Böyük Azərbaycan şairi Saib Təbrizinin yaradıcılığı ilə bağlı mənbələri araşdırarkən, Saibin müasiri və dostu olmuş Məhəmməd Tahir Nəsrabadinin təzkirəsində Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib"ində təsvir olunan hadisə barəsində bir məlumata rast gəldim. Həmin məlumat o dövrün görkəmli şairi, Saibin müəllimi Rüknəddin Məsih Kaşaninin /1655-ci ildə vəfat edib / həyat və yaradıcılığına aid hissədə verilmişdir. Rüknəddin Kaşani mahir təbib və istedadlı şair kimi I Şah Abbas sarayına yaxın olmuş, Yusif Sərracın taxta çıxarılmasını və bununla bağlı bütun hadisələri öz gözü ilə görmüşdür. Nəsrabəddinin təzkirəsində həmin hadisədən sonra şairin Şah Abbasa müraciətlə yazdığı üç beytlik şer parçası verilir. Həmin şerin və şerdən əvvəl təzkirəçinin qısa izahatının tərcüməsi belədir:
"Birinci Şah Abbasın taleyində ulduzların toqquşması hadisəsi olduğundan dinsiz və ölümə layiq sərrac Yusifi ulduzların yaxınlaşacağı saatda taxta çıxartdılar. Əmirlər ona səcdə (itaət) etdilər və sonra onu qətlə yetirdilər. Bu barədə Rüknəddin Kaşani deyib:
شها تويي که در اسلام تيغ خونخوارت
هزار ملحد چون يوسفي مسلمان کرد
جهانيان همه رفتند پيش او به سجود
دمي که حکم تواش پادشاه ايران کرد
نکرد سجده آدم به امر حق شيطان
ولي بحکم تو آدم سجود شيطان کرد
Ey şah, islam aləmində sənin qan içən qalıncın
Yusif kimi min dinsizi müsəlman etdi!
O sənin hökmünlə İran şahı olduğu dəmdə
Bütün insanlar onun qarşısında təzim etdilər.
Haqqın (Allahın –M.M.) əmri ilə Şeytan Adəmə səcdə etmədi,
Amma sənin hökmünlə adəm şeytana təzim eylədi!
Məlumdur ki, dini rəvayətlərə görə, Allah ilk insanı – Adəmi yaratdıqdan sonra bütün mələklərə əmr edir ki, Adəmə səcdə və itaət etsinlər. Mələklər Allahın göstərişini yerinə yetirilər, bircə Şeytandan başqa. Belə olduqda, Allah qəzəblənib onu qovur. Şeytan da intiqam almaq üçün Adəmlə Həvvanın yaşadığı yerə – cənnətə yol tapır və Həvvanı yoldan çıxarıb onun buğda yeməsinə nail olur. Nəticədə Allah Adəmlə Həvvanı cənnətdən xaric edir... Rüknəddin Kaşani sonuncu beytdə məhz bu rəvayətə işarə etmişdir.

Zahirən şair Şah Abbasın hədsiz hökmü və sonsuz qüdrətini mədh edir. Lakin diqqət edilsə, şairin ironiya pərdəsi altında gizlənmiş əsas məqsədini görmək çətin deyildir. Rüknəddin Kaşani Yusifi dinsiz və "şeytan" adlandıran saray əyanlarının Yusif taxta çıxandan sonra onun qarşısında baş əymələrini, görünməmiş yaltaqlıq və riyakarlıqlarını göstərmək və bununla da ətrafındakıların əslində kim olduqlarını şahın nəzərinə çatdırmaq istəyir. Məhz bu məqamı xüsusi qabartmaq üçün şair həmin hadisəni Adəm-Şeytan əhvalatı ilə qarşılaşdırır. Məlumdur ki, Şah Abbasın dövlət məmurlarının mənəviyyatsızlığının ifşası "Aldanmış kəvakib"də də əsas yer tutur.
M.F.Axundov Yusif Sərrac əhvalatını götürdüyü mənbə kimi İskəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" əsərini göstərir. Nəsrabadinin təzkirəsi o heyrətamiz tarixi hadisədən bəhs edən daha bir məxəz olaraq diqqəti cəlb edir. Rüknəddin Kaşaninin şeri isə müasirlərin həmin hadisəyə münasibəti faktı kimi maraq doğurur.
artKaspi