"Ulduz" jurnalı Qarabağ mövzusunda ən yaxşı esse nominasiyası üzrə müsabiqə keçirib. Müsabiqənin münsifi Əsəd Cahangirin bu mövzudakı yazısını təqdim edirik.

 

Qarabağ haqqında ən yaxşı esse nominasiyası üzrə yarışmaının təşəbbüskarı, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsin bu barədə fikrini bilməsəm də, məncə, yarışma iki başlıca məqsəd güdür:

- birincisi, görək cavan yazarlarımız Qarabağ haqda nə düşünür, yeni nəslin bədii yaddaşında, Ağabəyim ağanın diliylə desək, Qarabağ yaddan çıxmayıb ki; bir az da ümumiləşdirsək, klassik ölçülərin alt-üst olduğu bu sürətli dəyişkənliklər dönəmində gənclərimizin vətənpərvərlik duyğusu nə yerdədir;

- ikincisi, çağdaş Azərbaycan gənc yazarının esse janrı ilə bağlı nə kimi təsəvvürləri var.
Bir sözlə, Q.Ağsəs yarışmanın şərtlərini müəyyənləşdirəndə məsələnin həm forma, həm də məzmun tərəfini düşünüb. Əgər nəzərə alsaq ki, bugünkü mükafatlandırmalarda şeir, hekayə, roman və məqalə ilə müqayisədə esse bir az ikinci plana sıxışdırılıb, onda Qulunun seçiminin başqa bir müsbət yönü də üzə çıxır – diqqəti bu janra yönəltmək.
Yarışmaya 16 yazar qoşulub və onlar arasından qalibi seçməkdə xeyli tərəddüd etməli oldum. Ona görə ki, kiminsə haqqını tapdalayacağımdan ehtiyat edirdim. Bu isə görülən işin miqyasından asılı olmayaraq,  yolverilməz bir şey olardı. Həm də yarışmaya göndərilən yazılar arasında elə birini görmürdüm ki, qeyd-şərtsiz məhz onu seçim və qələbə çələngini tərəddüdsüz-filansız onun müəllifinin başına qoyum. Bəziləri janr, bəziləri məzmun baxımından istənilən tələblərə cavab vermirdi. 
Cavid Qədir, Əfsanə Əliyeva və Günay Səma Şirvanın esseləri barədə nə təniqdi, nə də təqdiredici söz deməyəcəm. Onlar tənqid və təqdirə doğru gələn yoldadırlar. Onlara ancaq uğurlu yolçuluqlar arzu edə bilərəm.

On altı müəllif arasında öz cəsaərti ilə məni məni ən çox təəccübləndirən Şəfa Vəli oldu. O, ümumən bu yarışmaya niyə qatılıb, aydın deyil. Onun heç bir ad vermədiyi essesini yarışmaya nə üçün göndərməsinə mən də öz növbəmdə nəsə bir ad qoya bilmirəm. Mövzunun əhatə olunması, dil-üslub yeniliyi, yeni fikir, ideya söhbəti Şəfanın yazısında söz konusu deyil. Çünki onun vur-tut on-on beş cümlədən ibarət essesində bəzən hətta qrammatik səhihliyi belə şübhə doğuran məqamlara rast gəlirsən.

"Son günlərdə oxuduğu kitab Aqil Abbasın  “Batmanqılınc”ı,  qucağına bərk-bərk basıb özündən belə qoruduğu  yaşıl ayaqqabısıyla Şuşada gəzmək ümidi idi..."

Amma Şəfanın bu "cəsarətindən" əlavə daha bir üstünlüyü də var - yazısını oxutmağı bacarır. Təsəvvür edin ki, onun nə demək istədiyini dəqiq başa düşmək üçün yuxarıdakı cümləni təxminən on dəfə təkrar-təkrar oxumalı oldum.

Və nəhayət, Şəfanın üçüncü üstünlüyü, hətta müstəsnalığı da var. Əgər Qarabağ haqqında ən zəif esse yarışması keçirilsə, o, şübhəsiz ki, birincilik qazanacaqdı. Odur ki, birincilik qazanan müəlliflə birgə Şəfaya da antibukerə bənzər bir ödül - antibirinci ödülü verilməsini təklif edirəm.

İlk oxunuşdan ən çox bəyəndiyim istedadının açılma dönəmini yaşadığı aydın duyulan Elşad Baratın yazısı ("Həməkoçu") oldu. Düzünü deyim ki, beş-altı il öncə, Elşadın ilk şeirləri ilə tanış olanda onun bu templə gəlişəcəyini güman eləmirdim. Savaşın doğurduğu yaşam çətinliyini on altı nəfər içində daha inandırıcı, yaddaqalan, təsrili, xırda detallarınacan  verə bilən iki nəfərdən biri odur:

"Müharibə atamın alnından, anamın əllərindən yol eləmişdi evimizə... 94-ün qışından canımızı qurtara bilmirdik. Bağımızdakı otlar dikəldikcə atam sevinir, anam yığıb qaynadırdı ki, ac qalmayaq. Daha çox yediyimiz otun adı həməkoçuydu... Qaynadılmış həməkoçu elə buxarlanırdı ki, elə bil nimçələr siqaret çəkirdi. Biz iştahla yedikcə kəpək çörəyinin rəngi atamın üzünə çıxırdı."

Oxucu duyur ki, bütün bunlar müəllifin kitabdan oxuduqları, ekrandan gördükləri yox, birbaşa həyati görüntüləri, canlı yaşantılarından gəlir.  Ən önəmlisi isə yazının müəllifi şaxsey-vaxsey qurmayıb, istər bayağı sentimental sızıltılar, istərsə də boğazdan yuxarı, patetik vətənpərvərlik çağırışlarından uzaq, səmimi bir yazı yazıb. Olayların müharibə haqda məhdud təsəvvürlərə malik bir cocuğun dilindən nəqli bu səmimiyyətin özülündə durduğu kimi, həm də yazının tragizmini dərinləşdirir, bədii təsir gücünü artırır. Klassik şərq ədəbiyyatı istilahları ilə desək, müəllif "təcahüli-arifanə" (arifanə cahillik) üsulunu kullanır, özünü bilərəkdən bilməzliyə vurur, uşaq yerinə qoyur.

Hər cür ağrı-acını yenən gülüş ruhu, optimist ovqat onun mətnindən bir işıq zolağı kimi keçir və təsvir olunan durumun bütün ağırlığına baxmayaraq, yazıdan xoş təəssüratla ayrılırsan. Səmimiyyət dozasının artıq düşməsi sonucunda bir az şit təsir bağışlayan final akkordu belə bu nikbin təəssürata önəmli xələl gətirə bilmir: "Bir gün qardaşım gəlib evə hay saldı ki, kəkilli toyuğumuz yumurtayacaq. Hamı sevindi. Qardaşımla inəklərin axurunda gizlənib toyuğun dalını güdməyə başladıq. Yumurtanın baş tərəfi görünəndə qardaşım əlini açdı. Sapsarı yumurta düz onun ovucuna düşdü" və sair və ilaxir... Bir sözlə, final bir az elşadanədir.

Amma bütün təqdirə və tənqidəlayiq yönləri ilə birikdə qələbə yumurtasını Elşadın ovcuna qoya bilməyəcəm. Özü də məsələ məzmunda yox, formadadır - Elşad janr ünvanını dəyişik salıb, essedən daha çox hekayə yazıb. Yarışma isə məhz esse yarışmasıdır və bu, onu qalib olmaq şansından məhrum edir.
Yeri gəlmişkən, Bakı Slavyan Universiteti nəzdindəki Yaradıcılıq fakültəsində Elşada ədəbi-tənqiddən nə az, nə çox, düz bir il dərs demişəm. Soruşa bilərsiniz ki, necə dərs demisən ki, tələbən esse ilə hekayəni bir-birindən ayıra bilmir? Qoy, bu suala Elşad özü cavab versin - bir il ərzində üzünü auditoriyada vur-tut bir neçə dəfə gördüyüm, mühazirələrə hər dəfə hökmən gecikən, dərs zamanı bir neçə dəfə siqaret çəkməyə çıxan və bəzən geri qayıtmayan Elşad Barat.

Esse ilə hekayənin sınırlarını Ramil Əhməd daha kobud pozub - Elşad, öz mətninin esse olması ilə bağlı heç olmasa nəsə ayaq yeri qoyur, Ramilin yarışmaya göndərdiyi material ("Qarabağ, Nazlı və mən") isə bu konuda hər hansı nəm-nümə yer saxlamır. O, esse yarışmasına xalis hekayə elementlərinə malik mətn göndərib - başlanğıcı, ortası, sonu olan süjet, insan surətləri, düyün nöqtəsi, açılış, final və sair və ilaxir...
İnidyəcən özünü topluma şair kimi təqdim etməsinə, şeirlər kitabı çıxarmasına baxmayaraq, bu hekayə ilə Ramilin indi də nəsrə iddia etməsinə təəccübümü bildirməyəcəm. Çünki hazırda şeirdən nəsrə keçid "moddu", Ramil də "modnı" oğlandır. Necə deyərlər, nəsrə bürün, elnən sürün. Ramilin hekayəsinin yüz dəfələrlə rastlaşdığımız şablon süjeti, süni melodram ovqatı, bayağı sentimentalizmindən də söz açmayacam. Çünki hekayə yox, esse yarışmasının münsifiyəm. Məni maraqlandıran vaxtilə Şekspirdən məqalə yazmağa (!)  qədər ədəbiyyat biliciliyi edən Ramilin esse ilə hekayəni bir-birindən ayıra bilməməsidir.

Eyni iradı müsabiqəyə müvafiq olaraq "Mənim üçün yaşa" və "Adı burda, özü Qarabağda" hekayələri ilə qatılan Yadigar Ələkbərov və Fariz Yunisliyə də aid etmək olar. Bunların, özəlliklə də Farizin yazısının sözün ciddi anlamında hekayə olub-olmaması bir yana qalsın, məni bir sualın cavabı ilgiləndirir - doğrudanmı, bu cavanlar essenin nə olduğunu bilmir, yoxsa yarışmanın şərtlərindən xəbərsizdirlər? Hansı variant olursa-olsun, durum göstərir ki,  Q.Ağsəs məhz esse yarışması keçirməkdə yanılmayıb. Bu janr barədə Elşadın və Farizin dumanlı, Ramil və Yadigarın yanlış təsəvvürləri göstərir ki, belə bir yarışmaya doğrudan da ehtiyac varmış.

Əgər yarışma fikrin sadəcə obrazlı, poetik, daha dəqiq desək, bəzəkli, təmtərqalı ifadəsi yönündən keçirilsəydi, birinciliyi, yəqin ki, özünün "Müharibə uşaqları" yazısıyla Emin Piri qazanardı. Fikir verdinizsə, mən esse yox, sadəcə yazı dedim. Çünki Emin fikrin şairanə ifadəsinə, metaforizmə o qədər aludə olur ki, yazı həddən artıq ənlik-kirşan vurmuş, bər-bəzəyi göz çıxaran "gözəli" yada salır və bu amil onun yazısını essedən daha çox şeirə bənzədir. Bənzədir deyəndə ki "Müharibə uşaqları"  öz müəllifinin öncələrdə yazdığı bir neçə şeirinin kompilyasiyası, yəni bir-birinə calanması yoluyla düzəldilib. Bu şeirləri Emin nəinki dürlü mətbu orqanlarda yayınlayıb, hətta kitabına da daxil edib. Və onun bu şeirləri mətbuatdan, kitabdan sonra "esse" adıyla səbarə  yarışmaya göndərməsinə alay eləməkdən başqa ad vermək olmur. Emin alayı oğlandır.

Bu "alayın" altında isə narahatlıq doğuran ciddi bir nüans var. Orteqa-i-Qasset roman haqqında bir məqaləsində "ədəbiyyatın dünyanı xilas etməsinə dair fikir bir illüziyadır, o olsa-olsa, insan ruhunun dərinliklərində mürgüləyən zarafat ovqatını, gülüş ruhunu oyada bilər" deyə qeyd edirdi.  U.Eko da özünün "Qızılgülün adı" romanında eyni fikri deyir. Gəlin razılaşaq ki, postmodernist erada  çox şeyi zarafata salmaq olar, amma Qarabağı yox! Bu "esse"sində Emin mənə başqasının göz yaşları içində kağızdan gəmi oynadan uşağı xatırlatdı. Maraqlıdır, erməni əsirliyində anası gözünün qabağında öldürülən, özü isə aldığı zərbədən gözünün nurunu itirən, iynənin ucu boyda işıq həsrəti ilə böyüyən laçınlı qız Nuranə ilə üz-üzə otursa, onun gözlərindəki dibsiz qaranlığa baxsa, görəsən, Emin hansı hissləri keçirər, nə fikirləşərdi? Məncə, daha belə şakalar yapmaz, müharibə uşağı ilə "müharibə uşağı" rolu oynamağın, esse ilə dürlü şeirlərdən esse düzəltməyin fərqli şeylər olduğunu etiraf edərdi. Qərəz, Emin  hekayəti də belə bitdi, mükafat əldən getdi.

"Xocalıda donan fevral" adlı yazının müəllifi Sara Selcan da esse janrının tələbini gözləmir, amma Emindən fərqli olaraq o, misraları cümlələrə çevirmək hesabına yarışmaya şeirlə qatıldığını da gizləmir. İndi mən yazıdan bir parça sitat çəkəcəm və siz özünüz də görəcəksiniz ki, bu, şeir, uzaqbaşı mənsur şeirdir:  

Qar yağırdı o gün Xocalıya.

Yağırdı, yağırdı....

Siz heç qandan çiçək açan Qar gördünüzmü?

Yağan Qar...Çiçəkləyən Qar....Damğa vuran Qar...

Qar nə biləydi ki, bağrı qanayacaq....Qar bilmirdi....

Onlar da bilmirdi...      ...Xocalılar...

Amma yazını oxuyub başa vurandan sonra romantik vüsətlə aşılanmış bütün bu silsilə metaforalar unudulur, yadda qalan bircə mirsa (yaxud cümlə) olur: "Donmuş meyitləri, kəsilmiş başları əks etdirən tanış Xocalı kadrlarında canlı bircə Çingizin hönkürtüsüdür...". Əgər Qarabağ haqqında ən yaxşı misra və cümlə müsabiqəsi keçirilsəydi, Sara, şübhəsiz ki, qələbəyə iddia edə bilərdi. İndiki halda isə bu eləcə iddia olaraq da qalır.
Yarışmaya üç kiçik ("Qalib, yoxsa məğlub", "Qapılar bağlanır" və "Həyat") esse ilə qatılan Səbinə Hacızadəyə janr pozğunluğu məsələsində irad tuta bilməyəcəm - onun yazıları   esse olmağına essedir.  Amma... Hə, tamamilə düz tapdınız, onların da öz əmması var - Qarabağ konusunda deyillər. Səbinə yarışmanın forma tələbini gözləsə də, mövzu məsələsinə etinasız yanaşır. 
Bu üzdən onun esselərini oxuyub, öncə təəccübləndim. Ki, axı, bunların Qarabağa və bizim yarışmaya nə dəxli var? Sonra Peyğəmbər əleyhissəlamla bağlı bir olayı xatırladım və məsələ yalan-gerçək bəlli bir məntiq axarına düşdü.

Döyüşlərdən birini qələbə ilə başa vurandan sonra qoşun əhlini namaza çağıran Rəsulullah deyir: "Zahirdəki düşmənə qalib gəldik, indi gəlin batini düşməni yenək".  O batini düşmən deyəndə nəfsi-əmmarəni, yaxud ürəklərə gizlicə girən şeytanı nəzərdə tuturdu. O vaxtdan İslam aləmində zahiri düşmənlərlə müharibə cihadi-səğir  (kiçik cihad), batini düşmənlə müharibə isə cihadi-kəbir (böyük cihad) adlanır. Gördüyümüz kimi, Peyğəmbər əleyhissəlam insanın öz batinindəki "erməni"ylə müharibəyə daha böyük önəm vermiş, onu böyük cihad adlandırmışdı. Ən böyük qələbə insanın öz nəfsi üzərindəki qələbəsidir. Pəsulullahın bu hədisindən doğan yekun qənaət budur.

Bu anlamda Səbinənin esseləri, xüsusən də birinci esse insanın özünüdərk yolunda qarşılaşdığı çətinliklərdən -   cihadi-kəbirdən, böyük cihaddan bəhs edir:

"Axtarışa çıxdım. Müasir dövrə uyğun "mən" axtarırdım, yolun başlanğıcında mənliyimi itirdim. Başladığım yoldan geri qayıtmaq istəyirdim, qayıda bilmədim və cəsarətimi də orda qoyub yola davam etdim. Mənsiz və cəsarətsiz durduğum yerdə yıxılırdım, ayaqda qalmaq üçün başqalarının ayağının altını qazmalı oldum. Qazdığım quyularda özümə qoyduğum hörməti və dəyəri də basdırıb getdim. Dedilər təmənnasız zirvəyə yol yoxdur. Zirvə uğrunda içimdəki bütün yaxşılıqları satdım, sata bilmədiklərim isə özləri tərk edib getdi. İnamım, hissiyyatım, arzu və xəyallarım... Hər qazanılan yeni mərhələ məndən bir can aldı. Canlarımı itirə-itirə zirvəyə qalxdım. O zirvəni qazandım, amma onu yaşamaq üçün nə canım, nə də ruhum qaldı"

Səbinənin qəhrəmanı daxili döyüşdə düşmənə yenilir və sonucda özünü, yəni ruhunu itirir. Bəlkə, essenin müəllifi demək istəyir ki, ən böyük Qarabağ insanın özünün özünə də qaranlıq, mübhəm qalan batini, ən qəddar erməni onun içindəki şeytan, ən böyük məğlubiyyət isə bu içsəl şeytana uduzmaqdır? Bəlkə də heç o belə düşünmür, sadəcə, şərtləri bilmədiyindən, yaxud onlara etina etmədiyindən yarışmaya konudan uzaq materiallar göndərib. Əgər Səbinə cihadi-səğir və cihadi-kəbir məsələlərini bilsə, öz esselərində bu məsələyə yeddi qat dərində belə işarə versə, özəlliklə də öz qəhrəmanının daxili mücahidliyini Qarabağ savaşı ilə əlaqələndirsəydi, şübhəsiz ki, qələbə çələngini götürəcəkdi. Lakin təəssüf ki, onun esseləri bu sadaladıqlarımzla bağlı heç bir mesaj vermir. Və "Qalib, yoxsa məğlub" sualını Səbinənin yarışma sonu durumu ilə əlaqələndirsək,  cavabım belə olacaq -  məğlub.

Gülnar Səma "Qarabağ üçün" adlı həcmcə çox kiçik, vur-tut on beş cümlədən ibarət essesinə "Mən Qarabağı görməmişəm" kimi səmimi bir etirafla başlayır. Təhkiyənin sonrakı gedişi və essenin ümumi quruluşu da göstərir ki, müəllifin başlıca iddiası səmimiyyətədir. Səmimiyyətə iddia isə dolayısı ilə həqiqətə iddiadır. Yəni təxminən belə bir şey: ola bilsin ki, mən səhv edim, ola bilsin ki, dediklərim sizə inandırıcı gəlməsin, amma bunlar  mənim daxili həqiqətimdir; mən belə düşünürəm; görürsünüz necə cəsarətli qızam? Gülnarın yazdıqlarının alt qatından bunları oxudum.

Nədir Gülnarın həqiqəti? Budur ki, niyə öncələrdə analar "Allah bir daha bizə müharibə göstərməsin, balalarımız yazıqdı, cavandılar” dedikləri halda, aprel döyüşlərindən sonra “O boyda oğulu nəyə böyütmüşəm, təki vətən sağ olsun!” deyirlər? Gülnar Qarabağı görmədiyi kimi, bu ziddiyyətin səbəbini də görmür, sonucda esse mahiyyətcə sual işarəsi ilə bitir.

Bu üzdən mən də Gülnara sual verəcəm: bəs, səncə, analar nə deməlidir, deməlidir ki, yox, Qarabağdan mənə nə, təki balama bir şey olmasın?! Elə çıxmasın ki, qızımızı "antivətənpərvər" mövqeyinə görə suçlayıram. Mən, sadəcə sual verirəm və  Gülnara başlıca qınağım bununla ilgili  deyil. Yazıçıdan hökmən və hökmən "patriot"luq tələb etmək yanlışdır, o kosmopolit də ola bilər və bu üzdən məsələyə hər hansı münasibət sərgiləməkdə azaddır. Nekrasov deyirdi ki, şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan. Blok isə əksinə deyirdi - vətəndaş olmaya bilərsən, amma şair olmalısan. Bəs, Gülnar nə deyir, bu mövqelərin hansında durur, bax, bunu anlaya bilmədim. Məsələ onda deyil ki, Gülnarın  fakta münasibəti yoxdur, var şübhəsiz ki, amma o bunu sərgiləməyib, demək istədiyini axıracan deyə bilməyib, demək istəməyib. Heç mənim də cəngavərlik eləmək, onun demədiklərini dilə gətirmək fikrim yoxdur. Sadəcə, bunu deyə bilərəm ki, fikrin dumanlı ibarələr altında gizlədilməsi, ideyanın mübhəm qalması, bir sözlə, oxucunun yazıdan bir mətləb anlamaması Gülnar Səmanın esse yarışmasının qalibi olmaq şansını aradan qaldırır.     

"Müharibə tumurcuqları" essesinin müəllifi Sadıq Qarayev isə Gülnarın əksinə fikrini tam aydınlığı ilə deyir. Zatən onun konspiroloji ifadə tərzinə əl atmasına ehtiyacı da yoxdur. O, dövlət qəzetlərindən tutmuş dövlət kanalına qədər bütün rəsmi kütləvi informasiya mənbələrinin dediklərini təkrarlayır - aprel döyüşləri göstərdi ki, "zəfər tumurcuqlarının açılma zamanı, qələbənin mövcudluq növbəsi gəlib çatmışdır...". 
Sadığın "Müharibə tutmurcuqları" essesi janrın tələblərinə lazımınca cavab verir,  elmi məzmunu ilə seçilir, üstəlik bədiilik elementlərindən də xali deyil: " Bahar gəldi... Tumurcuqlar açıldı. Azərbaycan xalqı zəfər çiçəklərinin ətrindən məst oldu... Qazilərimiz fəxarət badəsini içdilər... Şəhidlərimiz üçrəngli bayarağa çevrilib, çiyinlərimizdən başımız üzərinə, vətən səmalarına yüksəldilər..." Hətta hərdən "mövcudluq növbəsi" kimi qeyri-bədii, süni, qondarma ifadələrdən istifadə belə Sadığın essesinin oxucuda yaratdığı müsbət auranı dağıda bilmir. Ona iradım dil məsələsi ilə bağlı deyil, çünki başqa, daha ciddi bir məsələdə tənqidi qeydim olacaq - Sadıq essenin girişində qoyduğu məsələni axıracan apara bilmir, vətənpərvərlik hissi  onun elmi məntiqinə üstün gəlir, bir sözlə, məsələ dağ olmur.

Gəlin, məsələni dağ edək. Müəllif esseyə fərqli, hətta çoxlarına qəribə görünə biləcək bir girişlə start verir. "Müharibələr olmasaydı, bəşəriyyət indiki inkişaf səviyyəsinə çata bilməz, bəlkə də mövcud olmazdı. Müharibələr bəşəriyyətin svilizasiyasının sanitarlarıdırlar. Digər canlılarda növün saxlanılması üçün bəzi fərdlərin qurban getməsi necə təbiidirsə, bəşəriyyətin davamlı inkişafı və tam məhv olmamsı üçün müharibələr zəruridir".

Mənim  bu fikrə etirazım yoxdur. Bu liberal yanaşmanın orijinal olmadığı, ingilis ruhanisi Maltusdan gəldiyini də vurğulamayacam, çünki Sadıq özü də pambıqla baş kəsən bu soyuqqanlı ingilisə istinad etdiyini gizləmir. Məni maraqlandıran esse müəllifinin oxucunu öz firkinə nə dərəcədə inandıra bilməsidir. Sadıq məhz bu nöqtədə ilişir.

Essenin əvvəlində maltusanə bir yanaşma ilə müharibələrə haqq qazandıran müəllif, ortada Qarabağ müharibəsini başlayan erməniləri amansız ironiya atəşinə tutur, sonda isə aprel döyüşlərində qalib gələn Azərbaycan əsgərini tərənnüm edir, başqa sözlə desək, gah nala vurur, gah da mıxa. Sadığın məntiqindən belə çıxır ki, Maltusun  müharibə nəzəriyyəsi bizim qalib gələcəyimiz təqdirdə doğru, əks halda isə yanlışdır. Yəni o, planetar, ümumbəşəri bir ideyanı sırf milli marağa tabe etmək istəyir.

Bu yanaşma hər hansı ideoloq, iqtisadçı, deputat, nazir, partiya başqanının... dilindən bəlkə də məqbul sayıla bilər.  Bəs, yazıçı mövqeyi kimi necə? Məncə, yazıçıya görə, müharibə ümumən yolverilməzdir - qələbəli, qələbəsiz, ədalətli, ədalətsiz. Öldürməyə haqqımız yoxdur, çünki yaratmamışıq. Bütün bu göstərilənlərdən dolayı "Müharibə tumurcuqları" müəllifinin qalib olmaq arzusu gül açmayıb, eləcə tumurcuq qaldı. Qoy olsun, əsas odur ki, Sadığın ümummilli arzusu həyata keçsin - zəfər çiçəkləri Qarabağda açsın.

İştirakçılar arasında iki nəfərin də yazısını xüsusi vurğulamağa ehtiyac görürəm -  Kənan Hacı və Vəfa Mürsəlqızı. Bunların heç birinin ədəbi qabiliyyətinə şübhəm yoxdur. Xüsuslə Kənan artıq ədəbi camiə və oxucular arasında kifayət qədər tanınan bir imzadır, o dərəcədə ki hətta özünü hərdən avtoritet kimi aparır, "toxunulmazlıq statusu olan istedadlara" hamilik edir. Peşmansan ki, bir nəfəri yüngülvari tənqid edəsən, Kənan dərhal etiraz səsini ucaldacaq ki, bəs, ay aman, dəyməyin, o istedaddır, istedada toxunmaq olmaz, bu Əsəd Cahangir bilmirəm niyə belə edir, əlqərəz, at getdi, örkən apardı. Kənanın yanaşmasından belə çıxır ki, bizdə gərək tənqid olsun, amma tənqid etmək olmasın, paraya dəymə, bütövü kəsmə, doğra, doyunca ye. Bir sözlə, Kənan ədəbiyyatımızın qarasaçlı ağsaqqalı, köhnə kişilərindəndir. Amma təəssüf ki, canlı və cansız klassiklərə ehtiram bəzən onların düşüncə və üslub dairəsindən çıxmağa, orijinal olmağa Kənana lazımı imkan vermir. Mən bunu onun müsabiqəyə təqdim etdiyi "Yağının işğal edə bilmədiyi səs" essesində də gördüm.

Etiraf edim ki, Kənanın essesi özünün dil-üslub yetkinliyi ilə müsabiqə materialları arasında birinci yerdə durur. Onun bircə yerdə belə ilişgə-tilişgəsi olmayan cümlələri günəş şüaları altında kiminsə o üz-bu üzə çevidiyi xəncər kimi bərq vurur. Amma bu cilalı dillə, su kimi axan cümlələrlə Kənan elə bir yeni söz demir, bu xəncər cümlələrlə kütləşmiş yaddaşımızı yaralayıb, ömrü boyu izi qalan fikir söyləmir. Onun sıx-sıx istifadə etdiyi "müdrik dağlar", "didik-didik olmuş duman", "səsini bir əsim mehə bükmək", "şahbaz atların kişnərtisinə qəribsəyən dağlar" və sair bu tipli lirik-romantik  ifadələr az qala bir əsr bundan öncəki nəsr dili və üslubunu yada salır. Bir sözlə, Kənanın xəncərinin suvenir olduğunu başa düşmək üçün essenin bir abzasını oxumaq kifayət edir.

Onun Qarabağı səslə eyniləşdirməsi Rafael Hüseynovun sənət adamları barədə  yazılarını, "Ac qalardı, yad adamın atdığı tikəyə yaxın durmazdı..." cümləsi Elçinin "Dolça" povestini, "Kənddən çıxanda birdən yadımıza düşdü ki, Bozdar həyətdə zəncirə bağlı qalıb..." cümləsi Kamil Əfsəroğlunun "Çadır" romanını yadıma saldı.

Bəli, Kənan heç nəyi nəzərdən qaçırmayan əla oxucudur və bunun yazıçı üçün danılmaz faydası olduğu kimi, zərəri də var. Onun yazısının həyatdan daha çox, sənətdən gələn fakt təsiri bağışlaması olsun ki, həm də bu amillə bağlıdır. Çünki istər-istəməz oxuduqlarının təsiri altına düşürsən. Təsir problemini həll etmək üçün ya heç oxumamalı, ya da o qədər oxumalısan ki, bütün oxuduqlarını ayrı-ayrılqıda unudasan, onlar şüuraltı qata keçib, bir-birinə qarışa, yaxşıca qaynaya, bişə  və günlərin bir günü ordan məhz sənə məxsus şəkildə üzə çıxa.

Kənanın oxuduqları tam özününküləşmir, həyatdan daha çox, kitabdan, gördüklərindən daha çox eşitdiklərindən gələn bir şeylər təsiri bağışlayır. Halbuki onun iddiası məhz həyatiliyədir. Onun yazısı hətta konkret bir fakta söykənir və bu cəhəti ilə essedən daha çox oçerkə bənzəyir:  "Aradan uzun illər keçib, amma Horadizdə rastlaşdığım bir oğlan uşağını indiyəcən unutmamışam. Dağların boynuna dolanan cığırın ayaqları budanmışdı. O səmtə nə əl çatır, nə ün yetirdi. Tarixdə müzəffər yürüşləri və qələbələriylə tanınan Makedoniyalı İsgəndərin adaşı olan bir uşaqla burda rastlaşdım. Üzünü qiblə bildiyi uca dağlara tutaraq səsini bir əsim mehə büküb o səmtə yollayırdı. “Qarabağ şikəstəsi” oxuyurdu. Bir qarış sinədən ox kimi sıyrılan bu səs şahbaz atların kişnərtisinə qəribsəyən dağların yeganə həyanı, simsarı idi... Bu zalım balasının özündən, öz səsindən xəbəri yox idi. Bütün varlığı uçuna-uçuna öz səsinin oxu ətrafında fırlanırdı".

Amma bütün bunlara rəğmən, təsəlli bulmağa ən azı bir şey var - oçerk hekayə ilə müqayisədə esseyə daha yaxındır və Kənan esse məsələsində tutaq ki, Ramil Əhmədli və ya Yadigar Ələkbərov qədər yanılmır.

Vəfa Mürsəlqızının "Ən bahalı beşik" adlı essesinə gəlincə, öncə deyim ki, yazıya ad düzgün qoyulmayıb, çünki beşik məsələsi yazıdan keçsə də, mətni öz məhvəri ətrafında tam birləşdirmir. Vəfa yazıya postmodernist kimi tamam kənar, dəxli olmayan bir ad da qoymayıb ki, "bunu düşünülmüş şəkildə edib" deyə ona bəraət qazandırasan. Hər şeyi özündə birləşdirən adın tapılmaması özü göstərir ki, müəllif mövzunun nüvəsinə çatmayıb. Ona görə Vəfanın yazısı mənə monolit, bitkin bir şeydən daha çox, izafi emosiya sərfi hesabına "birləşdirilən" ayrı-ayrı parçaların yan-yana düzülməsi təsiri bağışladı.  

Emosiya demişkən, "Ən bahalı beşik" on altılar arasında ən emosional mətndir. Və əgər emosiyanın şiddəti yarışmada qələbənin əsas şərti kimi qoyulsaydı, Vəfa qeyd-şərtsiz birincilik qazanacaqdı. "Mənsə qışqırmaq, dəli kimi hönkürmək, o diktor qızın yaxasından tutub silkələmək, koko-shanel qoxulu saçlarını yolmaq istəyirəm. Niyə, niyə o gecə hava haqqında məlumat verəndə demədi ki, göylərdən dolu yerinə güllə yağacaq? Niyə demədi ki, qışın ortasında cəhənnəm odunda bişəcək körpə balalar!! Niyə? Niyə? Sonra yalvarıram ki, sussun. O qız sussun, bütün dünya sussun. Bir dəqiqəlik də olsa sussun. O gün balalarımın şəkillərini yandırmaq istəyirəm, isməti taptalanmış qızlardan utanıram".

Fikir veririsinizmi, küləkli havada gah qalxan, gah da enən dalğaları xatırladan bu cümlələrin müəllifini dediyi sözdən, ifadə etdiyi fikirdən daha çox, sözün melodiyası, musiqisi, axıcılığı maraqlandırır. O mətni idarə etmir, mətnin havacatı özü onu qabağına qatıb aparır. Elə bil ki, hansısa əyalət aktrisası Şekspirin, Cavidin, İlyas Əfəndiyevin qadın qəhrəmanının məzmun dərinliyinə varmadan əzbərlədiyi monoloqunu çılğın bir ehtirasla deyir və bu zaman onu nə Şekspir, nə Cavid, nə   İlyas Əfəndiyev dühası, nə də oynadığı qəhrəmanın faciəli taleyi yox, bircə şey maraqlandırır - səsinin tembri, diapazonu, amplitudası, bir sözlə, məlahəti ilə zala xoş gəlmək, tamaşaçıların qəlbini ovlamaq.

Qadın qəhrəmanların monoloqu demişkən, Vəfanın essesinin daha bir "ən"i də var - o ən "jenski" mətndir. Yazının beşiklə bağlı adı və məcrasından çıxan emosionallığı, müəllifin diktor qızın saçlarına hansı ətirdən vurması kimi detalçılığa varması, "isməti tapdalanmış qızlarla" bağlı populizmi, kişiləri ənənəvi namus-qeyrət janrında utandırmağa çalışması, şəhid analarının dili ilə ağı deyib, bayatı çağırmasının əsasında  da məhz cins psixologiyası məsələsi durur. Onun diktor qızın saçlarını yolmaq arzusuna düşməsinin özünün də alt qatında  vətənpərvərlik donuna bürünmüş qadın qısqanclığı durur. Ümumən saçyoldu əhvali-ruhiyyəsi Vəfanın essesinin əvvəlindən axırınacan qırmızı xətlə keçir.

O, görmək istəmir ki, Xocalı faciəsinin günahı nə koko-şanel saçlı diktor qızda, nə də çayxanalarda namus-qeyrətdən danışan kişilərdə deyil. Ümumən Qarabağ sindromu nəinki sadəcə qadın-kişi məsələsi, nəinki ümumilli məsələ, nəinki beynəlxalq məsələ deyil, birbaşa tale məsələsidir, metafizik problemdir. Bu düyünü açsa-açsa Allah açacaq. Vəfanın düşüncəsinin Allaha çıxışı yoxdur. Onun insanları -  diktor qızı və çayxana kişilərini qınamasının səbəbi də budur.  Amma təbii ki, biz Vəfa kimi etməyəcək, onu qınamayacağıq. O, problemi belə görür, belə düşünür. Digər yandan Vəfa bir milyon qaçqını olan, iyirmi faiz torpaqları işğal olunan, qız-qadınları düşmən əsirliyində yad ellərə sürülən bir xalqın yazarı, üstəlik də xanım yazarıdır, vay-şivən qoparmasın, saçyolduya çıxmasın, neyləsin? Bunlar öz-özlüyündə aydındır. Amma bütün bunlarla yanaşı istedadına şübhə etmədiyim Vəfaya süni surətdə birincilik vermək fikrində də deyiləm. Bunun bir əsas səbəbi var - Vəfa adamı utandırır, amma yeri-göyü lərzəyə gətirən hönkürtülərinə baxmayaraq, onun Qarabağ haqqında düşüncələri oxucunu silkələmir, diksindirmir, düşündürmür. Ona görə yox ki, onun yazdıqları adi şeylərdir, ona görə ki, iyirmi beş ildən bəri min dəfələrlə eşitdiyimiz tanış şeylərdir.

Nəhayət, növbə gəlib çatdı on altıların sonuncusuna, yarışmanın qalibinə - Rəşid Bərgüşadlıya. Niyə məhz Rəşid? Birinci ona görə ki, o, yarışmaya hekayə və ya şeir yox, məhz esse ("Tikanlı çığırlar") göndərib, yəni forma baxımından yarışmanın şərtini pozmayıb. İkincisi, onun essesi məhz Qarabağ haqqındadır, yəni o yarışmanın məzmun şərtini də gözləyib.

Amma bu, "niyə məhz Rəşid?" sualına hələ tam cavab vermir? Çünki yarışma iştirakçıları arasında bu şərtlərin hər ikisini gözləyən digərləri də var. Bəs, Rəşidi onlardan seçib ayırmağa imkan verən nələrdir?

Rəşid bir çox yarışma iştirakçılarından fərqli oxuduqları və eşitdiklərindən yox, birbaşa fərdi yaşantılarından, şəxsi təcrübəsindən çıxış edir. Bəzilərindən fərqli isə onun Qarabağ olaylarına dair fikriləri nə uşaq, nə qadın yox, yaşlı-başlı bir kişinin münasibətidir. Özü də bu münasibət hər cür boğazdanyuxarı rəsmi vətənpərvərlik patetikası və pafosundan uzaqdır. Onun Qarabağa sevgisi nəsə kitabdan, siyasətdən, partiyadan, televizordan gələn mücərrəd vətənpərvərlik anlayışından doğmur, əksinə, vətənə sevgisi Qarabağa, doğma kəndinə, ömrünün müəyyən bir dönəmini yaşadığı, indi isə düşmən əlinə keçən evinə sevgidən başlayır. Yəqin bu üzdən Rəşidin essesini oxuyanda alüminium raskladuşkanın dəmirindən düzəldilmiş antennadan tutmuş, otağın kəlləsinə vurulmuş dünya xəritəsinə qədər onun ata evini bütün müxəlləfatı ilə görür, bu evin əhəng divarlarının sərinliyini canında hiss edir, nənəsinin Dilbər adlı bir qadına 1936-cı ildə toxutdurduğu gül çeşnili kilimin tanış qoxusunu duyur, bir sözlə, qayıdıb o evdə bir də yaşamaq istəyirsən...

Rəşid dünyada yalnız onun özünə məxsus olan müşahidələri, xatirələri, yaşantıları qələmə alır, özü də inandırıcı, səmimi şəkildə. Bu xatirələrin qiyməti onların təkrarsızlığındadır. Lakin məsələ təkcə xatirələrlə bitmir. Yazıçılıq həqiqətin dərkindən başlayır, onun etirafı ilə bitir. Esse müəlliflərinin əksərindən fərqli olaraq, Rəşid həqiqəti etiraf etməyə özündə güc tapa bilir: 

"Oyrəli yuxuda görürəm ki, cavan erməni ailəsi evimizə  yeyəliklənib. Özümdən ad da qoymuşam ona – Qurqen kirvə. ...Qurqen “deyir” ki, – “Ev-eşiyindən nigaran olma, nə vaxt gəlsən, öz evindir, şəpir-şüpürümü də yığışdırıb gedəcəyəm!”.  Amma düşünəndə ki, – “Öz evimdirmi?” – onda iliyim gizildəyir. Nə olsun ki mən o evdə doğulmuşam? Cəmi-cümlətani 17 il yaşamışam orda. Axı, Qurqen də orda doğulub! İndi də oğul-uşaq yeyəsidir, 23 ildir bu evdə yaşayır, divarları suvatdırıb, otaqları əhəngləyib, damın şiferlərini dəyişib..." 

"Tikanlı cığırlar"ın müəllifi bu sözlərlə demir ki, Qarabağ artıq erməniyə məxsusdur, gəlin əlimizi hər şeydən üzüb oturaq, əksinə, torpaq itkisi ilə barışmaq təhlükəsi haqda həyəcan təbili çalır. Və bununla da illərdən bəri hamının altşüurundan boy verən, amma heç kəsin dilə gətirmədiyi acı həqiqəti etiraf edir, bizi diksindirir, həyəcanlandırır, düşündürür... Həm də bunu nə qədər ləyaqətlə, abır-həya ilə, kişiyana bir təmkinlə, mərdanəliklə, təvazö ilə edir. Onun canlı danışıq dilinə söykənən ciddi, sadə, sərt yazı üslubu da  fakta yanaşma tərzinə uyğun olaraq hər cür gəlişigözəl ibarə, metaforik makiyaj, süni bər-bəzəkdən uzaqdır... Sözümün canı odur ki, Rəşidin şəxsində Azərbaycan ədəbiyyatının gələcək legionerləri sırasına daha bir imza daxil olacağına inandım. Qalibi təbrik edirəm və hamıdan öncə təbrik etməyimdən məmnunam.

Qorqud Dədə diliylə desək, yum verəlim...

İllər gəlib keçəcək, bu yarışmanın iştirakçıları arasından bəlkə də gələcəyin ünlü yazarları çıxacaq, bəlkə də onların bəziləri ötəri  gənclik həvəsinə düşdüyünü anlayıb, söz meydanını tərk edəcək. Çox şeylər unudulacaq, qələbə sevinci də, məğlubiyyət acısı da... Amma bu yarışmadan mənim yaddaşımda Rəşidin öz-özünə verdiyi bir sual qalacaq:  görəsən, illərdən bəri erməni əlində qalan evimizə mənim evim deməyə haqqımız varmı?

Məncə, hər bir azərbaycanlı ta Qarabağı alana qədər bu sualı qulağında sırğa eləməlidir.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə