Q, yarıqaranlıq otaqda, açıq pəncərənin önündə oturmuşdu. Xatirələr baş alıb gedirdi...

 

Bir vaxt, onlar bir-birini ağlasığmaz dərəcədə çox sevirdilər. Gözəl və ideal bir çütlük!

Çoxları onlara həsəd aparırdı: öz eşqinə qovuşmayanlar, qovuşub ayrılanlar və hələ sevginin nə olduğunu bilməyənlər...

Amma bu çoxdan olmuşdu... Q-ya hətta elə gəlirdi ki, xatirladıqlarının heç biri başına gəlməyib, hamısını özündən uydurub.

 

 

...Onlar soyuq bir payız günündə, təsadüfən qarşılaşmışdılar və elə o andan bir-birinə vurulmuşdular, dəlilər kimi... 

İlk baxışdan məhəbbət! – hansına ki, K hər zaman inanmışdı, Q isə qəlbinin ən mübhəm guşələrində arzulamışdı.

K onu mələk sanırdı, onun gözündə ən gözəl və ən mehriban qadın idi; başına dolanır, balaca ağ əllərini dönə-dönə öpürdü. Q isə, onu öz xəyallarının qəhrəmanı hesab edirdi – xeyirxah və güclü.

Sevgilərini sözlə izhar etməyə gərək yoxdu, baxışları sözlərdən daha dolğun və daha mənalı idi. Bir-birinin gözündə dünyanı görürdülər. Bir-birindən başqa da, heç kimsəni görmürdülər. Birlikdə keçən saatlar an kimi uçub gedirdi, ayrılıq dəqiqələri isə illərdən də uzun olurdu. Hər şey nağıllardakı kimi ecaskardı! Əslində, elə bu özü bir nağıl idi – onların ülvi və səmavi məhəbbətləri haqda nağıl!

Amma bütün bunlar keçmişdə qalmışdı... İndi nə məhəbbət vardı, nə inam, nə də ümid. Ümid isə ən sonda yox olduğuna görə ...

 

Qüssə və yorğunluq Q-nın bütün varlığına hakim kəsilmişdi. Kövrək qəlbini məngənətək sıxan amansız sükutda əyləşib düşünürdü...

 

 

“Gənclik! Ömrün bu çağında, gələcək – cazibədar, xumar bir ulduza bənzəyir. İnsan, bütün sərhədləri aşa biləcək, bütün çətinliklərin öhtəsindən gələ biləcək bir güc hiss edir özündə. Hər doğan gün əvvəlkindən daha maraqlı olur. Əbədi məhəbbətə inanır və onun gəlişini gözləyirsən. İçində elə bir duyğu olur ki, sanki sənə heç bir bədbəxtlik üz verə bilməz; nəsə olsa belə, sonu mütləq yaxşılıqla bitəcək. Düşünürsən ki, həyata hansısa böyük bir missiyanı yerinə yetirməyə gəlmisən. İşıqlı sabaha, həkimlərin xərçəng xəstəliyinin dərmanını tapacağına, alimlərin zaman mühərrikini icad edəcəyinə, yadplanetlilərin bizimlə əlaqə yaradacaqlarına və daha nələrə inanırsan...

Amma zaman ötür, günlər keçir, illər bir-birini əvəz edir və getdikcə anlayırsan ki, düşündüyün kimi deyil; hər şey daha mürəkkəb, daha qəlizdir. Maraqsız günlər, cavabsız arzular, yerinə yetirilməyən vədlər və unudulan sözlər də var həyatda...

Ən doğma, ən yaxın bildiyin adam səndən uzaqlaşa, yadlaşa bilər. Bu isə birdən-birə olmur... Nə bir günə, nə bir ilə... Yeksənəkliklər üzündən diqqət yayınır, azalır, getdikcə həyata rəng qatan şeylər yoxa çıxmağa başlayır: parklarda gəzintilər, birlikdə konsertlərə, filmlərə getməklər... Bunların yerini gündəlik qayğılar, məişət problemləri tutduqca, hər şey  dəyişir, rənglər bozumtullaşır, dünya adiləşir...

Çaldığın melodiyalar daha onu əfsunlaya bilmir, səni qucaqlayıb öpüşlərə qərq etmir, sadəcə, mürgüləyir... Söz-söhbətlər, mübahisələr çoxalır... İnciklikləri unudub barışa bilmək  getdikcə daha çox zaman aparır. Hər acı söz iti bıçaq kimi ürəyi daha dərin yaralayır...

Ən dəhşətlisi odur ki, bir gün ayılıb görürsən ki, tanıdığın, sevdiyin insan daha yoxdur, onun yerini heç zaman sevə bilməyəcəyin başqa birisi tutub. Bir zamanlar öz mehribanlığıyla sənə qüvvət verən, hüzur gətirən doğma gözlərə baxdıqda soyuq bir boşluğa düşürsən. Buz baxışlar  iliyinə işləyir, damarlarına dolur, bütün zərif hisslərini amansızcasına dondurur... və... Sevgi ölür...”

Q bunları düşündükcə, açıq pəncərədən içəri boylanan külək, onun ipək tellərini oxşayır, ilıq nəfəsiylə yaşlanmağa başlamış gözəl üzündəki narın göz yaşlarını qurutmağa çalışırdı.

 

Bu mümkündürmü? Sevgi də ölə bilərmi?!

Min illərdir ki, insanlar bu suala cavab axtarırlar. Sakit axşamlarda həyat səhifələrini vərəqləyərkən, bizi tərk edənləri, öz xoşumuzla itirdiklərimizi və vüsayına çatmadıqlarımızı düşünürük. Yuxusuz gecələrdə, buz kəsilmiş yataqda uzanaraq sınqın könlümüzün şikayətini dinləyir, bir vaxtlar bizə qanad verən, içimizi titrədən, misilsiz sevinc gətirən keçmişləri xatırlayırıq.

Bəli... Bəzən məhəbbət insanın bütün instinklərini özünə tabe edir, görməyə, eşitməyə, fikirləşməyə qoymur. Məhəbbət, heç də düşündüyümüz kimi abstrakt məfhum deyildir! O – canlıdır; doğulur, yaşayır və ölür... O, biz ona öyrəşən zaman, laqeyd və biganə qalan zaman ölür. Məhəbbət vərdişi sevmir, çünki vərdiş – sükunət, adilik və soyuqluq deməkdir. Məhəbbətsə - alovdur, ehtirasdır, hərəkətdir! O, dəyişkənliyilə bir haldan başqa hala keçən maddəni xatırladır və bu müxtəlifliyilə bizi gah sevinməyə, gah da qəmlənməyə vadar edir.

Deyirlər ki, məhəbbətdən nifrətə bir addımdır. Bəlkə də... Bəs, biganəliyə necə? Sevgi ölüncə onun yerini nə tutur? Nədir bu boşluğu dolduran? Nifrətmi? Ağrımı? Bəlkə də, elə bu boşluqdur ruhumuzu çəkib sonsuz qaranlıqlara aparan?

Q, nə bu suallara cavab, nə də yaşamaq üçün özündə güç tapa bilirdi. Bircə onu bilirdi ki, bir zamanlar onlar bir-birini çox sevirdilər və çoxları onlara həsəd aparırdı: öz eşqinə qovuşmayanlar, qovuşub ayrılanlar və hələ sevginin nə olduğunu bilməyənlər...

 

Moskva

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə