Əgər akademik İsa Həbibbəyli  bütün tərəflərilə, həqiqətən, dəyərli olan «Bütün yönləri ilə yaradıcı» məqaləsini çap  etdirməsəydi, yəqin ki, mən Rəşad Məcid haqqında yazmağı hələ beş-on il də gecikdirəcəkdim… Neçə illərdir hər Rəşadı görüb onu hansısa yaradıcılıq uğuru münasibətilə təbrik edəndə əlavə eləyirəm ki, «Rəşad, gərək sənin bu möhtəşəm xidmətlərin barədə yazam”… O da özünəməxsus səmimi (və yumorlu) bir təbəssümlə, təvazökarlıqla söhbəti belə yekunlaşdırır ki, «bax da, professor». 

Ancaq akademik İsa Həbibbəylinin geniş həcmli (monoqrafik) məqaləsi çap olunandan, hətta ayrıca kitab şəklində çıxandan sonra Rəşad həmin səmimi (və yumorlu) təbəssümü saxlasa da,  təvazökarlıq məsələsində çox da dərinə getməyib cəsarətlə dedi ki, «professor, o boyda akademik yazandan sonra da hələ fikirləşirsən...”  Dedim ki, «Rəşad, oxudum, vallah, akademik elə yazıb, sənin yaradıcılığını elə təhlil edib ki, mənə bir söz qalmayıb, qorxuram bundan sonra heç yazası olmayam...» Dedim… Ancaq elə o andaca düşündüm ki, ürəyi dünya qədər geniş bu yazıçı, jurnalist, ictimai xadim (və ziyalı!) barəsində  həmişə yazmaq (və düşünmək!) üçün nə qədər istəsən material var. Hər şeydən əvvəl ona görə ki, Rəşad Məcid, İsa Həbibbəylinin dəqiq ifadəsilə desək, «müstəqillik dövrü Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, aydın milli düşüncəsi, açıq və yetkin təfəkkürü» olan nümayəndəsidir. Və bu, o deməkdir ki, Rəşad Məcidin şəxsində (timsalında!) təzahür edən çoxmiqyaslı (və çoxşaxəli)  istedad, yaradıcılıq enerjisi yalnız bir  nəfərə məxsus, fərdi, subyektiv (və «qapalı»,  mücərrəd) bir hadisə deyil, bütövlükdə, bütün  ictimai mütəvazeliyi ilə mənsub olduğu xalqa, cəmiyyətə məxsusdur… Mən Rəşadın «bütün yönlərilə yaradıcı» olmağının  səbəbini, mənbəyini (metafizikasını!) , təkrar- təkrar deyə bilərəm ki, Tanrının ona  səxavətlə bağışladığı dünya qədər geniş  ürəyində görürəm!..

Heç bir şübhə etmirəm ki, Rəşad Məcidin həm yaradıcılığında,  həm də geniş ictimai fəaliyyətində (əslində, bu da yaradıcılıqdır) qazandığı  nə uğurlar varsa, Tanrıdan gəlir. Və deyəsən, bu,  hərdən bir özünə də əyan olur…

Olsun ki, şeiri Allah adama
Yaşadıb ömründə tufan yazdırır.
Birinə «Məsnəvi», birinə «Xəmsə»,
Birinə sevgidən roman yazdırır.

…Mənə də lütf edib öz kərəmini,
Yenidən yolladı öz qələmini.
Yaşlı gözlərimin silib nəmini,
Oturdub diz üstə dastan yazdırır.

Tanıdım üzünü, duydum rəngini,
Hiss etdim göylərin bu ahəngini.
Ard- arda düzülən söz çələngini,
Özüm yazmıram ki, yazan yazdırır.

Mən Rəşadı kifayət qədər gənc  yaşlarından tanıyıram. Və onu həmişə istedadlı,  ziyalı, yaradıcı insanlar arasında, elə  gənc yaşlarından «ağsaqqal», nüfuzlu, sözünə, şəxsiyyətinə hörmət edilən görmüşəm… Onu az və ya çox tanıyanların hamısı yaxşı  bilirdi ki, Rəşad bu dünyaya təmiz, müqəddəs  və insanı «uyqudan bidar» (M.Füzuli) edən sözün arxasınca gəlib…  O illərdə Rəşad Məcidin sözü hələ ağ işıq kimi  bütöv idi, ancaq çox keçmədi ki,  tamamilə təbii olaraq, öz spektrlərinə ayrıldı.
Və Rəşad ömrü boyu davam edəcək «söz oyunu»na girdi… Özü demiş…

Başlayanda macəradı,
Dəcəllikdi, zarafatdı.
Bir də gördün ciddiləşdi,
 Yaxın gəldi addım- addım –
söz oyunu.

… Qaydası yox, düsturu yox,
Yüz yerə aparar səni.
Orbitindən aralayıb
Oxundan qoparar səni 
söz oyunu.

Kimində qulaqda bitər,
Kimində yataqda bitər.
Çox dalsan dərinliyinə
Bu qara torpaqda bitər 
söz oyunu.


Rəşad Məcid ilk gəncliyindən bu dünyada nə iş görübsə ürəklə görüb, nə «oyun» oynayıbsa ürəklə oynayıb. Qələbəsi, uğuru da ürəkdən gəlib, haradasa  «məğlubiyyət»i, «uğursuzluğ»u da…
Hətta «peşimançılığ»ı da…

Bilməzdim bu qədər ağrı verəcək,
Hər təzə misrası üzəcək məni,
Yolumu daşlığa sarı döndərib,
Bu qədər incidib əzəcək məni…
Bilsəydim, yazmazdım bu şeirləri.

Mən dedim, yazdıqca unutduracaq,
Köhnə ağrıları, əski dərdləri.-
Bağrımın başında qalayıb ocaq,
Yenidən yaşatdı məşəqqətləri…
Bilsəydim, yazmazdım bu şeirləri.

Ağrılar, əzablar ac quzğun kimi,
Boynuma uzatdı caynaqlarını.
Vurduğun yaralar sağalmamışkən,
Yenidən qopardı qaysaqlarını…
Bilsəydim, yazmazdım bu şeirləri.

Rəşadın şeirlərində  ən çox işlədilən bir söz var, o da «ürək»di, hətta bu  sözü işlətmədiyi şeirlərində, hekayələrində, məqalələrində, müsahibələrində də bir ideya var – o da ürək yanğısıdı…

İlişib bir küncdə qalan fikrimin,
Düşünüb, daşınıb sirrini tapdım.
Dəyişən halımın səbəbin gəzdim,
Yüz səbəb içindən birini tapdım.

Bildim bahar gəlib yenə payızda,
Duyğum çiçək açdı cansız kağızda.
Çoxları üzərkən hələ dayazda,
Yaxşı ki,  adlayıb dərini tapdım.

Şırıltı duyulur mürgülü qandan,
Ayılır yuxudan, açılır dondan,
Beş ildi xəbərim yoxuydu ondan,
İtmiş ürəyimin yerini tapdım.

Rəşadın ürəyinin dünya qədər genişliyinin birinci göstəricisi onun qeyri- adi həssaslığıdır ki, bu keyfiyyət özünü ən bəsit məişət məsələlərindən başlayıb ən mürəkkəb sosial- siyasi, ideoloji proseslərə  münasibətə qədər davam edir.

Qeyri-adi (və çoxmiqyaslı) həssaslıq  Rəşad Məcidin təbiətən səmimiliyində,  ünsiyyətcilliyində, dostlar arasında mütəvaze (və xarizmatik) liderliyində  bütün aydınlığı ilə təzahür edir. Adətən, daxilən zəngin, intellektual insanlar bir az qapalı, eqoist olurlar, mümkün qədər çalışırlar ki, öz daxili mənəvi-intellektual enerjilərini, zənginliklərini hara gəldi sərf eləməsinlər. Və  belə insanlar, bir qayda olaraq, hisslərini,  düşüncələrini, mülahizələrini cəmiyyətə  ünvanlı  bir şəkildə, başqa sözlə, yazıb nəşr etdirərək çatdırmaq istəyir, «müəlliflik hüququ»nu  qısqanclıqla qoruyurlar.  Hətta  hisslərinin müəllifliyini belə… Yəni mən keçirdiyim sevinci heç kim keçirməsin, mən çəkən dərdi heç kim çəkməsin…

Bu baxımdan Rəşad  kənardan olduqca paradoksal görünə bilər… Çünki o nə qədər daxili dünyasının sakinidirsə, o qədər də cəmiyyət (məclis!) adamıdır. Və sayını-hesabını itirdiyimi çoxlu, eyni zamanda çox müxtəlif  səviyyəli görüşlərimizdə Rəşadı bir dəfə  də olsun nəinki darıxan, özünü camaatdan təcrid edən, heç belə bir fikrə düşən də  görməmişəm… Əksinə, dərin (və həssas!) məntiqi, zərif yumoru, təmkinli, rahat, şövqlü səsi, sirayətedici, işıqlı təbəssümü ilə məclisə, məclisdəkilərin  münasibətlərinə sözün böyük mənasında ton verən Rəşadı bircə dəfə görüb dinləyən,  inanmıram ki, onun suqqestiv obrazını nə vaxtsa unuda bilsin.

Heç yadımdan çıxmaz ki, Antalyada, «Dialoq Avrasiya»nın kifayət qədər mötəbər  bir toplantısında idik. 

Toplantı beynəlxalq dialoqda medianın xidmətlərinə  həsr olunduğundan dünyanın müxtəlif ölkələrindən çoxlu jurnalistlər, mətbuat işçiləri gəlmişdilər.

Azərbaycandan olan biz «dialoqçu»lar belə qərara gəldik ki, çoxşaxəli (və çoxmiqyaslı) «fəaliyyətlər»imizi koordinasiya etmək üçün özümüzə bir «ağsaqqal» seçək. Belə də oldu…  Hamımızın çox hörmət elədiyi, nüfuzlu,  intellektual (ancaq təşkilatçılıq qabiliyyəti o qədər  də böyük olmayan, həddindən artıq demokratik, insanpərvər və ürəyi yumşaq!) bir dostumuzu «ağsaqqal» seçdik. Səhərisi gün  bir yerə yığışanda «ağsaqqal» öz işi ilə məşğul olmaq, rəhbərlik missiyasını həyata keçirmək əvəzinə dedi ki, «Rəşad, Rusiyadan gəlmiş bir məşhur xanım jurnalistlə tanış oldum, xeyli səmimi söhbət elədik...» Rəşad  zahiri bir laqeydliklə soruşdu: «Bu səhər liftin qabağında söhbət elədiyiniz xanımı deyirsiz?» Yəni ki, geniş izahata ehtiyac  yoxdur, xəbərim var, görmüşəm… «Ağsaqqal» onun müvəffəqiyyətinə bu qədər diqqətsiz yanaşıldığına dözməyib «yox, əşi, bu tamam başqasıydı» deyəndə Rəşad məsələyə öz  münasibətini elə bildirdi ki,  hamımızın yaddaşına əbədi həkk olundu: «Ağsaqqal, siz əməlli-başlı məişət pozğunu imişsiniz ki...»

Bu sözdən sonra «ağsaqqal» ha çalışdısa özünün bizim üzərimizdəki beş-altı gün davam edəcək halal hakimiyyətini heç formal olaraq da bərpa eləyə bilmədi.

Çünki Rəşadın son sözü bizlə  bir yerdə «yazdığı» bir şeirin, yaxud hekayənin son misrası, və ya son cümləsi idi…

Həssaslıq həm də həyatın insan qarşısına qoyduğu hər cür suallara cavab axtarmaqdır… Hətta cavabını verə  bilməyəcəyinə əvvəlcədən əmin olduqlarımıza da…

Zamanında döyülmədi dəmirin,
Hələ çox su aparacaq xəmirin.
Topalaşıb məni qurdtək gəmirir,
Cavabını tapmadığım suallar.

Biri sönmür, mayak kimi hey yanır,
Üçü burda, beşi orda oyanır.
Gah divandan, gah mətbəxdən boylanır,
Cavabını tapmadığım suallar.

Düşünməkdən yağmalandım, talandım, -
Bəlkə, elə uydurmadı, yalandı?
Belə getsə axirətə qalandı,
Cavabını tapmadığım suallar.


Rəşadın ürəyinin dünya qədər genişliyinin ikinci göstəricisi onun yaradıcılığının (istedadının!) çoxşaxəliliyidir ki, İsa Həbibbəyli öz məqaləsində məsələnin bu tərəfini təfsilatı ilə təhlil etsə də, fikrimcə müəyyən mənada, polemikaya da yer qoymuşdur…

İsa müəllim yazır: «Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, şeir də, hekayə də yazan, publisistik məqalələrini də, ədəbi- tənqidi yazılarını  və müsahibələrini də geniş ictimaiyyətə təqdim edən Rəşad Məcidin  fəaliyyətində ən uzunömürlü sahə publisistikadır».

Ancaq mən düşünürəm ki, Rəşad Məcid peşəkar publisist kimi formalaşana  qədər artıq istedadlı bir şair olaraq tanınırdı, özü də yaxşı tanınırdı… Poeziya meydanında kifayət qədər ustalıqla söz oynadırdı. Və xeyir-duasını da Hüseyn Hüseynzadə  (Arif) vermişdi…

Lakin təəssüf ki, «onun, demək olar ki, ədəbiyyatşünaslıq elminin diqqətindən kənarda qalmış lirikası bir şair olaraq Rəşad Məcidin şeir yaradıcılığı haqqında konkret, sistemli və ümumiləşmiş elmi söz demək üçün meydan açır. Nəhayət,  Rəşad Məcidin şeir yaradıcılığı müstəqillik  ərəfəsinin və yeni dövrün (müstəqillik dövrünün –N.C.) Azərbaycan poeziyasındakı  inkişaf proseslərini izləmək, təhlil etmək,  nəticələr çıxarmaq baxımından da əhəmiyyətlidir» (İsa Həbibbəyli).

Mən inanmıram ki, Rəşad Məcidin poeziyasının  ideya-estetik və poetexnoloji məzmun-mahiyyətini kimsə hələ bundan neçə illər sonra da  İsa Həbibbəyli qədər dəqiqliklə, peşəkarlıqla (və həm özünəməxsus, həm də Rəşada layiq ürək genişliyilə!) aşağıdakı kimi interpretasiya edə bilsin:

«…Rəşad Məcid üçün şeir «bir dolu ürəyin püskürmə çağı»dır, «dikəlib asfaltı deşən bənövşə»dir, «sinədə boğmaq olmayan bir qəfil hönkürtü» kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu  cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan  cavan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də öz şeiriyyətini  təqdim edir. Mövzusundan asılı olmayaraq, Rəşad Məcidin şeirləri daşdan süzülüb keçən bulaq suyu qədər saf, təmiz və təbiidir...»

Bu su bu daşdan keçincə,
Nə çəkir, Allah bilir.
Daş çəkir suyun,
Şəhdini-şirəsini.
Ən iri damcı da
Əzilir, didilir.
Bu su bu daşdan keçincə
Nə çəkir, Allah bilir…


Rəşad Məcid «təpədən dırnağa»  şair olmasaydı bu qədər səmimi publisist olmazdı… Ola bilməzdi!..
Rəşadın ürəyinin dünya qədər genişliyinin üçüncü göstəricisi özünü təbiətinin (və yaradıcılığının) hər cür regionçuluqdan uzaq ümummilliliyində (və ümumbəşəriliyində!)  göstərir…

Əsli-kökü etibarilə Qarabağdan olması, bu gün uğrunda bütün varlığımızla  (həm maddi, həm də mənəvi!) mübarizə apardığımız bu müqəddəs torpaqda doğulub  boya- başa çatması Rəşadın daxili aləmini, elitar ailə tərbiyəsini (və geniş mənada, təbiətini), böyük-kiçik yerini bilməsini, qandan-gendən gələn aristokratlığını təmin edən mənbə-amillərin  ən mükəmməli, ən mötəbəridir.

Çox gənc yaşlarında atasına müraciətən yazdığı bir şeiri var…

Qəlbimiz bir olub, ürəyimiz bir,
Mənim kədərimə hər an yanmısan.
Mənim uğuruma özümlə birgə,
Duymuşam, şadlanıb qanadlanmısan.

…Ömrüm apaydındı qarşında sənin,
Yaxşımı, pisimi görmüsən, ata.
Bəzən təsəlliyə möhtac olmusan,
Mənəsə təsəlli vermisən, ata.

…Büdrəsəm, sızlayar yaran, bilirəm,
Ümid doğrulmasa, yaşamaq çətin.
Oğulluq adını haram bilərəm,
Əgər ucaltmasam başını sənin.


Rəşad atasının oğludur… Ona görə də  doğma yurdun düşmən əlində olması onu körpə uşaq kimi kövrəldib ağlada bilər…

Bu qədər ağrını, bu qədər dərdi,
Sıxıb ürəyimdə saxlamamışdım.
Camaat içində, adam içində,
Bu qədər kövrəlib ağlamamışdım.

Sən, dostum, Ağdamdan danışma mənə,
Sən də heç Laçından, Şuşadan demə.
Məni yandıracaq xatirələri,
Sakitcə pıçılda, ucadan demə.

Mən indi o qədər kövrək, həssasam,
Gözümün suyundan pas tutasıyam.
Təkcə torpağa yox, təkcə elə yox,
Hətta hisslərə də yas tutasıyam.


«Cıdır düzü» deyəndə Rəşadın ürəyi  qanayırmış… Hələ çox gənc ikən…

Dərədə möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç vaxt, heç vədə,
Belə təzələnib durulmamışdım.

Dili tutulubmu torpağın, daşın?
Görən niyə belə səssizdi bu yer?
Haçansa Üzeyir ayağı dəyib,
Yəqin ona görə əzizdi bu yer.

…Burda daşları da qoruyaq gəlin,
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır obanın, elin,
Burda hər bir nəslin öz ünvanı var…


Bununla belə Rəşad Məcid dünyagörüşünün miqyası etibarilə həm mükəmməl, bütöv, etibarlı bir Azərbaycan övladı, həm də dünyanın gəliş-gedişindən, ümumən həyat (və insan)  mənzərələrindən yaxşı baş çıxaran həssas  analitikdir, dünyanın tarixindən olduğu kimi bu günündən də dərs almağın, öyrənməyin, ona uyğunlaşmağın və ya onunla polemikaya girməyin metodlarını, üsullarını yetərincə mənimsəmiş çevik,  öz mövqeyi olan mütəfəkkirdir. Və Rəşad Məcidin analitizminin, mütəfəkkirliyinin canlılığı, məhsuldarlığı  ondadır ki, «amorf»,  sxolastik və ya pedant deyil, dünyayla onun öz dilində – onun az qala hər gün dəyişən «çağırışlar»ının (həyəcanlarının!), stilizasiyalarının, improvizələrinin, ritm-intonasiyalarında danışa bilir…
Məsələn... «525- ci qəzet»!..

Rəşad Məcid ürəyini  səmimiyyətlə (və cəsarətlə!) dünyaya açır, onun əsərləri, xüsusilə şeirləri  beynəlxalq aləmə çıxır. Və Azərbaycan  bədii, elmi, publisistik təfəkkürünün humanizmini yüksək kürsülərdən nümayiş etdirir. Və  sonra əlavə edir ki…

Bütün bunlar bir nağıldı,
Açdım mən sizə danışdım.
Hamının xəbəri oldu,
Guya gizlicə danışdım.

Cəmi bir fəslin içində,
Doğuldum, yaşadım, öldüm.
Ölümün dadına baxdım,
Həyatın qədrini bildim.

…Göydən on üç şeir düşdü,
Səhv saldım, dedim almadı.
Hamısını Sizə verdim –
Mənə biri də qalmadı.


Rəşadın ürəyinin dünya  qədər genişliyinin dördüncü göstəricisi onun yaxşı  tanıdığı, sevdiyi, hər hansı sahədəki istedadını dəyərləndirdiyi insanlara, dostlara sonsuz (və təmənnasız!) sevgisi, özündən yaşlılara daxildən gələn  ehtiramı, özündən cavanlara təmkinli qayğısıdır… Hərdən mənə elə gəlir ki,  Rəşadın bu dünyada sevmədiyi insan yoxdur və əgər Rəşad kimə  qarşısa bir az laqeyd, yaxud biganədirsə, deməli,  həmin Allah bəndəsini yaratdığına Allahın özü də peşmandır.

Kifayət qədər gənc yaşlarında bu gün ən təcrübəli (və populyar) mətbuat orqanlarından olan «525-ci qəzet»i  yaratdı, gənclərdən ibarət gözəl bir  yaradıcı kollektiv yığdı, heç bir şəxsi və ya qrup mənafeyi güdmədən bütün az və çox istedadlı qələm adamlarının  yazılarını  geninə-boluna çap elədi. Və Azərbaycan Yazıçılar Birliyinin katibi seçiləndən sonra Birlikdən «narazı» gəncləri bir yerə  yığıb onlara sözün həqiqi mənasında böyük  qardaşlıq qayğısı (və düz yol!) göstərdi… Həm də bu tarixi işləri elə bir təvazökarlıqla gördü ki, çoxlarına, xüsusilə qaşınmayan yerdən qan çıxarmaq həvəskarlarına həmişəlik dərs oldu.

Hansı gəncdə  bir balaca  yaradıcılıq  qabiliyyəti – intellekt, ürək gördüsə, onu dərhal hər yerdə təbliğ eləməyə, məsuliyyətini artırmağa,  özünü, ilk növbədə, öz gözündə ucaltmağa, qarşısında geniş meydan açmağa çalışdı.

Və bütün bunları bacardı. Sübut elədi ki, istedad heç zaman istedada mane olmur, yaradıcılıqda heç kim heç kimin yerini dar eləmir.

Rəşad Məcidin öz ətrafına olan bu «dopdolu» sevgisi özünü poeziyasının intim (təhtəlşüur) dərinliklərində də  bütün açıq-aşkarlığı ilə göstərir…

Necə də dopdoluyam səninlə – 
ağlınla doluyam, 
sözlərinlə, coşğunla, ruhunla doluyam, 
heyrətinlə, saflığınla doluyam, 
inadınla, fədakarlığınla, 
bəxş eləməyinlə doluyam, 
ətrinlə, nəfəsinlə, baxışınla doluyam.

Gülüşün qanadlarımdı –
səmanla, göyünlə, torpağınla doluyam,
təmasınla, həyəcanınla, sevginlə doluyam.
Sənsən varım, varidatım, mülküm, dövlətim- 
səninlə dopdoluyam.
Çox zənginəm, çoox…


Mövlanə  Cəlaləddin Rumi deyirdi ki, istəyirsən buddist ol, istəyirsən iudaist, istəyirsən  xristian, istəyirsən müsəlman, fərqi yoxdur, mənim dərgahıma gəl!..

Rəşad Məcid də ulu əcdadından altı-yeddi əsr sonra eyni şeyi deyir, ancaq fərqli «qrammatika», fərqli «terminologiya» ilə…

Əsəblərim tarıma çəkildi,
Damarımda qanım soyuyur.
Ürəyim zorla vurur,
Bu yandan da sən gəlmirsən.

Boğuluram səfalət içində,
Həyat adlanan 
bu bataqlıqdan 
çıxmağa gücüm qalmayıb.
Bu yandan da sən gəlmirsən. 
Yorğunam.

Min ilin yorğunu, 
havanın, işığın yorğunu.
Bu yandan da sən gəlmirsən.
 Gicgahım ölür 
dəmir bir «oyuncağın» 
soyuq lüləsindən ötrü.
 Bu yandan da sən gəlmirsən.


Və nəhayət, Rəşadın ürəyinin dünya qədər genişliyinin beşinci göstəricisi bu dünyadan, Tanrının ona bağışladığı bu gözəl həyatdan istedadla, göz (və ürək!) dolusu, özündən sonra iz (və nümunə!) qoya- qoya zövq almağı  bacarmasıdır…

«Sevinci nə qədər bölüşərsən, o qədər çoxalar; kədəri nə qədər bölüşərsən, o qədər azalar» deyiblər. Rəşad həm həyatda, həm də yaradıcılıqda həm sevinci, həm də kədəri bölüşməyə həmişə (və ürəkdən!) hazır olan insandır. Və bu onun təbii müdrikliyidir… Elə bir müdriklik ki, ağıldan, düşünüb daşınmaqdan, ölçüb biçməkdən daha çox, ruhdan, candan, ürəkdən gəlir. 

Nə vaxtsa müqəddəs kişilər deyib ki, dünyanı yaradan gözəl yaradıb, ona görə də insanın nə haqqı var ki, ondan zövq almasın… Əgər dünya boyda geniş (və böyük!) ürəyi varsa…

Zəmanəmizin bir müqəddəs kişisi  (Nəriman Həsənzadə) də əlavə edib ki, «bu dünya gözəldi, yaşa dünyada!..»

“Ədəbiyyat qəzeti”
07.XI.2015.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə