![]() |
![]() ![]() |
Birbaşa mətləbə keçəcəm, dostlar.
Narıngül Nadir (öncələr Narıngül Babayeva imzası ilə yazırdı) çağdaş Azərbaycan nəsrinin maraqlı imza sahiblərindən biridir və mənə görə, o, qadın nasirlərimiz arasında (bölgü şərtidir) maraqlı təhkiyəsi, psixoloji duyumu, gerçək müşahidələri ilə seçilir.
Mən onun "Qar çiçəyi" kitabını zamanında oxumuşam, "Natavan" klubunda aparıcısı da olmuşam. O vədəki çabalar, qaça-qaç həmin hekayələri dərindən mütaliyə eləməyə imkan verməmişdi. Amma amansız və zalım karantin günlərində onun "Günəş üzlü qadın" hekayə və povestlər kitabını diqqətlə oxudum, telefon vasitəsilə, isti-isti sözlərimi də müəllifə dedim, bəzi qeydlərimi də qulağına sırğaladım. Amma şifahi nitqlə kifayətlənmək, məncə, doğru olmazdı. Bu fikirləri ictimailəşdirmək lazım idi. Ona görə də düşündüklərimi yığcam da olsa qələmə alıram.
Bayaq dediyim kimi, Narıngül Nadirin sonuncu kitabı "Günəş üzlü qadın"dır. Bu kitabda toplanmış bəzi hekayələrə qısa baxışa və kitabın adı ilə eyni olan povestə keçməzdən öncə bir məsələni xüsusi qeyd eləmək istəyirəm. Narıngül xanımın qəhrəmanları əsasən qadınlardır və demək olar ki, hərəsinin özünə uyğun adı var: "çiçək qadın", "günəş üzlü qadın", "kəpənək qız" və s. Hətta onun kişi qəhrəmanları da qadın kimi zərifdirlər. Onlardan birininin adı "uğur böcəyi"dir.
"Günəş üzlü qadın" povestinin qəribə süjeti var. Ürəkdən bir qadına vurulan və həmin qadının qucağında rahatlıq tapan məchul qəhrəman məşuqəsinin başqa bir sevgilisi olduğunu eşidəndə qurduğu dünya alt-üst olur və rəqibindən isas almaq istəyir...
Buradaca dayanaq. Əsər maraqlıdır, amma mənim nasir fəhmim əsərin sonluğuna bəzi əlavələr etmək istərdi. Məsələn, dənizdə intihar etmək istəyən və əsərin qəhrəmanı tərəfindən xilas olunan qadın rəqib kişinin arvadı olsaydı, əsər daha maraqlı xətt alardı və süjet kəskinləşərdi (Mən bunu povesti oxuyan, yaxud oxumaq istəyənlər üçün deyirəm)...
"Bayramın ikinci günü" povesti qadın düşüncəsi və öz-özü ilə psixoloji çarpışmalar baxımından maraqlıdır. Kəskin süjetli povestdə əsərin qəhrəmanı olan qadın iki sevginin arasında qalıb: biri gerçək sevgi, yəni nişanlısına olan sevgi, biri isə virtual sevgi, yəni sosial şəbəkə dostuna olan məhəbbət. Bu povestdə də, mənə görə, virtual sevginin qəhrəmanı elə virtual, yəni mif olaraq qalsaydı, daha yaxşı olard. Bu konuda geniş izahat vermək istəmirəm, çünki fikirlərimi daha əhatəli şəkildə Narıngül xanımın özünə demişəm.
Yazıçının ən maraqlı və psixoloji məqamlarla zəngin hekayəsi "Pul qabı"dır. Bu hekayədə də təmiz qəlbli bir qızın - "kəpənək qızı"ın iztirablarından danışılır. Anası demiş, ərə gedə bilməyən bu zərif qız içi dolu pul qabı tapır. Özünü günahkar sayır, sanki oğurluq edib və onu qaytarmağa yollar arayır. Həmin pul qabı daim onu izləyir...
Yazıçının ən təsrli və gerçək hekayələrindən biri "Sükutun səsi"dir. Kənddə tək yaşayan, madar bir qızını daim gözləyən qocaya qızının müəmmalı həyatı əzab verir...
Narıngül Nadirin əsərləri haqda çox sözlər demək olar. Onda oxucuya bir şey qalmaz. Amma bir şeyi də mütləq deyim: hər bir yazıçı özünü yazır: az, ya çox. Və Narıngül xanımın əksər hekayələrində bir məşhur mətləb qırmızı xətlə keçir: qadının ürəyi həmişə boşdur, onu doldurmaq lazımdır...
İyulun sonu, 2020