YADDAŞLARDA ƏBƏDİ YAŞAYAN

PROFESSOR MƏHƏMMƏD HƏSƏNOV

 

İnsanın ömrü onun dünyaya baxması, dünyanın onu görməsi ilə deyil,

insanların onu  yadda  saxlaması  ilə ölçülür.

Şərq xalq məsəli

Artıq illərdir ki, atamın - mənim üçün çox dəyərli və müqəddəs olan insanın - Azərbaycanın görkəmli metodist-alimlərindən biri, pedaqoji elmlər doktoru, professor Məhəmməd Həsənovun yoxluğuna alışmağa çalışıram. Həm sevincli, həm də kədərli anlarımda onun xeyir-duasını, məsləhətlərini eşitmək istəyirəm, gözlərim onun nurani simasını axtarır...

Atam Məhəmməd Seyidalı oğlu Həsənovun məsləki və inamı mənalı, lakin çətin keçən ömür yolunda öz ifadəsini tapmışdır. Onun həyatını göz önündə canlandıranda neçə-neçə xatirələr xəyalımda vərəqlənir. Bu illərin hər birində gözəl və zəhmətli bir ömrün dərin mənası var desəm, doğru olar. Atam xalqına, vətəninə namusla xidmət etmək eşqilə yorulmaq bilmədən çalışan alim- metodistlərdən idi. O, sözün əsl mənasında bütün varlığı ilə bağlandığı müəllimlik sənətinin vurğunu idi.

Adətən, müəllim ömrünü bir çırağa bənzədirlər. Sönənə qədər bilik dolu hərarətini şagirdin, tələbənin duyğularına hopdurur. Müəllim ömrünü günəşə, işıqlı ulduzlara bənzədirlər. Günəş kainatı, müəllim isə ömrünün zərrələri ilə gənc nəslin mənəvi dünyasındakı qaranlıqları əridir, həyat yollarını işıqlandırır. Qayğıkeş insan, yaxşı müəllim, gözəl tədqiqatçı olan professor Məhəmməd Həsənovun ömür kitabından yaddaqalan səhifələri vərəqləmək istərdim.

Məhəmməd Həsənov 1930-cu il mart ayının 20-də yurdumuzun gözəl guşələrindən biri olan Cəbrayıl rayonunun Daşkəsən kəndində ziyali ailəsində dünyaya göz açıb. Atası Seyidalı müəllim Cəbrayıla ilk maarif ziyası gətirənlərdən biri olub. Professor Z.Mehdizadə həmişə Məhəmməd müəllimə zarafatla deyərdi: “Atan bizi yaman incidib, amma yaxşı öyrədib”. Atam 9 yaşında ikən anası Ruqiyyə xanım vəfat edib. Bacıları Suğra xanım və Məhluqə xanımla ana nəvazişi görmədən ata qayğısı ilə böyüyüb boya-başa çatıblar. Atam müharibənin tüğyan etdiyi illərin şahidi olmuş, o günlərin çətinliklərindən keçmişdir. O, kəndlərindəki natamam orta məktəbin VII sinfini bitirəndə Böyük Vətən müharibəsi cəbhələrində qızğın döyüşlər gedirdi. Döyüş bacarığı olan hər kəs hərbi xidmətə çağrılırdı. Çoxları müxtəlif səbəblərdən təhsilini davam etdirmək istəmirdi. Ailədə yaranmış çətinlik, məşəqqət atamı da seçim qarşısında qoymuşdu: təhsili dayandırmaq, yaxud məktəbə davam etmək. Atam o zaman ikinci yolu seçmişdi. Ailənin ziyalılıq şərəfini qoruyub saxlamaq üçün çətinliklə də olsa, təhsil almağı vacib bilmişdi. Bu minvalla qonşu Balyand kənd orta məktəbində təhsilini davam etdirmişdir. O, hər gün beş kilometrdən çox yolu tək-tənha çətinliklərlə üzləşərək gedib-gəlirdi.

Atam təhsilini daha sonra 1944-1946-cı illərdə Qaryagin (indiki Füzuli) Pedaqoji Texnikumunda davam etdirir. Texnikumu “əla” qiymətlərlə bitirib “ibtidai məktəb müəllimi” ixtisası qazanır. Yadımdadır ki, atam həmişə pedaqoji texnikumda oxuduğu illəri yeri gəldikcə xatırlayar, həmin dövr barədə maraqlı məlumatlar danışar, xoş xatirələr söyləyərdi Daha çox müəllimlərinin peşəkarlığından danışardı. T.Hacıyeva, S.İsayeva, A.Hacıyev, S.Səfərov, T.Xələfov, Abdulla bəy kimi qayğıkeş, mehriban, nurani müəllimlərinin adını çəkər, onların mükəmməl elmə, güclü metodikaya malik olduqlarını inamla deyərdi.

Pedaqoji texnikumu bitirdikdən sonra doğulduğu və boya-başa çatdığı Cəbrayıl rayonunun Daşkəsən, eləcə də Quycaq kəndlərində sinif müəllimi işləmişdir. O həmişə ömrünün kənd müəllimi kimi işlədiyi vaxtları daha çox qiymətləndirər, pedaqoji prosesə varid olmaq, onun mahiyyətini dərk etmək üçün həyatının ən əhəmiyyətli mərhələsi kimi ondan danışardı. Həm də bu, bilavasitə onun Cəbrayıl torpağına qəlbən çox sıx bağlı olmasından irəli gəlirdi.  Məhəmməd müəllim kənddə müəllim işləsə də, o həmişə təhsilini davam etdirmək, ali məktəbə daxil olmaq barədə çox düşünürdü. Nəhayət, bu arzu çin olur. O, 1949-cu ildə müvəffəqiyyətlə qəbul imtahanı verərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olur.

Ali məktəbdə əla qiymətlərlə oxuyur, biliyinə, bacarığına görə yoldaşlarından fərqlənir. 1953-cü ildə fərqlənmə diplomu ilə institutu bitirir. Həmin ildə sənədlərini müəllimlik sənəti ilə bağlı araşdırmalar aparmaq üçün aspiranturaya verir, imtahanlardan müvəffəq qiymət alaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına daxil olur. Azərbaycan dilinin tədrisi metodikası ixtisası üzrə araşdırmalar aparır. Aspiranturada təhsilini müvəffəqiyyətlə başa vurur. “V sinifdə sifət bəhsinin tədrisi” mövzusunda namizədlik dissertasiyasını tamamlayır. Lakin AAK-ın tələblərindəki dəyişikliklər onun müdafiə işini ləngidir. Atam namizədlik dissertasiyasını 1962-ci ildə müdafiə edə bilir. Elə doktorluq dissertasiyası da belə olur. Iş hazır olanda dissertasiyanın bütövlükdə rus dilinə tərcümə məsələsi meydana çıxır, respublikada metodika üzrə doktorluq müdafiəsi şurası olmaması onun müdafiəsini nə az, nə çox, düz 14 il ləngidir. Nəhayət, 1989-cu ildə “Azərbaycan dili sintaksisi tədrisinin linqvistik-didaktik əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.

Fikrimcə, atamın, istər bir alim, istərsə də müəllim-pedaqoq kimi həyat yolu müxtəlif keşməkeşlərdən keçib. Adi bir kənd müəllimliyindən ali məktəbin professoru vəzifəsinə çatana qədər müxtəlif zaman kəsiyində çətinliklərlə rastlaşıb. Lakin həmişə öyrənməyi, həyati təcrübə qazanmağı üstün hesab edib. Hər bir pedaqoji mühitdən bir keyfiyyət götürüb. O, aspiranturanı bitirdikdən sonra Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist vəzifəsində çalışanda da, Azərbaycan Dövlət Elmi - Tədqiqat Pedaqogika İnstitutunda (indiki Azərbaycan Respublikası Təhsil İnstitutu) baş elmi işçi vəzifəsində işləyəndə də həmişə məktəbin, müəllimin fəaliyyətindəki özünəməxsusluğa, ümumi pedaqoji prinsiplərə uyğunluğa daha çox diqqət yetirib. Təlim işinə, gənc nəslin nitq inkişafına, ümumi dünyagörüşünün formalaşmasına müqəddəs bir iş kimi yanaşıb, onu müəllim qürurunun ən qiymətli daş-qaşı hesab edib. Həm də bu illərdə peşəkar bir metodist, tədqiqatçı - alim kimi formalaşıb.

60-cı illərin sonlarında atam sabiq müəllimi və opponenti professor A.Abdullayev tərəfindən M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna  işə dəvət edilir. Əvvəlcə baş müəllim, sonra isə dosent vəzifəsində ixtisası üzrə dərs deyir, tələbələrin pedaqoji təcrübəsinə rəhbərlik edir, institutun içtimai işlərində fəal çalışır. Bu institutda Azərbaycan dili profilinin ləğv olunması ilə əlaqədar M.Həsənov 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına köçürmə yolu ilə işə keçir və ömrünün sonuna qədər burada-görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor Yusif Seyidovun rəhbərlik etdiyi kafedrada çalışır.

Atamın pedaqoji fəaliyyəti çox geniş idi. Universitetin filologiya, şərqşünaslıq və ixtisasartırma fakültələrində Azərbaycan dili tədrisinin metodikasından mühazirələr oxuyur, seminar məşğələləri aparır, tələbələrin pedaqoji təcrübəsinə rəhbərlik edirdi. Mühazirə və seminar məşğələlərini yüksək səviyyədə canlı və maraqlı keçir, müəllim kadrlarının hazırlığına ciddi fikir verirdi. Ümumiyyətlə, gənc elmi kadrlar yetişdirməyi həyatının, elmi-pedaqoji fəaliyyətinin ayrılmaz hissəsi sayırdı. O, elmin yüksəliş yollarında məsləhət aldığı görkəmli alimləri - Ə.Dəmirçizadə, S.Cəfərov, A.Abdullayev və başqalarını həmişə böyük hörmət və minnətdarlıq hissi ilə yad edərdi.

Əməkdar elm xadimi, AMEA-nın həqiqi  üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov Məhəmməd Həsənovun “Seçilmiş əsərləri’nin III cildinə yazdığı “Görkəmli metodist-alim professor Məhəmməd Həsənov” adlı ön sözdə yazır: “Bütün fəaliyyəti dövründə həm tədqiqatçı - alim, həm müəllim, həm də xeyirxah və səmimi bir insan kimi bütün universitet kollektivinin böyük rəğbətini qazanmışdır. Biz onunla birgə işlədiyimiz müddətdə mənim professor Məhəmməd Həsənovu bütöv bir şəxsiyyət kimi daha yaxından tanımağım üçün imkan yarandı. O dövrdə də Azərbaycan dili təliminin problemləri daha çox maraq doğurur və müzakirələrə səbəb olurdu. Görkəmli alim bu müzakirələrin fəal iştirakçısı kimi özünün nəzəri-metodik əsasa malik fikirlərini söyləyir, bu sahədə araşdırmaların məntiqə uyğun məcrada istiqamətlənməsinə təsir göstərirdi”.

Məndən pedaqoji elmlər doktoru, professor Məhəmməd Həsənovun dil metodisti kimi elmi yaradıçılığı barədə soruşsaydılar, nələri deyərdim?

Birinci növbədə, onun yaradıcılığa böyük məhəbbətinin olduğunu söyləyərdim. Yorulmaz, yazmaqdan, yaratmaqdan zövq alan bir alim olduğunu deyərdim.

Professor Məhəmməd Həsənov elm sahəsinin problemlərinə bağlı adam idi. O, bütün yaradıcılığı boyu yalnız Azərbaycan dilinin tədrisi metodikası üzrə araşdırmalar aparmışdı. “V sinifdə sifət bəhsinin tədrisi haqqında” (1959), “V-VIII siniflərdə Azərbaycan dilinin tədrisi təcrübəsindən” (1963), “Sintaksisin tədrisində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması” (1972), “Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər” (1987), “Azərbaycan dili durğu işarələrinin tədrisinə dair”(1991), “Azərbaycan dili orfoqrafiya qaydalarının tədrisi” (1992), “7-8-ci siniflərdə sintaksis və durğu işarələrinin tədrisi” (2001) və digər əsərlərini çap etdirmişdir. Göründüyü kimi, həmin əsərlər Azərbaycan dili təliminin ən aktual problemləri olmuş və bu gün də müasir dövrün tələbləri baxımından aktual olaraq qalmaqdadır. Onun yazdığı III sinif üçün “Azərbaycan dili”, IV sinif üçün “Azərbaycan dili” dərslikləri də bilavasitə Azərbaycan dili tədrisi metodikası elminin nailiyyətlərindəndir. Ona görə də onun yaradıcılığında fiololoji və metodik dərinlik qabarıq şəkildə nəzərə çarpır.

Nəhayət, professor Məhəmməd Həsənovun araşdırmaları emprik xarakterdə olub tətbiq baxımından daha çox əhəmiyyət daşıyır. Gələcəkdə Azərbaycan dili təlimi üzrə strategiyaların yaradılması üçün baza rolunu oynayır. Məhəmməd Həsənovu “klassik metodikanın nümayəndəsi” adlandıran Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov yazır: “Professor Məhəmməd Həsənov bu araşdırmalarda daha çox sintaktik anlayışların linqvistik xüsusiyyətindən irəli gələn oxşarlıqları öyrənmiş, təlim prosesində onların müəyyən çətinliklər yaratması ilə bağlı nəticələrə gəlmiş və həmin çətinliklərin aradan qaldırılması istiqamətində tövsiyələr vermişdir. Müəllif özünün nəzəri və metodik mülahizələrini əsaslandırarkən həm linqvistik, həm də metodik ənənələrə yaradıcı yanaşaraq, onların təlim əhəmiyyəti baxımından təkmilləşdirilməsinə səy göstərmişdir”.

Bütün bunlarla yanaşı, onun elmi-metodik xarakter daşıyan çoxlu sayda qəzet və jurnal məqalələri vardır. Bu məqalələrdə o, qrammatika, orfoqrafiya və durğu işarələrinin tədrisi ilə, linqvistik təhlillə, qrammatik suallarla, təlim üsulları ilə əlaqədar mübahisə və yanlışlıqlara toxunur, bir sıra faydalı təkliflər irəli sürürdü. Xeyirxah alim 15-ə qədər dissertantın rəsmi opponenti olmuş, bir sıra namizədlik və doktorluq dissertasiyalarına rəy vermişdir. O, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda namizədlik, Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunda isə doktorluq müdafiəsi şurasının üzvü idi.

İş yoldaşları, alim dostları onu “Məmmədhəsən müəllim” deyə çağırırdılar. Elə 11 il öncə, atamın 80 illik yubileyi ərəfəsində çap etdirdiyim “Professor Məhəmməd Həsənov” adlı kitabda yer alan xatirə yazılarında, Bakı Dövlət Universitetində keçirilən yubiley tədbirində söylənilən xatirələrdə, eləcə də onun həyat və fəaliyyəti haqqında çəkilməkdə olan sənədli filmdə də həmkarları, müəllim yoldaşları, dostları, tələbələri onu yenə “Məmmədhəsən müəllim” deyə xatırlayırdılar. Onun həddindən artıq sadə, həssas, təvazökar, xeyirxah və qayğıkeş olmasından danışırdılar. Sözübütövlüyünü, sözü ilə əməli arasında uçurumun olmadığını deyirdilər. Doğrudan da, o heç vaxt özünü başqalarından üstün tutmaz, uğur və nailiyyətləri ilə, göstərdiyi xidmətlərlə, etdiyi təmənnasız yaxşılıqlarla öyünməzdi. Həmişə hamı ilə mehriban və səmimi rəftar edər, heç kimin xətrinə dəyməz, ən kobud adamlarla belə dil tapardı. Akademik Tofiq Hacıyev “Biz Məhəmməd Həsənovu unutmamışıq!” adlı xatirəsində yazır: “Məmməd müəllim həm də xoş rəftarlı, geniş ürəkli, mülayim, mehriban bir insan idi. Bu keyfiyyətlər əslində müəllimdə olmalı olan xasiyyətlər idi. Yəni, əsl müəllim idi. Cünki əsl insan idi. O, böyük Mövlananın dediyi kimi, “olduğu kimi görünən və göründüyü kimi olan” insan idi. Ona görə də onu tanıyanlar onu sevirdilər. Onu dostları, iş yoldaşları da, dərs dediyi tələbələri də sevirdilər. O, sözünün ağası idi, dediyini edərdi, məsləkindən dönməzdi, məğrur adam idi, qürurunu sındırmaqdan qorxardı, sözündə və hərəkətində yüz ölçər, bir biçərdi. Cəmiyyətdə belə insanlar var olsa, o cəmiyyət gözəl olar. Məmməd müəllim cəmiyyəti gözəlləşdirən insanlardandı. İnsan onunla söhbət edəndə ətrafından, mühitdən razı qalardı”.

İşinə, xüsusilə yazı-pozusuna cox çiddi, məsuliyyətlə yanaşırdı. Lazım gələndə bir vərəq, hətta cümlə üzərində saatlarla götür-qoy edər, fikirləşər, yazdıqlarına təkrar- təkrar qayıdardı. Yadımdadır ki, xüsusilə gecələr işləməyi çox sevərdi. Atamın özünəməxsus tərzdə işlətdiyi sevimli bir ifadə vardı: “Allah deyib durmuşuq”. Ondan “Necəsiniz, Məmməd müəllim? - deyə soruşulanda, həmişə bu cavabı verərdi. Atam rəhmətə gedəndən bir neçə gün sonra AZTV onun haqqında “Gör-götür dünyası” adlı veriliş çəkdi. Həmkarları, dostları Məhəmməd müəllim haqqında xatirələrini söylədilər. Filologiya elmləri doktoru, professor Elbrus Əzizov öz çıxışında atamın bu sevimli ifadəsini xatırladaraq demişdir: “Mən bu ifadəni Məmməd müəllimin yadigarı hesab edirəm”.

Atam elinə, obasına, qohum-əqrabaya çox bağlı adam idi. Bütün nəslinin ağsaqqalı idi. Qohumların həm xeyir, həm də şər işlərinin başında durardı. Hər kəsin qayğasına qalar, ən kicik bir hadisə üçün narahat olardı. Qətiyyən özünü, öz sağlamlığını düşünməzdi. Artıq son dövrlərdə cox narahat olurdum: “Axı, sənin özünün də bu yaşda qayğıya ehtiyacın var, bir az da özünü düşün, çox yorulursan” - deyirdim. “Qorxma, mənə heç nə olmaz” - deyə zarafata salaraq cavab verirdi.

1993-cü ilin 23 avqustunda erməni quldurlarının Cəbrayılı işğal etməsi xəbəri atamı yaman sarsıtdı. Böyüyüb boya-başa çatdığı, doğmalarının uyuduğu torpağın düşmən tapdağı altında olması, sonra isə yaxınlarının qaçqınlıq həyatı ona yaman təsir etmişdi. O, Vətənimizin hər qarış torpağını, daşını odlu məhəbbətlə sevir, Qarabağın, eləcə də onun bir guşəsi olan Cəbrayılın azad olunacağı günü səbirsizliklə, böyük ümidlə gözləyirdi...

O gün 04 oktyabr 2020-ci il tarixi oldu. Qədim səyyahların “Qarabağın qapısı” adlandırdığı doğma Cəbrayıl Ali Baş Komandanımız  və rəşadətli ordumuzun qəhrəmanlığı  sayəsində işğaldan azad edildi. Lakin bu sevinci yaşamaq  ona nəsib olmadı.

Atam 1998-ci il iyul ayının 1-də dünyasını dəyişdi. Dərs ilinin son günləri idi. Yoldaşları ilə bir günlük istirahətə getmişdi Qubanın Təngaltı kəndinə. Lakin bu istirahət ona həyatı bahasına başa gəldi. Atam elə buradaca, həsrət qaldığı Cəbrayılın təbiətinə bənzətdiyi səfalı bir yerdə, təbiətin qoynunda əbədiyyətə qovuşdu. Təbiət etibarı ilə sakit olan Məhəmməd müəllim ömrünün 68 ilini yaşadı. Lakin bu illər ərzində bənzərsiz bir insan ömrünün mənəvi heykəlini yaratdı. Deyirlər ki, yaxşı insanlar ölmür, ancaq və ancaq gözəl əməlləri  ilə yaddaşlarda  əbədi yaşayırlar.  Həqiqi alim ömrü yer qədər sirli, göy qədər kəhkəşanlı, fikir qədər sonsuz və əsrarəngizdir.

Atamın ruhu qarşısında baş əyir, ona Uca Tanrıdan rəhmət diləyirəm!

 

SEVİNC  HƏSƏNOVA

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə