Son xəbərlər

 

Bakı Dövlət Universitetinin həyatında bir ilkə imza atmışdım. Bir mən bunun fərqindəydim, bir də diplom müdafiəsində iştirak edən müəllimlər. Əslində, elmimizə, ədəbiyyatımıza töhfə verən yeniliyin müəllifi deyildim. Sadəcə, saz çiynimdə universitetə daxil olanda tələbələrin, elə bəzi müəllimlərin də üzündəki ifadədən hiss etdim ki, onlar belə qəribəlik görməyiblər. Bəlkə də çoxu ürəyində: “İncəsənət Universiteti ilə buranı səhv salıb”, - deyirdi...

 

   Mən isə qərarımda israrlıydım. Diplomumu sazla müdafiə edəcəkdim. Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Cəlal Abdullayevə (ruhu şad olsun) bu barədə deyəndə gülümsədi. Çünki götürdüyüm mövzu və haqqında yazacağım şairin ömür yolu, yaradıcılığı, ən azından, bunu tələb edirdi. Sözün düzü, müəllimlərə növbəti sürprizi etmək fikrim vardı. Yaradıcılığından sevə-sevə bəhs etdiyim şairi də müdafiəmə dəvət edəcəkdim. Ancaq bəzi səbəblərdən alınmadı...

  Müdafiə komissiyasının üzvü olan müəllimlərin bir neçəsi hələ gəlməmişdi. Bunu nəzərə alan Cəlal Abdullayev dedi ki, belə olan halda, beş-on dəqiqə gözləməli olacağıq. Elə bil, kimsə mənə “Sazı köynəyindən çıxart və zilini-zil, bəmini-bəm elə”,- dedi.

 Sazın səsini eşidənlər kafedranın qapısını kəsdirmişdilər.

 Maraqlı mənzərəydi. “Başsarıtel”dən “Dilqəmi”yə keçəndə kiminsə içini çəkdiyini duydum. GülhüseynHüseynoğlu (ruhu şad olsun) idi. Onu bu yaşda kövrəltdiyimçün, düzü, peşimançılıq hissi keçirdim. Ətrafa boylananda Cəlal Abdullayevin, Tofiq Hacıyevin (ruhu şad olsun), Cəlil Nağıyevin, Pənah Xəlilovun və Firuzə Əhmədovanın yaşarmış gözlərini görəndə, sanki ürəyimin başında ocaq qaladılar...

  Yarım saatdan sonar komissiyanın digər üzvləri də gəldilər.

  Tələbələr onlara verilən mövzunu həvəslə danışır, istifadə etdikləri ədəbi mənbələrdən sitatlar gətirir, sanki hakim qarşısında dayanmış müttəhim kimi, günahsız olduqlarını sübut etmək istəyirdilər.

  Növbə mənə çatdı. Sazı götürdüm və çıxışıma yaradıcılığına müraciət etdiyim şairin “Ustadnamə”si ilə başlayanda zala ani bir sükut çökdü. Sonra saz susdu. Danışdıqca hiss edirdim ki, müəllimlərin də, tələbələrin də diqqəti sazda qalıb. Yenə saz dilləndi. Elə bil, otağa haradansa təmiz dağ havası üfürdülər...

 Dəyərli alimimiz Pənah Xəlilovun yaşarmış gözlərini silə-silə: “Aşıq bala, bir “Kərəmi” çal"- deməsi, sözün düzü, bu dəfə məni kövrəltdi.

  “Baş üstə, müəllim”,- deyib “Kərəmi” odlara qaladım...

  Mənə,“diplom müdafiəsi”ndən “əla” yazdılar. Sonra universitetdə kim məni görürdü: “Bu oğlanın diplomunu saz müdafiə etdi”,- deyirdilər zarafatla.

 Əziz oxucular, diplom işimin mövzusu lap yenicə dünyasını dəyişmiş xalq şairi, ömrü boyu bir əli torpaqda, bir əli haqda olan Borçalı dünyalı, Borçalı nisgilli, Borçalı laylalı ZəlimxanYaqubun yaradıcılığıydı.

 ZəlimxanYaqubu Azərbaycanda hamı tanıyır. Onunla şəxsən 9-cu sinifdə oxuyanda tanış oldum. Məktəbimizə gəlmişdi. Elə danışırdı ki, elə bil danışdıqları yerə-göyə, daşa-divara yazılmışdı. Şeirlərini vərəqdən deyil, ürəkdən oxuyurdu.

 Birdən şairin “Mənə kimin sözü var?”- deyib sual ünvanlaması bizə çox qəribə gəldi. Onun yanında nə danışacaqdıq ki???

 Əlimi qaldırıb “Mən şeir demək istəyirəm”,- söylədim. Gülümsədi. “Kimin şeirini deyəcəksən?” - soruşdu. “Sizin şeirinizi”, - cavab verdim. Onun “Gəldim” şeirini deyəndə, hiss etdim ki, şair gəldiyi ilkinliyə, yol elədiyi ilk cığıra qayıdıb xəyalən. Şeir bitəndən sonar öz yazdığım şeiri demək istədiyimi bildirdim. “Buyur”,-dedi. Şeirlərimi yazdığım dəftərçəmə “Xoşbəxt şair olasan”,- yazdı.

 Aradan illər keçdi. ZəlimxanYaqubu daha yaxından tanıdım, şeirlərini əzbərlədim.

 Zəlimxan Yaqubun şeirləri, açığını desəm, aşıqların “çörək ağacı”ydı. Elə bir məclis olmazdı  ki, ondan oxunmasın, onun yaradıcılığına müraciət edilməsin.

 Yenə yazımın əvvəlinə qayıtmaq istəyirəm. Diplom işimlə bağlı 2009-cu ildə şairlə görüşmək üçün dostları, tanışları soraqladım. Axır ki, telefon nömrəsini tapıb zəng etdim. Dəstəyi özü götürdü. Özümü təqdim etdikdən sonar məqsədimi, onunla görüşmək istədiyimi bildirdim. Dedi ki, sabah gəl, səni gözləyirəm. Soruşa-soruşa şairin evini tapdım. Qapını qardaşı açdı. İçəri dəvət etdi və dedi ki, şair indi gəlir.

 Zəlimxan Yaqub məni doğması kimi qucaqlayıb bağrına basdı. Sözün düzü, gözləmirdim. Süfrəyə çay-çörək gəldi. Şairlə çörək kəsdim. Sonra kitabxanasına, səfərlərini, gənclik illərini əks etdirən şəkillərinə baxdım. “Bir az yorğunluğumuzu çıxaraq”, - deyib sazı sinəsinə basdı. Utancaqlıq hissi məni tərk eləmişdi. Şairlə baş-başa verib şeir deyib, saz çalıb, aşıq mahnısı oxudum.

 Yenə də aradan illər keçdi. Şeirlərinin sorağı gələn Şairdən xəstəlik xəbərləri gəldi. Dedilər ki, böyrəkləri şairə vəfasızlıq edir.

  Tədbirlərin birində onu görəndə gözlərimə inanmadım. Dağ Zəlimxan qəlpə-qəlpə ərimişdi elə bil. Göz yaşlarımı saxlaya bilmədim. Dağ çayı kimi kükrəyən şair sanki danışmırdı, pıçıldayırdı.

  Və qara xəbər... "Zəlimxan Yaqub bu həyatdan köçdü", - dedilər.

  Bilrəm ki, hər bir azərbaycanlı bu böyük itkiyə heyfslənəcək, bu acını-ağrını hamı yaşayacaq və bir-biri ilə bölüşəcək. Onun səsi, avazı, şirin danışığı üçün çox darıxacağıq. Ancaq onunçün ən çox darıxan şirinli-acılı günlərinin şahidi qara“sapılca”, bir də sağlığında ruhuna layla dediyi İmran dilli, gümüş telli qara saz olacaq.

  Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!

  Şairə, onun əziz xatirəsinə böyük sevgi və sayğıyla.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə