlayır, özünü sadəlövhlüyə, daha doğrusu, gicliyə qoyur. Yox, bu dəfə onun nömrəsi keçməyəcək. Düz buraya, öz yanıma çağıracağan. Mən də ona əfəl əri deyiləm ki... Bütün ailə üzvlərinə çörək verirəm. Bir balaca mərifəti olsaydı, özü öz ayağı ilə çoxdan gələrdi yanıma. Hədiyyəmi alır, amma qucağıma gəlmir? Bu düzgün işdir bəyəm? Bu dəfə oynaya-oynaya gələr. Hələ mənim gücümə bələd deyil deyəsən. Ərini də, qayınatasını da sürgün etdirərəm bu rayondan... Lap elə bu ölkədən. Lazım gəlsə özünə də təzədən toy çaldırıb başqa birisinə ərə verərəm. Nə çoxdur subay-salıq oğlanlar...”

   Yan qapının açıldığını eşidib özünü yığışdırdı. Yəqin ki, qız gətirdiyi şampunu qoyub geri qayıtmaq istəyirdi. O, vannanın içində dikəlib ucadan qışqırdı:

   -Ağca, haradasan, içəri keç. Utanma, bəri gəl.

   Yarıaçıq qapıdan Ağcanın başı göründü...

 

   Mağaranın o üzü qonşu dövlətin nəzarəti altında idi. Oradakı əkin-səpin yeri, qalın meşə zolaqları, biçənəklər və boz təpələr çoxdan bəri sahibsiz qalmışdı. Uzun illər müharibə vəziyyətində olan iki dövlətin ərazisi arasındakı hektarlarla yararlı və yararsız torpaq sahəsi ağzıgünə yatırdı. İllərdən bəri insan ayağı dəyməyən torpaqlarda bitki və meşə aləmi də buraların heyvanat aləmi kimi yabanılaşmışdı. Arabir öz yaşayış yerlərindən tapıb yediklərinə qane olmayıb acıxan vəhşi heyvanlar dəstə ilə yaxınlıqdakı kəndlərə, yaşayış sahələrinə hücum edirdilər. Qapısında davarı, mal-qoyunu olan adamlar səksəkə içində yaşayırdılar, amma onlar yırtıcıların hər hücumuna hazır vəziyyətdə idilər, silahlarını əldən yerə qoymurdular. Bəzən gecələr uzaqlardan canavar və çaqqal ulaşması eşidilirdi. Adamların dediyinə görə, sahibsiz-nəzarətsiz qalmış yerlərdə, xüsusən, iki dövlətin arasında yerləşən neytral ərazidə, indi ilanlar mələyşrdı. 

   Həmin gecə qaranlıq düşsə də, göydə ulduzlar görünmürdü. Qaranlığın qanadları yerə zülmət rəngi ilə yanaşı bir səssizlik pərdəsi də çəkmişdi. Qu desən qulaq tutulardı.

   Gecənin bir aləmində uzaq üfüqlərdə işartılar görünməyə başladı: sanki qara qanadlarını gen-gen açıb hər tərəfi öz zülmət əsarətində saxlamaq istəyən nəhəng bir quşun tutqun lələklərinə od vurmuşdular. Odlu zərrələr qaranlığı üstələməkdə idi. İşartılar get-gedə böyüyərək qızaran tonqallara çevrilməkdə idi. Bu tonqalların gur şöləsi qaranlıq səmada işıq sütunları kimi ucalırdı. Səhərin açılmasına hələ çox qalırdı, amma uzaq üfüqlər açılan dan yerini andırırdı.

  Yanğın baş vermişdi.

  Alov hər yeri bürümüşdü.

  Yanğının gur şöləsi zülmətin qanadlarını əridərək irəliləməkdə idi. Qaranlıqda tüstü-duman görünməsə də üfüqdə göyə bülənd olan alovun dilləri get-gedə yaxınlaşmaqda idi. İllərdən bəri insan ayağı dəyməyən, vəhşiləşmiş yerlərin daşı-ağacı, otu-qanqalı çarthaçart yandıqca budaqların üstündəcə yuxuya getmiş quşlar, yuvalarına şəkilib dincələn heyvanlar qorxuya düşürdülər; onlar çaşıb qalmışdılar; görəsən gecənin yarısı sürünə-sürünə, od püskürə-püskürə üzü bəri gələn bu nə od-alovdu belə?

   Deyəsən, bu yanğının necə təhlükəli olduğunu əvvəlcə ilanlar duydular. Gündüz yaz Günəşinin istisindən meyxoş olub öz sərin yuvalarına çəkilmiş ilanların qəfil fişiltısı eşidiləndə vəhşi kolların arasında mürgüləyən başqa vəhşı heyvanlar da xofa düşdülər. Çoxbilmiş, həssas ilanlar, çox güman ki, hansısa təhlükənin yaxınlaşdığınından xəbərdar idilər.

   Mağaranın o üzündəki ərazidə, dərənin dibində və təpənin başında məskunlaşmış vəhşilərin hamısı illərdən bəri bu yerlərdə qorxu-hürküsüz yaşayırdılar. İns-cinsin gözə dəymədiyi ərazidə yaşamaq onlar üçün daha rahat idi. Burada onlar qorxu-hürküdən çox uzaq idilər. Burada illərdən bəri hərə öz ərazisinin, öz yuvasının toxunulmaz sahibi idi. Amma onlar daim hiss edirdilər ki, bu dünyada insanlarla qonşu olmaqdan təhlükəli heç nə ola bilməzdi. İndi bu yanğını da yəqin ki, gizli pusquda durmuş, bu heyvanlara  qənim kəsilmiş o alçaq və qorxulu insanlar törətmişdilər.

    ...Artıq öz yuvalarını tərk edib boz təpəciklərdən birinin ətəyinə toplaşan irili-xırdalı ilanların qəzəbli fışıltısı get-gedə artıb güyültüyə çevrilməkdə idi. Bir azdan heyvanların, quşların səsi də bu güyültüyə qarışdı.

     Yanğının isti, qarsıdıcı dalğası get-gedə yaxınlaşmaqda idi. Qorxuya düşmüş qəzəbli vəhşi heyvanların nəriltisi dərələrdə əks-səda verirdi. İndi gecikmək hər an təhlükəli ola bilərdi. Harasa baş götürüb getmək lazım idi. Amma hara? Buralarda gizlənib daldalanmağa etibarlı bir yer yox idi. Arxadan gələn alovun dilləri onları yalnız irəli getməyə məcbur edirdi. Qarşı tərəfdə isə dördayaqlıların qorxulu düşmənləri olan ikiayaqlılar, yəni insanlar yaşayırdı. İndi vəhşiləri bir yandan odlu mühasirə, digər tərəfdənsə ikiayaqlıların hiylə dolu cəza fəndləri qorxuzurdu. O yandan da vurnuxan heyvanların sürünən düşmənləri-zəhərli ilanlar...

   Vəhşi heyvanlar əvvəllər də bir neçə dəfə insanların yaşadıqları yerə gizli və aşkar şəkildə baş vurmuşdular. Amma onların hər hücumu itkilərlə başa çatmışdı; ikiayaqlılar onların bir qismini amansızcasına məhv etmiş, yerdə qalanlarınısa yaralamışdılar. Canavarlar, çaqqallar, porsuqlar, hətta, bu vəhşiləşmiş yerdə digər canlılara göz verib işıq verməyən nəhəng ayı, kaftar və şirlər arasında belə, gülləyə tuş gələn, indiyəcən yarası tam sağalmayan, ayağını çəkən heyvanlar vardı. Əslində ən qorxulu düşmənlər elə dağların o üzündəki ikiayaqlılar idi.

   Tüstü-duman qarışıq alov dalğaları anbaan yaxınlaşmaqda idi. Quşlar cividəşib yuvalarından şıxmağa məcbur olsalar da, gələn qovğadan bixəbər ətcəbalalar hələ öz quş yuxularını bişirməkdə idilər.

  Alovun dilləri yeri-göyü qarsıyırdı.

  Nəriltisi aləmi başına götürmüş heyvanlar canlarını gələn təhlükədən xilas etmək üçün özlərini uçurumların yaxası ilə uzanıb gedən dərələrə təpirdilər. Başqa bir çıxış yolu yox idi. Onları harasa uzaq yerlərə baş alıb gedən bu dərin dərələr xilas edə bilərdi; olsun ki, o yerlər buralara nisbətən təhlükəsiz, qorxusuz idi. Yaranışından bir-birinə qənim kəsilən vəhşi heyvanlar indi dərə boyu birgə, vahid bir sürünün tərkibində daban-dabana, yan-yana irəliləyir. Sanki bu anlarda onların daim bir-birinə hücum edib parçalamaq instinkti də yox olmuşdu. Baş verən fəlakət heyvanların hamısını bir araya gətirmişdi. Dünyanın düz vaxtı hər biri öz ərazisində ağalıq edən vəhşilər indi bir-birinə yol verərək irəliləyirdilər. Birinin başqasına mane olmağına nə ehtiyac vardı ki? Bəlkə irəliyə can atan heyvanlardan hansısa biri bu qorxulu, təhlükəli yollara bir başqasından daha yaxşı bələd idi?..

    İlanlar digər vəhşi heyvanlardan fərqli olaraq əks istiqamətə üz tutmuşdular. Onlar hər tərəfi qarsıyan alov dillərinin arası ilə sürünərək  boz təpələrlərin boynuna dırmaşırdılar. Bu keçəl təpələrdə kol-kos, ot-şəvəl seyrək bitdiyinə görə yanğının dilləri də buraya hələ çatmamışdı. Amma tüstünün acı nəfəsi bu yerlərdə də aydın duyulurdu.

   İlan sürüsü Buzlaq deyilən yerə sarı can atırdı. Buzlaq təpələrin o üzündəki mağaranın içindəydi. İlanların ən böyüyü, nəhəngı Haçadil həmin yerdə yaşayırdı. Bunu yaşlı ilanlar daha dəqiq bilirdilər. Mağarada məskunlaşan Haçadil son vaxtlar bir neçə dəfə, gecə yarısı, bu tərəflərə də gəlib çıxmışdı. Onun görünüşü, arın-arxayın ədası bu tərəflərdəki vəhşi heyvanların hamısını xofa salmışdı. Təkcə ilanlar bu nəhəngin gəlişindən məmnun qalmışdılar. Axı hər necə olsa da, gecə qaranlığında dərisi par-par yanan bu nəhəng, onların, yəni buradakı  ilanların qohumları olmalı idi. Qoy bu, lap uzaq qohumluq olsun, nə fərqi var ki, əsas o idi ki, onların hamısı eyni kökdən idilər. İlanların əcdadları nə vaxtsa eyni olmuşdu. Haçadilin, xüsusən, gecələr bu yerlərdə tez-tez görünməsi ilanlara sanki qol-qanad verirdi. Vəhşi cəngəlliyin digər qorxmaz vəhşiləri bu yad nəhəngin, yəni Haçadilin yanından ehtiyatla ötüb keçir, onu tərs-tərs süzürdülər. O, bu yerlərdə görünəndən sonra ilanlardan ehtiyat edən vəhşilərin sayı da xeyli artmışdı. Buranın köhnə sakinləri olan yaşlı ilanlar da bir neçə dəfə girəvəyə salıb öz nəhəng qohumlarının yuvasına baş çəkmişdilər. Haçadil doğrudan da mağara deyilən yerin əsl sahiblərindən biri, bəlkə də birincisi idi. Onlar, indi yanğının baş verdiyi ərazidə məskunlaşmış ilanlar, özlərinin güclü bir dayaqlarını tapdıqları üçün daha inamlı idilər.

   İndi ilanlar alov dillərinin arası ilə sürünərək sürətlə öz nəhəng qohumlarının yuvasına sarı axışırdılar.

   Alov get –gedə güclənir, ətrafı qarsıyırdı. Hər tərəfi tüstü-duman bürümüşdü. Heyvanlar, dar dərələrdən keçıb irəli qoşan dördayaqlıların heç biri üz tutub getdiyi yerin dəqiq “ünvanını” bilmirdi. Təkcə ilanlar, daha doğrusu, yaşlı ilanlar, əvvəlcədən tanıyıb bildikləri yerə doğru sürünməkdə idilər. Ana ilanlar artıq onları təqib etməkdə olan  alov dillərinin arası ilə qıvrıla-qıvrıla hərəkət edir, qəribə səslər çıxararaq bala ilanları da öz arxalarınca səsləyib aparırdılar. İlanların bəziləri yumurtadan təzəcə çıxmışdılar, sürünüb öz analarına çata bilmirdilər, buna görə ana ilanların bir çoxu oz balalarının belınə dolanaraq onları da özləri ilə birlikdə sürüyüb aparırdılar.

   Onlar sərt, boz qayaların üstü ilə sürünür, mənzilə tez çatmağa tələsirdilər.

   Gecənin səssizliyini ilanların vahiməli, boğuq səsi pozurdu. Artıq dördayaqlıların ayağının tappıltısı eşidilmirdi. İndi onlar ikiayaqlılardan da uzaq idilər.

   Bir azdan göydəki ulduzlar çəkilib öz “yuvalarına” getdilər. 

 

    Həmzə Çaparlını Buzlağa gətirən nəhəng “cip” yoxuşun yarısında dayandı. Sürücü nə illah elədisə irəli hərəkət edə bilmədi. Mühərrik nərildəyir, səsboğan uğuldayır, təkərlər yerində fırlanır, lülədən çıxan qatı tüstü ətrafa yayılırdı.

      Buzlağa hələ xeyli vardı. Həmzə Çaparlı maşından düşüb ətrafa boylandı. Bu yerlərdə uşaqlıq illərində olmuşdu. Onun həyatının çox hissəsi şəhərdə keşmişdi və əgər bu dünyanın axar-baxarı dəyişməsəydi yəqin ki, elə ömrünün sonunacan şəhərdə yaşayacaqdı. Belə ki, son illər cəmiyyətin bütün sahələrində baş verən yeniləşmə kəndlərdən də yan keşməmişdi. Ziddiyyətli proseslər gedirdi, bir yandan kəndlər boşalır, kəndlilər üz tutub kütləvi şəkildə böyük şəhərlərə gedir, digər tərəfdənsə, ayrı-ayrı adamların kəndlərə qayıdışı müşahidə olunurdu. Məsələ burasında idi ki, son illər kəndə dönənlərin əksəriyyəti iri şəhərlərin zəngin sakinləri idi. Bu zəngin adamlar kasıblamış kənd əhlinin dəyər-dəyməzinə satdığı ev-eşiyi, bağ-bağatı, mal-mülkü çox ucuz qiymətə ələ keçirirdilər.

       Son illərdə Çaparlı kəndində yerli əhalinin sayı sürətlə azalsa da, nəhəng tikililərin sayı xeyli artmışdı. Di gəl ki, bu iri mülklərin, villa və qəsrlərin çoxunda daimi yaşayış yox idi. Onların əksər sahibləri bu yerlərə yaydan-yaya gəlirdilər. Amma, demək olar ki, buradakı bütün yeni tikililərin xüsusi qaravul dəstələri, gözətçiləri vardı. Kənddə qalan qadın və kişilərin çoxu imkanlı adamların, kənddə təzə məskunlaşan varlı şəhərlilərin həyət-bacasında işləyir, çörəkpulu qazanırdılar.

      Həmzə Çaparlı gəlmələrdən deyildi, buranın köhnə, köklü-köməcli  sakinlərindən idi. O, son illərdə kənddə özü üşün böyük mülk tikdirmişdi. Deyilənə görə, Həmzə Çaparlının özü və oğlu Cəmşid Çaparlı ölkənin yüksək çinli məmurları ilə xoş münasibətdə idi. Bu tərəflərdə kiminsə vəzifəyə təyin olunması və ya işdən uzaqlaşdırılması ata-oğul Çaparlılar üşün su içimi kimi bir şeydi.

    Son günlər Həmzə Çaparlını bir məsələ dilxor etməkdəydi. Cavad Əmirxanlının gəlib yer iddia etməsi, Buzlaq deyilən yerdə özünə “kiçik koma” tikmək arzusunda bulunması  Həmzə Çaparlını xeyli düşünməyə sövq etmişdi. O, əvvəlcə Cavad Əmirxanlının başının xarab olduğunu zənn etmişdi. Amma son günlər kənardan qulağına çatan söz-söhbətlər onu sanki qəflət yuxusundan oyatmışdı. Rayon mərkəzində və kənddə danışırdılar ki, Cavad Əmirxanlı mağarada, daha doğrusu, oradakı  Buzlaqda, böyük bir xəzinənin izinə düşüb. Allah bilir, bəlkə doğrudan da adi adamların dəfinə kimi qələmə verdiyi o yer, əslində hansısa qiymətli metal və ya qaş-daşın gizli bir məskəni idi. Yoxsa  Cavad Əmirxanlının nə iti azmışdı ki, yaşının bu vədəsində Məcnun kimi dağa-daşa düşsün? Axı, insaf naminə demək lazım idi ki, Cavad Əmirxanlı ölkədə sayılıb-seçilən alimlərdən idi. Düzdür, Həmzə Çaparlı öz adlı-sanlı həmyerlisini elə ilk gəncliyindən  xoşlamırdı. O, elə o vaxtlardan Cavad Əmirxanlının hərəkətlərində nəsə bir yekəxanalıq, özündənrazılıq görürdü. Həmzə Çaparlını Cavad Əmirxanlıdan  uzaqlaşdıran təkcə bu cəhət deyildi. Əsas məsələlərdən biri, bəlkə də ən başlıcası bu idi ki, Həmzə Çaparlı doğulduğu kənddə özündən başqa hansısa tanınmış bir simanın olduğunu heç cür qəbul edə blmirdi. İndi onun əlinə xal qazanmaq üçün əlverişli fürsət düşmüşdü, öz yaxın adamlarının yanında eyhamla Cavad Əmirxanlının başının xarab olduğunu bildirirdi, həmin yaxın adamlar da öz növbələrində bəzən pıçhapıçla, bəzən də açıq-aşkar ağız-ağıza verıb, öz “ağsaqqallarının” dediyi fikirləri camaat arasında daha inandırıcı və tutarlı şəkildə yayırdılar...

    Ağzı yoxuşa dirənən maşının təkərləri çuxura düşüb fırlandı, ətrafa çınqıllar səpələndi; sanki maşın da sahibi kimi qeyzlənmişdi.

    Həmzə Çaparlı bir qədər kənara çəkilib sükan arxasındakı sürücünün üstünə təpindi:

   -Niyə sürmürsən maşını? Nə olub sənə?

  Sürücü əlinin arxası ilə alnının tərini silib dilləndi:

   -Mühərrik dartmır.

   -Mühərrikdə, maşında günah yoxdur, sən özün əfəlsən. Düş görüm yerə.

   Sürücü kabinəni açıb yerə atıldı. Həmzə Çaparlı cavan adam cəldliyi ilə hoppanıb sükan arxasına keçdi, hirslə ayağını qaza basdı. Maşın uğuldayıb yerindən tərpəndi. Sürücü maşının arxasınca götürüldü. 

   Maşın Buzlağın qənşərində dayandı. Həmzə Çaparlı eyni cəldliklə maşından yerə düşüb tövşüyə-tövşüyə özünü yetirən sürücünün uzunə baxmadan hirsli-hirsli dilləndi:

   -Yaxın gəl. Təkərin arxasına daş qoy.

   Sürücü maşının təkərinin dalına iri bir daş parçası qoyub kənara çəkildi.

   Həmzə Çaparlı hökmlə əmr verdi:

    -İndi buzlağın ağzındakı o qayanın üstünə çıx.

   Sürücü dinməz-söyləməz cəld qayaya dırmaşdı.

   Həmzə Çaparlı ucadan soruşdu:

   -Orada nə görürsən?

   -Mağara,-deyə, sürücü cavab verdi.

   -Bax gör içəridə nəsə bir şey görünürmü.

   Sürücü əyilib ehtiyatla, çəkinə-çəkinə üzüaşağı, mağaranın içinə sarı boylandı.

   -İçəri qaranlıqdır, heç nə görünmür. Amma uzaqdan xışıltı gəlit. Elə bil ya külək əsir, ya da ki...

   -... ya da ki, nə?

  Sürücü sanki nəyisə dinşəyirmiş kimi bir az susub dilləndi:

   - İlan səsıdir elə bil...

   - Boş-boş danışma, ilan xışıldamaz, fısıldayar.

   -Mən uşaq vaxtı buralarda çox olmuşam. Buranın bir adı da ilanlı mağara idi. O vaxtlar...

      Həmzə Çaparlı ətrafa göz gəzdirib dedi:

      -Yaxşı, bir mənə de görüm, o mağaranın ağzını qapamaq üçün bizə  neçə maşın beton lazım olar?

     Sürücü mağaranın ətrafında dövrə vurub tərəddüdlə dilləndi:

      -Ən azı on maşın... Bundan bağqa, bir maşın da armatur lazımdır.

      -Bəs yük maşınları buraya qalxa biləcəkmi?

      - Yola bir az əl gəzdirmək lazımdır.

      -Sabah Mövludu da götür get hərbi alaya, komandirə de ki, Həmzə Çaparlının tapşırığıdır, lazımi qədər texnika və canlı qüvvə versin, yolu təmizləyib mağaranı betonlamaq lazımdır. Oldu?

      -Oldu. Baş üstə.

    Həmzə Çaparlı keçib sükanın arxasında əyləşdi.

      -Təkərin arxasındakı daşı bir kənara at.

     Sürüçü onun əmrinə cəld əməl etdi.

    Mühərrikin uğultusu yaxın dərələrdə əks-səda verdi.

 

   Həmzə Çaparlı ilə aralarında olan söhbət Cavad Əmirxanlını qətiyyən açmadı. Burada qoruq yaratmaq barədə deyilənlər də onun ağlına batmırdı.

     Cavad Əmirxanlını əmin idi ki, “el ağsaqqalı” ona daxilən nifrət edir.

     Həmzə Çaparlı ilə görüşdən az sonra camaat arasında belə bir söz-söhbət yayıldı ki, mağara xəzinə yuvası imiş. Hətta, deyilənə görə, oraya qaravulçu dəstəsi də qoyulmuşdu. Əslində, belə bir fikrin gerçəkləşməsi            Cavad Əmirxanlının Buzlağa gedən yolunun kəsilməsi, onun həmin ərazidə yuva qurmaq istəyinin üstündən xətt çəkilməsi demək idi.

    Yox, bu məsələni belə qoymaq olmazdı.

    O, gecəni səhərəcən yatmadı.

    Cavad Əmirxanlı yenə rayon mərkəzinə getmək qərarına gəldi. Səhər tezdən pencəyini çiyninə atıb mərkəzi kənd yoluna çıxdı.     

    O, qarşıdan gələn maşına əl elədi.

    Yüngül minik maşınının gənc sürücüsü əyləci basdı.

    -Mən rayon mərkəzinə gedirəm.

    -Elə mən də oraya gedirəm.

    Keçib gənc sürücünün yanında əyləşdi.

    -Ya Allah...

    Cavad Əmirxanlının gözü yolda olsa da fikri uzaqlarda idi. Gözünün önünə Buzlaq, orada gördüyü mənzərələr gəlirdi.

     Handan-hana sürücünün səsi onu xəyaldan ayırdı:

     -Ağsaqqal, çatdıq.

     Cavad Əmirxanlı başını kabinədən çıxarıb ətrafa boylandı. Tanış mənzərə idi; o, çoxmərtəbəli, sarı rənglə boyanmış binanın qarşısında dayanmışdı.

     Sürücü soruşdu:

     -Məncə, düz gəlmişik, sizə bu bina lazımdır.

    Cavad Əmirxanlı bir az duruxub tərəddüd içində suala sualla cavab verdi:

     -Bəyəm rəhbərlik bu binada yerləşir?

     -Bəli, bütün rəhbərlər bu sarı binada əyləşir. Amma, ağsaqqal, inanmıram ki, bu gün qəbula düşə biləsən.

     -Nə üşün?

     -Əvvəla, burada qəbula düşmək üçün əvvəldən qəbula yazılmaq lazımdır...

     -Burasını bilirəm...

     -İkincisi isə, deyilənə görə, bu gün Buzlaq deyilən yerdə tədbir var.

    Elə bil Cavad Əmirxanlının dalağı sancdı:

    -Nə tədbir?

    -Düzü, dəqiq bimirəm. Hələ burada başqa bir tədbir də var, nəsə atla bağlı məsələdir deyəsən...

     -Nə at? At nədir?

    Oğlan çiynini çəkib:

    -Düzü, təfsilatı yadımdan çıxıb, amma eşitmişəm ki, atla bağlı bir məsələ var, onu bayram edəcəklər-deyə, dilləndi.

    -O, nə məsələdir elə?

    -Tədbir var nəsə...

      Cavad Əmirxanlı başını bulayıb sürücünün pulunu ödədi.

   “Buzlaqda nə ölümləri var bunların?.. Hə, o gün Həmzə orada qoruq yaratmaq istədiklərini demişdi. Amma bütün aləm bilir ki, Həmzə fırıldaqçının biridir. Allah bilir, hansı istəklə burnunu soxur bu işlərə.”

    Ağır addımlarla binanın qapısına yaxınlaşdı. İçəri keçdi. Qapının ağzındakı yorğun polis ona ötəri nəzər salıb təzədən mürgüləməyə başları.

     İçəridə adamlar qaynaşırdı.

     Ağır qum kisələri kimi yan-yana söykənib öz növbəsini gözləyən bu adamları sanki möhkəm daş kəndir-sapla bir-birinə bağlamışdılar. Bu “qum kisələrini” bir-birindən ayırmaq sanki heç mümkün də deyildi.

     Cavad Əmirxanlının “köhnə tanışı”, ötən dəfə gördüyü əli əsalı, gözü qalın eynəkli, qəddi oraq kimi əyilmiş ahıl kişi növbənin düz ortasında idi. Növbəsini əldən vermək istəməyən adamlar onun, bu eynəkli qocanın dediklərinə qulaq asmaq məcburiyyətində qalmışdılar:

      - Mən ötən əsrin əvvəllərindən burada növbədəyəm. Mən bura gəlib-gedən müddətdə üç dəfə sistem dağılıb, altı dəfə hakimiyyət dəyişib, doqquz dəfə dövlət çevrilişi olub. Mən yenə qəbula düşə bilmirəm. Mən dərdimi kimə deməliyəm? Bəlkə bu dünyada elə bir sirr var ki, onu məndən başqa bilən yoxdur, mən kimin qulağına və kimin qulluğuna ərz etməliyəm o sirri? Mən görürəm ki, burada, bu xarabada hamı qoyun kimi gözünü döyüb susur. Rəhbərlık də susur. Deməli, onlar da qoyundur. Tarix də bu yandan susur. Belə çıxır ki, elə tarix də qoyundur. Ax, susan qoyunlar, ax, susan tarix...

    Kişi monoloqunu təzəcə bitirmişdi ki, qara kəlağayılı bir qadın, bu, Aliyə idi, asta addımlarla yaxınlaşıb ötən dəfəki kimi, yenə zəndlə, uzun-uzadı baxışlarla onu süzərək handan-hana dilləndi:

    - Bura bax, sən...

      Cavad Əmirxanlı bu dəfə onu qabaqladi

    -Bəli, mənəm, Cavadam, Aliyə...

    -Hə, bildim. Biz səninlə tələbə yoldaşı olmuşuq.

    -Hə... Elədir. Yaxşı, de görüm sənin növbən çatdımı?

    -Yox... Haradan?.. Hələ gözləyirəm.

    -Bəlkə başqa adama, daha böyük təşkilata müraciət etmək lazımdır?

   -Ən böyük təşkilat buradır. Mən indiyəcən haraya müraciət etmişəmsə, hansı ünvana məktub-teleqram vurmuşamsa, yenə qayıdıb bu ünvana gəlir. Burada nəsə bir maqnit var, hər şeyi, hamını özünə doğru çəkir. Olsun ki, böyüklərimizin hamısı bu gün burada olacaq. Bizi Çaparlılar buradan idarə edirlər...

    -Kim?

    -Ata-oğul Çaparlılar. Bu gün onların bayramıdır.

    -Nə bayramdır elə?

    - Xürrəmin, yəni Həmzə Çaparlının atasının, yəni Cəmşid Çaparlının babasının ilk dəfə at minib ova getdiyi gündür. Deyirlər, bir azdan qapının ağzındakı o kəli götürüb onun yerinə at heykəli qoyacaqlar.

    - Bəs oradakı o bir çəngə otu necə, görəsən, saxlayacaqlarmı yerində?

    Qadın Cavad Əmirxanlının sualına tez cavab verdi:

    -Onsuz da o bir çəngə təzə biçilmiş otu hər gün dəyişirlər. Bir də ki, kəl də ot yeyir, at da... Eh, ay Cavad, otu dəyişməsələr bu dünyada nə dəyişəsidir ki?

    Birdən səs-küy qopdu, çaxnaşma düşdü.

    Az sonra bayaqdan mürgüləyən polis quş cəldliyi ilə kəl postamentinin üstünə atlanıb, şeir oxuyan təbli şairlərsayaq əl-qolunu ölçə-ölçə uca səslə mühüm bir məlumatı nəvbədə dayananların diqqətinə çatdırdı:

    -Camaat, bu gün Buzlaqda möhtəşəm tədbir olduğuna görə bütün rəhbərlik oraya yığışıb. Ata-oğul Çaparlılar da oradadır, ona görə sizi qəbul edə biməyəcəklər. Amma bu gün bizim üçün ikiqat bayramdır. Əvvəla, Xürrəmin, yəni Həmzə Çaparlının atasının, yəni Cəmşid Çaparlının babasının ilk dəfə at minib ova getdiyi gündür. İkincisi də, mağarada, yəni ki, Buzlaqda keçirilən tədbir... hə, yox... Bir də bu gün bax burada kəli at əvəz edəcək... Bu, tarixi bir gündür, tarixi bir hadisədir. Biz bu əlamətdar günü bütün şüurlu həyatımız boyu xatırlayacağıq...

    Polis monoloqunu deyib, cəld postamentdən yerə atıldı.

    Ani sükutdan sonra bir-iki yerdən adda-budda əl çaldılar, sonra əl çalanların sayı artdı, gurultulu alqış səslərindən divarlar titrədi.

   “Bəs görəsən atı buraya necə gətirəçəklər?”

   -Deyirlər, Buzlaqda xəzinə tapılıb, Cavad. Eşitməmisən ki?

    Bu sözləri deyən Aliyə idi.

    Cavad Əmirxanlının susdu.

    -Yoxsa eşitməmisən Buzlaq haqdadır?  Rəhmətlik qayınanam deyərdi ki, o Buzlaq deyilən yer cənnətin qapısıdır, orada yayın cırhacırında da buz olur. Vallah, bu Çaparlılar gec-tez o cənnətməkanı da cəhənnəmə çevırəcəklər. Bunların ayağı dəyən yerdə tikandan başqa heç nə bitməz.

   Elə bil qarının sözləri Cavad Əmirxanlını qəfil yuxudan ayıltdı; axı o kimin yanına, nə üçün gəlmişdi? Bəyəm burada onu dinləyən, onun dərdinə əlac edən tapılacaqdımı?

    Aliyə onun üzünə diqqətlə baxıb qəflətən mövzunu dəyişdi:

    -Mən bilirəm səni buraya, vətənə gətirib çıxaran nədir.

   Cavad Əmirxanlı çaşıb gözlərini döydü. Handan-hana mızıldandı:

    -Nədir?

    -Bilirəm, amma demək istəmirəm. Vaxtı çatanda deyərəm.

    -Qəribə adamsan, vallah.

    Aliyə gənc qızlar kimi nazlanıb ürəkdən güldü:

    -Sən belə düşün. Qoy olsun. Mən öz sözümün yerini bilən adamam. Bir də ki, sənin xasiyyətinə bələdəm. Axı neçə il birlikdə oxumuşuq...

    -Hmmm.. Gör bir aradan neçə il keçib?

    -Keçən illər bəzən heç nəyi dəyişmir. Çox vaxt dəyişən insanın təkcə üzü olur, astarı yox... Səni zahir aldatmasın, batilə baş vur.

   “Bunun başı deyəsən doğrudan da xarab olub. Görəsən, nəyə işarə edir?”

    Cavad Əmirxanlı tələsik xudahafizləşib qadından ayrıldı.

    Nədənsə darıxır, sıxılırdı.

    O, təzədən kəndə qayıtmaq qərarına gəldi.

    Yola çıxdı.

    Nə qədər əl etsə də uzun müddət kənd tərəfə gedən maşınlardan heç biri saxlamırdı.

    Yalnız günün ikinci yarısı onun qarşısında bir maşın dayandı.

    -Ağsaqqal, bəri gəl, keç əyləş.

    Cavad Əmirxanlı gənc sürücünü tanıdı; bu, onu bu səhər rayon mərkəzinə gətirən gənc oğlan idi.

      -Tapa bildiniz?

    Cavad Əmirxanlı duruxub soruşdu:

      -Kimi?

      Oğlan güldü:

      -Axtardıqlarınızı...

      Cavad Əmirxanlı susdu.

      Sürücü oğlan onun üzünə baxıb başını buladı.

      Yol boyu heç biri dinib-danışmadı.

      Kəndə çatanda itlər hürüşürdü.

      Əfrayıl Cavad Əmirxanlını evlərinin həyətində qarşıladı.

      Salam-kəlamsız dilləndi:

    -Xəbərdən xəbərin var?

    Cavad Əmirxanlı təəccüblə soruşdu:

    -Nə xəbər? Qulaq gündə min xəbər eşidir.

    - Mağaranı dağıdırlar.

    - Hansı mağaranı?

    - Neçə mağara var bəyəm? Buzlağı deyirəm də. Bilmirsən Buzlaq nədir, haradır? O Buzlaq ki, sən onun yaxınlığında özünə ev tikmək, yuva qurmaq, yurd salmaq istəyirdin. O Buzlaq ki, orada minillərin tarixi yatır... İndi dağıtmaq istəyirlər o buzlağı. Hələlik onun ağzına qıfıl vururlar, amma sonra dağıdacaqlar.

    Cavad Əmirxanlını sanki ildırım vurdu. Həyəcanla Əfrayılın üzünə baxdı. Heysiz-heysiz dilləndi:

     -Sən bunu haradan eşitmisən?

     -Nə eşitməkbazlıqdır? Bunu hamı bilir. Az qala rayonun bütün ağır texnikasını indi Buzlaq tərəfə yeridiblər. Yəqin dünən gecə ağır yatıbsan. Buldozerlər, traktorlar, yerqazan aqreqatlar, xülasə, hər nə varsa Buzlaq tərəfə üz tutub. Hətta, deyilənə görə, hərbçləri də cəlb ediblər bu işə. Tırtıllı tankların uğultusu eşidilir... Əvvəlcə mağaranın ətrafındakı qayaları fitillə dağıdıblar, ağır maşınlara yol açıblar. Sonra mağaranın ağzını betonla surğuclatıblar. İndi o tərəfə heç kəsi buraxmırlar. Ora silahlıların nəzarəti altındadır.

   Cavad Əmirxanlı özünü saxlaya bilməyib soruşdu:

   -Bu, nə üçündür elə?

   Əfrayıl bic-bic gülüb dedi:

   -Deyilənə görə, oranı gələcək nəsil üçün saxlayırlar. Amma yalandır, lap ağ yalandır...

    Cavad Əmirxanlının qaraşın sifəti sanki daha da qaraldı, gözlərinə zülmət çökdü.

    -Axı nə axtarırlar orada o alçaqlar?

    -Yəqin ki, xəzinə, dəfinə. Sən də qəribə adamsan, Cavad. Orada onlar vicdan, namus, qeyrət axtarası deyillər ki... Dağıdacaqlar oranı...

   Cavad Əmirxanlının başında nəsə uğuldamağa başladı. O, içində nəyinsə qırılıb parçalandığını hiss etdi. Hiddətindən dişləri ilə dodağını gəmirərək, hirsli-hikkəli baxışlarla  ətrafa göz gəzdirdi. Elə bil ki, balasını itirmiş qəzəbli canavar kimisə parçalamağa hazırlaşırdı. 

      -Özünü ələ al.

      Gətirdiyi ağır xəbərin peşimançılığını çəkən Əfrayıl indi onu sakitləşdirmək istəyirdi.

      -Hazırda dövran bunlarındır, biz nə edə bilərik? Bunlar Allahla allahlıq etmək, daha doğrusu Allahın üstündə allahlıq etmək istəyirlər. Səbrli ol, Cavad. Bilirəm, sən orada yurd-yuva salmaq arzusundasan. Amma oralar artıq onların əlindədir, onların təpiyinin altındadır. Bilmək olmaz, bəlkə elə bu cür yaxşıdır, Allahın məsləhətinə min şükür, Cavad. Daha münasib bir yerdə koma qurarsan özünə, yaşayarsan ürəyin istəyən kimi.

   Cavad Əmirxanlı susmaqda idi.

   Əfrayıl qəfildən söhbətin mövzüsunu dəyişdi:

  -Mənim yazdıqlarımla tanış ola bildinmi?

  Cavad Əmirxanlı bir müddət fikrə gedib handan-hana dilləndi:

  -Bu gün oxuyacağam.

  ...Əfrayl çıxıb gedəndən sonra   Cavad Əmirxanlı keçmiş rabitə işçisinin, uzaq qohumunun verdiyi varəqləri saralmış dəftəri götürüb əvvəlcə lampa işığında vərəqləməyə, sonra isə ucadan oxumağa başladı.

 

                         MAĞARA

 

          Deyirlər orada, dağın döşündə

         qaranlıq, xəlvəti bir mağara var.

         Elə buna görə nə vaxtdan bəri

         oraya çıxmağa qorxur adamlar.

         Bəs sən özün kimsən?

         Canlı mağara.

         Zülmətlə doludur ürəyin, insan.

         Çalış ki, çıxasan sən öz içindən,

         çalış ki, zülmətdən azad olasan.

         Guya ki, sevirsən sən bu dünyanı,

         dünyanın özü də qorxunc bir quyu.

         Sənsə bu quyuda tənhasan elə,

         dünya özü boyda oyundur, oyun.

         Sən qaça bilməzsən özün özündən,

         qaçsan da qayıdıb dönərsən geri.

         Səni qaranlıqlar izləyər hər an,

         səni məhv eləyər zalımın biri.

         O zalım əyləşib sənin içində,

         o zalım gözündən boylanır sənin.

         Sən kimə arxayın olubsan, insan,

         sənin ürəyinin atəşi sönüb.

         Sənin qismətindir kədər, iztirab,

         içində yel əsib yengələr oynar.

         Sən özün özünə məğlub olmusan,

         sənin sifətində kölgələr oynar.

         Sənin içindəki sirli mağara

         səni əjdahatək çəkər içinə.

         Sən də qoşularsan, bir səfil kimi,

         tarixin qaranlıq, zülmət köçünə.

         Heçliyə qaçmaqdır özündən qaçmaq,

         özündən qaçmaq da heçlikdir elə.

         Dünyadan getməyə tələsmə çox da,

         bəlkə yol gəlirsən dünyaya hələ.

 

     Öz-özünə uzun götür-qoydan sonra Cavad Əmirxanlı səhərisi gün, sərindüşən vaxt Əfrayılın məsləhəti ilə təzədən Həmzə Çaparlının yanına getməyi qərara aldı.

      Əfrayıl:

     -Cavad, bir də get o iblisin yanına. Bəlkə bu dəfə yanında mələklər oldu. Onsuz da yuxarılar bu tərəflərin ağalığını ona həvalə ediblər. Ağız açmaqla sınin xəncərinin qaşı düşməz ki... Madam ki, ürəyində niyyətin var, gərək bir az da təpərli olasan, əziz qardaş. Zaman alçaqların zamanəsidir, Əfrayıl həqiqət divanəsidir. Amma Əfrayılın da ağzına daş basırlar, Buzlağın da... Get, olsun ki, mən də gəldim.

      Cavad Əmirxanlı susurdu.

     Əfrayıl:

     -Mən deyənə qulaq as, əziz qardaş. Elə günü bu gün get o iblisin yanına. 

    “Yaxşı, gedərəm, Cavar. Bu, mənim onun yanına sonuncu gedişimdir. Əgər bu dəfə də müsbət cavab almasam... Onda nə olasıdır ki? Öldürəcəyəm onu? Hər halda qoy bir də ağız açım...” Amma o, indi Həmzə Çaparlının yanına təkcə torpaq üçün “saqqal tərpətməyə” getmirdi. Onun məqsədi həm də bu adamın qəbul otağındakı başı örtüklü qızı görməkdi. Axı kim idi o xanım?

     Əfrayıl:

     - İndi zanan dəyişib, Cavad. Sənin varolmağın sənin içində yaşadığın zaman deyil, sənin varolmağını sənin özünün içidə yaşayan zaman müəyyən edir. Sən zamana onun xaricindən yox, öz içindən baxa bilsən, onda özgə bir zamanda yaşadığını dərk edə bilərsən. Sən zamanı dərk etmək üçün əvvəlcə özünü dərk etməlisən; dünyanıdərk, özünüdərkdən başlayır. Mən həmişə hamıya deyirəm ki, primitiv olmayın, sadə olun. Mən daim arzu edirəm ki, adamlar, xüsusən vəzifəli adamlar qəliz olma, mürəkkəb olsunlar. Qəlizlik dayazlıqdır, mürəkkəblik-dərinlik. Axmaq və nadanlardan daha çox şey öyrənmək olar, ən azından onlara oxşamamaqla. Deyirlər ki, indi insanlığın yox, pulun zəmanəsidir. Burada bir az həqiqət də var. Güllə qabağından qaçmayan adamlar tanıyıram ki, pulun dalınca qaçırlar. Belələrinə nə deyəsən? Mən həmişə deyirəm ki, sən pulun qulu olsan, pul sənə ağa olacaq. Sən pulun ağası olsan, pul sənin qəsdinə duracaq, necə ki, hər bir nökər öz ağasının qəsdinə durmağa hazır olur; sən pulun nə dostu ol, nə də düşməni, sən onun tanışı ol; onsuz da indi biz tanışlarımızın çoxuna dost deyirik... Cavad, insan öz haqqını sonacan tələb etməlidir.

    Cavad Əmirxanlı bu dəfə həm də öz zənnində yanılmadığını sübut etmək üçün gedirdi Həmzə Çaparlının bərbəzəkli “qəbul evinə”.

    Onu yenə həmin xanım qarşıladı; o, Cavad Əmirxanlını gözaltı süzüb, heç bir şey soruşmadan sakitcə Həmzə Çaparlının əyləşdiyi otağa keçdi.  Qızın geri dönməyi xeyli çəkdi; o, handan-hana öz yerinə qayıdıb, stulda əyləşəndən sonra dilucu:

    -Buyurun, keçin-deyə, astadan dilləndi.

    Həmzə Çaparlı bu dəfə onu çox soyuq qarşıladı. Əli ilə əyləşməyə yer göstərəndən sonra, qarşısındakı kağızları üst-üstə yığı-yığa birbaşa mətləbə keçdi:

   -Eşidirəm.

   -Mən yenə o məsələ üçün gəlmişəm.

   -Hansı məsələ üçün?

   -Torpaq məsələsi üçün.

   -Hmmm... Sən haradan torpaq istəyirsən, Cavad?

   -Həmzə, sən özün yaxşı bilirsən mən haradan torpaq istəyirəm.

   -Sənin nəyinə lazımdır torpaq? Bir də ki, indi yaşadığın evin qabağında torpaq sahəsi var axı...

    -Mən Mağara tərəfdən, Buzlağa yaxın yerdən istəyirəm.

    -Oralar dövlətin sərəncamındadır. Kiminsə o yerlərdən bir qarış satmağa icazəsi yoxdur.

    -Mənim bildiyimə görə, oranın icazəsini oğlunla sən verirsən.

    Cavad Əmirxanlının dediyi son cümlə, deyəsən, Həmzə Çaparlının lap ürəyindən oldu, ayağa durub kabinet boyu obaş-bubaşa gəzinməyə başladı. “Oranın icazəsini oğlunla sən verirsən...” Handan-hana ayaq saxlayıb diqqətlə Cavad Əmirxanlının üzünə baxdı.

   -Kim deyir bunu?

   -Hamı deyır.

   -“Hamı”? O “hamı” kimdir məsələn?

   Otağa sükut çökdü.

   Həmzə Çaparlı gülümsədi, onun sallaq dodaqları səyridi.

   -Bu, Əfrayılın fantaziyasıdır. Düz deyirəm?

  

Bu əsnada Əfrayıl içəri girdi, salam-kalamsız irəli yeryib Həmzə Çaparlının qənşərində dayandı.

 

Həmzə Çaparlı. Sənə kim icazə verdi ki, özünü icazəsiz-filansız içəri təpirsən?

Əfrayıl. Mənə nə icazə?

             İcazəyə bax.

             Yoxsa icazəylə açılır səhər,

             Yoxsa icazəylə oyanır torpaq?

             Mənə nə icazə?

             İcazəliyəm.

Həmzə Çaparlı. Sənə nə lazımdır?           

Əfrayıl. Yaşamaq lazımdır bilmək istəsən.

Həmzə Çaparlı. Yaşa də. Kimdir sənə mane olan, kimdir sənin əl-qolunu bağlayan?

Əfrayıl.  Sənsən mane olan, bir də ki, oğlun.

               Hər yer özəlləşib ata malı tək.

               Hanı əkin yeri, otarğa yeri?

               Hanı biçənəklər, örüşlər hanı?

               Əl-qol aça bilmir camaat artıq,

               xirtdəyə yığılıb xalq əlinizdən.

               Bir qarış torpağa möhtac qalmışıq,

               daha bizim deyil bulaqlar, çaylar.

               Kimdir mane olan bizə? Sizsiniz.

               Əlinizdən kəndir çeynəyirik biz.

 

    Həmzə Çaparlı əsəbi şəkildə keçib stolun arxasında əyləşdi. Əlinin altındakı düyməni basdı. Qız qapıda göründü.

   

   Həmzə Çaparlı. Ağca, niyə bu adamı icazəsiz içəri buraxmısan?

 

   Qız dillənmədi, başını günahkarcasına aşağı dikdi. İndi Həmzə Çaparlı ilə Cavad Əmirxanlı üzbəüz əyləşmişdilər, Əfrayılla Ağca ayaq üstə idi. Cavad Əmirxanlının gözü Ağcanın üzündə idi.

 

  Cavad Əmirxanlı (öz-özünə) “Bu ki, Bəyazdır. Özüdür ki, var. Yox, zənnim məni aldada bilməz”.

 

   Birdən onların (Cavad Əmirxanlı ilə Ağcanın) baxışları toqquşdu. Ağca nəzərlərini ondan yayındırmaq istədi, amma bacarmadı, başına atdığı qara şalın uzun ətəyini ilik kimi dümağ barmaqları ilə  didişdirməyə başladı.

 

 Həmzə Çaparlı. Yaxşı, gedə bilərsən. 

 

Həmzə Çaparlı bu sözləri, heç şübhəsiz ki, Ağcaya deyirdi. Amma qız hələ susmaqda idi.

 

 Əfrayıl. O qızın zərrəcə günahı yoxdur,

               Mən özüm iznsiz girmişəm bura.

   

    Sonra Əfrayıl üzünü Ağcaya sarı tutdu.

 

    Əfrayıl. Sən get, bala, burada sənlik bir iş yoxdur.

 

     Qız sakitcə otağı tərk etdi.

 

Cavad Əmirxanlı. Guya kiminsə icazəsiz girməsi nəsə bir faciə-zad törədib. Bu, nə səviyyəsiz söhbətdir belə?

  Həmzə Çaparlı. Səviyyəsiz sən özünsən. Bildin? Deyəsən harada, kimin yanında olduğunu unutmusan. Hər ikiniz gedə bilərsiniz. Bir də mənim yanıma bu cür xahiş üçün gəlməyin.

Əfrayıl.  Xahişə, minnətə gəlməmişəm mən.

              Tələblə gəlmişəm sənin yanına.

  Həmzə Çaparlı. Mən sizə sözümü dedim. Bu ərazidə sizə veriləsi torpaq yoxdur. Ümumiyyətlə, bizdə boş, sahibsiz bir qarış da yer yoxdur. Sahibsiz torpaq sahəsi yoxdur bizdə.Vəssalam.

Əfrayıl.  Cavad Əmirxanlı, gəl gedək burdan,

               Kamala çatmayıb hələ bu insan.

               Heç insan deməyə dilim gəlməyir,

               Bu, xalq düşmənidir, bu, qaniçəndir.

               Alınıb-satılıb burada hər şey,

               Namus-ar satılıb, vicdan satılıb.  

               Şəhərlər satılıb, kəndlər satılıb,

               Görəsən burada bizə nə qalıb?

 

Həmzə Çaparlı. Alçaq adam, kəs səsini. İnan ki, sənin kökünü kəsərəm, nəslinin axırına çıxaram.

Əfrayıl.  İnanıram, bəli, elə bununçün

               “Qaniçən” deyirəm mən sənə, Həmzə.                

               Hər cür pislik etmək gələr əlindən,

               Bunu yaxşı bilir, anlayıram mən.

Həmzə Çaparlı. Madam ki, bunları bilirsən, onda susmağın, dilini qatlayıb qarnına qoymağın məsləhətdir.

 

   Həmzə Çaparlı fit çala-çala otaqda o baş-bu başa var-gəl etməyə başladı; o, sanki bu dəqiqələrdə yanındakı adamları görmürdü.

   Cavad Əmirxanlı ilə Əfrayıl onu tərs-tərs süzüb, otağı tərk etdilər. Onlar çayın sahilinə endilər.

 

Cavad Əmirxanlı. Mən bu məsələni belə qoymayacağam.

Əfrayıi. Hansı məsələni?

Cavad Əmirxanlı.Torpaq məsələsini, yer məsələsini. Mən bu səhər Buzlağa baş çəkmək istədim, oradakı silahlı adamlar məni heç yaxına qoymadılar. Dedilər ki, artıq buralar qoruq-muzey kimi nəzarətdədir.

Əfrayıi. Bir şey eşitmişəm mən bu günlərdə,

             Sənə də söyləyim, agah olasan.

             Deyirlər ki, Həmzə o mağarada

             Xəzinə axtarır, dəfinə gəzir.           

 Cavad Əmirxanlı. Yaxşı, səndən bir şey soruşum; bilmirsən ki, Həmzənin yanındakı o qara örpəkli qız kimdir?           

Əfrayıi. Niyə bilmirəm ki? Bilirəm, bəli,

              Ağcadır o gözəl hurinin adı.

              Özü də Mövludun gəlinidir o,

              Amma başqasına yetişir dadı.

 Cavad Əmirxanlı. Heç nə anlamadım, bir az aydın danış.            

Əfrayıi.  Mövludun oğlunun arvadıdır o,

              Amma deyirlər ki, Həmzə saxlayır.

Cavad Əmirxanlı. Necə yəniHəmzə saxlayır”?

Əfrayıi. Ta bunun necəsi-filanı yox ki,

              Həmzə məşuqə tək saxlayır onu.

              Bu mahalda hamı danışır bunu.

              Çaparlı əxlaqsız, pozğun bir adam,

              Bişərəf, bihəya, arsız, riyakar,

              Ondan hər nə desən gözləmək olar.

 

Hava yavaş-yavaş qaralırdı. Deyəsən, Əfrayıl harasa tələsirdı.

 

Cavad Əmirxanlı. Əfrayıl, getmək istəyirsən?

Əfrayıi.   Daha axşam düşür, gedək deyirəm,

               Görək başaımıza nə gəlir bizim.      

Cavad Əmirxanlı. Yaxşı, onda sən get, mən hələ buradayam, bir az gəzişəcəyəm.

 

   Əfrayıl ayaqlarını sürüyə-sürüyə getdi.

   Bir azdan qaranlıq düşdü.

   Cavad Əmirxanlı çayın sahili ilə uzüyuxarı getməyə başladı. Bu çay öz mənbəyini mağara tərəfdən götürürdü.

    “Amma indi oraya getmək mümkün deyil, o tərəflər silahlı adamların nəzarətinə verilib”.

   Cavad Əmirxanlınının içini bayaqdan bəri bir sual didməkdə idi: “O qız buraya necə gəlib çıxıb?.. Həmzənin qəbul otağındakı qız. Bu, odur, Bəyazdır, buna heç bir şübhə ola bilməz. Düzdür, sifətini tam görə bilmədim, üzünü nədənsə yaylıqla bərk-bərk örtmüşdü, amma gözlərindən tanıdım onu. Doğrudanmı yaddaşım məni aldadır? Yox, ola bilməz. Bu, odur, odur. Bəyazdır”.

   “Qəbul otğının” bir küncünə qoyulmuş stolun atxasında əyləşərək Həmzə Çaparlının yanına gəlib-gedənləri qarşılayıb-yola salan qız eyzən o idi, Bəyaz idi. Buna şəkk-şübhə ola bilməzdi. Cavad Əmirxanlı mat-məəttəl qalmışdı. Axı bu, necə ola bilərdi? Bəlkə onlar, Ağca ilə Bəyaz, əkiz baçi idilər? Yox, bəlkə onu qarabasma izləyir? Bəlkə heç Bəyaz adlı bir bəni-insan yoxdur bu dünyada? Bəlkə...”

 

Ayaq səsi eşidildi.

 

Cavad Əmirxanlı. Aliyə, bu, sənsən. Nə gəzirsən bu qaranlıqda?

Aliyə. Darıxdım.Səni görməyə gəldim, Cavad.

Cavad Əmirxanlı. Qəribə adamsan, vallah.

Aliyə. Niyə ki? Cavad, mən yaxşı bilirəm sən niyə gəlmisən bura.

 

“Deyəsən bu, doğrudan da havalıdır.Gecənin bu vədəsi nə gəzir burada? Bəs mən? Bəs mən özüm nə axtarıram? Bəlkə mən də havalanmışam?”

 

Aliyə. Cavad, siz tərəflərdə Həmzə Çaparlı adlı birisi var, yəqin ki, adını eşitmisən onun. Bəlkə elə özünü də tanıyırsan....

Cavad Əmirxanlı. Hə... Nə olub ki?

Aliyə. Sən Buzlaqdan torpaq almağa gəlmisən bura. O, sənə torpaq verməyəcək, Cavad. Onun qapısına getməyə dəyməz, Cavad. O, hamının, sənin də, mənim də, elə bütün bu rayonun  başına oyun açır. Heç bilirsən nə hoqqalardan çıxır Həmzə Çaparlı?..

 

Araya sükut çökdü. Olsun ki, Cavad Əmirxanlı ya həmyerlisi Həmzə Çaparlının nə hoqqalardan çıxdığını bildiyi üçün, ya bilmək istəmədiyi, ya da bilmək istədiyi üçün susub süaledici nəzərlərlə qadının üzünə baxdı.

 

Aliyə. O, ən ağlagəlməz işlərdən çıxır. Mən yaxşı bilirəm, iki böyük hovuzu var onun. Birində delfin, digərində timsah saxlayır.

 

Cavad Əmirxanlı yenə susdu.

 

Aliyə.Timsaha adam əti yedizdirir. Onun timsahı başqa ət yemir.

 

Cavad Əmirxanlı təəccüblə qadının üzünə baxdı. Aliyə sanki bu anlarda içərisində timsah gərdiş edən hovuzun kənarında dayanmışdı: onun üz-gözündən kədər və iztirab tökülürdü.

 

Aliyə. İnanmırsan? Həmzə Çaparlının xəstəxana və morqla müqaviləsi var; sahibsiz ölüləri ona təhvil verirlər. Onun yaxın adamı var kənddə, adı Mövluddur, meyitləri o atır timsaha.

 

Cavad Əmirxanlı hələ də susmağında, Aliyə isə danışmağında idi.

 

Aliyə. İnanmırsan, Cavad? Əvvəllər mən də inanmırdım. Amma ötən il bir qonşumuzun başına gələn işdən sonra mən inandım ki, eşitdiklərim həqiqətdir. Qonşumun qonağı gəlmişdi başqa rayondan. Deyəsən, əsgərlikdə bir yerdə xidmət ediblərmiş. Qonaq bir neçə gün qaldıqdan sonra çıxıb evinə yola düşür. Amma aradan neçə gün keçəndən sonra məlum olur ki, o, evinə, arvad-uşağının yanına gedib çıxmayıb. Aləm bir-birinə dəydi. Məlum oldu ki, həmin adamı yolda maşın vurub, üstündə də bir sənəd-filan yoxdur, ona görə bir müddət morqda saxlayıblar.

 

Qadın bir qədər susub Cavad Əmirxanlını sınayıcı nəzərlərlə süzdü.

 

Aliyə. Morqdan isə meyiti aparıblarHəmzə Çaparlının hovuzuna, orada timsahın qabağına atıblar. Ölünün sahiblərinə bir az pul verib ağızlarını mumladılar. Timsaha tez-tez bu cür qonaqlıqlar verirlər.  

Cavad Əmirxanlı. Aliyə, biz hansı dövrdə yaşayırıq?

Aliyə. Mənim gəncliyimi, mənim həyatımı da Həmzə Çaparlı tar-mar etdi, Cavad.  

Cavad Əmirxanlı. Həmzə? Sən hara, Həmzə hara?

Aliyə. Mənim nişanlımı Həmzənin əli ilə məhv elədilər.

Cavad Əmirxanlı. Bəs onu tok vurmayıb?

Aliyə. Kimi? Mənim nişanlımı? Yox, məncə onun ölümünə Həmzə Çaparlı qərar vermişdi. O, məni ələ keçirmək istəyirdi.

Cavad Əmirxanlı. Bəs sonra necə oldu?

 

Araya sükut çöxdü.

 

Aliyə. O, indi də Ağcanı da ələ keçirmək istəyir. Bilirsən Ağca kimdir. O, lunatikdir. Bunu təkcə mən bilirəm. Bilirsən də lunatik nədir? Əlbəttə, bilirsən. Sən də çox şeyi bilirsən. O qız gecələr ərini yuxuya verib, Buzlaq tərəfə gəzməyə gedir. Dağa-daşa dırmaşmaq onun əlində su içmək kimi bir şeydir. O, qorxunc uçurumlardan, dəhşətli sıldırımlardan elə asanlıqla ötüb keçir ki... O, gecələr yatmır, çimir almır. Amma yatmasa da, yuxu aləmində üzür...  Bunu bircə mən bilirəm. Olsun ki, bu, sənə də məlumdur. Axı, sən də çox şey bilirsən. Axı sən ağıllısan, böyük alimsən. İndi mən sənə bir şey desəm, qınamazsan ki, məni?

Cavad Əmirxanlı. Yox. Niyə ki? İstəsən, əlbəttə, deyə bilərsən.

Aliyə. Mən səni o vaxtlar sevirdim, Cavad.

 

Cavad susub, qadının üzünə baxdı. Amma qaranlıqda onun sifətini düz-əməlli seçə bilmədi. Təkcə Aliyənin gözlərinin parıltısını seçə bildi.

 

Aliyə. Cavad, əgər bilmək istəsən, mən səni elə indi də sevirəm. Elə o illərdə olduğu kimi. Qocalan mənim çölümdür, içim yenə həminki kimidir, Cavad. Mən bakirəyəm, təmizəm. Mənə indiyəcən naməhrəm əli dəyməyib. Mən illərdir ki, səni gözləyirəm, Cavad. Mən vaxtilə Həmzə Çaparlını it kimi qapıdan qovmuşam. O, bunun əvəzində məndən intiqam alır. Mən bu ötən illər ərzində nələr çəkmişəm, bunu bir Allah bilir. O, məni işsiz-gücsüz qoydu, mən isə əvəzində onu adam yerinə qoymadım bu illərdə. O, bunu yaxşı bilir. O, mənim vaxtilə səni sevdiyimi də bilir. Yəqin ki, buna görə sənə də nifrət bəsləyir. O, bu gün də ötən illərin qisası ilə yaşayır.

 

“Deyəsən, mənim başım xarab olmaqdadır”. Beynindən keçən düşüncələrə az qala özü də bəraət vermək niyyətində idi.

 

Aliyə. Mən gedirəm, Cavad. Bilirdim ki, sən Həmzə Çaparlınının yanından çıxandan sonra bu axşam bu çayın sahilinə gələcəksən. Yox, soruşma mən bunu haradan bilirdim. Gəldim ki, səni görüm, ürəyimdə illərdən bəri gizli qalmış bir sirri faş adim. İndi ürəyim sakitləşdi. İnnən sonra mənim haqqımda nə fikirləşirsən fikirləş. Özün bilərsən.

 

    Aliyə bir anda gözdən itdi. Qadın sanki qaranlığa qovuşdu.

    Cavad Əmirxanlı çaşıb qalmışdı. O, özü üçün hələ də bu qadının ağıllı ya ağıldankəm olduğunu müəyyənləşdirə bilmirdi. Təhsil aldıqları o uzaq illərdə bəlkə heç kəlmə belə kəsmədiyi bu əcaib qadının gecikmiş “etirafları” nədənsə indi onun ürəyini sıxırdı. Yəqin ki, qadının dedikləri Ətiqənin qulağına çatsaydı ər-arvad arasındakı “soyuq müharibənin” alovları daha da gur yanardı.

    Ətiqə... O, sanki arvadının xəstəliyini indi, yada salıb qəflət yuxusundan ayıldı. “Görəsən, Ətiqənin halı necədir? Gör bir nə vaxtdan əlaqə saxlaya bilmirəm onunla. Yəqin ki, ürəyində asıb-kəsir məni. Amma ürəyindən keçənləri dilinə gətirmir heç vaxt. İncidiyini büruzə verməsə də ilan kimi çalmağa əlverişli fürsət, vaxt gözləyir həmişə. Bu, onun taktikasıdır. Bu, bəlkə də bütün qadınların sınaqdan keçirdiyi bir oyun qaydasıdır... Hələ Aliyə də bu yandan... Vaxtilə sevirmiş məni. Özü də bakirədir indiyəcən. Deyəsən, bu tərəflərdə hamının başına hava gəlib. Bəlkə elə mən özüm də havalanmışam? Haradan meydana çıxdı bu  lənətə gəlmiş mağara, bu Buzlaq, bu Bəyaz?

   Bəyaz... Aliyənin deməyinə görə o lunatikdir. Nə olsun ki? Bəs onun məni çəkib apardığı o sirli aləm necə? Mən ki, lunatik deyiləm. Bəlkə elə mən də...” 

 Qaranlıqda qəfil parlayan bir cüt göz onu fikir-xəyal aləmindən ayırdı.

   -Cavad bəy...

   Bu, Bəyaz idi. Qızın əlindəki gümüşü budaq qaranlıqda göydən yerə enmiş şimşək parçasına bənzəyirdi.

   -Salam, Cavad bəy...

   Cavad Əmirxanlı karıxsa da özünü ələ aldı.  

  

   Cavad Əmirxanlı. Zülmətdir. Mən sənin üzünü görmürəm.

   Bəyaz. Mən isə səni apaydın görürəm.

   Cavad Əmirxanlı. Bilirsənmi, Buzlağı o biri başından bağlayıblar.

   Bəyaz. Bilirəm, Cavad bəy.

   Cavad Əmirxanlı. Buzlağın ağzını betonlayıblar.

   Bəyaz. Bilirəm.

   Cavad Əmirxanlı. Guya orada xəzinə var.

   Bəyaz.  Bilirəm.

   Cavad Əmirxanlı. Onları yalnız var-dövlət maraqlandırır. Onlar sərvət üçün hər şeylərindən keçməyə hazırdeırlar.

   Bəyaz. Bilirəm. (Pauza). Artıq sənin gördüyün buz heykəllər əriməyə başlayıb, Cavad bəy.

   - ...

   Bəyaz. Bəlkə də sən heç düz-əməlli bilmirsən o heykəllər haradan gəlib çıxıb buzlağa.

  - ...

 Bəyaz. Həmin heykəllər bir zaman adi insanlar olublar. Onlar könüllü surətdə bu yolu seçiblər.

 Cavad Əmirxanlı. Hansı yolu?

  Bəyaz. Buz heykələ dönmək yolunu.

  Cavad Əmirxanlı. Niyə seçiblər bu yolu?

  Bəyaz. Onlar bizim əcdadlarımız olublar, Cavad bəy. Könüllü surətdə özlərini donmağa məcbur ediblər.

  Cavad Əmirxanlı. Bu nə zaman baş berib?

  Cavad Əmirxanlı. Bəyaz.  Sən nəyi nəzərdə tutursan?

  Onlar buzlağa nə vaxtdan gəliblər?

   Bəyaz. Bu, çox uzun illər bundan əvvəl baş verib. Onlarırın yaşı bəlkə də bu Buzlağın yaşı qədərdir.        

  Cavad Əmirxanlı.  Onlar nə məqsədlə özlərinin buz heykələ dönməsini istəyiblər?

   Bəyaz. Onlar insanların nə vaxtsa əbədi bir həyat yaşayacaqlarına inanıblar. Ümid ediblər ki, donmuş bədənləri günlərin bir günü açılacaq və  onların buz qatlarının arasından boy verib dikilən bədənləri təzədən canlanacaq, o canlanan bədənlərə yenidən ruh gələcək.

  Cavad Əmirxanlı. Bəs sonra?

  Bəyaz. Nə sonra? Bizim əcdadlarımız nə vaxtsa əbədi həyata, ölümsüzlüyə inanırdılar. Elə ona görə də onlar bu buzlağı özləri üçün əbəbiyyətə açılan bir qapı hesab ediblər...

  Cavad Əmirxanlı.  ...və könüllü olaraq oranı məskən seçiblər. 

 Bəyaz. Bəli.

 

“Bəlkə mən ondan hər şeyi öz adıyla soruşum. Görəsən o, lunatik olduğunu bilirmi. Bu, bəlkə də Aliyənin uydurmasıdır. Özü də əzəlki geyimindədir”.

 

Cavad Əmirxanlı yalnız indi qızın Həvva geyimində olduğunun fərqinə vardı. Elə bil bayaqdan qızın çiyninə qonmuş zülmət gecə birdən-birə qara şal kimi sürüşüb yerə düşdü.

  Qızın mühakimələri onu heyrətləndirməkdə idi. Yox, burada hansısa xəstəlikdən, havalanmaqdan söhbət gedə bilməzdi.

 

   Bəyaz. Məni bir insan olaraq öz növümün taleyi daim düşündürüb, Cavad bəy.

   Cavad Əmirxanlı. Hansı mənada?

   Bəyaz. Elə hər mənada. Onun həm daxili, həm də zahiri aləminə baş vurmaq mənimçün həmişə maraqlı olub. Mən o Mağarada illərdən bəri öz əcdadlarımın ruhu ilə danışır, onların cisminə qoruq çəkirdim. Əcdadlarım olmasa, mən də olmayacam. Sən mənə inanmırsan, Cavad bəy?

 

Qız nədənsə gülümsədi və bir müddət müəmmalı şəkildə susdu.

 

Cavad Əmirxanlı. İnanıram, əlbəttə. Yaxşı, səncə Mağaradakı buz heykəllərin, daha doğrusu, buz adamların, taleyi necə olacaq?

 Bəyaz. Təəssüf ki, bu, artıq bizdən asılı deyil, Cavad bəy. Mən bilmirəm bu işlərin sonu necə olacaq.

 

Hər ikisi bir xeyli susdu.

 

Cavad Əmirxanlı. İstəyirsən ikimiz də birlikdə gedək Buzlağa...

Bəyaz. Onsuz da bu mənasızdır. Kimdir bizi oraya yaxın buraxan? İndi o tərəflər nəzarətə alınıb.

 

Yaxınlıqda şağğıltı eşidildi.

 Cavad Əmirxanlı diksinib qeyri-ixtiyari ətrafa boylandı.

Qız bir göz qırpımında qaranlığa qovuşdu.

Gələn Əfrayıl idi.

 

Əfrayıl.  Bayaqdan burdasan?

              Bəs getməmisən?

              Elə bil kimləsə söhbət edirsən?

              Get dincəl, yuxuna haram qatma sən.

              Hər şey yaxşı olar, fikir eyləmə.

              Hələlik hər şeyi pul həll eləyir,

              Doğru söz heç kəsə lazım deyildir.

              Vaxt gələr həqiqət tapar yerini,

              Doğru doğru olar, yalansa yalan.

              İndi qarışıbdır ağ ilə qara.

              İnsanlar bu başla gedirlər hara?

              İndi əvəz edib yolsuzluq yolu,

              Hamı var-dövlətin, sərvətin qulu.

               Gəl gedək, gəl gedək, Cavad, gecədir.

               Səni bu yerlərdə saxlayan nədir?

  Cavad Əmirxanlı. Hə, gedək. Bir azdan səhər açılacaq.

 

Onlar çıxıb getdilər.

 

Günəş doğdu.

Sübh tezdən Əfrayılın səsi kəndi başına götürdü; o, köhnə iş yerinin-poçtun qapısında dayanıb qışqırırdı.

 

Əfrayıl. Camaat, ilanlar kəndə hücüm edib.

Mövlud. Nə hay-küy salmısan?

Əfrayıl. İlanlar...

Rəhman. Nə ilan? Sən hansı ilanlardan danışırsan, Əfrayıl kişi?

Əfrayıl. Görmürsünüz ilanları? Odur, dağın döşündən, Mağara tərəfdən üzü bəri axışıb gəlir.

Əfrayıl. Doğrudan, o nədir  elə? Elə bil sel gəlir.

Mövlud. Nə sel? Axı yağış yoxdur. Heç göy üzündə bulud da görünmür.

 

Maşın səsi eşidildi.

 

Rəhman. Kimsə gələn var.

Mövlud. O, “kimsə” deyil,Həmzə Çaparlıdır.

Əfrayıl. Onun özü ilandan betərdir.

    

 Maşın səsi uzaqlaşdı. Həmzə Çaparlı gəldi.      

 

Həmzə Çaparlı. İlan sürüsü kəndə hücum edib.

Əfrayıl. Bunun günahı sizdədir.

Həmzə Çaparlı. Bizdə?

Əfrayıl. Bəli, sizdə. Gedib ilanların yuvasına çöp uzatdınız. Onlar da hücum etdi...

Həmzə Çaparlı. İlanlara çöp uzadan sənin qohumun CavadƏmirxanlı oldu. İlanları qəzəbləndirən odur.

Əfrayıl. Bəs kim idi Mağaranın ağzını betonlayan: sən ya CavadƏmirxanlı?

Həmzə Çaparlı. Boş-boş çərənləmə.

Mövlud. Çərənləmə boş-boş. Bizim aramızda ilanlarla dostluğu, ya düşmənçiliyi olan bir kimsə yoxdur.

Rəhman. Elədir.

Həmzə Çaparlı. Deyəsən, ilan sürüsü istiqaməti dəyişdi. Odur, bir baxın.

Mövlud. Hə, elədir. Görünür, mağaranın ağzının betolandığını görüb yolu dəyişdilər. Mənim tüfəngim maşındadır, əgər o sürü kəndə yaxınlaşsa mən onları gülləboran edəcəyəm. Bilirsiz də, ilan gülləyə-qırmaya doğru atılır həmişə. Yeganə heyvandır ki, özü öz əcəlini könüllü seçir.

Əfrayıl. Amma onu da unutmayın ki, ilanların qisası çox amansız olur. Bəzən bala ilan gəlib öz anasının qisasını alır.

 Həmzə Çaparlı. Bu adam həmişə bəd şeylərdən danışır.

Mövlud . Onun xisləti belədir.

Əfrayıl. İlan sizin yanınızda toya gedəsidir.

Mövlud. Bura bax,  axmaq şeylər danışırsan ha, Əfrayıl. İlan üçün saxladğım saçmaları dolruraram qarnına. Bildin?

Rəhman. İlan sürüsü geri qayıdır...

Əfrayıl (mənalı tərzdə). İlanın ağına da lənət, qarasına da...

 

Əfrayıl qəzəblə yerə tüpürüb onlardan aralandı.

Bir azdan Həmzə Çaparlı, Rəhman və Mövlud da çıxıb getdilər.

 

Mağaranın qarşısında onu əli silahlı adamlardan biri qarşılayıb  uca səslə soruşdu:

  -Dayan, hara gedirsən?

  -Buzlağa-deyə, Cavad Əmirxanlı özünə də qəribə təsir bağışlayan həlim səslə, sakit, təmkinli bir tərzdə cavab verdi.

   Əlisilahlının səsi sanki dırmaşıb dağın lap yuxarı başına qalxdı:

   -Axı sənə deyildi ki, Buzlaq indi dövlətin mühafizəsi altındadır. Sən yenə gəlmisən bura? Deyəsən əcəl hərləyir səni, qoca. Geri dön. Əgər geri qayıtmasan bu dəqiqə atəş açacağam.

  Cavad Əmirxanlı  ayaq saxladı. “Bu cür nadan düşüncəli alçaqlardan nə desən gözləmək olar”.  

   Sonra geri dönüb asta addımlarla üzüaşağı enməyə başladı. Əvvəlcə heç özü də bilmirdi ki, hara gedir. Çünki kənd əks tərəfdə yerləşirdi. Amma ayaqları onu tamam ayrı səmtə çəkib aparırdı.   

    Bir xeyli gedib meşənin ətəyindəki vadiyə çatdı. Ayaq saxladı. Nədənsə bu yerlər ona tanış görsənirdi. Diqqətlə ətrafa boylandı. Zəndi onu aldatmamışdı: bura bir neçə gün öncə onun  qızla, Bəyazla (bəlkə də Ağca ilə) “qayıq gəzintisindən” sonra tərk etdiyi yeraltı aləmin çıxışı idi! Odur, axıb gedən o çay da ona lap doğma gəlirdi: çay öz başlanğıcını Buzlaqdan götürürdü. Cavad Əmirxanlı mağaraya onun girişindən daxil ola bilməmişdi, çünki ora Həmzə Çaparlının silahlı adamlarının nəzarəti altında idi, əvəzində indi çıxışdan içəri daxil olmaq imkanı yaranmışdı. Mağaranı nəzarət altına götürənlərin ağlına da gələ bilməzdi ki, Buzlağın girişi olduğu kimi, bir çıxış hissəsi də var. “Yeraltı səltənətə hansı yolla getməyin nə fərqi var ki, giriş olsun, ya çıxış”? Cavad Əmirxanlı indi çıxışdan daxil olub girişə doğru hərəkət edə bilərdi. Amma qəflətən yadına düşdü ki, o, həmin gün “yeraltı dünyadan” çıxışa qədər olan məsafəni Bəyazın idarə etdiyi qayıqla qət etmişdi. Belə çıxırdı ki, indi üzüaşağı axan çayın əks isiqamətinə hərəkət etmək lazım gələcəkdi.

   O, vadini keçib çaya sarı endi. Gurhagur axan çayın kənarındakı təbii, yaşıl “səki” ilə, çəmənliklə irəliləməyə başladı. Qarşıda onu tanış “dəhliz” gözləyirdi.

    Nəsə xışıltı, fısılti səsləri eşidilirdi. Sanki haradasa yaxınlıqda körük basır, körüyün küt, boğuq səsini səsucaldanla ətrafa yayırdılar. Cavad Əmirxanlı başını qaldırıb diqqətlə ətrafa göz gəzdirdi. Onu dəhşət bürüdü: burada ilanlar məskunlaşmışdı. Ağac girdinləri kimi yan-yana sərələnmiş ilanlar onlara tanış olmayan varlığın yaxınlaşdığını hiss edib başlarını qaldırdılar. Əfilərin qəzəbli gözləri Cavad Əmirxanlının üzünə dikildi. İlanlar bir xeyli elə bu vəziyyətdə donub qaldılar. Sanki onlar sakitcə pusquda durub kiminsə əmrini gözləyirdilər. Tazliklə “əmrverənin” özü göründü: Haçadil “ağac girdinlərinin” arasından baş qaldırdı. Cavad Əmirxanlı bir neçə gün öncə ona “bələdçilik” etmiş tanış ilanın gözlərinin içinə baxdı. Deyəsən, Haçadil də onu tanımışdı. Öz “başçılarının” hərəkətindən, daha doğrusu, hərəkətsizliyindən, hər şeyi dürüst anlayan ilanların dikəlmiş başları az sonra aşağı əyildi. 

   Buradan o tərəfə sarı Cavad Əmirxanlıya yenə Haçadil “bələdçilik” edə bilərdi. Bəs bunu “köhnə dosta” necə izah etməli, onu öz istəyindən necə hali etməli?

   Haçadil tez-tələsik ilan sürüsündən ayrılıb, ona yaxınlaşdı. Boynunu irəliyə sarı uzadıb iri ağzını açdı, haça dilini havada oynadaraq yerində qıvrıldı. Sonra oxlov kimi düzəlib çayın sahili ilə üzüyuxarı sürünməyə başladı. Bu, deyəsən, Cavad Əmirxanlıya bir işarə idi; yəni, ay adam balası, arxamca gələ bilərsən.

   İndi onlar çayın tam əksi istiqamətinə gedirdilər: ilan irəlidə sürünür, insan onun arxasınca gedirdi.

   Çayın sakit axarına gəlib çatdılar. Tanış qayıq, bir neçə gün əvvəl olduğu kimi yenə suda aram-aram yırğalanırdı.

   Qayığa minməyin bir faydası yoxdu; qayıq çayın axarı istiqamətinin əksinə gedəsi deyildi ki...

   Cavad Əmirxanlı başını qaldırıb ətrafa nəzər saldı. Hər tərəf yaşıllığa qərq olmuşdu. Yeraltı səltənətin al-əlvan çiçəkləri baş-başa verib öz səssiz nəğmələrini oxuyurdular. Çayın suyu göz yaşları kimi dupduru idi. Səssiz suların dibindəki parlaq daşlar işıldaböcək kimi yanıb-sönürdü.  Cavad Əmirxanlı sanki əsl cənnətə düşmüşdü. O, burada daxilən rahat idi;”yerüstü dünyada” qarşılaşdığı murdar, acgöz, yaramaz adamların nə üzünü görür, nə də səsini eşidirdi. Ona “bələdçilik edən” Haçadil, yəni əfəl ilan, yəqin ki, Həmzə Çaparlıdan daha xeyirxah idi.

   O, Haçadilin arxasınca gedirdi. 

   Ötüb getdiyi yerlər ona tanış gəlirdi; burada hər şey ölü sükütuna qərq olmuşdu. 

   Onlar, Cavad Əmirxanlı və Haçadil buz heykəllərin uyuduğu mağaranın nəhəng “salonuna” çatdılar. İndi burada sakitlikdən əsər-əlamət qalmamışdı: əriyən qar suları qıjıltı ilə axaraq böyük dünyaya çıxmaq, yerin üstündəki sulara qovuşmağa tələsirdi.

    Az sonra gördüyü mənzərə Cavad Əmirxanlını dəhşətə gətirdi: bir neçə gün öncə gördüyü buz heykəllərin çoxu indi əriyib tamam yox olmaq üzrə idi. Onların əksəriyyətinin yerində bozumtul qar təpəcikləri qalmışdı.

     Cavad Əmirxanlı zülmət gecədə  Bəyazın dediklərini xatırladı: “Bizim əcdadlarımız nə vaxtsa əbədi həyata, ölümsüzlüyə inanırdılar. Elə ona görə də onlar bu buzlağı özləri üçün əbəbiyyətə açılan bir qapı hesab ediblər...” Onda Cavad Əmirxanlı qızın dediklərinə əlavə etmişdi:  “...və könüllü olaraq oranı məskən seçiblər”.  Bəyaz ona əlüstü cavab vermişdi: “Bəli”.

   Yox, o, nə onda, nə də indi qızın dediklərinə istehza etmək niyyətində olmamışdı. O, Bəyazın dediklərinə cani-dildən inanırdı. 

   Qar heykəllər onun gözləri önündəcə əriyib çamura çevrilməkdə idi. Görünür, bu yeraltı dünyada uzun bir zaman daxilində formalaşmış təbii balans son günlər pozulmuşdu. Allah bilir, indi bəlkə də insanlıq özünün ən gərəkli, ən qiymətli bir sərvətini itirməkdə idi.

   Haçadil artıq büzüşüb güncə sıxılmışdı. Gur suların bulanıq dalğası onun quyruğunu yalayıb keçirdi.

   Qəfildən buz heykəllərin arasından bir qaraltı zühur eləıdi. Cavad Əmirxanlı gözlərinə inanmadı: bu, Bəyaz, yox, daha doğrusu, Ağca idi. Onun əlində gümüşü budaq, əynində qara paltar var idi. Ağca (həmişə olduğu kimi) başına da qara yaylıq örtmüşdü; onun sopsoyuq gözləri ilan gözləri kimi parıldayırdı.  

   Cavad Əmirxanlı qıza sarı addımladı.

   Qız ucadan fit çaldı. Haçadil boynunu irəli uzadıb qıvrıldı, sonra ox kimi düzəlib irəli şığıdı; ilan sanki harasa tələsir, mühüm bir tapşırığı yerinə yerirməyə çalışırdı.

   Cavad Əmirxanlı qıza yaxınlaşdı.

   Bəyaz, daha doğrusu Ağca, asta səslə dilləndi:

   -Sən doğru düşünürsən, Cavad bəy. İnsanın fikrindən keçən hər şeyi oxumaq mümkündür.

   Cavad Əmirxanlı duruxub ayaq saxladı.

   “Bu, haradan bilir ki, mən nə barədə düşünürəm?”

   -Mən elə sənin düşündüyün adamam.

   “Mənim düşündüyüm adam? Yəni hansı adam? Yaddaşları oxuyan, yoxsa...”

   -Düz tapmısan, Cavad bəy?

  Cavad Əmirxanlı özünü saxlaya bilməyib soruşdü:

   -Bura bax, sən kimsən? Ağcasan, yoxsa Bəyaz? Yoxsa hər ikiniz eyni adamsız? Haradan gəlib, haraya gedirsən?

   Qız cavab verməyib susdu, gülümsədi. Onun təbəssümündə nəsə bir sehr, bir ovsun vadı.

 

  Haçadil çayın axarı boyunça şütüməyə başladı; o indi geriyə, öz üzaq qohumlarının, baş verən yanğından xilas olaraq ona pənah gətirmiş ilanların, yanına tələsirdi. İlanlar öz doğma yurd-yuvalarından didərgin düşmüşdülər. Məsələ burasında idi ki, bu günlərdə Haçadailin də yuvası təhlükə altında qalmışdı. Haradansa peyda olmuş ikiayaqlılar onun yuvasının üstünü qapamışdılar. O, indi öz məskəninə uzaq, dolanbac bir yolla getməyə məcbur olmuşdu. Nə üçün belə olmalıydı? Haçadaili öz yuvasından belə asanlıqla perikdirmək olmazdı. O, düşmənlərə belə tez, belə asan  təslim ola bilməzdi.

  Haçadail sürətini artırdı. Uzaqdan fışıltı eşidilirdi. Deyəsən, ilanlar yeraltı dünyanın nəhənginin gəlişini hiss etmişdilər.

  Haçadil başlarını dikəldib ona tamaşa edən ilanların yanından keçib mağaranın çıxışına sarı süründü. İlan sürüsü bir andaca hərəkətə gəldi. Deyəsən, onlar Haçadilin niyyətini başa düşmüşdülər. İlanlar bir-birinə dolaşa-dolaşa mağaranın boğazına doğru axışmağa başladılar; sanki amansız qasırğa dolaşıq kol-kosu kökündən qoparıb harasa, ünvanı bilinməyən bir boşluğa doğru süpürüb aparırdı. Əfi sürüsü Haçadilin arxasınca qoşmuşdu. İndi heç bir qüvvə bu vəhşi axının qarşısını ala bilməzdi. Az sonra sürüdəki ilanlar yeraltı dünyaran çıxıb yerin üstü ilə, qayaların arası ilə üzüyuxarı sürünməyə başladılar. İlanların çoxu bu yerləri ilk dəfə idi ki, görürdü. Sürü cəsur və əzəmətli Haçadilin arxasınca axıb gedirdi.

   Hava isti idi. Buraya təzə gələn ilanlar bu cür havanı sevirdilər. Amma Haçadil daha çox öz geniş, sakit, sərin yuvasında dincəlməyi xoşlayırdı; o, öz ərazisinin şəriksiz ağası idi. Orada o, özünü daha rahat və təhlükəsiz hiss edirdi. Amma məsələ burasında idi ki, indi onun mağarasının ağzını qapamış, onu öz yuvasından didərgin salmışdılar.Yox, Haçadil ikiayaqlılara elə-belə, asanlıqla təslim ola bilməzdi. Budur, onun arxasınca üzüyuxarı sel kimi bir sürü axıb gedirdi. Onların hamısı Hacadilin əmrinə müntəzir idilər.  

   Əfilər Buzlağın həndəvərinə çatanda maşın uğultusu eşidildi. Sonra bu uğultunu qarışıq səs-küy əvəz etdi. Çox güman ki, ikiayaqlılar ilan sürüsünü görüb əl-ayağa düşmüşdülər. Əslində heç Haçadil özü də indiyəcən bu qədər ilanı bir yerdə görməmişdi. Əzəmətli, cəsur Haçadil indi özünü hədsiz güclü hesab edirdi. O, sürünün önündə gedirdi.

    İlan sürüsü adamlara sarı axışırdı.

   Adamlar ilanların yaxınlaşdığını görüb yaxınlıqdakı yük maşınının kabinəsinə doluşdular. Amma maşının kiçik kabinəsi onların hamısını tutmadı; ona görə adamların bir neçəsi cəld hərəkətlə maşının kuzovuna dırmaşdı. Qızmış ilanlar düz onların üstünə gəlirdi.

   Kuzova qalxmış ikiayaqlılardan biri ucadan qışqırib nəsə dedi. İlanlarla adamlar arasındakı məsafə bir-iki ilan boyu ancaq olardı. Bu zaman dəhşətli gurultu eşidildi. Qırmalar dolu kimi ətrafa səpələndi. İlanlar qırmalara sarı tullandı; sanki onlar təhlükəni elə havadaca qapıb zərərsizləşdirmək istəyirdilər.

    Növbəti atəş yük maşınının kabinəsindən açıldı. İlanlar yenə qırmalara sarı atıldılar; bu vəziyyətdə onlar havada süzən oxa bənzəyirdilər.

    Get-gedə sürəkli atəşlərin sayı artmaqda idi. İlanlarla adamlar arasında ölüm-dirim müharibəsi gedirdi. Heç bir tərəf təslim olub geri çəkilmək niyyətində deyildi.

   Atəş səsləri dərədə əks-səda verirdi.

   Haçadil bir neçə yerdən yaralanmışdı. O, sürünüb özünü maşının altına təpdi. İndi ilan dəstəsi pərən-pərən olmuşdu. Əfilərin bir neçəsi kabinəyə və kuzova dırmaşmaqda idi. Kabinədəki adamlar tez-tələsik şüşəni yuxarı qaldırdılar; indi onlar təhlükəsiz yerdə idilər.

  Yük maşınının üstündəki adamlar bir neçə dəfə ard-arda atəş açdılar. Güllələri havada udan ilanların qəzəbli fışıltısı adamları vahiməyə salmışdı. İndi yerdə bir-birinə kəndir kimi dolaşıb-sarmaşmış yaralı-ölümcül ilanlar qıvrılıb açılırdı.

   Bu dəm kabinənin şüşəsi astaca endirildi. Qəzəbli ilanlardan biri ox kimi havaya atılıb başını çölə çıxaran adamın boynundan çaldı. Dəhşətli qışqırıq səsi güllə kimi qayalara dəyib geri qayıtdı.

   Tüfənglər təzədən şaqqıldadı.

   Haçadil sürünüb yük maşınının altından çıxaraq yaxınlıqdakı qayalığa üz tudu. Sağ qalan ilanlar yaralı Haçadilin arxasınca qoşdular.

  Yenə atəş səsləri eşidilirdi.

 

   Qız dillənmədi.

   Cavad Əmirxanlı yenə soruşdu:

    -Əsl adın nədir sənin?

   Qız gülümsəyib onun üzünə baxdı. İndi onun gözlərinin dərinliyində sanki vulkan püskürürdü.

    Cavad Əmirxanlı yenə nəsə demək istədi. Amma dili söz tutmadı. Dizləri əsdi. Qız əlindəki budağı sehrli çubuq kimi havada oynatdı. Sanki mağarada qəfildən külək baş qaldırdı, “gümüşü ağacı”ın yarpaqları titrəməyə başladı. Qız bircə anda qeybə çəkildi, səssizliyə qovuşdu. Cavad Əmirxanlıya elə gəldi ki, qar üstə bir müddət qızın işıqlı haləsi qaldı, sonra o işıq da tədricən çəkilib getdi. Haradasa nəsə ilan kimi fışıldadı. Ətrafa qurğuşun kimi ağır bir zülmət çökdü.

   Yerdə, daha doğrusu, qarın üstündə nəsə közərməyə başladı. Cavad Əmirxanlı əyilib baxdı, bu, köz deyildi, bir qom çiçək idi. Bu bir dəstə çiçək bir ovuc bənövşəyə bənzəyirdi. Çiçəyin rayihəsi ətrafı bürüdü. Yox, bu bənövşə ətri deyildi. Cavad Əmirxanlı bu çiçəyi haradasa görmüşdü. Bəs harada? Yuxudamı? Həyatdamı? Sanki onun yaddaşı birdən-birə su kimi durulub açıldı. O, qəfildən yeraltı səltənətə ilk dəfə  endikləri günü, yaşıllıqlara qərq olmuş vadidən keçərkən çayın sahilində budaqları çətir kimi açılmış ağacı və həmin ağacın yarpaqları arasından boylanan zərif çiçəkləri xatırladı. Onu da xatırladı ki, o vaxt həmin çiçəklərin bihuşedici ətri ətrafa yayılmışdı və bu ətir uzun müddət onu tərk etməmişdi. İndi həmin günün ovqatını təzədən yaşamağa başlayan Cavad Əmirxanlı bu ətri acgözlüklə ciyərinə çəkdi. Sonra əyilib çiçəyi yerdən götürmək istədi. Səntirlədi. Yerə çökdü.

   Uzaqdan şaqqıltı eşidildi. Sanki ildırım çaxdı, göy gürüldadı. Yeraltı səltənət dəhşətli uğultu içində yırğalanmağa başladı.

   Qəfil peyda olan yaralı Haçadil yerə uzanmış Cavad Əmirxanlıya yaxınlaşdı. Sonra ağrıdan qıvrılan ilan, başını çiçək dəstəsinin üstünə qoyub qəzəblə fışıldadı.

  

  Əfrayıl Cavad Əmirxanlının evinin qapısını bərk-bərk döyməyə başladı. İçəridən cavab gəlmirdi. Səs-küyə yaxınlıqda tonqal çatmış qonşu özünü yetirdi.

  -Nə olub, ay Əfrayıl?

  -Cavada teleqram var. Bu rəhmətliyin oğlu haraya gedib görəsən, əziz qardaş?

  -Yaxşı, bəs o nə teleqramdır elə?

  -Budur, burada yazılıb: “Cavad, təcili gəl. Ətiqənin vəziyyəti ağırdır. Şəhla”. Poçtdan verdilər mənə. Axı mən köhnə rabitə işçisiyəm. Bilirsən, Ətiqə kimdir? Cavad Əmirxanlının arvadı.

  -Bilirəm. Onda belə çıxır ki, arvad rəhmərə gedib.

  -Mən də elə düşünürəm, əziz qardaş. “Vəziyyəti ağırdırın” ta orası-burası yoxdur ki... Biz belə şeyləri yaxşı bilirik.  De görüm, sən sonuncu dəfə onu harada, nə vaxt görmüsən?

  -Kimi?

  -Qonşunu. Cavadı deyirəm də...

  -Dünən səhər gördüyümdür. Subaşına çıxmışdım. Həm də qurumuş ağacları, çürümüş yarpaqları yandıracaqdım. Gördüm ki, o, həyətdə kiminləsə söhbət edir. Amma mən nə illah elədimsə onun yanındakı adamı görə bilmədim. O, tək idi. Di gəl ki, əl-qolunu ölçə-ölçə kiminləsə ucadan söhbət edirdi. Mən yüz faiz əminəm ki, onun yanında adam vardı. Amma, sadəcə olaraq, o adamı mən görə bilmədim. Heç sən də görə bilməzdin o adamı yəqin ki... Elə şeylər var ki, onu gözlə görmək olmur axı...  Hə, Əfrayıl, sən bu gecəki seli-suyu   gördün də. O, görəsən, nə sel idi elə?.. Öz aramızdır, bu tərəflərə çoxdandır heç yağış da yağmırdı. Neçə gün idi ki, hava xoş, göyün üzü isə buludsuz idi. Bəs o sel birdən-birə haradan gəldi görəsən?..  Eşitmisən, deyirlər Buzlaq tərəfdə, mağarada xəzinə tapıblar?.. Guya orada Mövludu  ilan çalıb. Eşitməmisən? Bunu bütün kənd danışır ki. Deyirlər, Həmzə Çaparlı yaman qorxuya düşüb. Bilirsən nədən? Sən onun yanında işləyən o örpəkli qızı tanıyırdın? Mövludun gəlinini deyirəm. Tanımırdın? Nə olub sənə, Əfrayıl? Niyə dillənmirsən?

   Əfrayıl sakitcə kişinin üzünə baxıb susurdu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə