Son xəbərlər

 

Müəllif barədə:

Yaşar Süleymanlı Moskva şəhərində yaşayır, Şəhriyar adına Ədəbiyyat-mədəniyyət Cəmiyyətinin ən fəal üzvlərindəndir. Şeirləri ilə tanınan bu gənc yazar həm də bir neçə maraqlı hekayə müəllifidir.

Onun özünəxas təhkiyəsi ilə seçilən bir hekayəsini ayb.az-ın istəkli oxucularına təqdim edirik.

 

 

                                                  DELFİN DİLİNDƏ ÜÇ KİÇİK QIĞILTI

 

 Sübh günəşi Qara dənizin sularından oğrun-oğrun qalxaraq dağların qoynunda məskən salmış Koktobel şəhərini öz nuruna boyayırdı. Bir tərəfi dəniz, bir tərəfi dağlar olan, kiçik amma çox ecazkar bir şəhər – Koktobel gün doğarkən daha da ecazkar görünürdü.

Xəfif yaz küləyi dalğaları sahilə tərəf qovurdu. Sahildən bir az aralıda bir necə delfin dalğalarla yarışa girib dalğaların üzərində atılıb düşürdülər. Delfinlər özlərinə məxsus şən səsləri ilə elə bil bir-birilərinə «görək kim daha yüksəyə atıla biləcək» deyib bu yarışı daha da qızışdırırdılar. Aralarındakı ən kiçik olan bala delfin o birilərindən geri qalmamağa çalışır, daha çox canfəşanlıq edirdi.

Uzaqdan sahilə tərəf bir qaraltı gəldiyi göründü. Bir azdan bu qaraltı böyüyüb mühərrikli qayığa çevrildi. Delfinlər qayığı görcək dalğalarla yarışdan əl çəkib yaxınlaşan qayığa tərəf üzməyə başladılar. Yanılmamışdılar, qayıqdakı qoca balıqçı Pyotr kişi idi. Delfinlər Pyotru görcək sevinc səsləri çıxarıb qayığı dövrəyə aldılar.

Pyotr delfinləri görən kimi mühərriki söndürüb qayığı dayandırdı və başındakı köhnə dənizçi beretkasını cıxarıb, bir az aşağı əyilərək «Salam mənim mehriban və şən dostlarım», - dedi. Delfinlər də öz növbələrində qəribə səslər çıxardaraq sanki qocanı salamladılar.

Pyotr kişinin çox qəribə bir adəti var idi. Hər gün tutduğu balıqların bir qədərini ayırıb delfinləri yemləyərdi. Delfinlər də ötən illər ərzində qoca balıqçıya o qədər öyrəşmişdilər ki, çəkinmədən balıqları onun əlindən alıb yeyərdilər.

Pyotr hər zamankı kimi delfinləri yemlədikdən sonra bir müddət onların şən oyunlarını izlədi və sonra «Hə mənim əzizlərim, salamat qalın, sabaha qədər», - deyib mühərriki işə saldı. Delfinlər də öz növbəsində razılıq əlaməti olaraq başlarını aşağı yuxarı edib elə bil qocaya «Hələlik, sabaha qədər» dedilər.

Qayıq yerindən tərpənəndə delfinlər də yarış atları kimi cərgələnib qayıqla yarışa başladılar. Ən çox da qoca balıqçının bu xoşuna gəlirdi. Delfinlərlə onun sahilə qədər olan yarışı. Delfinlər gah qayığın yanıyla üzür, gah da önünə keçib suya kəllə vurur, şən səsləri ilə bir-birini bu yarışa daha da qızışdırırdılar.

Birdən bala delfin bəlkə təcrübəsizliyindən, bəlkə də hesabı düz götürmədiyindən özünü sürətlə gedən qayığa çırpdı, yaralandı. Bunu görən qoca tez qayığı geri döndərib özünü yaralı delfin balasına yetirdi.

O, hərəkətsizcə suyun üzərində qalmışdı. Ətrafındakı digər delfinlərsə elə bil haray qoparır, nalə çəkirdilər. İçlərindən biri - yaralı delfinin anası idi - burnunun ucuyla ona toxunub yanıqlı səslər çıxarırdı. Elə bil, «Axı sənə nə oldu, mənim balam, niyə belə hərəkətsiz qalmısan, bir özünə gəl», - deyirdi.

Pyotr qayığı bala delfinə yaxınlaşdırıb mühərriki söndürdü, əlləri ilə  ona toxundu. Yarası çox ciddi idi. Zərbənin gücündən yazığın kürəyi parçalanmışdı.

Delfinlərə tərəf baxıb, təəsüf hissi ilə «Mən istəməzdim belə olsun», - dedi. Sonra üzünü  delfinlərə tutub: «Burda qalsa ölə bilər, icazə verin onu özümlə sahilə aparım, bəlkə baytarlar sağalda bildilər», - söylədi.

Elə bil qocanın nə dediyin anlayırmışlar kimi delfinlər bir müddət bir-birilərinə baxıb öz aralarında nə isə mübahisə etdilər. Sonra ana delfin qayığa yaxınlaşıb yalvarış dolu nəzərlərlə qocanın gözlərinə baxdı və razılıq əlaməti olaraq başını aşağı yuxarı elədi. Elə bil ana delfin gözləri ilə qocaya yalvarırdı, nə edirsən et, amma balamı xilas et, deyirdi.

Qoca yaralı delfin balasını əlləri ilə qayığın içinə doğru çəkməyə başladı. Hələ kiçik olsa da o,  çox ağır idi. Qocanın ona gücü çatmırdı. Delfinlər yaxınlaşıb burunlarının ucu ilə yaralı delfini qayığa tərəf qaldırmağa başladılar. Qoca delfinlərin köməyi ilə birtəhər cəkib bala delfini qayığa saldı və üzünü ana delfinə tutub «Sənə söz verirəm, əlimdən gələni edəcəm və balanı sağaldıb sağ-salamat sənə qaytaracam», - dedi.

Ana delfin yenə yalvarış dolu baxışlarla qocaya baxıb sanki: «Sənə inanıram, inanıram ki, balamı sağ-salamat mənə qaytaracaqsan», - söylədi.

Qoca mühərriki işə saldı və sahildən 50-60 metr məsafədə olan məşhur Koktobel delfinariyasına tərəf istiqamət aldı. Həm dənizə yaxın olduğu ücün, həm də delfinlərdən anlayışı olan baytar Dimanın işləməsi səbəbindən ora qocanın tək ümüd yeri idi. Həm də qızı Darya yenicə orada delfin tərbiyəçisi kimi işə düzəlmişdi. O da nə isə bir köməklik edə bilərdi.

Qayıq sahilə yaxınlaşdıqca delfinlər qayığın ətrafında bacardıqca yüksəyə atılaraq  hay-küy salır, elə bil sahildə səhər gəzintisinə çıxmış adamların diqqətini özlərinə çəkmək istəyirdilər.

Adamlar yaxınlaşan qayığa və qayığı müşayət edən delfinlərə maraqla baxırdılar. Qoca qayığı buxtaya yaxınlaşdırıb cəld bir hərəkətlə sahilə atılıb əlindəki kəndirlə qayığı dayanma dirəyinə bağladı və maraqla onu seyr edən adamlara tərəf səsləndi:

- Nə durub baxırsınız, tez köməyə gəlin!

Adamlar şaşqın vəziyyətdə qocaya tərəf qaçmağa başladılar. Delfinlər də qayıqdan bir az kənarda həyəcanlı səslər çıxardaraq elə bil hamını köməyə səsləyirdilər.

Qoca qayıqdakı toru götürüb bir neçə yerə qatladı və qayığın içinə sərdi. Qayığın başına toplaşıb maraqla yaralı delfini izləyən adamlara «Nə gözünüzü döyürsünüz, kömək edin, delfini torun üzərinə aşırdaq», - dedi qoca. Hərə bir tərəfdən kömkələşib bala delfini torun üzərinə aşırdılar. Qoca dərindən nəfəs alıb, «Hə indi götürün, amma ehtiyatlı olun, yarası ağırdır», - dedi və delfinariyaya işarə edib: «Oraya aparmalıyıq», - söylədi.

Adamlar köməkləşib çətinliklə də olsa delfini qayıqdan çıxardılar və bir-təhər delfinariyaya doğru aparmağa başladılar. Ana delfin yaralı balasının arxasıyca baxıb haray çəkir, sanki balasına yetişməkçün özünü sahilə atmaq istəyirdi, yanındakı delfinlərsə onun qarşısını kəsib nəsə deyirmiş kimi əcaib səslər çıxarırdılar. Sanki, «Narahat olma, balan tezliklə sağalacaq», - deyib ona təskinlik verirdilər.

Adamlar çox böyük çətinliklə yaralı delfini delfinariyanın qapısının ağzına qədər gətirə bildilər. Pyotr qapını itələdi. Qapı bağlı idi. Pyotr kobud və uca səslə «Açın qapını», - deyib qapını döyməyə başladı. Bir az keçmiş yarıyuxulu olan qarovulcu kişi qapının gözlüyünü açıb təəcüblə ora toplaşan adamlara baxdı və «Nədir, nə istəyirsiniz delfinariya səhər saat onda açılır», - dedi.

Pyotr əsəbi halda «Aç qapını, korsan, görmürsən torun arasındakı yaralı delfini?» - söylədi.

Qarovulçu gözlərini ovuşdurub şaşqın-şaşqın torun içindəki delfinə baxdı və: «Siz dəli olmusunuz, bilmirsiniz məgər delfin ovlamaq yasaqdır?», - dedi. Pyotr lap özündən çıxdı:

- Ay axmaq nə ovlamaq, bu yaralıdır, tez baytara zəng vur gəlsin, bir az da keçsə tələf olacaq!

Qarovulçu elə bil yuxudan ayıldı və tez qapını açıb «gəlin» deyə əli ilə adamlara işarə etdi, özü də binanın icinə doğru qaçaraq getdi.

Pyotr üzünü adamlara tutub «Haydı, götürün bunu hovuza aparmaq lazımdır, çox sudan kənarda da saxlamaq olmaz», - dedi. Onlar hovuzun başına çatanda qaravulçu da özünü onlara yetirdi. «Zəng vurdum Dimaya, indilərdə gələr», dedi.

Pyotr qarovulçuya tərəf baxıb, «Daryanı tanıyırsanmı» deyə soruşdu. Qarovulçu: «Hansı, bizim yeni tərbiyəçini deyirsiniz?», - deyə suala sualla cavab verdi. Pyotr: «Hə, onu deyirəm, mən onun atasıyam, zəng vur o da tez gəlsin», - dedi.

Qarovulçu bir qədər fikirləşib heç nə demədən gözdən itdi. Bir müdət sona baytar və Darya gəlib çıxdılar. Bu vaxt ərzində adamlar bala delfini hovuza salmışdılar, amma o elə əvvəlki kimi hərəkətsiz idi.

Baytar yaralı delfinə baxıb «Tez çıxardın onu sudan», - dedi. «Suyun içində mən ona nə edə bilərəm axı?»

Pyotr hovuza girib bala delfini hovuzdan kənara çəkməyə başladı. Bir neçə nəfər də ona kömək etmək ücün hovuza girdilər və delfini çəkib hovuzdan çıxardılar. Baytar delfinin parçalanmış kürəyinə baxıb başını buladı və «çox pis, çox pis» deyə donquldandı. «Hə, nə deyirsən», - deyə Pyotr baytardan soruşdu.

Baytar yenə başını bulayıb «Bu yarayla çətin sağ qala bu», - dedi. Sonra çantasını açıb alətlərini hazırlamağa başladı.

Darya yaralı delfin balasına baxdıqca göz yaşların saxlaya bilmirdi. Qırıq səslə «Nə olub buna, ata», - deyə soruşdu. Pyotr başını aşağı dikib «Mənim qayığıma çırpdı özünü», - dedi.

Baytar Daryaya baxıb «Nə dayanıb baxırsan, gəl kömək elə», - çəmkirdi.

Baytar delfinə bir neçə iynə vurduqdan sonra onun parcalanmış kürəyini əvvəlcə hansısa məhlulla yudu və sonra tikiş atmağa başladı.

Darya yenə ağlayırdı.

Baytar hirslə ona baxıb «Az gözünün suyunu tök, yaraları bir birinə möhkəm sıx ki tikişləri yaxşı vura bilim», - dedi. Bir az sonra baytar işini qurtardı və «Mən əlimdən gələni etdim, indi ümüd Allaha qalıb», - söylədi.

Pyotr delfinə yaxınlaşıb əlini onun yaralı kürəyinə qoydu və «Xahiş edirəm ölmə, yoxsa vicdan əzabı sonra məni də öldürər. Həm də, axı mən sənin anana kişi sözü vermişəm ki, səni sağ-salamat ona qaytaracam», - dedi. Baytar Pyotra tərəf baxıb «Sənin bir günahın yoxdur, hələ baladır, uşaq kimi dəcəllik etmək istəyib və bu hala düşüb» - söylədi, sonra «Hə, di kömək edin, bunu hovuza salaq», - dedi.

Hərə bir tərəfdən köməkləşib bala delfini yavaşca hovuza saldılar.

Bir müddət sonra hamı dağılışıb getdi, bir tək Darya hec yerə getməmişdi. Dayanıb eləcə delfin balasına baxırdı.

Bir qədər düşünüb Darya əynini dəyişdi, üzgüçülük paltarını geyindi və hovuza – delfinin yanına düşdü. Uzun sarı saçları suyun üzünə dağılmışdı Daryanın. Göy gözləri ağ, bir az da çilli olan üzünə xüsusi bir gözəllik verirdi. Kənardan baxanda əsil su pərisinə oxşayırdı o. Gözəl və ecazkar.

Darya delfin balasına yaxınlaşıb ehmalca burnunun ucundan öpdü və titrək səslə «Nə olar ölmə, nə olar yaşa», - dedi. Bu zaman saatlardır ölü kimi huşsuz qalan delfin balası elə bil sehirli bir söz eşidibmiş kimi canlanmağa başladı. Astadan civiltili bir səs çıxardı, elə bil, «Sən kimsən, mən hardayam» deyə soruşdu. Darya özündən asılı olmayaraq sevincək «ura» qışqırdı və bala delfini öpməyə başladı. O, delfini sığallaya-sığallaya «İnanıram, inanıram ki, sən tezliklə sağalacaqsan», - dedi. Axşama qədər Darya bala delfinin yanından ayrılmadı. Hətta ona bir neçə tikə balıq da yedizdirə bildi. Yəqin keyidici iynələrin təsiri keçmişdi, bala delfin hərdən çox üzüntülü səslər çıxarırdı. Hiss olunurdu ki, ağrı çəkir.

Darya bala delfinə baxdıqca göz yaşlarını saxlaya bilmirdi. Elə hey onu sığallayıb «möhkəm ol» deyirdi, ürək-dirək verirdi:

- Bax sən sağal, burda başqa delfinlər, böyük ağ balıq, su itiləri var, səni onlarla da tanış edəcəm.

Darya danışdıqca delfin onun gözəl göy gözlərinin icinə baxır, elə bil «yanımdan bir yerə getmə» deyirdi.

Artıq çox gec idi, atası da Darya və delfin ücün narahat olduğundan delfinariyaya gəlmişdi. Qarovulçu kişi isə deyinməkdəydi:

- Nə zaman gedəcəksiniz, saatdan hec xəbəriniz var?

Atası Daryanın çiyinlərindən tutub, «Gəl qızım, gedək bütün günü burda ayaq üstə qalmısan», - dedi və dərhal da əlavə etdi:

- Sabah gəlib baş çəkərsən yeni dostuna.

Darya delfini sığallayıb burnunun ucundan öpdü və hovuzdan çıxdı, ona «sabaha qədər» dedi.

 

                                 *         *         *

 

Gecədən xeyli kecmişdi.  Sahildə – delfinariyanın yaxınlığında bir delfin ucadan qəribə səslər çıxardaraq bacardıqca hündürlüyə atlanıb dənizə kəllə vururdu. Hər dəfə atılanda elə bil nəyi isə görməyi ümüd edir və haray salırdı. Bu o idi - balasından nigaran qalan, yaralı balasından bir xəbər tutmağı ümüd edən ana delfin. O, ürək parçalayan yanıqlı səslərlə yorulmadan, usanmadan dalğaların üzərində atılıb düşürdü.

 Hovuzun bir küncünə sığınmış bala delfin həm qorxu, həm də təəccüb dolu nəzərlərlə ətrafa baxırdı. Birdən ona elə gəldi ki, anasının səsini eşidir. Bir az keçdi. Yox, bu uzaqdan gələn səs dəqiq anasının səsi idi. Sevindiyindən atlanmaq istədi, amma tərpənən kimi yaraları necə sızıldadısa acı dolu bir səs çıxardı. Sonra yetdikcə səsini yüksəltdi. Elə bil, ana mən burdayam, bəs sən hardasan, niyə yanıma gəlmirsən – deyirdi.

Ana delfin, nəhayət ki, balasının səsini eşitdi və sevindiyindən suyun üzündə rəqs edirmiş kimi dövrələr vurmağa başladı. Delfinariyanın sahilə cox yaxın olmasındanmı, yaxud da üzü dənizə tərəf küləyin əsməsindənmi balasının səsini cox aydın eşitmişdi ana delfin.

Səhər açılana qədər ona sahildə dayanıb delfinariyanın binasına baxdı. Yəqin ki, yenidən balasının səsini eşitməyə ümüd edirdi. Ancaq balasının səsi daha eşidilmədi.

 

                                 *         *         *

 

Darya gecəni səhərə qədər yata bilməmişdi. Yaralı delfin heç cür gözlərinin önündən getmirdi. Onun qorxmuş, yalvarış dolu baxışları elə bil Daryanın gözlərinə dikilib qalmışdı.

Səhər açılar-açılmaz Darya tələsik delfinariyaya yollandı. Yol boyu hey düşünürdü: Görəsən ölməyib ki? Görəsən sağalacaqmı onun yaraları? Darya ümumiyyətlə uşaq vaxtlarından delfinlərin vurğunu idi. Elə bu delfin sevgisi də axırda onu delfin tərbiyəçisinə çevirmişdi.

Bütün yol boyu fikirli olduğundan nə zaman delfinariyaya gəlib çatdığının belə fərqində olmamışdı. Qapını döydü. Qoca qarovulçu yenə deyinə-deyinə qapının gözlüyünü açdı:

- Qoymazlar də gözünün yuxusunu alasan.

Gözlərini ovuşdurub Daryaya baxdı və saata işarə edib «Xeyrdirmi bu vaxtı», deyə soruşdu. Darya qocadan üzr istədi:

- Bağışlayın, siz Allah, sizi də yuxudan elədim deyəsən. Amma yaralı delfin üçün çox narahatam. Qapını açın, siz gedin dincəlin, mən də hovuza, delfinin yanına gedəcəm.

Qarovulçu qapını açıb «Gəl, daha nə deyim, bura qədər gəlmisən», - dedi. Darya sevincək içəri daxil olub hovuza tərəf qaçmağa başladı.

Yaralı delfin hovuzun küncündə hərəkətsizcə qalmışdı. Onda heç bir həyat əlaməti yox idi. Bu mənzərəni görən Darya əllərini üzünə tutaraq «ölüb» deyib hönkürərək ağladı. Birdən Daryanın qulağına zəif cingiltili bir səs gəldi. Əllərini üzündən çəkib baxdı. Delfin ona baxırdı. Darya bu dəfə də sevincindən hönkürərək «Qorxutdun məni, ay yaramaz», - deyib delfinə yaxınlaşdı və onun burnunun ucundan öpdü. Delfin də öz növbəsində burnunu onun üzünə diriyərək öpürmüş kimi elədi.

Daryanın sevincinin həddi-hüdudu yox idi. O, delfini sığallayıb «Bax mən sənə demişdim, hər şey yaxşı olacaq, bax gördünümü», - deyə söylədi.

«Tezliklə tamamilə sağalacaqsan, mən buna inanıram. Axı sən möhkəm... hələ bir baxım qızsan yoxsa oğlan», - deyib sözünə davam elədi. Oğlansanmış deyib gülümsədi Darya.

Hə bəlkə sənə bir ad qoyaq, qəşəng oğlan, - deyə Darya zarafat etməyə başladı. «Nə olsun sənin adın, nə olsun» deyə mızıldandı və sonra «Hə tapdım sənin adın Danya olsun. Bax necə də yaraşır Darya və Danya», - söylədi. Delfin də sanki Daryanın nə dediyini anlayırmış kimi yavaşca başını aşağı-yuxarı elədi.

 

                                 *         *         *

 

Beləcə aylar ötdü. Danya tamamilə sağaldı. Hətta bəzən onu delfinariyaya gələn qonaqların da qarşısına çıxardırdılar. Onun təlimi ilə Darya xüsusi ilə məşğul olurdu. Bildiyi bütün fəndləri ona öyrədirdi. Seyircilər bu cütlüyü – Darya və Danyanı həmişə ayaq üstə alqışlayaraq qarşılıyırdılar. Elə bil cütlük bir-birinin gözlərinə baxmaqla fikirlərini oxuyur, nəyi nə zaman necə edəcəklərini bilirdi. Danya və Darya hamının sevimlisinə çevrilmişdilər. Bəzən başqa tərbiyəçilər də bu cütlüyə qibtə ilə baxırdılar.

Delfinariyada başqa delfinlərin və başqa dəniz canlılarının olmasına baxmayaraq Danya onlarla o qədər də ünsiyyət qurmurdu. Amma Daryanı görən kimi sevincindən hovuzun içində atılb-düşür, şən və civiltili səslər çıxardırdı: Üç kiçik qığıltı! Bu mənzərəni görən başqa tərbiyəçi qızlar Daryanı zarafata tutardılar, «Danya deyəsən sənə aşiqdir» deyərdilər. Darya da öz növbəsində «Mən də ona aşiqəm», - deyər və gülərək Danyanın şıltaqlığını seyr edərdi.

Bu gün Daryanın həyatındakı ən kədərli gün idi. Bilmirdi heç nə etsin. Axı bu gün Danyanı yenidən dənizə qaytaracaqdılar. Axı o, delfinariyaya aid deyildi, sadəcə yaralı olduğu üçün bura gətirilmiş və sağalandan sonra yenidən dənizə-aid olduğu yerə qaytarılmalı idi.

Sahildə böyük izdiham var idi. Hamı Danyanın yenidən dənizə qaytarılmağını seyr eləmək üçün sahilə toplaşmışdı. Dəniz gəzintisi üçün fəaliyyət göstərən kiçik gəmilərə bilet tapmaq olmurdu. Adamlar bu hadisəni daha yaxından izləmək üçün bütün biletləri almışdılar.

Budur Danyanın olduğu kiçik gəmi sahildən aralandı və bir qədər dənizə doğru hərəkət eləyib dayandı. Uzaqdan bir neçə delfin görünürdü. Onlar da elə bil gəminin yükünün nədən ibarət olduğunu hiss edib sürətlə gəmiyə tərəf üzməyə başladılar. Ana delfin də aralarında idi.

Darya göz yaşları içində son dəfə Danyanı qucaqlayıb burnunu ucundan öpdü və «Əlvida, mənim əzizim, mən səni heç vaxt unutmayacam», - dedi. Danya nə olduğunu, onu hara gətirdiklərin başa düşə bilmir, şaşqın-şaşqın ağlayan Daryaya baxırdı. O, birdən doğma bir səs – anasının səsini eşitdi. İstər-istəməz o da qırıq-qırıq səslər çıxarmağa başlaqdı. Deyəsən anlamışdı onu hara gətirdiklərini. Öz doğma dənizinə, anasının yanına gətirmişdilər onu.

Pyotr gəmini dövrəyə alan delfinlərə baxıb adəti üzrə beretkasını çıxardı, bir az aşağı əyilib «Salam mənim əziz dostlarım», - dedi. Delfinlər Pyotru görcək atılıb düşməyə, onu öz dillərində salamlamağa başladılar. Sonra Pyotr üzünü qürurla ana delfinə tutub, «Hə bax, gördün, mən sözümü tutdum, balanı sağ-salamat sənə gətirdim», - dedi.

Ana delfinin kiçik gözlərində minnətdarlıq dolu bir ifadə var idi.

Danyanı yavaş-yavaş suya salmağa başladılar. Darya göz yaşları içində ona baxır, elə hey «Əlvida, əzizim», - deyə pıçıldayırdı.

Danya suya salınan kimi delfinlər onu dövrəyə aldılar. Hər gecə delfinariyanın qarşısındakı sahildə balasının yolunu gözləyərək fəryad edən ana delfinin nəhayət ki bu iztirabı sona çatmışdı. Ana delfin burnu ilə Danyanın burnuna toxunaraq sanki onu öpüşlərə qərq edir, əzizləyirdi. Danya da anasının elədiyi hərəkətləri təkrarlayaraq civiltili səslər cıxarırdı. Hamı bu mənzərəni göz yaşları içində seyr edirdi. Hətta dünya görmüş qoca Pyotr da göz yaşların saxlaya bilmirdi.

Bu mənzərə bir xeyli davam elədi. Sonra Danya gəmiyə bir qədər də yaxınlaşaraq bayaqdan onu göz yaşları içində izləyən Daryaya tərəf baxdı, qırıq-qırıq səslər çıxarmağa başladı.

Darya onun nə demək istədiyini gözəl anlayırdı və yenə hönkürüb əlləri ilə üzünü tutdu. Danya yenə qırıq-qırıq və həyacan dolu səslərlə Daryaya səsləndi. Elə bil, «sən niyə orda qalmısan, yanıma gəlmirsən» deyirdi.

Darya hıçqıra-hıçqıra «Sən aid olduğun yerə döndün, daha ailənlə birgə yaşayacaqsan», - söylədi.

Gəmi sahilə tərəf istiqamət alanda Danya elə bil qəfil ayıldı və delfinlərdən ayrılaraq gəminin arxasıyca üzməyə başladı. O, dalğaların üzəri ilə atlanaraq həyacanlı səslər çıxardır, elə bil «Darya məni burda qoyub hara gedirsən», - deyirdi.

Hamı təəcüb içində bu mənzərəni seyr edirdi.

Gəmi buxtaya yanaşanda Danya daha da həyacanlı səslər çıxarmağa başladı və gözlənilmədən bütün sürəti ilə üzərək özünü sahilə – qumların üzərinə tullandı. Bu mənzərədən hər kəs dəhşətə gəlmişdi. Darya adamları yararaq gəmidən suya atıldı və tez sahilə çıxıb özünü Danyaya çatdırdı. Onu qucaqlayaraq «Niyə belə etdin axı», - deyib ağlamaqa başladı. Danya çırpınaraq bu dəfə şən səslər çıxarmağa başladı. Elə bil, «Bax sən getdin, amma mən sənə gəldim», - deyirdi.

Hamı delfini və Daryanı dövrəyə almışdı. Heç kim gördüyünə inana bilmirdi. «Bu necə ola bilər axı», - deyə hamı sual edirdi.

Adamlar köməkləşib Danyanı yenidən çəkib suya saldılar. Bayaqdan sahildən bir az aralıda həyəcanla balasına baxan ana delfin tez balasına yaxınlaşdı və onu danlayırmış kimi səslər çıxarmağa başladı. Onlar bir qədər yenə öz dillərində nə isə civildəşməyə başladılar.

Danya sahildən aralanmır, elə hey Daryaya tərəf baxaraq öz dilində nə isə danışırdı. Bir müddət sonra Darya göz yaşları içində ona əl edərək «Salamat qal», - dedi və yavaş-yavaş sahildən aralanmağa başladı.

Yenə də eyni hadisə təkrar olundu. Daryanın getməyini görən Danya yenə də özünü sahilə – qumların üzərinə atdı.

Darya yenə qaçaraq ona yaxınlaşdı və əsəbi şəkildə: «Ay mənim axmaq dostum, sən nə etməyə çalışırsan», - soruşub onu danlamağa başladı. Danya yenə qumların üzərində çırpınaraq mehriban baxışları ilə Daryaya baxıb səsləndi.

Bu hadisə düz üç dəfə təkrar olundu. Üç dəfə Danyanı dənizə qaytarsalar da o hər dəfə Daryanın getmək istədiyini görəndə özünü sahilə – qumların üzərinə atdı.

Axırda hamı bir nəfər kimi onu yenidən delfinariyaya qaytarılmasına qərar verdi. Axı o, bu gedişlə özünü yaralıya və ya öldürə bilərdi.

Adamlar Danyanı delfinariyaya aparanda o sahildən bir az aralıda onu gözləyən anasına baxıb şən və uzun bir səs çıxardı. Elə bil, «Salamat qal ana, özünə yaxşı bax, darıxma mənim üçün», - deyirdi. Ana delfin də fərqli səslə ona qarşılq verərək «Sən bura aidsən, hara gedirsən», - deyirdi elə bil.

                                 *         *         *

 

Hər il Koktobel delfinariyasında Darya və Danyanın təkrarolunmaz çıxışlarını izləmək üçün minlərlə adam gəlir delfinariyaya. Həm uşaqların, həm böyüklərin sevimlisinə çevrilən bu cütlüyü hamı ayaq üstə alqışlayır.

Bu hekayəni eşidən hər kəsin yalnız bir sualı olur: Görəydim Danyanı ucsuz bucaqsız dənizi ataraq kiçik bir hovuza bağlayan, onu anasından və başqa delfinlərdən ayıran nə idi axı?

Bu sualın cavabını yalnız Darya və Danya bilir.

Bu, delfin dilində üç kiçik qığıltı ilə ifadə olunan sevgidir.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə