Görəsən, Müşfiqin məzarı dənizin hansı tərəfindədir? Hansı istiqamətdən gül səpilərsə, ruhuna daha yaxın olar? Qəflətən ağlıma gəlir bu sual. İsti yay günündə necə tapmaq olar bu sualın cavabını? Bəlkə, Xəyal Rzadan soruşum, görəsən bilirmi?Axı ideya onundur...  Özümü sakitləşdirirəm:” Sulara gül səpərkən məlum olacaq”. Sonucda insan şüurunda bütün cavabsız sualların utopiyası var axı...
Dənizə tərəf gedən yollarda sərnişin avtobusları az –az gözə dəyir.
Yolumu dəyişib başqa istiqamətlə gedirəm, axtardığım ünvana. Nə fərqi var ki, əsas olan vaxtında çatmaqdır.
Nişan verilmiş ünvanda – dənizkənarı parkda ilk gözümə dəyən qırmızı güllər olur. Güllərin içərisində qərənfillər də var, qızılgüllər də, yabanı çöl çiçəkləri də. Gülləri yaşıl otların üzərinə qoyublar. Adamlar kölgəyə çəkilərək ikibir, üçbir söhbətləşirlər. Hamısı da şairlərdir. Yaşıl otun üzərindəki rəngbərəng güllərdən gözəl bir natürmört alınıb. Fikrimdən keçir ki, bu il yaşıllıq boldur. “Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur” . Ruhum yenə də Müşfiqin yanına uçur. Müşfiq bu mənzərəni görsə yəqin ki, həzin lirik bir şeir yazıb "şairlərin anasını ağladardı”. O vaxt Səməd Vurğun yarı ciddi, yarı zarafat deyirmiş ki, şairlər içərisində təkcə qorxum Müşfiqdəndir.
Artıq dənizin kənarında xeyli adam var. Ziyarətçilər bir-bir yığılırlar. Dəniz sakit-sakit ləpələnir, dalğalar qırçın –qırçındır. Bir az yorğun, bir az da da xoşbəxt görünür dəniz. Uzaqdan gözlərimə yığıram, ürəyim sərinləyir.
Dənizin kənarındakı qağayı qanadlarını çırpa-çırpa sahilə tərəf gəlir, yem axtarır. Ora- bura vurnuxub reallığa baş vurur, heç nə tapmayıb yenidən öz aləminə qayıdır.
Gözlərim bəyaz qanadlı qağayıda Müşfiqi düşünürəm. Müşfiq şair ömrü yaşadı, öz dünyasından, duyğularından ayrılmadı. Real həyatla cəmi bir dəfə baş –başa gəldi, real həyat onu daşıya bilmədi, haqsızlıq etdi. Alınmadı...Tutmadı... Cəmi 28 il yaşadı, ölümüylə şeiri qocalmağa qoymadı.
Kimsə dillənir:
- Qağayıya baxın, qəribə qağayıdır. Sahilə yaxınlaşmaq istəyir, amma adamlardan çəkinir, ehtiyat edir.
Ürəyimdən Müşfiqin şeirini oxumaq keçir. Yanımda dayanmış şairə qız sanki ürəyimi oxuyur:
Yenə o bağ olaydı...
Yenə yığışaraq siz
O bağa köçəydiniz.
Qızın gözləri qaynar və parlaqdır, baxışları dənizə tuşlanıb. Üzü ay kimidir.
Ürəyimdən dənizə bir az da yaxınlaşmaq keçir. Otun üzərindəki gül dəstəsini dənizə səpələmək üçün səbirsizlənirəm. Amma adamların gözlədiyini görüb dözməli oluram.
Dənizin kənarı ilə gəzişən mühafizəçi şəstlə o baş – bu başa addımlayır. Üzündə qürurlu, bir qədər də ədalı təbəssüm var. Həm də, hökmlü görünür. Hiss etdirir ki, dəniz onu daha yaxşı tanıyır, ona daha doğmadır. “Dənizə çox yaxın getməyin,” - deyə yüngülcə xəbərdarlıq edir. Mühafizəçi real dünyanın adamıdır, Müşfiqlə yola getməyən real dünyanın... Bura toplaşan adamlarsa ruh adamlarıdır. Burda hər kəs ruhuna təslim olub, Mühafizəçi də bir qədər var-gəl etdikdən sonra gəlib yaxınlıqda dayanır.
Yenə Müşfiqi düşünürəm.
Müşfiqin ruhu incidildi, günahsız yerə edam edildi. Heyf! Amma Müşfiqin incidilmiş ruhu bu gün şaddır. Buna əminəm. Ürəyimdə yenə də bir çoşqu yaranır.
Dənizdən sərin meh əsir. Göyə doğru uzanmış ağacların budaqları xoşbəxtcəsinə yellənir. Müşfiqdən şeir deyən ay üzlü qızın saçları qarışır, üz-gözünə səpələnir.
“Müşfiq 1938 –ci ildə, 15 dəqiqəlik məhkəmədən sonra ölüm hökmünə layiq görüldü. Yanvarın 6-da hökm yerinə yetirildi. Güllələndikdən sonra şairin cəsədi Xəzər dənizinə atıldı. Məzarı Xəzər dənizidir”.
Əllərimizdə güllər dənizin başı üzərində, Müşfiqin məzarının başında dayanmışıq. Bura dənizin bir küncüdür. Dalğalar sahildəki kələ -kötür qayalığı sığallayır. Demək burada, şairlərin dənizə gül səpdiyi istiqamətdədir məzar. Özümü inandırıram ki, həqiqət dayandığımız yerdədir. Qəlbimdəki müəmmaları boğmağa çalışıram. Dənizin bu hissəsi şəhərə daha yaxındır, bura həm də gizlin yerdir. Burda sular da müəmmalıdır, sirli görünür. Görəsən, o sirr burdamı gizlənib? Bilmirəm. Amma burda bir dəniz nağılı var. Bunu hiss edirəm.
Əllərimdən dənizə doğru uçuşan güllər, bir qədər keçmiş dənizin sularında üzür. Dalğalar gülləri bir-birinə ötürür, sonra ucsuz - bucaqsız ənginliklərə - Müşfiqin ruhuna aparır. Uzun müddət gözlərimi suların üzərində ləngər vuran güllərdən çəkə bilmirəm. Müşfiqin məzarını axtarıram.
Gözlərimi yumub güllərin səsini eşidirəm. Rəngbərəng, qəribə səslərdir, səsiz sözlərdir eşitdiklərim. Belə səsi ancaq fəhmlə duymaq olur, ya da gözlərini yumub görə bilərsən. Güllər məni başa salır, hər biri ləçək–ləçək, ayrı–ayrı səslərlə ehmalca pıçıldayır: Müşfiqin məzarı dəniz boydadır, istiqaməti axtarma, özünü yorma. Dəniz boyda məzardır...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə