Son xəbərlər

 

Xəbər verildiyi kimi, Ankaranın “Tulpars” nəşriyyatı  gənc nasir və araşdırmaçı Pərvinin “Sevdim səni” adlı kitabını çap edib.

 

Hazırda kitabın Azərbaycan nəşri hazırlanır. Sevgi şeirlərinə həsr olunmuş esselərdən ibarət  kitaba Xalq yazıçısı Anar Ön söz yazıb.

Həmin Ön sözü oxuculara təqdim edirik.

Əziz oxucu! Qarşındakı bənzəri olmayan, orijinal kitabın müəllifləri  yüz  şair və bir nasirdir. 100 rəqəmi şübhəsiz şərtidir, kitabda yer alan şairləri saymamışam. Həm də bir şair bəzən iki, hətta üç  şeirlə təmsil olunur. Amma kitabın nasir müəllifi -birdir -  gənc yazıçı, araşdırmaçı, esseist Pərvin.

Bu yaxınlarda Pərvinin daha bir esselər kitabı işıq üzü gördü: “Qadın olmaq”. Həmin kitabda Pərvin dünyanın bir neçə qeyri-adi taleləri olan qadınından bəhs edir, hamıdan, hər kəsdən çox cəhətləriylə  ayrılan, inanılmaz dərəcədə  fərqli ömürlər  sürmüş qadınlardan söz açır. Bu qadınların müstəsna olmaları bir də ona görədir ki, onlar  dahilərin ömürlərində misilsiz rol oynayıblar. Onların həyatlarını bağladıqları  aşiqləri sırasında Fredirik Şopen, Fridrix Nitsşe, Vladimir Mayakovski, Serşey Jesenin, Pablo Piksso, Salvador Dali, Dieqo Rivyera, Federiko Fellini kimi parlaq şəxsiyyətlər olub.

Qeyri-adi qadınlardan yazan Pərvinin bu kitabında   müəllifin özünün də sevgi şeirlərinə, ümumən sevgiyə aid  düşüncələri, duyğuları əks olunub. Öz fikirlərini ifadə etməkçün Pərvin şəxsi mülahizələrinə, həyat təcrübəsinə, yalnız fərdi hisslərinə arxalanmır. O məhəbbət haqqında əsrlər boyu yazılmış çox sayda  şeirlərə əsaslanaraq, onları ayrıca təqdim edərək  sevgi haqqında öz yozumlarını qələmə alır. Sevgi - qəlbin bayramıdır, amma həm də başın bəlasıdır. Sevgi sevincdir, fərəhdir, təsəllidir, ümiddir...

Amma həm də dərddir, qüssədir, həsrətdir, ayrılığın acısıdır. Sevgi - anlamaqdır və bəzən anlanılmamaqdır. Bu bəlkə də ən mürəkkəb, ən çətin, ən qəliz insan hissinin çeşidli cəhətlərini, çalarlarını, ayrıntılarını Pərvin istedadlı nasir psixologiyasına dayanaraq, yazılı və şifahi ədəbiyyatın zənginliyinə dərindən bələd  olan araşdırıcı biliklərinə müraciət edərək, parlaq esseist üslubuyla, rəvan, səlis, obrazlı və oxunaqlı  bir dillə ifadə edir.

Eyni zamanda Pərvin mahir bir diplomat səriştəsiylə  müəyyən ünvanlara yönəltdiyi  ismarışlarını, mesajlarını ikibaşlı ifadələr və sözlər vasitəsiylə gizlətməyi də yaxşı bacarır, yəni dediyini də deyir, çatdırır, müxtəlif yozumlara  baba yolu da  qoyur.

Bu kitabı şeirlə və nəsrlə yazılmış dastan adlandırmağım əbəs deyil. Axı “Kitabi Dədəm Qorqud”dan “Qaçax Nəbi”yə qədər bütün dastanlarımızda şeir və nəsr parçaları bir-birini tamamlayır, bir-birini bəzəyir, bəzən bir-birini izah edir. Bu kitabda - sevgi dastanında da şeirlərlə onların yozumları bir-birinə dayaq olur, bir-birini zənginləşdirir. Bu baxımdan gənc müəllif öz qarşısına çətin bir vəzifə qoyub. Axı Nizami və Yunis İmrə, Nəsimi və Füzuli, Molla Pənah Vaqif və Aşıq Ələsgər, Nazım Hikmət və Aşıq Veysəl kimi mümtaz sənətçilərin məşhur şeirlərini yenidən yozmağa cəhd etmək, onlara yeni baxışla yanaşmaq, onları öz qəlbinin duyğularıyla tutuşdurmaq asan məsələ deyil. Pərvin bu işin öhdəsindən uğurla gəlib. İlk məktəb dərsliklərimizdən tanış olan klassik şeirlərə sanki  təzə gözlə baxırıq, onları tamam fərqli bucaqdan dəyərləndiririk, hər şeirdə özümüzü, öz kövrək, bəzən unudulmuş duyğularımızı, öz sevgi təcrübəmizi axtarırıq və çox vaxt heyrət içində  tapırıq. Klassik şairlərlə bu sağlam  “yarışdan” başarıyla çıxan müəllif bir sıra çağdaş şeirləri  hətta gözəlləşdirə  də bilir. Bəzi şeirləri və onların yozumunu oxuyanda ağlıma belə fikir gəldi ki, şair bu yozumun əsasında şeirini yenidən, bədii cəhətdən daha maraqlı yaza bilər.

Çox istərdim ki, bu kitab xüsusiylə gənc nəsillərin diqqətini çəksin. Əvvəla bu  klassik ədəbiyyatla, onun ən parlaq örnəkləriylə tanışlıq baxımından vacibdir, ikincisi də insan hisslərinin robotlaşdığı, kişi-qadın  münasibətlərinin əsasən virtual aləmdə cərəyan etdiyi, sevginin az qala Qırmızı kitaba düşdüyü bir zamanda haçansa belə sevə bilən və sevgilisini bu cür əzizləməyi, oxşamağı bacaranların varlığı, belələrinin hələ də kökünün  tamam kəsilməməsi  bəlkə də cavanlarçün ibrət dərsi oldu.

Kitabın bir özəlliyi ondadır ki, Pərvinin diqqətini nəinki iki qardaş ədəbiyyatı - Azərbaycan və Türkiyə poeziyasını təmsil edən şairlərin əsərləri çəkir, o rus şairlərinin dilimizə tərcümələrinə də   yer ayırır. (Bu cəhətdən mənim də dörd rus şairindən - Anna Axmatovadan, Marina Svetayevadan, Vladimir Mayakovskidən, Boris  Pasternakdan  çevirmələrimə  müraciət etməsinə görə  Pərvinə minnətdaram).

Hələ də hansı vəznin - əruzunmu, hecanınmı, sərbəstinmi üstün olması, xüsusən müasir ruha daha uyğunluğu barədə mübahisələr səngimir. Bu kitabda hər üç vəzndə təmsil olunmuş şeirlər bir daha o məlum həqiqəti təsdiq edir ki, insan hisslərini, bu hisslərin ən vacibini - sevgini tərənnüm edən şeirlər - əsl şeirdirlərsə - vəznindən asılı olmayaraq  qəlbin ən dərin guşələrinə nüfuz edir.

Bu kitabda yer alan şeirlərin və esselərin çoxu vaxtiylə “525-ci qəzet”in səhifələrində çap olunub. Öz-özlüyündə  hərəsi bir cəhətdən maraqlı olan bu yazıları bir yerdə, toplu halında oxuyanda  həm bu işin miqyasına və səviyyəsinə heyran qalırsan, həm də bəzi hallarda təkrarların olmasına heyfslənirsən.

Hər bir maraqlı  kitab  bizi düşüncələrə qərq edir, xatirələrimizi oyadır, hisslərimizi təzələyir. Bu düşüncələr içində müəlliflə razılaşmadığın məqamlar da olur. Kitaba ön söz yazmaq təklifini alandan və buna məmnuniyyətlə razılıq verəndən sonra  əlyazması şəklində oxuyanda, təbii ki bəzi  razılaşmadığım məqamlar da olurdu, amma onlar o qədər az idi ki, üzərlərində xüsusi dayanmağa dəyməz. Yalnız bircəciyini qeyd edəcəm. Türk şairi Rza Tofiqin “Gözlər” rədifli məşhur şeirində belə misralar var:

Bana eşq elinden efsane söyler
Eşqə inanmayan yalan gözlerin.

Pərvin bu şeiri belə yozur ki, xanım sevgilisinin eşqinə inanmır, amma məncə əksinədir. Şair  eşqdən əfsanələr söyləyən qadının  yalan gözlərində onun ümumiyyətlə eşqə inanmadığını  görür.

Əlyazmasını oxumağa başlayanda başıma bir fikir də gəldi ki, esselərin yazılma və çap tarixindən asılı olmayaraq  mətnləri ədəbiyyat tarixinin xronolojisinə uyğun olaraq düzmək daha münasib olardı, yəni Nizamidən, Yunis İmrədən üzü bəri çağdaşımız şairlərə doğru... Amma sonra fikirləşdim ki, yox elə belə düzüm daha təsirlidir, bu cür  xronoloji pərakəndəliyin öz məntiqi var - uzaq əsrlərdə də, bizim günlərdə də sevənlər eyni cür sevib, eşqin səfasını da, cəfasını da eyni cür çəkiblər və bu cür düzüm  bir daha əbədi  həqiqəti təsdiq edir:

Sevginin yaşı olmur. Nə həyatda, nə şeirdə...

14 yanvar, 2016

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə