![]() |
![]() ![]() |
(“Ulduz”un sentyabr sayına baxış)
“Ulduz” jurnalının 2015-ci il sentyabr sayı fədakar ziyalı, professor Nəsir Əhmədlinin analitik təfəkkürlü, ciddi, sanballı ekspert rəyindən sonra Mina Rəşidin “Özüylə söhbəti…”, “…və şeirləri” ilə açılır.Açığını deyim ki, özüylə müsahibəsini və əsərlərini ilk dəfə oxuduğum Mina Rəşidi “Özüylə söhbəti”ndən daha çox şeirlərində gördüm, tanıdım. Bu şeirlərin getdiyi yollarda Həvvanın SƏHVİ ilə başlayan qovulmuşluğun uzaq ağrılarına da, “gün üzlü Yusif peyğəmbərin söylədiklərini” anlamayan Züleyxanın sevgi oyunlarına da rast gəlirsən. Və görürsən ki:
Yalanla yaşaya-yaşaya
yanından şeytanları qovur,
içindəki şeytanlar gülür ona…
İlk qadınla başlayan və nəsil-nəsil qadınlarda davam edən əzəli əzabkeş duyğuya “içindəki şeytanlar” qədər yaxınlaşan, o sirri-xuda duyğunun adda-budda portret cizgilərini çəkinmədən təqdim edən Mina Rəşid mənim üçün gözlənilməz bir tapıntı oldu. Əlbəttə, “ədəbiyyatşünaslıq həqiqətləri” baxımından bu şeirlərə hansısa iradlar tutmaq olar; məni ən çox razı salan o oldu ki, şair “ədəbiyyatşünaslıq həqiqətləri”nə yox, məhz öz duyğularındakı əzabkeş sarsıntılara, öz içindəki (“şeytanlara”) HƏQİQƏTƏ inanır və etibar edir. Bu lakonik, narahat, sükut dolu səssiz çığırtılarıyla bir qədər də ekspessionist ovqatlı kədərli şeirlərə görə “Ulduz” jurnalını da, şairə Mina Rəşidi də təbrik etmək olar…
***
Ciddi şair-publisist kimi imzasına hörmət etdiyim Qulu Ağsəsin “4 sim” adlı yazısını birnəfəsə oxudum və heyrətləndim. Habil Əliyevin dilindən yazılan (düzü bilmirəm ki, bu sözləri 2000-ci ildə ustad sənətkar özü deyib, yoxsa bu, müəllifin yanaşmasıdır – S.E.) mətn ruhumu oxşadı; bu mətndə Azərbaycan dilinin xoşbəxtliyini gördüm; dil canlıdır, adamayovuşandır, sısqa bulaq sularını bir məcraya yönəldib duyğu-düşüncə sellərinə döndərir, bağlı qırxıncı qapıları taybatay açıb gün işığına güzgü tutur; Dədə Qorqud söyləmələri, Abbas Tufarqanlı qoşmaları, Əli Kərim şeirləri kimi ləzzətlə oxudum bu yazını. Ümumiyyətlə, Qulu Ağsəsin istər poeziyası, istərsə də nəsr və publisistikası orijinal yanaşma tərzi, novator axtarışları və tapıntıları ilə seçilir. Onun ədəbi təsərrüfatı, bərəkətli söz tarlası “Bu mənəm!”, “Mən Vətənimi, dilimi sevirəm!” şüarlarını qışqırmır, sadəcə SEVGİNİ (Vətən, millət, torpaq, tarix sevgisini – S.E.) qan-gen yaddaşıyla duyur və olduğu kimi təqdim edir. Təəssüf ki, müasir ədəbi tənqidimizin müasir ədəbiyyatımızla ayaqlaşa bilmədiyini Qulu Ağsəsin yaradıcılıq uğurlarına münasibətdə də müşahidə edirik…
***
Afanasi Fetin şeirlərindən seçmələrin həm rus dilində, həm də Azərbaycan dilinə tərcüməsiylə, yan-yana təqdim olunması maraqlı yanaşmadır. Bunu həm jurnalın, həm də tərcüməçi Həyat Şəminin əlahəzrət oxucuya hörmət, ehtiram jesti kimi qəbul etdim. Şeirlərin ruhu, bədii-estetik ovqatı tərcümədə mümkün qədər qorunub, A.Fetə məxsus orijinal səs, söz, harmoniya özəlliyi kifayət qədər Azərbaycan dilində danışa bilib. Bircə misalla kifayətlənirəm:
Ağ buludlar qan rəngində
gecənin yuxusu,
Dan yerinin öpüşüylə
sökülür yaxası…
***
“Ulduz” jurnalının xanım əməkdaşı “Bir həftəyə ekspret rəyinizi bizə çatdırsanız, yaxşı olar” deyib getmişdi və mən A.Fetin ruhumu təzələyən şeirlərindən sonra heç nə oxumaq istəmirdim. Maraq üçün növbəti – iyirminci səhifəni çevirdim. Vaqif Nəsibin adını və fotosunu görüb xeyli sevindim…
On illərin o tayından “Cəfəroğlunun qayıtması” hekayəsinin, əslində, heç vaxt unutmadığım sehrli səsini yenidən eşitdim. On illər əvvəl “Ulduz” jurnalında çap olunan o uğurlu hekayə, yadımda belə qalıb ki, nədənsə sonralar “Omaroğlunun qayıtması” adı ilə təqdim edildi…
O hekayədə qeyri-adi sənət sehri, möcüzəli ədəbiyyat haləsi, istedad işığı vardı. Əslində, Vaqif Nəsibin oxuduğum bütün əsərlərində, həm poeziyasında, həm nəsrində o sehrə, o sirli haləyə, o möcüzəli işığa şahid olmuşam…
Bu qəfil duyğularla “Ulduz” jurnalının sentyabr ayında təqdim olunan “Üç adamın qonur günü” başlıqlı hekayələri oxudum. Və ruhumun səmalarında gülən parıltını dilə gətirdim: Salam olsun sənə, Vaqif Nəsib!
Unudulmaz şairimiz, öz poetik məktəbini yaradan böyük sənətkar Rəsul Rzaya ithaf olunan həmin hekayə-triptix Vaqif Nəsibin yeni sənət uğurudur. Özünəməxsus nəsr texnologiyasını, yaradıcı bədii-estetik prinsiplərini on illər boyu mərdanə bir sənətkar qüdrətiylə addım-addım təsdiqləyən, cilalayan, zənginləşdirən Vaqif Nəsibin yeni hekayələrini oxuduqca böyük yazıçı Uilyam Folknerin sözlərini xatırladım:
“Əgər romanda uzunçuluq eləsən, bəlkə oxucu bunu bağışlayar, hekayədə isə hər söz öz yerində olmalıdır, dəqiq işlənməlidir. Mən Çexovunku kimi xalis hekayələri nəzərdə tuturam. Buna görə də poeziyadan sonra ilk sıraya məhz hekayəni qoyuram – o da şeir qədər ifrat dəqiqlik tələb edir. Romanda yol verilən səliqəsizlik burda yolverilməzdir. Poeziyada isə ümumiyyətlə, qeyri-dəqiq bircə söz belə işlənməli deyil, o, tam və mükəmməl olmalıdır”.
V.Nəsibin haqqında danışılan əsərlərində az qala hər söz, hər cümlə bədii yük altındadır, hekayələrin estetik-fəlsəfi xəttinin pillə-pillə inkişafına, ümumi etno-psixoloji mənzərənin hazırlanması və bütöv təqdiminə xidmət edir. Hər söz, hər cümlə oxucuya hekayənin üz tutduğu bədii HƏQİQƏTDƏN danışır, o HƏQİQƏTƏ aparan yollarda nişangaha çevrilir, sənət sehrinin sirlərinə işıq saçır. Oxucu sözün, sənətin qaçılmaz tilsiminə düşür, “qəm kotanı qoşub dərd əkən” mətnin son sahillərinə, sözün bitdiyi və bədii HƏQİQƏTİN zühur etdiyi mübarək məqama – mənzil başına tələsir. Və sənətkar ruhunun hökm etdiyi bədii hədəfə – son mənzilə aparan ədəbi dil qalib gəlir; əsası odur ki, hekayənin təqdim etdiyi SONdan yeni bir ƏVVƏL başlayır…
Bəli, Vaqif Nəsibin bu hekayələrində, bütövlükdə nəsrində “hər şey öz yerindədir”, “tam və mükəmməldir”. Onun ədəbi dili fövqəladə gözəlliyi, özünəməxsus ab-havası, qədim yurd yeri kimi ruhu çəkib aparan yaralı yaddaş yolları, ovsunlu şəhd-şirəsi ilə seçilir. Həbsxanadan çıxan üç adamın psixoloji gərginliyini yazıçı dilin qüdrətiylə görün necə ustalıqla təsvir edir:
“Qurumuş üç dodaq dəmrov düşmüş, gül-çiçək doğa bilməyən qısır torpaqlar rəngində idi. Onlardan kəlmələrin qönçə kimi açıl-ması müşkül görünürdü.
Amma mütləq bu sədd yarılmalı, qanqalvari də olsa kəlamlar bitməli idi.
İçərilərinin ən ağsaqqalı, üzünün biz-biz tükləriylə qaratikana oxşayanı cadar dodaqlarını aralayıb bir-iki kəlmə bitirə bildi:
- Boğazımızı yaşlayaq…
Bu ikicə kəlmə azadlıqlarının ilk marşına çevrilib onları yaxındakı aşxanaya gətirdi. Ortaya qonmuş arağa əlac kimi baxıb əvvəl-əvvəl dillərinin sapının zəhrimara çevrilmiş zərdəsini yumaq, söz yollarını açmaq istədilər. Bu zəhrimar araq, həm də palçıq basmış arxa bənzər hisslərini də yuya bilərdi”.
Bu, ciddi, sanballı, orijinal nəsr və ədəbi dildir! Bu, sözün-sənətin Vaqif Nəsib uğurudur. Təəssüf ki, müasir milli ədəbi-mədəni mühitimizdə Vaqif Nəsib unudulmuş UNUDULMAZDIR.
Rəhmətlik Rəsul Rza “Rənglər”də belə deyir və inanırdı:
Rənglər xatirələr oyadır,
Duyğular oyadır;
Gördüyümüzdən artıq
Görmək istəməsək,
Hər rəng adicə boyadır…
… “Rənglər”indən qaynaqlandığım Rəsul Rzaya ithaf edirəm” yazan Vaqif Nəsibin “Üç adamın qonur günü” hekayə-triptixi gördüyümüzdən artıq görməyə çağırır bizi. Cənab oxucu, gördüyündən artıq görmək istəməsən, günahı sənətkarda yox, özündə gör; bu, təkcə V.Nəsibin həmin hekayələrinə yox, Füzulinin qəzəllərinə də, Şekspirin pyeslərinə də, Dostoyevskinin romanlarına da, Sabirin satiralarına da,R.Rzanın “Rənglər”inə də və başqa bütün əsərlərə də aiddir… Bu, OXUCUÇULUĞUN əsas qanunudur…
***
“Ulduz” jurnalının sentyabr sayında bölgələrdən ədəbi səslər, gənc müəlliflər də təqdim olunub ki, bu, təqdir olunası, diqqətəlayiq cəhətdir. Saatlıdan Arzu Rüstəmsoyun əsasən qoşma havasına yazılan şeirlərində istedad qığılcımları, fitri söz duyğusu gördüm:
Od olanım, közün məni üşüdür,
Dillənəndə sözün məni üşüdür,
Yanağımda üzün məni üşüdür,
O çağların havasını çal mənə.
***
Tələbə Nurlan Səlimin məşhur yazıçı Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsəri haqqında yığcam qeydləri (“Debüt” rubrikasında) maraqlıdır, lakin gənc dostumuz süjeti danışmaqdansa öz ədəbi-tənqidi mövqeyini, mülahizələrini ortaya qoysaydı, daha yaxşı olardı…
***
Müasir ədəbiyyatımızın canlı klassiki, Xalq şairi Fikrət Qocaya ünvanlanan “Sərbəst yaşayar heca ömrünü…” (Vüsal Nuru) və “Vərəqlərə bağışlanan ömür” (Fərqanə Mehdiyeva) yazıları ən əvvəl səmimiyyəti ilə diqqətimi çəkdi. Fikrət Qoca o sənətkarlar-dandır ki, onun haqqında həmişə yazmaq lazımdır və həmişə də yaxşı yazmaq lazımdır. O, müasir poeziyamızın ABİDƏ sənətkarıdır.
***
Günel Natiqin “Sərgi salonunun ən kədərli “eksponatı” adı altında təqdim olunan esseləri yüngül kədər dumanına bürünən xoş ovqatı, bir qədər modernist mənzərələri ilə diqqətimi cəlb etdi. Bunlar müraciət etdiyi bədii hədəfləri ruhən yaşayan, bilən və yaşadıqlarını, bildiklərini səmimi bir təhkiyə ilə, xüsusilə, mənəvi bir şövqlə, gizli bir ehtirasla qələmə alan ciddi müəllifin yazılarıdır. Bu esselər adi cizgilər, kiçik detallarla böyük həqiqətlərdən danışır, ümumi sosial-psixoloji mənzərənin eskizlərini çəkir. Məsələn, “Kağız gəmilər” essesi “Bir-birimizi ovuda-ovuda, kiridə-kiridə yaşayırıq” cümləsi ilə başlayır. Sonra yazda da, yayda da çəkilməyən, soyuğu susmayan qış detalı; yaxın dost olan divarlar və okean genişliyinin həsrəti, səsləri bir-birinə qısılıb qalan İÇ dünyası; sonra “Qısır divarlar. Barsız divarlar. Onlar olsa-olsa boşluqlara hamilə qala bilərdi”. Və nəhayət son:
“İndi divarların arxası mənim üçün həmin o yer idi. Məchulluğa doğru gedirdim. Gah qorxur, gah sevinir, gah tükənir, gah da ümid edirdim. İçimdəki səslər gah pıçıldayır, gah da haray qoparırdı:
“Bəsdirin özünüzü kiritdiz! Onsuz da toxtamayacaqsınız. Oyuncaqlarınız çoxdan sınıb, qırılıb, pərən-pərən olub. Söz də ovutmayacaq sizi. Çünki nağıllarınız çoxdan öz cazibəsini, sehrini, devlərini və qəhrəmanlarını itrib. Ən pisi odur ki, siz – devlərə deyil, özünüzə, öz qürurunuza, öz istəklərinizə, öz iddialarınıza əsir düşmüş insanlarsız”…
Adi cizgilərin, detalların bir-birini davam və inkişaf etdirməsiylə yaranan qeyri-adi bir sosial-psixoloji panoram; mətnin mükəmməlliyi və gizli təlqinləri oxucunu çəkib aparır; müəllif heç nə deməyə-deməyə hər şeyi deyir…
Ədəbiyyatımızda bu tipli esselərə, ədəbi istiqamətə həmişə ehtiyac duyulub. Bu baxımdan, Günel Natiqə esselərində gördü-yüm ədəbi fədakarlığını, yaradıcı həyat eşqini davam etdirməsini arzulayıram.
***
Arzu Muradın və Ziya Aların “Debüt” rubrikasında təqdim olunan yazıları, Valeh Bahaduroğlu, Namiq Dəlidağlı, Nazir Rüstəm, Mənsurə Qaçayqızı, Səyyarə Məmmədli və Adilə Nəzərin şeirləri, Kamran Nəzirlinin “Başımın altına yastıq qoy” adlı miniatür hekayəsi isti, ilıq səsləri, bədii çağırışları ilə yadımda qaldı. Xüsusilə, istedadlı yazıçı Karman Nəzirlinin bir anın psixoloji portretini ustalıqla çəkən kiçik hekayəsini qeyd etmək, vurğulamaq istəyirəm. Onun başqa mətbuat orqanlarında da kiçik hekayələrini oxumuşam, bəyənmişəm. Və inanıram ki, hələ şəxsən tanış olmadığım Kamran Nəzirli ədəbi təkamül yolunu fədakarlıqla davam etdirsə, potensial yaradıcı imkanlarını tam reallaşdıra bilsə, gələcəyin hansısa xoş bir məqamında kiçik hekayələrin böyük yazıçısı adlanacaq. Bəri başdan onu gələcək sənətkar uğurları münasibətiylə təbrik edirəm.
***
Şair Qəşəm Nəcəfzadənin Sərdar Aminin şeirləri haqqında yazdığı “Sənin üçün mötərizə açanda ağladım” adlı məqaləsi ədəbiyyatla yaşayan bir qələm əhlinin dostunun poetik uğurları haqqında səmimi təəssüratıdır. O təəssüratdan kiçik bir fraqment:
“Sərdar Amin səsində həmişə heca bölgüləri var. Onun səsi öz şeirinin vəznidir. Səsinin üstə yaşayır Sərdar. “Qaratoyuq nəğməsi” romanında da belədir, bütün şeirlərində, publisistik yazılarında da…
Onun şeirlərinin vəziyyətini belə də düşünmək olar: Günlərin bir günü qapını kimsə döyür. Durub qapını açırsan, görürsən ki, Sərdar gəlib, özü də şimaldan gəlib, üst-başı yosun, çiynində çobanyastığı, qucağında bir kisə qarğıdalı, saqqalı şaxtadan qırov bağlayıb. Durub şair dostunu bağrına basırsan…”.
Şair Qəşəm Nəcəfzadənin səmimi təqdimatında Qusarda yaşayıb-yaradan Sərdar Aminin poetik obrazı kifayət qədər ön planda görünür, oxucuda onun poeziyasına maraq hissi baş qaldırır. Əslində, resenziya tipli belə yazıların əsas məqsədi də oxucuya kömək etmək, onu müəyyən əsərlərə doğru istiqamətləndirməkdir.
***
Mirmehdi Ağaoğlunun “Dərgidə kitab” rubrikasında təqdim olunan “Hərb. Sülh və Qarabağ” başlıqlı bədii yazıları aktuallığı, problematik mənzərəsi, təzadlarla dolu milli mühitimizə fəal vətəndaş-yazıçı münasibəti ilə diqqətimi cəlb etdi. Onun qələmi daha sanballı əsərlər, bədii mətnlər vəd edir…
***
Və nəhayət, köhnəlməyən köhnə dostlarım – professor Aydın Dadaşovun və sənətşünas-alim Ziyadxan Əliyevin “İri planların dialoji montajı” və “Ürəkdə yaşayan izlər” adlı yazıları məni xeyli sevindirdi. Onlar öz sahələrinin mahir, kamil bilicisi, yüksək səviyyəli professionalı, zamanın sözünü sözün zamanında deyə bilən ciddi mütəxəssislərdir. Mən həmişə onların bədii-estetik zövqünə, sənətşünas mövqeyinə inanmışam, güvənmişəm. “Ulduz” jurnalının belə professionallara meydan verməsi təqdirəlayiq haldır. O ki qaldı dostlarımın həmin yazılarına; dünya sənətşünaslıq standartları səviyyəsində orijinal düşüncələrinə, uğurlu məqalələrinə görə onları təbrik edirəm və daim yüksələn yeni-yeni yaradıcılıq pillələri arzulayıram.
P.S. Redaksiyadan “Ulduz” jurnalının sentyabr sayı ilə yanaşı böyük ədəbiyyat adamının kiçik bir kitabını da göndərmişdilər. Elçinin “Kaşeyin taleyi” adlı həmin kitabının qaçılmaz cazibəsinə düşdüm.
Kitabdakı hər iki əsər – “Kölgə” hekayəsi və “Kaşeyin taleyi” povesti eyni şəkildə, əvvəlin “sonra”sından başlayır, kiçik bir kəndin timsalında dövrün aysberq kimi görünməz, gizli dərdlərinə, problem və pesrpektivlərinə əlahəzrət ədəbiyyatın sirri-xuda öncəgörən güzgüsünü yönəldir…
Sərbəst şeir kimi SƏRBƏST NƏSR ifadəsi də olsaydı, onu ilk növbədə Elçinin nəsrinə aid edərdim. Bu, heç bir ədəbiyyatşünaslıq, dilçilik qanununa baş əyməyən, əksinə, öz həqiqətlərini, öz varlığını diqtə edən, özünəməxsus, novator bədii-estetik sistem-prinsipləri təsdiq və etiraf olunan tam sərbəst, azad ELÇİN NƏSRİDİR. Bu, sanki ədəbi düşüncə sellərinin ədəbi dil normativlərinə sığışmağa VAXT tapmadığı, əslində, buna ehtiyac duymadığı sirli-sehrli yaradıcılıq dünyasının faktıdır, həqiqətidir. Bu yaxınlarda “525-ci qəzetdə” müasir ədəbiyyatşünaslığımız və dilçiliyimizin ən məhsuldar və səviyyəli tədqiqatçısı, professor Nizami Cəfərovun “Elçinin cümləsi” məqaləsində həmin həqiqəti elmi təhlil və dərk etməyin nəzəri-filoloji çətinliklərinə şahid oldum. Alim dostum həmin çətin və uğurlu yazını belə yekunlaşdırır: “…Elçinin, demək olar ki, hər bir cümləsi bir əsər, hər bir əsəri bütöv bir cümlədir… ”.
Elçin nəsri, əslində, cümlə-hekayə, cümlə-povest, cümlə-roman standartlarını, ümumən ədəbiyyatda analoqu olmayan yeni ədəbi təfək-kür modellərini, hətta deyərdim ki, bəzən post-modern mənzərələrini təqdim edir. Bu, sürətlə düşünən, zamanı qabaqlayaraq AXTARAN və TAPAN, QALİB GƏLƏN NƏSRDİR. Bu, milli ədəbi mühitimizin YENİ SÖZÜDÜR.
P.P.S. Mən heç vaxt heç bir jurnalı əvvəldən axıradək tam oxumamışdım. Ekspertlik məsuliyyəti tələb etdi, oxudum, yəni “Ulduz” ömrümdə bütöv oxuduğum ilk jurnal oldu. Hər halda etiraf edim ki, işin çox, zamanın, vaxtın az olduğu vəziyyətdə jurnalı əvvəldən axıradək diqqətlə oxumağın ləzzətini duydum. Və “Ulduz” jurnalının 2015-ci il sentyabr sayında müasir Azərbaycan ədəbi-mədəni prosesinin ağrı və sevinclərinə, arzu və ümidlərinə, uğurlu addım səslərinə şahid oldum. Bu ötərgi qeydlərimi Azərbaycan milli mətbuatının zirvə jurnalı “Molla Nəsrəddin”in yaradıcısı, dahi Mirzə Cəlil Məmmədquluzadənin ədəbiyyat məbədgahımızın giriş qapısına yazılmağa layiq olan əbədi aktual sözləriylə bitirirəm: “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı…
Sözün doğrusunu danışmaq hünərdir…”.